ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Azərbaycanda Təhsilin Keyfiyyətinin İdarə Olunması Problemləri və Onların Həlli İstiqamətləri

Təhsil vacib sahələrdən biri olmaqla yanaşı, həm də əhalinin vəcəmiyyətin sosial həyatının əsas inkişaf istiqamətlərindəndir. Miqyas baxımından dəyərləndirsək, insan fəaliyyətinin bu sferası dünyada ən jgeniş və şaxələnmiş sahələrdən biridir. Çünki hazırda cəmiyyətin bütün təbəqələrini özünə bu cür geniş miqyasda cəlb edən və davamlı olaraq inkişafı hər bir dövlət üçün prioritet təşkil edən ikinci bir sfera tapmaq çətindir. Hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında innovasiya proseslərinin intensiv inkişafı həm dövlət, həm də xüsusi təhsil müəssisələri səviyyəsində təhsilin idarə edilməsində müxtəlif problemlər yaradır. Bu problemlərin həll yollarının araşdırılması və tapılması isə hər bir dövlətin təhsil siyasətində öz aktuallığını saxlayır. Bir çox dövlətlər kimi Azərbaycan da təhsilin davamlı və dayanıqlı olması üçün inkişaf istiqamətlərini müəyyənləşdirən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün sahələrinin inkişafını özündə cəmləşdirən dövlət proqramları həyata keçirir. Burada əsas istiqamət kimi təhsilin keyfiyyətinin nəzərdə tutulması labüddür. Təhsilin keyfiyyəti dedikdə, təkcə tələbələrin biliklərinin dövlət standartlarına uyğunluğu deyil, həm də təhsil müəssisəsinin özünün uğurlu fəaliyyəti,  habelə təhsil xidmətlərinin keyfiyyətinin təmin olunması yönündə  pedaqoqların və idarəedənlərin fəaliyyətinin təşkil olunması başa düşülür.
 

Açar sözlər: Təhsilin keyfiyyəti, təhsil siyasəti, tədris metodları, təhsilin idarə olunması

TƏRƏFDAŞLARIMIZ