ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Nizami Gəncəvi və Azərbaycan Dili

Dahi Azərbaycan şairi Nizami Gəncəvi əsərlərini fars dilində yazsa da, milli mənsubiyyətini heç vaxt unutmamışdır. O bunu əsərlərində dönə-dönə vurğulamış, mənsub olduğu xalqdan, onun mənəvi, mədəni dünyasından, tarixi qəhrəmanlığından söz açmışdır. Xüsusilə epik əsərlərində işlətdiyi türk-Azərbaycan sözləri, o cümlədən xalqımızın bədii düşüncəsini təcəssüm etdirən və yalnız bizə aid olan atalar sözləri, hikmətli sözlər və məsəllər onun azərbaycanlı olduğunun ən bariz sübutudur. Müşahidələr göstərir ki, çox böyük ehtimalla şairin əsərlərində canlı danışıq dilindən götürülmüş yüzdən artıq kəlmənin işlədilməsi təsadüfi hadisə, yaxud söz ustadının sadəcə sinonimlik yaratmaq istəyi olmamışdır. Nizami dövrünün “gərək fars dilində yazsın sənətkar” stereotipini sındırmaq, türk-Azərbaycan sözləri ilə də mükəmməl əsərlər yazmağın mümkünlüyünü göstərmək istəmişdir Bu həm bir ilk, həm də böyük missiya idi. Təsadüfi deyil ki, Nizamidən az sonra yaranan türkdilli bədii ədəbiyyat məhz onun təsiri ilə formalaşmış və inkişaf etmişdir. Nizami düşüncəsi, Nizami sözü bu ədəbiyyatın əsas leytmotivi olmuşdur. Buna görə də Nizaminin həyatını və yaşadığı tarixi dövrü dərindən öyrənmək, poetikasını təhlil etmək, dünyagörüşünün hüdudlarını müəyyənləşdirmək, onun haqqında müfəssəl təsəvvür yaratmaq baxımından şairin əsərlərindəki milli sözlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır.
 

Açar sözlər: Nizami Gəncəvi, Azərbaycan dili, türk-Azərbaycan sözləri, türk dilləri, dialektlər

TƏRƏFDAŞLARIMIZ