FÜZULİ SƏNƏTİNİN ECAZKARLIĞI
ELMAN QULİYEV
Məqalədə anadilli Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan, özündən sonrakı bədii fikirdə davamlı bir ədəbi ənənə yaradan, orta əsrlər Azərbaycan ədəbiyyatının ustad sənətkarlarından biri olan Məhəmməd Füzuli yaradıcılığının bədii məziyyətlərindən və janr xüsusiyyətlərindən bəhs olunur. Füzuli sənətində qəzəlin özünəməxsus yer tutduğu, onun Azərbaycan, fars və ərəb dillərində yüzdən çox qəsidə yazdığı bildirilir. “Leyli və Məcnun”, “Bəngü Badə”, “Söhbətüləsmar”, “Həft cam” adlı poemalarının dil və üslubi xüsusiyyətləri, mövzu dairəsi və süjet xətti barədə məlumat verilir. Şairin nəzm ustadı olmaqla bərabər, “Rindü Zahid”, “Səhhət və Mərəz”, “Beş nəsr məktubu” (“Şikayətnamə” də daxil olmaqla), “Hədiqətüs-süəda” kimi əsərlərinin timsalında müqtədir nasir kimi də klassik Azərbaycan nəsrinin inkişafında mühüm rol oynadığı vurğulanır.
Məhəmməd Füzuli anadilli Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan, ədəbi şöhrəti yalnız Azərbaycanda deyil, bütün islam coğrafiyasında yayılan, Şərq ədəbi mühitinə əvəzsiz töhfələr verən, özündən sonrakı bədii fikirdə davamlı bir ədəbi ənənə yaradan orta əsrlər Azərbaycan ədəbiyyatının ustad sənətkarlardan biridir. O, mütəfəkkir şair olaraq bənzərsiz şeir və nəsr nümunələri ilə Azərbaycan ədəbiyyatını xeyli zənginləşdirmişdir. Füzuli lirikası fərqli üslub və fərqli poetik keyfiyyətlərinə görə diqqəti daha çox cəlb edir. Rəngarəng janr xüsusiyyətlərinə malik olan Füzuli sənətində qəzəlin özünəməxsus yeri vardır. Şair qəzələ müraciət etməsinin səbəbini belə açıqlamışdır:
Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzali-qəzəl seydi asan degil,
Qəzəl münkiri əhli-irfan degil.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005)
Göründüyü kimi, sənətkar məhəbbət üstündə köklənmiş hisslərini, öz amal və məfkurəsini qəzəl janrı çərçivəsində ifadə etməyə daha çox üstünlük vermişdir.
Füzuli qəzəllərinin mövzu dairəsi kifayət qədər genişdir. Eşq, məhəbbət, gözəllik tərənnümlü, dini və ictimai mövzulu qəzəllər Füzuli lirikasında əhəmiyyətli yerlərdən birini tutur. Füzuli, hər şeydən əvvəl, bir eşq şairi kimi tanınır. Bunun səbəbini dahi şair belə izah edir:
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Füzulinin lirik qəhrəmanı üçün eşq əsas qayədir, burada hər şey mahiyyət müstəvisində açıqlanır. Füzulidə eşq anlayışı olduqca genişdir. O, sadəcə “sevgi macərası” deyil, düşüncə sistemidir. Bu sistemdə hər şey anlamaq fəlsəfəsindən keçir. İnsanın sevgisi, kədəri, mübarizəsi, hətta əxlaq və həyati baxışları da anlamaq fəlsəfəsinin predmetinə çevrilir. Füzuli sənətində aşiq eşqi bir dərd kimi yaşayır. Bu dərd onun üçün möhnət deyil, əksinə, yaşamaqdır, həyatı dərk etməkdir, mübarizə meydanına atılmaqdır və s. Ona görə də Füzuli aşiqi üçün eşq və kədər paralelliyi daha aparıcıdır.
Eşq dərdilə olur aşiq mizacı müstəqim,
Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
«Məni candan usandırdı…» qəzəli Füzulinin məhəbbət mövzulu lirik əsərlərindən biridir. Qəzəl özünəməxsus məzmun, ideya və dil xüsusiyyətləri baxımından diqqəti cəlb edir.
Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Şeirdə sevginin ülviliyi, ilahi mənası açıqlanır. Lirik qəhrəmanın sevgi duyğularının ifadə olunduğu bu şeirdə real təsvirlər fonunda aşiqin şikayət və iztirabları daha çox cəlbedicidir. Şeirdə Tanrıya doğru yolun, bir növ, könüllərdən keçdiyi vurğulanır. Burada vəsf predmeti həm də ilahi eşqdir. Bu eşqin aparıb çıxara biləcəyi yüksək məqam Tanrı məqamıdır. Bu cür təsvir və tərənnüm Füzuli poeziyasında təsəvvüfdən gələn bir xəttin davamı səciyyəsindədir. Füzulinin aşiqi davamlı eşq əzabı çəksə də, məşuqunun əzabından usanmır.
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sövdadır, bu sövdadən usanmazmı?
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Füzuli yaradıcılığında eşqin fəlsəfi mahiyyəti daha çox aşiqanə ifadə tərzində açıqlanır. Bu cür ifadə özünəməxsusluğu oxucunu Füzulinin eşq qəhrəmanının xarakteri, onun daxili “mən”i ilə yaxından tanış edir (Füzuli, Seçilmiş əsərləri, II c., 2005).
İnsanın zahiri gözəlliyinin tərənnümü Füzuli qəzəllərində önəmli yer tutur:
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən surət xəyal eylər məni.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Bu sırada "Nihali sərvidir qəddin…" qəzəli diqqətdən kənarda qalmır:
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,
Misali-nöqteyi-nun xalın ol mişgin hilal üzrə.
Olub heyran götürmən xəttü xalından nəzər guya,
Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Məhəbbət və gözəlliyin tərənnümü ilə yanaşı Füzulinin ictimai motivli qəzəlləri də mövcuddur. Bu cür qəzəllərdə ictimai məna üstünlük təşkil edir:
Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zəman içər.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Füzuli qəzəl şairi adlandırılsa da, yaradıcılığında qəsidə nümunələrinin də xüsusi yeri vardır. Şair Azərbaycan, fars və ərəb dillərində yüzdən çox qəsidə yazmışdır. O, qəsidə şəkilindən istifadə etməsinin səbəbini belə açıqlayır:
Məsnəvi üsuli, qəzəl sənəti
Qazanmış olsa da, aləmdə şöhrət
Lakin bir eybi var: ifratla, təfrit
Nə onda dad qoymuş, nə bunda ləzzət
Təkcə qəsidədir hər xeyir işdə,
Cilvələr saçaraq sayılır sənət.
(Füzuli, Seçilmiş əsərləri, IV c., 2005).
Füzulinin dünya, insan, cəmiyyət və s. problemlər barədə düşüncələri onun qəsidələrinin əsas mövzusunu təşkil edir. O, yazmış olduğu qəsidələrdə bütün məsələlərə aşiq və filosof-şair gözü ilə baxır.
Ana dilində yazdığı "Su" qəsidəsində Məhəmməd Peyğəmbərin tərifi yer alır. Şair Peyğəmbərin tərifindən ötrü sudan bir poetik obraz kimi istifadə edir. Bu da təsadüfü səciyyə daşımır. Füzuli suyu paklıq, saflıq, təmizlik rəmzi kimi götürür və Peyğəmbərin tərənnümü üçün bu əlamətlərdən lazımi formada istifadə edir:
Rövzeyi-kuyinə hərdəm durmayıb eylər güzar,
Aşiq olmuş, qaliba, ol sərvi-xoşrəftara su.
Su yolun ol kuydən torpaq olub tutsam gərək,
Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.
Dəstbusi arizusundan gər ölsəm, dustlar,
Kuzə eylin torpağım, sunun onunla yarə su.
(Füzuli, Seçilmiş əsərləri, IV c., 2005)
"Ənisül-qəlb" ("Ürək dostu") Füzulinin məşhur qəsidələrindən biridir. İctimai-fəlsəfi, əxlaqi-didaktik ruhlu qəsidədə qoyulan əsas problem insanın cəmiyyətdə və həyatda rolu ilə bağlı düşüncələrdən ibarətdir:
Gözü doymaz hərisin dəhrdə, çünki həris insan
Olarsa şahi-İran tutmaq istər mülki-Turani.
Tamahla odlanan bir qəlbin heç vaxt atəşi sönməz
Qızıldan ötrü şiddət kəsb edər hər ləhzə böhrani.
(Füzuli, Seçilmiş əsərləri, IV c., 2005).
Müəllif hökmdarları əsas hədəf kimi seçərək onları ədalətə dəvət edir. O, göstərir ki, xalqın taleyi hökmdarlardan asılıdır. Hökmdar nə qədər ədalətli olsa, xalqın rifahı da bir o qədər xoş olar. Ona görə də, Füzuli hökmdarlara üz tutaraq onlara taxt-taclarını zülm əməlləri ilə yox, ədalət fərmanları ilə bəzəmələrini məsləhət görür:
Çalış xəlqə xeyir ver, xoş sifətlərlə qazan hörmət,
Arı bal vermək ilə əldə etmiş şöhrəti, şani.
Bəzərsən cismini bica yerə əlvan libas ilə,
Gəlibsən lüt cəhanə, lüt edərsən tərk dünyani.
(Füzuli, Seçilmiş əsərləri, IV c., 2005).
Füzulinin lirikası janr baxımından yalnız qəzəl və qəsidələrlə məhdudlaşmır. Onun lirikası qitə, rübai, mürəbbe, müxəmməs, müsəddəs, tərcibənd, tərkibbənd, təxmis və s. kimi janrlar daxilində daha da zənginləşir. Bu sırada şairin mövzu, məzmun və ideya baxımından fərqlənən qitələri önəmli yer tutur.
"Padişahi-mülk…" qitəsində ictimai-siyasi motiv olduqca güclüdür. Burada iki fateh üz-üzə dayanır. Maddi aləmin sultanı ilə söz mülkünün sultanının qarşılaşdığı səhnədə ikincinin qalib obrazı canlandırılır. Füzuli haqlı olaraq maddiyyatı keçici, mənəviyyatı əbədi hesab edir. Ona görə də, söz mülkünün sultanı kimi özünün əzəmət və qüdrətini nümayiş etdirməkdən çəkinmir. Şair maddi aləm fatehinin miskin və məğlub durumunu haqqın, mənəviyyatın qalibiyyət təntənəsi kimi nəzərə çatdırır. Çünki tamah, zülm hesabına qurulan səltənətlərin heç biri “dövranı-fələyin” təlatümləri qarşısında dözə bilmir. Füzuli qitədə bu məqamı xüsusi qabardır və onu ictimai-siyasi kontekstdə mənalandırır:
Padişahi-mülk dinarü dirəm rişvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Şair şeirdə fikirlərini tamahkar və qaniçən hökmdarla müqayisədə təqdim edir. Bu hissədə söz mülkünün sultanının əməl və aqibəti fərqli şəkildə diqqətə çatdırılır. O, qəhrəmanın əməllərindən qürur duymasına haqq qazandırır. Çünki Füzuliyə görə, könüllər mülkünün sultanını dünyanın heç bir “asibi-dövri-ruzigar”ı yıxa bilməz:
Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,
Bəsdürür başımda tovfiqi-qənaət əfsəri.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
Füzuli rübailərini həm Azərbaycan, həm də fars dilində yazmışdır. Rübailərinin mövzu dairəsi müxtəlif olsa da, məhəbbət tərənnümlü rübailəri çoxluq təşkil edir. Sevgi və çağırış Füzuli rübailəri üçün başlıca göstəricidir. Füzulidə sevgi Allaha olan sevgidir, çağırış isə Allaha qovuşmaq, ona doğru hərəkət etmək çağırışıdır. Bu rübailərdə mənəvi kamilləşmə və mənəvi təkamül xətti inkişaf edərək bütün sərhədləri aşır və bəşəri dəyər qazana bilir:
Məcnun oda yandı şöleyi-ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.
(Füzuli, Seçilmiş əsərləri, I c., 2005).
M.Füzuli "Leyli və Məcnun", "Bəngü Badə", "Söhbətül-əsmar", "Həft cam" adlı dörd poema müəllifidir. "Həft cam" istisna olmaqla digər üç poema Azərbaycan dilində yazılmışdır. 1537-ci ildə yazdığı "Leyli və Məcnun" poeması Füzuli yaradıcılığının şah əsərlərindən biridir. Şair Rum zəriflərinin xahişi ilə yazdığı bu əsərini Sultan Süleyman Qanuniyə ithaf etmişdir.
Bildiyimiz kimi, “Leyli və Məcnun” mövzusu Şərq ədəbiyyatı üçün ənənəvi mövzu olmuşdur. Füzulidən əvvəl Nizami, Dəhləvi, Nəvai, Cami, Zəmiri, Həqiri və b. bu mövzuda əsərlər yazmışdır. Füzuli bu əsərlərdən xəbərdar olsa da, yalnız Nizaminin “Leyli və Məcnun” poemasının süjet və epizodlarına yaradıcı yanaşaraq onlardan bəhrələnmişdir. Füzulinin bu mövzuya ərəb əfsanəsi tipində yaradıcı yanaşması faktını da inkar etmək mümkün deyil. Ancaq bütün hallarda Füzuli özünün “Leyli və Məcnun”unu orijinal sənət nümunəsi səviyyəsinə qaldırmış, Ə.Nəvainin 1484-cü ildə yazmış olduğu “Leyli Məcnun”undan sonra eyni adlı poemanın möhtəşəm anadilli nümunəsini yarada bilmişdir. Əsərin süjeti məhəbbət mövzusu üzərində qurulmuşdur. Əsas mövzu və hadisələr Leyli və Məcnun obrazları ətrafında cərəyan etdirilir. Əsərdə problemə şəxsiyyət azadlığı kontekstində münasibət bildirilir. Füzuli Məcnunun baxışları ilə cəmiyyət qanunları arasındakı ziddiyyəti göstərmək istəyir. Bu təqdimatda yeni baxışlar ilə mühafizəkar köhnəliyin toqquşması yer alır. Məcnunun azad düşüncəsi yaşadığı cəmiyyətə sığmır. Qeysin “Məcnuna” keçidi bu qarşıdurmada reallaşır. Füzuli Məcnunun dəliliyində intibah dövrü insanının fikirlərini əks etdirir. Buna görə də Məcnunun “bəlayi-eşq” fəlsəfəsi təəccüblü görünmür:
Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005)
Əsərdə qadın hüquqsuzluğu məsələsi ciddi yer tutur. Leyli obrazının xarakteri daha çox bu problem daxilində açılır. Poemada Leyli ilə Məcnunun sevgi yolu məktəbdən başlayır. Bu yol onların hər ikisi üçün uzun və əzablı olur. Qeysin sevgisi “məcnunluq”, Leylinin sevgisi isə “cinayət” dərəcəsində qiymətini alır. Füzuli bu sevgini zamanın qaydaları ilə üz-üzə saxlayır. Şair bu mühiti sevgiyə və azad düşüncəyə münasibətdə xarakterizə edir. Yəni sevmək, azad düşüncə sahibi olmaq həm “cinayət etməkdir”, həm “məcnunluqdur”, həm də rüsvay olmaqdır:
Faş oldu bu macəra cəhanə,
Kim Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli.
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005).
Füzuli Leylinin anasının bu sevgiyə olan münasibətində qadın hüquqsuzluğunun, geriliyin yüksək həddə çatdığını göstərə bilmişdir. Onun qızının eşqi ilə bağlı gəzən söz-söhbətlərə reaksiyası zamanı üçün təəccüblü deyil:
Key şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə’nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə’nə edə bədgu?
Namusuna layiq işmidir bu?
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005).
Azad sevginin “namusa layiq iş olmadığı” bir cəmiyyətdə ananın həyəcanları başa düşüləndir. Şair iki gəncin sevgi faciələrini məkan olaraq qəbilədə və səhrada canlandırmaqla yeri gəldikcə ilahi eşqin fəzilət və fəlsəfəsindən də söhbət açır. Əsərin sonunda Leylinin ölümü Məcnunu irfan yolçusu olaraq fəzilət mərtəbəsinin ən uca məqamına qaldırır.
Poemada diqqəti cəlb edən obrazlardan biri də Nofəldir. Füzuli onu türk sərkərdəsi kimi təqdim edir. Təbii ki, bu təqdimatın özü də məqsədli xarakter daşıyır. Füzulinin məqsədi Nofəlin simasında türk xarakterində olan mərdlik və şücaəti qabartmaq olmuşdur. Nofəlin Məcnunun halına acıması və qızı ona almaqda xeyirxahlıq etmək, mərhəmət göstərmək niyyəti deyilənlərə misal ola bilər. M.Füzulinin "Leyli və Məcnun"undan başqa digər üç poeması alleqorik səciyyə daşıyır. «Bəngü-Badə» alleqorik poemadır. Poemada əsas mətn Azərbaycan türkcəsində, sərlövhələr isə farsca yazılmışdır. Poema Şah İsmayıl Xətaiyə həsr edilmişdir. "Bəngü-Badə" minacat, nət, İmam Əlinin və Ş.İ.Xətainin mədhi ilə başlayır. Əsərdə təhkiyəni müəllif özü aparır. O, baharın gözəl çağında çəmənzara seyrə çıxdığını, Badənin düzəltdiyi məclisə rast gəldiyini söyləyir. Badə içib məst olandan sonra özünü öyür və hamıdan üstün olduğunu söyləyir. Lakin məclisdə saqilik edən Səba isə ona yaltaqlanaraq deyir ki, mən dünən seyrə çıxmışdım. Dikbaş yaşıl paltar, sufi xasiyyət birini gördüm. Özünü tərifləyib hamıdan üstün olduğunu söyləyirdi. Bu xəbər Badəni qəzəbləndirir, özündən çıxarır. Badə Səbaya əmr edir ki, gedib Bəngin başını gətirsin, dost-yoldaşını isə dustaq eləsin. Saqi tutduğu işə peşman olur. Bəhanə ilə bu işdən boyun qaçırır. Bəhanədən pərt olan Badə onu dustaq edir:
Badə tünd oldu təəllüldən,
Bir qərəz anladı təğafüldən,
Saqiyi tutdu Mey, yaman tutdu,
Belə tutar kimi ki, qan tutdu.
Oldu saqi Meyin giriftarı,
Faş edən böylə olur əsrarı.
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005).
M.Füzulinin ana dilində yazılmış ikinci alleqorik poeması «Söhbətül-əsmar»dır. Poemanın süjetində, ruhunda və poetik təhkiyəsində “Bəngü-Badə” ilə oxşarlıq var.
Dialoqlar üzərində qurulan bu əsərdə hadisələr nağılçının dili ilə nəql olunur. Mükalimələr kifayət qədər çevik və dinamikdir. Hər bir obrazın eqoizmi və xudbəsəndliyi açıq-aydın görünür.
Poema şərti olaraq iki hissədən ibarətdir. Birinci hissədə hadisələr bağda, ikinci hissədə isə bostanda cərəyan edir. Bağdakı və bostandakı hadisələrin mahiyyəti oxşar olsa da, nəticə fərqlidir. Professor Yaqub Babayevin dediyi kimi: “müəllif sanki bağdakı mənzərə ilə rəiyyəti, kütləni, bostandakı mənzərə ilə sarayı nəzərdə tutmuşdur. Bağda imtiyaz sahibi, inzibati rəhbər yoxdur. Hamı hüquqca bərabərdir. Ona görə də buradakı söz-söhbət, mübahisə sakit, qansız-qırğınsız ötüşür. Ancaq sarayın analoqu olan bostanda hökm-fərmalıq, amiranəlik atmosferi hökm sürür. Burada buyuran və buyruqçu, ixtiyarlı və ixtiyarsız vardır. Qovun şahdır. Adı çəkilən bostan meyvələrini də vəzifələrə o təyin etmişdir. Vəzifəcə hamıdan üstündür, başqalarının mənsəbi də onun sərəncamındadır. Elə buna görə də bostançıya əmr verir ki, onların hamısını cəzalandırsın. Hökmü zabitəli şəkildə icra etdirir. Qeyzindən, hiddətindən öz başını da partladıb həlak olur. Beləliklə, bostandakı hadisələr hüquqlu-hüquqsuz münasibətlərinə, qəzəb və hiddətə əsaslandığından qan-qırğınla, faciə ilə nəticələnir. Əsərdə sənətkar ilk növbədə "Bəngü-Badə"də olduğu kimi xudpəsəndliyi, lovğalığı, təkəbbürü, yersiz eqoizmi, səmimiyyətsizliyi tənqid edir” (Babayev, 2018). Füzulinin "Yeddi cam" poeması fars dilində yazılmışdır. Əsər "Saqinamə" adı ilə də tanınır. Poema məsnəvi formasında qələmə alınmışdır. Füzuli bu əsəri yazarkən N.Gəncəvinin "Yeddi gözəl" poemasından da faydalanmışdır. Ona görə də hər iki əsərin forma-struktur xüsusiyyətlərində müəyyən oxşarlıqlar mövcuddur.
"Yeddi cam"da Füzulinin "vəhdəti-vücud" fəlsəfəsi ilə əlaqəli görüşləri yer almışdır. Əsərdə hadisələr şairin dilindən verilir və göstərilir ki, elm və hikmət sahibi olan şair səbəbini anlamadığı iztirab və dərdə məhkumdur. O bunun səbəbini öyrənmək məqsədilə ağıllı piri-muğana üz tutur. Ondan düçar olduğu zülmün səbəbini soruşur. Piri-muğan bunun səbəbinin əqldə olduğunu söyləyir:
Əql ilə ələm, bil ki, əkizdir bu cahanda,
Əqlin yoxalırsa, gedəcək ahü fəğan da.
Meydən tələb eylə, məzədən istə dəva sən,
Gəz, badədə axtar həmişə, dərdə şəfa sən.
(Füzuli, Seçilmiş əsərləri, V c., 2005)
Piri-muğan ağılı tərk etməyin yeganə yolu kimi mey içməyi tövsiyə edir. Şairə həftənin hər günü şərab içib səma cismi ilə ünsiyyət qurmağı məsləhət bilir. Beləliklə, şair hər gün bir cam mey içərək bir musiqi aləti ilə həmdəm olur və Günəş, Ay, Mərrix (Mars), Ütarid, Bürcis, Zöhrə və Zühəldən kömək istəyir.
Füzuli nəzm ustadı olmaqla bərabər, müqtədir nasir kimi klassik Azərbaycan nəsrinin inkişafında da mühüm rol oynamışdır. "Rindü Zahid", "Səhhət və Mərəz", "Beş nəsr məktubu" ("Şikayətnamə" də daxil olmaqla), "Hədiqətüs-süəda" əsərləri Füzulinin dəyərli nəsr nümunələridir. Füzulinin nəsr əsərləri Azərbaycan və fars dillərində yazılmışdır.
Füzulinin nəsr nümunələri içərisində Nişançı Paşaya ünvanlanmış və əsasən, "Şikayətnamə" adı ilə tanınan məktub daha çox məşhurdur. Tarixi həqiqətləri əks etdirmək baxımından əhəmiyyətli olan bu avtobioqrafik əsər qafiyəli nəsrlə yazılmış, bədii ifadə imkanlarını artırmaq üçün bəzi hallarda şeir parçalarından da istifadə olunmuşdur. Əsərdə hadisələr Osmanlı hökmdarı Sultan Süleyman Qanuninin Füzuliyə Bağdadın ovqaf idarəsindən ayda doqquz ağça təqaüd təyin edilməsi barədə verdiyi baratla bağlanır. Füzuli həmin təqaüdü almaq üçün ovqaf idarəsinə getsə də, təqaüdü ala bilmir. Buna görə şair məktubla Nişançı Paşaya müraciət edir. Şikayət məktubunun məzmun və ideyası real tarixi həqiqəti tam şəkildə əks etdirir. Qeyd edək ki, Füzuli sultanın qərarından məmnun qaldığı üçün sultanı yüksək dərəcədə tərif edir. Bu azmış kimi şair baratın özünə də tərif yağdırır, şəninə ibarəli sözlər deyir. Bu zaman o, Quran ayələrindən də geniş şəkildə istifadə edir. Deyilən təriflər, hökm sürən ədalət, nikbin əhvali-ruhiyyə əsərin birinci hissəsinə aiddir. “Şikayətnamə” əsərində birinci hissədəki nikbinlik ikinci hissədə kədər motivi ilə əvəzlənir. Hər şey ovqaf idarəsinə gedəndən sonra başlayır. Təyin olunan pul ovqaf idarəsinin işçiləri tərəfindən verilmir. Füzuli bu səhnələrdə məmur özbaşınalıqlarını tənqid edir.
Füzuli ovqaf idarəsinə gələn vətəndaşlara münasibətdə təmənna və etinasızlığı kəskin tənqid edir: "Salam verdim – rüşvət deyildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar" – sözləri bu cür tənqidi münasibətin bariz nümunəsidir. Ovqaf idarəsinin işçiləri ilə şair arasındakı mükaliməni anarxiyanın tipik nümunəsi hesab etmək olar:
Dedim: — Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər: — Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim: — Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:— Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005)
Mükalimədəki sual-cavablar ölkədəki rüşvətxorluğun, özbaşınalığın yüksək həddə çatdığını göstərir. Əsərin üçüncü hissəsində yenidən baratın təsviri verilir. Göstərilir ki, mən baratdan təhqir və əziyyət gördüyüm üçün ondan utanır, ona nifrət edirdim. O isə mənə bəla və əziyyət verdiyi üçün məndən xəcalət çəkirdi:
Mən ona fitnə, ol mənə afət,
Mütənəffir mən ondan, ol məndən.
Mən ona qüssə, ol mənə möhnət,
Mütənəkkir mən ondan, ol məndən.
(Füzuli, Seçilmiş əsərləri, II c., 2005)
"Şikayətnamə" satirik nəsrimizin mükəmməl nümunəsi hesab olunur. Əsərdə qanunsuzluğa, özbaşınalığa, bürokratiyaya, rüşvətxorluğa qarşı kəskin etiraz nümayiş etdirilir.
İstifadə edilmiş ədəbiyyat
1 Araslı, H. (1958). Böyük Azərbaycan şairi Füzuli. Bakı.
2 Babayev, Y. (2018). Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı.
3 Əliyev, S. (1986). Füzulinin poetikası. Bakı.
4 Əliyeva, G. (2007). Azərbaycan Füzulişünaslığı. Bakı.
5 Füzuli, M. (2005). Seçilmiş əsərləri. 6 cilddə, I cild. “Şərq-qərb” Bakı. s.8-9.
6 Füzuli, M. (2005). Seçilmiş əsərləri. 6 cilddə, II cild. “Şərq-qərb” Bakı. s.87-88.
7 Füzuli, M. (2005). Seçilmiş əsərləri. 6 cilddə, IV cild. “Şərq-qərb” Bakı. s.6.
8 Füzuli, M. (2005). Seçilmiş əsərləri. 6 cilddə, V cild. “Şərq-qərb” Bakı. s.137.
9 Quluzadə, M. (1965). Füzulinin lirikası. Bakı.
10 Mir Cəlal. (1994). Füzuli sənətkarlığı. Bakı.
11 Səfərli, Ə., Yusifli, X. (2008). Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı.