HƏM ENERJİ, HƏM DƏ TƏHLÜKƏ QAYNAĞI




Məişətimizə daxil olmuş bir sıra əşyalar var ki, onların batareyasız istifadəsi mümkün deyil.  Bura müxtəlif məsafədən idarə olunan  pultlar, kiçik ölçülü qurğular, saatlar, uşaq oyuncaqları və s. daxildir. Az tutumlu enerji qaynağı kimi gördüyümüz batareyanın içərisində nə var? Bu sualın cavabı batareyanın istifadə növü və məqsədinə görə dəyişsə də, tərkibindəki kimyəvi maddələr dəyişmir. Batareyalar qurğuşun, litium, civə, nikel, alüminium, sink, manqan, gümüş və dəmir kimi müxtəlif metalların iştirakilə hərəkətə gəlir. Bizim üçün daha maraqlı olan isə bu batareyaların istifadədən sonrakı zərərsizləşdirilməsi prosesidir.

Ekoloqların dediyinə görə, düzgün utilizasiya olunmayan batareyalar təbiət üçün ciddi təhlükə mənbəyidir:

  • Zəhərli maddələr yeraltı sular və çaylar vasitəsilə içməli su mənbələrinə qarışır;
  • Külək və su ilə yayılan metallar torpağı çirkləndirərək onu istehsal üçün yararsız hala salır;
  • Suya və torpağa qarışan zərərli maddələr bir çox canlının həyatına təhlükə törədir;
  • Zəhərli torpaqlarda yetişən meyvə-tərəvəz son nəticədə bizim və başqa canlıların orqanizminə daxil olur;
  • Bədənimizdə toplanan bu maddələr müxtəlif orqanlara, immun və sinir sistemlərinə zərər verir və bədxassəli şişlər kimi ciddi xəstəliklərə səbəb olur.

"Batareyanın təbiətdə yox olması üçün neçə il lazımdır?" sualının cavabı bizi problemin ciddiliyi və miqyası barədə düşünməyə məcbur edir. Mütəxəssislərin dediyinə görə, batareyanın içindəki ağır metallar təbiətdə heç vaxt tamamilə yox olmur. Onun ətraf mühitə vurduğu zərəri kompensasiya etmək mümkün olmasa da, kiçik addımlarla bu problemin qarşısını almaq mümkündür.

Bu istiqamətdə görüləcək ilk işlərdən biri maarifçilikdir. Xüsusilə azyaşlılar və məktəblilər arasında batareya və onun təhlükəsi ilə bağlı məlumatlandırma aparılmalıdır. Təbiətin və bütün canlıların maraqları naminə batareyaların utilizasiyası zamanı aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- batareyaları yandırmaq, açmaq və əzmək olmaz.

- onu torpağa basdırmayın, dənizə, küçəyə, zibil qutusuna atmayın.

- istifadə müddəti bitmiş batareyalar üçün ayrıca saxlama qutusu və ya sahəsi yaradın.

- istifadəsiz batareyaları xüsusi toplama mərkəzlərinə təhvil verin.

Toplama mərkəzlərində yığılan tullantı batareyalarda olan maddələr yenidən dəyərləndirilir, təkrar istifadə edilə bilən maddələr cib telefonu və başqa texnoloji qurğularda istifadə olunur. Təkrar istifadəsi mümkün olmayan batareyalar isə ətraf mühitə zərər verməyəcək şəkildə atılır.

Ekoloqların hesablamalarına görə, zibil kimi torpağa atılan bir AA və ya AAA tipli batareya 20 kvadratmetrdən çox sahəni, 400 litrə qədər suyu, 1 kirpini, 2 ağacı və bir neçə min soxulcanı zəhərləyir.  Zəhərlənmiş torpaqda bitkilərin yaşaması, planetimizin oksigenlə zənginləşməsi çətinləşir. Yerin bu maddələrdən təmizlənməsi onilliklər çəkə bilər.  Bu batareyalar zibillə bərabər yandırıldıqda atmosferə qarışan zəhərli maddələr yağıntı şəklində yerə qayıdır və daha çox sahə çirklənir. Nəticə həm flora, həm də fauna üçün acınacaqlı vəziyyət yaranır.

Düzgün zərərsizləşdirilməyən batareyaların tərkibində insan orqanizmi üçün olduqca təhlükəli maddələr var:

Qurğuşun böyrəklərdə cəmlənən metaldır. O həm böyrəklərin, həm də mərkəzi sinir sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Civə bütün daxili orqanların toxumalarında toplanmaqla qaraciyərə, böyrəklərə, ağciyər və mədə-bağırsaq sisteminə zərər verir. Uzun müddət civənin təsirinə məruz qalmaq eşitmə və görmə qabiliyyətini pisləşdirir.

Sink və nikel orqanizm üçün civə qədər təhlükəli olmasa da, mədəaltı vəz və bağırsaqların işinə zərər verir. Batareyaların tərkibindəki müxtəlif qələvilər selikli qişa və dərini yandıra bilər.

Bəs özümüzü və təbiəti belə bir təhlükədən qorumaq üçün hansı addımları atmalıyıq?

 

Ekoloqlar imkan olduqca batareyalara alternativ kimi elektrik enerjisindən istifadəni məsləhət görürlər.

Bu, mümkün olmadıqda təkrar doldurulan, yəni akkumlyator funksiyalı batareyalardan istifadə məsləhətdir. Belə akkumlyatorların ömrü 5 ilə qədərdir. Ekoloji faydası ilə bərabər, bu həm də ailə büdcəsinə qənaət etməyə imkan yaradır.

 

P.S. Yazı çapa hazırlanarkən mətbuatda Sumqayıtda batareya udan azyaşlının ölümü ilə bağlı  xəbərlər yayıldı. Həkimlərin səyinə baxmayaraq körpəni xilas etmək mümkün olmayıb. Bu fakt bizi bir daha uşaqlara verdiyimiz oyuncaqlara, onların əlavə detallarına, xüsusilə ağır metallarla yüklü batareyaların istifadəsinə diqqət yetirməyə məcbur edir.