KAĞIZDAN, YOXSA EKRANDAN OXUYAQ?




Elektron kitabların və onlayn oxu platformalarının yaranması ədəbiyyatdan istifadə və mütaliə tərzində inqilab edib.

Araşdırmalar bütün dünyada kitab oxumaq meyillərinin ürəkaçan olmadığını göstərir. Müasir texnoloji cəmiyyətdə insanlar kitabxana və mağazalarda əvvəlki qədər vaxt keçirmirlər. Son illər mütaliə sevənlər arasında elektron qurğulardan oxumağa meyil artır.

Elektron kitabların çap məhsulu ilə müqayisədə oxuculara verdiyi üstünlüklər hansılardır?

  • Rahatlıq və hərəkətlilik. Cihazlar çox sayda kitab və məlumatı özünüzlə daşımağa imkan verir. Bu, xüsusilə səyahət zamanı və ya kitabxanaya, kitab mağazalarına girişin məhdud olduğu hallar üçün faydalıdır.
  • Dərhal giriş. Elektron kitabları internetdən yükləmək və ya onlayn oxumaq olar. Mütaliə platformaları sürətli axtarış funksiyaları, əlfəcinlər və daha asan oxumaq üçün şrift ölçüsünü dəyişmək imkanı təklif edir.
  • Ekoloji səbəblər. Elektron kitablardan istifadə kağız istehlakını azaltmağa, dolayısı ilə meşələrin, ağacların qırılmasının qarşısını almağa təsir edir.
  • Multimedia imkanları. Elektron qurğularda bir çox əlavə funksiyalar var: videoları izləmək, audio kitabları dinləmək və ya real vaxt rejimində əlavə məlumat almaq.

Bütün bu üstünlüklərinə baxmayaraq, bir çox insanlar hələ də çap olunmuş kitablara bağlılığını qoruyub saxlayır.

Tədqiqatçılar nə deyir?

Elmi ictimaiyyət kağız kitabların elektron qaynaqlarla müqayisədə daha üstün olduğuna inanırlar.

Norveçin Stavanger Universitetinin əməkdaşı Ann Mangen və həmkarları kağız və ekrandan oxumağın “oxuduğunu anlamağ”a təsirini araşdırıblar.

Tədqiqat iştirakçıları kitabdan və ya ekrandan qısa hekayə oxumalı, alimlər də onların oxuduqlarını anlamaq faizlərini ölçməli idilər. Nəticələr göstərib ki, kağızdan oxuyanların anlama göstəriciləri ekrandan oxuyanlardan xeyli üstündür.

Alimlərin fikrincə, kağıza toxunmaq, səhifələri çevirmək və mətnə göz gəzdirmək onu anlamağı və yadda saxlamağı asanlaşdırır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı  (OECD ) kağız kitab oxuyan 15 yaşlı şagirdlərin 2018-ci ilin PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) oxu testlərində daha yüksək, rəqəmsal qurğulardan oxuyanların isə aşağı bal topladığını açıqlamışdı.

Mütaliə ilə bağlı ümumi tendensiya ondan ibarətdir ki, insanlar əvvəllər daha çox oxuyurdular, amma kitab seçimi az idi. İndi isə əksinədir - müxtəlif janrlarda daha çox əsər var, lakin onlardan az insan yararlanır. Buna baxmayaraq, insanların kağız kitabları seçmək və oxumaq istəyi ümidvericidir.  Statista Advertising & Media Outlook şirkətinin araşdırması da bunu təsdiqləyir: onların məlumatlarına görə, 2020-ci ildə kağız nəşrlərin satışının payı elektron nəşrlərinkindən xeyli yüksək olub. Elektron kitab mütaliəsinin daha çox yayıldığı ABŞ-də belə, həmin illərdə kağız kitabların satışı 45,  rəqəmsal kitabların isə 23% təşkil edib.

Virtual reallığa qərq olmuş müasir “rəqəmsal” cəmiyyətdə mütaliənin faydası

Bir çox araşdırmalar və elmi məqalələr mütaliənin uzunmüddətli perspektivdə beyin fəaliyyətinə müsbət təsirini təsdiqləyir. Bu təsiri Harvard Universitetinin professoru Cozef Henrix “Dünyanın ən qəribə insanları” əsərində təsvir edib. Əhali arasında kitab oxumağın nə qədər yayılmasını araşdıran alimin fikrincə,  mütaliə beyni sözün əsl mənasında "yenidən qurur" və şifahi yaddaşı yaxşılaşdırır.

Tədqiqatlar göstərir ki, mütaliə təkcə yeni məlumatları mənimsəməyə imkan vermir, həm də təfərrüatları yadda saxlamaq, mürəkkəb problemlər haqqında daha səmərəli düşünmək və onların həlli üçün alternativ yollar tapmaq bacarığını inkişaf etdirir.

Uşaqlar üçün oxumağın əhəmiyyəti

Telefon və planşetlərə aludə olmuş uşaqlar mütaliəyə meyilli deyillər. İtalyan və ingilis alimləri "Harri Potterin ən böyük sehri: Qərəzin azaldılması" adlı birgə eksperiment aparıblar.   Sorğuda 7-15 yaş arası məktəblilər iştirak edib. "Journal of Applied Social Psychology"də dərc olunan nəticələrə görə,Harri Potter kitablarını oxuyan uşaqlar oxumayanlara nisbətən başqalarına qarşı daha az qərəzli olublar.

Mütaliə təcrübəsi göstərib ki, bu, uşaqlarda empatiya səviyyəsini artırır. Onlar özlərini başqalarının yerinə qoymağı, “qavrayış pəncərəsini” genişləndirməyi, onların hisslərini anlamağı daha yaxşı bacarırlar. Mütaliə etməyən uşaqlar ksenofobiyaya daha çox meyilli olurlar.

Beləliklə, kitab oxumaq uşaqların savad səviyyəsini yüksəltməklə yanaşı, onların sosial münasibətlərini və davranışlarını yaxşılaşdırır, nəticədə insanların bərabər hüquqlara malik  olduğu cəmiyyətin yaradılmasına kömək edir.

Həm kağız, həm də elektron kitabların öz üstünlükləri olsa da, kağız kitabın aktual qalmasının və mütaliə sevənlər arasında hələ də sevimli olmasının bir neçə səbəbi var:

  • Toxunma təcrübəsi. Kağız kitabın vərəqlərini çevirmək  ekrana toxunmaqdan daha cəlbedici və zövqlüdür.
  • Göz yorğunluğunun azaldılması. Elektron cihazlardan uzun müddət istifadə göz yorğunluğu yaradır. Kağız kitablar isə oxuculara dincəlməyə imkan verir.
  • Daha yaxşı yadda saxlama.

Tədqiqatlar göstərir ki, kağızdan oxunan məlumatlar daha yaxşı mənimsənilir.

  • Diqqəti yayındırmadan oxumaq. Elektron qurğularda çox vaxt müxtəlif bildirişlər diqqəti yayındıra Kağız kitablar isə hekayəyə tam qərq olmağa imkan verir.
  • Saxlama və kolleksiya Kağız kitabların qədim tarixi və mədəni əhəmiyyəti var. Kitab nüsxələrinə sahib olmaq şəxsi kolleksiyalar yaratmağa imkan verir. Bundan əlavə, kağız kitablar nəsildən-nəslə ötürülə, sentimental dəyər və ədəbi ənənələrlə əlaqə yarada bilər.
  • Ödənişsiz oxumaq imkanı. Kitabın kağız variantını kitabxanadan götürmək olar. Orada mağazalarda çox baha qiymətə satılan unikal nəşrlər tapmaq mümkündür. Bundan əlavə, kitabxana mütaliə sevən, lakin müxtəlif səbəblərdən kitab almaq istəməyənlər üçün əla həll yoludur. Kağız kitab daha həvəsləndiricidir. Masanın üstündə duran bir cild onu açıb oxumaq istəyi yaradır. Kağız kitab həm də gözəl bir hədiyyə ola bilər. Bu, təkcə bədii ədəbiyyat deyil, həm də maraqlı atlas, ensiklopediya, kolleksiya cildləri və s. ola bilər. Kağız kitablar enerji mənbəyindən asılı deyil. Onların enerjisi tükənmir, donmur, nasazlıq yaratmır - onlar texniki çatışmazlıqlardan uzaqdır.

Gəlin ümumiləşdirək:

Elektron və ya kağız kitab oxumağı seçmək sizin özünüzdən asılıdır.

Alimlər yekdil fikirdədirlər ki, kağız nəşrlər qavrayışın genişləndirilməsi, informasiyanın mənimsənilməsi, toxunma hissləri, empatiyanın inkişafı, stressin azaldılması baxımından daha faydalıdır. Bundan əlavə, yaxşı işıqlandırma olduqda, gözlərin rahatlanmasına kömək edir.

Elektron kitablar isə bir növ “fast fud”dur: onları tez və istənilən yerdə oxuya bilərsiniz. Bu format təhsil alanlar və ya işinin xüsusiyyətlərinə görə çox oxumağa və qısa müddətdə məlumat əldə etməyə məcbur olanlar üçün optimaldır.