ŞAGİRDLƏR DƏ MÜƏLLİMLƏRƏ DƏRS DEYİR




Estoniya dünyanın ən effektiv təhsil sistemlərindən birini yaratmağa müvəffəq olmuş ölkələrdəndir. Bunu Estoniyanın PISA - Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirməsi Proqramının reytinq cədvəllərindəki mövqeyi də təsdiq edir.   Belə ki, nəticələri açıqlanan son PISA (2018) qiymətləndirmələrində Estoniya Kanada və Finlandiya ilə bərabər ilk üçlükdə qərarlaşıb.

PISA direktoru Andreas Şleyxerin " DÜNYA STANDARTLARI: XXI ƏSRİN TƏHSİL SİSTEMİNİ NECƏ QURMALI" kitabında da qeyd olunduğu kimi, Estoniya müstəqillik əldə etdikdən sonra tədris planı, büdcələr, müəllimlərin işə qəbulu ilə bağlı məktəblərə muxtariyyət verib. Estoniyada ailələr övladları üçün məktəb seçmək hüququna malikdirlər, nəticədə məktəblər şagird cəlb etmək üçün yarışmalı olurlar.

Bu yaxınlarda ziyarət etdiyimiz Tallinin mərkəzində yerləşən Qustav Adolf Gimnaziyasının isə yəqin ki, belə bir qayğısı yoxdur. 1631-ci ildən bəri fəaliyyət göstərən bu təhsil ocağında şagirdlər üçün yaradılmış mükəmməl şərait belə düşünməyə əsas verir.

İşıqlı və geniş tədris binası böyük bir açıq məkanı xatırladır, bütün mərtəbələrdən hər yeri görmək olur. Sinif otaqlarının divarları və qapıları da şüşədən olduğu üçün şəffaflıq təmin olunub.

Binanın hər guşəsi öyrənmək məkanı kimi istifadə olunub. Pilləkənləri qalxanda vurma cədvəlini təkrarlamaq, dəhlizdə yeriyəndə uşaqların sevimli “klas” oyununu oynamaq olar. Dəhlizlərdəki rəflərdə həm də müxtəlif stolüstü oyunlar, kitablar var. Biz tənəffüs zamanı dəhlizdə şahmat oynayan, puzzle, lego quraşdıran şagirdlərin gözlərindəki sevinci də müşahidə etdik.

Bütün divarlarda və döşəmələrdə əyləncəli və öyrədici məlumatlar əks olunub. Onların arasında çoxillik tarixə malik məktəbin uğurlu məzunlarının şəkilləri və onlar haqqında informasiyalar da yer alır.

Bu təhsil ocağında tənəffüs üçün zəng çalınmır. Müəllimlər tənəffüsləri özləri tənzimləyirlər, yəni uyğun bildikləri vaxtda şagirdləri 10 dəqiqəlik fasiləyə buraxırlar. Böyük tənəffüs isə 1 saat davam edir. Bu tənəffüs zamanı şagirdlər yemək yeyir və təmiz havada vaxt keçirirlər. İsti yemək şəhər bələdiyyəsi tərəfindən təmin olunur. Nizamsızlıq yaranmasın deyə böyük tənəffüsə müxtəlif siniflər fərqli vaxtlarda çıxırlar. Gimnaziyanın direktoru Henrik Salumun da vurğuladığı kimi, havanın necə olmasından asılı olmayaraq, bütün şagirdlər mütləq gündə ən azı yarım saat açıq havada vaxt keçirməli, torpaqla, bitkilərlə təmasda olmalıdırlar.

Direktor onu da qeyd etdi ki, gimnaziyanın şagirdləri burada təmizlikdən tutmuş idarəetməyə qədər bütün işlərə cəlb olunublar. Məktəbin İdarə Heyətinin 11 üzvündən 2-si şagird, digərləri müəllim və valideynlərdir.

Məktəbdə şagirdlər də özlərini müəllim kimi sınaya bilirlər. Şagirdlərdən ibarət İKT qrupu fəaliyyət göstərir. Ümumilikdə 100 şagirddən ibarət olan bu qrup müəllimlərə İKT ilə bağlı dəstək olur. Məktəbdə bütün sistem elektronlaşdırıldığından, belə dəstəyə ehtiyac yaranır.

Müəllimlər otağında yaradılmış şərait də diqqətimizi çəkdi. Otaqda ayrıca iş məkanları, divanlar və kreslolarla təmin olunmuş istirahət guşələri, kiçik mətbəx sahəsi, ilkin tibbi yardım dəsti, printer və kseroks aparatları müəllimlərin ixtiyarındadır. Bu otaqda da şəffaflıq prinsipi qorunur.

Yeniliklə qədimliyi özündə birləşdirən gimnaziyada sinif otaqları müasir avadanlıqlarla təchiz olunub. Hər sinifdə şagird partaları ilə yanaşı, qrup işi üçün guşələr, istirahət sahələri, su kranları var. Bu sinif otaqlarında təhsilalanların yaradıcılığı üçün hər cür şərait yaradılıb. Siniflərdə ən çoxu 24-26 şagird var.

Gimnaziyanın həyətindəki geniş idman meydançası da şagirdlərin sevimli məkanıdır.

Bir sözlə, burada təhsilalanlar üçün elə bir şərait yaradılıb ki, onların buraya həm bilik öyrənmək,  həm də həyatda lazım olan digər bacarıq və səriştələrə yiyələnmək üçün həvəslə gəldiyini düşünmək olar.

Arzu Soltan