Şagirdlər elmlə idmanı birləşdirən yarışdan mükafatla qayıdıblar




Bu günlərdə Azərbaycan məktəblilərinin də qatıldığı “First Robotics Competition” (FRC) yarışması mühəndislik və robototexnika üzrə keçirilən ən böyük yarışmalardan sayılır. Elmi texnologiyalarla idman həyəcanını birləşdirən yarışmaya NASA ilə yanaşı, Apple, Google, Fed-x kimi böyük şirkətlər də sponsorluq edir.

Bu il ilk dəfə olaraq Azərbaycanın 14-18 yaşlı gənclərdən ibarət komandası ABŞ-ın New York şəhərində  keçirilən növbəti yarışda –“MechHack 9030”  adı altında ölkəmizi təmsil edib. 51 komandanın iştirak etdiyi yarışmada “MechHack” finala vəsiqə qazanan 7 komandadan biri olub.

Proqramlaşdırma komandasının rəhbəri İbrahim Əli Xudiyevin sözlərinə görə, bu yarışın hazırlıq mərhələsinə ötən ilin avqustundan başlanılıb. Layihə rəhbəri Təranə Nəbiyevanın dəstəyi ilə bura  müxtəlif regionlardan şagirdlər cəlb olunub, onların hər birinin  bilik və bacarıqlarına uyğun vəzifə bölgüsü aparılıb.  İ.Xudiyevin fikrincə, bu qələbədə komandada  işləmək, dəqiqlik, çeviklik, sürət, qarşıya qoyulan tapşırıqları cəld və düzgün yerinə yetirə bilmək bacarıqları böyük rol oynayıb.

Çəkisi 56 kq , hündürlüyü 1,5 m olan robotu idarə edən digər sürücü Rəsul Şərifovun dediyinə görə,  “yarışda təqdim olunan robotlar və komanda idarəçiləri daha təcrübəli və təkmilləşmiş maddi–texniki göstəricilərə sahib olsalar da, Azərbaycan təmsilçiləri  öz bilik və əzmkarlığı ilə qələbəyə nail olub.

Bizim üçün ən möhtəşəm an həmin yarışmada Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Dövlət bayrağının qaldırılması idi”.

Komanda üzvlərinin dediyinə görə, bu böyük uğurda komandanın müəllimi Əhməd Bayraqdarov və robotu NASA tələblərinə uyğun quraşdırılan  mexanika qrupunun rəhbəri Nicat Tağızadənin böyük rolu var.

 Robotun detalları və yarış zamanı qarşılaşdıqları çətinliklərdən danışan Nicat Tağızadə bildirdi ki,  “digər yarış robotlarından zəifliyinə, bəzi detalların əskikliyinə,  dəfələrlə rəqib komandalar tərəfindən zədə alaraq oyunda lazımi nəticəni göstərə bilməməsinə baxmayaraq, belə bir müsabiqənin finalında iştirak etmək arzusu komandanı bütün çətinliklərin öhdəsindən gəlməyə sövq edirdi.

MechHack 9030 komandasının təqdimatçıları Dəniz Məmmədova, Firəngiz Həsənova və digər komanda üzvlərimiz stendə yaxınlaşan münsiflər heyətinə  və qonaqlara təkcə layihə ilə bağlı görülən işlər deyil, eyni zamanda  Azərbaycan barəsində də məlumat verirdilər. Onu da vurğulamaq lazımdır ki, əldə etdiyimiz nəticə həm də komanda üzvlərinin inamı və ruh yüksəkliyi hesabına mümkün olub”.

MechHack 9030-un üzvləri Hyustonda keçirilən finalda 650 komanda arasında “ Wild Card” qazanıblar.