YAZILI İMTAHANLARIN QİYMƏTLƏNDİRMƏNİN ETİBARLILIQ PRİNSİPİNƏ UYĞUNLUĞU
Günel Babayeva
Qiymətləndirmə istənilən insanın təhsil həyatında müəyyən dərəcədə rol oynayan, hər bir müəllimin təlim və tədris dövründə diqqət yetirməli olduğu bir prosesdir. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi üçün hər hansı üsul seçilərkən bir sıra prinsiplər nəzərə alınmalıdır. Onlardan biri də etibarlılıq prinsipidir. Bu prinsipin düzgün tətbiqi ilə həm öyrənənlərin ölçmə üsuluna (alətinə), qiymətləndirmə prosesinə olan inamları artar, həm də əldə olunmuş nəticələr növbəti dəfə istifadə üçün yararlı olar. Yazılı imtahanlar digər ölçmə alətlərinə nisbətən daha diqqətli hazırlanmalı və təhlil olunmalı olan ölçmə alətidir, çünki bu imtahan növü üçün standart cavabın müəyyən edilməsi qeyrimümkündür. Hər bir tələbə suala fərqli yanaşa, cavabları təhlil edən müəllim də bu cavabları müxtəlif şəkildə qiymətləndirə bilər. Bu səbəbdən, imtahan suallarının hazırlanması zamanı etibarlılıq prinsiplərinə xüsusi diqqət yetirilməlidir. Məqalədə qiymətləndirmə prosesinin mahiyyəti, ölçmə alətinin qiymətləndirmənin etibarlılıq prinsipinə uyğun olaraq necə hazırlanmalı olduğu, tərtib üsulları araşdırılıb, yaranmış problemlər üçün həll yolları təklif olunub.
GİRİŞ
Təhsil prosesi dörd əsas elementdən ibarətdir: Əldə olunması və inkişaf etdirilməsi nəzərdə tutulan hədəflər; Bu məqsədlə təlim və tədris prosesinin təşkili; Tələbələrin yeni bilik və bacarıqlara yiyələnmə prosesi; Bu davranışların gözlənilən səviyyədə əldə edilib-edilməməsinə nəzarət (Kutlu, 2016).
Qiymətləndirmə təlim və tədris prosesinin sonunda olan bir proses kimi görünsə də, bütün təlim müddətini əhatə edir. Bu prosesin nəticəsində öyrənənlər müəyyən dərəcədə kateqoriyalaşdırılır, təhsil fəaliyyətini dayandırır və ya davam etdirir. Bu cür əhəmiyyətli proses müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplərə laqeyd yanaşılması öyrənənlərin təhsil fəaliyyətinə birbaşa təsir edə bilər. Qeyd olunanlara əsasən hər bir müəllim qiymətləndirmə prosesinə yüksək diqqət yetirməli, qiymətləndirmənin mahiyyəti, onun etibarlılıq prinsipi haqqında əsas anlayışlardan xəbərdar olmalıdır. Bu şəkildə hazırlanmış ölçmə aləti (və ya qiymətləndirmə prosesi) uğurlu və faydalı nəticələr verə, tələbələrin bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsinə zəmin yarada bilər.
Bir sıra komponentlərdən ibarət olan qiymətləndirmə anlayışına müxtəlif təriflər verilib:
Stivens qiymətləndirmə prosesini “qaydalara uyğun olaraq obyektlərə və ya hadisələrə nömrələrin verilməsi” kimi izah edir (Carmines & Zeller, 1979). Bu tərifin problemi ölçüləcək
hadisələrin obyekt və ya hadisələr kimi adekvat şəkildə xarakterizə oluna bilməyəcək qədər mücərrəd olmasıdır (Carmines & Zeller, 1979).
Sosial elmlərə daha çox uyğun gələn tərif Blalok tərəfindən təklif olunmuş ölçməyə ən faydalı şəkildə “mücərrəd anlayışların empirik göstəricilərlə əlaqələndirilməsi prosesi” (Carmines & Zeller, 1979) kimi yanaşılmalıdır. Ümumi konsepsiya baxımından isə qiymətləndirməyə “əldəki xüsusi məna məlumatlarının – göstəricilərin təsnifatı üçün tədqiqatçının beynində açıq, mütəşəkkil planı əhatə edən bir proses” (Carmines & Zeller, 1979) kimi baxılmalıdır.
Qiymətləndirmənin əsas məqsədi müəyyən tədris prosesinin sonunda etibarlı və əsaslı şəkildə əldə edilmiş müşahidələrin nəticələrinə əsasən təhsil proqramlarında (kurikulumda) olan çatışmazlıqları müəyyən etmək, onların aradan qaldırılması üçün tədbirlər görmək və əldə olunmuş nəticələri digər göstəricilərlə müqayisə etməkdir (Kutlu, 2016).
Tələbələrin hazırlıq səviyyələri, inkişaf səviyyələrinin (idrak, affektiv və psixomotor) monitorinqi, öyrənmə çətinlikləri, müəllimlərə gələcək tədris prosesini planlaşdırmağa kömək edəcək məlumatların müəyyən edilməsi, təhsilalanların güclü və zəif tərəflərinin müəyyən edilməsi, onların gələcək karyera planlamasına töhfə verəcək məlumatların əldə edilməsi, müəllimlərin tədris prosesində istifadə edəcəyi tədris və tədris materiallarının səmərəliliyinin müəyyən edilməsi, təhsil proqramlarının (kurikulumun) effektivliyini və səmərəliliyini müəyyən etmək məqsədilə məlumatların əldə olunması üçün qiymətləndirmə prosesinə müraciət edilir (Yaşar, 2014b).
Qiymətləndirmə prosesi təlim və tədris fəaliyyəti ilə bağlı əks əlaqənin təmin edilməsində vacib rol oynayır (Baran, 2020). Əldə olunmuş nəticələrin müqayisə edilməsi ilə təhsil müəssisələri çatışmazlıqların aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirir, tələbələr isə öz nailiyyətlərini yüksəltməyə çalışırlar.
ETİBARLILIQ PRİNSİPİ VƏ ONUN ƏHƏMİYYƏTİ
Qiymətləndirmə prosesinin düzgün təşkili üçün onun etibarlılıq prinsipinə diqqət yetirmək lazımdır. Prinsipcə etibarlılıq eksperimentin, testin və ya hər hansı ölçmə prosedurunun təkrar sınaqlarda eyni nəticələri vermə dərəcəsinə aiddir (Carmines & Zeller, 1979). Məsələn, etibarlılıq əmsalı yüksək olan imtahan nə vaxt təşkil olunmasından, onun nə qədər müddət davam etməsindən və cavabı kimin yoxlamasından asılı olmayaraq, eyni imtahan yenidən təşkil olunduqda əvvəlki nəticənin təsdiq olunması ehtimalı daha çoxdur. Etibarlılıq əmsalı aşağı olan imtahanlarda isə tələbənin balı qiymətləndirmənin məqsədi ilə bağlı olmayan amillərə görə dəyişə bilər (Moskal & Leydens, 2000).
Qiymətləndirmə alətinin etibarlılığına təsir edən yanaşmalara Moskal və Leydens “interrater etibarlılıq” və “intrarater etibarlılıq” kimi istinad etmişdir (Moskal & Leydens, 2000).
İnterrater etibarlılığı. Qiymətləndirmə alətlərinin etibarlılığı tələbənin balının qiymətləndiricidən qiymətləndiriciyə dəyişə biləcəyi narahatlığına aiddir. Tələbələr tez-tez ballarının müəllimlərin subyektiv mülahizələrinə əsaslandığı imtahanları tənqid edirlər. Məsələn, esse imtahanını təhlil etməyin üsullarından biri tələbələrin cavablarını oxumaq və onların yazdığı mülahizələrin keyfiyyətinə dair mühakimə yürütməkdir (Moskal & Leydens, 2000). Bu zaman tələbələr əldə edəcəkləri qiymətə (və ya bala) öz cavablarından daha çox müəllimin yanaşmasının təsir etdiyini düşünürlər. Bunun qarşısını almaq üçün müxtəlif meyarlardan istifadə oluna bilər. Qiymətləndirmə meyarları hər bal səviyyəsində göstəriciləri rəsmiləşdirməklə bu narahatlığa cavab verir. Qiymətləndirmə prosesinə rəhbərlik etmək üçün bal səviyyələrinin təsviri istifadə olunur. Meyarlar qiymətləndiricilər arasındakı variasiyaları tamamilə aradan qaldırmasa da, yaxşı tərtib edilmiş meyarlar bu uyğunsuzluqların baş verməsini azalda bilər (Moskal & Leydens, 2000).
İntrarater etibarlılığı. Bu tip etibarlılıq qiymətləndirmənin məqsədindən kənar olan faktorların qiymətləndirmə nəticələrinə təsir göstərməsinə aiddir. Tələbə cavablarının qiymətləndirilməsinə təsir göstərə bilər. Məsələn, müəllim yoxlama prosesindən yorula, zaman keçdikcə təhlilə daha az diqqət ayıra bilər. Deməli, tələbənin cavabı digərlərindən daha əvvəl yoxlanılsa idi, fərqli bal ala bilərdi. Müəllimin həmin gün əhval-ruhiyyəsi və ya qiymət yazılan tələbənin kim olduğunu bilməsi də qiymətləndirmə prosesinə təsir edə bilər. Qiymətləndirmə prosesindəki uyğunsuzluqlar tələbələrin nəticələrindəki həqiqi fərqlərdən deyil, qiymətləndiricinin daxili təsirlərindən qaynaqlanır. Qiymətləndirmə prosesi boyu qiymətləndirici ardıcıllığın qorunub saxlanmasını təmin etmək üçün müəyyən edilmiş meyarlara yenidən baxmalıdır (Moskal & Leydens, 2000).
ETİBARLILIQ PRİNSİPİNİN YOXLANILMASI ÜSULLARI
Qiymətləndirmə alətinin etibarlılıq səviyyəsini ölçmək üçün ən geniş yayılmış texnikalardan biri Kronbax alfasıdır. Bu üsul qiymətləndirmə prosesinin nəticələri arasındakı korrelyasiya (nisbət) dəyərlərini hesablamaq üçün istifadə edilir. Təkrar test üsulu zamanı eyni qiymətləndirmə aləti eyni qrupda müxtəlif zamanlarda istifadə olunur və alınan nəticələrin korrelyasiyası tapılır. Paralel test üsulunu tətbiq edərkən əsas diqqət eyni mövzuya aid testin (ölçmə alətinin) iki ekvivalent (paralel) formasının eyni qrupda eyni vaxtda istifadə olunması ilə əldə edilən nəticələrin korrelyasiyasını tapmağa yönəlib. Bu üsul ən çox vaxt və resurs tələb edən üsuldur.
Demək olar ki, istifadə olunan bütün qiymətləndirmə alətlərində müəyyən xətalar olur. Yuxarıda sadalananlar qiymətləndirmə üsullarının xəta səviyyəsini ölçmək və onun nə dərəcədə etibarlı olduğunu müəyyən etmək üçün istifadə olunur. Əgər testin etibarlılıq səviyyəsi 80 faizdən yuxarıdırsa, onun çox etibarlı olduğunu, 50 faizdən aşağı olduqda isə etibarlı test olmadığını deyə bilərik.
YAZILI İMTAHANLAR VƏ ONLARIN ETİBARLILIQ DƏRƏCƏSİ
Təlim-tədris prosesinin nəticələrini ölçmə alətlərindən biri də yazılı imtahandır. Yazılı imtahan zamanı tələbələrdən bir neçə açıq sualı öz şəxsi mülahizələri ilə cavablandırmaları tələb olunur. Bu imtahanlar üçün şablon cavablar olmur, hər bir öyrənən mövzuya öz bildiyi kimi yanaşa bilər. Bu isə qiymətləndirmə nəticələrinin təhlili zamanı bir sıra anlaşılmazlıqlara səbəb ola bilər.
Yazılı imtahanlar bir sıra zəif cəhətlərə malikdir. Məsələn, yazılı imtahan zamanı tələbələr cavablandırmada sərbəstdirlər. Suala uyğun bir neçə cümlə yazıb, sonra isə daha yaxşı bildikləri başqa mövzu haqqında yaza bilərlər. Bu halda müəllim cavabları yoxlayarkən diqqətli olmasa, o tələbənin doğru cavab verdiyini düşünərək yüksək qiymət yaza bilər. Hər tələbə eyni mövzuya fərqli yanaşdığından, tamamilə fərqli cavablar ola bilər. Konkret standartlaşdırma olmadığı üçün bəzi hallarda qiymətləndirmənin obyektivliyi təmin olunmur. Əksər hallarda bu imtahanlarda suallar konkret bir məfhum əvəzinə, geniş bir başlığa aid olur. Bu zaman isə tələbələr həmin mövzu haqqında ən yaxşı bildikləri hissədən bəhs edə bilərlər ki, bu da qiymətləndirilməsi nəzərdə tutulan bilik üzrə düzgün bal verilməməsi ilə nəticələnər.
Sualların çətinlik dərəcəsi və daxili korrelyasiyasını müəyyən etmək bəzən müəllimlər üçün çətinlik yaradır. Belə ki, müəllimlər də tələbələr kimi suallara fərdi şəkildə yanaşa bilərlər. Buna görə də hansı sualın imtahan üçün “çətin” və ya hansının “asan” olduğu barəsində müəllimlər arasında anlaşılmazlıqlar yarana bilər. Bu imtahan növü semestr üzrə bütün bilikləri əhatə etmir, 5 sualdan istifadə ilə sadəcə müvafiq fənn üzrə biliklərin bir qismi haqqında müəyyən təsəvvür formalaşdırmaq mümkündür. Bu isə bütün semestri yekunlaşdırmaq üçün ideal üsul kimi qəbul olunmur.
Yazılı imtahanların etibarlılığına gəldikdə isə digər imtahan növləri (məsələn, test) ilə müqayisədə daha az etibarlılıq göstəricisinə malikdir. Yuxarıda da qeyd olunduğu kimi sual sayının məhdudluğu, cavabların tamamilə tələbənin öz yanaşmasından asılı olması kimi amillər tələbələr tərəfindən etibarlılığa mane olan məqamlardır. Müəllimlərin nəticələri yoxlayarkən nə dərəcədə obyektiv olmaları da etibarlılığa mane olur. Əksər hallarda müəllimlər cavabları yoxlayarkən əvvəlcə cümlələri diqqətlə yoxlayır, müəyyən vaxtdan sonra yorulduqda isə, cavabların düzgünlüyünə çox da əhəmiyyət vermir, sadəcə həcmə diqqət yetirirlər. Cümlələr arasında məna, səbəb-nəticə əlaqələrinə subyektiv yanaşılması da müəllimlər tərəfindən yol verilən xətalara aiddir.
Bu tip imtahanlar anlama və tənqidi düşünmə kimi intellektual bacarıqların qiymətləndirilməsi üçün faydalıdır, lakin subyektiv və praktiki bacarıqların qiymətləndirilməsi üçün o qədər
də uyğun deyildir. Süni intellektin imkanlarından istifadə edərək, yazılı imtahanların avtomatik qiymətləndirilməsi üzrə eksperimentlər aparılır. Lakin indiyə qədər avtomatik qiymətləndirmə tam uğurlu olmayıb və etibarlılığın təmin olunması hələ də çətindir (Baran, 2020).
YAZILI İMTAHANLARIN ETİBARLILIĞINI ARTIRMA ÜSULLARI
İmtahanların etibarlılığını artırmaq üçün sual tərtibatına xüsusi diqqət yetirmək, sualları mümkün qədər konkretləşdirmək lazımdır. Bu zaman tələbələrin mövzudan kənara çıxmaları daha az olar. Suallar sadəcə olaraq hansısa mövzu haqqında məlumat verilməsinə yönəlməməli, tələbələrin tənqidi təfəkkürünə əsaslanmalıdır. Məsələn, sualın “Azərbaycanda xanlıqlar dövründə baş verən hadisələr” əvəzinə, “Azərbaycanda xanlıqlar dövründə ölkənin sosial-iqtisadi həyatında baş verən yeniliklər və onların təsirləri” kimi verilməsi daha məqsədəuyğundur.
Suallar konkretləşdirildikdən sonra onların etibarlılıq səviyyəsini yoxlamaq üçün pilot bir qrupla ilkin yoxlama edilə bilər. Bu dəyişiklik ilə tələbə cavablarında sualın mahiyyətindən yayınma, əlavə məlumatların qeyd olunması kimi hallar azalacaqdır. Bu isə yazılı imtahanın etibarlılıq səviyyəsini artıra bilər. Əldə olunmuş nəticələrin etibarlılığını yoxlamaq üçün yuxarıda qeyd olunmuş kronbax alfa, təkrar test və paralel test üsullarından istifadə olunmalıdır. Nəticələrin müqayisəsindən sonra qiymətləndirmə alətinin növbəti imtahanlarda istifadə olunub-olunmamasına qərar verilməlidir.
Ö. Kutlu etibarlılığın artırılması üçün bir sıra üsullar təklif edib:
- Sualların sayını artırmaq;
- Sualları aydın və sadə şəkildə yazmaq;
- Tələbələr üçün sualları cavablandırmaqla bağlı təlimat hazırlamaq;
- İmtahanın müddətini suallara cavab verməyə imkan verəcək şəkildə təyin etmək (Kutlu, 2016).
YAZILI İMTAHANLARIN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI
Təkcə qiymətləndirmə alətinin etibarlılığının yüksək olmasına çalışmamalıyıq, həmçinin qiymətləndirmə üsulumuzu təkmilləşdirməliyik. Yazılı imtahanların nəticələrini yoxlamaq müəllimlər üçün çox yorucu və vaxt alan fəaliyyətdir. Müəllimlər bu tip imtahanların nəticələrini yoxlayarkən bir sıra üsullardan istifadə edə bilərlər:
1. Müxtəlif tələbələrin eyni suala verdikləri cavabların müqayisə edilməsi. Bir sual 4 fərqli tələbənin imtahan biletində varsa, bu zaman həmin sualın cavabı bütün tələbələr üzrə ardıcıllıqla yoxlanılır, təhsilalanlar cavabların müqayisə edilməsi ilə qiymətləndirilir. Bu zaman qiymətləndirmə prosesi hansı cavabın daha düzgün və əhatəli olmasına əsaslanır.
2. Sabitlik metodu. Bu üsul cavabların təhlilinin etibarlılığını təmin etmək üçün istifadə edilir. Cavabların ilkin təhlilindən müəyyən müddət sonra eyni şəxs tərəfindən ikinci dəfə təhlil aparılmalıdır (Tekin-Dede & Bukova-Güzel, 2018). Yazılı imtahanların qiymətləndirilməsi uzun vaxt tələb edən prosesdir, müəllimlər bir neçə tələbənin cavabını yoxladıqdan sonra yorula, digər cavablara laqeyd yanaşa bilərlər. Belə halların qarşısını almaq üçün müəllimin bir müddət sonra cavabları yenidən yoxlaması tövsiyə olunur. Bu zaman qiymətləndirmələr arasında müqayisə aparılır, ən doğru nəticə seçilir.
3. Meyarlardan istifadə üsulu. Bu zaman nəticələrin yoxlanılması üçün 10 ballıq şkala üzrə bal səviyyələrinə uyğun meyarlar yaradılır. Cavablar düzgün, ətraflı olmalarına əsasən müvafiq meyarlara uyğun olaraq qiymətləndirilir. Moskal və Leydens bu meyarların aydınlığını qiymətləndirmək üçün istifadə oluna biləcək bir neçə məsələni qeyd ediblər:
– Qiymətləndirmə kateqoriyaları yaxşı müəyyən edilibmi?
– Bal kateqoriyaları arasındakı fərqlər aydındırmı?
– İki fərqli müəllim qiymətləndirmə zamanı bu meyarlardan istifadə etdikdə tələbələrin eyni nəticələri əldə etmələri mümkündürmü?
Bu sualların hər hansı birinin cavabı “yox” olsa, aydın olmayan bal kateqoriyalarına yenidən baxılmalıdır (Moskal & Leydens, 2000).
Etibarlılıqla bağlı başqa bir narahatlıq, təyin olunmuş qiymətləndirmə meyarlarının cavab verən tələbələrə uyğunluğudur. Müəyyən bir qrup tələbənin nəticələrini ölçən qiymətləndirmə meyarları fərqli tələbələr qrupunun nəticələrini düzgün ölçməyə bilər. Cavablardakı dəyişkənliyin səbəbi və nəticədə alınan ballar qiymətləndirmənin məqsədi ilə əlaqəli olmadığı halda ballar etibarsızdır (Moskal & Leydens, 2000).
Kutlu aşağıdakı hallarda yazılı imtahanlara müraciət olunmalı olduğunu bildirir (Kutlu, 2016):
– İmtahanın hazırlanması üçün vaxt az, lakin cavabların qiymətləndirilməsi üçün ayrılan vaxt daha çoxdursa;
– Yazılı ifadə gücünün və mətndə orfoqrafiya qaydalarından istifadə bacarığının ölçülməsi tələb olunursa;
– Tələbələrdən öyrəndikləri bilikləri ifadə etmək, inteqrasiya bacarığı və lazım gəldikdə ondan istifadə tələb olunursa;
– Tələbənin öz cavabını yazılı ifadə etməsi məqsədəmüvafiqdirsə.
Bu tip imtahanlar anlama və nümunələr gətirmək, səbəb-nəticə əlaqələrini qurmaq, təsnif etmək, izah etmək, ümumiləşdirmək, müqayisə, əlamətlər arasındakı əlaqəni izah etmək, fərqləndirmək, proqnozlaşdırmaq, suallar vermək, mühakimə yürütmək, tənqid etmək, qərar vermək və s. bacarıqların yoxlanılması üçün doğru seçimdir (Kutlu, 2016).
Yazılı imtahanların bir sıra mənfi xüsusiyyətləri, çatışmazlıqları olsa da, tələbələrin yazı bacarıqlarını, inşa-imla yazma qabiliyyətlərini, biliklərini yazılı şəkildə təqdim və sintez edə bilmə səriştələrini ölçmək tələb olunursa, bu zaman yazılı imtahan qiymətləndirmə üçün ən optimal alət olacaqdır.
NƏTİCƏ
Ali təhsil müəssisələrində təlim və tədris prosesinin keyfiyyətini təmin etmək və təkmilləşdirmək üçün tələbə nailiyyətlərinin qiymətləndirmə prosesi böyük əhəmiyyət daşıyır. Qiymətləndirmə nəticələri əsasında hədəflərə nail olma dərəcəsi araşdırılır, çatışmazlıqlar müəyyən olunur, aradan qaldırılır və yeni hədəflər seçilir. Təhlillər göstərir ki, tələbə nailiyyətlərini qiymətləndirmək üçün istifadə olunan üsullardan biri – etibarlılıq göstəricisi yüksək olan yazılı imtahanlar daha doğru nəticələr əldə etməyə imkan verir. Bu etibarlılığın artırılması üçün müxtəlif üsullardan istifadə olunur və imtahanlar təkmilləşdirilir. Yeni üsullarla tərtib olunmuş yazılı imtahanlar vasitəsilə tələbələrin öyrənilmiş materialı ifadə edə bilmə, müqayisə etmə, tənqidi yanaşma kimi bacarıqları yoxlanılır. Bu şəkildə hazırlanmış yazılı imtahanlar növbəti istifadə üçün faydalı olur, əldə olunmuş nəticələr təlim və tədris hədəflərinə nə qədər nail olunduğunu göstərir.
İstifadə edilmiş ədəbiyyat
1 Baran, H. (2020). Açık ve uzaktan eğitimde ölçme ve değerlendirme. Açıköğretim Uygulamaları ve Araştırmaları Dergisi, 6(1), 28-40.
2 Carmines, E.G., & Zeller, R.A. (1979). Reliability and validity assessment. Sage publications.
3 Kutlu, Ö. (2016). Ölçme ve değerlendirme. Kocaeli İl Millî Eğitim Müdürlüğü Ölçme Değerlendirme Merkezi.
4 Moskal, B. M., & Leydens, J. A. (2000). Scoring rubric development: Validity and reliability. Practical assessment, research, and evaluation, 7(1), 10.
5 Tekin-Dede, A., & Bukova-Güzel, E. (2018). A Rubric Development Study for the Assessment of Modeling Skills. The Mathematics Educator, 27(2), 33-72.
6 Yaşar, M. (2014b). Öğretmen adaylarının “eğitimde ölçme ve değerlendirme” dersine yönelik tutumlarının bazı değişkenler açısından incelenmesi. Trakya Üniversitesi Eğitim Fakültesi Dergisi, 4(2), 64-83.