Övladınız yaşını çox göstərib tələyə düşə bilər
Valideynlər üçün tövsiyələr
İndi uşaqlı-böyüklü hamı zamanının əhəmiyyətli hissəsini internetdə keçirir. Bura məktəb tapşırıqlarını yerinə yetirmək, müəllimlərlə və başqa şagirdlərlə ünsiyyət qurmaq, interaktiv oyunlar oynamaq, öyrənmək və sosiallaşmaq üçün əla yerdir. Amma valideynlər övladlarının internetdə nəyə baxdıqlarından, nə eşitdiklərindən, kimlərlə ünsiyyətdə olduqlarından, özləri haqqında nə paylaşdığından xəbərdar olmalıdırlar. Uşaqların internet təhlükəsizliyi məşhur tədqiqat mərkəzlərinin araşdırma mövzusudur. Təqdim etiyimiz tövsiyələr də “Kaspersky” şirkətinin materialları əsasında hazırlanıb.
Uşaq və yeniyetmələr böyüdükcə internetdən müxtəlif yollarla və müxtəlif məqsədlər üçün istifadə edirlər. Fərqli yaş qrupunda olan uşaqların valideynlərinin narahatlıqları da fərqlidir. Bununla belə, bütün valideynlərin yadda saxlaması lazım olan bir sıra ümumi tövsiyələri oxucularımıza çatdırmaq faydalı olar.
Övladınızın internetlə tanışlığının başlanğıcında ona bu məkanda davranış qaydalarını öyrətməlisiniz. Bildiyiniz kimi, daxil olduğumuz bir çox saytlar istifadəçi adı və şifrə tələb edir. Övladınıza öyrədəcəyiniz ilk qayda isə bu məlumatı heç kəslə, hətta dostları ilə belə paylaşmamasıdır. Ola bilsin ki, heç kim uşağa hər hansı bir zərər vermək istəmir, amma hətta xoş niyyətli zarafatlarda belə, yanlışlıq ola və problem yarana bilər. İstifadəçi adı və şifrələrinizi kiminsə öyrəndiyindən şübhələnirsinizsə, şifrələri dəyişdirin. Şifrələrin ələ keçirilməsi sizi “şəxsiyyət oğurluğu” və başqa kibertəhlükəsizlik problemləri ilə üz-üzə qoya bilər. Hər 3-6 aydan bir, ya da platforma məlumatlarınızın ələ keçirilməsinə cəhd barədə xəbərdarlıq etdikdə hesab şifrələrinizi dəyişdirmək üçün cədvəl qurun. Bütün şifrələrinizi onlayn izləmək və uşaqlarınızın onları tapmasını asanlaşdırmaq üçün “Password Manager” adlı hesab və şifrələrin təhlükəziliyini təmin edən proqramdan istifadə edə bilərsiniz. Övladınıza öyrədəcəyiniz başqa bir qayda real ad, ünvan, telefon nömrələri və ya digər məlumatlarını onlayn olaraq heç kimlə paylaşmamaqdır. “Onlayn yırtıcılar”ın uşaqları tapmasını asanlaşdıran məlumatlar - məktəb, tədris mərkəzi, hər hansı idman klubunun adı kimi kiçik detallar belə şəxsiyyəti ortaya çıxarmağa kifayət edir. Uşaqlarınızın sosial media platformalarında tanımadıqları şəxslərlə söhbət etdiyini düşünürsünüzsə, bu məlumatların məxfiliyindən xəbərdar olduqlarına əmin olun.
Sosial şəbəkələrdə uşaq və yeniyetmələrin hərəkətləri xüsusi diqqət tələb edir. Bura ucsuz-bucaqsız və qaydaları olmayan bir dünyadır. İttihamedici fotoşəkillər, kobud şərhlər çox vaxt uşağın psixikasında əbədi iz buraxa bilər. Uşaqlara xatırlatmaq lazımdır ki, internetdə yerləşdirilən hər şey dərhal ictimailəşir və hər kəsə açıqdır. Hətta şəxsi hesablar bəzən sındırılır və ya hücuma məruz qalır.
Uşaqları onlayn dünyada qorumaq üçün xüsusi kibertəhlükəsizlik proqramlarından istifadə zəruridir. Belə proqramlar uşağın bütün cihazlarında istifadə edilə bilər.
Bir çox proqram və veb-saytlarda hesab yaratmaq, izləmək və qeydiyyatdan keçmək üçün yaş məhdudiyyətləri var. Amma problem ondadır ki, bu saytların əksəriyyətində əslində yaş yoxlama mexanizmi yoxdur. Məsələn, Facebook, Snapchat və Myspace yalnız 13 yaşından istifadəyə icazə versə də, uşaqlar öz yaşlarını artıq göstərməklə qeydiyyatdan keçə bilirlər.
Demək olar ki, bütün müasir proqramlar və veb-saytlar coğrafi etiketləmə və ya məkan paylaşma funksiyalarına malikdir. Uşaqlar və yeniyetmələr olduqları yerləri paylaşmağın təhlükələrindən xəbərdar olmalıdırlar. Məkan məlumatlarının ictimai nümayişi uşaqları müxtəlif real təhlükələrə məruz qoyur.
Tətbiq məkan məlumatlarının paylaşılmasına icazə istəyəndə uşaqların bunun nə demək olduğunu anladığına əmin olun. Övladınız üçün sərhədlər müəyyənləşdirin, amma realist olun. Onlara izah etmək lazımdır ki, internetdə də üz-üzə qarşılıqlı əlaqədə olduğu qaydalarla ünsiyyət qurmaq lazımdır. İnternetdə şərh yazarkən, mehriban və nəzakətli olmaq, şəxsən deyə bilmədiyiniz heç bir şeyi yazmamaq lazımdır. Bu anonim göndərişlərə də aiddir. Təhqiredici və kobud məzmunlar yerləşdirmək təkcə başqalarına deyil, həm də uşağınızın reputasiyasına xələl gətirə bilər.
Uşaqların yaşına uyğun olaraq bütün cihazlarınızda valideyn nəzarətini tənzimləyin. Bu, övladlarınızı ona uyğun olmayan məzmuna daxil olmaqdan qorumaq üçün lazımdır. Nəzarət parametrləri bir neçə yolla konfiqurasiya edilə bilər, məsələn, uşaqların yalnız yaşa uyğun məzmuna çıxışı, cihazdan istifadə vaxtlarının təyin edilməsi, fəaliyyətə nəzarət və şəxsi məlumatların paylaşılmasının qarşısının alınması. Valideyn nəzarəti ilə yanaşı filtrləmə və monitorinq vasitələrindən də istifadə etmək olar. İstifadə etdiyiniz
antivirus proqramları da internetə qoşulmuş cihazları daxil olan təhlükələrdən qoruyur, sistem üçün mümkün təhlükələri aşkarlayır, qarşısını alır və zərərsizləşdirir.
Övladlarınızla müzakirə edəcəyiniz başqa bir problem internetdə qarşılaşa biləcəkləri reklam proqramları və fırıldaqlarıdır. Şəxsi məlumatları paylaşmaq müqabilində reklamların bəziləri saxta proqram yükləmək, lotereyada iştirak etmək və ya pulsuz məhsullar əldə etmək üçün real təkliflərə bənzəyir. Uşaqlar belə reklamlardan öncədən xəbərdar olsalar, onlarla qarşılaşdıqda necə davranacaqlarını bilərlər.
Uşaqlara başa salmaq lazımdır ki, onlayn ünsiyyətdə olduqları tanımadıqları insanlarla valideyndən xəbərsiz üz-üzə görüşməməlidirlər. Yad insanlarla birbaşa ünsiyyətin təhlükələrini onlara əvvəlcədən izah etmək lazımdır.
Bütün valideynlərə uşaqlarının hansı veb-saytlara daxil olduğunu vaxtaşırı yoxlamaq tövsiyə olunur. İzləmə tarixinin brauzerinizin parametrlərində aktiv edildiyindən əmin olun. Şübhəli saytlarla rastlaşsanız, uşağınızla bu haqda açıq danışın. Övladlarınıza onların internetdəki fəaliyyətlərini izlədiyinizi açıq-aşkar göstərin ki, casusluq etdiyinizi düşünməsinlər.
Ümumi tövsiyələrlə yanaşı, uşaqların internetdən istifadəsində yaşla bağlı qaydalar da nəzərə alınmalıdır.
2-4 yaşlılara internetdə vaxt keçirməyə, linkləri klikləməsinə imkan verməyin. İstər real, istərsə də xəyali qorxulu görüntülər uşağın psixikasına zərər yetirə bilər.
5-7 yaşlı uşaqların internetdə və ya telefonla müstəqil vaxt keçirməsinin qarşısını alın. Onlar valideyn nəzarəti altında uşaqlar üçün uyğun axtarış motorlarından istifadə edə bilərlər. Ani mesajlaşma, e-poçt, söhbət otaqları, mobil internet, mətn, şəkil və video mesajlaşma və mesaj lövhələrindən istifadəni bloklayın.
8-10 yaşlı övladınızı internetdə gizlənən təhlükələr haqqında məlumatlandırın. İnternetə qoşulmuş cihazları açıq ümumi ərazidə yerləşdirin. Filtrləmə və monitorinq vasitələrindən, uşaqlara uyğun axtarış motorlarından istifadə edin.
11-13 yaş
İnternetə çıxışı olan bütün cihazları, mobil telefonları və oyun cihazlarını idarə edin.
Uşaqlardan onlayn fəaliyyətləri və ünsiyyətdə olduqları insanlar haqqında sizə danışmağı xahiş edin. Onların e-poçtlarını və söhbətlərini nəzarətdə saxlayın.
Çatlara girişi bloklayın. Övladlarınıza qeyri-etik davranışların - zorakılıq, dedi-qodu, təhdid, nalayiq ifadələr və s. yarada biləcəyi problemlər haqqında danışın. Uşaqları TweenLand, ClubPenguin kimi yaşlarına uyğun saytları ziyarətə sövq edin. Xəbəriniz olmadan foto və ya video paylaşmasını yasaqlayın.
14-18 yaş
Evinizdə internetdən istifadə qaydaları müəyyənləşdirin. Yeniyetmələrlə onlayn tanış olduqları dostları və məşğuliyyəti haqqında danışın. Bu yaşdakı uşaqları internetdə məsuliyyətli davranış haqqında maarifləndirin. İnternetdə yeniyetmələr tərəfindən edilən bütün maliyyə əməliyyatlarına, o cümlədən malların sifarişinə, alışına və ya satışına nəzarət edin.
Unutmayaq ki, internet təhlükəsizliyi uşaqlara davamlı olaraq bu məkandan necə və nə üçün istifadə edildiyi barədə danışmaq və necə qorunmaq lazım olduğunu öyrətməklə əldə edilir.