DƏRSDƏ DİQQƏTİ DAĞIDAN NƏDİR?




Məktəbli və ya tələbə valideynlərinin şikayət etdikləri əsas mövzulardan biri də övladlarının diqqət dağınıqlığıdır. Başlanğıcda ciddi görünməyən problemin həlli üçün sonralar valideynlər həkim və psixoloqlara müraciət etməli olurlar.

Öncə diqqət dağınıqlığının yaratdığı problemləri nəzərdən keçirək. Diqqətin yayınması tədris zamanı öyrənilənlərin qavranılmasına imkan vermir.  Ardıcıl davam edən bu vəziyyət şagirdlərin təhsilində uğursuzluğa səbəb olmaqla yanaşı, onlardaməyusluq və özünə inamsızlıq yaradır. Yeniyetmə və gənclər psixoloji sarsıntı keçirir, bəziləri isə depressiyaya düşürlər. Bəs diqqət dağınıqlığını yaradan səbəblər hansılardır?

  1. Sosial Media

“Journal of Psychological Research on Cyberspace” jurnalı yazır ki, şagird və tələbələrin diqqətini ən çox yayındıran amilin sosial media olduğunu söyləməyə ehtiyac yoxdur.  Sosial media təkcə diqqəti yayındırmır, həm də uşaqlarda böyük asılılıq yaradır. Nəticədə bir çox tələbələr həm fiziki, həm də psixi problemlərlə üzləşirlər.

Jurnal araşdırmalara əsaslanaraq qeyd edir ki, sosial media asılılığı əhval-ruhiyyənin qəfil dəyişməsi, fiziki və emosional reaksiyalar, şəxsiyyətlərarası və psixoloji problemlərdə özünü göstərə bilər. Məqalədə bildirilib ki, sosial media asılılığı sosial şəbəkələrdəki istifadəçilərin təxminən 12%-nə təsir edir. Sosial mediadan uzun müddət istifadənin stress, narahatlıq və depressiya kimi psixi sağlamlıq problemləri yaratdığı xüsusi vurğulanıb.

 

  1. Dostlar

 

Ümumi inkişafımızda mühüm rol oynasalar da, dostlarla sərhədin müəyyənləşdirilməməsi çox vaxt əks reaksiya ilə nəticələnir.

Dostlarla əylənmək, gəzintilər, tədbirlər məktəbli və tələbə həyatının əvəzolunmaz hissəsidir. Burada ömürlük dostlar qazanmaq mümkündür. Amma bununla belə, dostların təhsilinizlə sizin aranıza girməsinə imkan verməyin.

 

  1. Smartfonlar və İnternet

 

Texnoloji inkişaf özü ilə müəyyən mənfi təsirlər də gətirib. Bunlardan biri də gənclər arasında smartfon istifadəsinin kütləviləşməsidir.

Bu gün smartfonlardan biznes məqsədləri, alış-veriş, oyun və s. üçün istifadə olunur. Statista.com-un araşdırmasına görə, dünyada 3 milyarddan artıq smartfon istifadəçisi var. Ən çox smartfon istifadəçisi Çin, Hindistan və ABŞ-dadır.

ABŞ Milli Sağlamlıq İnstitutu bildirir ki, mobil telefondan asılılıq yeniyetmələrin təkcə fiziki deyil, eyni zamanda psixoloji durumuna və akademik nəticələrinə də təsir edir.

Xüsusilə gecə saatlarında mobil telefondan istifadə şagirdlərin yuxu rejiminə təsir edir, onları gün ərzində süst və tənbəl edir.

Durmadan mobil telefondan istifadə məcburiyyəti və onu bir kənara qoya bilməmək mobil telefon asılılığının əmələ gəldiyini göstərən əlamətlərdir.

Cansıxıcılığı aradan qaldırmaq üçün telefondan istifadə etmək və ya telefonunuz işləməyəndə çox narahat olmaq da aludəçiliyin göstəricisidir.

 

  1. İstirahət və məşqlər

 

Çox vaxt diqqəti dağılanlar idman zalında məşq etməyə, hobbilərə və dərsdənkənar fəaliyyətlərə daha çox zaman ayıranlardır.

Bu yanlışlıq deyil, sadəcə akademik kitablardan və tədqiqatlardan qaçmağın bir yoludur.

 

Bəs diqqət dağınıqlığından uzaqlaşmaq üçün nə etmək lazımdır?

 

  • WiFi-ni söndürün. Diqqəti yayındıran əsas səbəblərin internet, smartfon və sosial media olduğunu nəzərə alsaq, dərsə hazırlaşarkən WiFi-n söndürülməsi sizin fikrinizi cəmləməyinizə yardım edəcək.

 

  • Ailənizə dərs cədvəliniz haqqında məlumat verin. Onlar sizin təhsil almaq istəyinizə yalnız sevinə və tapşırıqları yerinə yetirməyinizə yardım edə bilərlər.

 

Diqqətin yayınmasının qarşısının alınmasının digər vacib yolu evinizdə və ya otağınızda çalışmaq üçün əlverişli yer müəyyənləşdirməkdir.

 

  • Öyrənməyə başlarkən, dərs zamanı ac və yorğun olmamağa çalışın. Yuxu rejiminizə xüsusi diqqət yetirin, gündə ən az 8 saat yatmağa çalışın.

 

  • Ev çox səs-küylüdürsə qulaqcıqlar sizə kömək edə bilər. Diqqətinizi daha asan toplamaq üçün oflayn rejimdə dinləyə biləcəyiniz “playlist” hazırlaya bilərsiniz.

 

  • Xüsusi planınız olmalı və bu plana sadiq qalmalısınız.

 

  • Öyrənməyi əyləncəli etmək üçün müxtəlif öyrənmə üsullarını sınaya bilərsiniz.

 

  • İmtahanlara hazırlıq və ya tapşırıqları yerinə yetirən zaman narahat ola, həyəcanlana bilərsiniz. İmtahan fobiyasına qalib gəlmək üçün tapşırıqlarınızı yüksək səslə oxumağa çalışın. Psixoloqların dediyinə görə, yüksək səslə oxumaq rahatlıq yaratmaqla yanaşı, oxunulan mətnin öyrənilməsinə də yardım edir.

 

  • Hər kəs fərqli çalışır. Sizin üçün effektli ola biləcək yolu özünüz tapmalısınız. Bunun üçün özünüzə bəzi suallar verə bilərsiniz: tapşırıqları yerinə yetirməyə evə çatan kimi başlamağım yaxşıdır, yoxsa, istirahət üçün 30 dəqiqəlik fasilə lazımdır? Bu suallar özünüzə uyğun yolu tapmağınıza kömək edəcək.

 

  • Dərs oxuyarkən və ya ev tapşırıqlarını yerinə yetirərkən fasilələr vermək və bir dəfəyə çox tapşırıq həll etməmək tövsiyə olunur.. Burada “pomodoro” texnikasından istifadə edə bilərsiniz. Bu texnikada 25 dəqiqəlik çalışmadan sonra 5 dəqiqəlik fasilə verilir. Hər 4 fasilədən sonra isə istirahət üçün 25 dəqiqəlik vaxt ayrılır. “Pomodoro”dan istifadə edənlər onun uzun tədqiqatlar və tapşırıqlar zamanı zehni təzə saxladığını bildirirlər.

 

  • Böyük tapşırıqlar həll etməli olduğunuzda onları kiçik hissələrə ayırmaqla işə başlaya bilərsiniz. Məsələn, “vaxt boksu” texnikası ilə müəyyən işləri vaxt intervalları ayırmaqla reallaşdıra bilərsiniz. Hər tapşırığı yerinə yetirmək üçün özünüzə müəyyən vaxt təyin edə və həmin vaxta əməl etməklə, işinizi daha az müddətdə tamamlaya bilərsiniz.

 

  • Sinifdə ardıcıl qeydlər aparmalı və bu qeydləri gündəlik nəzərdən keçirməyə çalışmalısınız. Dərslərin mənimsənilməsində qazanacağınız uğur göstərdiyiniz səylərə bağlıdır, buna görə də təkrarlamağı unutmayın.

Nəhayət, tapşırığı vaxtında yerinə yetirsəniz,  özünüzü mükafatlandıra bilərsiniz. Bu oyun oynamaq, dostlarla görüşmək və ya film izləmək kimi xoşladığınız bir məşğuliyyət ola bilər.