“ŞAGİRDDƏN DOĞRU YOX, SƏRBƏST CAVAB GÖZLƏYİRİK”
Azərbaycanda 2022/23-cü tədris ilindən etibarən 132 məktəbdə “Həyat bilgisi” və “Təbiət” dərsliklərinin pilot layihə əsasında tətbiqinə başlanılıb. Həmin dərslikləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Sinqapurun Alston Nəşriyyat Evi mütəxəssisləri birgə əməkdaşlıqda hazırlayıblar. Dərsliyin həmmüəlliflərindən biri Elşad Yunusovla söhbətimiz də “Həyat bilgisi” adı ilə tədris edilən fənn və onun məzmun dəyişiklikləri ilə bağlıdır.
- Elşad müəllim, kurikulum sisteminin tətbiqinə başlandığı 2008-ci ilin “Həyat bilgisi” dərsliyi ilə 2023-cü ilin eyni adlı dərsliyi arasında nə qədər fərq var?
- Əslində dəyişikliklər çoxdur. Hazırki “Həyat bilgisi” dərsliyi 2 hissədən (blokdan) ibarətdir. 1-ci hissə sosial, 2-ci hissə isə xarici ədəbiyyatda “science” adlandırılan elmi istiqaməti əhatə edir. Sosial blokdakı mövzular şagirdlərdə bir sıra bacarıqların yaradılması və inkişafını hədəfləyib. Burada özünüifadə, ünsiyyət, özünüdərk, əməkdaşlıq, ətrafı təhlil etmə, özünü qoruma bacarıqlarından söhbət gedir. Məsələn, dərsliyin “Qanunlar” bölməsində uşaq hüquqları onların anlayacağı vasitələrlə izah edilir. Bildiyiniz kimi, Azərbaycan dünyada tolerantlıq və çoxmədəniyyətlilik örnəyi sayıla biləcək ölkələrdəndir. Burada Qafqaza və bütövlükdə regiona məxsus etnik və dini müxtəliflik, qədim tarixdən gələn mədəni zənginliyin yaratdığı imkanlar sayəsində insanların bir-birinə qarşı tolerantlığı göz önündədi. Buna “birlikdəlik” də deyə bilərik. Bu “Birlikdəliy”in ana xətti övladlarımıza hamının insan olduğumuz mesajını çatdırmaqdır. “Həyat bilgisi” fənninin sosial bölməsinin prioritet istiqamətlərindən biri budur.
Dərslikdə “Mən kiməm” bölməsində şagird öz kimliyini araşdırmağa və göstərməyə sövq edilirsə, sağlamlıqla bağlı bölmədə orqanizmini tanımaq imkanı qazanır, sağlam qidalanma ilə bağlı suallarına cavab axtarır.
Burada həyat təhlükəsizliyi, ətrafdakı avadanlıqlar, təbii və texnogen qəzalar zamanı təhlükəsizlik prinsipləri, bu zaman görüləcək tədbirlərə də yer ayrılıb.
“Science”- elm hissəsində isə, uşaqlara təməl bilgilər verilir.
- Sizcə bu dəyişikliklər bizə dünyanın inkişaf etmiş ölkələri səviyyəsində şagird yetişdirməyə imkan verəcəkmi?
- Dünyada “science” üzrə beynəlxalq qiymətləndirmə TİMS üzərindən həyata keçirilir. TİMS qiymətləndirilməsi həm 4, həm də 8-ci sinfin sonunda aparılır. Burada 2 domen - məzmun və idrak domeni araşdırma mövzusudur. Biz TİMS-in nəticələri əsasında özümüzün kurikulum sənədini təkmilləşdirmişik. Əslində azərbaycanlı şagirdlər çox ağıllıdırlar. Öyrənmə qabiliyyətləri çox yüksəkdir. Bizim dəyişikliklərin məqsədi onlara qaval daşı yox, qaval daşının sirrini verməkdir ki, özləri ifa etməyi öyrənsinlər.
TİMS imtahanlarındakı nəticələrin təhlili göstərdi ki, tətbiq etmə bacarığına aid sualda bizim şagirdlərin nəticələri başqa ölkələrin məktəblilərinə nisbətən aşağıdır. Nəzəri biliklərdə isə bu göstərici tam tərsinə, yüksəkdir. Bu o deməkdir ki, koqnitiv, bilikyönlü öyrənmə bizdə daha yüksəkdir.
Bu da bizim qarşımıza yuxarı siniflərə doğru dərsliklərdə tətbiq bacarıqlarının inkişaf etdirilməsi məsələsini qoyur. Sosial bölümdə bu yanaşma fərqlidir. Orada daha çox şagirdlərin müzakirə, sərbəst fikir yürütmə, öz hüquqlarını qoruma, uyğun mədəni şəkildə ifadə və tələb etmə bacarıqlarının formalaşmasına fikir verilir. “Science”-in məqsədi anladığını dərk etmək və göstərməkdir. Burada sorğu əsaslı öyrənmədən, tənqidi təfəkkürün inkişafı və formalaşmasından söhbət gedir. Tənqidi təfəkkür dediyimiz “tərs yöndən baxıb doğru cavab”ı tapmaqdır.
Bu tip tapşırıqları artırmaqla biz şagirdlərin kəşf etmə imkanlarının, müşahidə , araşdıma, layihələndirmə qabiliyyətlərinin inkişafına nail oluruq.
- Burada fənlərarası inteqrasiya necə tətbiq olunur?
- “Həyat bilgisi” fənninin tədrisində biolologiya, kimya, fizika və coğrafiyanın inteqrativ əlaqələrinə xüsusi diqqət yetirilib. İnteqrativlik dedikdə, anlayışların axıcı olaraq davam etməsindən söhbət gedir. Şagird ilk dəfə enerji terminini biologiyada eşidirsə, enerjinin nə olduğunu fizikada dərinləşdirir. Mövzular bir-birinin ardınca elə düzülüb ki, təkrarçılığa yol verilmir. Bizim tətbiq etdiyimiz təlim konstruktiv təlimdir və daha çox uşaqların bacarıqları üzərində qurulub. Yəni burada doqmatik metoddan evristik metoda keçid üstünlük təşkil edir ki, bu metod real olaraq görüb tətbiq etmə, laboratoriya fəaliyyəti əsasında öyrənməni təşkil edir.
- Bu yaxınlarda ARTİ mütəxəssisləri sosial mediada çıxışlarında dərsliklərin 5 E modeli əsasında hazırlandığını bildirmişdilər. Bəlkə bu 5 E-ni oxuculara açıqlayaq? 5 E nədir?
- Təbiət elmlərinin tədrisində 3, 5, 7 E modellərindən istifadə olunur. Bizim tətbiq etdiyimiz model C.Piagetin tədqiqatının nəticəsidir.
5 E dedikdə
- Engagament - maraq oyatma,
- Explain - laboratoriya araşdırmaları ilə izah,
- Explorer - öyrənmə, kəşf etmə,
- Eloborate - genişlənmə və
- - Evoualate- qiymətləndirməni nəzərdə tutur. Maraq oyatma mərhələsində uşaqların öz fikrini söyləməsinə yönəlmiş suallar verilir. Kitabdakı qəhrəmanlar - Sənan, Leyla, Kamran 1-ci sinifdən 4-cü sinfədək uşaqlarla həm zehni, həm də fiziki baxımdan bir yerdə böyüyəcəklər. Buradakı sualları da onlar səsləndirirlər. Bu mərhələdə biz şagirddən doğru yox, sərbəst cavab gözləyirik. Məqsədimiz sərbəst fikir söyləmək qabiliyyətini inkişaf etdirməkdir. Məsələn, biologiyayönlü mövzularda şagirdlərə təhlükəsiz və sağlam qidalanmadan danışırıq. Onlarda sağlam qidalanmağın ilkin anlayışları yaranır. Sonra fəaliyyət hissəsində fərqlilik , müxtəliflik və ya eynilik mövzusunda danışırıq. Burada inklüzivliyə də xüsusi diqqət yetirməyə çalışmışıq. Məqsədimiz universal öyrənmə dizaynını qorumaqdır. Qarşı tərəfin kimliyindən asılı olmayaraq ona insan kimi yanaşılmalıdır. Onun fərqli görünməsi sənin ondan üstün olduğunu ifadə etmir. Bu, dərsliyimizin ana xəttidir. İlk növbədə oxşarlığa, sonra fərqliliklərimizə, dəyərlərimizin ortaya çıxmasına diqqət yetirmişik. Üçüncü mərhələdə isə gəldiyimiz yekun nəticə budur ki, biz hamıya hörmətlə yanaşmağa borcluyuq.
2-ci E mərhələsində şagirdlərə mövzuya aid fəaliyyət təklif olunur. Fəaliyyət icra olunduqdan sonra sorğu aparılır. Burada maraq oyatmaqdan bir az daha dərin müzakirə həyata keçirilir. Dərsliyin 2-ci mərhələsində müəllimin əsas məqsədi odur ki, şagirdlərin nəyi bildiyini, nəyi nə qədər bildiyini, nəyi düz və nəyi səhv bildiyini aşkarlasın. Bunu öyrəndikdən sonra müəllim üçüncü mərhələyə keçir. Burada o, danışan dərsliklə bərabər şagirdin səhvlərini düzəldir. Dərslikdə mətnlərə yox, vizuallığın üstünlüyünə xüsusi fikir vermişik. Dərsin sonundakı “müzakirə et” hissəsində məzmunun xüsusi spesifik tələbini kənara qoymadan yenə də məntiqi və tənqidi təfəkkürü ehtiva edən suallar qoyulub.
Növbəti E – eloborate – mərhələsində öyrənmənin daha da dərinləşdirilməsi nəzərdə tutulur. Şagird burada həm tətbiqetmə, həm də tətbiq edərək öyrənmə bacarığı qazanır. Bu suallar doğru və ya yanlış mexanizmlə ola bilər, orada fikirlər yazılır, şagird həmin fikirlərin hansının doğru və ya yanlış olduğunu araşdıraraq öyrənə bilər. Və yaxud müzakirə tipli sual da qoyula bilər. Bu mərhələdə də şagirdin aktivliyi azalmır, kitab onu məcbur edir ki, davamlı olaraq öz fikrini ifadə etsin.
Son mərhələ isə “özünü yoxla” mərhələsidir.
Öyrənmə materiallarının içərisində ümumi suallar da var. Konkret təlim, və ya onun alt mövzularının bizdən tələb etdiyi bacarıqlar və, biliklər və onların tətbiqi ilə bağlı suallar verilir.
- Bəs şagirdlərin biliklərinin qiymətləndirilməsi necə aparılır?
- 1-ci sinif proqramında kiçik və böyük summativ qiymətləndirmələr yoxdur. Amma bizim frontal formativ qiymətləndirmələrimiz var. Bununla da şagirdlərimizi necə yetişdirdiyimizi təhlil edirik.
Qarşımızda duran əsas məsələ maksimum dərəcədə koqnitiv yükdən qaçmaq, Azərbaycan dili və riyaziyyat dərsliyi ilə inteqrativliyi qorumaqdır. Bəzi mövzular Azərbaycan dili dərsliyində verildiyindən burada ona yer ayrılmayıb. Fikrimizcə, təkrar tərəflərin hamısı üçün yorucudur. Ona görə də həmin mövzuların yükünü azaldıb onun yerinə mövzuya aid tətbiqi bacarıqları artırdıq. Burada modelin düzəldilməsindən, həmin modelin təhlilindən, tətbiq sahəsindən söhbət gedir. Son olaraq bunu əməkdaşlığa çeviririk. Yəni şagirdlər bunu hara tətbiq etmək olar sualına birlikdə cavab axtarsınlar. Biz daha sərbəst düşünən, azad fikir ifadə etmə potensialına, böyük layihələrə imza atacaq gənclər yetişdirəcəyimizə ümid edirik.
- İndiyə qədər uşaqların yetişdirilməsindən danışdıq. Bəs bu fənni və dediyiniz yanaşmanı tətbiq edəcək müəllimlər necə təkmilləşdirilir?
- Müəllimlərin öyrənmə mexanizmi davamlı bir proses olmalıdır. Müəllim öz inkişafına ömür boyu diqqət yetirməlidir. ARTİ müəllimlər üçün xüsusi təlim və seminarlar keçirir. Başqa bir yol da bu dərsliyin özüdür. Xüsusilə pilot layihələrin keçirildiyi məktəblərin ibtidai sinif müəllimləri ilə xüsusi əlaqə qrupları yaradılıb. Orada müəllimlərin suallarına davamlı cavab verilir və hər cür dəstək göstərilir.
- Həmin pilot layihələrin monitorinqi aparılırmı? Şagirdlər dərsliyi necə qəbul edir, dərslik necə işləyir?
- Layihə ölkə üzrə 132 məktəbdə tətbiq olunub. Regionlardakı monitorinqlərdə çox mükəmməl nəticələr var. Biz burada şagirdin ənənəvi sistemdə olduğu kimi sakitliyinə deyil, əksinə aktivliyinə çalışırıq. Şagirdin sinifdə sakit olması tələbi - dərsdənkənar fəaliyyətlə məşğul olmaması deməkdir. Qrup işində, müzakirələrdə, debatlarda səs-küy olmalıdır. Biz uşaqları etiket qaydaları çərçivəsində fikir bildirməyə öyrətməliyik, emosiyalarını boğmağa yox. Yoxsa, biz aqressiv bir nəsil yetişdirmiş olarıq. Uşaqların inkişafında ibtidai sinif çox önəmlidir. Onların dünyaya baxışı burada formalaşır. Gələcəyimiz məktəblərdə dizayn edilir. Biz də bu gələcək üçün bilik və bacarıqlarımızı əsirgəməməliyik.
Zemfira Məmmədqızı