STEAM- musiqini fizika vasitəsilə öyrənmək




Ölkədə STEAM hərəkatı genişlənir, Bakıda və regionlarda yeni STEAM innovasiya Mərkəzləri yaradılır, festival və tədbirlər keçirilir.  Bu prosesin əsas hərəkətverici qüvvəsi olan Elm Və Təhsil Nazirliyinin “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovla müsahibəmiz də bu mövzudadır.

- Oxucularımız üçün daha aydın olsun deyə, gəlin bir daha xatırladaq. XXI əsrin əvvəlindən dünyada kütləviləşən STEAM (Sciense, Technology, Engineering, Art, Mathematics) və onun hədəfləri nədir?

- Dünya İqtisadi Təşkilatının, Davos Forumunun toplantılarında “XXI əsr bacarıqları”nın siyahısı açıqlanıb. Həmin siyahıda elmi biliklərlə yanaşı, analitik düşüncə, liderlik, təşəbbüskarlıq, komanda işini qurmaq kimi əsas bacarıqları yer alıb. Bunları şagirdlər məktəbdə öyrənir və öyrənməlidirlər. Məsələn, olmpiadalarda böyük uğur qazananlar məktəb proqramı ilə kifayətlənən yox, bu proqramdan kənarda araşdırma aparanlar, öyrənənlər, özünü inkişaf etdirənlər olur. Bizim “istedad” dediklərimiz çərçivədən kənar düşünməyi bacaranlardır. STEAM-in də qayəsi budur – çərçivədən kənar düşünə və yarada bilən şəxsiyyət yetişdirmək.

 

- Sizcə klassik təhsil modeli bu çərçivədən çıxmağa imkan vermir?

 

  • Klassik təhsildə öyrədən daha çox nəzəri biliklərin öyrədilənə ötürücüsüdür. STEAM-də isə yanaşma fərqlidir. Burada təlim prosesi layihə əsaslı öyrənməyə köklənib.

O ki qaldı STEAM-in konkret hədəflərinə - dünyada bununla bağlı vahid yanaşma yoxdur. Yanaşmaların hamısında vahid element Layihə Əsaslı Öyrənmədir (LƏÖ). LƏÖ-də təhsilin bütün pillələri iştirak edir. Bu layihələrin qarşısında qoyulan suallar isə dövlətin maraqlarına əsaslanır.

Bəzi ölkələrdə STEAM ağıllı şəhər yaradılmasına, nəqliyyat probleminə, yollardakı sıxlığı azaltmağa, səhiyyənin işini optimallaşdırmağa, təhsildə hansısa islahatlara yönəlib. Nümunələrlə danışsaq deyə bilərik ki, Fransada bu proses biznes maraqları üzərində qoyulub. STEAM-dən biznesə maraqlı həllər tələb olunur. Qeyd olunan biznes ehtiyyacalrı təhsil qurumlarına bildirilir və təhsildə məzmun daha çox o istiqamətdə hazırlanır. İsraildə coğrafi yerinə görə bütün suallar hərbi çağırışlar və təhlükəsizliklə bağlıdır.  ABŞ-da bu sahənin inkişafı qanunlarla tənzimlənir, prosesə NASA və minlərlə şirkət qoşulub. Ölkədəki pedoqoji kadrların 19 fazi STEAM yönümlü hazırlanır.  

- Bayaq STEAM-də elmə və öyrənənlərə fərqli yanaşmanın olduğunu vurğuladınız. Bunu daha geniş necə izah etmək olar?

 

- STEAM-də mütləq interdisiplinar yanaşma –yəni fənlərarası inteqrasiya var. Fənlərarası inteqrasiya peşəkar fəaliyyətin vahid, davamlı və hərtərəfli inkişafı baxımından akademik fənlərin qarşılıqlı əlaqələndirilməsi kimi qəbul edilir. Bacarıqların formalaşması baxımından fənlərarası inteqrasiya gələcək mütəxəssisin özünü inkişaf etdirməsi üçün çox vacibdir. STEAM-dəki inteqrasiyanın fərqli tərəfi odur ki, burada kross- disiplinarlıq ortaya çıxır.   Təəssüf ki, bizdə bu sahəyə aid məqalələr yazılmır. Kros-disiplinarlıq nədir ? Məsələn musiqini, səsin fizikasını incənətlə elmin kəsişməsində  öyrənmək. 

 

3 D printerdə adi bir əşyanın hazırlanmasında – riyaziyyat, həndəsə, bədii yaradıcılıq, təfəkkür, dizayn, mühəndislik bacarıqları tələb olunur.  Amma bu bilikləri bioloji zəkadan süni zəkaya ötürmək üçün bir kodlaşdırma bacarığı, yəni informatika da var. Adi bir məhsulun yaradılmasında nə qədər fənnin inteqrasiyasını görürük.

 

Orta  məktəb səviyyəsində STEAM-də əsas fərq klassik müəllim obrazının olmamasıdır. Burada uşaqlarla bərabər işləyən mentor var. Mentor da hansısa məqamı bilməyə bilər, o, əməkdaşlıq etməyi bacarmalıdır. Bu da bildiyiniz kimi “soft” bacarıqlara aid edilən əməkdaşlıqdır. Burada kimyaçı hansısa mərhələdə prosesə fiziki, ya da könüllü qaydada fizikadan anlayışı olan valideyni cəlb eləməlidir. Dizayn mühəndisliyi ideyanın mövcudluğu, müzakirəsi, prototipin yaradılması, tərtibat, test və təkmilləşdirmə mərhələlərindən keçir. Bu qapalı prosesdir. Proses qapalı, test və təkmilləşdirmə isə sonsuzdur.

STEAM-i fərqləndirən bir cəhət  də – komandadakı hər kəsin riyaziyyatı, fizikanı yaxşı bilmək kimi öhdəliyinin olmamasıdır. Amma hamının bacardığı nəsə var. Kim hansı sahəni bilirsə o sahədə dəstək verir. Burada valideynlər də uşaqlarla bərabər robot yığır, dizayn verir, öz təkliflərini səsləndirirlər.

 

- Azərbaycanda STEAM-ləşmə  necə gedir?

 

- STEAM-ə 2019-2020-ci tədris ilində 41 orta məktəbdə 5942 şagirdlə başlamışdıq. Hazırda ölkədəki 1 milyon 619 mindən çox şagirdin 100305-i STEAM təhsili alır. Bütövlükdə 318 məktəb – 192-si Bakı, 126-sı isə regionlardan olmaqla bu təhsilə qoşulub. Regionlarda 50 rayon mərkəzi və 10 kənd məktəbini əhatə etmişik. Şagirdlərin gender bölgüsünə görə steam-çilərin 46 782-i qız,  53 523-ü oğlanlardır. STEAM-ə  1700-dən çox müəllim xüsusi təlimdən keçib və prosesə cəlb olunub.

 

 

- Müəllimlərin hazırlanması prosesi necə aparılır? 

 

- Elm və Təhsil Nazirliyi özü STEAM modullarının təlimini təşkil edir. Yerli təhsil şöbələri müəllimlərin siyahısını hazırlayır  bizə təqdim edir. Biz də onlara təlimlər keçirik. Biz hansısa müəllimin fərdi istəyinə görə təlim keçmirik. Bu prosein böyük məsrəfləri olduğundan onu kimsə ödəməlidir. Belə müraciətlər olanda biz onları yenidən məktəbə və yerli təhsil şöbələrinə yönləndiririk. Bu təlimlər 5-14 gün arası davam edir. Təlimlər  bitdikdən sonra müəllimlər yekun tapşırıq həll etməlidir. Müəllimlərə yekun layihə formasında  verilən tapşırıqla onların “soft” bacarıqlarını müəyyənləşdirmək istəyirik. Tapşırıqlar yerinə yetirilərkən başqa fənn müəllimləri ilə birgə əməkdaşlıq, komanda işi yüksək qiymətləndirilir.

 

- Bir STEAM müəlliminin özünün hazırlığı necə aparılır və bunun üçün həmin kadrdan nə tələb olunur?

 

 

- STEAM dərsdənkənar məşğələdir, burada texniki və təbiət fənni müəllimlərinin olması arzuolunandır. Amma bəzən məktəbdə kiminsə dərs saatını artırmaq məqsədilə bura əlavə müəllimlər göndərilir. Biz də bunun qarşısını almaq üçün belə bir tövsiyə edirik, əslində heç bir məhdudiyyət yoxdur. Amma İKT-ni bilməyən müəllimlərlə əməkdaşlıq çətin olur.

 

  • İnkişaf etmiş ölkələrdə STEAM təlimlərə bağça yaşından başlanılır. Azərbaycanda bununla bağlı təcrübə varmı? Bizdə STEAM yaşı neçədir?

 

  • Biz artıq 5-ci sinif şagirdlərinin prosesə cəlb olunması üzərində işləyirik. Məktəblərdə STEAM 6-cı sinifdən başlayırsa, STEAM Mərkəzlərində fəaliyyət 6-16 yaşlı uşaqları əhatə edir. Belə Mərkəzlərin sayı 22-yə çatıb. Həmin mərkəzlərdən aldığımız datalar əsasında azyaşlıların öyrənmə prosesini analiz etmək istəyirik. STEAM Azərbaycan Festivalında (SAF) da biz azyaşlılar və ibtidai sinifləri cəlb etmişik. Prossesin gedişində görünür ki, azyaşlılar bu dərslərə və təlimlərə daha böyük maraq və həvəslə qoşulurlar.

Mərkəzlərdən başqa hətta peşə məktəbləri ilə əməkdaşlığa başlamışıq və onlar dərsliklərlə də təmin olunub.

 

  • Azərbaycanda STEAM müəllimlərinin təlimçiləri kimlərdir? Ölkədəki kadr potensialı ilə bu işin öhdəsindən gəlmək mümkündürmü?

 

  • STEAM hərəkatı təzə başlayanda biz 100 nəfər mütəxəssislə İsraildə səfərdə olduq. O 100 nəfərdən cəmi 20 təlimçi hazırlaya bildik.  Sonrakı təlimçilər orta məktəb müəllimləri arasından seçildi. Onlar özləri təlimlərə qatılır, yekun hesabatında bütün bacarıqları ortaya qoyurlar. Həmin hesabatlara əsasən fərqlənən bacarıqlı və uyğun kadrlar seçilib həm ölkədə, həm də xaricdə əlavə təlimlərə cəlb olunur. Bəzən xaricdən də təlimçilər dəvət edirik.

 

İndi biz “Sabah” qrupları ilə əməkdaşlıq edirik.  350 nəfər gənclə yeni təlimlərə başlayırıq. Onlarda STEAM üçün tələb olunan bacarıqlar var. Biz onların potensialından istifadə etmək istəyirik.

Bütün dünyada proses əslində sahibkar yetişdirməyə yönəlib. Tənqidi düşüncə və sahibkarlıq bacarıqlarına malik sahibkar. Burada ideya məhsula, məhsul da biznesə çevrilməlidir. Şagirdlər bir əmtəə yaradırsa mütləq onun marketinqini də fikirləşməlidirlər. Hansısa çağırışa,  cəmiyyətin probleminə görə, yaradılan məhsul satılmalıdır. Burada valideyn sosial prosesə cəlb oluna və onun vəsaiti ilə uşaqlar nələrsə düzəldib sosial bzinesə başlaya, hansısa xeyriyyə layihəsinə qoşula bilərlər.

 - Deyirlər ki, məktəbin əsas vəzifəsi xoşbəxt insanlar yetişdirməkdir. STEAM layihəsi bu prinsipə nə qədər yaxındır?

-  STEAM əslində cəmiyyətdən gələn çağırışlara əsasən şəxsiyyət yetişdirməklə məşğuldur. Bizim düşüncəmizə görə, öz bacarıqlarını reallaşdıran, potensialından istifadə edə bilən, cəmiyyətin dəyişməsində iştirak etməyi bacaran insanlar həyatlarından məmnun insanlar olacaq.

Zemfira Məmmədqızı