Global brendə çevrilən kənd məktəbi




 “Azərbaycan məktəbi” jurnalı “Tarixi məktəb” adlı yeni rubrikaya başlayır. İlk yazımız dünyada tanınan SABİS məktəblər şəbəkəsi haqqındadır.

 

1886-cı ildə Beyrut yaxınlığındakı Şayifə (Chouiefat) kəndində açılan tədris ocağı hazırda dünyanın 20 ölkəsində 53 məktəbə sahib şəbəkəyə çevrilib. Öncə Qızlar Kolleci kimi işə başlayan məktəb sonradan öz qapılarını oğlanlara da açıb.

Məktəbin yaradıcıları livanlı Tanios Saad və irlandiyalı Luisa Proktor olub. İki dünya savaşına şahidlik edən məktəb ötən əsrin 70-ci illərində Bəsrə körfəzindəki müharibədən sonra qonşu dövlətlərdə öz şəbəkəsini yaratmağa başlayıb. İlk belə məktəb 1975-ci ildə BƏƏ-də, Şarja şəhərində açılıb. 1995-ci ildə məktəbin idarəetməsində iştirak edən iki ailənin - Saad və Bistani soyadlarının ilk hecasındakı hərflərdən SABİS ticarət markası yaradılıb.

Məktəbin yaratdığı sistem dünyanın bir çox universitetlərində araşdırma mövzusu olub. Chouiefat kənd məktəbinin uğurları haqqında kitablar yazılıb. Nyu Kasl Universitetinin təhsil siyasəti üzrə professoru Ceyms Tulinin  “Kənd məktəbindən global brendə” adlı kitabı SABİS-in uğurlarını araşdırmağa yönəlib.

Kitabda o qeyd edir ki, təhsil siyasətini və tarixini araşdıran hər kəs üçün dünya üzrə 70 mindən artıq şagirdi birləşdirən SABİS-in təcrübəsi maraqlıdır.

Bəs bu qədər qədim və köklü məktəbin ölkəmizdəki fəaliyyəti necə tənzimlənir? Araşdırmalarımızı  “SABİS”-in “Dreamland” adlı ərazidəki kampusunda davam etdirdik.

SABİS-in Azərbaycandakı məktəbi 2015-ci ildə faəliyyətə başlayıb. Məktəbin idarəetməsi “Azərsun holdinq”ə məxsusdur. “SABİS Sun” direktor köməkçisi və İctimaiyyətlə Əlaqələr meneceri Əli Tatlının verdiyi məlumata görə, şəbəkənin bütün məktəblərində olduğu kimi, burada da dərslər yalnız ingiliscə tədris olunur. Təhsilin 12 illik bazaya əsaslanması şagirdlərə əlavə imkanlar yaradır. Belə ki, məzunların Avropanın 12 illik təhsil tələb edən bir çox  universitetlərinə qəbul olunmaq şansı daha da artır.

Məktəb rəsmisinin sözlərinə görə, hazırda kompleksdə  600 şagird təhsil alır. İndiyə qədər məktəbin 40 nəfərə yaxın məzunu olub. Xüsusi təqaüdlər qazanan həmin gənclər təhsillərini dünyanın prestijli universitetlərində davam etdirirlər.

SABİS-in bütün məktəblərində özünəməxsus kurrikulum sistemi tətbiq edilir. Ali Tatlının verdiyi məlumata görə, sistem on illiklərlə toplanan təcrübə və dünyanın nüfuzlu universitetlərinin tədqiqatları əsasında hazırlanıb. Burada müəllim heyətinin əsas hissəsi xarici vətəndaşlar olsa da Azərbaycanla bağlı fənləri yerli müəllimlər tədris edir.

SABİS Sun-ın kampusunu gəzərkən əvvəlcə  kitabxanaya daxil olduq. Kitabxanaçı Sevinc İskəndərovanın dediyinə görə, SABİS-in məktəb kitabxanası belə adi kitabxanalardan fərqlidir. Burada şagirdlərin mütaliəsi üçün zəruri kitablar yaş və təhsil səviyyəsinə uyğun təsnifatlandırılıb. Yəni 5-ci sinif şagirdinin mütaliəsi üçün nəzərdə tutulan kitablarla 11-ci sinif şagirdi üçün hazırlanmış ədəbiyyat siyahısı fərqlidir. Kitabxanadan götürülən ədəbiyyatın oxunub-oxunmamasına da ciddi nəzarət edilir. Şagirdlər mütaliə üçün götürdükləri kitabı qaytararkən kitabxananın kompüter şəbəkəsində həmin kitabla bağlı xüsusi testləri həll etməlidirlər. Sistemdə hər bir kitabın məzmununu açan  testlər mövcuddur. Qaydalara görə, həmin testlərdəki suallara cavab verə bilməyən şagirdə kitabxanadan yeni kitab verilmir.

Kitabdan söz düşmüşkən, SABİS şagirdlərinin vərdiş etdiyimiz dərslikləri də yoxdur. Onlar yalnız e-kitablardan istifadə edirlər. Texnoloji avadanlıqlarla təchiz olunmuş dərs otaqlarında isə başqa məktəblərin sinif otağında görməyə alışdığımız müşahidə kameraları quraşdırılmayıb. Məktəbin sözçüsü bunu, uşaqların görüntülərinin başqaları tərəfindən izlənilməsinin etik və təhlükəsizlik baxımından doğru olmaması ilə əlaqələndirdi.

Azərbaycanda hər dərs ili ərəfəsində olduğu kimi bu il də şagirdlərin vahid məktəbli forması ilə bağlı geniş diskussiyalar aparılır. Bu müzakirələrin məzmununa varmadan yalnız onu qeyd edək ki, bütün məktəblərdə olduğu kimi SABİS-in də uniforması var və məktəbə bu formada gəlmək məcburidir. Uşaqlara azad düşüncə və geniş dünyagörüşü verən sistem belə məktəbli formasında heç bir güzəştə getmir. Bizim orada olduğumuz müddətdə valideynlər övladlarına məktəbli forması seçməklə məşğul idilər.

Məktəbin tədris korpusu, üzgüçülük hovuzları, bufeti, stadionunu gəzdik,  uşaq bağçasına da nəzər saldıq. SABİS-in bağçası da bizim təsəvvür etdiyimiz klassik uşaq bağçası obrazına sığmır. Körpələr səhərdən günorta saat 3-ə qədər bağçada müxtəlif əyləncəli çalışmalarla məşğul olurlar.. Azyaşlıların oyun meydançasına, hovuzuna, idman zallarına böyük yaş qruplarındakı şagirdlərin girişi yoxdur. Məktəb təmsilçisi bunun hər hansı bullinq ehtimalına qarşı düşünüldüyünü dedi.

 A.Tatlının dediyinə görə, “SABİS Sun” təkcə məktəb və bağça kimi deyil, eyni zamanda A Level, AP imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan mərkəzi rolunu da oynayır.

SABİS-i ölkədəki başqa məktəblərdən fərqləndirən qaydalarla yanaşı, birləşdirən məqamlar da var. Başqa məktəblilər kimi onların da dərs günü Azərbaycan himni ilə başlayır.

“Azərbaycan məktəbi” olaraq rubrikamızı ölkəmizdə görkəmli tarixi şəxslərin, tanınmış şəxsiyyətlərin  təhsil aldığı müxtəlif tarixi məktəblər haqqında yazılarla davam etdirəcəyik.