Aqressivliyi tamamilə aradan qaldırmağa dəyməz




Aqressivliyi tamamilə aradan qaldırmağa dəyməz

Aqressiya (latınca “agressio” – hücum) kiməsə və ya nəyəsə zərər vurmağa yönəlmiş fiziki və ya şifahi davranışdır.


Uşaqlarda aqressiya əlamətləri 

 

Körpənin durmadan ağlaması ilə ifadə olunan narahatlığın səbəbi sadədir: fizioloji ehtiyaclarının ödənilməməsi. Bu halda aqressiv reaksiya - yaşamaq uğrunda mübarizə üçündür.

 

2-2,5 yaşlı uşaqda yaşıdına fiziki hücum və qəzəb adətən oyuncaqların bölüşdürülməsi ilə bağlı münaqişələrdən yaranır. Valideynlərin bu yaşda uşağın davranışına dözümsüz münasibəti aqressivliyin simvolik formalarını (ağlamaq, inadkarlıq, itaətsizlik) meydana çıxara bilər.

 

3 yaşlı uşağın qışqırması, ağlaması, dişləməsi onun maraqları ilə valideynin “yox” deməsi arasındakı münaqişə ilə əlaqələndirilə bilər.

Bu yaşda oğlanlar qızlara nisbətən daha çox aqressiyaya meyilli olurlar. Qızlar cəzalanmaqdan qorxduqları üçün öz hisslərini gizlədirlər. Oğlanların aqressivliyi üçün isə mühit daha tolerantdır.

İbtidai məktəb yaşlı və yeniyetmə oğlanlarda tez-tez fiziki hücum hərəkətləri, qızlarda isə daha çox “sosiallaşmış” aqressiya formaları – rəqabət, təhqir, sataşma özünü göstərir.

 

Bəs aqressiya faydalı ola bilərmi?

 

Psixoloqların qənaətinə görə, aqressivliyin də özünəməxsus müsbət xüsusiyyətləri var - bu, əzmkarlıq, qələbəyə can atmaq, maneələri dəf etmək hissləridir. Buna görə də, təhsil fəaliyyəti uşaqların təbiətindən aqressivliyi tamamilə aradan qaldırmağa deyil, onun dağıdıcı, asossial formalarını məhdudlaşdırmağa və nəzarət etməyə yönəlməlidir.

Aqressiv reaksiya aşağıdakı hallarda baş verə bilər:

  • məyusluğa reaksiya - bu, ehtiyacları ödəmək, emosional tarazlığa nail olmaq yolunda maneəni dəf etmək cəhdidir;
  • öz ehtiyaclarını ödəmək üçün bütün başqa variantlar tükəndikdə son çarə kimi;
  • "öyrənilmiş" davranış kimi - uşaq bir nümunəyə əsasən aqressivlik göstərdikdə (əksər hallarda valideynin, kino və televiziya qəhrəmanlarının davranışını yamsılamaqla).

Aqressivliyin təzahürünə bioloji amillər də (sinir sisteminin xüsusiyyətləri, irsiyyət, biokimyəvi) təsir göstərir.

Uşaq aqressivliyinin aşağıdakı növləri xüsusi müdaxilə tələb edir:

 

- Beş yaşından yuxarı uşaq başqa canlılara işgəncə verməkdən həzz alır. Belə bir davranışa həmişə psixoterapevt və psixoloq müalicəsi lazımdır.

- Hiperaktiv uşağın aqressivliyi. Uşaq narahatdır, hər şey onu incidir. Onun davranışı impulsivlik, düşüncəsiz hərəkətlər, qadağaların pozulması ilə xarakterizə olunur. Belə uşaq sevən, səxavətli, ürəyiyumşaq ola bilər, lakin beyin qabığının biokimyəvi balansının pozulması uşağın davranışını həddindən artıq aktivləşdirir və onun tənzimlənməsi üçün həkimə müraciət olunmalıdır.

Uşaqda dağıdıcı aqressivliyin təzahürünün qarşısını almağın ən yaxşı yolu ona sevgi göstərməkdir.

Valideynlər uşağın davranışının səbəblərini anlamağa və onları aradan qaldırmağa çalışmalıdırlar.

Övladınıza enerjisini çıxarmağa imkan verin - onun tək və ya dostları ilə əylənməsinə, enerjisini "dinc" məqsədlərə (idman, dərnəklər, oyunlar və s.) sərf etməsinə şərait yaradın.

Uşağınıza dostlar tapmaqda, yaşıdları ilə ünsiyyət qurmaqda köməyinizi əsirgəməyin. Belə fəaliyyətlərdə uşaqlar ümumi qəbul edilmiş davranış normalarını tez öyrənəcəklər.

Fiziki cəzaya əl atmayın!

Övladınıza effektiv xeyirxah davranışın şəxsi nümunəsini göstərin: onun qarşısında qəzəb və nifrət partlayışlarına, təhqirlərə, kobudluğa yol verməyin. 

 

Uşaqlarda aqressiv davranış və qəzəbin qarşısını yalnız  xoş söz aradan qaldıra bilər. Belə bir uşağı "korlanmış” saymayın. Bu şəkildə düşünməyə başlasanız, uşağı özünüzdən uzaqlaşdıra bilərsiniz. Yaxınlarının arasında tənhalıq hissi uşağın davranışlarının daha da pisləşməsinə səbəb ola bilər.

Uşağın aqressiyasının öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, mütəxəssislərdən - psixoterapevt, psixonevroloq, psixoloq və müəllimlərdən kömək istəyin.

Əslində aqressivlikdən ən çox uşaq özü əziyyət çəkir: valideynləri ilə mübahisə edir, dostlarını itirir, daim qıcıqlanır, ən əsası isə qorxu içində yaşayır. Bütün bunlar uşağı bədbəxt edir. Belə bir uşağa qayğı və sevgi ən yaxşı dərmandır. Çalışın uşağınız valideynlərinin onu sevdiyini, qiymətləndirdiyini və qəbul etdiyini hər an hiss etsin.

Məqalə UNICEF-in "3 yaşdan 7 yaşa qədər uşaqlar üçün yaxşı valideyn olmağı öyrənmək" təlimatı əsasında hazırlanıb