Təhsildən yeni tələb - “Rəqəmsal bacarıqlar”




Sürətlə rəqəmsallaşan dünyada müxtəlif dövlətlər  prosesin sosial və iqtisadi həyata inteqrasiyası üçün strategiyalar və proqramlar tətbiq edirlər. Bu rəqəmsal transformasiya prosesləri bütün sahələrin inkişafı üçün geniş imkanlar yaradır.

Hazırda ölkəmizdə də rəqəmsallaşma, İKT sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülür.  Bunların tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə aparılan sistemli və ardıcıl islahatları göstərmək olar.  Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, kadrlar bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlimlərdə iştirak edirlər.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində  son illər ölkənin ümumi təhsil sistemində  “Rəqəmsal bacarıqlar”  layihəsi tətbiq olunur.

 Layihənin əsas məqsədi olan “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi və  yeni yanaşmanın tətbiqidir. Bu yanaşma şagirdlərdə analitik düşüncə, məntiqi təfəkkür, XXI əsr bilik və bacarıqları, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına imkan yaradır.

İnformasiya cəmiyyəti və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Belə ki, artıq informasiya və kommunikasiya texnologiyaları sahəsi inkişafın ən önəmli amili kimi çıxış etməkdədir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə də əsas istiqamətlərdən biri məhz yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait yaradılmasına, təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir.

Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi mövcud məktəblərdə siniflərin sayının artırılmasını nəzərdə tutur.

Ölkədə 418 məktəb üzrə 300 min şagird əhatə olunub. Sözügedən məktəblərdə İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, kompüter və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması və Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunur.

 

“Alqoritmika” beynəlxalq təhsil şirkətinin innovativ metodlardan istifadə etməklə hazırladığı proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Layihə çərçivəsində informatika fənnini tədris edən 3000-dən çox müəllim heyəti üçün peşəkarlığın artırılması məqsədilə   üzbəüz və distant təlimlər təşkil edilir.

 

Bu tədris ilində 23 məktəbin 10 və 11-ci siniflərində informatika yönümlü tədrisin aparılması üçün “Rəqəmsal bacarıqlar” təmayüllü siniflərdə 700-dən çox şagird təhsil alır. Layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Növbəti tədris ilində layihə çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması nəzərdə tutulur və 40 məktəbdə siniflərin yaradılması planlaşdırılır. Bunun üçün “Rəqəmsal bacarıqlar” təmayüllü siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qeydiyyat prosesi artıq başlayıb.

 

Qeydiyyat prosesindən sonra 9-cu sinif şagirdləri test imtahanında iştirak etməlidirlər. İlk cəhddən imtahandan keçə bilməyənlər bir aylıq intensiv kurslarda iştirak etməklə yenidən imtahana qatıla bilərlər. İmtahandan uğurla keçən şagirdlər təklif olunan məktəblərdən birini seçib yerdəyişmə etdikdən sonra sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim edə bilərlər.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2022-ci ilin noyabr-dekabr aylarında “Kod saatı: rəqəmsal gələcəyə addım” adlı proqramlaşdırma üzrə müsabiqə keçirilib. IV-IX sinif şagirdləri əhatə edən müsabiqədə     20 000-ə yaxın şagird qeydiyyatdan keçib. Seçim mərhələsi onlayn və oflayn qaydada keçirilib. Finalda yarışan 300 şagirddən 100-ü regionları təmsil edib. Müsabiqənin final mərhələsi və mükafatlandırma tədbiri Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub. 300 şagird finalda 1 saat ərzində kodlaşdırma üzrə xüsusi tapşırıqları həll ediblər. Nəticədə 54 qalib mükafatlandırılıb.

 

Artıq iki ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün keçirilən #CodeforFuture layihəsi də uğurla davam edir. Layihə Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə əməkdaşlıq çərçivəsində ADPU-nun İnformatika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi və SABAH qruplarının eyni adlı ixtisasları üzrə sonuncu kurs tələbələri üçün keçirilir. İndiyədək layihədə 500-ə yaxın tələbə iştirak edib. Həmin tələbələrin bir çoxu öyrəndiklərini tətbiq etmək məqsədilə “Rəqəmsal bacarıqlar” layihəsi icra olunan məktəblərdə təcrübə keçirlər. Reallaşdırılan bu layihə tələbələrin informatika və proqramlaşdırma sahəsi üzrə ixtisaslı kadr kimi yetişmələrində böyük rol oynayacaq.

 

Nilufər Rəhimova,

“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri