Gələcəyin peşələri üçün bugünkü fənləri öyrənin




Klassik peşələrin əksəriyyətinin istifadə müddəti keçib. Karyera və təhsil mütəxəssisləri belə düşünürlər. Böyük texnoloji dəyişikliklər dövründə yaşayan insanların qayğılarından biri gələcək peşələr və iş yerləri ilə bağlıdır. Yeni texnoloji eranın yaratdığı və ehtiyac duyulan peşələrin sayı isə durmadan artır.

Youtuber, instagram fenomeni, verilənlər elmi (Data science), SEO, rəqəmsal marketinq, ev-ofis işi, frilanser və bir sıra başqa terminlər artıq bizə yad görünmür.

Texnologiyanın günü-gündən sürətli inkişafı ilə iş dünyasında böyük dəyişikliklər baş verir və yeni peşələr meydana çıxır. Bu dəyişikliklər gələcək biznes meyillərinin müəyyənləşdirilməsinə də təsir edir.

Texnoloji inkişaf, xüsusilə rəqəmsallaşma və süni intellekt bir çox yeni iş imkanları gətirəcək. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə əsasən aşağıdakı sahələrə aid peşələr aktual olacaq:

 

  1. Süni intellekt və robototexnika mühəndisliyi
  2. Mobil tətbiq və oyun yaradıcılığı
  3. Rəqəmsal marketinq
  4. Verilənlər elmi
  5. Sintetik biologiya ixtisası

 

Gələcəyin ən maraqlı peşələrindən biri süni intellekt və robototexnikadır. 20 il öncə fantastika sayıla biləcək robotlar artıq məişətimizə daxil olub. Bu, gələcəyin ən zəmanətli peşələrindən olacaq. Çünki süni intellekt yaxın 10 ildə çox böyük dəyişikliklərə imza atacaq.

Süni intellekt insan zəkasını təqlid edən və müxtəlif əməliyyatları avtomatik yerinə yetirən kompüter sistemlərinə aiddir. Robot mühəndisliyi isə robotların dizaynı, istehsalı və idarə edilməsi ilə məşğul olur.

Süni intellekt və robot mühəndisliyi bir çox müxtəlif sənaye sahələrində istifadə olunur. Avtomobil, aerokosmik, səhiyyə, təhsil, müdafiə və sənaye sahələrində süni intellekt və robot texnologiyalarından istifadə etməklə istehsal proseslərini avtomatlaşdıraraq məhsuldarlığı artırırlar.

Gələcəkdə süni intellekt mütəxəssisləri və robot mühəndisləri gələcək biznes tendensiyalarının ən vacib hissələrindən biri olacaq.

Süni intellekt və robot texnikası mühəndisliyi sahəsində işləmək istəyənlər kompüter elmləri, elektrik və elektron mühəndislik, maşınqayırma, riyaziyyat, fizika və statistika kimi sahələrdə təhsil almalıdırlar. Bundan əlavə, bu sahədə işləmək üçün təkcə texniki biliklərə deyil, həm də yaradıcılıq, analitik düşünmə, problem həll etmə və gözəl ünsiyyət bacarıqlarına sahib olmaq lazımdır.

 

Mobil tətbiq və oyun tərtibatçılığı

 

Gələcəkdə məşhurlaşacaq peşələr sırasında oyun yaradıcılığı ön sıradadır. Uşaqların əksəriyyətinin dizayn və oyunlara marağı var və bəziləri bu marağı bir qədər də irəli aparıb biznesə çevirə bilər.

Əgər övladlarınız oyun yaradıcılığı ilə maraqlanırsa, buna sevinməlisiniz. Oyun tərtibatçıları yüksək gəlir əldə edə, öz iş saatları və şərtləri ilə çalışa bilərlər.

Mobil proqram və oyun tərtibatçılığı artıq bu gün çox məşhur bir təcrübə sahəsinə çevrilib. Bu sahədə ixtisaslaşmaq istəyən şəxs əvvəlcə proqramlaşdırma dilini, bu dildən istifadə edərək mobil proqram və oyun tərtib etmə platformalarından istifadəni öyrənməlidir.

Mobil proqramların hazırlanması üçün ən populyar platformalar arasında Android və iOS var. Android üçün Java və ya Kotlin dilləri, iOS üçün isə Swift və ya Objective-C dilləri istifadə olunur. Bununla belə, React Native və Xamarin kimi bəzi platformalar da çoxsaylı proqramlar hazırlamaq üçün istifadə edilə bilər.

Oxşar yanaşma mobil oyunların inkişafı üçün də tətbiq olunur. Oyunların inkişafı üçün populyar platformalara Unity və Unreal Engine daxildir. Bu platformalar istifadəçilərə öz oyunlarını inkişaf etdirməyə və müxtəlif mobil cihazlarda yaymağa imkan verir.

Mobil proqram və ya oyun tərtibatçısının yaxşı proqramlaşdırma, qrafik dizayn bacarıqları olmalıdır.

 

Sintetik biologiya ixtisası

 

Bu ixtisas gələcəkdə çox ehtiyac duyulan sahəyə çevrilə bilər.

 

Qırmızı ət, ağ ət və balıq dünyada istehlak edilən ən vacib qida maddələrindəndir. Araşdırmalar göstərir ki, gələcəkdə əhalinin artması ilə əvvəlki qədər ət istehlakı mümkün olmayacaq. Ət istehsalının iqlim böhranına, susuzluq və qlobal istiləşməyə rəvac verən əsas amillərdən biri olması ya ət istehlakını azaldacaq, ya da sintetik ət istehlakına keçilməsinə səbəb olacaq.

Sintetik biologiya mütəxəssisi dünyanı xilas edəcək peşə sahiblərindən biri olacaq.

Gələcəyin peşələrindən biri olan sintetik biologiya bioloji sistemlərin dizaynı, süni yaradılması və idarə edilməsi ilə məşğul olan çoxşaxəli bir sahədir. Bu sahədə mütəxəssis olmaq istəyən şəxs aşağıdakı fənləri öyrənməlidir:

Biologiya: Sintetik biologiya bioloji sistemləri və onların süni şəkildə qurulmasının bioloji əsaslarını dərk etməklə başlayır. Ona görə də biologiyanın əsaslarını öyrənmək vacibdir.

Genetika mühəndisliyi - genlərin dəyişdirilməsi və idarə edilməsi ilə məşğuldur. Sintetik biologiyada bu biliklərdən genetik materialın dizaynında, sintetik DNT-nin sintezində, gen ifadəsinin tənzimlənməsində və manipulyasiyasında istifadə olunur.

Biomühəndislik - bioloji sistemlərin dizaynı, istehsalı və nəzarəti üçün mühəndislik prinsiplərindən istifadə edir. Sintetik biologiyada biomühəndislik, süni hüceyrələrin istehsalı, bioloji dövrələrin dizaynı və süni orqanizmlərin yaradılması kimi mövzularda istifadə olunur.

Bioinformatika - bioloji məlumatların təhlili, saxlanması və emalı ilə məşğul olur. Sintetik biologiyada bioinformatika sintetik DNT ardıcıllığının layihələndirilməsi və təhlili, gen ifadə məlumatlarının təhlilində istifadə olunur.

Kimya - sintetik biologiyada bioloji molekulların sintezi və istifadəsi üçün kimyanın əsaslarını öyrənmək vacibdir.

Kompüter elmləri - sintetik biologiyada kompüter elmləri süni orqanizmlərin dizaynı və simulyasiyası üçün istifadə olunur. Buna görə də, proqramlaşdırma, məlumatların təhlili və kompüter sistemləri kimi mövzularda kompüter elmləri bilikləri tələb olunur.

 

Sintetik biologiya sahəsindəki insanlar bu fənlər arasında keçid edə və müxtəlif sahələrdə işləyə bilən çoxsahəli komandada təmsil oluna bilərlər.

 

Verilənlər elmi mütəxəssisi riyazi, statistik və proqramlaşdırma bacarıqları əsasında məlumatları araşdıran, proqnozlar verən və qərarlar qəbul edən şəxsdir. Onlar məlumat analitikası, maşın öyrənməsi və süni intellekt texnologiyalarından yararlanmaqla şirkətlərə strateji qərarlar qəbulunda kömək edir.

Data mütəxəssisi böyük məlumat dəstlərində məlumatları toplayır, araşdırır, təhlil və şərh edir. Bu səbəbdən onlar həm də yaxşı ünsiyyət, problem həll etmə və analitik düşünmə xüsusiyyətlərinə sahib olmalıdırlar.

 

Rəqəmsal marketinq - rəqəmsal reklam bu gün dünyada məşhur olsa da, həm də gələcəyin peşələrindən biridir. Sosial medianın inkişafı ilə həm marketinq, həm də reklam rəqəmsal sahəyə yönəlib.

Bəs rəqəmsal marketinq nədir? Rəqəmsal marketoloq bir şirkətin və ya brendin rəqəmsal platformalarda (veb-sayt, sosial media, axtarış motorları, e-poçt marketinqi, reklam və s.) müştərilərə çatmaq üçün istifadə etdiyi texnika və strategiyaları planlaşdıran, icra və idarə edən mütəxəssisdir.

Bu strategiyalara sosial media marketinqi, axtarış motorunun optimallaşdırılması, axtarış motoru reklamı, e-poçt marketinqi, məzmun marketinqi, video marketinq, təsir edən marketinq kimi bir çox fərqli texnika daxil ola bilər. Onlar şirkətin və ya brendin rəqəmsal aktivlərinin idarə olunmasını və bu aktivlərin hədəf auditoriyaya çatmasını təmin edir. Buna görə də, rəqəmsal marketinq mütəxəssisi də analitik düşünmə, yaxşı ünsiyyət qabiliyyətinə və trendləri izləmək bacarığına malik olmalıdır.

 

Beləliklə, aydın olur ki, gələcəkdə uğurlu karyera qurmaq istəyənlər daha çox dəqiq və təbiət elmlərinə diqqət ayırmalqla yanaşı, yumşaq bacarıqlar (soft skills) deyilən bacarıqlarını da inkişaf etdirməli, yaradıcı və gözlənilməzliklərə hazır olmalıdırlar.