Uşaqlar fərqli, müxtəlif və unikaldırlar
ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri,
psixologiya elmləri doktoru, professor Ramiz Əliyev yazır.
Uşağın məktəbə qəbul olunması ilə onun həyatında köklü dəyişiklik başlayır. Bu, kollektiv həyatına daxil olmaq, münasibətlər sisteminə girmək və s.-dən ibarətdir. Ən mühüm dəyişiklik isə oyun fəaliyyətinin təlim fəaliyyəti ilə əvəz olunması ilə bağlıdır.
I sinfə gələn uşaqlar fərqli xarakter və hazırlığa malik olurlar. Bu fərqli xüsusiyyətlərə malik uşaqlardan kollektiv yaradılmalı, uğurlu təlim işi qurulmalıdır.
Bir çox hallarda valideyn və müəllimlər uşağın məktəbə psixoloji hazırlığı ilə texniki hazırlığını qarışdırırlar. Uşağın yazmaq, oxumaq, hesablamaq bacarığına görə onun məktəbə hazır olduğunu zənn edirlər. Bu zaman onun ünsiyyətə girə bilmək bacarığı diqqətdən kənarda qalır. Bəzən belə olur ki, uşaq yazıb-oxumağı bacarır, şifahi nitqi səlisdir, bir sözlə, məktəb təliminə tam hazır kimi görünür. Lakin bu, zahirən belədir. Uşaq bir fəaliyyət növündən – oyundan, digər fəaliyyət növünə - təlim fəaliyyətinə keçidə hazır deyil. O, hər şeyə oyun kimi baxır, diqqətini toplaya, sualları sonadək dinləyə, bir yerdə dayana bilmir və s. Deməli, uşaq hələ təlim fəaliyyətinə psixoloji cəhətdən hazır deyil. Yəni məktəbə psixoloji hazırlıq o zaman baş verir ki, məktəbəqədər yaş dövrü təkcə yaş baxımından deyil, həm də psixoloji cəhətdən başa çatsın.
Ana və atanın, müəllimlərin biliyi, inamı, dünyagörüşü, etiqadı, övladlarından gözləntiləri uşağın psixi inkişafına təsir edir. Valideynin uşağın inkişafı ilə bağlı inamı, arzusu, istəyi valideyn - uşaq münasibətinə təsir göstərir.
Ona görə də, hər bir uşağın, xüsusilə I sinif şagirdinin təlim-tərbiyə işi fiziki və psixi inkişafı nəzərə alınmaqla qurulmalıdır. Uşağın imkanlarından yuxarı və ya aşağı səviyyədə tələblərin verilməsi eyni dərəcədə zərərlidir. Onun məktəb həyatına alışmasında ən başlıca rolu ilk müəllimi oynayır.
İstər psixoloqlar, istərsə də valideyn və pedaqoqlar I sinif şagirdləri barədə daha çox yazır, danışır, onlara daha çox diqqət ayırırlar. II sinif şagirdləri isə sanki unudulur. Bunları nəzərə alaraq, biz II sinif şagirdləri üzərində ayrıca dayanmaq istərdik. İkincilər yeni dərs ilinə artıq “təcrübəli” şagirdlər kimi başlayır. Məktəbə adaptasiya olunmaq, yoldaşları ilə tanışlıq, sinifdəki uşaqlarla və müəllimlə qarşılıqlı münasibətlərin qurulması mərhələsi başa çatır. Artıq məktəb həyatı haqqında, məktəbdə onları nəyin gözlədiyi barədə geniş təsəvvürləri var. Onların özünü qiymətləndirməsi də fərqlidir.
“İkinci”lərin özünü qiymətləndirməsinin aşağı olması özlərinə daha tənqidi yanaşa bilmələri ilə əlaqədardır. Onlar öz təlim fəaliyyətlərini daha obyektiv qiymətləndirə bilirlər. Lakin bu qiymətləndirmə meyarları, təcrübə onlarda hələ məhduddur. Bu isə müəyyən mənada onlarda özünəinamı azaldır. “İkinci”lər üçün qiymət, qiymətləndirilmə vacib şərtlərdəndir. Qiymətləndirmə prosesində fəaliyətin müsbət və mənfi tərəfləri izah olunur, mühakimə yürüdülür, məsləhətlər verilir.
Valideynlərin uşağa münasibəti istər-istəməz onların aldıqları qiymətə uyğun şəkildə formalaşır. Uşaqlar qiymət və münasibət arasındakı bağlılığı asanlıqla müəyyən edirlər. Uşaq valideynin ümidlərini doğrultmadıqda, daha doğrusu, gözlədiyi alınmadıqda daha aqressiv olur. Belə situasiyalarda uşağın özünə inamı itir və təlimə marağı azalır.
İkinci sinifdən üçüncü sinfə keçməklə şagirdin həyatında bir sıra əsaslı dəyişiklik baş verir. Üçüncü sinif kiçik məktəb yaşı dövründə mühüm mərhələ sayılır. Məhz III sinifdən başlayaraq, şagirdlər təlimə şüurlu münasibət bəsləyir, fəallıq göstərir, bütün əlamət və keyfiyyətlərinə görə məktəb həyatına daxil olurlar. Psixoloqlar II sinfin sonu, III sinfin başlanğıcında intellektual inkişafda sıçrayış baş verdiyini bildirirlər. Məhz bu dövrdə verbal təfəkkür, fikri fəaliyyət formalaşır və bu da təlim fəallığının yüksəlməsinə təkan verir. Təfəkkür imkanlarının genişlənməsi digər idrak proseslərinin də (qavrayış, hafizə, diqqət və s.) inkişafını sürətləndirir. Eyni zamanda, bu yaş dövründə şagird öz psixi proseslərini ixtiyari şəkildə idarə etməyi öyrənir.
III sinifdə şagirdlər müstəqil intellektual məşğələ olan oxumağa fərqli münasibət bəsləyirlər. Uşaqların bəziləri həvəslə oxuyur, kitabdan ayrılmır, digərləri isə, əksinə, oxumağa, yazmağa meyil göstərmir, yalnız məcburiyyət qarşısında bu işi yerinə yetirirlər. Aydındır ki, oxu vərdişinin olmaması təlim müvəffəqiyyətinə də mənfi təsir göstərir. Əlbəttə, yalnız məktəbdə, dərs vaxtı belə vərdiş yaratmaq ən azı vaxt məhdudluğundan mümkün deyil. Şagirddə oxu vərdişinin formalaşmasında valideynlər də iştirak etməlidir.
IV sinif kiçik məktəblilərin bu mərhələdə təlim fəaliyyəti ilə məşğul olduqları “uşaqlığın son ilidir”. Dördüncü sinifdə şagirdlərin əksəriyyətində fərdi təlim üsulu formalaşır. Bu, ev tapşırıqlarının yerinə yetirilməsi prosesində özünü daha bariz şəkildə göstərir.
Təlim materiallarının fərqli qavranılması və öyrənilməsi şagirdlərin fərdi- psixoloji xüsusiyyətləri, ayrı-ayrı fənlərə maraqları ilə bağlıdır. Ev tapşırıqlarını yerinə yetirmək, dərsə hazırlaşmaq üslubundan başqa, təlim bacarıqları və vərdişlərində, təlimin keyfiyyətində də bu fərqlər özünü göstərir.
Şagirdin gündəlik həyatı yalnız məktəb divarları arasında, təlim fəaliyyəti ilə məhdudlaşmır. Təhsilalanların məktəbdən kənardakı həyatı onun inkişafı, şəxsiyyət kimi formalaşmasında heç də təlim fəaliyyətindən az rol oynamır. Bəlkə də əksinə, daha əhəmiyyətli təsirə malikdir.
V sinfə qədər müəllim-şagird münasibətlərində çox şey müəllim nüfuzuna əsasən qurulurdusa, şagirdlər onun dediklərini qeyd-şərtsiz qəbul edib, ona əməl edirdilərsə, artıq şagird-şagird münasibəti önə keçir. Bunlar isə asanlıqla baş vermir. Şagirdlərin bu mərhələyə adaptasiya olunması xeyli psixoloji gərginliyə səbəb olur.
Müəllim, sinif rəhbəri, ilk növbədə valideynləri övladlarının məktəbdəki yeni vəziyyəti barədə məlumatlandırmalı, onların psixikası, mövqeyindəki dəyişikliyi, təlim maraqları, özlərinə və ətrafdakılara münasibətin yeni məzmun daşıdığını izah etməlidirlər.
V sinfə daxil olmaqla şagirdin psixikasına düşən yük də artır. Məhz həmin sinifdə şagirdlər dərs ilinin əvvəlində I sinifdə olduğu kimi yeni təlim şəraitinə alışmaqda çətinlik çəkirlər. Təlim şəraitinin dəyişməsi, müxtəlif, keyfiyyətcə daha mürəkkəb tələblərin verilməsi, hətta kiçik məktəbli mövqeyinin yeniyetmə mövqeyi ilə əvəz olunması, eləcə də digər dəyişikliklərin kompleks təsiri məktəbli psixikası üçün ağır bir sınaqdır.
Sosial mövqeyin dəyişməsi və üstəlik şagirdlərin onlara qarşı yeni münasibətlərlə bağlı tələbləri də müəyyən çətinliklər yaradır. Bunlarla yanaşı, V sinif şagirdlərinin adaptasiyasını çətinləşdirən amillərdən biri də fənn müəllimlərinin bir-birindən kəskin fərqlənən tələbləri, fənn dəftərlərinin işlənməsindəki müxtəliflik və s. şagirdlərdə psixi gərginlik yaradır.
Zahirən “xırda” görünən amillər kompleks halda şagird üçün böyük problemlər hesab olunur. Lakin digər tərəfdən, belə rəngarənglik, fərqli yanaşmalar həm də şagirdin mətinləşməsi, həyatın mürəkkəb hadisələrinə hazırlaşması üçün imkan yaradır. Bunları isə müəllim və valideyn izah etdikdə, müxtəlif treninq və işgüzar oyunlarla reallaşdıqda yeniyetmə tərəfindən düzgün başa düşülür və o, gərginliyi nisbətən yüngül formada keçirir.
Bəzən yeniyetmələrin oxşar davranış tərzi fərqli motiv və tələbatdan yarana bilər. Məsələn, V sinfdə oxuyan şagirdin ibtidai sinif müəlliminə baş çəkməsinin motivləri fərqli səbəbdən irəli gəlir: Biri müəllim üçün darıxır, digəri təriflənmək istəyir, başqası isə böyümək tələbatını ödəmək üçün bu addımı atır.
Pedaqoji ədəbiyyatlardan da məlum olduğu kimi, tərbiyə işi mürəkkəb və çoxşaxəlidir. Onunla çoxsaylı insanlar: nənə, baba, ata, ana, bacı, qardaş, digər yaşlı adamlar, tərbiyəçilər, müəllimlər, hətta hüquq-mühafizə orqanlarının işçiləri məşğul olur. Əksəriyyəti də qeyri-peşəkar. Uşaq isə birdir. Onun tərbiyəsi ilə məşğul olan hər kəsin öz yanaşması, tələbləri, bəyənib-bəyənmədikləri var. Hamı bu zəif, zərif varlıqdan öz bildiyini, bəyəndiyini, inandığını tələb edir. Bu da təbiidir. Çünki cəmiyyət hələlik bundan münasibini tapa bilməyib.
Uşaqlar isə fərqli, müxtəlif və unikaldırlar. Hər kəsin öz alǝmi, öz dünyası var. Uşaq aləminə yol sevgi, məhəbbət, hörmət və qayğıdan keçir. Onları cəmiyyət üçün yararlı vətəndaş kimi böyütmək istəyiriksə, sevgi və qayğımızı əsirgəməməliyik.