Sosial media ilə sosial məsafəni qoru


SOS media




Uşaqların sosial mediadan istifadəsinə münasibətdə iki böyük qrup yaranıb. Birincilər, uşaqların bu aləmdən uzaq durmasının tərəfdarları, ikincilər isə onun faydalılığına inananlardır.

“Sosial media və uşaqlar” mövzusunda yüzlərlə məqalə yazılsa da, bu məqalələr problemin böyüklüyünü və ciddiyyətini bütün təfərrüatı ilə açıqlaya bilmir.

Rəqəmsal dünya dayanmadan dəyişir  və inkişaf edir, odur ki,  onun gətirdiyi faydalarla yanaşı problemləri də tam miqyasında əhatə etmək olmur.

Hər gün dünyanın ayrı-ayrı nöqtələrində sosial mediada uşaqlara qarşı törədilən ayrı-seçkilik, təqib, təcavüz faktları ilə bağlı xəbərlər yayılır.

Bu yaxınlarda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yeniyetmə bir qızla bağlı yaydığı video cəmiyyətdə böyük ajiotaj yaratmışdı. Qonşu dövlətin təhlükəsizlik xidmətinin təsiri altına düşmüş məktəblinin virtual əlaqələri onu real terrorçuya çevirə bilərdi. Bu dəfə xüsusi xidmət orqanları düşmənin tələsinə düşmüş qızcığazı vaxtında xilas edə bildi. Növbəti dəfə belə bir halın vaxtında aşkarlanmamasının və ya obyektin daha yaxşı konspirasiyasının yaradacağı faciəni düşünməyin özü böyük qorxu yaradır.

Sosial medianın son 10 ildəki inkişafı virtual aləmdə insanları bir-birinə  yaxınlaşdırdığı qədər, real həyatda da  uzaqlaşdırmağa nail olub. Bu məsafə bəzən o qədər böyükdür ki, valideyn bir evin içərisində, qonşu otaqda kompüter arxasındakı  övladının başqa bir dünyada böyüdüyündən xəbərsizdir.

Z nəsli adlandırılan 2000-dən sonrakı illərin uşaqlarının ailə və məktəbdaxili münasibətləri, üzləşdikləri problemlər, internet  və sosial medianın bu problemlərin yaranmasında rolu ilə bağlı dünyada bir çox qurumlar araşdırmalar aparır.

PİSA (Programme  for İnternational Student Assessments -Şagird Nailiiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) hələ bir neçə il öncəki hesabatında göstərirdi ki, 15 yaşadək şagirdlərin 84 faizinin sosial media hesabı var və onlar bunu özləri üçün çox faydalı sayırlar. Ancaq gün ərzində altı saatdan çox sosial mediaya vaxt ayıran bir uşağın həyatdan məmnunluğu, özgüvəni aşağı düşür, aqressiya və bullinqin hədəfinə çevrilmə təhlükəsi artır. Bu rejimin onların fiziki və psixi sağlamlığına necə təsir edəcəyini düşünməyə dəyər.

Uşaqların sosial mediadan istifadəsinə münasibətdə iki böyük qrup yaranıb. Birincilər, uşaqların bu aləmdən uzaq durmasının tərəfdarları, ikincilər isə onun faydalılığına inananlardır. İkincilərin fikrincə, sosial media uşağın inkişafına, dünya görüşünün formalaşmasına, sosiallaşmasına təkan verir. Məşhur MacArtur Fondunun tədqiqatçılarının qənaətinə görə, rəqəmsal texnologiyalar dövründə  sosial media uşaqların kommunikativ əlaqələrinin yaranmasında, texniki bacarıqlarının inkişafında əvəzsiz rol oynayır. Onların fikrincə, uşağın Tik-Tok üçün hazırladığı videoroliklər onun həm texniki, həm də yaradıcılıq qabiliyyətini inkişaf etdirir.

 

Bütün bunları nəzərə alan ekspertlər uşaqları sosial mediada vaxt keçirən valideynlər üçün tövsiyələr hazırlayıblar. Onların fikrincə, ilk növbədə uşağınızı sosial mediada üzləşə biləcəyi risklər haqqında məlumatlandırmalısınız. -       Övladınıza kiçik yaşlarından  qohumlar və dostlar ilə daha çox vaxt keçirməyi öyrətmək lazımdır. Bu halda o, canlı ünsiyyətin, real dostluğun yaratdığı hisslərlə virtualdakı əlaqələr arasındakı fərqi özü anlayacaq.  -       Onun hobbi və maraqlarına diqqət yetirin və sevdiyi fəaliyyətə məşğul olması üçün şərait yaradın. Öz hobbiləri ilə məşğul olan uşaq sosial şəbəkələrə daha az vaxt ayıracaq.  -       Uşağa onu da izah etmək lazımdır ki, sosial şəbəkələrdə keçirdiyi vaxtdan internetdəki lazımsız məlumatlara baxmaq üçün deyil,  təhsil almaq, özünü inkişaf etdirmək üçün istifadə etmək daha faydalıdır. -       Övladınızın sosial şəbəkələrdəki aktivliyinə nəzarət etməyə çalışın – bu, yeniyetmənin şübhəli qruplara qoşulmasının qarşısını alacaq. Yadınızdadırsa, bir neçə il əvvəl sosial şəbəkələrdə uşaqları intihara sövq edən ölüm qrupları və oyunlar çox məşhur idi. Əgər uşaq  sosial mediada paylaşılan fotolara əsasən başqalarından daha pis yaşadığını düşünür, həyatından  şikayətlənirsə, ona sosial şəbəkələrdəki bütün şəkillərin əslində real həyatı tam əks etdirmədiyini və çox vaxt ciddi redaktə edildiyini izah edin. Psixoloqlar deyirlər ki, yaxşı valideynlər həmişə övladlarının həyatında iştirak etməli, onlar üçün ciddi tərbiyəçi deyil, ən yaxın dost olmalıdırlar. Valideynlə övlad arasında etibarlı və mehriban münasibət olduqda, uşağı virtual reallıqdan real həyata sövq etmək, ona bir real dostun sosial şəbəkələrdəki minlərlə virtual izləyicidən  daha yaxşı olduğunu izah etmək asandır. Bu yazıda sosial medianın uşaqlara təsiri ilə  bağlı ümumi mənzərəni təsvir etməyə çalışdıq. Növbəti yazılarda sosial mediadakı fəaliyyəti üzündən uşaqların, valideynlərin və cəmiyyətin üzləşdiyi ayrı-ayrı problemlərə yer ayıracağıq. Zemfira Məmmədqızı