OYUN UŞAĞIN ƏSAS HÜQUQUDUR




“Oyun uşağın inkişafı üçün əsas element və təbii proses sayılır”.

 

Uşaqların zehni və əqli inkişafında oyunların rolu ilə bağlı UNICEF-in apardığı araşdırmalarda belə qeyd olunur.Həmin araşdırmalarda oyunlar "uşaqların idraki, fiziki, sosial və emosional inkişafı, eləcə də təxəyyül və yaradıcılığı üçün çox vacib vasitə” kimi göstərilir.

Uşağın inkişafında oyunun rolu o qədər vacibdir ki, BMT bunu hər bir uşağın əsas hüququ elan edərək,  “Uşaq hüquqları haqqında” Konvensiyanın 31-ci maddəsində də vurğulayıb.

Psixiatr Stüart Braun müəllifi olduğu “Oyun” kitabında yazır ki,  “Oyunda iştirak könüllüdür, zövqvericidir və  uşaqları zamandan uzaqlaşdırır”.  Odur ki, uşaqlar boş vaxtlarını və günün çox hissəsini oynamaqla keçirməyə meyillidirlər. Çünki onların buna ehtiyacı var.  Oynamaq onlar üçün həm də öyrənmək deməkdir.

Öyrədici oyunların uşaqların inkişafında da  rolu böyükdür:

  • Oyunlar öyrənmə prosesini əyləncəli edir. Uşaqlara öyrənməyi sevdirən oyunlar əyləncəli olduqları üçün uşaqların təhsilə həvəsini artırır, bu prosesin iştirakçıısı olmaq onlara zövq verir. Oyunlar həm də öyrənilən məlumatların daha qalıcı olmasını təmin edir.
  • Oyunlar uşaqların fərdi inkişafına təsir edir və öz fərdi xüsusiyyətlərini formalaşdırmağa yardım edir.

 

  • Öyrədici oyunlar uşaqların zehni inkişafına və düşünmə qabiliyyətinə müsbət təsir göstərir. Eyni zamanda onların həm fiziki, həm də kognitiv və psixoloji inkişafına təsir edir. Oyunlar uşaqların üzləşdikləri problemlərin həllini tapmasına kömək etməklə yanaşı, motor bacarıqlarını da inkişaf etdirir. Beləliklə, onlar müxtəlif situasiyalarda həm əqli, həm də fiziki cəhətdən daha çevik davranmaq vərdişləri qazanırlar.
  • Oyunlar sosial bacarıqların inkişafında əvəzsizdir. Uşaqlar oyun oynayaraq sosiallaşırlar və dostluq bağları qurmağı öyrənirlər. Komanda oyunları uşaqlara yaşıdları ilə ünsiyyət qurmağa və fikir mübadiləsi aparmağa imkan verir. Oyunlar uşaqlara intizam, qayda-qanunlara riayət və başqaları ilə birgə işləməyin vacibliyini öyrədir. Məsuliyyət hissi və vəzifələrin bölüşdürülməsi vərdişləri də bu zaman qazanılır.

 

  • Oyun zamanı müvəffəqiyyət əldə etmək və ya məqsədə çatmaq uşaqların özlərinə inamlarını artırır. Əks halda isə təcrübələr qazanmış olurlar.
  • Oyunlar yaradıcılığı inkişaf etdirir, uşaqların təxəyyülünü gücləndirir. Çünki oyun zamanı çərçivəsiz fantaziyalar qura bilirlər. Onlar həm də öz mövqelərini irəli sürmək, liderlik bacarıqları əldə edirlər.
  • Oyunlar uşaqların məktəbdə də uğur qazanmasına zəmin hazırlayır. Mütəxəssislər qeyd edirlər ki, müxtəlif oyunlar zamanı fəal olan uşaqlar, bir qayda olaraq dərslərdə və ictimai işlərdə də öndə olurlar.
  • Oyunlar uşaqların yeni məlumatları asanlıqla qəbul etməsinə imkan verir və xüsusilə 3-6 yaş qrupundakı uşaqların ictimai yerlərdə qarşılaşa biləcəkləri bəzi vəziyyətləri anlamasına kömək edir. Onlar oyunlar vasitəsilə müəyyən davranış qaydalarına da yiyələnə bilirlər.

Öyrədici oyunların məqsədi uşaqların yeni bacarıqlar qazanması və inkişafı prosesini əyləncəli və cəlbedici etməkdir. Yaş qrupundan asılı olmayaraq, uşaqlar həmişə oyunlardan nəsə öyrənirlər.

Öyrədici oyunların növləri:

 

       1. Riyazi oyunlar - uşaqların sayma, toplama, çıxma, vurma və bölmə kimi riyazi bacarıqlarının inkişafına kömək edir. Bu oyunlar obyektlərin sayılması və oyuncaqların çeşidlənməsi şəklində ola bilər. Həm rəqəmsal, həm də fiziki olaraq oynamaq mümkündür.

  1. Dil və savad oyunları: uşaqlarda oxuma, yazma və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bunlar orfoqrafiya oyunları, krossvord və dil öyrənmə proqramları kimi oyunlardır. Bu növdə də həm rəqəmsal, həm də fiziki olaraq oynamaq üçün çox sayda oyunlar var.
  2. Elm və texnologiya ilə bağlı oyunlar uşaqların fizika, kimya, biologiya və texnologiya, STEAM mövzularında özlərini inkişaf etdirməsinə təkan verir.
  3. Yaradıcı oyunlar təxəyyülü gücləndirməklə yanaşı, azyaşlıların problem həlletmə bacarıqlarını da təkmilləşdirir. Rəsm, rəngləmə, plastilin və qumdan fiqur düzəltmə kimi oyunlar yaradıcı oyunlar sayılır.
  4. Sosial və emosional öyrənmə (SEL) oyunları uşaqların emosional intellektini inkişaf etdirir. Bu oyunlar sayəsində uşaqlar sosial bacarıqlarını inkişaf etdirir, duyğularını ifadə etməyi öyrənir, daha asan ünsiyyət qura bilirlər.

Beləliklə, ilk baxışdan sadəcə əyləncə vasitəsi kimi görünən oyunlar uşaqların əqli və fiziki inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, onlara həm də müasir dövrün tələbləri olan səriştələri qazandırır, onları həyata hazırlayır.