Fənlərin məzmununda yüngülləşmələr aparılır




Mövcud fənlərin məzmun dəyişikliyi, onların yenidən işlənməsi təhsil sistemində aparılan islahatların önəmli tərkib hissəsidir. Təhsil İnstitutunun  Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovla müsahibəmizin mövzusu fənlər, onların məzmun dəyişiklikləri, dərs proqramları və yeni standartlarla  bağlıdır.

  • Mənsur müəllim, Azərbaycan məktəblisinin öyrəndiyi riyaziyyatla, inkişaf etmiş ölkələrdə tədris olunan riyaziyyatın məzmununda nə qədər fərq var?
  • Söhbət konkret riyaziyyatdan gedirsə, buna bir neçə istiqamətdən baxmaq lazımdır. 2020-ci ildə riyaziyyat kurikulumunu təkmilləşdirməyə Sinqapurun Marşal Kavendiş İnstitutunun əməkdaşlığı ilə başladıq. Kurikulumun təkmilləşdirilməsi mexanizmində birinci addım cari kurikulumun təhlilidir. Təhlillər bizim məzmunla bağlı ciddi problemlərimizin olmadığını göstərdi. Yəni 1-11-ci siniflərə riyaziyyat üzrə tədris olunan mövzularda nə kənara çıxmalar, nə də geri qalmalar var. Siniflər üzrə bəzi xırda dəyişikliklərə ehtiyac var. Məsələn, bizim 7-ci sinifdə tədris etdiyimizi onlar 6-cı sinifdə və ya əksinə bizim aşağı siniflərdə keçdiyimiz mövzuları onlar yuxarı sinifdə keçirlər. Yəni mövzuların əhatə olunması baxımından məzmun təxminən 90 faiz üst-üstə düşür. Bir məsələ var ki, biz daha dərinə varmaqla uşaqlara çətinlik yaratmışıq. Bu da sovet təhsil sistemindən gələn tendensiyadır. Həmin sistemdə texniki və təbiət elmlərini əhatə edən fənlərə daha çox üstünlük  verilir, onlar daha dərin tədris olunurdu. Bu da şagirdlərin yükünü artırırdı. Yenidən işləyəndə məzmundakı bəzi mövzuları ixtisar etdik, bəzilərini müəyyən qədər yüngülləşdirdik.

Məzmunla ciddi problemimiz olmadığından biz yanaşmaları dəyişməli olduq.

Yeni yanaşmalarla hazırlanan dərsliklər artıq 1-3-cü siniflərdə kütləvi istifadə, 4-5-ci siniflərdə isə pilot olaraq tətbiq olunur.

  • Bu yeniliklərin çatdırılması prosesi necə gedir? Müəllimlərin yeniliklərə münasibəti necə oldu?
  • Etiraf edim ki, bir qrup müəllimin müqaviməti ilə üzləşdik. Onların indiyə qədər öyrəndiyi yanaşmalar,  məsələlər, suallar dəyişdiyindən belə müqavimət anlaşılandır. Başqa tərəfdən də bu yenilikləri öyrənməyə vaxt ayırmaq lazımdır. Təəssüf ki, bütün müəllimlər bunu edə bilmirlər.

Sertifikasiya prosesi müəllimləri bir qədər canlandırdı. Onlar öz fənlərinə daha çox diqqət ayırmağa məcbur oldular. Müəllim sinifdə özünün bilmədiyi məsələdən yan keçə, öz zəif tərəflərini gizləyə bilər. Amma sertifikasiyada sualların hansı mövzuları əhatə edəcəyi bilinmədiyindən öz üzərlərində yenidən işləməyə, ixtisasa aid bilikləri yenidən gözdən keçirməyə başladılar. İmtahanlar  pedaqogikanı da əhatə etdiyindən burada artıq peşəkarlıq  da diqqət mərkəzindədir. Hesab edirəm ki,  MİQ imtahanı müəllim peşəkarlığının artırılması baxımından böyük uğurdur. Müşahidələrimiz göstərdi ki, MİQ imtahanına daxil olan müəllimlər sertifikasiyada yüksək nəticələr göstərirlər. Bu da bir uğurdur və sistemə təsadüfi müəllimlərin daxil olmadığını göstərir.

  • Bəs sertifikasiya nəticələri aşağı olanların müəllim kimi karyeraları necə olacaq?
  • Onlara yenidən hazırlaşmaq üçün bir il vaxt verilir. Əminəm ki, bu müddətdə onlar öz əskiklərini tamamlayıb işlərinə davam edəcəklər.
  • Ölkənin təhsil sistemində 2008-2009-cu təhsil ilindən başlayaraq kurikulum tətbiq olunur. 2021-ci ildən tətbiq olunan yeni kurikulumla köhnənin arasında nə qədər böyük fərq var?
  • Açığı, məzmun olaraq elə də böyük fərq yoxdur. Söhbət standartlaşdırmadan, onun bir az daha konkretləşdirilib qiymətləndirilə biləcək hala gətirilməsindən  gedə bilər. O vaxt yazılan kurikulumda proses sovet dövründən qalan məzmun əsasında standartlaşdırıldı. Ölkədə “curriculum developer” – kurikulum inkişaf etdiricilər olmadığından xarici partnyorların iştirakı ilə hər şey sıfırdan öyrənildi, təlimlər keçirildi. Hər dəfə görüşəndə o insanlara təşəkkür edirəm. Onlar çox böyük bir iş görüblər. Biz sadəcə onların gördükləri işin  üzərində təkmilləşdirmə aparırıq. Bu proqramı sıfırdan yazmağın nə qədər çətin olduğunu təsəvvür edirik.  Bayaq dediyimiz  sovet təhsil sistemindən gələn ağırlıq texniki fənlərin tədrisində də özünü göstərir. Standartların yazılışında xırda texniki qüsurların və həmin əlavə yükün aradan qaldırılması qərara alındı.

Kurikulum təkmilləşmələrində bir neçə məqama xüsusi diqqət yetirildi. Beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən təhsildə qabaqcıl ölkələrin məzmununu, PISA və TIMSS-in çərçivə sənədlərini araşdırdıq. Məzmunu formalaşdırarkən ortaya konkret modellər də qoyduq.  Kurikulumun belə bir yükü yoxdur ki, müəllimlərə müəllimlik öyrətsin.  Müəllimlik universitetdə öyrədilir. Bizim institutun  xüsusi təlimləri vasitəsilə də peşəkarlığı inkişaf etdirmək olar. Beləliklə deyə bilərəm ki, məzmunu yüngülləşdirməyə və pedaqoji yanaşmalarda daha konkretliyə getməyə çalışırıq. 

 

Əslində riyazi təfəkkürün formalaşması deyə bir məsələ var. Hər bir fərd riyaziyyatı - məntiqi ardıcıllığı,  əsaslandırmanı formalaşdırmalı, səbəb-nəticə əlaqəsini, alqoritmi qurmağı bacarmalıdır. Düzgün riyazi təhsil problem həlli, riyazi təfəkkürün formalaşması, riyazi əlaqələndirilmə aparılması, terminalogiyanın düzgün istifadəsini əhatə edir. Başqa ixtisas sahəsində olan uşaqlara  bunu izah edə bilsək, çox böyük iş görmüş olacağıq.

 

  • Fənlərarası inteqrasiya son illərin ən çox danışılan mövzularındandır. Riyaziyyatla təbiət fənlərinin inteqrasiyası necə gedir?

 

  • Əslində təbiət fənlərinin öz aralarında inteqrasiyanı təqdim etmək elə də asan  məsələ deyil. Biz Nazirlər Kabinetinin qərarı ilə 5-6-cı siniflərdə sistemə “Təbiət” adlı fənn daxil etdik.  Orada 4 fənnin təbii inteqrasiyasından söhbət gedir. Bu təbiət fənninin bizim sovet vaxtı keçdiyimiz təbiət fənni ilə yaxınlığı olsa da,  əslində fərqlidir. Yəni bura daha çox “science” adlandırlan təbiət fənlərindən - fizika, kimya, biologiya və coğrafiyanın yer quruluşu ilə bağlı hissəsi daxildir. Əslində təbiətin özündə ciddi inteqrasiya var -  suyun dövranından danışanda buna təkcə kimya, coğrafiya və ya fizika gözü  ilə baxmırıq. Biz  bu əlaqəni “Təbiət” fənnində təmin etməyə çalışdıq. İndi  şagird və müəllimlərin reaksiyasını gözləyirik. Bu fənnin məzmununu da 7-11-ci siniflər üçün təbiət fizika, kimya, biologiya fənlərinin məzmununu təkmilləşdirən işçi qrupun üzvləri hazırlayıb. Onlar çalışırlar ki, bu 4 fənn arasında inteqrasiyanı təmin edə  bilsinlər.

 

  • Bəs riyaziyyat bu fənlərə harada qoşulur?

 

  • Fizika, kimya, hətta biologiyada belə biostatistika deyə bir anlayış var. Orada riyaziyyat onlarla paralel işləyir. Cari kurikulumda belə inteqrasiya standartları mövcuddur. Amma təəssüf ki, burada inteqrasiyalar  sünidir. Yəni müəllimlər onu araşdırıb tətbiq etməyiblər. İnteqrasiyanı təmin edəcək qüvvə müəllimdir. Müəllim o əlaqəni qura bilməlidir. Təkmilləşmələrdə yəqin ki, inteqrasiya cədvəli olmayacaq. İşləməyən bir şeyin orada  görüntü yaratmasının mənası yoxdur. 

 

 

  • Bir halda ki, söhbət müəllimin üzərinə gəldi, müəllimlər pedaqoji kadr kimi nə qədər yaxşı yetişdirilib?

 

  • Söhbət standartlardan gedirsə müəllimlərin peşə standartlarını hazırlayırıq. “Müəllimlik müqəddəs peşədir, müəllim qayğıkeş olmalıdır” kimi pafoslu cümlələr artıq bəs etmir. Pedaqoji universitetlərin 4-cü kurs tələbələri ilə görüşümüzdə onlara dedim ki, mən sizə belə cümlələrlə müraciət etməyəcəm. Dövlət sizi müəllim kimi sistemə daxil edib və gözləntiləri var. 

 

  • Sizə elə gəlmir ki, bu gözləntilər özü çox qarışıqdır. Hamının bir-birindən gözləntisi var. Valideyn müəllimdən, müəllim dövlətdən, dövlət müəllimdən nəsə gözləyir...

 

  • Biz də dediyiniz qeyri-müəyyənlik və anlaşılmazlıqların aradan qaldırılması üçün müəllimin qarşısına Peşə Standartlarını qoyuruq. Peşə Standartlarının hazırlığının son mərhələsindəyik. Bu, dünyada tətbiq olunan standartlar əsasında hazırlanıb. Buradan çıxan nəticə budur ki, “əgər sən müəllimsənsə, bu standartları yerinə yetirməlisən”.

 

 

  • Buna Müəllimlərin Etik Kodeksi demək olarmı?

 

  • Bu sənəddə müəllimin etik davranışlarını tənzimləyən, tərbiyə və təlimə aid hissələr var. Bu, rəsmi sözləşmədir. Burada iki məqama xüsusi diqqət yetirilir - müəllimin peşəkarlığı və davranışları. Yəqin ki, yaxın zamanlarda sənəd ictimaiyyətə təqdim olunacaq.

 

 

  • Müəllim-şagird münasibətləri ilə bağlı ara-sıra sosial mediadakı paylaşımları yəqin ki, siz də görürsünüz. Həmin görüntülərə əsasən belə deyə bilərikmi, pedaqogikanın  tədrisində çatışmazlıqlar var?
  • Son zamanlar şagirdlərin davranışları, nizam-intizam qaydaları müxtəlif platformalarda müzakirə olunur. Mən fikirləşirəm ki, həm müəllimin, həm də şagirdin yanlışlıqları cəzalandırılmalı, uğurları isə mükafatlandırlmalıdır. Bayaq danışdığımız peşə standartları və məktəbin daxili nizam-intizam qaydaları tətbiq olunmalıdır. Bu işin inzibati tərəfidir.  Fikrimcə, oğlanlar üçün ən yaxın rol model ailədə ata, məktəbdə isə müəllim olur. Təəssüf ki,  məktəblərdə kişi müəllimlərin sayının azalması müəyyən problemlər yaradır. Oğlanlar qadın müəllimin iradlarını ciddi qəbul etmirlər.  Bir də şagirdin yetişdiyi ailə faktoru var. Ailələrin məsuliyyəti paylaşmaması ayrıca mövzudur.

Məsələnin başqa tərəfi də odur ki, pedaqoji kadrların hazırlanmasında bəzən lazımsız deyə biləcəyimiz fənlər var. Amma pedaqogika ilə bağlı olan ölçmə, dəyərləndirmə, təlim psixologiyası ilə əlaqəli fənlərin sayı heyif ki, azdır. Mənim də pedaqogika və təlim psixologiyası ilə bağlı fənlərin sayının artırılması ilə bağlı təklifim var.  Ölkədə təlim psixologiyası ilə məşğul olacaq kadrlar yox dərəcəsindədir. Təsəvvür edin ki, bu fənni sillabusa daxil etmək istəsək onu tədris edəcək müəllimlər yoxdur. Bu sahə Türkiyədə çox geniş yayılıb və orada təlim psixologiyası üzrə ciddi mütəxəssislər var. Onlarla əməkdaşlıq etmək olar. Pedaqogikanın tədrisində müəyyən boşluqlar olduğunu mən də təsdiqləyirəm.

 

  • Xaricdə təhsil almağı hədəfləyən gənclər ayrıca kalkulus dərsləri alırlar. Bunu bizim tədris proqramlarındakı boşluqla əlaqələndirmək olarmı?

 

  • Sovet vaxtı riyaziyyatda cəbr və analizin başlanğıcı tədris olunurdu. Bunu kalkulusun ilkin elementləri saymaq olardı. Bakı və Sumqayıtdakı universitetlərin riyaziyyat tədrisi kafedarlarının müdir və müəllimləri ilə görüş keçirdik. Müzakirə üçün suallarımız açıq idi: “10-11-ci sinif proqramını elə hazırlayaq ki, ali məktəbin ilk kursunda gənclər çətinə düşməsin. Biz indiki proqramda limit, törəmə, inteqral keçirik. Bu tələbələrin universitetdə çox çətinlik çəkməməsi üçündür. Başqa tərəfdən axı hamı universitetə getmir.  Və gedənlərin də çox kiçik qismi texniki sahələrə gedir. Bütün  şagirdlərin 8-10 faizinə lazım olacaq materialı yerdə qalan 90 faziə yükləmək lazımdırmı? Biz bunu araşdırırıq.   

 

 

  • Baytarlıqda oxuyan gəncin “məktəbdə öyrəndiyim triqonometriyanı harada tətbiq edəcəm” deyə bir zarafatyana sualı da vardı sosial mediada.
  • Belə düşünən gənclərə şad xəbər verim. “Triqonometrik bərabərsizliklər” adlı mövzunu proqramdan çıxardıq. Müəyyən yüngülləşmələr aparılır. Bizim yanaşmamız budur ki, şagird 9-cu sinfədək həyatda lazım olacaq fundamental bilikləri alsın. 9-dan sonra artıq təmayül sinifləri, peşə təhsili gəlir. Ölkədə 1-ci sinfə təqribən 160 min şagird başlayırsa, 11-ci sinifdə 120 min şagird məzun olur. Təqribən 40 minə yaxın gənc 9-cu sinifdən sonra ümumi təhsildən  ayrılır. Təmayülləşməni bir az da gücləndirə bilsək, əslində, hər kəs özünə lazım olacaq  bilikləri alacaq.

 

  • Maliyyə savadlılığı mövzusuna məktəb proqramında yer ayrılırmı və ya ayrılacaqmı?

 

 

  • Müşahidələrimiz onu göstərir ki, biz bu sahədə də başqa ölkələrdən geri qalmırıq. Aşağı siniflər üçün ailə büdcəsi, gəlir, qazanc, xərclər, yuxarı siniflər üçün isə bank işi, kredit, faizlər mövzusu işlənir. Statistikada maliyyə savadlılığına toxunmağa çalışırıq. Tam istədiyimiz səviyyədə olmasa da, artıq 5-ci sinifdə riyaziyyatın məzmununda bunları diqqətə alacağıq. Fikrimcə, bununla bağlı Mərkəzi Bankla da müəyyən məsləhətləşmələr aparılmalıdır. Problem odur ki, vətəndaşlar bankların “asan kredit şərtləri” adlı toruna düşüb ömrünü uzun illər kredit ödəməklə keçirir. Bu maliyyə savadısızlığının gətirdiyi ən böyük problemdir. Çalışırıq ki, uşaqlarda maliyyə savadlılığını artıraq. Onlara ən sadə yollarla “sənin bu gün borc aldığın 10 manat 2 il sonra 10 manat deyil” aksiomunu çatdıra, borcların nə  qədər həndəsi silsilə ilə artdığını başa sala bilsək, böyük iş görmüş olacayıq.

  

  • Biz toplum olaraq adətən özümüzdən çox cəmiyyət və ətrafdakılar üçün yaşamağı seçirik. Verdiyimiz qərarlar, aldığımız əşyalar, həyat tərzimiz buna hesablanıb. Bu qəlibləri dəyişməyin ən böyük ağırlığı, məncə, təhsilin üzərindədir.

 

  • Bizim insanların daha çox göstərməçilik üçün yaşadıqları aydın görünən sosial problemdir. Məsələn, mobil telefona belə ünsiyyət vasitəsi kimi deyil, daha çox diqqət çəkmək vasitəsi kimi yanaşılır. Burada təhsilin tərbiyə qanadı dövriyyəyə girməli və öz sözünü deməlidir. İnkişaf etmiş cəmiyyətlərdə bu məsələ çoxdan həll olunub. 

 

  • Bəs ekoloji savadlılıqla bağlı dərsliklərin məzmunuda hansısa dəyişiklik varmı? Tutaq ki, kiçik yaşlarından uşağa istixanada yetişdirilən meyvə-tərəvəzin təkcə insan orqanizminə deyil, eyni zamanda ekologiyaya hansı zərər verdiyi çatdırılırmı?

 

  • Əslində cari kurikulumda bu barədə müəyyən qədər məlumat var. Amma yeni təkmilləşdirmələrdə daha çox yer ayrılır. Orada fərqli yanaşmalar var. Məsələn, sel həmişə ekoloji fəlakət kimi qələmə verilir. Amma sel həm də münbitliyin artırılması deməkdir. Sel özü ilə çöküntü gətirir. O, Aran torpaqlarının münbitliyini artırır. Və s.

 

Ekoloji məzmunla bağlı tələblər həm də bizim üzvü olduğumuz beynəlxalq təşkilatlar qarşısında öhdəliyimizdir. Hesab edirəm ki, yeni məzmunlu dərsliklər uşaqlara həm də vətəndaş məsuliyyətini aşılaya biləcək.

 

Zemfira Məmmədqızı