Qarabağda dağıdılan muzeylərin dirçəldilməsi mühüm vəzifədir
ADMİU-nun “Muzeyşünaslıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas-alim Elfira Məlikova-Qurbanova ilə müsahibə
Mütəxəssislərin fikrincə, müasir muzey mədəniyyətin rəmzi hesab edilir ki, burada müxtəlif fikirlər, baxış bucaqları, mövqelər cəmlənərək muzeyin həm xarici görünüşünü, həm də onun dərin sosial-mədəni mənasını müəyyənləşdirir. Muzeyin çoxşaxəli tərəfləri var: o, həm yaradıcı “laboratoriya”, “xəzinə” kimi, həm keçmişin mədəni və qeyri-mədəni şahidlərinin qorunması, öyrənilməsi və nümayiş etdirilməsi məkanı kimi, həm zaman və mədəniyyətlərin dialoqunu təmin edən canlı orqanizm kimi çıxış edir. Muzeyləri həmçinin elmi-tədqiqat və maarifçilik fəaliyyətilə məşğul olan saxlanc yerləri, “mədəniyyətin teatrı” və “dəyərlər xəzinəsi”, “mənəvi təhlükəsizliyi”, müxtəlif ideyaların reallaşdırılması və “insan-əbədiyyət” mütənasibliyini qoruyan məkanlar adlandırırlar.
Ölkəmizdə 230-dan artıq müxtəlif profilli muzey yaradılıb. Muzeylərin əksəriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, bir qismi isə digər nazirliklər, AMEA, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir.
Tarixi-mədəni hadisə kimi muzey XIX əsrin sonlarında yeni yaranan Muzeyşünaslıq fənninin tədqiqat predmetinə çevrilib. Həmin dövrdən bu günədək muzey sənətşünas və tarixçilər, sosioloq və psixoloqlar, müəllim və digər sahələr üzrə çalışan mütəxəssislər tərəfindən öyrənilib və öyrənilir. Alimlərin tədqiqat istiqamətlərini dünya muzeylərinin yaranma və inkişafı, ekspozisiyaların strukturu və quruluşu, fondların formalaşması, eksponatların saxlanılması, ekskursiya və sərgi fəaliyyəti, mədəni irs nümunələrinin restavrasiya və konservasiyası, muzey binaları xüsusi ictimai tikili növü kimi, muzeylərin digər mədəni institutlarla əməkdaşlığı və s. məsələlər təşkil edir.
Azərbaycanda muzeyşünaslıq bir elm kimi yalnız XX əsrin 90-cı illərində formalaşmağa başlayıb. 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muzeyşünaslıq” kafedrası yaradılıb, 2005-ci ildə isə turizmin müxtəlif sahələri, o cümlədən muzeylərin idarəedilməsi üzrə mütəxəssislər hazırlayan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təsis olunub.
Müzeyşünasların hazırlanması, mövcud olan boşluqlar, perspektivlər və gələcək planlar haqqında ADMİU-nun “Muzeyşünaslıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas-alim Elfira Məlikova-Qurbanova ilə söhbət etdik.
- Elfira xanım, siz respublikada “Muzeyşünaslıq” sahəsi üzrə elmi dərəcə alan ilk mütəxəssissiniz. Mümkünsə, bu elm sahəsi haqqında məlumat verərdiniz.
- Muzeyşünaslıq bir elm kimi XX əsrin 20-30-cu illərində geniş inkişaf etməyə başlayıb. Müzeyşünaslıq sosial informasiyanın saxlanılması proseslərini, biliklər və emosiyaların muzey əşyaları vasitəsilə öyrənilməsi və ötürülməsini, muzey işini, muzeylərin sosial funksiyaları və bu funksiyaların müxtəlif ictimai-iqtisadi şəraitdə reallaşması formalarını və eləcə də muzeyləri ictimai institut kimi öyrənən ictimai elmdir.
Xüsusi bir fənn kimi muzeyşünaslıq muzey işinin nəzəri və elmi-metodoloji əsaslarını yaradır, onun tarixi təcrübəsini ümumiləşdirir. Muzeyşünaslıq muzey və muzey işini ictimai hadisə kimi öyrənir.
- Gələcək muzey işçilərinin hazırlığı necə təşkil olunub?
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” kafedrasında “Muzey, arxiv işi və abidələrin mühafizəsi” ixtisası üzrə tədris olunan fənlər dünya muzeylərinin tarixi, muzeyşünaslığın tarixi və nəzəriyyəsi və ümumi muzey işi sahələrini əhatə edir. Bu fənlər “Muzeyşünaslıq” üzrə tədris proqramının elmi-nəzəri və praktiki baxımdan təşkilinə yönəlib.
Nəzəriyyəçi muzeyşünasların hazırlığı üçün muzeylərin tədris prosesi və muzeyşünaslar üçün tərtib edilən tədris planı haqqında məlumatlandırılması, universitetlə muzeylərin birgə tədbirlər planlarının hazırlanması, muzeyşünaslar üçün lazımi şəraitin yaradılması və onların muzey işi ilə tanışlığı üçün müxtəlif muzeylərdə vaxtaşırı tədbirlərin keçirilməsi qarşımızda duran vəzifələrdəndir.
Tədris prosesinə gəldikdə isə qeyd edim ki, hazırda universitetimizdə bu sahə üzrə bakalavr, magistr və doktorantların hazırlığı həyata keçirilir. Tədris olunan fənlər müxtəlif istiqamətləri əhatə edir. “Muzey işinin tarixi və metodologiyası”, “Arxiv mənbəşünaslığı”, “Abidələrin öyrənilməsi”, “Mədəni irs”, “Dünya muzeylərinin tarixi”, “Muzey işinin əsasları”, “Muzey əşyalarının ekspertizası”, “Muzey turizmi”, “Arxiv sənədlərinin ekspertizası”, “Muzey sosiologiyası”, “Muzey interpretasiyası”, “Tətbiqi muzeyşünaslığın nəzəri əsasları”, “Arxeoloji abidələrin muzeyləşdirilməsi”, “Yazılı mənbələr və onların interpretasiyası”, “Muzeyşünaslığın müasir problemləri”, “Memarlıq abidələrinin restavrasiyası və konservasiyası” və bir çox digər fənlərin tədrisi və mənimsənilməsi məzunlarımıza gələcək fəaliyyətləri üçün hərtərəfli bilik və bacarıqlara yiyələnməyə imkan verir.
- Bilirik ki, siz həm də bu sahə üzrə metodist kimi çalışırsınız. Fəaliyyətinizin bu tərəfi haqqında nə deyə bilərsiniz?
- Mən bakalavr və magistr təhsil pillələrində təhsil alan tələbələr üçün “Muzeyşünasların nəzəri və təcrübi biliklərinin muzey vasitəsi ilə inkişafı” adlı metodiki vəsaitin müəllifiyəm. Vəsaitdə mədəni irsin mühafizəsi, muzeyşünaslığın muzey işi ilə əlaqəsi, muzeylər elmi-tədqiqat müəssisələri kimi, müasir muzeylərdə aparılan işin yeni mərhələsi, muzeyşünas tələbələrin tədrisi və praktiki iş prosesində təhlil, “Muzeyşünaslıq” kafedrasında yeni ideyaların öyrənilməsi və tətbiqi, təcrübə zamanı zəruri tədbirlərin həyata keçirilməsi üçün təkliflər, muzeylərdə bakalavr və magistrantlarla metodiki işin təşkili və bu sahə üçün aktual olan digər məsələlər araşdırılıb.
Məlumdur ki, bu gün muzeyşünas-alimlərin də, muzey işçilərinin də qarşılarına qoyduğu ən mühüm məsələlərdən biri Qarabağ bölgəsinin işğalı zamanı dağıdılan muzeylərin dirçəldilməsidir. Müəllifi olduğum “Azərbaycan muzeyşünaslığı” monoqrafiyasının ayrı bir paraqrafı da məhz Qarabağın tarixi-memarlıq abidələri və muzeylərinə həsr edilib.
- Ölkəmizdə turizm sektorunun inkişafını, həmçinin Qarabağ bölgəsində aparılan bərpa işləri və turizmin inkişafı perspektivlərini nəzərə alsaq muzey işi və bütövlüklə turizm sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması böyük aktuallıq kəsb edir. Bu istiqamətdə aparılan işi daha da təkmilləşdirmək üçün nə etmək olar?
- Muzeyşünasların muzey işinə nəzəri hazırlığı ilə yanaşı, onların muzeylərdə aparılan işlə tanışlığı üçün də şərait yaradılmalıdır. Bunun üçün universitetlərlə muzeylər arasında sıx əməkdaşlığı təmin edəcək müqavilələr imzalanmalıdır.
Müasir muzeylərin problemləri aktuallığını itirmir, çünki hər zaman müəyyən suallar ortaya çıxır: muzeylər məqsədlərinə necə çata bilər? “Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə muzeylərdə yer ayrılırmı? Muzeyşünaslara işə düzəlmək üçün necə kömək göstərməliyik? Və s.
Bütün bu problemləri birgə səylərimizlə və qarşılıqlı anlaşma yolu ilə həll etməliyik. Muzeyşünaslar nəzəriyyəçidirlər, amma onların elmi səviyyəsi yalnız təcrübə zamanı arta bilər. Təcrübəni isə muzeydə işləyərkən əldə etmək mümkündür. Məhz buna görə bilik və təcrübənin qarşılıqlı mübadiləsini təmin etməliyik.
Qeyd edim ki, muzey təcrübəsi tələbələrin elmi potensialını və bacarıqlarını üzə çıxarır, tarixi abidələrin ziyarəti onların ixtisaslarına olan marağını artırır, monumental heykəltəraşlıq nümunələrilə tanışlıq tələbələri heykəltəraşların həyat və yaradıcılığını öyrənməyə şövq edir, muzeylərlə ünvanlı tanışlıq isə onlarda ilkin tədqiqat işinə dair bacarıqları formalaşdırır (ünvanların dəqiqləşdirilməsi, şəhər və rayonlarla tanışlıq və s.). Muzeyşünaslar real muzeylərin strukturunu, onların oxşar və fərqli cəhətlərini öyrənməlidirlər. Burada biz şöbələr və fondların adları və fəaliyyəti, keçirilən tədbirlər, müxtəlif yaş kateqoriyalarına aid seyricilərlə və fərqli peşə sahiblərilə işin aparılmasını nəzərdə tuturuq.
Bildirməliyəm ki, bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, Mədəniyyət Nazirliyinin balansına keçən Milli Azərbaycan Tarixi Muzeyində 2017-ci ilin mayından Gənc muzeyşünaslar və muzeysevərlər klubu fəaliyyət göstərir. Ölkənin aparıcı muzeyinin əsas missiyası Azərbaycanın tarixi-mədəni irsinin toplanması, qorunması, nümayişi, öyrənilməsi və təbliğidir. Yaradılan klubun məqsədi isə muzeyşünasları müxtəlif muzeylər, bu muzeylərin yaranma tarixi və fəaliyyəti, muzey işinin əsasları ilə tanış etməkdən ibarətdir. Hazırda ADMİU və ATMU-nun onlarla tələbəsi bu klubun üzvüdür.
Klub çərçivəsində silsilə mühazirə, seminar və müxtəlif mövzulara aid tədbirlər keçirilir. Klub üzvləri vaxtaşırı müxtəlif profilli paytaxt və region muzeylərini ziyarət edirlər. Məsələn, keçən il ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan olunması ilə əlaqədar klub üzvləri Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Gəncə şəhərini ziyarət edərək Nizami məqbərəsi, Nizami Gəncəvi Muzeyi, habelə Gəncə yaxınlığında inşa edilən Xocalı rayonu Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar. Bu il isə “Şuşa İli”nə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, bir sıra muzeylərə ziyarət təşkil olunub.
Universitetmizə gəldikdə isə, 2018-ci ildən bizdə də Gənc muzeyşünaslar klubu fəaliyyət göstərir. Klubun üzvlərinin iştirakilə biz 2019-cu ildə universitetimizdə Azərbaycanın görkəmli sənətşünas alimi Mürsəl Nəcəfovun 100-illiyi ilə əlaqədar konfrans keçirmişik. Gördüyünüz kimi, elm və təhsil müəssisələrilə respublikanın muzeyləri arasında əlaqələrin qurulması istiqamətində iş davam edir.
- Bu sahədə nə kimi yeniliklər görmək istərdiniz?
- Sözügedən sahənin təkmilləşdirilməsi üçün bir sıra təkliflərim var. İlk növbədə, çox istərdim ki, respublikamızda sırf muzeyşünaslığa aid ayrıca bir elmi jurnal təsis edilsin. Bu, elm və təhsilin inteqrasiyası, həmçinin bilik və təcrübə mübadiləsinin aparılması üçün çox vacib məsələdir.
Daha bir zəruri məsələ tələbələrin birinci kursdan başlayaraq muzeylərdə keçirilən tədbirlərdə fəal iştirakı ilə bağlıdır. Məsələn, 2018-ci ildə tələbələrimlə birlikdə Milli Azərbaycan Tarixi Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunan “Abbasqulu Ağa Bakıxanovun yaradıcılığının gənc muzeyşünaslar tərəfindən araşdırılması. Faktlar və təhlillər” adlı tələbə elmi-nəzəri seminar keçirdik. Həmin tədbirdə tələbələrimiz Bakıxanovun həyat və yaradıcılığına aid müxtəlif mövzularda məruzələrlə çıxış etdilər. Bu işdə Tarix muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının təklif və təşəbbüslərimizə hərtərəfli dəstəyini, köməyini xüsusi vurğulamaq lazımdır. Yaxşı olardı ki, bu cür konfrans və tədbirlərin müxtəlif muzeylərdə ardıcıl keçirilməsi üçün şərait yaradılsın.
Fikrimcə fakültəmizə daxil olan tələbələrlə tanışlıq hələ tədris ili başlamazdan öncə həyata keçirilməlidir. İlk növbədə bu, magistrantlara şamil edilməlidir. Belə olan halda onların magistrlik dissertasiyalarının mövzuları və elmi rəhbərlərinin təsdiqi məsələsində vaxt qazanmış olarıq. Tələbələrlə söhbətlər zamanı bəlli olur ki, sözügedən məsələ onları çox narahat edir.
Digər bir məsələ isə tələbələrimizin işləmək istədikləri, öz potensiallarını yönəldə biləcəkləri muzey profillərinin təhsil dövründən, məsələn, 3-cü kursdan başlayaraq seçmək imkanı ilə bağlıdır. Əminəm ki, biz tədris prosesini bu seçimlər əsasında aparsaq gələcəkdə daha yaxşı nəticələr əldə edərik.
Əlavə edim ki, çox vaxt konfrans və simpoziumlara tələbələr dəvət olunmurlar. Çox yaxşı olardı ki, istər muzey və universitetlərdə, istərsə də elmi müəssisələrdə keçirilən müvafiq konfrans, seminar və başqa elmi tədbirlərdə tələbələr heç olmasa dinləyici qismində iştirak etsinlər. Hesab edirəm ki, bu təşəbbüs tələbələrin gələcək elmi fəaliyyətinə müsbət təsir göstərəcək.
Bir təklifim də magistrantların tədris proqramı ilə bağlıdır. Tələbələrin dərs yükünü azaltmaq və təkrarçılığa yol verməmək üçün bəzi fənlərin birləşdirilməsi mümkündür. Bu, magistrantlara dissertasiyaları üzərində daha səmərəli işləməyə imkan yaradar. Ümumiyyətlə, magistratura pilləsində tədris proqramının yeniləşməsinə doğru addımlar atmalıyıq.
Sonda bildirmək istəyirəm ki, hazırda “Muzeyşünaslığın tarixi, onun elmi-nəzəri əsasları və metodları” adlı doktorluq dissertasiyası üzərində işləyirəm. Bu mövzu ilə əlaqədar nəzəri və təcrübi bilikləri bir araya gətirməyə çalışıram, müasir muzeylərin vəzifə və tələbləri, yeni konsepsiyalarla bağlı fikir və mülahizələrimi ortaya qoyuram. Bu fikirlər yerli və beynəlxalq konfranslarda həmkarlarla bilik və təcrübə mübadiləsi apardığımız zaman aprobasiyadan da keçir. Ümid edirəm ki, bu gün gördüyümüz işlər yaxın gələcəkdə öz bəhrəsini verəcək.
Nəzmin CƏFƏROVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru