Motorikanı inkişaf etdirən oyunlar
Yolgöstərən
Uşaqlarda kiçik əzələlərin, başqa sözlə, incə motorikanın inkişafı - əl və barmaq əzələlərinin koordinasiyalı işinə aiddir. Qələm tutmaq, qayçıdan istifadə etmək, ayaqqabının bağını bağlamaq, düymə taxmaq kimi hərəkətlər bilavasitə kiçik əzələlərin inkişafı ilə bağlıdır.
Bu isə uşaqların sərbəst olma qabiliyyətinə birbaşa təsir edir.
Uşaqların kiçik əzələlərinin inkişafını oyunlarla dəstəkləmək olar. Bu oyunları oyuncaqlar, təhlükəsiz qayçı, paltar sancağı, oyun xəmiri kimi materiallarla maraqlı etmək olar.
Uşaqların sevimli məşğuliyyətlərindən olan oyun xəmiri ilə iş kiçik əzələlərin inkişafını dəstəkləyir və uşaqların öz yaradıcı düşüncəsini ifadə etməsinə şərait yaradır. Xəmirin sıxılması və yuvarlanması hərəkətləri kiçik əzələlərin koordinasiyası ilə baş verir. Oyun xəmiri ilə uşaqlar müxtəlif formalar yarada bilərlər. Məsələn, xəmirdən nazik bir zəncir yaratmaq çox faydalıdır, çünki bu həm sıxma, həm də yuvarlama hərəkətlərini özündə birləşdirir. Oyun xəmirini hazır ala və ya sadə məmulatlarla evdə özünüz hazırlaya bilərsiniz.
Qalın ipin çox da kiçik olmayan muncuğun deşiklərindən keçirilməsi oyunu kiçik əzələlərin inkişafını dəstəkləyən oyunlar sırasındadır. Bu oyunu müxtəlif versiyalarda oynaya bilərsiniz. Məsələn, oyun xəmirinə bir çubuq və ya makaron yapışdırıb övladınıza onun üzərinə muncuqlar taxmağı təklif edə bilərsiniz. Muncuqlar kiçik olduğundan bu oyun 3 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunur.
Su ilə oynamağı sevməyən uşaq varmı? Uşağınızın su ilə vaxt keçirməsini və eyni zamanda kiçik əzələlərini inkişaf etdirməsini istəyirsinizsə, bu oyun sizin üçündür! Böyük bir qabı su ilə doldurun və bir-birilə oxşar ölçülü kiçik oyuncaqları ora atın. Sonra övladınızdan mətbəx maşası ilə onları balıq kimi tutmasını xahiş edin. Övladınızın paltarlarının islanması sizi narahat etməsin, sadəcə onları dəyişmək üçün əl altında başqa geyimlərin olması məsləhətdir.
2 yaşından yuxarı uşaqlar əşyaları qırmağı və cırmağı sevirlər. Övladınızdan köhnə kağızı, qəzet və ya jurnalı kiçik parçalara ayırmağı xahiş edin. Bu kiçik parçaları boş bir kağıza yapışdıraraq bir şəkil yarada və bu yolla kiçik əzələlərin inkişafı ilə yanaşı, təxəyyülü də dəstəkləyə bilərsiniz.
Yaşıl və qırmızı mərciməkləri bir qaba tökün. Sonra qarşısına qoyduğunuz iki qabda mərciməkləri rənglərinə görə ayırmasını xahiş edin. Mərci dənələri çox kiçikdirsə, belə bir oyun üçün noxud və lobyadan da istifadə etmək olar. Bu oyunu kubikləri və ya muncuqları rənginə görə ayırmaq kimi üsullarla da oynaya bilərsiniz. Kiçik hissələrlə oynandığına görə bu oyun da 3 yaşa qədər uşaqlar üçün uyğun olmaya bilər.
Evin bir küncündə övladınızın boyuna uyğun ip bağlayın. Ondan corab, yuyulmuş kiçik paltar və ya kiçik dəsmal kimi əli ilə asanlıqla tuta biləcəyi camaşırları asmasını xahiş edin.
Kiçik əzələ inkişafı oyunları uşağınızın incə motor bacarıqlarının inkişafına kömək etsə də, bu prosesin hər uşaq üçün fərqli şəkildə irəlilədiyini nəzərə almaq lazımdır.