Uşağın şəklini paylaşmaqla onun hüququnu pozuruq




 

Müxtəlif sosial media platformalarında dostların azyaşlı uşaqları ilə bərabər foto və videolarına tez-tez rast gəlirik. Sevə-sevə bəyəndiyimiz həmin paylaşmaların hüquq pozuntusu olduğu haqqında fikirləşmək heç ağlımıza da gəlmir. Bizim bunları paylaşmağa haqqımız varmı?

UNICEF-in 2018-ci ildə dərc etdiyi hesabata görə, hər gün sosial mediada 175 mindən çox uşaq bu və ya başqa şəkildə öz hüquqlarının pozulması ilə üzləşir. Şübhəsiz ki, indi beş il əvvəllə müqayisədə bu rəqəm daha da böyüyüb. Ancaq təəssüf ki, bu həmin mövzuda açıqlanan son  hesabatdır.  Hesabata görə, internetdən istifadənin uşaqlara verdiyi fayda ilə yanaşı, cinsi istismar, kiberzorakılıq, zərərli məzmunla üzləşmək və uşaqların şəxsi məlumatlarından sui-istifadəsi kimi bir çox mənfi tərəfləri də var.

“We Are Social” platforması dünyanın müxtəlif ölkələrində internet və sosial mediadan istifadə ilə bağlı araşdırmalarla məşğuldur. Əlimizdə Azərbaycanla bağlı araşdırmalar olmadığından qonşu Türkiyə ilə bağlı açıqlanan rəqəmləri təqdim etməklə mənzərəni canlandırmağa çalışacağıq.  Həmin hesabata görə, Türkiyədə internetə çıxışı olan hər kəs orta hesabla təqribən 7,5 saat bu məkanda vaxt keçirir. Azərbaycanda da internetdən istifadənin geniş yayıldığını nəzərə alsaq bizdə də buna bənzər yüksək bir rəqəm ortalığa çıxar. Həmin araşdırmalara görə, mobil internetdən gündəlik istifadə 4 saatdan çoxdur. Sosial mediadan aktiv istifadə edən 13 yaşdan yuxarı uşaq və gənclərin sayı isə internet istifadəçilərinin 81 faizini təşkil edir.

Bu rəqəmlər eyni zamanda 18 yaşdan aşağı sosial media istifadəçilərinin hüquqlarının pozulması hallarının kütləviliyinin də göstəricisidir. Burada uşaqların hüquqlarını həm valideynlər, həm məktəblər, həm də kommersiya-marketinq fəaliyyəti həyata keçirən müxtəlif subyektlər pozurlar.

BMT-yə üzv olan ölkələr UNİCEF-in 2015-ci ildə dərc etdiyi əlavə sənədlə (UNCRC Müddəaları maddə 13) internetdə uşaqların hüquqlarının müdafiəsinə qoşulublar.  Amma o sənədin müddəalarına əməl olunurmu?

 

Sosial şəbəkələrdə uşaqların hüquqları necə pozula bilər?

Əslində bu hamımızın tez-tez yol verdiyimiz xətadır və biz buna məhəl qoymuruq.  Hər gün sosial mediada övladını çox sevən valideyn və ya müəllimlər milyonlarla uşaq fotosu və ya videosu paylaşırlar. Uşağın gələcəkdə bundan zərər görüb-görməyəcəyini düşünmədən sosial şəbəkədə ona aid görüntülərin paylaşılması ən sadə hüquq pozuntusudur.

Sosial media araşdırmaçılarının qənaətinə görə, icazəsiz paylaşmalar, onlara məqsədyönlü şərhlər yazmaq, paylaşmalarda müxtəlif dəyişikliklər etmək uşaqlara psixoloji baxımdan mənfi təsir edə bilər.

Məktəb və müəllimlərin hətta valideynlərin razılığı ilə olsa belə sosial media paylaşmaları uşaqların hüquqlarını poza bilər. Şagirdlərin sinif otaqlarında özəl anlarının icazəsiz qeydə alınması və minlərlə insanın əldə edə biləcəyi şəkildə sosial media platformalarında paylaşılması şəxsi hüquq və azadlıqlara ziddir.

Türkiyəli araşdırmaçı Orxan Tokerin yazdığına görə, uşağın öz ailəsi tərəfindən sosial şəbəkədə paylaşılan bir fotosunu hansısa məhsulun marketinqində reklam şəkli kimi istifadə edə bilərlər. Uşaq hüquqlarının birbaşa pozuntusu olan belə hallarda həm sosial media platforması, həm də reklamı dərc edən qurum bilavasitə məsuliyyət daşıyır. Belə situasiyalarda sosial media platformaları uşağın və ya valideynlərinin tələbi ilə foto və ya video məzmunu silməyə borcludurlar.

Uşağın razılığının alınması bu halın pozuntu faktı olduğu həqiqətini dəyişmir. Bilirik ki, YouTube və TikTok platformalarındakı uşaq videoları kommersiya məqsədilə hazırlanır və yayılır. Burada uşağın könüllü olması və ya razılıq verməsi uşaq hüququnun pozulması faktını aradan qaldırmır. 4 yaşlı uşaq onun üçün nəyin uyğun olduğunu bilmir. “Uşağın icazəsi” sizin onu internetdə kibercinayətkarların hədəfinə çevirməyiniz faktını dəyişmir. Çünki o bunu anlayacaq yaşda deyil. Yaxud ibtidai məktəbdə uşağın dərs oxumaq əvəzinə YouTube üçün videolar çəkdirməsi onun təhsil hüququnu pozur.

Uşağınıza aid özəl videoları sadəcə gülüş və bəyənmə xatirinə paylaşmaq yolverilməzdir. Belə videolarda uşağın etdiyi hər hansı yaramazlıq ailə daxilində unudulsa da, sosial mediada yaddan çıxmır. Beləliklə, uşağın hansısa yanlışının unudulmasının qarşısını alırsınız. Və o, uzun illər bu travma ilə yaşamalı olur.

Təbii ki, uşaqlarla bağlı paylaşmaları təkcə valideyn və müəllimlər etmir. Uşaqlar özü də düşünmədən paylaşdıqları materiallarla kibercinayətkarların ovuna çevrilə bilərlər.

Uşaq hüquqlarının pozulması ilə bağlı qanunlar bu gün işləməyə bilər. Amma gələcəkdə valideynləri ilə gərgin münasibətləri olan uşaqlar öz hüquqlarının pozulması ilə bağlı iddia qaldıra bilərlər.

Azərbaycanda sosial media üzərindən uşaqlara aid yarışma və hətta sosial layihələrin həyata keçirilməsi isə daha acınacaqlıdır. Belə ki, uşaq hüquqlarına hörmət etməli olan böyük bir qrup əslində onun pozulması ilə məşğuldur. Ortalığa çıxan nəticə budur ki, insanların, xüsusilə də azyaşlılarla işləyən kateqoriyadan olan mütəxəssislərin sosial media savadlılığı və uşaq hüquqları haqda bilikləri artırılmalıdır.