HANSI İDMAN NÖVÜ DAHA FAYDALIDIR?




Adətən valideynlər övladlarının uğurlu və sağlam gələcəyini təmin etmək üçün onları kiçik yaşlardan müxtəlif yaradıcılıq dərnəkləri və idmana yönəldirlər. Uşaqların erkən yaşda idmanla tanışlığı onların həm fiziki, həm də mənəvi  inkişafına təsir edir. Ancaq azyaşlılar üçün idman növü seçərkən onların fiziki xüsusiyyətləri və yaşı nəzərə alınmalıdır. Müxtəlif idman növləri uşaqların düzgün inkişafına yardım edir. Unutmayın ki, övladınızı idman sahəsinə yönəldəndə onun öz fikrini və maraqlarını öyrənmək də vacibdir.

Azyaşlıların fiziki inkişafına və sağlamlığına xüsusi diqqət yetirən pediatrlar, fizioterapevtlər və idman ustaları 7 yaşadək uşaqların maraqlarına uyğun bir neçə idman növünü tövsiyə edirlər.

Gimnastika

Bu, ən erkən dövrdə, yəni 3-4 yaşdan başlanılan idman növüdür. Əgər övladınızda gimnastik bacarıqlar hiss edirsinizsə, tələsməlisiniz. Çünki bu idman növünə uşaqlar ancaq 7 yaşa qədər başlaya bilərlər. Gimnastika uşaqlara həm fiziki, həm də mənəvi cəhətdən çox faydalıdır. Uşaqların daha yaxşı bədən quruluşuna sahib olmasına kömək etməklə yanaşı, gimnastika digər idman növləri üçün də zəmin hazırlayır.Yuxarı yaşda istənilən idman növünə başlamaq uşaqdan sağlam bədən və çeviklik tələb edir. Beləliklə, gimnastikanın sayəsində qoyulan sağlam təməl asanlıqla başqa idman növləri ilə məşğul olmağa imkan verir.

Üzgüçülük

Üzgüçülük də erkən yaşda öyrənilməsi lazım olan idman növlərindən biridir. Bu idman zamanı bütün bədənin işləməsi əzələlərin inkişafına müsbət təsir edir. Üzgüçülüklə müntəzəm məşğul olmaq uşaqlarda həm də beyin yarımkürələrinin fəaliyyətini aktivləşdirir.

Tennis

Bu idman növünə  kiçik yaşlardan başlamaq uşaqlarda həm fiziki çeviklik yaradır, həm də intuisiyanın formalaşmasına müsbət təsir edir. Rəqibə sürətli  və sərrast “cavab” zamanı hoppanmaq, qaçmaq əl və ayaq əzələlərini inkişaf etdirir. Bir sözlə, tennis uşaqlara erkən yaşdan bədən konsentrasiyası və koordinasiyasını qazandırır. Eyni zamanda, yaşıdları ilə ünsiyyət formalaşdırır.

Basketbol

Başqa idman növlərində olduğu kimi, basketbola da kiçik yaşlardan başlamaq güclü və çevik bədənə sahib olmağa imkan verir. Basketbolda uşaqların dayaq hərəkət sistemləri ilə yanaşı, əzələlərinin dözümlülüyü də artır. Kiçik yaşlarından müntəzəm olaraq basketbol oynayan uşaqların boyu yaşıdlarınkından fərqlənir. Onlar həm də komandada çalışmağı öyrənməyə başlayırlar.

Velosiped

Fiziki inkişafa faydalı olan idman növlərindən biri də velosiped sürməkdir. Bu elə idman növüdür ki, uşaqlar ən kiçik yaşlardan onunla tanış olurlar. Az qala hər uşağın həyatında bir velosiped mütləq olur. Bəzən velosiped sürmək həvəsi böyüyərək həyat tərzinə çevrilir. İdman növü kimi velosiped sürmək 7 və daha yuxarı yaşlı uşaqlar üçün tövsiyə olunur. Koordinasiyanı möhkəmləndirən velosiped sürmək həm də uşaqların ətraf mühit haqqında məlumatlılığını, ekoloji savadlılıq səviyyəsini gücləndirə bilər. Eyni zamanda, velosiped sürmək daha aktiv həyata dəstək verir və uşaqların özlərinə inamını artırır.

Mütəxəssislər hesab edirlər ki, övladlarınıza idman növü seçməkdə sərbəstlik verməlisiniz. Onlar ən uyğun olanı tapana qədər özlərini bir neçə idman növündə də sınaya bilərlər. Əhəmiyyətli olan onların seçimlərini dəstəkləmək, özlərinə inamlarının artmasına yardımçı olmaqdır.Uşaqların erkən yaşda idmanla bağlı vərdişlərinin formalaşması, əsas hərəkətləri öyrənməsi və texniki bacarıqların inkişaf etdirilməsi gələcəkdə onların daha sağlam, daha aktiv həyat sürməsinə təkan verir. Bu həm də onlarda kiçik yaşdan başlayaraq özünütərbiyənin inkişaf etdirilməsinə yardım edir.