ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BEYNƏLXALQ RƏQABƏT QABİLİYYƏTİ: REYTİNQ METODOLOGİYASI




Məqalədə Azərbaycan Respublikasında ali təhsil müəssisələrində reytinq sistemi üzrə işin təkmilləşdirilməsi üçün beynəlxalq, milli və
profil üzrə müvafiq sistemlərin tarixi və zəruri istiqamətləri araşdırılmış, hər bir istiqamət üzrə uyğunluğu təmin edəcək başlıca parametrlər müəyyənləşdirilmişdir. Pedaqoji/akademik heyətin keyfiyyəti və onların əsərlərinə edilən iqtibas tezliyi, məzunların iş təminatı və əmək bazarında keyfiyyət göstəriciləri, əcnəbi tələbələr üzrə qəbul faizi, elmi tədqiqatların aparılması sahəsində liderlik, tədqiqat işlərinin əhəmiyyətlilik dərəcəsinin yaxşılaşdırılması üzrə müvafiq təkliflər hazırlanmışdır. Ranqlaşdırma, reytinq sisteminin müəyyənləşdirilməsi üzrə işin öyrənilməsi, anlayışların mahiyyətinin nəzəri ümumiləşdirmələr aparmaqla əsaslandırılması, ali təhsil müəssisələrinin keyfiyyətinin müqayisəsi ali təhsilin keyfiyyətinin yüksəldilməsi alətlərindən biridir. Azərbaycan Respublikasında ali təhsil sistemi üçün qarşıda duran zəruri məsələni, ali təhsilin hazırkı vəziyyətini nəzərə almaqla elmi cəhətdən əsaslandırılmış metodikanın formalaşdırılması və təkmilləşdirilməsi, keyfiyyətin qiymətləndirilməsi və reytinqin qurulması sahəsində dünya təcrübəsindən istifadənin hansı səviyyədə mümkünlüyünün təyin edilməsi məsələləri problem olaraq qarşıya qoyulmuş, pedaqoji müstəvidə təhlil və müqayisə edilmişdir.

GİRİŞ

Ali təhsil müəssisələrinin ranqlaşdırılması və reytinqinin müəyyən edilməsinə ilk dəfə 2003-cü ildən müxtəlif təşkilatlar və institutlar tərəfindən həyata keçirilməyə başlandı. Reytinq cədvəli müxtəlif kriteriyalar – ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı, akademik mobillik, pedaqoji/akademik heyətin keyfiyyəti, onların əsərlərinə iqtibas tezliyi, məzunların işlə təminatı, h-indeks üzrə elmə verilən töhfələrin qiymətləndirilməsi, internet ünvanının aktivliyi və digər parametrlərə görə hazırlanır. Aparıcı universitetləri qiymətləndirmək üçün müxtəlif – qlobal, beynəlxalq reytinq sistemləri mövcuddur. Bəzi ölkələrin universitetləri bu sistemlərdə təmsil oluna bilmədiklərindən milli reytinq mexanizmlərini yaratmaqla qoşulmağa çalışırlar. 2003-cü ildə Şanxay Jiao Tong Universitetinin Ali Təhsil İnstitutunun Dünya Səviyyəli Universitetlər Mərkəzi tərəfindən ranqlaşdırılan və hər il yenilənən Academic Ranking of World Universities – ARWU (Dünya Universitetlərinin Akademik Ranqlaşdırılması), 2004-cü ildə İspaniyanın Kibermetriya Laboratoriyası tərəfindən həyata keçirilən Webometrics Ranking of World Universities (Dünya Universitetlərinin Vebometrik Reytinqi), 2004-cü ildə Böyük Britaniyanın “TSL Education Ltd” təşkilatı ilə “Quacquarelli Symonds” şirkətinin birgə layihəsi olan Times Higher Education – QS World University Rankings (THE-QS reytinqi), 2007-ci ildə Tayvan hökuməti tərəfindən yaradılmış Perfomance Ranking of Scientific Papers for World Universities (Dünya universitetlərinin elmi məqalələrinin ranqlaşdırılması) kimi bir sıra nüfuzlu beynəlxalq qiymətləndirmə sistemlərini buna nümunə göstərmək mümkündür.

İlk illərdə dünya ölkələrinin bir çoxunda (Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Pakistan, Ukrayna və s.) ali təhsil müəssisələrinin veb-saytlarının xarici dildə, xüsusilə ingilis dilində versiyasının olmaması, universitetlərin elmi nəticələrinin veb-saytlarda yerləşdirilməməsi, beynəlxalq akademik bazalarda təhsil müəssisəsi adından məqalələrin nəşr olunmaması və s. səbəblərdən beynəlxalq reytinqlərdə yer ala bilmədiklərinə görə tədricən ayrı-ayrı milli reytinqlər işlənib hazırlanmışdır. MDB ölkələrindən Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən (prosesi Patani Xeyriyyə Cəmiyyəti həyata keçirmişdir) 2004-cü ildən, Qazaxıstanda isə 2006-cı ildən etibarən ali təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsi işi aparılır.

Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsi prosesinə Azərbaycan Respublikası Təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nin qalibi olmuş, “Təhsil siyasəti üzrə təşəbbüslər” və “Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri” istiqamətini əhatə edən qalib layihədən biri olaraq başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” strateji hədəf olaraq təqdim edilən cari problem baxımından əsas sənəd hesab olunur. Adı qeyd olunan layihənin icraçısı Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) olmuşdur. “Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin beynəlxalq qiymətləndirmə sistemlərində təmsil olunmasına nail olmaq məqsədi ilə milli reytinq mexanizminin hazırlanması sahəsində bir sıra təkliflər hazırlanmışdır.

Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin sürətlə dəyişən, inkişaf edən dünya elmi, xüsusilə əmək bazarı fonunda beynəlxalq qiymətləndirmə sistemlərində daha müvəffəqiyyətlə təmsil olunması üçün milli reytinq mexanizminin hazırlanması sahəsində daha çevik addımlar atılması labüddür.

Tədqiqatın aparılmasında məqsəd aşağıdakı kimidir:

  • Ali təhsil müəssisələrinin reytinq sisteminin müəyyənləşdirilməsi üzrə işin (beynəlxalq, milli və profil üzrə reytinq sistemlərinin
    tarixi və zəruri istiqamətləri) öyrənilməsi; 
  • Pedaqoji/akademik heyətin keyfiyyəti və əsərlərinə edilən iqtibas tezliyi, məzunların iş təminatı və əmək bazarında keyfiyyət göstəriciləri, əmək bazarında formalaşdırılmış reputasiya, əcnəbi tələbələr üzrə qəbul faizi, elmi tədqiqatların aparılması sahəsində liderlik, tədqiqat işlərinin əhəmiyyətlilik dərəcəsinin yaxşılaşdırılması üzrə müvafiq təkliflər vermək.

Tədqiqatın obyekti ali təhsil müəssisələrinin beynəlxalq, milli və profil üzrə reytinq mexanizmləridir. Tədqiqatın predmeti ali təhsil müəssisələrinin beynəlxalq, milli və profil üzrə reytinq sistemləri və hər bir istiqamət üzrə uyğunluğunu təmin edəcək başlıca  parametrlərin müəyyənləşdirilməsidir.

Tədqiqatın elmi yeniliyi ranqlaşdırma, reytinq sisteminin müəyyənləşdirilməsi üzrə işin öyrənilməsi, anlayışların mahiyyətinin nəzəri ümumiləşdirmələr aparmaqla əsaslandırılması, ali təhsil müəssisələrinin keyfiyyətinin müqayisəsi və yüksəldilməsi alətlərindən biridir. Azərbaycan Respublikasında ali təhsil sistemi üçün qarşıda duran zəruri məsələni, ali təhsilin hazırkı vəziyyətini nəzərə almaqla elmi əsaslandırılmış metodikanın təkmilləşdirilməsi, ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində dünya təcrübəsindən istifadənin hansı səviyyədə mümkünlüyünün təyin olunması məsələləri problem olaraq qarşıya qoyulmuş, pedaqoji müstəvidə təhlil və müqayisə edilmişdir.

Ali təhsil müəssisələrinin aparıcı beynəlxalq (QS, Times Higher Education, ARWU-şanxay reytinqi, Forbes), milli və profil üzrə reytinq sistemləri

Ali təhsil sisteminin inkişafı cəmiyyətin ümumi inkişaf səviyyəsinin, sosial-iqtisadi vəziyyətin və həyat keyfiyyətinin ümumi  ənzərəsini
yaradır. Həm inkişaf səviyyəsini, həm də keyfiyyəti ölçmək, nəticəyə nəzarət etmək və onu yaxşılaşdırmaq üçün bu sahədə beynəlxalq və milli standartlara istinad etmək zəruridir.

Ali təhsil müəssisələrinin ranqlaşdırılması zamanı mövcud fərqli reytinq sistemləri və sıralamalar mütləq şəkildə obyektiv hesab edilmədiyi kimi, onlar arasında tam uyğunluq da mövcud deyil. Buna səbəb ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin və nailiyyətlərinin sadəcə rəqəmlə ifadə edilə bilinməyəcəyi ölçüdə fərqli imkanlara malik olmasıdır. Fərqli reytinq sistemlərinin müqayisəsi üçün ümumi standartların tətbiq edilməsi məqsədilə əsas meyarların müəyyənləşdirilməsi istiqamətində UNESCO Ali Təhsil Mərkəzi1 tərəfindən beynəlxalq ekspert qrupunun iştirakı ilə 16 maddədən ibarət Berlin prinsipləri2 işlənib hazırlanmışdır. Tibb, mühəndislik, riyaziyyat, memarlıq və s. sahələr üzrə profilləşmiş hər bir ali təhsil müəssisəsinin fərqli ehtiyacları, pedaqoji/akademik heyəti və tələbə profilləri olmasına baxmayaraq, elmi nəşrlərlə bağlı dəyərləndirmələr zəruri prinsip olaraq daxil edilmişdir.

Keyfiyyətin, ümumi göstəricilərin ölçülə bilən olması verilənlər bazasında xüsusi datalar vasitəsilə və etibarlı hesab edilən rəqəmlərlə
ifadəsi sayəsində mümkündür. Beləliklə, hər bir ali təhsil müəssisəsi beynəlxalq təcrübədə təhsilin məzmununa inteqrasiya edə bilməsi üçün öz missiya və hədəflərini beynəlxalq və milli reytinq sistemlərinə görə tənzimləyə bilir. Beynəlxalq təcrübədə daha çox bilinən reytinq sistemləri THE – QS, ARWU-Şanxay reytinqi və s-dir.

QS Beynəlxalq Universitet Reytinqi 2004-cü ildən etibarən Quacquarelli Symonds şirkəti tərəfindən və fərqli akademik meyarlar əsasında ranqlaşdırılır. QS şirkəti universitetləri 4 əsas amilin hər biri maksimum 100 bal olmaqla, fərqli meyarlarla (həmçinin ixtisas və fakültələr üzrə) dəyərləndirərək sıralamanı müəyyənləşdirir (Cədvəl 1).

Cədvəl 1 QS Beynəlxalq Universitet Reytinqi üzrə nəticələrin hesablanması

ARWU-Şanxay reytinqi – Shanghai Jiaotong Universiteti nəzdində Reytinq Şurası 2003-cü ildən etibarən hər il olmaqla dünyanın ən yaxşı 500 universitetinin reytinqini hazırlayır. Bu istiqamətdə ilk reytinqi hazırlayan Shanghai Universiteti başlanğıcda Çin universitetləri ilə dünyanın nüfuzlu universitetləri arasında müqayisə aparmağı məqsəd olaraq qarşıya qoymuşdu. ARWU-Şanxay reytinqi tərtibat və qiymətləndirmədə göstərdikləri çevik, əsaslandırılmış və düzgün qiymətləndirmə – ölçmə siyasəti səbəbi ilə bu sahədə ən çox təqdir alan qurum səviyyəsinə yüksələ bildi (Cədvəl 2).

Cədvəl 2 ARWU-Şanxay reytinqi üzrə nəticələrin hesablanması

Ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə reytinqini hazırlayan bir sıra digər nüfuzlu sistemlər də mövcuddur:

1. “Newsweek” jurnalının dünyanın ən yaxşı 100 universiteti reytinqi (Top 100 Global Universities);
2. Webometrics: Cybermetric Laboratoriyaları. Vebdə Dünya Universitetlərinin Reytinqi (Webometrics: World Universities’ Ranking on the Web);
3. Google Search – Beynəlxalq Universitetlər Reytinqi (G-Factor International University Rankings);
4. MINES – Taris Texnologiyaları üzrə Beynəlxalq Universitetlərin Peşəkarlıq Reytinqi (Professional Ranking of World Universities);
5. HEETACT – “Higher Education Evaluation and Accreditation Council of Taiwan” Beynəlxalq Universitetlər Elmi Tədqiqatların Nəticələrinin Reytinqi (Performance Ranking of Scientific Papers for World Universities);
6. Leiden – Hollandiyanın Leiden Universiteti nəzdində Tibbi və Texnoloji Elmlər Mərkəzinin (The Centre for Science and Technology Studies) hazırladığı reytinq;
7. SCImago reytinqi – SCImago tərəfindən hazırlanan, 17000 jurnalı müqayisə edən Scopus data bazadan istifadə etməklə aparılan reytinq sistemi;
8. Çin Wuhan Universitetinin Qlobal Universitet Reytinqi (Global University Ranking) və s.

Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq tələblərə cavab verən veb-səhifələrinin aktivliyi, elmi nəticələrin əlyetənliyi, impakt faktorlu jurnallarda məqalələrin nəşrinin artırılması, xarici universitetlərlə tələbə, müəllim mübadiləsi və s. bu kimi göstəriciləri nəzərə alaraq milli reytinqin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədin həyata keçirilməsi ilə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer almasına, həmçinin yer alan universitetlərin ranqının yüksəlməsinə və s. bu kimi üstünlüklərə nail olmaq mümkündür:

Pedaqoji/akademik heyət

  • professorların sayının tələbələrin sayına nisbəti;
  • elmlər doktorlarının sayının tələbələrin sayına nisbəti;
  • dosentlərin sayının tələbələrin sayına nisbəti;
  • fəlsəfə doktorlarının (PhD) sayının tələbələrin sayına nisbəti;
  • elmi dərəcə və elmi adı olmayanların sayının tələbələrin sayına nisbəti;
  • xarici ölkələrdən olan müəllimlərin sayının tələbələrin sayına nisbəti;
  • magistrlərin sayının tələbələrin sayına nisbəti;
  • xarici ölkələrdən olan magistrlərin sayının tələbələrin sayına nisbəti;
  • doktorantların və dissertantların sayının tələbələrin sayına nisbəti;
  • xarici ölkələrdən olan doktorantların və dissertantların sayının tələbələrin sayına nisbəti;
    xarici ölkələrdən olan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti.

Elmi fəaliyyət

  • çap edilmiş elmi məqalələrin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • xarici ölkələrdə çap edilmiş elmi məqalələrin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • impakt faktoru olan jurnallarda çap edilmiş elmi məqalələrin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • monoqrafiyaların sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • dərslik və dərs vəsaitlərinin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • Azərbaycanda ixtiralara alınmış patentlərin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • xarici ölkələrdən ixtiralara alınmış patentlərin sayının pedaqoji/akademik heyət üzvlərinin sayına nisbəti;
  • profillər üzrə pedaqoji/akademik heyətin h-indeksi.

Universitetlərin veb-saytı

  • universitetlərin veb-saytına edilən xarici istinadların (verilən iqtibasların) sayı;
  • universitetlərin veb-saytında yerləşdirilmiş qiymətli faylların sayı;
  • universitetlərin veb-saytında yerləşən alt səhifələrin və direktoriyaların sayı;
  • universitetin veb-saytının keyfiyyəti.

Reytinqin müəyyənləşdirilməsində vahidliyin təmin olunmasına 2004-cü ildən YUNESKO-nun ali təhsil üzrə Avropa Mərkəzi və Ali  Təhsil sahəsində Siyasət İnstitutunun (ABŞ) ranqlaşdırma üzrə beynəlxalq ekspert heyəti nəzarət edir. Heyətin hazırladığı xüsusi  Berlin prinsipinə əsasən ali təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsinin ümumi prinsipləri və standart metodikası təqdim edilib. Bu prinsipə əsasən ali təhsil müəssisələrinin reytinqi birbirindən asılı olmayan üç müstəqil kateqoriya əsasında müəyyənləşdirilir:

  • ali təhsil müəssisələrinin akademik resursları, ali təhsil müəssisələrinin pedaqoji/akademik heyəti, tələbələrin nailiyyəti, tədris, maliyyə resursları, təminat və s. kriteriyalar üzrə ranqlaşdırma;
  • ali təhsil müəssisələrinin daxildən, yəni müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi;
  • hər bir kateqoriya daxilində çoxsaylı kriteriya nəzərə alınmaqla, məzunların göstəricilərinin işəgötürənlər, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də böyük və kiçik şirkətlər tərəfindən qiymətləndirilməsi.

Hər bir kateqoriya daxilində çoxsaylı kriteriyalar mövcuddur. Məsələn, akademik resurslara aid kateqoriya çərçivəsində 7 kriteriya və
39 indikator əsasında ali məktəblərdən materiallar toplanır. Daha sonra hər bir ali təhsil müəssisəsinin tələbələri 7 qrupla anketləşdirilən sualları cavablandırır, həmçinin müəllim və tələbələr arasında sorğu həyata keçirilir. Eyni zamanda ali məktəb məzunlarının səviyyəsini müəyyənləşdirmək üçün dövlət və özəl təşkilatlar, müəssisələrin son illər işə götürdükləri, tanıdıqları məzunlar haqqında məlumatlar generasiya edilir, daha çox hansı universitetin məzunlarının işlə təmin olunması məsələsi müəyyənləşir. Beləliklə, ali təhsil müəssisələrinin reytinqi 3 kateqoriya çərçivəsində toplanan materialların cəmi ilə müəyyən olunur. Kateqoriyalar üzrə qiymətləndirmə balları öncədən tərtib edilir, resursların müəyyən edilməsi, pedaqoji/akademik heyətin, tələbələrin tərkibinin keyfiyyəti, ödənişli və ödənişsiz təhsil, əcnəbi tələbələrin say nisbəti, ali məktəblərin elmi-tədqiqat potensialı, maliyyələşmə, əldə edilən gəlirlərin mütənasib və optimal xərclənməsi, tələbə qəbulunun və tədris prosesinin nəticələri, beynəlxalq əməkdaşlığın səviyyəsi, sosial-mədəni həyat və s. kriteriyalar üzrə qiymətləndirmə – ölçmələr aparılır.

Pedaqoji/akademik heyətin keyfiyyəti və onların əsərlərinə iqtibas tezliyi

Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ali məktəblərin reytinqinin müəyyən edilməsi üçün beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif ölkələrdə davamlı şəkildə bir sıra tədqiqatlar həyata keçirilir. Ali təhsil müəssisələrinin keyfiyyətinin müqayisə mexanizmi onların keyfiyyətinin yüksəldilməsi alətlərindən biri hesab olunur. Azərbaycan Respublikasında ali təhsilin hazırkı vəziyyətini nəzərə almaqla elmi əsaslandırılmış metodikanın yaradılması, təkmilləşdirilməsi, keyfiyyətin qiymətləndirilməsi və inkişaf etmiş ölkələrin reytinqinin qurulması sahəsində dünya təcrübəsindən istifadənin mümkünlüyünün təyin edilməsi zəruri məsələlərdəndir. Reytinqi təyin etmənin əsas məqsədləri aşağıdakı kimidir:

  • qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim olunması (abituriyentə və onların valideynlərinə; təhsil siyasətini formalaşdıran mütəxəssislərə, fondlara, işəgötürənlərə, beynəlxalq təşkilatlara);
  • ali təhsil müəssisələrinin inkişafını stimullaşdırmaq və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etmək;
  • ali təhsil müəssisələrinin daxili keyfiyyətartırma mərkəzlərinin yaradılmasına və mövcud mərkəzlərin inkişafına təkan.

Ranqlaşdırma metodikasının yaradılması “Ali təhsil müəssisələrinin ranqlaşdırılmasının Berlin prinsipləri”nə (Berlin, may 2006-cı il)
əsaslanmalıdır.

Azərbaycan ali təhsil sistemində, ilk növbədə aşağıdakı vacib prinsiplər nəzərə alınır:

  • tədris müəssisələrinin müxtəlifliyini (o cümlədən dövlət və özəl təhsil müəssisələrinin ənənəvi fərqini) qəbul etmək, onların missiya və məqsədlərini nəzərə almaq;
  • Azərbaycanda ali təhsil sistemində dil, mədəni, iqtisadi, eləcə də tarixi kontekstlərin və müvafiq olaraq beynəlxalq təcrübənin dəqiq uçotu (bütün ölkələrdə və ya təhsil sistemlərində ali təhsil müəssisələrinin keyfiyyətinə eyni cür baxılmır);
  • təsdiq olunmuş müstəqil mənbələrdən və ya yoxlanılmış məlumatlardan, mümkün olduğu qədər daha çox istifadə etmək;
  • yaradılmış reytinqlərə etibarlılığı artıran təşkilati qaydaların tətbiqi;
  • reytinqin tərtib olunmasında istifadə olunan bütün faktorların reytinq istifadəçiləri tərəfindən dəqiq anlaşılmasının təmin edilməsi.

Azərbaycanda ali təhsil müəssisələrinin (milli) reytinqini müəyyən etməkdə məqsəd, əsasən, aşağıdakılardır:

1. İctimaiyyətə (abituriyent və onların valideynlərinə, siyasətçilərə, beynəlxalq təşkilatlara, işlə təmin edən təşkilatlara) qərar qəbul etmək üçün informasiyanın verilməsi;
2. Ali məktəblər arasında rəqabətin inkişafına təkan vermək;
3. Ali məktəblərin daxili keyfiyyətinin artırılması mərkəzlərinin yaradılmasına və inkişafına təkan;
4. Ali təhsil ocaqlarının akademik muxtariyyətinin müəyyənləşməsi;
5. Ali təhsil müəssisəsində və tədris prosesində özünüidarənin tətbiqinə təkan vermək.

Ali təhsil müəssisəsinin reytinqinin müəyyənləşdirilməsi amillərindən biri olan pedaqoji/akademik heyətin dəyərləndirilməsi bütün dünyada təxminən bir-birinə yaxın və ortaq meyarlarla ölçülür. Məsələn, Amerika universitetlərindən North Carolina Universitetində pedaqoji/akademik heyət üzvlərinin dəyərləndirilməsi zamanı nəzərə alınan meyarlar aşağıdakı istiqamətlərdə ümumiləşdirilir:

1. Tədris, tövsiyə, tədris proqramı, təhsil üzrə inkişafyönlülük:
a) ixtisas üzrə elmi dərəcəsi;
b) dərs tərtibatı;
c) dərs təqdimatı, tədris prosesinin təşkili;
d) tələbə tədqiqatlarının idarə edilməsi;
e) məzunlarla iş aparan assistentlərə rəhbərlik;
f) tədris planları ilə bağlı inkişafyönlü addımlar.

2. İxtisas üzrə tədqiqatlar, yaradıcılıq və peşəkar fəaliyyətlər:
a) elmi nəşrlər;
b) konfranslarda çıxışlar.

3. Universitetə, ictimaiyyətə, mediaya və peşəyə xidmət:
a) universitet idarəetməsinə faydası;
b) ictimaiyyətə, mediaya xidmət;
c) peşəyə xidmət.

Təqdim edilən meyarlar üzrə hər bir heyətin portfoliosu hazırlanır, heyət üzvlərinin qiymətləndirmə zamanı əldə edilən nəticələr əsasında yenidən təyinatına, mükafatlandırılmasına və ya daimi əsaslarla işdə davam etməsinə qərar verilir.

Məzunların işlə təminatı, əmək bazarında keyfiyyət göstəriciləri və formalaşdırılmış reputasiya

Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ali məktəblərin reytinqinin müəyyən edilməsi üçün ölkə ictimaiyyətinin, ayrı-ayrı nazirliklərin, idarə və təşkilatların ali təhsil müəssisəsinin məzunlarının hazırlıq səviyyəsini qiymətləndirməsi aşağıdakı kriteriyalar əsasında həyata keçirilir:

  • məzunun kvalifikasiyası, biliyi və işgüzar keyfiyyətinin qiymətləndirilməsi;
  • gənc mütəxəssisin 8 saatlıq iş gününə hazırlığı;
  • bir fəaliyyət növündən digərinə keçmək bacarığı;
  • praktiki və ya cari məsələləri həll etmək üçün işçi qrup toplamaq və onlara rəhbərlik etmək bacarığı;
  • yaxşı icraçılıq və ideyalar vermək bacarığı; 
  • fundamental və nəzəri hazırlığın keyfiyyəti. 

Ali təhsil müəssisələrinin məzunlarının təhsildən sonrakı dövrdə ictimai-iqtisadi fayda, ictimai-sosial fayda, fərdi-iqtisadi fayda və fərdisosial fayda kateqoriyaları Cədvəl 3-dəki kimi qruplaşdırılmışdır.

Cədvəl 3 Ali təhsil müəssisələrinin məzunlarının təhsildən sonrakı dövrdə ictimai-iqtisadi fayda, ictimai-sosial fayda, fərdi-iqtisadi fayda və fərdi-sosial fayda kateqoriyaları

Avropa Statistika Ofisinin (EUROSTAT3) təqdim etdiyi verilənlərə – dataya əsasən 20-34 yaş aralığında olan və son üç il ərzində hər
hansı ali təhsil müəssisəsindən məzun olmaqla işlə təmin edilmə faizinin ən yüksək olduğu Avropa ölkəsi 96,7 % nəticə ilə Maltadır. İkinci yerdə 95,8 % nəticə ilə İslandiya, üçüncü yerdə isə 94,8 % nəticə ilə Hollandiya dayanır. 

Universitetdən məzun olaraq üç il içərisində işlə təmin olunanların nisbəti Almaniyada 94,3, Birləşmiş Krallıqda 88,4, Finlandiyada 88,3, Fransada 84,4, İspaniyada 77,9, Türkiyədə 64,2, İtaliyada 62,8, Yunanıstanda isə 59 %-dir.4

Elmi tədqiqatların aparılması sahəsində liderlik, tədqiqat işlərinin əhəmiyyətlilik dərəcəsi (H-index üzrə elmə verilən töhfələrin qiymətləndirilməsi)

Tədqiqat universiteti anlayışı ilk olaraq 1818-ci ildən etibarən Humboldt Universitetinin nümunəsində formalaşmışdır. 200 illik müsbət
ənənənin mövcudluğu universitetlərin missiya və hədəfləri ilə bağlı müxtəliflikləri saxlamaqla tədqiqat universitetinə çevrilmənin əsas şərtlərini ödəməyə imkan verir. Bütün reytinq sistemlərində bəzən tamamilə, bəzən də böyük ölçüdə tədqiqatların və elmi nəşrlərin xüsusi çəkisinin olduğu aydın müşahidə edilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin də mövcud reytinq sistemlərində daha yuxarı səviyyələrdə təmsil oluna bilməsi üçün ilkin şərt ciddi, peşəkar, məhsuldar tədqiqatçıları işçi heyətə daxil etmək, tələb olunan şəraiti yaratmaqla onları karyera hədəfləri istiqamətində idarə etmək lazımdır. Məhsuldar tədqiqatçılarının olduğu təqdirdə istənilən ali təhsil müəssisəsi “tədqiqat universiteti, elm müəssisəsi” statusu qazanır. Belə müəssisələrin diqqət yetirməli olduğu məqamlara aşağıdakılar aid edilir:

  • tədqiqatçılıq bacarıqları yüksək olan pedaqoji/akademik heyətin işə cəlb edilməsi;
  • pedaqoji/akademik heyətə tədqiqatın aparılması üçün əlavə zaman imkanı yaradılması;
  • tədqiqatın aparılması üçün tələb olunan maliyyənin təmin edilməsi;
  • tədqiqatın aparılması üçün infrastrukturun qurulması;
  • tədqiqatın aparılması üçün müəssisəyə doktorantların, tədqiqatçı assistentlərin cəlb edilməsi;
  • pedaqoji/akademik heyətin attestasiyası, qiymətləndirilməsi işində xüsusilə elmi nəşrlərə üstünlük verilməsi.

Aparılan elmi tədqiqat işlərinin, elmi nəşrlərin qiymətləndirilməsi üçün müəyyən edilmiş ilkin meyarlar az, yaxud çox əhəmiyyətli olmaq şərti ilə nəşrin elmi tutumu haqqında informasiyanı təqdim edir:

Ümumi nəşr sayı – Məhsuldarlığı nümayiş etdirmək məqsədilə faydalı meyardır. Lakin nəşrin əhəmiyyətliliyi, faydalılığı baxımından informasiya verə bilmədiyi üçün kifayət qədər əsaslı meyar hesab edilmir.

Ümumi iqtibas sayı – aparılan tədqiqatın, araşdırmaların faydalılıq dərəcəsini aşkara çıxarmaq baxımından iqtibas (sayı) tutarlı meyardır. Bu, tədqiqatın hansı səviyyədə müzakirə mövzusu olduğundan, növbəti tədqiqatlar üçün etibarlı mənbə olaraq istinad edildiyindən xəbər verir.

Hər bir nəşrə edilən iqtibas sayı – həm ilk iki meyarın birlikdə dəyərləndirilməsini təmin edir, həm də nəşrinin sayı çox olan təcrübəli
elm adamı ilə nəşr sayı nisbətən məhdud miqdarda olan gənc tədqiqatçını müqayisə edə bilmək üçün önəmli imkandır.

Keyfiyyətli/faydalı nəşr sayı – müəyyən saydan (məsələn, 5-dən) çox iqtibas edilən nəşrlərin önəm verildiyi, diqqət yetirildiyi meyardır.

H-indeksi 2005-ci ildə Argentina əsilli ABŞ fiziki Xorxe Hirşanın təklif etdiyi elmmetrik göstərici əsasında və alimin şərəfinə eyni adla qəbul edilmişdir. H-indeksi alimlərin (müəlliflərin), yaxud alim qrupunun (müəlliflər qrupunun), eyni zamanda təmsil olunduqları elm, təhsil müəssisəsinin fəaliyyətinin elmi nəşrlər və həmin nəşrlərə istinada görə kəmiyyət göstəricisidir.

H-indeksinə elmi ədəbiyyatda hirşa indeksi5 olaraq rast gəlmək də mümkündür. Elmi məhsuldarlığın ölçülməsi baxımından geniş istifadə edilən h-indeksi, bir alimin (alim qrupunun) reputasiyasının yalnız vahid, rəqəmlə ifadəsinə görə məhdud təəssürat yaratmaqla yanaşı, müəyyən suallar da yaradır. Lakin buna baxmayaraq, o, sadəcə ümumi nəşr sayı, bütün nəşrlərə ümumi iqtibas və hər bir nəşrə ayrı-ayrılıqda iqtibas sayının nəzərə alındığı sistemlərdən daha faydalı hesab edilir. Məsələn, müvafiq sahə üzrə yalnız bir (ilkin) məqalə nəşr etdirən, yaxud bir neçə məqalənin hər birində 1-2 iqtibas gətirilən müəllifləri reytinq siyahısından çıxarmağa imkan verir. Bu da, yüksək h-indeksinə sahib olmaq üçün daha çox məqalə nəşr etdirməklə yanaşı, hər bir məqalədə maksimum sayda iqtibas gətirilməsi uğrunda rəqabəti6 təmin edir: 

h-index = n_a

Müəllifin bir məqaləsinə edilən 10 istinad, onun 10 məqaləsinin hər birinə edilmiş 1 istinada bərabərdir, yəni hər iki halda müəllifin hindeksi 1-ə bərabərdir (Şəkil 1).

Şəkil 1 h-indeksin qiymətinin asılılıq qrafiki                                          Şəkil 2 h-indeksin hesablanma qaydası

Formal olaraq, f-i hər hansı bir nəşrə verilmiş iqtibas sayı (funksiya) götürsək, h-indeksi aşağıdakı qaydada hesablanır:

f-in qiymətini ən böyükdən ən kiçiyə doğru sıraladıqdan sonra f-in mövqeyindən böyük, yaxud ona bərabər olan son mövqeyi müəyyən etmək lazımdır. Bu mövqeni h adlandırırıq. Məsələn, 5 elmi nəşrində – A, B, C, D, E – də sıra ilə 10, 8, 5, 4 və 3 dəfə iqtibas gətirilən müəllifin h-indeksi 4-ə bərabərdir, çünki dördüncü nəşrdə iqtibas sayı 4-dür. Beşinci nəşrdə sadəcə 3 iqtibas var. Eyni nəşrlərdə 25, 8, 5, 3, 3 iqtibas gətirildiyi nümunədə isə h-indeksi 3-dür, çünki dördüncü nəşrə gətirilən iqtibas sayı 3-dür.

f(A)=10, f(B)=8, f(C)=5, f(D)=4, f(E)=3         → h-index=4

f(A)=25, f(B)=8, f(C)=5, f(D)=3, f(E)=3            → h-index=3

f funksiyasının ən böyük qiymətindən ən kiçik qiymətinə doğru sıralasaq, h-indeksini aşağıdakı qaydada hesablaya bilərik: 

h-index (f) = {\displaystyle \max _{i}\ min(f(i),i)}\max _{i}\min(f(i),i)

Növbəti nümunədə eyni şərti daha sadə hesablama üsulu ilə (hesablama ağacı) təqdim etmək mümkündür (Şəkil 2).

Qeyd: müəllifin h-indeksi Google Scholar7- dakı istifadəçi profilindən daxil olmaqla avtomatik (sistem tərəfindən) təqdim edilir, ona görə “əl ilə” hesablanmasına ehtiyac yaranmayacaqdır.

Yaranan rəqabət fonunda müəlliflər öz hindeksinin yüksəldilməsinə iki variantda birbaşa şəxsi təşəbbüslə nail ola bilirlər:

  • yeni araşdırmalarda öz əvvəlki əsərlərindən iqtibas gətirməklə8;
  • iqtibas sayının az, yaxud çoxluğuna əhəmiyyət vermədən ümumi məqalə sayını artırmaqla.

Birinci halda aşağıdakı səbəblər müəllifin özündən iqtibas gətirməsinə təşviq edir:

  • əvvəlki məqalə və ya tədqiqatı daha təkmil səviyyəyə çatdırmaq və yeniləmək;
  • əvvəlki məqalə və ya tədqiqatın əlyetənliyini artırmaq, daha az reytinqli jurnaldan müvafiq sahə üzrə daha məşhur jurnalda iqtibas verərsə, rast gəlinmə tezliyini yüksəltməyə nail olmaq;
  • az, yaxud heç iqtibas ala bilməyən əvvəlki məqalə və ya tədqiqatı tanıtmaq, xatırlatmaq;
  • müvafiq sahə üzrə özünün “peşəkar”, “mütəxəssis” olduğunu isbat etmək, məqalə və tədqiqatları dəyərləndirən rəyçiləri inandırmaq;
  • əvvəlki məqalə və tədqiqatda təklif edilən metod, metodologiya, yanaşma, üsul, vasitə və s. üçün doğruluğunu  əsaslandıracaq, möhkəmləndirəcək nümunələri təqdim etməklə problemin aktuallığını artırmaq;
  • rəqəm olaraq öz iqtibasgətirmə sayını yüksəltmək. 

İkinci halda, hər birinə minimum sayda iqtibas gətirilsə belə, ümumi məqalə sayının artması ilə digər tədqiqatçıların həmin müəllifin məqalələrinə daha çox rastgəlmə imkanını artırır. Yüksələn rastgəlmə tezliyi daha çox sayda iqtibas gətirə bilmək imkanını  artırdığından, h-indeksini yüksəltmək mümkün olur.

Beynəlxalq səviyyədə elm mühitində humanitar elmlər sahəsi ilə sosial elmlər, həmçinin riyaziyyat sahəsi baxımından h-indeksin imkanlarının müqayisəsi tam uğurlu hesab edilmir. Əldə edilən nəticələr ayrı-ayrı elmlərarası ciddi fərqlər yaradır. H-indeksi fərqli elm
sahələrindən olan elm adamlarının nüfuzunun ədalətli müqayisə edilməsi üçün vahid, optimal mexanizm kimi təklif edilə bilməz.

NƏTİCƏ

Azərbaycan Respublikasında ali təhsil müəssisələrində elmi nəticələrin əlyetənliyi, impakt faktorlu jurnallarda məqalələrin nəşrinin artırılması, xarici universitetlərlə tələbə, müəllim mübadiləsi, beynəlxalq tələblərə cavab verən veb-səhifələrinin aktivliyi və s. kimi göstəriciləri nəzərə alaraq, milli reytinqdə əhəmiyyətli mövqeyə nail olmaq, eləcə də beynəlxalq reytinq sistemlərində uğurla təmsil olunmaq mümkündür. Bunun həyata keçirilməsi ilə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinq hesabatlarında yer alması, həmçinin orada yer alan universitetlərin ranqının yüksəlməsi kimi üstünlüklərə nail olmaq mümkündür.

Tədqiqat materiallarının ümumiləşdirilməsi aşağıdakı nəticələrə gəlmək və təkliflər irəli sürmək imkanı verir: 

Ali təhsilin keyfiyyətinin yüksəldilməsi alətlərindən biri – ali təhsil müəssisələrinin keyfiyyətinin müqayisə mexanizmi hesab olunur. Cari vəziyyəti nəzərə almaqla elmi əsaslandırılmış metodikanın yaradılması, təkmilləşdirilməsi, ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi və inkişaf etmiş ölkələrin reytinqin yüksəldilməsi sahəsində təcrübəsindən məqsədyönlü istifadə Azərbaycan Respublikasının ali təhsil sistemi üçün zəruri məsələlərdəndir. Reytinqi təyin etmənin əsas məqsədləri aşağıdakı kimidir:

  • qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim olunması (abituriyentlərə və onların valideynlərinə; təhsil siyasətini
    formalaşdıran mütəxəssislərə, işəgötürənlərə, beynəlxalq təşkilatlara);
  • ali təhsil müəssisələrinin inkişafını stimullaşdırmaq və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etmək;
  • ali təhsil müəssisələrinin daxili keyfiyyətartırma mərkəzlərinin yaradılmasına və mövcud mərkəzlərin inkişafına təkan vermək.

Reytinqlər, ali təhsildə keyfiyyətin təmin edilməsinə xidmət edir və ayrı-ayrı kateqoriyalar üzrə ranqlaşdırılmış cədvəllərdə hər bir  universitet qərarlaşdığı yeri və cari vəziyyətini, problemləri, çatışmazlıqları, eyni zamanda üstünlüklərini aydın müşahidə edə bilir. Ona görə də ali təhsil müəssisələri keyfiyyətin yaxşılaşdırılması üçün müvafiq addımlar atmağa daxili təşəbbüsü əsasında səfərbər olmalı, reytinqin nəticələrinə – informasiyaya dövlət, cəmiyyət, valideyn və xüsusilə də abituriyent/tələbənin çıxışını təmin etməlidir.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikası ali məktəblərinin reytinqləri üzrə tədqiqatlar. URL: http://www.rating.edu.az/index.php/az/layihehaqqinda
(istinad tarixi 07.05.2019).
2 Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı. // Təhsil xəbərləri. 2009, № 4, s. 5-40.
3 Azərbaycan Universitetlərinin Vebometrik Reytinqinin Keçirilməsi Konsepsiyasının Hazırlanması. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün Gənc Alim va Mütəxəssislərin müsabiqəsinin (EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə yetirilmiş layihə. EIF/GAM-1- 2011-2(4)-26/05/1-M-26
4 Azərbaycan-2020: Gələcəyə baxış inkişaf konsepsiyası. “Azərbaycan”, 2012, 30 dekabr.
5 Əhmədov, H.H. (2010). Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı, Elm. 800 s.
6 Leiden Ranqlaşdırması. Hollandiyanın Leiden Üniversitesi nəzdində CWTS-nin (The Centre for Science and Technology Studies) hazırladığı reytinq saytı. URL: http://www.cwts.nl/ranking/LeidenRankingWebSite.html (istinad tarixi 09.05.2019).
7 Məmmədov, H., Hüseynov, H. (2014). Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının bəzi icra mexanizmləri. “Azərbaycan”. 8 yanvar. № 1. s.6.
8 Mərdanov, M. (2009). 525-ci qəzet. 2 may. s.10-11. URL: http://anl.az/down/meqale/525/525_may2009/77276.htm (istinad tarixi: 09.06.2019).
9 Yaşar, Ə. (2013). Azərbaycan Universitetlərinin Reytinqinin Keçirilməsi Üçün Milli Mexanizmin İşlənməsi. Bakı Universitetinin Xəbərləri. №3 Fizika-riyaziyyat elmləri seriyası. s. 112-117.
10 Academic Ranking of World Universities (ARWU – (ShanghaiRanking Consultancy)). URL: http://www.shanghairanking.com/resources.html (istinad tarixi 07.05.2019). 
11 Aydın, M.S., Kaya, H., Kete, H. (2017). Yükseköğretim Hizmetlerinin Özellikleri Ve Türkiye’de Yükseköğretim Hizmetlerinin Görünümü (Features Of Higher Education Services And Appearance Of Higher Education Services In Turkey). Journal Of Awareness 2 / 2 (June): 1-24.
12 Azerbaijan Ranking Web of Universities. URL: https://www.webometrics.info/en/Europe/Azerbaijan#content (istinad tarixi 06.05.2019).
13 Berlin Principles on Ranking of Higher Education Institutions. URL: https://www.che.de/downloads/Berlin_Principles_IREG_534.pdf (istinad tarixi 09.05.2019).
14 CHE-Excellence Ranking (Center for Higher Education). URL: http://www.cheranking.de/cms/?getObject=613 (istinad tarixi 10.05.2019).
15 Kalaycı, N. (2008). Yükseköğretimde Öğretimi Değerlendirme Anketlerinde Öğrenci. Algılarındakı Farklılıkların Puanlamaya Etkileri. Kuram ve Uygulamada Eğitim Yönetimi. Bahar, Sayı 54, ss: 235-275.
16 QS World University Rankings (Quacquarelli Symonds). URL: https://www.topuniversities.com/universityrankings (istinad tarixi 10.01.2019).
17 Özer, M., Gür, B.S., ve Küçükcan, T. (2009). Yükseköğretimde Kalite Güvencesi. SETA Yayınları X, I Baskı, Pelin Ofset, Ankara. 115 s.
18 Performance Ranking of Scientific Papers for World Universities (Higher Education Evaluation and Accreditation Council of Taiwan). URL: http://nturanking.lis.ntu.edu.tw/ (istinad tarixi 09.05.2019).
19 Ranking Web of World Universities (Cybermetrics Lab (CCHS), a unit of the Spanish National Research Council (CSIC)). URL: http://www.webometrics.info/en (istinad tarixi 20.05.2019).
20 SCImago reytinqi – SCImago tərəfindən hazırlanan, 17000 jurnalı müqayisə edən Scopus data bazadan istifadə etməklə aparılan
reytinq sistemi. URL: (istinad tarixi 09.05.2019) 
21 THE (Times Higher Education) World University Rankings. URL: https://www.timeshighereducation.com/world-university-rankings (istinad tarixi 14.05.2019).
22 The World Higher Education Database – the WHED. International Association of Universities/UNESCO Information Centre on Higher Education. International Handbook of Universities (IHU). URL: http://www.unescowhed.org/ (istinad tarixi 10.05.2019).
23 Türkiye’nin Yükseköğretim Stratejisi. (Yükseköğretim Kurulu tarafından hazırlanmıştır. Yayın No: 2007-1.) URL: http://www.oktemvardar.com/articles/turkiyenin%20yok_strateji_kitabi.pdf (istinad tarixi 07.05.2019).
24 Universitas 21. U21 Ranking of National Higher Education Systems – 2019. URL: https://universitas21.com/rankings (istinad tarixi 11.05.2019).
25 UTD Top 100 Business School Research Rankings (The UT Dallas’ School of Management). URL: http://jindal.utdallas.edu/the-utd-top-100-business-school-research-rankings/index.php (istinad tarixi 10.05.2019).
26 Рейтинг национальных систем высшего образования / U21 Ranking of National Higher Education Systems. URL: https://gtmarket.ru/ratings/u21-ranking-ofnational-higher-education-systems/info (istinad tarixi 08.01.2019).
27 Рейтинги высшего образование. URL: https://www.iqconsultancy.ru/articles/reytingi-vysshego-obrazovaniya/ (istinad tarixi 09.05.2019).