EV MÜHİTİNİN ŞAGİRDİN AKADEMİK NAİLİYYƏTLƏRİNƏ TƏSİRİ — PISA 2018
Tarix boyu şagirdlərin akademik nailiyyətlərinə hansı amillərin təsir etdiyi tədqiqatçıların diqqət mərkəzində olub. Bəziləri məktəb mühitinin şagird nailiyyətinə təsirini araşdırıb, bəziləri isə ev mühitinin şagirdin akademik göstəricilərinə böyük təsirinin olduğunu aşkar edib. Azərbaycanda da aparılan müxtəlif yerli və beynəlxalq qiymətləndirmələr çərçivəsində bu amillərin təsir səviyyəsi müəyyənləşdirilib. Ölkəmizin iştirak etdiyi beynəlxalq şagird qiymətləndirmələrindən biri də PISA tədqiqatıdır. PISA – Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) (Organisation for Economic Co-operation and Development) tərəfindən 2000-ci ildən bəri hər 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət fənləri sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmə bacarığını yoxlayır. Bu məqalədə ev mühitinin PISA 2018 çərçivəsində şagirdlərin oxu, riyaziyyat, təbiət fənləri üzrə nəticələrinə necə təsir göstərdiyi araşdırılıb. Müəyyən olunub ki, ev mühitinin şagirdlərin akademik nəticələrinə təsir etməsi, istər İƏİT səviyyəsində, istərsə də Azərbaycan səviyyəsində özünü doğruldur. Həmçinin yekunda təhsildə ədalətin təmin olunması üçün atıla biləcək addımlara nümunələr göstərilib.
GİRİŞ
Tarix boyu şagird nailiyyətlərinə təsir edən səbəblər tədqiqatçıların diqqət mərkəzində olub. Onlardan bəziləri valideynlərin təhsil səviyyəsini, bəziləri ailənin iqtisadi vəziyyətini, digərləri isə məktəbdəki şəraiti və dövlətin təhsilə ayırdığı büdcəni əsas təsiredici amil hesab edib. Məsələn, Tobi Parsel və Mikaela Dufur tərəfindən aparılan “Evdəki və məktəbdəki kapital: Şagird nailiyyətinə təsiri” adlı araşdırmaya görə, ailə mühiti və məktəbdəki sosial mühit nə qədər yaxşı olsa, şagirdin riyaziyyatdan nəticəsi bir o qədər sevindirici olar (Parcel, 2001). Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən, 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiət fənləri üzrə biliklərinin qiymətləndirildiyi TİMSS – Riyaziyyat və təbiət fənləri üzrə beynəlxalq qiymətləndirmə proqramı (Trends in International Mathematics and Science Study) şagirdlərin riyazi bilikləri ilə onların məktəb və ev mühiti arasında əlaqəni müəyyənləşdirir (Mullis, 2011). Araşdırma göstərir ki, şagirdin evdə malik olduğu imkanlar ilə (o cümlədən valideynin təhsili) onun riyaziyyat nailiyyəti arasında güclü müsbət əlaqə vardır. Yəni şagirdin evdə malik olduğu imkanlar nə qədər çox olarsa, riyaziyyat fənnindən nəticəsi də bir o qədər yüksək olar.
Beləliklə, şagirdin ev mühiti, o cümlədən sosial-iqtisadi təminatı ilə onun oxu, riyaziyyat, təbiət fənləri arasındakı əlaqə PISA 2018 tədqiqatının da diqqət mərkəzində olub. PISA – Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) (Organisation for Economic Co-operation and Development) tərəfindən 2000-ci ildən bəri hər 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət fənləri sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmə bacarığını yoxlayır. Bu günə qədər 80-dən artıq ölkə və iqtisadiyyat PISA tədqiqatında iştirak edib. Azərbaycan PISA tədqiqatında ilk dəfə 2006-cı ildə, sonra isə 2009 və 2018-ci illərdə iştirak edib. Qeyd edək ki, iştirak İƏİT-ə üzv ölkələr üçün məcburi, qalan ölkələr üçün könüllüdür. Digər iştirakçılar, adətən, inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr olur.
2000-ci ildə PISA-nın əsas hədəfi oxu savadlılığını müəyyənləşdirmək, 2003-cü ildə riyaziyyat, 2006-cı ildə təbiət fənləri, 2009-cu ildə isə yenidən oxu savadlılığı olub. Beləliklə, PISA-da hər tədqiqat dövrü üçün bir istiqamət əsas hesab olunur. Nəticələr həmin istiqamətdə daha dərindən təhlil olunur və beynəlxalq hesabatlarda öz əksini tapır. 2018-ci ildə bu sahə oxu savadlılığı olub.
PISA 2018-də 79 ölkədən/iqtisadiyyatdan 600000 şagird iştirak edib və bu şagirdlər həmin ölkələrdəki 15 yaşlı 32 milyon şagirdi təmsil edib. Yəni 600000 şagird haqqında toplanan məlumatlar 32 milyon şagirdə şamil olunub.
PISA 2018-də qiymətləndirmə kağız və kompüter əsaslı olmaqla həyata keçirilib. Testlə yanaşı şagirdlərə müxtəlif adlarda sorğular təklif olunub. Bunlara şagird sorğusu, müəllim, direktor, valideyn, rifahla bağlı sorğu, karyera ilə bağlı sorğu və şagirdlərin kompüterlə tanışlıq səviyyəsini müəyyənləşdirməyə yönəlmiş sorğu aiddir.
PISA 2018-də şagirdlərimiz hər 3 istiqamət üzrə İƏİT ortalamasından daha aşağı nəticə göstəriblər. Bu fərq ən çox oxuda, daha sonra təbiət fənlərində özünü göstərib. Şagirdlərimiz riyaziyyat üzrə İƏİT ortalamasına daha yaxın nəticə göstəriblər. Onların PISA 2018-də oxu, riyaziyyat və təbiət fənləri üzrə nəticəsi qrafik 1-də verilir.
Qrafik 1 PISA 2018 oxu, riyaziyyat, təbiət fənləri üzrə nəticələr
PISA 2018 NƏTİCƏLƏRİNƏ SOSİAL-İQTİSADİ TƏMİNATIN VƏ EV MÜHİTİNİN TƏSİRİ – ÜMUMİ
PISA 2018 tədqiqatı çərçivəsində şagirdlər, valideynlər, müəllimlər və direktorlara təklif olunan müxtəlif sorğu nəticələri ilə təhsilalanların PISA nəticələri əlaqələndirilib və maraqlı yekun əldə olunub. PISA-da bir şagirdin sosial-iqtisadi statusu onun iqtisadi, sosial və mədəni indeksi ilə qiymətləndirilir. Bu isə şagird üçün mövcud olan maliyyə, sosial, mədəni və insan kapitalı ehtiyatlarını vahid bir dəyərdə birləşdirən ölçüdür. Təcrübədə bu göstərici şagirdin ailəsi ilə bağlı bir neçə dəyişənlərdən əldə olunur və daha sonra üç komponentdə qruplaşdırılır. Bu dəyişənlərə aiddir: valideynlərin təhsili, valideynlərin peşəsi, evdə malik olduğu resursların sayı (avadanlıq, işləmək üçün sakit otaq, internetə çıxış, kitabların sayı və evdə mövcud olan digər təhsil resursları). PISA 2018-də üç komponent (valideynlərin təhsili, valideynlərin peşəsi və evdə olan resurslara dair indeks) eyni çəkili qəbul edilib.
PISA 2018-də sosial-iqtisadi cəhətdən çoxtəminatlı şagird dedikdə, öz ölkəsində sosial-iqtisadi indeksi ən yüksək olan şagirdlərin 25%-i arasında yer alan şagird başa düşülür. Eyni qaydada, sosial-iqtisadi cəhətdən aztəminatlı şagird dedikdə, öz ölkəsində sosial-iqtisadi indeksi ən aşağı olan şagirdlərin 25%-i arasında yer alan şagird başa düşülür. Qalan 50% şagird isə sosial-iqtisadi cəhətdən orta səviyyədə təminatlı hesab olunur. Bu qaydaya uyğun olaraq, məktəblər də sosial-iqtisadi cəhətdən çoxtəminatlı, aztəminatlı və orta təminatlı şəkildə qruplaşdırılıb. PISA 2018 iştirakçıları üzrə sosial, iqtisadi və mədəni indeksi qrafik 2-də verilir.
Qrafik 2 PISA 2018 sosial, iqtisadi, mədəni indeks
İndeksin 1-ə yaxın olması həmin ərazidə şagirdlərin sosial, iqtisadi və mədəni statusunun yaxşı olmasını, əksinə, 2-yə yaxın olması isə şagirdlərin sosial, iqtisadi və mədəni statusunun zəif olmasını göstərir. Azərbaycan indeks sıralamasına görə 79 ölkə/iqtisadiyyat içərisində 55-ci yerdədir.
Sosial-iqtisadi cəhətdən yaxşı təmin olunmuş şagirdlər zəif təminatlı şagirdlərdən daha yaxşı PISA nəticəsi göstərirlər, lakin bu iki qrup şagirdin nəticələri arasındakı fərqlilik ölkələrdən asılı olaraq dəyişir. PISA 2018-də çoxtəminatlı şagirdlər aztəminatlı şagirdlərdən 89 bal daha yüksək nəticə göstərib. Bu fərq PISA 2009-da 87 bal idi. İƏİT ölkələrində orta hesabla oxu nəticəsinin 12%-i sosial, iqtisadi və mədəni statusla izah olunur. İƏİT ölkələri də daxil olmaqla 11 ölkə və iqtisadiyyatda – Avstraliya, Kanada, Danimarka, Estoniya, Finlandiya, Yaponiya, Koreya, Norveç və Birləşmiş Krallıqda orta göstərici İƏİT ortalamasından yuxarı olsa da, sosial-iqtisadi statusla oxu nəticəsi arasındakı əlaqə İƏİT ortalamasından daha zəifdir. Orta hesabla, İƏİT ölkələrində çoxtəminatlı şagirdlərin 17.4%-i, aztəminatlı şagirdlərin isə yalnız 2.9%-i oxu üzrə ən yaxşı nəticə göstərənlər arasında olub, yəni 5 və 6-cı qabiliyyət səviyyəsinə uyğun nəticə göstərib.
Ümumilikdə, 2018-ci ildə İƏİT ölkələrində iqtisadi, sosial və mədəni statusa dair indeksdə 1 vahid artım, oxu nəticəsində 37 bal artımla müşahidə olunub. Şagirdlərin sosial-iqtisadi statusundan asılı olaraq oxu nəticəsində ən böyük fərq Belarusda müşahidə olunub. Belə ki, sosial-iqtisadi indeksdə hər bir vahid artım, oxu nəticəsində 51 bal artıma səbəb olub. Belçika, Çexiya, Fransa, Macarıstan, İsrail, Slovakiya və Ukraynada sosial-iqtisadi indeksdə artım oxu nəticəsində 45-50 bal arası artımla müşayiət olunub. Əksinə olaraq, 15 ölkə və iqtisadiyyatda sosial-iqtisadi indeksdə hər bir vahid artım oxuda 25 baldan daha aşağı fərqlə nəticələnib.
ŞAGİRDİN RİFAHI VƏ PISA NƏTİCƏSİ: İƏİT
PISA 2018 tədqiqatında şagirdlərimiz rifah sorğusunda iştirak etməyib. Lakin digər iştirakçı ölkələrin nəticələrində şagirdin rifah səviyyəsinin onun PISA nəticəsində necə rol oynadığına baxmaq maraqlı olardı. Aşağıda İƏİT ölkələrində şagirdlərin rifah sorğusunun bir sualı üzrə riyaziyyat fənni nəticəsi göstərilib. Belə ki, valideynləri/qəyyumları ilə münasibətindən bu və ya digər səviyyədə məmnun olan şagirdlər qətiyyən məmnun olmayanlardan ən azı 29 bal daha çox bal toplayırlar (Qrafik 3).
Qrafik 3 Valideynlərlə münasibətdən məmnunluq və PISA nəticəsi
Rifah sorğusunda valideynlərin şagirdlərə yanaşma tərzini müəyyənləşdirmək üçün müxtəlif suallar verilib. İƏİT ölkələri üzrə valideynlərin övladlarına yanaşmasının onların PISA oxu nəticəsində necə əks olunduğunu 4-7-ci qrafiklərdən görə bilərik:
Valideynlərindən ehtiyacı olanda həmişə lazımi qədər kömək alan şagirdlərin oxu nəticəsi həmin köməyi heç vaxt almayan şagirdlərə
nəzərən 34 bal yuxarıdır (Qrafik 4).
Qrafik 4 Valideynlərin övladına kömək etməsi və PISA nəticəsi
Valideynləri istədiyi vaxt xoşladığı şeyi etməyə icazə verən şagirdlər buna icazə verilməyən şagirdlərdən 36 bal daha çox oxu nəticəsi göstərirlər (Qrafik 5).
Qrafik 5 Valideynlərin övladına xoşladığı şeyləri etməyə icazə verməsi və PISA nəticəsi
Valideynlərinin onların qayğısına qaldığını həmişə hiss edən şagirdlər əksini düşünən şagirdlərdən 39 bal daha yuxarı oxu nəticəsi
göstərirlər (Qrafik 6).
Qrafik 6 Valideynlərin övladının qayğısına qalması və PISA nəticəsi
Qrafik 7-dən görünür ki, valideyn övladına nə qədər sərbəstlik verirsə, şagirdin oxu nəticəsi o qədər yüksək olur. Belə ki, bu azadlığı həmişə hiss edən və heç vaxt hiss etməyən şagirdin nəticəsi arasında 41 bal fərq vardır. Bunu rifah sorğusunda təklif olunan digər bir sualın nəticəsindən də görmək mümkündür. Belə ki, “Valideynlərim məni öz qərarlarımı verməyə təşviq edir, həvəsləndirirlər” deyən şagirdlər əksini iddia edənlərdən 27 bal daha yuxarı oxu nəticəsi göstərirlər.
Qrafik 7 Valideynin övladının hərəkətlərinə nəzarət etməsi və PISA nəticəsi
VALİDEYNLƏRİN TƏHSİLİ VƏ PISA NƏTİCƏSİ: AZƏRBAYCAN
Ümumi sosial-iqtisadi indekslə yanaşı bu indeksi təşkil edən komponentlərə Azərbaycan üzrə ayrılıqda baxmaq maraqlı olardı.
Qrafik 8 Ananın təhsili və oxu nəticələri
Qrafik 8-dən görünür ki, anası tam orta məktəbi bitirmiş şagirdlə, anası, ümumiyyətlə, təhsil almamış şagirdin oxu nəticəsi arasında
41 bal fərq vardır. Şagirdlərin 73.7%-nin anası tam orta təhsilli, 22.5%-i ümumi orta təhsillidir, 1.6%-i ibtidai təhsillidir, 2.3%-i isə, ümumiyyətlə, təhsil almayıb.
Qrafik 9 Ananın təhsili və riyaziyyat nəticələri
Anası tam orta məktəbi bitirmiş şagirdlə, anası təhsil almamış şagirdin riyaziyyat nəticəsi arasında 52 bal fərq vardır (Qrafik 9). Anası
tam orta məktəbi bitirmiş şagirdlə, anası təhsil almamış şagirdin təbiət fənləri üzrə nəticəsi arasında 27 bal fərq vardır (Qrafik 10).
Qrafik 10 Ananın təhsili və təbiət fənləri üzrə nəticələr
Qrafik 11-dən görünür ki, atası tam orta məktəbi bitirmiş şagirdlə, atası, ümumiyyətlə, təhsil almamış şagirdin oxu nəticəsi arasında 55 bal fərq vardır. Şagirdlərin 79.2%-nin atası tam orta təhsilli, 18.1%-i ümumi orta təhsilli, 0.8%-i ibtidai təhsillidir, 1.9%-i isə, ümumiyyətlə, təhsil almayıb.
Qrafik 11 Atanın təhsili və oxu nəticələri
Atası tam orta məktəbi bitirmiş şagirdlə, atası, ümumiyyətlə, təhsil almamış şagirdin riyaziyyat nəticəsi arasında 79 bal fərq vardır
(Qrafik 12).
Qrafik 12 Atanın təhsili və riyaziyyat nəticələri
Atası tam orta məktəbi bitirmiş şagirdlə, atası, ümumiyyətlə, təhsil almamış şagirdin təbiət fənləri üzrə nəticəsi arasında 50 bal fərq
vardır (Qrafik 13).
Qrafik 13 Atanın təhsili və təbiət fənləri üzrə nəticələr
EVDƏKİ RESURSLAR VƏ PISA NƏTİCƏSİ: AZƏRBAYCAN
Şagirdlərimizin böyük əksəriyyətinin evində dərs oxumaq üçün minimal şərtlərdən biri olan yazı masası vardır (Qrafik 14). Qrafik 15-dən göründüyü kimi, dərs oxumağa xidmət edən bu minimal şərtin ödənilib-ödənilməməsi hər üç fənn sahəsi üzrə nəticələrdə fərqlilik yaradır. Bu fərq riyaziyyat və oxu üzrə 32 bal, təbiət elmləri üzrə isə 27 baldır.
Qrafik 14 Dərs oxumaq üçün masaya sahib olan şagirdlərin payı
Qrafik 15 Dərs oxumaq üçün masaya sahib olma və PISA nəticəsi arasında əlaqə
Şagirdlərimizin böyük əksəriyyəti evində dərs oxumaq üçün minimal şərtlərdən biri olan sakit yerlə təmin olunub (Qrafik 16).
Qrafik 16 Dərs oxumaq üçün sakit yerə malik şagirdlərin payı
Qrafik 17-dən göründüyü kimi, dərs oxumağa xidmət edən minimal şərtin ödənilib-ödənilməməsi oxu və riyaziyyat üzrə nəticələrdə
fərqlilik yaratsa da, bu çox da böyük deyil. Belə ki, bu fərq həm riyaziyyat, həm də oxu üzrə 9 baldır.
Qrafik 17 Dərs oxumaq üçün sakit yerə malik olma və PISA nəticəsi arasında əlaqə
Müasir dövrdə keyfiyyətli təhsilə xidmət edən şərtlərdən biri də şagirdin istər məktəbdə, istərsə də evdə kompüter texnologiyaları ilə təmin olunmasıdır. Belə ki, kompüter texnologiyası böyük bir məlumat bazasını şagird üçün əlçatan edir və nəinki öz ölkəsində mövcud olan tədris materialları, həmçinin bir çox xarici ölkələrdə istifadə olunan müxtəlif formatlı tədris materiallarına çıxışı təmin edir. Ona görə də PISA şagird sorğusunda respondentdən dərs oxumaq məqsədilə kompüterə malik olubolmadığı soruşulur.
Qrafik 18 Dərs məqsədilə istifadə edilən kompüterə malik şagirdlərin payı
Qrafik 18-dən görürük ki, şagirdlərimizin yarısından çoxu evdə dərs məqsədilə istifadə etdiyi kompüterə malikdir. Kompüterə malik olan və olmayan şagirdlərin hər 3 fənn sahəsi üzrə nəticələrində fərqlilik yaranır. Bu fərq riyaziyyat üzrə 25, oxu üzrə 20, təbiət fənləri
üzrə isə 17 baldır (Qrafik 19).
Qrafik 19 Dərs məqsədilə istifadə edilən kompüterə malik olma və PISA nəticəsi arasında əlaqə
NƏTİCƏ
Mükəmməl təhsil yaxşı gələcək deməkdir. Ədalətli inklüziv təhsil sistemi arzuolunan cəmiyyətin formalaşmasına səbəb olur. Sosial-iqtisadi göstəricilərin, ümumilikdə ev mühitinin şagirdin akademik nailiyyətlərinə təsir etməsi PISA 2018 tədqiqatında da bir daha sübut olunub. Azərbaycan reallığında da bu təsirin sübut olunması təhsil siyasətində müvafiq amillərin nəzərə alınmalı olduğunu bir daha sübut edir.
Təhsildə sosial-iqtisadi bərabərsizliyi aradan qaldırmağa yönəlmiş tədbirlərə bunları misal göstərə bilərik:
- Sosial-iqtisadi faktorların təhsilə olan təsirləri haqqında digər aidiyyatı hökumət qurumları ilə birgə fəaliyyətin gücləndirilməsi;
- Məktəblərarası resurs bölgüsü aparılarkən keyfiyyət amili ilə yanaşı, həmin məktəblərin sosial-iqtisadi kontekstinin də nəzərə alınması və ya başqa sözlə, məktəb maliyyələşdirilməsində adambaşına maliyyələşdirmə üsulunun tətbiq olunması;
- Müasir tələblərə uyğun valideyn-məktəb münasibətlərini tənzimləyən mexanizmlərin hazırlanması;
- İnkişafı təmin edən və istiqamətləndirən qiymətləndirmə layihələrinin mütəmadi olaraq həyata keçirilməsinin təmin edilməsi;
- Təhsilin keyfiyyətinə yönələn tədbirlər tətbiq edilərkən məktəblərin sosial-iqtisadi xüsusiyyətlərindən asılı olaraq fərqli müdaxilə strategiyalarının seçilməsi;
- Ən zəif sosial-iqtisadi göstəricilərə malik məktəblərdə müdaxilə tədbirlərinin daha çox təsirli olmasının nəzərə alınması;
- Valideynlərin maarifləndirilməsi və dəstəkləyici ev mühitinin təmin edilməsi istiqamətində layihələrin həyata keçirilməsi.
İstifadə edilmiş ədəbiyyat
1 Mullis, I.V., Martin, M.O., & Foy, P. (2011). ARORA.(2012). TIMSS 2011 international results in mathematics.
2 OECD Skills Survey. https://pisadataexplorer.oecd.org/ide/idepisa/
3 Parcel, T.L., & Dufur, M.J. (2001). Capital at home and at school: Effects on student achievement. Social forces, 79(3), 881-911.
4 PISA 2018 Results (Volume I). What Students Know and Can Do.