HAQQIMIZDA

AZƏRBAYCAN MƏKTƏBİ

Elmi-nəzəri, pedaqoji jurnal

 

Təsisçi: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

1924-1930-cu illərdə "Yeni məktəb", 1930-1941-cü illərdə "Müəllimə kömək" adlanlandırılıb, 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunur.

 

Haqqında

“Azərbaycan məktəbi” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal 100 ildir təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.

Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.

“Azərbaycan məktəbi” ildə dörd dəfə (rüblük) nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

Jurnala əlavələr

 Keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib:

  • "Русский язык и литература в Азербайджане" (1947)
  • “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954),
  • “Fizika və riyaziyyat tədrisi” (1954),
  • “Kimya və biologiya tədrisi” (1956),
  • “Əmək və politexnik təlim” (1958),
  • “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964),
  • “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970),
  • “Məktəbdə bədən tərbiyəsi” (1976)

Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır.

 

Müstəqillik illərində "Azərbaycan məktəbi"

 Müstəqilliyimizin ilk illərində "Azərbaycan məktəbi" jurnalı bir çox problemlərlə və bağlanmaq təhlükəsi ilə üzləşib. Lakin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə bərqərar olan davamlı inkişaf kursu sayəsində təhsilin bütün sahələrində olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən "Azərbaycan məktəbi"nin fəaliyyətinin davam etdirməsinə imkan və şərait yaradılıb. Hazırda jurnal Azərbaycanın təhsil sistemində uğurla aparılan islahat prosesinə dəyərli töhfə verir. Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı dərc olunan məqalələrdə də öz əksini tapır. Jurnalda ardıcıl olaraq təhsil islahatları, o cümlədən müasir inkişaf tendensiyaları ilə bağlı məqalələr aparıcı yer tutur.

 

Fəaliyyət istiqamətləri

 Jurnalda yer alan Təhsil idarəçiliyi, Təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, Təhsil siyasəti, Kurikulum, Təhsil texnologiyaları, Pedaqogika, Təhsilin sosiologiyası, Təhsil tarixi, Xüsusi təhsil, Müəllim hazırlığı, Qiymətləndirmə və s. rubrikaların hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını (“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi konseptual sənədləri, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən geniş miqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınmasını, ümumi təhsilin müəssisələrinin ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını) işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir.

 

Jurnalla əməkdaşlıq edən məşhurlar

Azərbaycanın elmi-ictimai fikrinin tanınmış simaları - Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simurğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Mərdan Muradxanov, Bəşir Əhmədov, Yusif Talıbov, Əliheydər Həşimov, Əjdər Ağayev, Əbdül Əlizadə, Hüseyn Əhmədov, Nurəddin Kazımov, Yəhya Kərimov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu jurnal vasitəsilə oxuculara çatdırıblar. XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alırdı. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin (SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri, akademiklər Yuri Babanski, Artur Petrovski, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri Daniel Elkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Ammosov, Lev İtelson, Nadejda Krupskaya, akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amanaşvili) əsərləri sistemli olaraq jurnalın səhifələrində yer tutub. İttifaqın aparıcı elmi-pedaqoji nəşrləri “Azərbaycan məktəbi” jurnalında dərc olunan yazılardan ardıcıl olaraq iqtibaslar gətirib, buradakı elmi məqalələri öz səhifələrində yerləşdiriblər.

 

Jurnalın baş redaktorları

Jurnalın ilk baş redaktoru Mustafa Quliyev olub (1924-1928). Daha sonra Abbas Sultanov (1928-1929), Qılıncinski (1930) , Mikayıl Rəhimli (1932), Pənah Qasımov (1935-1936), İsmayıl Qasımov (1937-1940), Rüstəm Hüseynov (1940-cı ilin sonlarında), Laləzar Mustafayeva (1941-1943) , Ə.M.Qafarlı (1947), Rüstəm Hüseynov (1948-1963), Əkbər Mirzəyev (1963-1974), Əjdər Ağayev (1974-1981), Zəhra Əliyeva (1981-2006), Nəcəf Nəcəfov (2006-2018), Rahil Nəcəf (2018-2021) rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Arzu Soltandır.

 

 Beynəlxalq elmi indekslərdə

Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür. Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus International, Idealonline, РИНЦ indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir.