TIMSS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏSİ TƏHSİL SİYASƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏ ALƏT KİMİ
Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə təhsilin səviyyəsini müəyyən etməyə, mövcud problemləri araşdırmağa və nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. Bu beynəlxalq qiymətləndirmə tədqiqatlarından biri də TIMSS-dir (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə). Məqalədə beynəlxalq
qiymətləndirmələrdən milli təhsil sistemində necə istifadə olunduğundan, fərqli yaş qruplarından olan şagirdlərin müxtəlif fənlər üzrə hazırlığını, nailiyyətini və keyfiyyətə təsir edən amilləri müəyyən etməklə dəlillərə əsaslanan siyasətin əhəmiyyətindən danışılır. Qeyd olunur ki, TIMSS ölkələrin təhsil siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır, bir çox amillər üzrə təhsilin keyfiyyətinin digər ölkələrlə müqayisə olunmasına imkan verir, təhsil sahəsində qarşıya qoyulan məqsədə çatmaqda kömək edir. Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə ölkələrin təhsil proqramlarından şagirdlərə təhsil imkanlarının necə verildiyini və onların bu imkanlardan istifadə etməsinə təsir edən amilləri nəzərdən keçirən əsas konsepsiya kimi istifadə edir. TIMSS təhsil proqramına (kurikulum modeli) üç aspektdən baxır: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum və reallaşan kurikulum. Məqalədə bunların hər birinin izahı verilir.
GİRİŞ
TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə) şagirdlərin riyaziyyat və təbiət elmlərinə dair biliklərini ölçən beynəlxalq tədqiqatlardan biridir. 2019-cu ildə 7-ci dəfə keçirilən və 70-ə yaxın ölkənin iştirak etdiyi bu tədqiqat iştirakçı ölkələrə öz təhsil sistemlərinin effektivliyini monitorinq etmək, həmçinin beynəlxalq səviyyədə müqayisə aparmaq imkanı verir. İmtahan riyaziyyat və təbiət elmlərinə aid sualları əhatə etsə də, nəticələr təhsilalanların texnologiya və mühəndislik üzrə biliklərinin effektivliyini də monitorinq etməyə imkan yaradır. STEM (Science, Technology, Engineering and Mathematics) kimi bilinən təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat üzrə biliklərə müasir təhsil proqramlarında xüsusi önəm verildiyini, gələcəkdə riyaziyyat və təbiət elmləri üzrə baza biliklərinin çox tələb edildiyi sahələrə tələbatı nəzərə alsaq, qiymətləndirmənin əhəmiyyəti daha da artır.
TIMSS nailiyyət məlumatları şagirdlərin test nəticələri əsasında toplanılır və anket sorğuları şkalası ilə birlikdə aşağıdakı məqsədlər üçün istifadə oluna bilər (Mullis & Martin, 2017):
- milli səviyyədə nailiyyət trendlərinin qlobal miqyasda monitorinqi;
- təhsil siyasəti haqqında məlumat toplamaq üçün TIMSS nəticələrindən istifadə edilməsi, yeni və ya yenidən işlənmiş təhsil siyasətlərinin (proqramlarının) monitorinqi;
- aşağı nəticə göstərən sahələrin müəyyən edilməsi və təhsil proqramları (kurikulum) islahatlarının stimullaşdırılması;
- şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlərinə məktəb və ev mühitinin təsiri haqqında məlumatın əldə olunması.
Yuxarıda sadalanan bəndlərə əsasən ölkələr TIMSS-də əldə etdikləri nəticələri digər ölkələrin nəticələri ilə müqayisə edə, güclü və zəif tərəflərini görə bilər. Qiymətləndirmənin 4 ildən bir 4-cü və 8-ci siniflərdə keçirilməsinin məqsədi əvvəlki qiymətləndirmə dövründə təhsil alan şagirdlərin cari qiymətləndirmədə hansı nəticələri əldə etdiklərini müəyyən etməkdir. Anket sorğuları vasitəsilə isə məktəb və ev mühitinin, sosial-iqtisadi vəziyyətin şagirdlərin nailiyyətlərinə necə təsir etdiyi ölçülür və beləliklə, TIMSS bizə şagirdlərin nəticələri barədə hərtərəfli məlumat verir.
TIMSS VƏ ÖLKƏLƏRİN TƏHSİL PROQRAMLARI ARASINDAKI ƏLAQƏ
TIMSS ölkələrin təhsil proqramlarından şagirdlərə təhsil imkanlarının necə verildiyini və onların bu imkanlardan istifadə etməsinə təsir edən amilləri nəzərdən keçirən əsas konsepsiya kimi istifadə edir. Bu beynəlxalq qiymətləndirmədə təhsil proqramına (kurikulum modeli) üç aspektdən baxılması vacib hesab edilir: nəzərdə tutulan kurikulum, tətbiq edilən kurikulum və reallaşan kurikulum (Şəkil 1). Nəzərdə tutulan kurikulum dedikdə, şagirdlərin riyaziyyat və təbiət elmlərini ölkələrin kurikulumlarına və dərs kitablarına əsasən necə öyrənməli olduqları, təhsil sisteminin bu tədrisi necə fasilitasiya etməli olduğu başa düşülür. Tətbiq edilən kurikulum siniflərdə, əslində, nəyin və necə öyrədildiyini, reallaşan kurikulum isə şagirdlərin nəyi öyrəndiklərini və bu mövzuları öyrənmək barədə nə düşündüklərini müəyyən edir (Mullis & Martin, 2017). Şəkil 1 TIMSS kurikulum modeli
Bu modeldən istifadə edərək, iştirakçı ölkələrin təhsil siyasətini, riyaziyyat və təbiət elmləri üzrə təhsil proqramlarını sənədləşdirmək üçün hər tədqiqat dövründə TIMSS Ensiklopediyası – Riyaziyyat və Təbiət elmləri üzrə Təhsil Siyasəti və Kurikulum (Mullis, Martin, Goh, &
Cotter, 2016) nəşr etdirilir. 2015-ci ildə nəşr olunan TIMSS Ensiklopediyası bütün dünyada riyaziyyat və təbiət elmlərinin təlimini başa düşməyə kömək etmək üçün əhəmiyyətli bir qaynaqdır. Burada hər bir ölkə və etalon iştirakçı (bençmark) üzrə təhsil sisteminin quruluşu, ibtidai və ümumi orta təhsil səviyyəsi üzrə riyaziyyat və təbiət elmlərinin təhsil proqramları, müəllimlərin təhsilinə verilən tələblər, tətbiq olunan imtahan və qiymətləndirmə növləri ümumiləşdirilir.
2015-ci ildə BMT-yə üzv dövlətlər 2030-cu ilə qədər yoxsulluq, bərabərsizlik, xəstəlik, iqlim dəyişikliyi və digər inkişaf problemlərini həll etmək üçün dayanıqlı inkişaf məqsədləri (DİM) adlanan çərçivə sənədini qəbul etdi. DİM heç kimin geridə qalmadığını, unudulmadığını təmin edən hərtərəfli çərçivələr toplusudur. Bu sənəd 17 məqsəd və onlara dair 169 hədəfdən ibarətdir. Dayanıqlı inkişaf məqsədləri yoxsulluğa, aclığa son qoyulması, yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, gender bərabərliyi və s. kimi mühüm məsələləri özündə birləşdirir. Qəbul edilən məqsədlərdən 4-cüsü (DİM-4) isə keyfiyyətli təhsillə bağlıdır (BMT, DİM, 2015).
DİM-4 inklüziv və bərabər səviyyədə keyfiyyətli təhsili təmin etmək, hamı üçün ömür boyu öyrənmə imkanlarının təşviqi məqsədini daşıyır. O həm əsas səriştələrin səmərəli mənimsənilməsini, həm də sosial və mədəni həyat baxımından təhsil proseslərinin nəticələri ilə bağlı məsələləri ifadə edir. Bu qlobal öhdəliyin təhsil siyasəti, planlaşdırma, tətbiqetmə, xüsusən də öyrənmə proseslərinin və nəticələrinin yaxşılaşdırılması üçün vacib olan sahələrdə mühüm təsirləri vardır. Həmin sahələrə müəllimin təhsili, təlimin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf, təhsil proqramının, tədris və təlim materiallarının hazırlanması, məktəb rəhbərliyi,
eləcə də pedaqoji yanaşmalar daxildir. Təlimin qiymətləndirilməsinə öyrənmənin nəticələrini və inkişafını qiymətləndirmək, ölçmək və sənədləşdirmək üçün istifadə olunan geniş metod və vasitələr aiddir. Qiymətləndirmələr öyrənənlərin bildikləri, öyrəndikləri ilə nə edə
biləcəkləri barədə bir çox mənbədən məlumat toplayır, öyrənməyə imkan verən kontekstlər haqqında məlumat verir, həmçinin bu prosesə mane ola biləcək amilləri müəyyənləşdirir.
Minilliyin inkişaf məqsədlərinin “Təhsil – 2030” gündəliyi (İnçeon deklarasiyası, 2015) DİM-4-ün hədəflərinə doğru irəliləməni ölçmək üçün səmərəli və dəqiq sistemlər tələb edir. Beynəlxalq qiymətləndirmə tədqiqatları təlim məqsədlərinə doğru irəliləməni qiymətləndirmək üçün bütün ölkələrdən müvafiq məlumatları toplayaraq, təhsildə səriştəlilik səviyyələrini təyin etməyə və müqayisə aparmağa imkan verir. Bu məlumatlar həm də şagird-müəllim nisbətləri, təlim keçmiş müəllimlərin faizi və ya şagirdbaşına düşən xərcin ümumi daxili məhsuldakı payı kimi geniş istifadə olunan göstəriciləri ölçərək keyfiyyətli təhsilin mühüm ölçülərini təmin edir.
Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə tam olaraq dayanıqlı inkişaf məqsədlərini ölçmək üçün nəzərdə tutulmadığına görə, TIMSS məlumatları DİM-in hədəfləri ilə tam üst-üstə düşmür. Bununla belə, TIMSS-də ölçülən meyarlarla DİM-in hədəfləri arasında mühüm oxşarlıq var.
TIMSS 2019 məlumatlarına əsasən ölkələr mövcud problemlərin öhdəsindən gəlmək üçün dəlillərə əsaslanan məqsədyönlü strategiyaların hazırlanmasına davam etməlidirlər. Belə ki, “Riyaziyyat” fənni üzrə minimum bilik səviyyəsinə çatan 4-cü sinif şagirdləri arasında oğlan və qızların nisbəti bir-birinə yaxın olsa da, TIMSS 2015-lə müqayisədə oğlanların orta balı qızlardan yuxarı olmuşdur. Bu fərqin aradan qaldırılması üçün ibtidai təhsilin ilk illərindən başlayaraq, əlavə resurslara və diferensiallaşdırılmış təlimə, yeni strategiyalara ehtiyac olduğu ortaya çıxır. 8-ci sinifdə isə bir çox ölkələrdə minimum bilik səviyyəsinə çatan qızların nisbəti oğlanlardan çox olmuşdur ki, bu da bərabərsizliyin azaldılması üçün səylərin davam etdirilməsinə ehtiyac olduğunu göstərir.
Aşağıda Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə ilə dayanıqlı inkişaf məqsədləri arasındakı əlaqə verilmişdir (IEA & UNESCO, 2020):
Hədəf 4.1: 2030-cu ilədək bütün qız və oğlanların müvafiq və 4-cü məqsədin effektli təlim nəticələrinə nail olmağa imkan verən pulsuz, bərabər və keyfiyyətli ibtidai və ümumi orta təhsil səviyyələrini bitirmələrini təmin etmək.
Qlobal göstərici 4.1.1: a) 2-ci və ya 3-cü sinifdə, b) ibtidai təhsilin sonunda və c) tam orta məktəbin sonunda riyaziyyatdan ən azı minimum bilik səviyyəsinə çatan qız və oğlan şagirdlərin nisbəti.
Analiz: Riyaziyyat üzrə TIMSS qiymətləndirməsinin ən azı aşağı beynəlxalq səviyyəsində nəticə göstərmiş dördüncü və səkkizinci sinif şagirdlərinin faizi.
Hədəf 4.2: 2030-cu ilədək ibtidai təhsilə hazır olmaları üçün bütün qız və oğlanların keyfiyyətli erkən uşaq inkişafı, qayğı və məktəbəqədər təhsilə çıxış imkanlarını təmin etmək.
Qlobal göstərici 4.2.2: Cinsə görə mütəşəkkil təlimdə iştirak faizi (rəsmi ibtidai təhsilə qəbul yaşından bir il əvvəl).
Analiz: Məktəbəqədər təhsilə cəlb olunma müddətinə (illərinə) görə iştirak.
Hədəf 4.5: 2030-cu ilədək təhsil sahəsində gender əsaslı bərabərsizlikləri aradan qaldırmaq və əhalinin həssas qrupları, əlillər, aborigen xalqların nümayəndələri və həssas qruplardan olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanını təmin etmək.
Qlobal göstərici 4.5.1: Bütün təhsil göstəriciləri üçün bərabərlik indeksləri (qadın/kişi, kənd/şəhər, aşağı/yuxarı sosial-iqtisadi şərait
və əlillik statusu, azlıqlar və münaqişələrdən təsirlənənlər kimi digər qruplar).
Analiz: Cinsə və evdəki resurslara görə riyaziyyatda minimum bilik səviyyəsi.
Hədəf 4.7: 2030-cu ilədək bütün təhsil alanların başqa vasitələrlə yanaşı dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi; sülh və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı konsepsiyası və mədəni müxtəliflik dəyərlərinin başa düşülməsi və mədəniyyətin dayanıqlı inkişafa töhfəsi sahələrində maarifləndirmə vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün zəruri olan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək.
Qlobal göstərici 4.7.1: Davamlı inkişaf üçün təhsilin: a) milli təhsil siyasətində əsas yer tutması; b) tədris planları; c) müəllim təhsili;
d) şagird qiymətləndirməsi.
Tematik göstərici 4.7.5: Ətraf mühit elmi və coğrafiya üzrə səriştəlilik səviyyəsinə çatan şagirdlərin faizi.
Analiz: Təbiət elmləri üzrə TIMSS qiymətləndirməsinin ən azı aşağı beynəlxalq səviyyəsində nəticə göstərmiş dördüncü və səkkizinci sinif şagirdlərinin faizi.
Hədəf 4.A: Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələrini qurmaq və onları təkmilləşdirmək.
Qlobal göstərici 4.a.1: Xidmət növlərinə görə əsas xidmətlər təklif edən məktəblərin faizi.
Tematik göstərici 4.a.2: Son 12 ayda zorakılığa məruz qalan şagirdlərin faizi.
Analiz: Zorakılığın başvermə halları, kompüterlərin mövcudluğu və məktəblərin əlil şagirdlər üçün əlçatanlığı.
Hədəf 4.C: 2030-cu ilədək inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə müəllimlərin hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq vasitəsilə ixtisaslı müəllimlərin sayını əhəmiyyətli dərəcədə artırmaq.
Qlobal göstərici 4.c.1: Təhsil səviyyəsinə görə tələb olunan minimum ixtisasa malik müəllimlərin faizi.
Tematik göstərici 4.c.7: Son 12 ayda ixtisasartırma təhsili alan müəllimlərin təlim növlərinə görə faizi.
Analiz: İxtisaslı müəllimlərin mövcudluğu və təhsilverənlərin ixtisasartırma təlimlərinin yayılması.
Yuxarıda qeyd olunan hədəflər və TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri, qeyd etdiyimiz kimi, ölkələrə o hədəflərə
doğru gedən yolda harada olduqlarını aşkarlamağa və müvafiq təhsil siyasətini formalaşdırmağa kömək edir.
Bir neçə ölkənin timsalında TIMSS-in nəticələrindən necə istifadə olunduğuna baxaq:
Çexiya. Burada TIMSS tapşırıqları, ümumi istifadə üçün ölkənin bu qiymətləndirmə üzrə nəticələri və şagird nailiyyətinin ekspert araşdırması ilə birlikdə yayımlanır. Nəşrlər məktəblərə pulsuz paylanır və elektron versiyası Çexiya Məktəb Müfəttişliyinin veb səhifəsində yerləşdirilir. Müəllimlərin təhsilalanlara zəif cəhətlərini dərk etmələrinə kömək etmək, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını inkişaf etdirməsini dəstəkləyən yeni didaktik vasitələrlə şagirdləri təmin etmək və s. nəşrin əsas məqsədlərinə daxildir.
Xorvatiya. Milli Kurikulum Çərçivəsi ölkədə məktəbəqədər, ibtidai və orta təhsildə sistemli dəyişikliklər üçün bir başlanğıc nöqtəsi təqdim edir. Təhsil, Təbiət Elmləri və Texnologiya Strategiyasında (17 oktyabr, 2014-cü il tarixli) elan edildiyi kimi, ibtidai və orta təhsilin quruluşu, eləcə də tədris proqramında hərtərəfli islahat hazırkı səkkiz illik sistemdən doqquz illik vahid struktur sisteminə tədricən keçidlə reallaşdırılacaqdır. 2015-ci ilin fevralında maraqlı tərəflərin kömək etdiyi ekspert işçi qrupu TIMSS 2011-in nəticələrinə əsasən Riyaziyyat Kurikulumunun Təkmilləşdirilməsinə dair tövsiyələrdən istifadə edərək erkən və məktəbəqədər təhsil üçün ümumi tədris islahatı üzərində işə başlamışdır.
İndoneziya. Bu ölkənin TIMSS-də iştirakı Təhsil və Mədəniyyət Nazirliyini ölkənin riyaziyyat və təbiət elməri üzrə tədris proqramlarına yenidən baxmağa təşviq etmişdir. Yenilənmiş təhsil sistemində (2006-cı ildən bəri) “Kimya” fənni təbiət elmləri üçün milli məzmun standartlarına daxil edilmişdir. İndoneziya hökuməti tədris proqramına yenidən baxılması üçün TIMSS nəticələrindən istifadə etmişdir.
Oman. TIMSS 2007 və TIMSS 2011 Oman təhsil sistemindəki tədris planlarına və qiymətləndirməyə aşağıdakı kimi təsir göstərmişdir:
- Kurikulumlar – Həm riyaziyyat, həm də təbiət elmləri üzrə kurikulumların əhatə dairəsi və ardıcıllığı 1-10-cu siniflər üçün tamamilə yenidən nəzərdən keçirilmişdir. Müəyyən təlim nəticələri bir sinifdən digərinə keçirilmişdir. Bəzi siniflər üçün beynəlxalq uyğunlaşdırma məqsədilə yeni təlim nəticələri əlavə edilmişdir.
- Qiymətləndirmə – Oman şagirdlərinin TIMSS 2007 və TIMSS 2011-dəki aşağı göstəriciləri, əsasən, qiymətləndirmələrdəki sual növləri (və sualların ifadəsi) ilə tanış olmamaları ilə əlaqələndirilmişdir. Bu ölkədə sualların inkişaf etdirilməsinin iki əsas aspekti üzrə müəllim hazırlığına diqqət ayrılmışdır:
a) Sualların təsnifatı – müəllimlərə sualları bilik, anlama, tətbiqetmə və əsaslandırma kimi dörd idrak sahəsinə ayırmaq üçün təlim keçilmişdir. Hər bir sahə üçün nümunələr IEA tərəfindən açıqlanmış suallar əsasında hazırlanmışdır.
b) Sualların formatı və sözlə ifadəsi – müəllimlər TIMSS-ə uyğun olaraq suallar hazırlamaq və onları açıq şəkildə TIMSS ilə əlaqələndirmədən gündəlik sinif tədrisinə daxil etmək üçün təlimləndirilmişlər.
TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrindən ölkəmizdə istifadə olunması ilə bağlı onu deyə bilərik ki, Azərbaycanda təhsilin məzmunu ilə bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrindən ehtiyat dərsliklərin hazırlanması zamanı istifadə edilmişdir. Belə ki, ehtiyat dərsliklər hazırlanarkən TIMSS tədqiqatında 4-cü sinif şagirdlərinin yoxlanılması nəzərdə tutulan bilik və bacarıqlar təhlil edilmiş, ibtidai siniflər üçün hazırlanmış riyaziyyat üzrə təhsil proqramında yer alan bilik və bacarıqlarla qarşılaşdırılmışdır. Bununla yanaşı, bu bilik və bacarıqların qazanılması üçün yetərli öyrənmə materiallarının və tapşırıqların yer alıb-almaması araşdırılmışdır. Araşdırma zamanı TIMSS-in tələb etdiyi bəzi mövzuların (məsələn, onluq kəsrlər) bizim hazırda istifadə etdiyimiz təhsil proqramında yer almadığı müəyyənləşdirilmişdir. Bu çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması məqsədilə qeyd edilən mövzuların daha aşağı siniflər üçün hazırlanan kitablarda yer alması nəzərdə tutulmuşdur. Bununla da, təhsilalanların 4-cü sinfə qədər TIMSS-in tələblərinə uyğun mövzuları tamamlaması təmin ediləcəkdir. Mövzularla yanaşı, şagirdlərimizin hesablama tipli tapşırıqlarda yaxşı nəticə göstərdiyi aydınlaşsa da, mühakimə tələb edən və situasiya tipli tapşırıqlarda zəif nəticələr əldə etdikləri nəzərə çarpmışdır. Yeni dərsliklərdə rutin olmayan məsələlərə daha çox yer verilməsi nəzərdə tutulmuşdur ki, bu da bəhs olunan tapşırıqların həll edilə bilməsi üçün uşaqlarda bacarıqların formalaşmasına xidmət edəcəkdir.
Azərbaycan şagirdlərinin təbiət elmləri üzrə nəticələrinin aşağı olması nəzərə alınaraq V sinifdə “Təbiət” fənninin tədrisinə başlanılacaq. Bu məqsədlə bir çox beynəlxalq qiymətləndirmə tədqiqatlarında ilk sıralarda olan Sinqapur təcrübəsindən istifadə edilib, sinqapurlu mütəxəssislərin məsləhətləri əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə təhsil proqramı, təlim və tədris materialları təhlil olunub. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə təlimlər keçirilib.
NƏTİCƏ
Məqalədə bəhs olunanlar beynəlxalq qiymətləndirmələrdən milli təhsil siyasətində necə istifadə edildiyinə dair sadəcə bir neçə nümunədir və yalnız bununla məhdudlaşmır. TIMSS də daxil olmaqla digər beynəlxalq qiymətləndirmələr fərqli yaş qruplarına aid şagirdlərin müxtəlif fənlər üzrə hazırlığını, nailiyyətini və ona təsir edən amilləri ölçərək ölkələrə dəlillərə əsaslanan siyasət formalaşdırmaqda öz töhfəsini verir.
Göründüyü kimi, TIMSS beynəlxalq qiymətləndirməsi ölkələrin təhsil siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır, bir çox amillər üzrə təhsilin keyfiyyətinin digər ölkələrlə müqayisə olunmasına imkan verir, təhsil sahəsində qarşıya qoyulan məqsədə çatmağa kömək edir.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikası Təhsil Nazirliyi. Beynəlxalq qiymətləndirmə. https://edu.gov.az/az/page/355
2 Department for International Development. (n.d). National and international assessments of student Achievement National and international assessments of student achievement (Guidance note: A DFID practice paper) (publishing.service.gov.uk)
3 Eriksson, K., Helenius, O., Ryve, A. (2018). Using TIMSS items to evaluate the efectiveness of diferent instructional practices. https://www.researchgate.net/publication/328323211_Using_TIMSS_items_to_evaluate_the_effectiveness_of_different_instructional_practices#fullTextFileContent
4 IEA & UNESCO. (2020). Measuring global education goals: How TIMSS helps. https://www.iea.nl/sites/default/files/2020-12/EN_IEA%20UNESCO%20Joint-report_TIMSS%202019-final.pdf
5 Mullis, I.V.S., Martin, M.O. (2017). T19 – Assessment Framework http://TIMSS2019.org/wpcontent/uploads/frameworks/T19-Assessment-Frameworks.pdf
6 Strategy of Education, Science and Technology. (2014). Retrieved from: Government of the Republic of Croatia – Strategy of Education, Science and Technology – Nove boje znanja
7 TIMSS & PIRLS International Study Center at the Lynch School of Education in Boston College. 2015. TIMSS Encyclopedia. http://TIMSS2015.org/encyclopedia/countries/
8 UN. (2015). Sustainable Development Goals. https://www.un.org/sustainabledevelopment/education/
9 UNESCO. (2016). Education 2030: Incheon Declaration and Framework for Action for the implementation of Sustainable Development Goal 4: Ensure inclusive and equitable quality education and promote lifelong learning. https://unesdoc.unesco.org/ark:/48223/pf0000245656