RƏQABƏTLİ İNSAN KAPİTALI İNDEKSİNDƏ KEYFİYYƏT TƏMİNATI AMİLİ
ƏDDİN MÜŞTAQOV
Məqalədə rəqabət qabiliyyətli, dayanıqlı insan kapitalının inkişafı istiqamətində ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin mənimsənilməsinin, insan kapitalının əmək bazarında özünü reallaşdırmasında mövcud problemlərin aradan qaldırılmasının vacibliyi vurğulanır. Qeyd olunur ki, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindəndir. Ona görə də XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalı üçün keyfiyyət təminatı sistemi qurulmalı və ali məktəblərin ixtisaslar üzrə təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Keyfiyyət təminatı sisteminin qurulması ali təhsil müəssisələrinin beynəlxalq imicinin formalaşmasında və rəqabət avantajı əldə etməsində əhəmiyyətli rol oynayır. Bu istiqamətdə keyfiyyət təminatı agentlikləri təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil pilləsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu qiymətləndirir. Məqalədə təhsil müəssisələri ilə məzunlar arasında əks-əlaqə, rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması, XXI əsrin tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində keyfiyyət təminatı sisteminin qurulması və ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də verilir.
GİRİŞ
İqtisadi və sosial inkişafın təmin edilməsi üçün tələb olunan ixtisaslı işçi qüvvəsinin hazırlanmasında təhsil mühüm rol oynayır. Əmək bazarındakı texnoloji dəyişikliklər səbəbindən ali təhsil müəssisələri ilə əmək bazarının tələblərinin uyğunlaşdırılması və təhsildə keyfiyyət təminatı amilinin əhəmiyyəti artmışdır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə əmək bazarının ən ciddi problemlərindən biri tələbat olan ixtisaslarla təhsil müəssisələri tərəfindən təklif olunan kadrların peşəkarlıq keyfiyyəti arasındakı uyğunsuzluqdur. Tələb və təklif arasında tənasübün bu cür pozulması ali təhsilli kadrların işsiz qalmasına səbəb olur. Problemin həll olunması üçün ali təhsildə düzgün siyasət həyata keçirilməli, təlim prosesinin qarşısında duran məqsədlərdən ən mühümü olan təhsildə keyfiyyətə nail olunmalıdır. Bu isə beynəlxalq təcrübənin nəticələrinin öyrənilməsi, təhsilin qarşısında duran sosial sifarişin, habelə müəllimlərlə təhsilalanların imkan və tələbatlarının nəzərə alınması ilə mümkündür.
Ali təhsil müəssisələri bu gün dünyada qlobal rəqabətin iştirakçılarıdır. Bu rəqabət mühitində universitetlər davamlı olaraq özlərini inkişaf etdirməyə, keyfiyyətli fəaliyyət göstərməyə və rəqabətqabiliyyətli insan yetişdirməyə çalışır. İstər milli, istərsə də beynəlxalq səviyyədə özünü təsdiqləmək istəyən ali təhsil müəssisələri buna nail olmaq üçün müvafiq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərməlidir.
XXI əsrin tələblərinə uyğun insan kapitalının inkişafı üçün ümumi təhsilin də gücləndirilməsi, modernləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi vacibdir. Buna görə də dövrün tələbinə uyğun insan kapitalının yetişdirilməsi istiqamətində PISA (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) proqramına qoşulmaq, habelə yeni texnologiyaların həyatımızda rolunun artmasını nəzərə alaraq, informasiya-kommunikasiya texnologiyalarının (İKT) dayanıqlı insan kapitalının formalaşdırılması prosesinə cəlb edilməsi (təhsilverən və təhsilalanların ICILS ilə (Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı) dəyərləndirilməsi) çox vacib hesab edilir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, ICILS və s.) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmağın vacibliyi qeyd olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2021).
1. Rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında beynəlxalq qiymətləndirmələr: PISA və ICILS
1.1. PISA
PISA (Programme for International Student Assessment) – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 15 yaşlı şagirdlərin əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək üçün üç ildən bir keçirilən təhsil araşdırmasıdır. Bu tədqiqat OECD Təhsil Müdirliyinə hesabat verən PISA İdarəetmə heyəti tərəfindən aparılır. OECD-in rəsmi saytına əsasən tədqiqatda istifadə olunan test və sorğuların inkişafı, təhlillərin aparılması və beynəlxalq hesabatın hazırlanması kimi proseslər PISA İdarəetmə heyətinin nəzarəti altında müəyyən edilmiş bir konsorsium tərəfindən, milli səviyyədə isə tədqiqatda iştirak edən ölkələrin özündə müəyyən olunmuş milli mərkəzlər tərəfindən həyata keçirilir.1
OECD Şəxsi Məlumat Generasiya Qaydalarına əsasən iştirakçılar fərdi məlumatlara daxil olmaq, onları düzəltmək, həmçinin onun işlənməsinə etiraz etmək, silməyi tələb etmək və müəyyən hallarda məlumatların daşınmasını əldə etmək hüquqlarına paralel olaraq aşağıdakılara da malikdirlər:
- PISA-da iştirakın könüllüdür;
- şagird və ya valideyn qiymətləndirmə zamanı istənilən vaxt sorğudan imtina edə bilərlər;
- şagird və ya valideyn təqdim etdikləri hər hansı bir məlumatın silinməsini və ya dəyişdirilməsini tələb edə və milli nəzarət orqanlarına şikayət edə bilər.
PISA-da icbari təhsilin sonunda formal təhsilə davam edən 15 yaş qrupundakı şagirdlərin riyazi, elmi savadlılıq və oxu vərdişlərindən başqa, onların motivasiyası, öyrənmə tərzi, məktəb mühiti, özləri və ailələri haqqında məlumatlar da toplanılır. Bu tədqiqatda istifadə edilən “savadlılıq” anlayışı, şagirdin bilik və potensialını inkişaf etdirərək cəmiyyət həyatına daha səmərəli şəkildə qoşulmağa və töhfə verməyə imkan yaratmaq üçün yazılı mənbələri tapmaq, istifadə etmək, qəbul etmək və qiymətləndirmək kimi müəyyən edilir.
PISA-nın əsas məqsədi şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqlardan gündəlik həyatda istifadə etmə qabiliyyətlərini ölçmək, həm də gənclərimizi daha yaxından tanımaq, onların öyrənmək istəyini, dərslərdəki müvəffəqiyyət göstəricilərini və öyrənmə mühiti ilə bağlı seçimlərini müəyyənləşdirməkdir.
1.2. ICILS
Son bir neçə onillikdə informasiya və kompüter texnologiyaları gündəlik həyatımıza böyük təsir göstərmişdir. Kompüter və İnformasiya Savadlılığı (CIL) fərdin evdə, məktəbdə və iş yerində kompüterdən istifadə bacarıqlarının təzahürüdür. Beynəlxalq Kompüter və İnformasiya Texnologiyaları Savadlılığı Tədqiqatı (ICILS) isə həmin bacarıqlara istinad edərək şagirdlərin kompüter və informasiya savadlılığındakı beynəlxalq fərqləri ölçür. ICILS-də gənclərin rəqəmsal dövrdəki qabiliyyətini dəstəkləyən kompüter və məlumat savadlılığı bacarıqlarının inkişaf etdirilməsi hədəflənir. ICILS təhsil sistemini CIL ilə əlaqəli təlim proqramlarının nəticələri barədə əhəmiyyətli məlumat resursları ilə təmin edir. Beynəlxalq Kompüter və İnformasiya Texnologiyaları Savadlılığı Tədqiqatının maraq dairəsi dinamik bilik mühitində təhsilalanların müvəffəqiyyət
qazanmaları üçün tələb olunan əsas bilik və bacarıqdır. ICILS-ə qoşulmaqla ölkələr gənclərin XXI əsrin tələblərinə uyğun CIL bacarıqlarını necə inkişaf etdirə biləcəyi barədə etibarlı və müqayisəli məlumatlar əldə edir. Ümumtəhsil müəssisələrinin əksəriyyətində səkkizinci sinifdə oxuyanların orta yaş həddi 13,5 və ya daha yüksək olduğu təqdirdə, ICILS-in hədəf kütləsi həmin sinif şagirdləri olur. VIII sinifdə orta yaş həddi 13,5-dən aşağı olan təhsil sistemlərində isə ICILS-in hədəf populyasiyası kimi IX sinif müəyyən edilir.
Təhsilin Nailiyyətinin Qiymətləndirilməsi Beynəlxalq Birliyinin (IEA) rəsmi saytında qeyd olunduğu kimi, ICILS-in 2018-ci il dövrü üçün
aşağıdakı nəticələrə gəlinmişdir:2
- Gənclərin rəqəmsal cihazlardan istifadəsinin artması onların çox istiqamətli rəqəmsal bacarıqlarını inkişaf etdirmir;
- Şagird və ya müəllimləri təkcə İKT avadanlığı ilə təmin etmək onların rəqəmsal bacarıqlarını artırmaq üçün kifayət deyil;
- Şagirdlərin sosial-iqtisadi vəziyyəti ilə əlaqədar rəqəmsal fikir ayrılığı mövcuddur;
- Ölkələr daxilində şagirdlərin CIL ballarındakı fərqlər ölkələr arasındakı fərqlərdən daha böyükdür.
Avropa Şurası, Təhsil və Təlim – 2020 strateji çərçivəsindəki təlim hədəflərini yenidən nəzərdən keçirərək “Avropa təhsil məkanı və
ondan kənarda təhsil və təlimdə Avropa əməkdaşlığı üçün strateji çərçivə” (2021-2030) haqqında qərar qəbul etmişdir. Həmin qərarda beş strateji prioritet vurğulanmışdır:3
- Təhsil və təlimdə hamı üçün keyfiyyət, bərabərlik, əhatəlilik və müvəffəqiyyətin artırılması;
- Ömür boyu təhsil və mobilliyi hamı üçün reallığa çevirmək;
- Təhsildə kompetensiyaların və motivasiyanın artırılması;
- Avropa ali təhsilinin gücləndirilməsi;
- Təhsil və təlim yolu ilə yaşıl və rəqəmsal keçidlərin dəstəklənməsi.
Şəkil 1 BMT-nin Davamlı İnkişaf Məqsədləri (Mənbə: https://azerbaijan.un.org/az/sdgs)
Yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, ICILS ölkələrin öz şagirdlərinin rəqəmsal səriştələri ilə əlaqədar milli hədəflərini izləmələrinə kömək edir, eyni zamanda BMT-nin Davamlı İnkişaf Məqsədlərinə doğru tərəqqini təmin etmək üçün baza rolunu oynayır.
1.3. Davamlı İnkişaf Məqsədi 4 – Keyfiyyətli təhsil
Davamlı inkişaf məqsədləri və hədəfləri həm müxtəlif milli reallıqlar, həm də prioritetlər nəzərə alınmaqla qlobal xarakter daşıyır və hər kəs üçün tətbiq olunur. Hər dövlət məqsədləri özünün milli hədəflərini rəhbər tutaraq müəyyən edir. Dövlətlər qlobal hədəflərin milli planlaşdırma prosesinə və strategiyasına necə daxil edilməsinə özləri qərar verir. BMT-nin Davamlı İnkişaf Məqsədləri şəkil 1-də göstərildiyi kimidir.
Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də hamı üçün hərtərəfli və bərabər keyfiyyətli təhsilin təmin olunması və ömür boyu təhsil imkanlarının təşviq edilməsi məqsədilə 2030-cu ilədək aşağıdakı hədəflər müəyyən edilmişdir (United Nations General Assembly, 2015):
- bütün qız və oğlanların effektiv öyrənməsi ilə nəticələnən pulsuz, bərabər, keyfiyyətli ibtidai, ümumi orta və tam orta təhsilin təmin edilməsi;
- bütün qadın və kişilər üçün əlverişli, keyfiyyətli təhsilə bərabərhüquqlu girişin təmin olunması;
- məşğulluq, ləyaqətli iş və sahibkarlıq üçün texniki və peşə bacarıqları da daxil olmaqla müvafiq səriştələrə sahib olan gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması;
- təhsildə gender bərabərsizliyinin aradan qaldırılması və əlillər, həssas insanlar, yerli əhali üçün təhsilin bütün səviyyələrinə bərabər çıxışın təmin edilməsi;
- bütün şagirdlərin davamlı inkişafı və sağlam həyat tərzi, insan hüquqları, zorakılıq olmayan bir mədəniyyətin təbliği, multikulturalizmin davamlı inkişafa verdiyi töhfənin təşviqi üçün lazımi bilik və bacarıqlara yiyələnmənin təmin edilməsi.
BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən davamlı inkişafa dair yüksək səviyyəli siyasi forumda Baş katib “Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləmə” barədə hesabatında keyfiyyətli təhsillə bağlı aşağıdakıları qeyd etmişdir (U.N. Economic and Social Council, 2020):
- 2019-cu ilin sonunda milyonlarla uşaq və gənc məktəbdən kənarda qalmışdı. COVID-19-un yayılmasını ləngitmək üçün məktəblərin bağlanması tədrisin nəticələrinə, uşaq və gənclərin sosial inkişafına mənfi təsir göstərir. Bu, dünyadakı tələbə kütləsinin 90%-dən çoxuna və 1,5 milyard uşaq və gəncə təsir etmişdir;
- İbtidai sinfi bitirmə nisbəti 2000-ci ildə 70%-ə, 2018-ci ildə isə 84%-ə çatmışdır. Mövcud tendensiyalara görə, 2030-cu ilədək qlobal miqyasda bu nisbətin 89%-ə çatması gözlənilir.
Bildiyimiz kimi, rəqabətqabiliyyətli insan kapitalının inkişafında təhsilin rolu əvəzedilməzdir. Yuxarıda bu prosesin təməli olan ümumtəhsil müəssisələrinin inkişafı və keyfiyyətli fəaliyyət göstərməsi üçün görüləsi işlərdən bəhs olundu. Müşahidələrdən aydın olur ki, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasında əsas məsuliyyət ali təhsil müəssisələrinin üzərinə düşür. Tədqiqatımızın növbəti hissəsində ali təhsildə rəqabət qabiliyyətli insan kapitalının inkişafı üçün müasir tələblərə nəzər yetirilir.
2. Ali təhsil müəssisələrində rəqabətədavamlı insan kapitalının yetişdirilməsi
Müasir dünyamızda hər bir ölkənin iqtisadiyyatının və əmək bazarının tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının inkişafı üçün təhsil xidmətlərinin əhəmiyyətli dərəcədə vacibliyi həmin xidmətlərin təmin olunmasını zəruri edir. Çünki universitetlərin təlim və tədris prosesi həmişə maraqlı tərəflər – tələbələr, valideynlər, məktəblər, işəgötürənlər və hökumətin diqqətində olmuşdur (Tight, 2020). Buna görə də səmərəli nəticələr əldə edilməsi məqsədilə ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemini formalaşdırmaq və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsi labüddür.
2.1. Ali təhsildə keyfiyyət təminatı sistemi
Keyfiyyət təminatının ali təhsilin idarə olunmasında ayrıca sahə olaraq yaranması XIX əsrin sonlarına, ABŞ-da ilk akkreditasiya təşkilatlarının meydana çıxdığı vaxta təsadüf edir (Westerheijden, Stensaker and Rosa, 2007). Həmin vaxtdan etibarən təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədilə keyfiyyət təminatının təkmilləşdirilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüş, müvafiq standartlar və təlimatlar hazırlanmışdır. Bu standartlar və təlimatlar Avropa ali təhsil məkanında həm milli və instisional keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, həm də regional əməkdaşlıq məsələsində vacib rol oynayır.
XXI əsrin tələblərinə cavab verən effektivliyi formalaşdırmaq üçün ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin qurulması vacibdir. Bu istiqamətdə görüləcək işlərdən biri də keyfiyyət təminatı agentliklərinin ali təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil səviyyəsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu qiymətləndirməsidir. Bu, baş verdiyi təqdirdə, keyfiyyət təminatı sistemi vasitəsi ilə ali təhsil müəssisələri aşağıdakı üstünlüklərə sahib ola bilər:
- yerli və beynəlxalq səviyyədə rəqabət üstünlüyünün qazanılması və nüfuzun qorunması;
• maraqlı tərəflərdə inam və etibar hissinin formalaşması;
• vaxta və maliyyə resurslarına qənaət;
• iş yükünün azaldılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması;
• keyfiyyətdə davamlı inkişaf, effektiv keyfiyyət təminatı və ümumi fəaliyyətdə səmərəlilik.
Effektiv keyfiyyət təminatı ali təhsil müəssisələrində XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli, dayanıqlı insan kapitalının inkişafının əsasını təşkil edir. Ona görə də ali təhsildə daxili keyfiyyət təminatı sisteminin qurulması üçün hazırlanmış proqramlar daim təkmilləşdirilməlidir.
2.2. XXI əsrin tələblərinə uyğun tələbəyönlü təhsil
Tələbəyönlü təhsil konsepsiyası öyrənmə və tədrisin təşkilinə təsir göstərən müxtəlif aspektləri əhatə edir. Bu konsepsiya tələbənin tədris prosesində və özünüqiymətləndirmədə, habelə tədris proqramlarının hazırlanmasında tərəfdaş kimi fəal iştirakını nəzərdə tutur. Bundan başqa, təhsilalanların tənqidi düşüncə bacarıqlarının inkişafı, hüquq və vəzifələrini dərk edən vətəndaş, ən əsası mövcud və gələcək əmək bazarı üçün rəqabət qabiliyyətli insan kapitalı kimi yetişməsinin təmin olunması da tələbəyönlü təhsilin prioritetlərindən sayılır. Onun bu faydalarından əlavə olaraq aşağıda qeyd olunan ümumi prinsipləri də vardır:
- tələbəyönlü təhsili təmin etmək və genişləndirmək məqsədi ilə təhsilalanların təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsi;
- öyrənmək və öyrətmək üçün sosial axtarışda olan tələbə və müəllim heyəti arasında qarşılıqlı hörmət və məsuliyyətə əsaslanan
əməkdaşlığın olması;
• inklüziv auditoriyalar yaratmaqla tələbəyönlü təlim-tədris prosesinin gücləndirilməsi;
• ömürboyu təhsildə özünənəzarəti təmin edə bilmək və tələbə müstəqilliyini inkişaf etdirmək üçün nəticəsi olan təcrübələrin
təhsilalanlar arasında təşviq edilməsi.
Qeyd olunanlardan belə nəticə hasil olur ki, ali təhsil müəssisələri tələbələrin təhsil prosesində fəal iştirakını təmin etmək məqsədilə tələbəyönlü təhsilə daha çox əhəmiyyət verməlidirlər. Çünki tədrisin bu cür təşkili təhsilalanların motivasiyasının artırılması, özünü təhlil etməsi və təhsil prosesinə daha aktiv cəlb olunmasında vacib rol oynayır. Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatların “tələbəyönlü təhsil, tədris və qiymətləndirmə” adlı 1.3 yarımbəndində də bununla bağlı məsələlər öz əksini tapır. Bu sənədə əsasən tələbəyönlü təhsil prosesi aşağıdakıları özündə ehtiva edir (European Association of Institutions in Higher Education, 2015):
- ali təhsil müəssisələrində çevik öyrənmə metodlarının istifadəsi təmin olunmaqla irqindən, dinindən, milliyətindən, siyasi düşüncəsindən asılı olmayaraq bütün tələbələrə hörmətlə yanaşılması və onların ehtiyaclarına xidmət edilməsi;
- müvafiq hallarda tədris prosesinin müxtəlif yollarla icra edilməsinin nəzərdən keçirilməsi və tətbiq edilməsi;
- müxtəlif pedaqoji metodlardan məharətlə istifadə edilməsi;
- təqdimat formaları və pedaqoji metodların müntəzəm olaraq qiymətləndirilməsi və uyğunlaşdırılması;
- müəllimdən müvafiq təlimat və dəstək almaq şərti ilə təhsilalanlarda müstəqillik hissinin stimullaşdırılması;
- tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmətin inkişaf etdirilməsi;
- tələbələrin şikayətlərinə baxılması üçün müvafiq rosedurların olması.
Beləliklə, qeyd etmək olar ki, tələbəyönlü təhsildə tələbələr öyrənmək üçün müstəqildir və tam məsuliyyət daşıyır. Bu öyrənmə formasında onlar ixtisası və gələcək peşə fəaliyyəti ilə heç bir əlaqəsi olmayan materialları öyrənmək əvəzinə, aktual məsələ və problemlərlə birbaşa əlaqəli məlumatları mənimsəmək imkanına malik olurlar. Bununla da XXI əsrin əmək bazarının tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının inkişafında effektivlik və səmərəlilik artır.
NƏTİCƏ
Apardığımız tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, təhsil müəssisələrinin bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, abituriyent hazırlığı istiqamətində PISA və ICILS-dan istifadəsi məqsədəuyğun hesab edilir. Digər tərəfdən isə rəqabətədavamlı ixtisaslı kadrların hazırlanması üçün universitetlərdə görüləcək işlərdən ən başlıcası effektiv keyfiyyət təminatı sisteminin qurulması və ixtisaslar üzrə təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verəcək şəkildə hazırlanmasıdır. Buna
görə də XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının yetişdirilməsi üçün aşağıdakılar təklif olunur:
1. Ali təhsil müəssisələrində rəqabət qabiliyyətli, dayanıqlı insan kapitalının yetişdirilməsini təmin edən keyfiyyət təminatı sistemin qurulması;
2. İxtisaslar üzrə təhsil proqramlarının tərtibində təhsilalanların kompleks problem həlletmə, tənqidi düşünmə, kreativlik və çevik idarəetmə kimi bir sıra bacarıqlarla təmin olunmasının nəzərə alınması;
3. XXI əsrin tələbləri əsasında yeni texnologiyaların və media vasitələrinin təhsil sisteminə inteqrasiyası, təhsil müəssisələrində ənənəvi tədris və öyrənmə metodlarının rəqəmsal sahəyə xas təlim metodları ilə əvəz olunması;
4. Məzunların əmək bazarında özlərini reallaşdırması statistikasının hazırlanması ilə mövcud problemlərin aşkar edilməsi üçün Məzun İzləmə Sisteminin formalaşdırılması;
5. Məzun İzləmə Sisteminin məzunların əmək bazarında özlərini reallaşdırma hesabatlarına əsasən ixtisaslar üzrə təhsil proqramında müvafiq dəyişikliklər və əlavələrin edilməsi.
XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli, dayanıqlı insan kapitalının yetişdirilməsi, ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması, insan kapitalının əmək bazarında özünü reallaşdırmasında mövcud problemlərin aradan qaldırılması istiqamətində qeyd olunan təkliflərin yerinə yetiriləcəyi təqdirdə problemləri həll etmək və bu sahədə inkişafa nail olmaq mümkündür.
Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikası Prezidentinin sərəncamları. (2021). “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında. (Xalq Qəzeti Nəşri, № 24). Bakı, Azərbaycan. https://president.az/articles/50474
2 Carolyn, C., Christina, R. (2002). Quality Assurance and the Development of Course Programmes. Carfax Publishing, Taylor & Francis Ltd, Bucharest.
3 European Association for Quality Assurance in Higher Education (ENQA), European Students’ Union (ESU), European University Association (EUA) and European Association of Institutions in Higher Education (EURASHE). (2015). Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area (ESG). Brussels: Belgium. by EURASHE, on behalf of the authors.
4 General Secretariat of the Council of the European Union. (2021). Council Resolution on a strategic framework for European cooperation in education and training towards the European Education Area and beyond (2021-2030). (6289/1/21 REV 1). Brussels: Belgium. The Official Journal. https://www.consilium.europa.eu/media/48584/st06289-re01-en21.pdf
5 https://www.iea.nl/studies/iea/icils/2018
6 https://www.oecd.org/pisa/
7 Joseph, J.M., Godfrey, A.B. (1998). Juran’s Quality Handbook. 5th Edition. McGraw-Hill, USA.
8 Lytras, M.D., Visvizi, A., Sarirete, A. (2019). Management and Administration of Higher Educations at Times of Change. Emerald Group Publishing Limited, London.
9 Michaela, M., Antony, S. (2007). External quality assurance in higher education: making choices. The United Nations Educational, Scientific and Cultural Organization, Paris.
10 Nair, C.S., Mertova, P. (2011). Student Feedback – The cornerstone to an effective quality assurance system in higher education. Chandos Publishing, UK.
11 Sterian, P. (1992). Accreditation and Quality Assurance in Higher Education. Cepes UNESCO, Bucharest.
12 Tight, M. (2020). Research into Quality Assurance and Quality Management in Higher Education. Theory and Method in Higher Education Research, Vol. 6, pp. 185-202.
13 United Nations Economic and Social Council. (2020). Progress towards the Sustainable Development Goals. (E/2020/57). https://unstats.un.org/sdgs/files/report/2020/secretary-general-sdg-report-2020—EN.pdf
14 United Nations General Assembly. (2015). Transforming our world: the 2030 Agenda for Sustainable Development. (A/RES/70/1).
https://sdgs.un.org/2030agenda
15 Westerheijden, Don F., Stensaker, B., and Rosa, M,J. (2007). Quality Assurance In Higher Education. Dordrecht: Netherlands, Springer.