PEDAQOJİ KOLLEKTİVDƏ GENDER BƏRABƏRSİZLİYİNİN ŞAGİRDLƏRİN MÜƏLLİMLİK PEŞƏSİNƏ MÜNASİBƏTİNƏ TƏSİRİ
VAQİF FƏTULLAYEV, AYDAN ŞƏKİXANLI, GÜNEL ƏLƏKBƏROVA,
İnsanların düşüncə və seçimlərinə təsir edən bir sıra faktorlar vardır. Bu faktorlardan biri də məktəblərdə pedaqoji kollektiv arasında gender
bərabərsizliyinin olmasıdır. Məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərin sayına nisbətən üstünlük təşkil etməsi və ya kişi müəllimlərin qadın müəllimlərdən daha çox olması şagirdlərin bu peşəni yalnız bir gender üzrə görmələrinə səbəb ola bilər. Hələ uşaq yaşlarından əksər qızların müəllim olmaq istədiyini eşitsək də, bunu arzulayan oğlanların sayı daha az olur. Tədqiqat işində məktəb müəllimləri arasındakı gender bərabərsizliyinin şagirdlərin müəllimlik peşəsinə olan yanaşmalarını necə formalaşdırdığı, onların gələcəkdə bu peşəyə yönəlmələrinə nə dərəcədə və necə təsir etdiyini müəyyənləşdirməyə çalışmışıq. Bunun üçün təşkil olunan müzakirə qrupunda 8 və 9-cu sinif şagirdlərinin bu mövzu ilə bağlı fikirləri araşdırılıb. Müzakirə zamanı “Gender bərabərsizliyi şagirdlərin peşə seçimini necə formalaşdırır? Şagirdlər müəllimlik peşəsinə nə qədər yönəlirlər? Şagirdlərin müəllimlik peşəsini seçməməyinin səbəbləri nədir?” kimi suallara cavab axtarılıb.
GİRİŞ
Təhsil almaq, öyrənmək və öyrətmək hər bir insanın həyatında əhəmiyyətli rola malik olan, bir sıra fikir və düşüncələrin formalaşmasına
böyük təsir göstərən prosesdir. Bu proses şagirdlərin hər hansı biliyə, bacarığa yönəlməsi ilə yanaşı, onların həyatının növbəti mərhələlərinin formalaşmasına da ciddi təsir edir.
Təlim-tədris prosesində müəllimlər yalnız öyrədən tərəf kimi çıxış etmir, həmçinin şagirdlərin gələcək peşə seçimlərini də istiqamətləndirirlər. Əksər hallarda məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərin sayına nisbətən daha çox olması şagirdlərə müxtəlif şəkildə təsir edə bilər: bəzi qız şagirdlər qadınlar üçün peşə seçiminə gəldikdə, ilk olaraq bu peşəni düşünə; oğlanlar isə, əksinə, kişi müəllimlərin sayı az olduğu üçün müəllimlik peşəsinin onlara uyğun olmadığı qənaətinə gələ bilərlər.
Tədqiqat işi məktəb müəllimləri arasındakı gender bərabərsizliyinin şagirdlərin müəllimlik peşəsinə yönəlib-yönəlməmələrinə olan təsirini, bu peşə ilə bağlı fikirlərini araşdırmaq məqsədi ilə aparılıb.
ELMİ ƏDƏBİYYAT XÜLASƏSİ
Müəllim təhsilin mühüm elementidir, çünki müəllimlərin şagirdlərə və təhsil proqramlarına təsiri digər elementlərdən qat-qat yüksəkdir (Çetin, 2006). Məktəblərdə gender bərabərsizliyi və onun şagirdlərə təsiri bir çox tədqiqatçılar tərəfindən araşdırılıb. Pedaqoji heyətdə gender balansının pozulmasının şagirdlərin peşə seçimi və ya karyerasına hansı istiqamətlərdə təsir edəcəyi ilə bağlı bir sıra fərqli fikirlər mövcuddur. Ədəbiyyatlardan görünür ki, ölkələrdən asılı olaraq tədqiqat nəticələri müxtəlifdir. Efiopiyada orta məktəblərdə müəllimlərin öz peşəsinə olan münasibəti araşdırılarkən məlum olub ki, cins, yaş, keyfiyyət və təcrübə kimi demoqrafik göstəricilərin peşəyə olan münasibətə heç bir təsiri yoxdur. Müəllimlər işləri haqqında müsbət fikirdədirlər (Ayenalem, 2022).
Bəzi mənbələr isə bu fikri dəstəkləmir. Məsələn, Türkiyədə hər iki cins üzrə aparılan tədqiqat zamanı həm qadın, həm də kişi müəllimlərə olan münasibət öyrənilib, nəticədə peşənin yerli stereotiplərə uyğun dərk edilməsi məlum olub. Aparılan keyfiyyət tədqiqatında aydın olur ki, hər iki cinsin nümayəndələri qarşı cinsi və həmcinslərini ənənəvi gender rollarına uyğun qiymətləndirirlər. Məsələn, qadın müəllimlər daha çox “qayğıkeş ana”, “şəfqətli”, “multitask” hesab edildikləri halda; kişi müəllimlər daha çox “təhlükəsizlik və nəzarət modeli” və ya “rəhbərlik edən”, “nizam yaradan” kimi dəyərləndirilir (Sarı və Başarır, 2016).
Məktəblərdə gender bərabərliyinin pozulması müəyyən peşələrdə oğlanların və ya qızların daha çox olmasına gətirib çıxarır. Belə ki, aparılan tədqiqatlardan birində sinifdə qız-oğlan balansının pozulmasının onların təhsilinə və gələcək peşə seçiminə təsir göstərdiyi məlum olub. Gender balansının pozulduğu siniflərdə qızların sayı çox olduğu halda onların STEAM dərslərində iştirakının azaldığı müşahidə olunub (Brenoe və Zölitz, 2020). Legivi və DiPreteyə görə də, qızların elm, texnologiya, mühəndislik, riyaziyyat kimi sahələrdə iştirak səviyyəsi oğlan yaşıdlarına görə aşağıdır (Legewie və DiPrete, 2014).
Moralesin fizika və riyaziyyat müəllimliyi ixtisasında təhsil alan təcrübəçi tələbələr arasında apardığı tədqiqatda məktəblərdə gender bərabərsizliyinin şagirdlərin peşə seçiminə təsirinin olub-olmadığı araşdırılıb. Nəticələr göstərib ki, həmin tələbələrin əksəriyyəti məktəb illərində gender bərabərsizliyi ilə üzləşib. Yangerin araşdırmasına görə, müəllimlər şagirdlərinə qarşı hər hansı formada ayrı-seçkilik etmədiklərini düşünürlər. Lakin şagirdlərlə fokus qrup müzakirələri və siniflərdə aparılan müşahidələrdən əldə olunan nəticələr buna nadir hallarda əməl olunduğunu üzə çıxarıb (Younger, Warrington və Williams, 1999). Bununla belə, Moralesin tədqiqatına görə, həmin şagirdlər üzləşdikləri vəziyyətdən asılı olmayaraq elm və ya riyaziyyat müəllimliyi sahəsində təhsil və karyeralarını davam etdirirlər. Buna görə də, gender bərabərsizliyi elm və ya riyaziyyat tədrisində karyera seçiminin böyük göstəricisi deyil (Morales və Avilla, 2016). Bunun əksinə, Legivi qeyd edir ki, müasir dövrümüzdə orta təhsilini tamamladıqdan sonra məktəbdən ayrılan, təhsilini davam etdirməyənlər kateqoriyasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Tədqiqatçılar və pedaqoqlar əsas səbəbi məktəb mühitinin oğlanlar üçün kifayət qədər əlverişli olmamasında görürlər (Legewie və DiPrete, 2012).
Peşələrin ənənəvi olaraq kişi və qadınlara müvafiq bölünməsi ali təhsil müəssisələrində də cins bərabərsizliyinin dərinləşməsinə səbəb olur. Yunanıstanda yerləşən bu tip ali təhsil müəssisələrindən biri olan Patras Universitetində tələbələrin peşə seçimləri araşdırılıb. Heyətin yalnız 15%-inin kişilərdən təşkil olunduğu universitetdə aparılmış tədqiqatda bir daha sübut edilir ki, müəllimlik qadınların daha çox üstünlük təşkil etdiyi maraq sahələrindəndir və eyni vəziyyət özünü Patras Universitetinin timsalında, digər pedaqoji təhsil müəssisələrində də göstərir. Respondentlərin fikrinə görə, müəllimlik peşəsi qadınlara daha uyğun görünür və bunu uşaqların qayğısına qala bilmək, onlara daha şəfqətli rəftar etməklə izah edirlər. Əksinə, kişilər müəllimliyi təhlükəsiz, rahat peşə kimi gördükləri üçün seçdiklərini iddia edirlər. Stabil maaş sistemi, tətillər, məktəb təhlükəsizliyi və s. kimi faktorlar kişi respondentlərin vurğuladığı məqamlardandır (Asimak və Vergidis, 2013).
Qadınların bu peşədə daha çox üstünlük təşkil etməsinin mühüm səbəblərindən biri də bəzi ölkələrin cəmiyyətlərinin daha konservativ olmasından irəli gəlir (Kelleher, Severin və d., 2011). Müəllimlik peşəsinin feminizasiyasına təkan verən amillərdən biri də qadınların daha az prestijli və az gəlirli yerlərə yönəlməsidir (MEN, 2013). Təsadüfi deyil ki, İngiltərədə orta təhsil müəssisələrindəki müəllimlərin orta hesabla 61%-i qadın olduğu halda, onlar yuxarı idarəetmə mövqelərində daha az təmsil olunurlar (DfE, 2013). Kişi müəllimlərin əlavə iş saatları götürməsi daha çox onların maddi maraqları ilə əlaqələndirilir (Moreau, 2020). Halbuki qadınların özlərini karyeraya tam sərf etməsi o qədər də müşahidə edilmir. Xüsusən də, analar iş və ailə-məişət həyatlarını balanslaşdırmaqda müəyyən çətinliklərlə üzləşirlər (Scott və d., 2010).
Türkiyədə aparılan bir sıra tədqiqatlar da sübut edir ki, müəllimlik peşəsinə hər iki cinsin münasibəti fərqlidir. Məlum olur ki, qadınlar bu sahəni seçim olaraq daha pozitiv dəyərləndirirlər (Kubiatko və Arik, 2014). Bərabər imkanların yaradılmasına baxmayaraq kişi müəllimlərin sayı o qədər də çox deyil. Qadın müəllimlər vəzifələri üzrə karyeralarını davam etdirdikləri halda, kişi nümayəndələr daha üstün mövqələrə namizədliklərini irəli sürürlər (Güneyli, 2009).
Kişi müəllimlərin öz peşələri haqqında qadınlara nisbətən mənfi rəydə olması o qədər də xoşagələn hal deyil. Sağlam fikirlər sağlam gələcəyin, sağlam mühitin, sağlam təhsilin başlanğıcıdır. Müəllimlərin peşəsinə olan həvəsini və etibarını itirməsi yeni nəslin formalaşmasında bir sıra problemləri üzə çıxara bilər. Müəllimliyin cəmiyyətin formalaşmasında ən əhəmiyyətli rol oynadığını iddia etdiyimiz halda, etimad və rəğbətlə qarşılanmaması həm peşə məmnunluğunun aşağı düşməsinə səbəb olacaq, həm də gələcək mövqeyinin zəifləməsi ilə nəticələnəcək (Pancholi və Bharwad, 2015).
Yuxarıda qeyd olunan fikirlər də əks etdirir ki, məktəbdə gender balansının pozulması şagirdlərin həyatının növbəti mərhələlərinə müxtəlif şəkildə təsir edir.
TƏDQİQAT METODOLOGİYASI
Tədqiqat növü və metodu. Tədqiqat metodu kimi keyfiyyət metodundan istifadə olunub. Bu metodun seçilmə səbəbi tədqiq olunan mövzunun insanların fikir, hiss və xatirələrinə əsaslanaraq araşdırılması ilə daha hərtərəfli nəticənin əldə edilməsi imkanına sahib olmasıdır. Peşə seçimi və insanların hər hansı peşə sahəsi üzrə düşüncələri və bu yanaşmaların nə tərzdə, nə səbəbə baş verdiyini öyrənmək üçün insanların birbaşa öz fikirləri dinlənilməlidir. Bununla da, mövcud vəziyyət təhlil oluna bilər. Tədqiqat işi izahedici mahiyyət daşıyıb, əks olunmuş fikirlər və onların səbəbləri araşdırılır.
Tədqiqat mövzusunun araşdırılması ilə bağlı Bakı şəhərinin tam orta məktəblərindən 5-i seçilib. 8-ci və 9-cu sinif şagirdləri ilə aparılan tədqiqat zamanı təhsilalanlar yaş və cins kriteriyalarına görə seçilib. Hər sinifdən 1 qız, 1 oğlan olmaqla, hər sinif pilləsi üzrə 8, hər məktəb üzrə 16, ümumilikdə isə 80 (onlardan 16-sı pilot qruplarında olmaqla) şagird tədqiqat işi üçün təşkil olunan müzakirədə iştirak edib. Bu seçim anonimlik (şagirdlər haqqında hər hansısa şəxsi məlumat öyrənilmədən) və könüllülük (şagirdlərin müzakirədə öz istəkləri ilə iştirakı) prinsiplərini qorumaqla həyata keçirilib.
Məlumat toplanma metodu. Fokus qrupların təşkili ilə tədqiqat mövzusu araşdırılıb, bu üsulun seçilməsi ilə şagirdlərin fikirləri, yanaşmaları və təcrübələri müzakirə şəklində öyrənilib. Nəticədə, yeni fikirlər əldə olunub, daha əvvəl düşünülməyən məqamlara toxunulub. Bu üsulun seçilməsi nəticəsində tədqiqat mövzusunu daha ətraflı araşdırma imkanı əldə olunub. Fokus qruplarla müzakirə 4 fərqli məktəbin 8 və 9-cu sinifləri ilə təşkil edilib, tədqiqat zamanı əvvəlcədən hazırlanan açıq tipli və müzakirə zamanı ortaya çıxan suallardan istifadə olunub. Bu üsullarla yanaşı, şagirdlərin müəllimlik peşəsini daha çox hansı cins üzrə təsvir etmələrini təyin etmək məqsədilə rəsm çəkmək də tapşırılıb.
Məlumat toplama üsulunun tədqiqatın məqsədinə uyğunluğu, məlumat toplama alətinin sınaqdan keçirilməsi məqsədilə tədqiqat üçün seçilən məktəblərin birində pilot qrupdan istifadə olunub. Qeyd edək ki, ümumilikdə 5 məktəbdən 1-i pilot tədqiqata cəlb olunduğu üçün yalnız 4 məktəbdən əldə olunan datalar təhlil olunmuşdur.
Müəyyən olunub ki, tədqiqat mövzusunun araşdırıldığı məktəblərin pedaqoji kollektivinin əksəriyyətini qadın müəllimlər təşkil edir. Bununla yanaşı, fokus qruplarında iştirak edən şagirdlərin müəllimlərinin də böyük nisbəti qadın müəllimlərdir.
Şagirdlərin müəllim obrazını necə gördüklərini müəyyənləşdirmək üçün 4 məktəbdə müzakirəyə başlamazdan əvvəl şagirdlərdən müəllim rəsmi çəkmələri xahiş edilib. Əldə olunan nəticələr Qrafik 1-də faiz şəklində qeyd olunub.
Qrafik 1 Müəllim obrazını necə görürsünüz?
Qrafik 1-də əks olunur ki, şagirdlər 46-sı müəllim obrazını qadın, 12-si kişi cinsində çəkib. 2 şagird fərqli şəkildə yanaşaraq həm qadın, həm də kişi rəsmi çəkib, 4 şagird isə bu sorğuda iştirak etmək istəməyib.
Şagirdlərin cavablarına əsasən deyə bilərik ki, əksəriyyət müəllim obrazını qadın cinsində görür.
Tədqiqat mövzusunu araşdırmaq üçün bir sıra kateqoriyalara bölünən suallardan istifadə edilib. Şagirdlərin gələcəkdəki peşə-ixtisas seçimləri və müxtəlif peşə sahələrinə olan münasibətlərini araşdırmaq üçün aşağıdakı suallardan istifadə olunub:
Sual 1. “Sizcə hansı peşə(lər) sırf kişi və ya qadınlara daha uyğundur?”. Şagirdlərin əksəriyyəti qadın və kişilərin bütün peşələrdə təmsil oluna biləcəyi fikri ilə razılaşır. Bunun əksinə olaraq, bəzi şagirdlər fiziki güc tələb edən (polis, hərbçi və s.) peşələrin kişilər, nisbətən zərif (həkim, müəllim və s.) peşələrin isə qadınlar üçün daha uyğun olduğunu hesab edirlər.
Sual 2. “Gündəlik həyatda və sosial mediada qarşınıza çıxan hansı peşə sahibləri sizə daha çox cəlbedici görünür?”. Oğlanlar bu suala cavab olaraq, əsasən, “futbolçu, polis, hərbçi, proqramçı” kimi peşələr qeyd edib. Qızlar isə daha çox “dizayner, bloger” cavablarını veriblər.
Müzakirənin davamında isə əks olunan fikirlərin səbəbləri araşdırılıb və əksəriyyət “maraqlı”, “prestijli”, “tələbatlı” olduğunu əsaslandırıb
(Cədvəl 1).
Cədvəl 1 Şagirdlərin peşə seçimi ilə fikirlərini əsaslandırması
Şagirdlərin müəllimlik peşəsinə olan münasibətlərini öyrənmək üçün onlara mövzu ilə əlaqəli aşağıdakı suallar ünvanlanıb:
Sual 3. “Gələcəkdə müəllim olmağı nə dərəcədə istəyərdiniz?”. Suala cavab verən şagirdlərin əksəriyyəti müəllim olmaq istəmədiklərini qeyd edib. Səbəb olaraq isə bu peşənin “səbir tələb edən, məsuliyyətli, yorucu olmasını” göstəriblər. Buna baxmayaraq, oğlanlara nisbətən qızlar bu peşə barəsində ən azı bir dəfə düşündüklərini vurğulayıblar.
Tədqiqat zamanı bizi narahat edən və gələcəkdə araşdırmaya ehtiyacı olan yeni bir problem ortaya çıxdı. Xüsusən də, 9-cu sinif şagirdlərinin ixtisas seçimlərinə köklənməsi onlarda həm müəllimlik haqqında mənfi rəylər yaradıb, həm də bu sahənin karyera seçimi kimi prestijli olmadığı fikrini formalaşdırıb:
Şagird: Müəllimlər bizi təhqir edir, müəllimliyə qarşı bizdə antipatiya formalaşır, ona görə müəllim olmaq istəməzdim.
Şagird: Balım çatmasa, müəllimlik seçərəm.
Sual 4. “Müəllim peşəsini nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?”. Suala cavab verən şagirdlər arasında fikir ayrılığı yaranıb. Belə ki, bəzi şagirdlər müəllimlərin hazırda onların həyatında böyük rola malik olduqları fikri ilə razılaşsa da, digər bir qisim əks mövqedə durub. Onlar fikirlərini belə əsaslandırıb ki, müasir dövrdə informasiya hər kəsə əlçatandır və müəllimlər o qədər də böyük əhəmiyyət kəsb etmir. 9-cu sinif şagirdləri bəzi fənlərin (onların seçəcəyi ixtisas qrupundakı fənlər) və müəllimlərin onlar üçün əhəmiyyət kəsb etdiyini düşünür. Müəllimlərin müəyyən sinfə qədər böyük rola malik olduğunu, yuxarı siniflərdə isə onların həyatına diqqətəlayiq təsirinin olmadığını qeyd edənlər də oldu:
Şagird: Çox da əhəmiyyətli hesab etmirəm, məktəb daha çox sosiallaşmağa xidmət edir.
Şagird: Müəllimin fənnindən asılıdır, əgər bir fənn mənim qrupumda yoxdursa, həmin fənni tədris edən müəllim mənim həyatımda o qədər də rola malik deyil.
Şagird: Məktəb fənləri bizi gələcək həyata hazırlamadığı üçün müəllimlər bizim həyatımızda o qədər də böyük əhəmiyyətə malik deyillər.
Şagird: Məncə, həyatımda rolları yoxdur, müəllimlər sadəcə kitabda olan şeyləri daha sadə izah etmək üçündür.
Şagird: Oxumaq istəyən özü də oxuyar, müəllim gərəkli deyil.
Maraqlıdır ki, müəllimlərin o qədər də əhəmiyyətli olmadığını düşünən şagirdlər onları sırf akademik perspektivdən qiymətləndiriblər. Növbəti suallarda bununla bağlı ətraflı izah verəcəyik.
Sual 5. “Müəllim olsaydınız, şagirdlərlə necə rəftar edərdiniz?”. Bu sualın verilməsində məqsəd şagirdlərin müəllimlərin davranışından əsas gözləntisini müəyyən etməkdir. Bu suala qızlar, əsasən, “Anlayış göstərərdim”, “Mehriban olardım” şəklində, oğlanlar isə “Səmimi olardım”, “Daha əyləncəli dərs keçərdim” kimi cavab veriblər.
Uşaqların verdiyi maraqlı cavablardan bəziləri: “Oyunla dərsi izah edərəm ki, daha öyrədici və maraqlı olsun”, “Uşaqların fikirlərinə daha çox əhəmiyyət verərdim”, “Ədalətli davranardım”, “Fənnimi sevdirərək öyrədərdim”. Belə qənaətə gələ bilərik ki, hazırda ənənəvi sinif mühiti əksər şagirdlərin diqqətini çəkmir və onları dərsə daha çox cəlb etmək üçün daha interaktiv, ən əsası, şagirdlərin başa düşdüyü şəkildə ünsiyyət qurmaq tələb edilir. Təsadüfi deyil ki, bundan öncəki sualda müəllimlərə daha çox öyrədən prizmasından baxılıb. Halbuki müəllimlik bununla kifayətlənmir və şagirdlərin qarşı tərəfdən səmimiyyət və empatiya gözləməsi normaldır. Şagirdlərin fikirləri, əslində, bu mövzuda bir qədər boşluqların olduğunu göstərir.
Növbəti suallarda cins amilinin şagirdlərin müəllim peşəsi haqqındakı fikirlərini nə dərəcə formalaşdırdığı araşdırılıb:
Sual 6. “Qadın, yoxsa kişi müəllimlər daha yaxşı tədris edir?”. Aşağıdakı qrafikə əsasən şagirdlərin böyük qismi tədrisin effektivliyinin gender amilindən asılı olmadığını düşünür. Onlar müəllimin kişi və ya qadın olmasının akademik nailiyyətlərə təsir etmədiyi qənaətindədirlər. Burada əsas olan müəllimlərin fərdi xüsusiyyətləri və şagirdlərə olan yanaşmalarıdır (Qrafik 2).
Qrafik 2 Qadın, yoxsa kişi müəllimlər daha yaxşı tədris edir?
Yuxarıda qeyd olunan məlumatlarla yanaşı, şagirdlərdən bəziləri müəllimin cinsinə görə dərsə yanaşma şəklinin dəyişə biləcəyini də bildiriblər. Məsələn, fənni tədris edən müəllim kişi olduqda həmin fənnə daha ciddi yanaşılır. Bunu onlar kişilərin qadınlara nisbətən daha
tələbkar və ciddi olmaları ilə əlaqələndirirlər. Amma onların fikrincə, cins və yaş arasında korrelyasiya (uyğunluq) da vardır. Yaş fərqi az olduqda kişi müəllimlərlə münasibət daha rahat şəkildə formalaşır. Bunu, xüsusilə, təcrübə məqsədilə məktəbə göndərilən yuxarı kurs tələbələrinin keçdikləri dərslər və öz müəllimlərinin dərslərini müqayisə edərək əsaslandırdılar. Şagirdlərə görə, tələbələr onlarla daha çox empatiya qurur və interaktiv dərslər keçirirlər.
Sual 7. “Qadın müəllimləri necə xarakterizə edirsiniz?”. Bu suala cavab verərkən oğlanlar qadın müəllimlərin qızlarla daha yaxşı davrandığını, qızlar isə qadın müəllimlərin şagirdlər arasında ayrı-seçkilik etmədiyini deyib. Ümumiyyətlə, şagirdlər qadın müəllimləri daha “səbirli”, “güzəşt edən” olaraq xarakterizə edib, bəzi oğlanlar isə kişi müəllimlərlə ünsiyyətin daha rahat olduğunu bildirib. Cədvəl 2-də qadın müəllimləri səciyyələndirən və ən çox səsləndirilən ifadələri tezliklər üzrə kateqoriyalaşdırılıb.
Cədvəl 2 Qadın müəllimləri səciyyələndirən ifadələr
Sual 8. “Kişi müəllimləri necə xarakterizə edirsiniz?”. Cədvəl 3-də kişi müəllimləri xarakterizə edən əlamətlər çoxdan aza doğru sıralanaraq təqdim edilib. Cavablarda əsasən, “sərt”, “ciddi” sözlərinə rast gəlinir.
Cədvəl 3 Kişi müəllimləri səciyyələndirən ifadələr
Sual 9. “Sizcə, müəllimlik peşəsində niyə daha çox qadınlar təmsil olunur?” sualı ilə şagirdlərin bu mövzu haqqında düşüncələri və buna
münasibət öyrənilib. Bu suala şagirdlərin verdiyi cavabların əksəriyyəti müvafiq olaraq 1) stereotiplər, 2) məişət problemləri və 3) fərdi xüsusiyyətlər cavabları olmuşdur.
Belə ki, burada qeyd olunan ilk iki amil birbaşa cəmiyyətlə əlaqəlidir. Stereotiplərin olması nəinki qızları müəllimliyi seçməyə vadar edir, hətta oğlanları bu peşəni seçim olaraq görməməsinə gətirib çıxarır:
Şagird (8-сi sinif): Azərbaycanda böyük əksəriyyət peşəni cinsə görə seçir, əslində isə qadın, istəsə polis də ola bilər, müəllim də.
Şagird (8-сi sinif): Uşaqlıqdan bəri müəllimi qadın olaraq görmüşük.
Verilən bəzi cavablarda şagirdlərin istəmədən bu stereotipləri qəbul etməsini də müşahidə etdik. Stereotipdən bəhs edən şagirdlər qadınların cəmiyyət tərəfindən “qadının peşəsi ya müəllimlikdir, ya da həkimlik” şəklində təzyiq gördüklərini düşünürlər.
İkinci ən çox işlənən cavab məişət həyatı, qadınların ailədə digər öhdəliklərinin olması, ailə ilə daha çox vaxt keçirmək, iş saatlarının uyğunluğu kimi fikirlərlə əlaqələndirilib.
Şagird (8-сi sinif): Kollektivə, evdəkilərə, ailəyə, iş saatlarına görə qadınlar daha çox müəllimliyi seçirlər.
Şagird (8-сi sinif ): Evdə daha çox vaxt keçirmək üçün.
Digər bir səbəb isə qadınların kişilərə nisbətən daha səbirli, uşaqlarla məşğulluğun daha asan olması ilə əlaqəlidir. Şagirdlər bunu daha çox qadın təbiətinə xas qayğıkeşlik, analıq hissləri ilə əlaqələndirirlər:
Şagird (8-сi sinif): Qadınlar qayğı göstərməyi sevir.
Şagird (9-сu sinif): Çünki qadın müəllimlər ana kimi olur.
Sual 10. Yuxarıda qeyd olunan sual əsasında şagirdlərə “Niyə kişilər müəllimlik peşəsində daha az təmsil olunur?” sualı ünvanlanıb, onların verdiyi cavablar müvafiq olaraq 1) maddiyyat, 2) streotiplər və 3) fərdi xüsusiyyətlər olaraq qruplaşdırılıb.
Şagirdlərin cavabları əsasında qruplaşdırılan bu amillər fərqli aspektlərə əsaslanır. İlk amil kişilərin müəllimliyə nisbətən daha yüksək maaşlı işlərə yönəlməsi ilə bağlıdır. Xüsusən də cəmiyyətin kişiləri sırf maddi aspektdən dəyərləndirməsi, onların qarşısında qoyulan gözləntilər bu peşədən yayınmaları üçün əsas səbəbdir:
Şagird (9-сu sinif): Ailə məsuliyyəti kişiləri fiziki işə, erkən yaşda işləməyə vadar edir.
Şagird (9-сu sinif): Maaş azdır.
Şagird (8-ci sinif): Kişini çox vaxt evin dirəyi hesab edirlər. Ona görə də, ailəni dolandırmaq üçün kişilər daha çox maaşlı iş axtarırlar.
Digər amil, əsasən, kişilərin qadınlara nisbətən daha səbirsiz olması ilə izah edilir. Şagirdlər düşünürlər ki, müəllimlik kişilər üçün “darıxdırıcı” və ya “stressli” ola bilər:
Şagird (8-ci sinif): Müəllim deyəndə ağla gələn birinci stressdir.
Şagird (9-сu sinif): Məktəbdə onlara uşaqlarla işləmək maraqlı gəlmir.
Şagird (8-ci sinif): Kişilər uşaqlara qarşı səbirsizdirlər.
9 və 10-cu suallara verilən cavablara əsasən deyə bilərik ki, şagirdlərin müəllimlik peşəsi haqqında fikirlərinin bir qismini cəmiyyətdə mövcud olan stereotiplər formalaşdırır.
Digər bir yanaşmaya əsasən isə müəllimlik peşəsi qadınlar üçün daimi iş kimi görünür, bəzən qadınlar öz valideynlərinin arzularını yerinə yetirmək üçün bu peşəyə yönəlir, kişilərin müxtəlif sahələrdə iş tapması ehtimalları daha yüksək olduğu üçün burada qadınlar üstünlük təşkil edir.
Aşağıdakı sualla oğlan şagirdlərin müəllimlik peşəsini seçməyə nə qədər meyilli olduqları araşdırılıb:
Sual 11. “Əgər məktəblərdə kişi müəllimlərin sayı çox olsaydı, siz də müəllim olmağa can atardınızmı?” Oğlan şagirdlərə ünvanlanan bu
situasiya tipli sualda onların müəllim kollektivində gender bərabərliyi qorunduğu halda müəllimlik peşəsinə olan münasibətlərinin nə dərəcədə dəyişəcəyi öyrənilib. 32 şagirddən 11-i bu suala pozitiv cavab verib, 21-i isə bunun onların seçiminə təsir etməyəcəyi qənaətinə gəlib. Bununla belə, şagirdlər müəyyən tədbirlərin görülməsinin vacib olduğunu düşünürlər. Onların verdiyi cavablara əsasən maaş azlığı əsas faktorlardan biri kimi göstərilib. Təklif olaraq isə müəllimlərin məvacibinin artırılmasını, geniş vüsət almış stereotipləri dağıtmaq məqsədilə cəmiyyət arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsini dəstəkləyirlər.
Bu araşdırmadan əldə etdiyimiz nəticələrə əsasən deyə bilərik ki, müəyyən tədbirlərin görülməsi ilə oğlanların bu peşəyə münasibəti müsbət mənada dəyişə bilər.
NƏTİCƏ
Dörd məktəbin 8 və 9-cu sinifləri ilə aparılan və 64 şagirdin iştirak etdiyi bu tədqiqatda şagirdlərin müəllimlik peşəsinə olan münasibəti araşdırılıb. Tədqiqat nəticəsində aydın olub ki, məktəb kollektivi arasındakı gender bərabərsizliyi 8 və 9-cu sinif şagirdlərinin müəllimlik peşəsinə olan yanaşmalarına ciddi şəkildə təsir etmir. Təhsilalanların bu peşə haqqında düşüncələrinə təsir edən əsas amillərə müəllimlərin şəxsi keyfiyyətləri və şagirdlərə münasibətləri aiddir.
Bundan əlavə, tədqiqat nəticəsi olaraq qeyd edə bilərik ki, 8 və 9-cu siniflərdə oxuyan şagirdlər müəllimlik peşəsini “qadın” peşəsi hesab etdiyi üçün qadınlar bu sahədə daha çox təmsil olunur. Şagirdlər kişilərin bu peşədən uzaqlaşmasına əsas səbəb olaraq onların daha yüksək məvacibli işlərin axtarışında olmasını göstərirlər. Qız şagirdlərin bəziləri müəllimliyin onların peşə seçimi üçün ikinci planda olduğunu qeyd edirlər. Tədqiqat nəticəsində o da məlum oldu ki, məktəbdə qadın müəllimlərin kişi müəllimlərə nisbətən daha çox təmsil olunması şagirdlərin bu peşəyə birmənalı yanaşmamasına gətirib çıxarır və bunun aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması mütləqdir. Əlavə olaraq, tədqiqat nəticəsi olaraq bu da məlum oldu ki, şagirdlər onları dəstəkləyən, onlara ədalətli və səmimi münasibət bəsləyən müəllimləri örnək kimi görür, həmin müəllimləri gələcək karyeraları üçün nümunəvi rol modeli olaraq qəbul edirlər.
Rəyçi: Aynur Budaqova, fil.f.d., dosent
İstifadə edilmiş ədəbiyyat
1 Asimaki, A., & Vergidis, D.K. (2013). Detecting the Gender Dimension of the Choice of the Teaching Profession Prior to the Economic Crisis and IMF (International Monetary Fund) Memorandum in Greece—A Case Study. International Education Studies, 6(4), 140-153.
2 Ayenalem, K.A., Abate, S.G., Mengistie, T.A., Lakew, K.A., Ayana, A.M., & Yohannes, M.E. (2022). The attitude of Ethiopian secondary school teachers towards the teaching profession. Teaching and Teacher Education, 117, 103785.
3 Brenøe, A.A., & Zölitz, U. (2020). Exposure to more female peers widens the gender gap in stem participation. Journal of Labor Economics, 38(4), 1009-1054.
4 Çetin, Ş. (2006). Establishment of the profession of teaching attitude scale. Gazi University Faculty of Industrial Arts Education Journal, 18, 28-37.
5 Güneyli, A., & Aslan, C. (2009). Evaluation of Turkish prospective teachers’ attitudes towards teaching profession (Near East University case). Procedia-Social and Behavioral Sciences, 1(1), 313-319.
6 Kelleher, F., Severin, F.O., Samson, M., De, A., Afamasaga-Wright, T., & Sedere, U.M. (2011). Women and the teaching profession: Exploring the feminisation debate. Unesco.
7 Kubiatko, M., & Arik, R.S. (2014). Comparison of the effects of gender variable on attitudes towards the teaching profession by random and fixed effects model: Meta-Analysis. Educational Process: International Journal, 3(1), 4.
8 Legewie, J., & DiPrete, T.A. (2012). School context and the gender gap in educational achievement. American sociological review, 77(3), 463-485.
9 Legewie, J., & DiPrete, T.A. (2014). The high school environment and the gender gap in science and engineering. Sociology of Education, 87(4), 259-280.
10 Morales, M.P.E., Avilla, R.A., & Espinosa, A.A. (2016). Does gender inequality influence interest in pursuing a career in science or mathematics teaching? Issues in Educational Research, 26(1), 65-81.
11 Moreau, M.P. (2020). A matter of time? Gender equality in the teaching profession through a cross-national comparative lens. Gender and Education, 32(6), 820-837.
12 Pancholi, A., & Bharwad, A.B.J. (2015). Studentteachers’ attitude towards teaching profession. International Journal of Research in Humanities and Social Sciences, 3(8), 40.
13 Sarı, M., & Başarır, F. (2016). Analyzing teachers’ perceptions of “female teacher” and “male teacher” within traditional gender roles.
14 Scott, J.L., Crompton, R., & Lyonette, C. (Eds.). (2010). Gender inequalities in the 21st century: New barriers and continuing constraints. Edward Elgar Publishing.
15 Younger, M., Warrington, M., & Williams, J. (1999). The gender gap and classroom interactions: reality and rhetoric? British journal of Sociology of Education, 20(3), 325-341.