RİSKLƏR VİRTUAL, ZƏRƏRLƏR REALDIR




“Kiberzorakılıq” anlayışı insanları onlayn platformalarda qorxutmaq, təhrik etmək və ya utandırmağa yönəlmiş davranışlar toplusu kimi müəyyən edilir.  Bəzən kiberzorakılıq həm də üz-üzə zorakılıqla müşayiət olunur.

Kiberzorakılığın səbəblərinə zorakılıq edən şəxsin aqressiv davranışdan həzz alması, yaşıdları arasında hörmət qazanmaq, fərqlənmək, real həyatda edə bilmədiyi davranışları virtual aləmdə göstərmək istəyi daxildir. Eyni zamanda güclü görünmək həvəsi, ifşa olunmaq riskinin az olduğunu düşünmək, qurbanla üz-üzə görüşmədən zorakılıq etməyin mümkünlüyü kiberzorakılığı asanlaşdıran səbəblərdir.

UNICEF ekspertləri dünyanın bir çox ölkələrində keçirdikləri sorğulara əsasən kiberzorakılığa aşağıdakıları daxil ediblər:

  • sosial mediada kiminsə haqqında yalan məlumatlar, şayiə yaymaq və ya onun rüsvayedici şəkillərini yerləşdirmək;
  • çat platformaları vasitəsilə zərərli mesaj və ya təhdidlər göndərmək;
  • kimisə təqlid etmək, onun adından başqalarına yalan və təhqir xarakterli mesajlar yollamaq.

Bəs kiberzorakılığı necə ayırd etmək olar?

Dostların bir-biri ilə zarafat edib əylənməsi adi haldır. Amma bəzən kiminsə, xüsusilə onlayn məkanda, sizinlə “əyləndiyini” və ya təhqir etməyə çalışdığını hiss edib qarşındakından belə halları dayandırmağı tələb etdikdə, "zarafat edirəm" və ya "bu qədər ciddi qəbul etmə" cavabını eşidə bilərsiniz. Bununla belə, siz özünüzün təhqir olunduğunuzu və ya ələ salındığınızı düşünürsünüzsə, bu hal, artıq zarafat həddini aşmış olur. Həmin davranışları dayandırmaq xahişindən sonra belə onların davam etdirilməsi zorakılıq kimi qiymətləndirilə bilər. Virtual və ya real məkanda baş verməsindən asılı olmayaraq bu hallara göz yumulmamalıdır.

Kiberzorakılıq uşaqlara bir çox cəhətdən mənfi təsir edə bilər:

  • Psixoloji təsir – məyusluq, özünü ağılsız və dəyərsiz hiss etmək, qəzəb və nifrət kimi hisslər doğura bilər;
  • Emosional təsir – utanmaq və ya sevdiyi şeylərə, məktəbə, dost çevrəsinə marağı itirmək;
  • Fiziki təsir– yorğunluq, yuxusuzluq, mədə və ya baş ağrısı kimi simptomlar.

Kiberzorakılığın təsirinin nə qədər böyük olmasından asılı olmayaraq onları aradan qaldırmaq, insanların özünə inam və sağlamlıqlarını bərpa etmək mümkündür.

UNICEF-in sənədlərində zorakılığa məruz qaldığını düşünənlərin ilk addım kimi valideyn, yaxın bir ailə üzvü və ya digər etibar etdiyi şəxsdən yardım istəməsi tövsiyə olunur.

Əgər problemi tanıdığınız birilə bölüşmək asan deyilsə, peşəkar məsləhətçi ilə əlaqə yaratmaq üçün ölkədə fəaliyyət göstərən qaynar xəttə müraciət etmək olar.

Sosial platformada baş verən zorakılığın qarşısını almaq üçün həmin platformanın özündə belə şəxslərin davranışları barədə rəsmi şikayət etmək mümkündür. İstifadəçilərin təhlükəsizliyini təmin etmək  sosial media şirkətlərinin borcudur. Baş verənləri göstərmək üçün dəlilləri - yəni mesajları, sosial media şərhlərinin ekran görüntülərini saxlamaq və lazımi araşdırmalar zamanı təqdim etmək faydalı ola bilər.

Hər kəs kiberzorakılığın qurbanı ola bilər. Bəs övladınızın belə zorakılığa məruz qaldığını necə ayırd edə bilərsiniz? Buna dəlalət edən bəzi məqamlar aşağıda qeyd olunur:

  • Uşağın öz çevrəsi ilə əlaqələrdən soyuması;
  • Elektron cihazlardan istifadəni tamamilə dayandırması və ya bu zaman narahatlıq keçirməsi;
  • Evdən çıxmaq istəməməsi;
  • İştahsızlıq;
  • Özünə qapanmaq;
  • Bədbinlik.

Kiberzorakılıqla üzləşən dostunuz, yaxınınız özünü təhqir olunmuş, kövrək hiss edə bilər. Ona qarşı həssas olmağa çalışmaqla yanaşı, onu zorakılıqla bağlı məlumat verməyə sövq edin. Əgər qurban hadisə haqqında məlumat vermək istəmirsə, onda etibarlı bir kömək tapmaqda ona dəstək olun.  Unutmayın ki, kiberzorakılıq müəyyən hallarda hətta həyat üçün təhlükəli ola bilər.

Belə hallarla qarşılaşdıqda telefondan bəzi tətbiqləri silmək və ya bir müddət internetden uzaq durmaq fikri çıxış yolu kimi görünə bilər. Amma bu, uzun müddətli həll yolu deyil. Kiberzorakılığın qarşısını almağın əsas yolu zorakılıq faktlarının aşkar olunmasıdır. Təhlükəsiz internet məkanın formalaşması bizdən bu problemlərə daha ciddi yanaşmağı tələb edir. Uşaqlara izah olunmalıdır ki, bölüşdüyümüz və ya söylədiyimiz fikirlərin başqalarının xətrinə dəyə biləcəyini düşünməliyik. Virtual və real həyatda bir-birimizə qarşı mehriban və nəzakətli olmalıyıq.

Son dövrlərdə sosial media platformalarında kiberzorakılıqla mübarizəni nəzarətdə saxlamaq üçün müəyyən qaydalar tətbiq olunur. Məsələn, istifadəçilər, süni intellekt texnologiyasının köməyi ilə təhqir və ya qəzəbli şərhləri avtomatik silmək və ya gizlətmək üçün müvafiq funksiyadan istifadə edə bilərlər.

Bu mübarizədə valideyn və müəllimlərin üzərinə də böyük iş düşür:

  • Uşaqlara internetin müsbət və mənfi tərəfləri haqqında məlumat vermək lazımdır.
  • Rəqəmsal mühitdə travma almış uşaqlarla xüsusi qruplarda iş aparılmalıdır.

Ailələr uşaqlarının kiber mühitdə fəaliyyətlərinə nəzarət etməlidir. Uşağın hər bir dostu ilə nə yazışdığını izləmək düzgün olmasa da, valideynlər onun potensial zərərli insanlarla yazışdığını yoxlamalı və lazım gəldikdə xəbərdarlıq etməlidir.

 Ailə uşaqların zərərli oyunları oynayıb-oynamadığını izləməlidir.

Bu halların vaxtında müəyyənləşdirilməsi üçün valideynlərin uşaqlarına qarşı daha diqqətli  davranmaları, məktəb və müəllimlərlə əməkdaşlıq etmələri xüsusilə vacibdir. Unutmaq olmaz ki, real həyatda zorakılığa meyilli olan uşaqlar virtual dünyada bunu daha rahat edə bilirlər.

Kiberzorakılıq qurbanlarının reabilitasiyası ilə yanaşı, zərərverənlərlə də ayrıca iş aparılmalıdır.