TƏHSİL SİSTEMİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ PROSESİ TƏHSİLİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT STRATEGİYASININ ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ
Dünyanın bir çox ölkələrində təhsil statistikası kəmiyyət göstəriciləri hesabına yüksək rəqəmlərlə ölçülür. Bununla belə, keyfiyyət baxımından bir sıra ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə təhsil sisteminin müasir tələblərə cavab verməməsi müvafiq beynəlxalq təhsil və maliyyə qurumlarının qəbul etdiyi hesabatlarda öz əksini tapıb. Təhsil sisteminin maliyyələşdirilməsi prosesinə iki mühüm aspektdən baxılır: təhsilə ayrılan vəsaitin həcmi və onlardan səmərəli istifadə. Təhsilə diqqət yetirən bütün ölkələr bu və ya digər şəkildə təhsilin inkişafı ilə bağlı strateji fəaliyyət planları qəbul ediblər. Təhsilin maliyyələşdirilməsi problemi təhsilin keyfiyyəti problemi ilə vəhdət təşkil edir, çünki onlar bir-biri ilə sıx təmasdadır. Son onillikdə beynəlxalq görüşlərdə əsas diqqət dövri xərclərin səmərəliliyi və effektivliyinə deyil, təhsil üçün maliyyə çatışmazlığına yönəldilib. Keyfiyyət məsələsi daha da aktuallaşdıqca diqqət maliyyə boşluqlarına, eləcə də xərclərin səmərəliliyinə yönəlir. Təhsil hər bir cəmiyyətin bu gününü və gələcəyini müəyyən etdiyi üçün həmişə aktual məsələlər sırasındadır. Demokratik cəmiyyətlərdə hər bir vətəndaşın ədalətli şərtlərlə təhsil alması üçün şəraitin yaradılması mütləq şəkildə maliyyələşmə ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, dünya təcrübəsində təhsil sisteminin maliyyələşdirilməsi bir neçə istiqaməti əhatə edir və müəyyən üsullara malikdir.
GİRİŞ
Təhsilin inkişafı hər bir dövlətin siyasi, sosial-iqtisadi və strateji xəttində önəmli sahələrdən biridir. Təhsil sahəsində mövcud olan qanunvericilik, inkişaf strategiyası və fəaliyyət planı bütün sosial meyarlar nəzərə alınaraq tərtib olunur və təsdiq edilir1. Cəmiyyətin inkişafının post-sənaye mərhələsinin formalaşması şəraitində dünyada təkrar ictimai istehsal milli iqtisadiyyatın innovativ inkişafı əsasında həyata keçirilir. Bu çağırış geniş çeşidli inteqrasiya olunmuş, səriştə əsaslı biliyə və insan potensialında intellektual komponentin yüksək payına malik yeni tipli müasir insan resurslarının formalaşdırılması kimi yeni vəzifələr qarşıya qoyur. Bu da öz növbəsində təhsil fəaliyyətinin və onun maliyyə təminatı sisteminin çoxşaxəli modernləşdirilməsini tələb edir. Təhsil sisteminin maliyyələşdirilməsi problemlərinə həsr olunmuş çoxsaylı tədqiqatlarda qeyd olunur ki, son illərdə təhsil fəaliyyətinə dövlət investisiyalarının həcminin artırılmasına baxmayaraq, peşə təhsili sisteminin maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı problemi hələ də aktual olaraq qalmaqdadır.
Yeni maliyyə mənbələrinin, onların səfərbər edilməsi üsullarının, o cümlədən təhsil sisteminin maliyyə mexanizminin təkmilləşdirilməsi strategiyası və taktikasını vahid təşkilati-metodoloji əsasda birləşdirən dövlət və özəl sektor tərəfdaşlığının ortaq cəhətlərinin tapılmasına ehtiyac var. Bu prosedurun həyata keçirilməsinin normativ-hüquqi əsasları, müvafiq prosesə xidmət edən investisiya infrastrukturu mövcud olduğu təqdirdə, dövlət və özəl sektorun birgə əməkdaşlığının həyata keçirilməsində dövlət idarəetmə orqanları, özəl kapital, peşə təhsili müəssisələri birlikdə iştirak edə bilər.
Dünya təcrübəsində təhsilin maliyyələşdirilməsi prosesi bir neçə istiqamətdə həyata keçirilir. Ən önəmli maliyyə qaynağı, təbii ki, dövlət büdcəsi hesab olunur. Hər bir dövlətdə təhsilin maliyyələşdirilməsi prosesində dövlətin payı olduqca yüksəkdir. Lakin bu maliyyələşmə proseduru müxtəlif yollarla həyata keçirilir. Bilavasitə maliyyələşdirmə icbari təhsil sisteminin mövcud olduğu ölkələrdə əhalinin sosial rifahının və bərabərhüquqlu təhsilin təmin olunması strategiyasının tərkib hissəsidir. Dövlət büdcəsindən dolayı yolla maliyyələşmə isə müxtəlif təhsil müəssisələrinin (ilk növbədə, ali və orta ixtisas) dövlət sifarişləri əsasında əldə etdiyi qazancdan ibarətdir.
Təhsilin büdcədəndənkənar maliyyələşdirilməsinin bir neçə yolu mövcuddur:
1. Əhalinin təhsilə ayırdığı vəsait. Hər bir ailə öz gəlirlərinin müəyyən bir hissəsini bu və ya digər şəkildə təhsilə xərcləyir. Ailə fərdlərindən təhsilalanlar üçün müxtəlif ləvazimatların, dərs vəsaitlərinin və ümumtəhsil müəssisələrində təhsilalanların məktəbli geyimlərinin alınması kimi maliyyə prosesləri bir çox ölkələrdə əhalinin özü tərəfindən qarşılanır. Beynəlxalq təcrübədə geniş yayılmış bu ənənə formal təhsilin bütün sahələrində vardır.
2. Beynəlxalq təhsil fondları. Təhsilin inkişafı üzrə fəaliyyət göstərən bir sıra fondlar vardır ki, onların təhsilə ayırdığı vəsait hesabına əhalinin aztəminatlı qismi müəyyən tədris vəsaitləri ilə təmin olunur. Eyni zamanda, innovativ layihələrin yerinə yetirilməsi və müxtəlif elmi ixtiraların aparılması üçün aparıcı universitetlərin laboratoriya və təcrübə məkanlarının maliyyələşdirilməsi bu fondlar tərəfindən həyata keçirilir. Məsələn, Təhsil sahəsində Qlobal Əməkdaşlıq Təşkilatı təhsil sahəsində gender bərabərliyi, yoxsul ölkələrdə təhsilin səviyyəsinin yüksəldilməsi və digər sahələrdə bir çox dövlətlərlə əməkdaşlıq edir2.
3. Qrant layihələri. Təhsilə ayrılan qrant layihələrinin bir qismi dövlət tərəfindən maliyyələşdirilsə də, inkişaf etmiş ölkələrin əksəriyyətində qrant layihələri özəl institutlar vasitəsilə reallaşır. Məsələn, ABŞ-da bir neçə əsas qrant növü vardır: müstəqil qrantlar – müsabiqə prosesindən istifadə etməklə təqdim olunan qrantlar; tələbə qrantları – tələbələrin, əsasən, universitetdə (kolleclərdə) təhsil almasına yardım etmək üçün ayrılan tələbə kreditləri (Arrow, 1962); formula qrantları – ölkə Konqresi tərəfindən müəyyənləşdirilən və müstəqil müraciət prosesinin olmadığı qrantlar.
4. Repetitorlar. Ənənəvi təhsildən əlavə mövcud olan informal təhsil növlərindən biri məhz repetitorluq vasitəsilə həyata keçirilir. Bir sıra ölkələrdə konkret elm sahəsinə istiqamətlənən xətt üzrə inkişaf məqsədilə ümumi dərs saatından əlavə, müəyyən dərslərdən hazırlıq məşğələləri də həyata keçirilir. Bəzən repetitorluq fəaliyyətinin təhsil sisteminin maliyyələşdirilməsində rolu az görünsə də, əslində, bu sahədən əldə olunan gəlir bir çox ölkələrdə, hətta ölkənin ümumi daxili məhsulunun (ÜDM) 1 faizini təşkil edir3.
5. Publik hüquqi şəxs və ya özəl statuslu təhsil müəssisələri. Beynəlxalq praktikada özəl təhsil müəssisələrinin payı getdikcə daha çox artmaqdadır. Burada institutun maliyyələşdirilmə prosesində dövlətin müəyyən payı olsa da, maliyyə təminatının böyük qismi müəssisənin öz gəlirləri hesabına həyata keçirilir. Hətta dünyada dövlət büdcəsinə şəxsi gəlirlərindən böyük miqdarda vergi ödəyən təhsil müəssisələri də vardır. Burada ödənişli təhsil sistemi və özəl sifarişlər əsas gəlir qaynağını təşkil edir.
Təhsil sisteminin maliyyələşdirilməsində bir sıra fərdi amillər də mövcuddur ki, burada müəyyən fəlsəfi və kulturoloji amillər önəmli rol oynayır. Məsələn, dövlət idarəçiliyində intellektuallığı əsas götürən bir sıra ölkələr vardır ki, bu idarəçilik sisteminin əsasını valideynlərin övladına yüksək təhsil verməsi, habelə gələcəkdə inzibati idarəetmədə öz bilik və bacarıqları sayəsində yer alması üçün önəmli ölçüdə vəsaitin sərf olunması təşkil edir.
Ali təhsilin modernləşdirilməsi mərhələsində onun maliyyə cəhətdən şəffaflaşdırılması probleminin çoxşaxəliliyini, təhsil sahəsində iqtisadi proseslərin modernləşdirilməsinin xüsusiyyətlərini nəzərə alaraq, təhsil müəssisələrinin gəlir bazasının genişləndirilməsi istiqamətində səmərəli səylər göstərilir, bu zaman özəl tərəfdaşlıq və çevik maliyyə idarəetmə modelinin qurulması araşdırma çərçivəsindən kənarda qalır. Dünyada təhsilin modernləşdirilməsinə yönəlmiş çağırışlar kontekstində qarşıya yeni vəzifələr qoyulur. Xüsusilə maliyyə idarəçiliyinin müəyyən problemləri, təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi, yeni problemlərin həllində sənayenin maliyyə dəstəyi mənbələrinin həcmi və strukturunun optimallaşdırılması üzrə genişmiqyaslı tədqiqatların istiqamətləri müəyyən edilməlidir. Ölkənin sosial-iqtisadi inkişafı problemləri, bu sahədə resurslardan istifadənin səmərəliliyi, vergitutmanın təkmilləşdirilməsi və digər bir sıra mühüm amillər metodoloji baxımdan müəyyən həll yollarına malikdir. Təhsilin dövlət və özəl sahə tərəfindən birgə maliyyələşdirilməsi üçün baza, təbii ki, mövcuddur. Lakin dövlət büdcəsinin yükünün azaldılması və özəl sektorun təhsilin inkişafından gəlir əldə etməsi üçün konkret metodların işlənib hazırlanması çox önəmlidir.
Reallıq ondan ibarətdir ki, təhsil müəyyən mənada fərdin xeyrinə olan şəxsi və eyni zamanda bütün cəmiyyətə fayda verən ictimai sərvətdir. Bunun ən kamil nümunəsi Kennet Arrounun “etməklə öyrənmək” (Arrow, 1962) nəzəriyyəsinin tətbiqində öz əksini tapır: insanın fəaliyyəti (və bunun qarşılığında aldığı əmək haqqı) təkcə özünün deyil, həm də həmkarlarının təhsil səviyyəsindən asılıdır. Başqa sözlə, ali təhsil təkcə fərdi tələbata deyil, həm də tədqiqatların və digər mühüm təchizat meyarlarının ortaq işlənməsinə əsaslanır. Təhsildə ümumi konsensus ondan ibarətdir ki, təhsilli vətəndaşların, eləcə də cəmiyyətin bütün üzvlərinin bərabər imkanlara malik olması bütövlükdə cəmiyyətə verdiyi bütün faydaları ilə birlikdə böyük ictimai sərvət hesab olunur. Bu arqumentlərin ən çox qeyri-müəyyən olduğu yer ümumi təhsil səviyyəsidir. Beləliklə, əksər
inkişaf etməkdə olan ölkələr üçün ali təhsil və ən azı ümumi orta təhsilin müəyyən hissəsi təhsil haqlarından daha çox asılı olan bir mühit yaradır. Sonra ortaya çıxan əsas məsələlər isə əmək haqqı səviyyələri, nizamnamə kapitalı və kredit müqavilələri ilə bağlıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və təhsil hüququ ilə bağlı digər beynəlxalq sənədlərin şərhlərinə müraciət etmədən onlara rasional və qeyri-ideoloji yanaşmaq lazımdır. Onlar da təhsilə dövlət xərclərinin altsahələr üzrə bölgüsünə yanaşma ilə uzlaşdırılmalıdır.
Azərbaycan dövlətinin təhsilin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri irqindən, cinsindən, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, qanunvericilik çərçivəsində hər kəsin bərabərhüquqlu təhsil almaq imkanlarının mövcudluğudur. Xüsusilə qızların təhsil alması istiqamətində 1901-ci ildə Bakıda inşa edilən Qızlar Məktəbinə özəl sahədən maliyyə vəsaitinin ayrılması (görkəmli messenat Hacı Zeynalabdin Tağıyevin əməyi və şəxsi vəsaiti sayəsində) faktı Azərbaycanda bərabərhüquqlu təhsilin dərin tarixi köklərinin olduğunu əyani şəkildə sübut edir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas strateji komponentlərindən biri maddi-texniki təminat bazasının gücləndirilməsidir. Burada iki əsas sahədə modernləşmə həyata keçirilir. Birinci sahə təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsidir. Mərkəzdə və regional müstəvidə keyfiyyətli təhsilin təmin olunması məqsədilə bir sıra tikinti və təmir-bərpa işləri mütəmadi şəkildə icra olunur. Son onilliklərdə ölkədə yüzlərlə yeni məktəb binası tikilib və ya əsaslı təmir olunaraq infrastrukturu yeniləşdirilib. İkinci sahə təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir. Beynəlxalq müstəvidə qəbul olunan tədris metodlarının tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər həyata keçirilir ki, bu da pedaqoji istiqamətdə təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Burada müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması da xüsusi qeyd edilməlidir.
Təhsilin inkişafında yer alan iqtisadi meyarlara bir sıra digər amillər də daxildir. Müasir dövrün tələblərinə, həmçinin təhsilalanların psixoloji hazırlığına uyğun olan çevik proqramlar əsasında tədris resurslarının hazırlanması və məktəblərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması bu qəbildəndir. Bütün bu proseslər mərhələli şəkildə həyata keçirilir.
Təhsilin maliyyələşdirilmə prosesində xüsusi əhəmiyyətə malik sahələr də vardır. Bunlar inklüziv təhsil meyarlarının müəyyənləşdirilməsi, hər bir Azərbaycan vətəndaşının əmək bazarına inteqrasiyası və peşə hazırlığı məktəblərinin də fəaliyyətinin genişləndirilməsidir.
Qlobal pandemiya şəraitinin mövcud olduğu mühitdə mühüm hadisələrdən biri də distant təhsilin səviyyəsinin yüksəldilməsidir. Distant təhsilin təmin olunması, ilk növbədə, internet resurslarının dərs yükünə hazır olması və çevik bir şəkildə yeni şəraitə uyğunlaşmaqdan asılıdır. Burada həm müəllimlərin, həm də təhsilalanların psixoloji və texnoloji hazırlığı önəmli rol oynayır. Təbii ki, bu da təhsilə ayrılan vəsaitin yeni bir sahəsini təşkil edir. Bu proses qlobal mühitdə meydana gələn yeni bir anlayışın – “smart məktəblər”in təşkil olunmasını şərtləndirən əsas amillərdən birinə çevrilib. “Smart məktəblər” elektron təhsilin – rəqəmsal texnologiyaların köməyi ilə bilik və bacarıqların öyrədilməsi sistemidir. Sistemin məktəblərdə tətbiqində əsas məqsəd müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan rahat və pandemiya şəraitində daha təhlükəsiz mühitin yaradılmasıdır. “Ağıllı məktəb” avtomatlaşdırılmış informasiya sistemlərinə aiddir. Bu sistem texniki cəhətdən informasiya təminatı daxil olmaqla proqram-aparat kompleksi kimi həyata keçirilir. Onu funksional olaraq aşağıdakı komponentlərə bölmək olar: Monitorinq sistemi – dərs cədvəllərinin yaradılması və idarə olunması, analitik hesabat sistemi, təhsilalanların akademik göstəricilərinin və şagirdlərin bilik və bacarıqlarının test imtahanı vasitəsilə qiymətləndirilməsi, dərsin real vaxt rejimində müşahidəsi, məktəb məlumat bazasının və elektron kitabxananın günün istənilən saatında istifadəyə açıq olması; Ağıllı sinif otağı – elektron kitab və elektron jurnallar vasitəsilə dərs idarəetmə proqramının, davamiyyətə nəzarətin, ev tapşırıqlarının həllinin, interaktiv lövhə və təlim sisteminin təmin olunması; Smart terminallar – müəllimlər və təhsilalanlar üçün ayrı-ayrılıqda elektron terminalların mövcudluğu və s. (Omidinia, Masrom, Selamat, 2013).
Distant təhsilin iqtisadi yükə münasibəti fərqlidir. Bir tərəfdən təhsilalanların gündəlik nəqliyyat və s. xərcləri azalsa da, digər tərəfdən maddi-texniki təminatın həyata keçirilməsi üçün müəyyən vəsaitin xərclənməsi tələb olunur. Məhz buna görə də distant təhsilin maliyyələşdirilməsi prosesi fərqli yanaşma tələb edir.
Ölkələr üzrə inkişaf strategiyası kimi, təhsil xərcləri də müxtəliflik təşkil edir. Aşağıgəlirli ölkələr yüksəkgəlirli ölkələrdən daha yoxsul olduğuna görə hər təhsil alan fərdə ayrılan xərclər arasındakı fərq böyük olmaqda davam edir. Bir şagirdə düşən təhsil xərclərinin ölkələrarası fərqi həmin ölkələrin ÜDM xərclərindən qat-qat çoxdur. Tələbəyə düşən xərclərin real ifadədə daha yaxşı anlaşılmasına kömək edən amillərdən biri təhsil xərclərinin əsas komponenti olan müəllimlərin maaşlarının yüksək gəlirli ölkələrdə daha çox olmasıdır. Ona görə də, təhsilin inkişafı ilə bağlı qərar verilərkən əməyin dəyərləndirilməsi inkişaf etməkdə olan ölkələrin də nəzərə almalı olduğu əsas meyarlardandır.
Burada məktəbəqədər təhsilə verilən önəm və ayrılan vəsait də xüsusi əhəmiyyət kəsb edir. Uşaqların erkən yaşda qarşılaşdıqları mühit onların qabiliyyət, davranış və istedadlarının formalaşmasında mühüm rol oynayır. Böyük ölçüdə, eyni ölkədə, lakin müxtəlif sosial-iqtisadi şəraitdə olan insanlar arasında təhsil boşluqlarına səbəb olan amillərdən biri də budur. Hər ölkə üçün ayrılıqda bu prosesləri şərtləndirən nəzəriyyə və dəlillərin təhlili və təhsil siyasətinin qurulması istiqamətindəki təsirlər müəyyən edilməlidir. Məktəbəqədər təhsilin keyfiyyətini yoxlamaq üçün hazırlanmış Perri pilot layihəsinə cəlb edilmiş imkansız uşaqların daha yüksək təlim nəticələrinə malik olduqları üzə çıxarılmışdır. (Roser, and Ortiz-Ospina, 2016).
Təhsilin maliyyələşdirilməsi prosesində təhsil müəssisəsinin ümumi strukturu, tədris modeli, maliyyə bazası böyük önəm kəsb edir. Dünya praktikası sübut edir ki, qloballaşma şəraitində təhsilin yeni maliyyə modelinin inkişafı üçün ən təsirli mexanizm təhsil, elm və innovativ konsorsium tipli təhsil komplekslərinin yaradılması, onların fəaliyyətinin ixtisasyönlü klasterlərin inkişafına yönəldilməsidir. Elm və təhsil sahəsinin investisiya və innovasiya modeli milli iqtisadiyyatın ən mühüm resurs amili kimi təhsil sahəsində innovasiyaların həm təşkilati, həm də iqtisadi inkişafı üçün yeni maliyyə modelini formalaşdıraraq, milli universitetlərin rəqabət qabiliyyətini və təcrübəyönlü fundamental elmin formalaşmasını təmin edə bilər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri də məhz bu istiqamətdə layihələrin həyata keçirilməsindən ibarətdir. Klaster tipli elm və təhsil müəssisələrinin fəaliyyəti, eyni zamanda tətbiqi biliklərin inkişafına da münbit şərait yaradır. Özəl biznes və dövlət tərəfindən təhsilə birgə investisiya mexanizmlərinin tətbiqi üzrə qlobal tendensiya yeni xüsusi və məqsədyönlü maliyyələşdirmə mexanizmlərinin inkişafı ilə müşayiət olunur. Təhsil sahəsində “dövlət-biznes partnyorluğu” sisteminin hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi beynəlxalq təcrübədə mütəmadi tətbiq olunan praktiki sahələrdən biridir4. Bunun üçün büdcədən maliyyələşmənin təhsil müəssisələri arasında bölüşdürülməsindən maliyyə vəsaitlərinin adambaşına xərclərə yönəldilməsi, eləcə də birbaşa maliyyələşdirmə metodlarından bilavasitə keçidin həyata keçirilməsi baş verməlidir. Digər tərəfdən, təhsilə yönəldilmiş özəl resursların (özəl kreditləşdirmə və təhsil sığortası) toplanması üçün maliyyə alətləri formalaşdırılmalıdır. Dünyada ali təhsilin maliyyələşdirilməsinin yeni formalarına təhsil kreditləri, əldə olunan qrantlar, təhsil sığortası və tələbələrin maliyyə dəstəyi sistemləri daxildir. Yuxarıda deyildiyi kimi, Azərbaycanda təhsil tələbə kreditinin formalaşması bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir. Burada bir neçə amil birləşir:
1. Dövlət kredit müəssisələrini (bank sektoru və s.) təhsilin inkişafına vəsait ayırmağa təşviq edir. Tələbələrə kredit verildiyi zaman borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxsdən (valideyni, qohumu, işəgötürəni və s.) qaytarıla bilməsi zəmanəti əldə edir. Bu da özlüyündə maliyyə institutlarını təhsilin maliyyələşdirilməsinə cəlb edir.
2. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur ki, bununla sosial vəziyyəti zəif olan tələbələrin tədris prosedurunun maliyyələşdirilməsi böyük ölçüdə dəstək almış olur. Bu zaman tələbə daha artıq maddi gəlirlər hesabına kredit borcunu ödəyə bilmək kimi yeni bir motivasiya əldə edir.
3. Standart kredit almaq hüququna malik olan tələbələrin qarşısına qoyulan şərtlərdən biri ümumi orta təhsil göstəricisinin mümkün 100 ballıq şkala ilə 71 baldan yuxarı olmasıdır. Ödənişli təhsil alan tələbələrin isə illik təhsil haqqının ən azı 20 faizini ödəməsi nəzərdə tutulur.
4. Tələbə kreditlərinin sığortalanması sığorta şirkətlərinin də bu prosedura cəlb olunmasına şərait yaradır.
Buradan belə nəticəyə gəlmək olar ki, təhsil və elmi fəaliyyətdə dövlət-özəl tərəfdaşlığı mərkəzləşdirilmiş fondlardan birbaşa maliyyə dəstəyi ilə yanaşı, layihələrə dövlət dəstəyinin aşağıdakı formalarını əhatə edə bilər:
- investorlara əminliklə qaytarıla bilən, təxirəsalınmaz ödənişlilik əsasında kredit resurslarının verilməsi;
- səhmdar cəmiyyətlərin “layihə üzrə” buraxılmış səhmlərinin bir hissəsinin dövlət mülkiyyətində saxlanılması şərtləri əsasında zəmanət verilməsi;
- kredit alanın təqsiri olmadan layihə baş tutmadıqda investor tərəfindən qoyulan vəsaitin bir hissəsinin geri qaytarılmasına təminatın verilməsi.
Təhsil müəssisələrinin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması çərçivəsində həyata keçirilən prosedurlardan biri də ali təhsil müəssisələrində əlavə təhsil üzrə strukturların yaradılmasının təşviqidir. Əlavə təhsil birmənalı olaraq ödənişli olduğu üçün dövlət büdcəsindən maliyyələşən təşkilatların maddi bazasına əlavə gəlirlərin gəlməsinə səbəb olur. Daha çox gəlir əldə etmək məqsədilə müəllimlərin peşəkarlığının yüksəldilməsi təhsilin ümumi inkişafına təkan verən mühüm amillərdəndir. Təhsilin idarə olunmasının məlumat sistemləri və yeni hesabatvermə modelinin yaradılması özündə bir sıra elektron prosedurları birləşdirir. Bu, əsasən, iki istiqamətdə həyata keçirilir: 1) təhsil müəssisələrində məlumat bazalarının, məzunkoordinasiya- informasiya sistemlərinin yaradılması, yenilənməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi; 2) əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi.
Əmək bazarında tələb və təklifin monitorinqi sayəsində ali və orta ixtisas təhsili müəssisələrində plan yerlərinin müəyyənləşdirilməsi gələcəkdə sosial-iqtisadi inkişafa təsir göstərən ən mühüm amillərdəndir. Belə ki, bir peşə sahəsi üzrə kifayət qədər mütəxəssis olduğu halda, bu sahəyə daha çox yer ayrılması və əksinə, kadr çatışmazlığının mövcud olduğu sahələr üzrə təhsil planında az yer nəzərdə tutulması sosial balansın pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlığın təmin olunması məqsədilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının əlavə olaraq 20 min nəfər artırılması nəzərdə tutulub5.
Təhsilin maliyyələşdirilməsi üzrə Azərbaycan modelində yer alan mühüm layihələrdən biri də Təhsilin İnkişafı Fondunun yaradılmasıdır. Fondun gəlirləri sırasında yer alan ən mühüm vəsaitlər – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin büdcədənkənar vəsaitləri, ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar; ianələr, qrantlar və cəlb edilən investisiyalar; həmçinin Fondun fəaliyyətindən əldə olunan gəlirlərdir. Bu layihə təhsil müəssisələri tərəfindən təhsilin inkişafına sərf edilən vahid vəsait bazasının mövcudluğunu təmin edir. Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan digər bir publik hüquqi şəxs isə Peşə Təhsilinin İnkişafı Fondudur. Bütün bu tip qurumların strukturu və statusu “dövlət-biznes partnyorluğu”nun inkişafına yönəlmiş əsas istiqamətləri müəyyən edir.
Qabaqcıl beynəlxalq təcrübənin təhlili göstərir ki, təhsil sahəsindəki investor aşağıdakı problemlərin həllində iştirak edə bilməlidir: tədris, laboratoriya və maddi-texniki bazanın yenilənməsi; dövlət məşğulluq qurumlarında və özəl təşkilatlarda istehsalat və bakalavr təcrübəsi üçün eksperimental meydançaların yaradılması; şirkətlərin innovativ fəaliyyətini təmin etmək üçün universitetlərin innovasiya infrastrukturunun zəruri elementlərinin inkişafı; tələbələrin və professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin həyata keçirilməsinə və konkret biznes problemlərinin həlli üçün layihələrin hazırlanmasına cəlb edilməsi və s.
Hazırda təhsilin maliyyələşdirilməsi mexanizminin müasirləşdirilməsinin ümumi istiqaməti təhsil sistemində özünütənzimləmə proseslərinin başlanmasını nəzərdə tutan maliyyə resurslarının sərəncamında təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Təhsilin maliyyələşdirilməsinin sosial-iqtisadi aspektləri arasında iqtisadi azadlıq da mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübə göstərir ki, təhsil sisteminin müasirləşdirilməsi mərhələsində “dövlət-özəl tərəfdaşlığı”na əsaslanan maliyyə mexanizminin tətbiqi tədris prosesinin qeyri-tədqiqatlara yönəlmiş yaradıcı pedaqogika metoduna keçirilməsinin ən mühüm şərtidir. Söhbət təhsil prosesində bu cür formaların axtarışından gedir ki, bu zaman tələbə öyrənmə prosesində əldə etdiyi məlumatlardan müstəqil olaraq bilik sistemini formalaşdırmaq, yeni biliklərin və şəxsi təcrübəsinin təhlili əsasında onu düzəltmək imkanı əldə edəcək, paradiqma əsaslarını dəyişməyə, gələcəyi nikbinliklə qarşılamağa hazır olacaqdır. Əmək bölgüsü, yeni peşələrin yaradılması və istehsalın təşkili, şübhəsiz, məntiqi, yaradıcı təfəkkürün, səbəb-nəticə əlaqələrinin inkişafına əsaslanan rasional biliyin, elmin inkişafını tələb edir.
Təhsilin maliyyələşdirilməsinin yeni qəbul olunmuş təşkilati-iqtisadi mexanizminin əsasını istehsal olunan məhsulların həcminə, keyfiyyətinə və struktur uyğunluğuna görə dövlət və biznes ictimaiyyətinin qarşılıqlı məsuliyyətinə əsaslanan ali təhsilin ayrı-ayrı maliyyələşdirilməsindən birgə investisiyaya keçid prinsipi təşkil etməlidir. Müasir mərhələdə iqtisadiyyatın tələbləri əsasında insan potensialı, sosial-iqtisadi meyillər, cəmiyyətin və əmək bazarının inkişafı məhz təhsilin inkişafına əsaslanır. Tərəflər təhsilə investisiya qoyuluşunun risklərini və təhsil fəaliyyəti sistemində iqtisadi resurslardan istifadənin səmərəliliyinə görə məsuliyyəti bölüşdüyü təqdirdə həm təhsilin inkişafı, həm də azad biznes rəqabətinin yaradılması üçün sağlam mühit formalaşmış olur (Əhmədov, 2022).
NƏTİCƏ
Təhsilin maliyyələşdirilməsi prosesi ölkənin sosial-iqtisadi rifahına bilavasitə təsir göstərən və uzunmüddətli investisiya tələb edən bir prosesdir. 2015-ci ildə dünyanın 193 dövlətinin imzaladığı BMT Baş Assambleyasının “Dünyamızın transformasiyası: 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi” adlı qətnaməsində müəyyənləşdirilən 17 əsas məqsəddən dördüncüsü təhsilə həsr olunub. O, “inklüziv, bərabər keyfiyyətli təhsilin təmin edilməsi və hamı üçün ömürboyu təhsil imkanlarının təşviqi” kimi formalaşdırılıb (Fedorchuk, Morozov, 2021). UNESCO-nun dayanıqlı inkişaf hədəfləri arasında ön sırada olan təhsilin inkişafı perspektivləri qlobal bərabərhüquqlu təhsil modelini özündə ehtiva edir. Həmin təşkilatın “Təhsil-2030” proqramı, ümumilikdə, təhsilin bütün sosial-iqtisadi inkişafların önündə olduğu prinsipinə sadiqlik nümayiş etdirir. 2015-ci ildə Koreyanın İnçxon şəhərində dünyanın 120-dən çox ölkəsinin qəbul etdiyi bəyannamədə qeyd olunduğu kimi, inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək, hamı üçün ömür boyu təhsil imkanları yaratmaq, digər hədəflər qlobal və milli təhsil problemlərinin həllinə kömək etmək məqsədi daşıyır. O, insan hüquqlarına və ləyaqətinə, sosial ədalətə, inklüzivliyə, müdafiəyə, mədəni, dil və etnik müxtəlifliyə, həmçinin ortaq məsuliyyət və hesabatlılığa yönəlmiş humanist təhsil və inkişaf konsepsiyasına əsaslanır. Bəyannamənin 14, 15 və 16-cı bəndlərində tərəfdar çıxan ölkələrin maliyyə dəstəyi sayəsində elm və təhsilin inkişafına ayrılan vəsaitin hər bir ölkənin ümumi daxili məhsulunun 4-6 %-ni və ya dövlət xərclərinin 15-20 %-ni təşkil etməsi hədəfə alınır. Burada ölkələrin maliyyə imkanlarının təkcə ölkədaxili xərclərə deyil, eyni zamanda dünyanın yoxsul və təhsil xərclərini ödəyə bilməyən ölkələrinə də yardım məqsədilə ayrılması nəzərdə tutulur. Bu Bəyannamənin önəmi ondan ibarətdir ki, təhsilin qlobal ölçüdə maliyyələşdirilməsi dünya tarixində ilk dəfə məhz həmin Bəyannamə ilə genişmiqyaslı hədəflərə hesablanıb. Milli hüquqi və siyasi sərhədlər daxilində Azərbaycan da bu tip qlobal layihələrin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Dünyanın bir sıra ölkələrində olduğu kimi təhsil ocaqlarının tikintisi və bərpasına Azərbaycan dövləti tərəfindən ayrılan maliyyə vəsaitləri təhsilin qlobal inkişafına yönəlmiş hədəflər sırasında öz prioritet mövqeyini qoruyub saxlamaqdadır.
UNESCO-nun 1 sentyabr 2022-ci il tarixli məlumatında əks olunan nəticələrə görə dünyada 244 milyon uşaq və yeniyetmə təhsil almaq imkanından məhrumdur6. Bu cür qlobal mövqedən yanaşdıqda, qeyd edilməlidir ki, təhsil sisteminin maliyyələşdirilməsi prosesi təkcə təhsilin inkişafı üzrə deyil, ümumilikdə, sosial-iqtisadi rifaha hədəflənən beynəlxalq siyasətin əsas istiqamətlərindən biri olaraq daim ön planda yer almaqdadır.
İstifadə edilmiş ədəbiyyat
1 “Azərbaycan Respublikası Təhsil nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu”nun yaradılması haqqında” AR Prezidentinin 14 iyul 2021-ci il tarixli Sərəncamı.
2 “Azərbaycan Respublikası Təhsil nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin yaradılması haqqında “AR NK-nın 1 mart 2022-ci il tarixli qərarı.
3 “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”. Bakı, 22 iyul 2022-ci il.
4 “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası”. Bakı, 24 oktyabr 2013-cü il.
5 244 milliona detey ne nachnut novyy uchebnyy god (doklad YUNESKO)/ URL: https://www.unesco.org/ru/articles/244-milliona-detey-ne-nachnut-novyy-uchebnyy-god-doklad-yunesko
6 Arrow, K.J. (1962). “The Economic Implications of Learning by Doing”. The Review of Economic Studies. 29 (3): pp. 155–173. URL: https://www.jstor.org/stable/2295952
7 Education 2030: Incheon Declaration and Framework for Action for the implementation of Sustainable Development Goal 4: Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all. https://unesdoc.unesco.org/ark:/48223/pf0000245656_rus
8 Əhmədov, H.H. (2022). Təhsil sisteminin modernləşdirilməsi strateji insan kapitalının inkişafında prioritet sahələrdən biridir. “Azərbaycan müəllimi” qəzeti, 7 oktyabr.
9 Əzizov, R.E. (2022). Elmi inkişafın dəyər zənciri. “Azərbaycan müəllimi” qəzeti, 12 avqust.
10 Fedorchuk, Y.M., Morozov, A.V. (2021). Strategiya razvitiya obrazovaniya: ot mezhdunarodnogo urovnya do urovnya obrazovatel’noy organizatsii, Global’naya Ekonomika i Obrazovaniye. 1(2): c.73–81.11 Global Partnership for Eucation. URL:https://www.globalpartnership.org
12 Nicholas Burnett. Strategies for financing of education: A global view. Results for Development Institute / URL: https://www.r4d.org/wpcontent/uploads/Strategies-for-Financing-of-Education.pdf
13 Omidinia, S., Masrom, M., Selamat, H. (2013). An Examination of the Concept of Smart School: An Innovation to Address Sustainability, 2nd International Conference on Advances in Computer Science and Engineering (CSE 2013) July, pp. 326-329
14 Roser, M., and Ortiz-Ospina, E. (2016). “Financing Education”. Published online at OurWorldInData.org. Retrieved from: https://ourworldindata.org/financingeducation [Online Resource]