FAYDALI SERİALLARA BAXIN




Uşaqların valideynləri ilə birlikdə əylənərək öyrənməsinə imkan verən vasitələr arasında seriallar da var. Belə seriallara tamaşa etmək üçün bir çox televiziya və Youtube kanalları mövcuddur. Netflix platforması da belə məzmunda film və seriallar izləmək üçün uyğun platforma sayılır. Burada elmdən macəraya, incəsənətdən fantastikaya qədər çox fərqli mövzuları əhatə edən uşaq serialları mövcuddur. Netflix-də yayımlanan uşaq serialları maarifləndirici olduğu qədər həm də əyləncəlidir. Bu seriallar sayəsində uşaqlar boş vaxtlarını daha əyləncəli keçirə, elm, təbiət, heyvanlar aləmi və başqa mövzularda fərqli məlumatlar ala bilərlər.

Netflix-də ən çox baxılan və uşaqlar üçün faydalı məlumat qaynağı olan bir neçə uşaq serialını təqdim edirik.

“Ada Tvist” (“Ada Twist”)

9 yaşlı Ada balaca alimdir. Ağıllı, mehriban, həssas və mərhəmətli qızın sehrli laboratoriyası, böyük kəşfləri və ixtiralar kitabı var. Onun sevimli heyvanı xanıməli böcəyidir.

Digər qəhrəman 8 yaşlı memar İgginin sevimli heyvanı balinadır. Mühəndis qız Rozinin maraq göstərdiyi canlı təkbuynuzdur. Robot mühəndisi Benninin sevimli heyvanı isə özünün hazırladığı robot itdir.

Serial uşaqlara elm, təbiət və heyvanlar aləminin vəhdəti ilə bağlı faydalı mesajlar ötürür.

Sehrli məktəb avtobusu” (“Magic School Bus”)

Serial balaca tamaşaçıları unikal səyahətə dəvət edir. Bu serialın əsas mövzusu xanım Frizzle və onun rəhbərlik etdiyi sinfin elm dünyasına əyləncəli macəraları ilə bağlıdır. Şagirdlərin yüksək texnologiyalı avtobusda kosmosun dərinliklərinə səyahəti boyu Miss Frizzle onları müşayiət edir, elm və kosmosla bağlı uşaqları həyəcanlandıran məlumatlar verir.

Ağac ev detektivləri” (“Treehouse detectives”)

Netflixin 2018-ci ildə təqdim etdiyi serial bacı-qardaş ayıları Tobi və Terinin detektivliyini təsvir edir. Onlar evlərinin arxa həyətindən başlamış dünyanın fərqli nöqtələrindəki müəmmalı və maraqlı görünən problemləri həll etməyə çalışırlar. Detektiv ayıların komandasına başqa heyvanlar da qoşulur.

“Beat Bugs”

Serialın süjeti şəhərətrafı həyətyanı sahədə yaşayan və müxtəlif sərgüzəştlərlə həyatı öyrənən beş gənc böcəyin dostluğu üzərində qurulub.

Serial 2017-ci ildə “ən yaxşı uşaq televiziya serialı” nominasiyasında mükafatlar alıb. Şouda böcəklər “Beatles” qrupunun məşhur mahnılarını ifa edərək həm ətraf mühiti araşdırır, həm də dünyada və təbiətdə baş verən dəyişiklikləri uşaqlara izah edirlər.

“Söz şənliyi” (“Word Party”)

Netflix-də bir neçə mövsüm boyu yayımlanan “Word Party” serialında heyvan personajlar macəranın bir parçası olmağınızı istəyir. Bayley, Franni, Kip və Lulu adlı personajlar bir çox bacarıqlar, xüsusən danışmaq öyrənməyə çalışırlar. Serialı izləyən uşaqlar da bu söz oyunlarının iştirakçısına çevrilə bilərlər.

“Küçüklər Akademiyası” (“Pup Academy”)

Bu uşaq serialındakı ağıllı və sevimli itlərin özünün xüsusi məktəbi var. Məktəbli həyatı yaşayan küçüklər burada qeyri-adi, bənzərsiz və hər kəsin diqqətini çəkən və eyni zamanda onlara insanların ən yaxşı dostu olmağı öyrədən səyahətə çıxırlar. Heyvanlar dünyasına fərqli prizmadan baxmağa imkan verən “Pup Academy” Netflixin çox baxılan uşaq serialları arasındadır.

“Puffin Rock”

İrlandiyalı animatorların çəkdiyi bu cizgi filmi Netflix də daxil olmaqla bir çox platforma və televiziya kanallarında yayımlanıb.

Serialda İrlandiya sahillərində yerləşən Paffin adasında yaşayan Oon və onun körpə qardaşı Babanın qarşılaşdığı əhvalatlar təsvir olunub.

Burada Ana, Ata, Mossi adlı cücə, May adlı dovşan da serialın əsas qəhrəmanları sırasındadır.

Uşaqlar müxtəlif heyvanların yardımı ilə fərqli həyat təcrübəsi və bacarıqlar qazanırlar. Suiti balası İpək Oon və Babaya sualtı macəralarında yardım edir. Özünü uçuşlar üzrə ekspert sayan yaşıl bayquş Otto isə uçuşla bağlı məsləhətlər verir. Serialdakı qırmızı tülkü Flinn, kirpi Spiki və başqa heyvanlar uşaqlara təbiət, mərhəmət, sevgi, dostluq və ailə bağları kimi anlayışlar vasitəsilə xoşbəxt həyatın sirlərini öyrədirlər.

“Book Corner” (“Kitab guşəsi”)

“Book Corner” uşaqların özünü sevməsinə və özü ilə barışmasına fərqli prizmadan baxan bir serialdır. Uşaqlara irqçiliklə mübarizəni aşılamaqla yanaşı, empatiya və bərabərliyi də təbliğ edir.