DƏRS ÖYRƏNMƏYİN YOLLARINI ŞAGİRDLƏRƏ ÖYRƏTMƏK
2024-cü ilin aprel ayında “Azərbaycan məktəbi” jurnalının nəşrə başlamasının 100 ili tamam olur. Uzun illər respublikamızda yeganə elmi-nəzəri, pedaqoji jurnal kimi fəaliyyət göstərən “Azərbaycan məktəbi” böyük inkişaf yolu keçib, xalq maarifinin inkişafında müstəsna rol oynayıb, pedaqogika, psixologiya elmlərinin formalaşmasında özünəməxsus yer tutub, pedaqoji fikrimizin qiymətli xəzinəsi kimi təhsil tariximizə daxil olub. Fəaliyyətinin qısa xarakteristikasını verməli olsaq, deyə bilərik ki, jurnal:
- respublikada savadsızlığın ləğv edilməsində;
- ümumi icbari ibtidai, yediillik, səkkizillik və orta təhsilin tədricən tətbiqində;
- məktəb təhsilinin elmi-pedaqoji cəhətdən təkmilləşdirilməsində;
- yeni təlim üsulları, təlim-tərbiyənin forma və metodlarının təşkili və tətbiqində;
- gənc nəslin tərbiyəsi işinin təşkili və yerinə yetirilməsində;
- təhsili idarə edən orqanlar tərəfindən irəli sürülmüş vəzifələrin həyata keçirilməsində;
- müəllim hazırlığında səmərəli fəaliyyət göstərib.
Redaksiya təhsil sahəsindəki tarixi missiyasını nəzərə alaraq “Azərbaycan məktəbi”nin 100 illik yubileyi ərəfəsində müxtəllif illərdə jurnalda çap olunmuş, indi də aktuallığını itirməyən seçmə məqalələri təqdim edir.
Təlimdə məqsəd şagirdləri yalnız biliklərlə silahlandırmaq deyil, həm də onlara müəyyən vərdiş və bacarıqlar verməkdir. Bu bacarıqlar içərisində müstəqil çalışmaq bacarığı çox mühüm yer tutur. Şagird müstəqil çalışmaq bacarığına yiyələndikcə, onun bilik almaq, öz görüş dairəsini genişləndirmək imkanları artır. O, pedaqoqun rəhbərliyi altında müstəqil çalışmağın yollarını öyrənməklə, sonradan müəllimsiz də kitablardan, ictimai həyatdan bilik ala bilir. Kitabdan istifadə etmək, müşahidə, təhlil və müqayisə aparmaq kimi müstəqil çalışmaq bacarıqları şagirdlərə öz üzərində işləyib biliklərini artırmaq üçün geniş imkanlar verir.
Uşaqlarda müstəqil çalışmaq bacarığının inkişaf etdirilməsinə olduqca böyük əhəmiyyət verən görkəmli rus pedaqoqu K.D.Uşinski bu münasibətlə yazır: “Həmişə yadda saxlanılmalıdır ki, şagirdə ancaq bu və ya başqa biliklər vermək deyil, həm də onda müstəqil olaraq, müəllimsiz yeni biliklər əldə etmək üçün arzu yaratmaq və bacarıq vermək lazımdır, belə ki, müəllim şagirdi tərk etdikdə də bu qabiliyyət onda qalmalı və şagirdə yalnız kitabdan deyil, həm də onu əhatə edən şeylərdən, həyati hadisələrdən faydalı biliklər almaq vasitəsi verməlidir.
Hər yerdən özü üçün faydalı qida alan belə bir zehni qüvvəyə yiyələnmiş adam bütün ömrü boyu öyrənməklə məşğul olacaqdır ki, bu da hər bir məktəb təliminin başlıca vəzifələrindən birini təşkil edir”.
Bilavasitə ümumtəhsil məktəbində müvəffəqiyyətlə oxumaq üçün də müstəqil çalışmaq bacarığı əldə etməyin böyük əhəmiyyəti vardır. Hər bir müəllim öz fənni üzrə hər dərsdə şagirdlərə müstəqil icra etmək üçün kitab üzrə oxuyub nağıl etməyi öyrənmək, əzbərləmək, məsələ və misallar həll etmək, müşahidə aparmaq və s. tapşırıqlar verir. Təkbaşına çalışmaq bacarığına malik olan şagird bu tapşırıqları asanlıqla yerinə yetirir və beləliklə təlimin pillələri üzrə müvəffəqiyyətlə irəliləyir. Müstəqil çalışmağı bacarmayan şagird isə, işə necə girişməyi, öyrənməyin səmərəli yollarını bilmədiyindən, verilən tapşırıqların üstündə çalışırsa da həll edə bilmir və ya da yarım saatda görüləcək iş üzərində iki saat vaxt sərf edir. Buradan şagirdin ev tapşırıqları üzərində həddən artıq çalışması, kifayət qədər istirahət edə bilməməsi, bəzi hallarda isə tapşırıqları icrasız buraxması kimi mənfi nəticələr baş verir.
Tədqiqat göstərir ki, əvvələn şagirdlərin ev tapşırıqları ilə həddən artıq yüklənməsi, digər tərəfdən, şagirdlərin dərs öyrənmək yollarını bilməməsi ev tapşırıqlarının icra edilməməsinin başlıca səbəblərini təşkil edir. Tapşırıqları icra edə bilməmək, icra zamanı həddən artıq çətinlik çəkmək halları müntəzəm surətdə davam edirsə, bu, şagirdi təlim tapşırıqlarına icrası mümkün olmayan və ona görə də icrasız buraxıla bilən şey kimi baxmağa sövq edir və sonradan təlim işinə məsuliyyətsiz yanaşmaq kimi daha mənfi nəticələrə gətirib çıxarır.
Bütün bunları nəzərə alaraq hər bir müəllim ibtidai məktəbdən başlayaraq şagirdləri müstəqil çalışmağa alışdırmalı, onlara təkbaşına işləməyi, ayrı-ayrı tapşırıqların icra yollarını öyrətməli, müstəqil çalışmaq bacarıqları aşılamalıdırlar. Belə müəllimlər, Uşinskinin dediyi kimi, şagirdlərə əvvəlcə öyrənməyin yollarını öyrədir, ancaq bundan sonra müstəqil icra etmək üçün onlara müvafiq tapşırıqlar verirlər. Məhz buna görə də onların şagirdləri dərs tapşırıqlarının icrası qarşısında aciz qalmırlar.
Şagirdlərə müstəqil çalışmaq bacarığını aşılamaq olduqca geniş və çoxcəhətli məsələdir – buraya şagirdin ümumi zehni inkişafı, müşahidə, müqayisə, təhlil və tərtib etmək, nəticə çıxarmaq, öz biliyini tətbiq etmək, məsələ və misalları həll etmək, inşa yazmaq, nağıl və əzbər öyrənmək, yaddasaxlamanın səmərəli yollarından, kitabdan istifadə etmək və s. məsələlər daxildir. Biz bu məqalədə yalnız dərs öyrənməyin səmərəli yollarını öyrətməklə əlaqədar olan məsələlər sahəsində metodik göstərişlər verməyi nəzərdə tuturuq.
Şagirdlər dərs öyrənərkən, ilk növbədə dərs kitabı üzərində işləməli olurlar. Şagird müəllimin dərsdə izah etdiyi bilikləri daha yaxşı dərk etmək, onu hafizəsində möhkəmlətmək üçün dərs kitabına müraciət edir. Bundan əlavə ümumiyyətlə, kitab və o cümlədən dərslik şagird üçün mühüm bilik mənbələrindən biridir. Kitabdan istifadə etməyi bacarmaq, orada yazılanları dərk etmək şagirdin görüş dairəsini genişləndirdiyi kimi, ümumi zehni inkişafına da böyük xidmət göstərir.
Lakin kitabda yazılanları oxuyub başa düşmək, kitabdan istifadə etmək üçün sadəcə savada yiyələnmək kifayət deyildir. Oxunan mətndə başlıca fikirləri ayırmaq, onun konspektini tutmaq, planını tərtib etmək bacarığını kəsb etmək uzun müddətli prosesdir. Müəllim müntəzəm surətdə rəhbərlik etməzsə, bütün bu bacarıqlar şagirddə çox gec yaranar. Şagird müstəqil çalışmaq vərdişi qazanana kimi dərs kitabı üzərində əziyyətli saatlar keçirir, dərs öyrənmək üçün ayrılmış vaxtdan bəzən səmərəsiz istifadə edir.
Bu dediklərimizdən belə nəticə çıxarılmalıdır ki, şagirddə kitab üzərində işləmək bacarığının yaranmasını başlı-başına buraxmaq olmaz. Müəllim bu işə müntəzəm surətdə rəhbərlik etməlidir. Hər bir müəllim, ibtidai məktəbin ilk siniflərindən başlayaraq, orta məktəbin son siniflərinə qədər şagirdlərə müntəzəm surətdə kitab üzərində işləmək yollarını öyrətməlidir. Orta məktəb şagirdləri dərsliklər, məsələ və təmrin kitabları, ilk mənbələr, qəzet və jurnallar, lüğət və arayış kitabları, əlavə bədii və elmi ədəbiyyat üzərində çalışırlar. Bunların hər biri üzərində işləməyin səmərəli yolları vardır ki, müəllim bu yolları sinifdə uşaqlara öyrətməlidir.
Hər şeydən əvvəl şagirdləri kitabın quruluşu ilə tanış etməlidir, çünki bu quruluşu bilmək oxunan parçanı anlamağa xeyli kömək göstərir. Məsələn, müəllim uşaqlara kitabda ümumi mövzunu əhatə edən fəsillər, həmin mövzunun tərkib hissələrini təşkil edən yarım fəsillər, bir fikri o biri fikirdən ayıran paraqraflar, abzaslar (sətirbaşı yazılar), əsas fikirləri, məfhumları və ya adları gözə xüsusilə çarpdırmaq üçün işlədilən kursiv və qara şriftlərin mənasını, mətni izah edən sxemlər, xəritələr, diaqramların əhəmiyyətini, kitabın mündəricatından necə istifadə etməyi yaxşı başa salmalıdır. Daha sonra şagirdlərə lüğətlərdən, arayış kitablarından istifadə etmək yollarını öyrətməlidir.
Bu işdə ana dili müəllimi daha çox fəaliyyət göstərməlidir. Lakin bu məsələlərin öyrədilməsini ancaq ana dili müəlliminin üzərinə atmaq olmaz. Hər bir fənn müəllimi öz fənni üzrə olan dərs kitabı üzərində işləməyin yollarını şagirdlərə öyrətməlidir. Bu, əvvələn ona görə vacibdir ki, dərsliklərin quruluşu biri-birindən fərqlənir. O biri tərəfdən, məsələn, fizika dərsliyi üzərində işləməklə ana dili dərsliyi üzərində işləmək arasında müəyyən fərq var. Bu fərqi şagirdlərə ancaq fənn müəllimi öyrədə bilər.
Kitabın quruluşu ilə bərabər, müəllim kitabı oxuyarkən mətnin başlıca fikirlərini müəyyən etməyi şagirdlərə öyrətməlidir. Lakin bir-iki
göstəriş verməklə buna nail olmaq mümkün deyildir, bunun üzərində uzun müddət müntəzəm surətdə çalışmaq lazımdır. Bəzən orta
məktəbi qurtaranlar içərisində mətndən başlıca fikirləri seçib konspekt tutmağı bacarmayan şagirdlərə təsadüf edilir. Mətnin hamısı onlara əsas fikir kimi gəlir və buna görə də konspekt əvəzinə mətnin, demək olar ki, üzünü köçürürlər. Bu, müəllimlərin həmin şagirdlərlə orta məktəbdə lazımi iş aparmamasının nəticəsidir.
Oxunan parçada əsas fikirləri ayırmağı öyrətməkdən ötrü müəllim arabir sinifdə şagirdlərlə birlikdə dərslikdən və başqa kitabdan bu fikirləri ayırmaq sahəsində əməli məşğələlər keçirməlidir. Bunun ən əlverişli üsulu izahlı qiraətdir: sinifdə müəllim mövzu ilə əlaqədar olaraq mətni abzaslar üzrə oxudur və hər abzas oxunduqdan sonra onun əsas fikrini qısaca ifadə etməyi şagirdlərə tövsiyə edir: lazımi təshihdən sonra o biri abzasa keçir. Sonra şagirdlərdən bütün oxunan parçanın əsas fikirlərini söyləməyi tapşırır. Beləliklə müəllim səhvləri islah edərək, düzgün fikirləri bəyənməklə şagirdlərə mətndə başlıca fikirləri tapmağı əməli surətdə öyrədir.
Hər abzasda başlıca fikirlərin tapılması, eyni zamanda mətnin planını tərtib etməklə nəticələnir. Hərgah biz şagirdləri oxunan parçanın başlıca fikirlərini tapmağa və onun planını tərtib etməyə alışdırsaq, eyni zamanda mətnin konspektini tutmağı da öyrətmiş olarıq.
Bəzi müəllimlər bu münasibətlə belə bir üsuldan da istifadə edirlər: dərslikdən və ya başqa kitabdan 2-3 səhifə oxumağı və ən başlıca fikirləri müəyyən etməyi, sonra isə oxunmuş parçanın məzmununu iki səhifədə qısaca yazmağı şagirdlərə tapşırırlar. Yazılmış iki səhifəlik materialı bir səhifədə, sonra yarım səhifədə və nəhayət 3-4 sətirdə ifadə etməyi tapşırırlar. Beləliklə, şagirdlər tədricən yazını ikinci dərəcəli əhəmiyyəti olan təfsilatdan azad edib, ən başlıca fikirləri qeyd edirlər. Bütün bu işlər əvvəllər müəllimin rəhbərliyi altında sinifdə aparılır, sonra şagirdlərə ev tapşırığı şəklində verilir. Yuxarı siniflərdə şagirdlər, artıq oxunan mətnin konspektini tutmağı bacarmalıdırlar.
Vaxtaşırı şagirdlərin konspektini sinifdə yoxlamaq, onları birgə müzakirə etmək, səhvləri göstərmək, yaxşı konspekt nümunələrini fərqləndirmək və bu kimi vasitələrdən istifadə etmək mümkündür. Konspekt tutmaq bacarığı birdən-birə əmələ gəlmir. VII-VIII siniflərdən başlayaraq, şagirdləri konspekt tutmaq üzərində müntəzəm işlətmək lazımdır. Yalnız bu vasitə ilə şagirdlərdə konspekt tutmaq bacarığı yaratmaq mümkündür. Kitabı düşüncəli surətdə oxumağı şagirdlərə öyrətmək üçün oxuduqları materialı keçmiş biliklərlə əlaqələndirməyə, müqayisələr etməyə, oxuduqları parçada səbəb və nəticə əlaqələrini tapmağa alışdırmaq lazımdır.
Yuxarıda qeyd etdiklərimizdən başqa, müəllim şagirdlərə öz fənni üzrə dərslikdəki sxemləri, formulları necə oxumağı, qanun və nəticələrin, izahat və misalların hansı şriftlərlə yığıldığını və s. göstərməlidir. Kitabdakı şəkil və sxemlərə mətni oxuyub qurtarandan sonra deyil, kitabda göstərildiyi qayda üzrə (yəni yeri gəldikcə) fikir vermək lazım olduğunu və bunların mətni başa düşməyə necə kömək göstərdiyini şagirdlərə izah etməlidir.
Hər bir müəllim ev tapşırığı verən zaman şagirdlərə dərslikdə nə kimi çətinliklərə rast gələ biləcəklərini və həmin çətinlikləri hansı yollarla aradan qaldırmaq mümkün olduğunu qabaqcadan öyrətməlidir. Məsələn, müəllim mətndə təsadüf ediləcək çətin sözləri haradan öyrənmək mümkün olduğunu göstərməli, bu və ya başqa fikri yaxşı başa düşmək üçün keçmiş paraqraflardan hansılarını nəzərdən keçirmək lazım gəldiyini, həmin səhifədəki çizgi və sxemi necə oxumaq, çəkilən şəkildə nələrə diqqət yetirmək lazım olduğunu qabaqcadan şagirdlərə söyləməlidir ki, onlar sonradan bu çətinliklər qarşısında aciz qalmasınlar.
Şagirdlərə dərs öyrənməyin yollarını öyrətmək işində əzbərçiliklə mübarizənin böyük əhəmiyyəti vardır. Mənası dərk edilməyən əzbərlənmiş bilik həqiqi bilik deyildir. O, şagirdə nə yuxarı siniflərdə, nə də həyatda lazım olur. Bunu hər bir şagirdə yaxşı başa salmaq, əzbərçiliyin zərərlərini onlara aydınlaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, şagird mənasını bilmədiyi heç bir şeiri, formulu, ifadəni, mətni və s. əzbərləməsin. Bunun üçün şagirdlər dərsə cavab verərkən səbəb və nəticə əlaqələrini aşkara çıxaran “nə üçün”, “necə əmələ gəldi” kimi sualları tez-tez vermək və şagirdin diqqətini bu əlaqələr üzərində toplamaq lazımdır. Hərgah müəllim bu cür sorğudan müntəzəm istifadə edərsə, o şagirdləri dərs öyrənərkən səbəb və nəticə əlaqələrini axtarmağa təhrik edər.
Adətən əzbərçiliyə meyil edən şagirdlər misal gətirərkən həmişə dərs kitabında qeyd edilmiş misalları təkrar edirlər. Müəllim ev tapşırıqları verərkən dərs kitabındakına uyğun başqa həyati misallar üzərində fikirləşməyi və 3-4 belə misal tapmağı şagirdlərə tapşırmalıdır. Dərsləri soruşan zaman da yenə onlara dərs kitabında yazılmamış misallar göstərməyi təklif etməlidir. Bütün bunlar dərs hazırlayarkən şagirdləri dərsliyin mətninə çox bağlı olmamağa alışdırar. Şagirdləri kitab dili ilə deyil, öz sözləri ilə nağıl etməyə alışdırmaq lazımdır.
Şüurlu dərs öyrənmək üçün müqayisələrin də əhəmiyyəti böyükdür. Uşinski müqayisənin öyrənmə prosesində əsas üsul olduğunu qeyd edərək yazır: “Təbiət cisimlərindən hər hansı birini aydın başa düşülməsini istəyirsinizsə onu, ən oxşar olan cisimlərdən fərqləndirin və onda, ən uzaq olan cisimlərə oxşar cəhətlər tapın; ancaq bu zaman siz cismin bütün əsas əlamətlərini aydınlaşdırarsınız, bu isə onu anlamaq deməkdir”. Şagirdləri müqayisə və fərqləndirməyə alışdırmaq lazımdır; bunun üçün müəllim əvvələn, dərsdə öz izahatı zamanı belə müqayisələrdən yeri gəldikcə istifadə etməli və ikincisi – dərs soruşarkən şagirdlərdən əşyaları, hadisələri müqayisə etməyi, onlarda fərqlər və oxşar cəhətlər tapmağı tələb etməlidir. Sinifdə belə müqayisələrə alışan şagirdlər ev tapşırıqlarını yerinə yetirərkən də müqayisələrdən istifadə edəcəkdir.
Dərs öyrənməkdə təkrar böyük yer tutur. Şeir əzbərləmək, formulları yadda saxlamaq və s. təkrarsız mümkün deyildir. Nağıl etməyi öyrənən zamanda da məzmunu möhkəm yadda saxlmaqdan ötrü şagird mətni bir neçə dəfə təkrar etməli olur. Müəllim təkrarlamanın
səmərəli yollarını şagirdlərə öyrətməklə onların işini xeyli asanlaşdırmış olar. Elmi surətdə müəyyən edilmişdir ki, şeiri ucdantutma bir neçə dəfə təkrarlamaqdansa, tez-tez təkrarı dayandırıb öyrənilən mətni özözünə danışmaq daha yaxşı nəticə verir. Məsələn, şagirdlərdən biri şeiri əzbərləyərkən onun hamısını 10-15 dəfə dalbadal oxuyur və sonra kitabı örtüb əzbərdən söyləyir. İkinci şagird isə şeiri əzbərləyərkən, onu başdan-ayağa 3-4 dəfə oxuyandan sonra kitabı örtüb əzbərdən söyləməyə çalışır; çoxlu səhvlər buraxdığını görüb yenə 2-3 dəfə oxuyur; sonra yenə əzbərdən deməyə cəhd edir; habelə ta yaxşı əzbərləyənə kimi bu üsulla işləyir. Təcrübə göstərmişdir ki, ikinci üsul daha səmərəli olub şeirin möhkəm yadda qalmasını təmin edir. Çünki bu zaman şagird öyrəndiyi şeir üzərində diqqətini daha çox toplamağa, daha gərgin işləməyə məcbur olur. K.D.Uşinski tamamilə haqlı olaraq deyir ki, “bir səhifəni 10 dəfə diqqətsiz oxumaq olar və o, yadda qalmaya bilər, lakin diqqəti toplamadan bu səhifədə yazılanları nağıl etmək mümkün deyildir”. Məlumdur ki, diqqəti toplayıb dərs öyrənəndə, öyrənilən material daha yaxşı yadda qalır.
Dil və ədəbiyyat müəllimləri şagirdlərə şeir əzbərləməyin səmərəli yolunu öyrədərək onları daha fəal üsullarla öyrənməyə sövq etməlidirlər. Dərs öyrənərkən şagirdin oxuduğu mətni özözünə nağıl etməsinin çox faydası vardır. Müşahidələr göstərir ki, bəzi şagirdlər dərs kitabından evə verilən materialı bir dəfə oxuduqdan sonra onu tam bildiklərini zənn edir və başqa dərsə keçirlər. Oxunan mətn onlara tamamilə tanış gəldiyindən onlar materialı öz-özlərinə nağıl etməyə ehtiyac hiss etmirlər. Lakin ertəsi gün müəllim həmin dərsi soruşanda özləri də dərsi bilmədiklərinə təəccüb edirlər. Bunun səbəbi odur ki, həmin şagirdlər dərs öyrənərkən materialla ancaq tanış olur, lakin onu başqalarına danışa biləcək dərəcədə öyrənmirlər. Şagirdin kitabdan oxuduğu parçanı bir-iki dəfə oxuyub başa düşdükdən sonra öz-özünə nağıl etməsinin lazım olduğunu müəllim ona izah etməlidir. Bu ancaq nağıl etməyə aid deyildir. Hərgah şagird yazılı yoxlama işə hazırlaşırsa, evdə o, yazı təmrinlərini icra etməyə çalışmalı, coğrafiya dərslərini öyrənərkən xəritədəki şəhərləri, çayları, dağları və s. öz xəritəsində göstərməlidir və s. Dərslərini belə hazırlayan şagird heç bir vaxt sinifdə, müəllimin yanında cavab verməkdə aciz qalmaz. Bunu şagirdlərin başa düşməsinə nail olmaq lazımdır.
Psixologiya elmi göstərir ki, əzbər öyrəniləcək şeiri və ya başqa materialı bir dəfədə öyrənmək çoxlu təkrar tələb edir. Məsələn, hərgah sinfə bir şeiri dörd gün ərzində əzbərləmək tapşırılmışsa, onu bir gündə əzbərləmək üçün tutaq ki, 20 dəfə təkrar etmək lazımdır; halbuki onu əzbərləmək üçün dörd gün ərzində hər gün 3-4 dəfə təkrar etmək kifayət edər. Bu həm az təkrar tələb edir, həm də uzun müddət yadda qalır. Bunu şagirdlərə başa salaraq, onların şeiri fasilələrlə öyrənmələrinə nail olunmalıdır.
Yenə bu səbəbə görədir ki, il ərzində dərslərin öyrənilməsində səhlənkarlıq edən və ancaq imtahan qabağı gecə-gündüz dərsləri təkrarlamaqla imtahana hazırlaşan şagirdlər imtahan qurtarandan sonra tezliklə öyrəndiklərini yaddan çıxarırlar. Buna görə şagirdlərə ilin ikinci yarısından etibarən hər günkü dərslərini öyrənməklə bərabər, keçmiş dərsləri də təkrar etməyin zəruriyyəti başa salınmalıdır. Beləliklə, şagirdlər bir tərəfdən imtahana asanlıqla hazırlaşır, o biri tərəfdən öyrəndiklərini illərlə yadda saxlayırlar.
Müşahidələr göstərir ki, bəzi şagirdlər şeiri əzbərləyərkən onun hər beytini 10-15 dəfə təkrarlayaraq öyrənirlər. Bunun səhv üsul olduğunu şagirdlərə başa salmaq lazımdır. Çünki şeiri beytlərlə əzbərləyərkən hafizədə eyni beytin ikinci sətrinin axırı ilə birinci sətrinin başlanğıcı arasında lazım olmayan və hətta əzbərləməyə maneçilik törədən bir assosiasiya (əlaqə) əmələ gəlir. Halbuki həqiqətdə beytin ikinci sətrinin axırı ilə o biri beytin birinci sətri arasında assosiasiyanın yaranması zəruridir. Bunu nəzərə alaraq, şagirdləri şeiri beytlərə bölmədən bütöv halda təkrarlamağa alışdırmaq lazımdır. Əlbəttə, şeir uzun olan vaxt onu parçalara bölmədən bütöv öyrənmək çətindir və onu hissələrə bölərək öyrənmək lazım gəlir. Lakin bu zaman şeiri mənaca iki-üç bitkin hissəyə bölüb öyrənmək məsləhətdir. Mənaca bitkin hissələri ayrı-ayrı təkrar edib əzbərlədikdən sonra, şeiri yenə başdan-ayağa kimi bir neçə dəfə bütövlükdə təkrar etmək lazımdır ki, həmin hissələr arasında möhkəm əlaqə yaransın. Çətin şeiri yuxudan qabaq iki-üç dəfə təkrar etmək yaxşı yadda saxlamaq üçün faydalıdır. Bütün bunlar, şeiri öyrənmənin səmərəli yollarını bilməməsi üzündən onu çox çətinliklə əzbərləyən bir çox şagirdləri çətinlikdən qurtara bilər.
Dərs öyrənmənin səmərəli yollarından biri də biliyin yaddan çıxmasının qabağını almaqdır. Psixoloji tədqiqatlar göstərir ki, yaddan çıxma əvvəllər daha sürətli olur, sonralar isə getdikcə yavaşıyır. Məsələn, əzbərlənmiş material birinci, ikinci və üçüncü günlər daha sürətlə yaddan çıxır, çünki başlıca təfsilat ilk günlər unudulur, sonralar (məsələn, 10 gündən sonra) yaddan çıxmanın sürəti azalır. Buradan belə bir nəticə çıxır ki, evə verilən tapşırıqları elə həmin gün, yaddan çıxmağa qoymayaraq, öyrənmək lazımdır. Bəzi şagirdlər belə etmirlər. Onlar, məsələn, coğrafiyadan verilmiş ev tapşırığını həmin gün deyil, üç gündən sonra hazırlamağa başlayır və coğrafiya dərsinin dörd gündən sonra olacağını nəzərə alaraq, onu indidən hazırlamağın mənasız olduğunu zənn edirlər. Lakin üç gündən sonra coğrafiya kitabını oxuyanda, sinifdə müəllimin bu barədə verdiyi izahatdan yadda çox az şeylər qaldığı aydın olur; coğrafiya kitabında yazılmış məlumat onlara tamamilə yeni gəlir. Hərgah onlar bu gün verilən tapşırığı sonraya təxirə salmadan, elə həmin gün və ya heç olmazsa ertəsi gün öyrənsəydilər, müəllimin bu barədə dərsdə verdiyi izahat yadlarından çıxmazdı və onlar coğrafiya kitabından hələ də tanış olan materialı öyrənərdilər. Tanış məlumatı öyrənmək isə tanış olmayan və yaddan çıxmış materialı öyrənməkdən həm asandır, həm də az vaxt tələb edir. Müəllim dərs öyrənməyi təxirə salmağın zərərlərini şagirdlərə başa salmaqla onları sinifdə keçdikləri dərsləri unutmadan təkrarlamağa sövq etməlidir.
Şagirdlərə başa salmaq lazımdır ki, dərs öyrənərkən eyni növdən olan məşğələləri birbirinin ardınca öyrənmək əlverişli deyildir. Məsələn, rusca və azərbaycancadan qrammatik qaydalar; ədəbiyyat və tarixi nəqlən öyrənmək eyni növlü məşğələlərdir. Bunları bir-birinin dalınca öyrənəndə yadda yaxşı qalmır. Əksinə, müxtəlif növlü məşğələlər bir-birinin dalınca öyrəniləndə hafizədə yaxşı qalır. Məsələn, fizikadan çalışmaları həll edəndən sonra botanikadan və ya tarixdən verilmiş tapşırığı öyrənmək daha yaxşıdır. Bu zaman bu iki növ bilik bir-birinə hafizədə mane olmur və hər ikisi yadda yaxşı qalır.
Nəhayət, axırıncı məsləhətimiz gündəlik rejimə aiddir. Bəzi uşaqlar məktəbdən gələn kimi, istirahət etmədən ev tapşırıqlarını icra etməyə başlayırlar. Onlar dərslərini yorğun başla hazırladıqlarından bir saatlıq işə iki-üç saat vaxt sərf edirlər. Məktəbdə 4-5 dərs oxuduqdan sonra şagirdin beyni yorulur. Buna görə dərslərdən sonra beyinə ən azı iki-üç saat istirahət verilməlidir. Yaxşı işləmək üçün yaxşı da istirahət etmək lazımdır. Beləliklə müəllim şagirdə işlə istirahəti, zehni işlə fiziki işi növbələməyin əhəmiyyətini başa salmalı və onun öz gündəlik rejimini tərtib edərkən bunları nəzərə almasına nail olmalıdır.
Ümumiyyətlə, hər bir sinif rəhbəri gündəlik rejim ətrafında lazımi izahat apararaq hər şagirdin rejim üzrə yaşaması və çalışmasına nail olmalıdır. Bunun üçün sinif rəhbəri öz sinfinin yaş səviyyəsini nəzərə alaraq şagirdlərə nümunəvi gündəlik rejim təklif etməlidir. Rejimi şagirdlərin valideyninə də izah edib, onların bu məsələdə kömək göstərməsi və nəzarətini təmin etmək lazımdır.
Hər bir müəllim öz fənni üzrə və sinif rəhbəri öz sinfi üzrə dərs öyrənməyin səmərəli yolları barədə şagirdlərlə tez-tez söhbətlər keçirib, bu yolları onlara başa salmağa çalışmalı; bu yolların bəzilərinə dair xüsusi təmrinlər aparıb onları əməli surətdə şagirdlərə öyrətməlidir. Şagirdlər bu öyrənmə yollarından istifadə etməklə dərslərini öyrənmək üçün ayırdıqları vaxtdan səmərəli istifadə edər və dərslərini yüksək keyfiyyətdə öyrənərlər.