DƏRS VƏSAİTLƏRİNDƏ GENDER BƏRABƏRLİYİ: AZƏRBAYCAN NÜMUNƏSİ
AYSEL MƏHƏRRƏMOVA ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi. E-mail: [email protected] https://orcid.org/0000-0002-6668-4869 ZEYNƏB ƏMİRASLANOVA ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi. E-mail: [email protected] https://orcid.org/0000-0002-4965-2179
Bu məqalənin məqsədi Azərbaycanın ümumtəhsil müəssisələrində I-V siniflərdə tətbiq edilən 7 dərslik komplektinin gender baxımından təhlilini müzakirə etməkdir. Təhlilin nəticələri göstərir ki, qeyd olunan materiallarda gender bərabərliyi və inklüzivlik qorunmayıb. Həmin kitablarda gender bərabərsizliyi həm vizual, həm də şifahi şəkildə əks olunub. Məqalədə təhlil edilənlər də daxil olmaqla, bütün məktəb materiallarında genderə balanslı və ədalətli yanaşmanın bərpasına kömək etmək üçün bir sıra tövsiyələr verilir.
GİRİŞ
Gender bərabərliyi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla təmin edilir (E-qanun, 2006). Təəssüf ki, bu gün ölkəmizdə qadınlar şəxsi və peşəkar həyatında hələ də ayrı-seçkilik halları ilə üzləşirlər. BMT-nin Əhali Fondunun (UNFPA) (2018) tərəfindən təqdim olunan məlumata əsasən Azərbaycanda kişilər qadınlarla müqayisədə genderlə əlaqəli sərt fikirləri daha çox dəstəkləyirlər. Bundan əlavə, cəmiyyət oğlanları ailənin əsas maliyyə təminatçısı olaraq gördüyü üçün onları qızlardan daha üstün tutur. Bu da cinsə görə nisbətin kəskin şəkildə pozulmasına səbəb olur. Belə ki, 2020-ci ilin statistikasına əsasən Azərbaycanda doğulanlar arasında hər 114 oğlana 100 qız düşür. Qadınlara eyni səlahiyyətlərin verilməsinə, onlara qarşı mövcud olan stereotiplərin aradan qaldırılmasına, ən əsası, gender baxımından qərəzli fikirlərdən azad bərabərhüquqlu cəmiyyəti formalaşdıran nəslin yetişdirilməsinə nail olunması üçün hökumət tərəfindən mühüm qərarlar verilməli və güclü nəzarət altında yerinə yetirilməli, bu istiqamətdə siyasətlər hazırlanmalı və vaxtı-vaxtında tətbiq olunmalıdır (UNFPA Azerbaijan, n.d.).
Gender stereotiplərinə və qeyri-obyektiv davranışlara tez-tez təhsil proqramlarında, tədrisdə və qiymətləndirmədə də rast gəlmək olar (Blumberg, 2007; Islam & Asadullah, 2018; UNESCO, 2020; Vu & Pham, 2021). Dərsliklərdə gender bərabərliyinin təmin edilməsi vacib məqam hesab edilir. Belə ki, dərsliklər əksər ölkələrdə yeganə öyrənmə resursu olmasa da, kurikulum, sinif, təhsil siyasəti və praktika, nəzəriyyə və tətbiq, hökumət səyləri ilə yanaşı özəl təşəbbüsün mərkəzində dayandıqlarını nəzərə alsaq, onlar kifayət qədər təsirli olmağa davam edir və çox praktik, simvolik əhəmiyyətə malikdir (Braslavsky, 2006). Təhsilalanlar dərs vaxtının 80-95 faizini dərsliklərdən istifadə etməklə keçirirlər (Sadker & Zittleman, 2007). Buna görə də, dərsliklərin təsiri və vacibliyi danılmazdır. Məktəb dərsliklərində ayrı-seçkiliklə təsvir olunan fərqlər uşaqların həyata baxışlarına, motivasiyalarına və karyera seçimlərinə təsir göstərir (Heslop, 2016, Ullah və Skelton, 2012). Bunun səbəbi onların konsepsiya və münasibət formalaşdırmaq üçün alət kimi istifadə edilməsidir (Lynch, Modgil, & Modgil, 1992). Campbellə (2010) görə, şagirdlər məruz qaldıqları cins rol modellərinə uyğun olaraq özlərinə hörməti və şəxsiyyətlərini inkişaf etdirirlər. Beləliklə, inklüziv və ədalətli cəmiyyətin yaradılması üçün dərsliklərdə gender baxımından bərabər imkanların təmin edilməsi vacibdir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO) (2015) təhsil proqramlarında, tədris-təlim materiallarında və ümumilikdə məktəb mühitində gender bərabərliyinin təmin edilməsinin zəruri olduğunu hesab edir.
2020-ci ildə BMT-nin Əhali Fondunun (UNFPA) mütəxəssisləri ölkədə ümumi təhsil müəssisələrində tətbiq edilən bəzi dərs vəsaitlərini nəzərdən keçirib və kitablara ixtiyari və ya qeyri-ixtiyari şəkildə daxil edilən gender ayrı-seçkiliyinə qarşı bir sıra düzəlişlər təklif ediblər. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda ümumi təhsil pilləsinin məzmununun gender bərabərliyinin təşviqi baxımından nəzərdən keçirilməsi və təhsil müəssisələrinin pedaqoji heyəti üçün tədris prosesində gender bərabərliyinin qorunması məqsədilə təlimlərin təşkili kimi fəaliyyətlər öz əksini tapıb. Əlavə olaraq, Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin (CEDAW) və Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin (CRPD) Azərbaycan üzrə Yekun Müşahidələrinin Seçmə Toplusunda diskriminasiyaya səbəb olan gender stereotiplərinin tədris-təlim materiallarından çıxarılması tövsiyə edilib (UN, 2018). CEDAW həmçinin “məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etməyə” (UN, 2018, səh.16) çağırıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq genderyönlü yanaşmanın Azərbaycan təhsil sisteminə tətbiqi zəruri hesab edilib və 2021-ci ilin noyabr ayında BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən “Ümumi təhsildə genderyönlü yanaşmanın təşviqi” adlı layihənin icrasına başlanılıb. Ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyinin təmin edilməsini hədəfləyən layihə çərçivəsində ARTİ tərəfindən hazırlanan və hazırda ümumi təhsil pilləsində tətbiq olunan bir sıra dərslik komplektinin genderə həssas prizmadan təhlili aparılıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD, 2011) hesab edir ki, gender balansı üçün təhsil siyasətində erkən müdaxilələr ən yaxşı nəticə göstərir. Bunu və hazırda bəzi dərslik vəsaitlərinin pilot fazasında olmasını
nəzərə alaraq təhlil məqsədilə I-V siniflərin dərsikləri seçilib.
Şəkil 1 Malayziya dərsliyindən Şəkil 1 illüstrasiya
Təhlilin əsas məqsədi həmin dərsliklər üzrə tədris və təlim materiallarında gender bərabərliyinin təmin edilib-edilmədiyini müəyyənləşdirmək və buna maneə yaradan məqamlara baxmaqdır.
BEYNƏLXALQ TƏCRÜBƏ
Bir sıra beynəlxalq konvensiyalar, qanunvericilik sənədləri və siyasi/sosial məqsədlər həyatın hər aspekti üzrə gender bərabərliyinin vacibliyindən bəhs edir. Məsələn, BMT-nin dayanıqlı inkişaf məqsədi 4 (2016) ölkələri hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etməyə və ömürboyu təhsilin təşviqinə çağırır. İnklüziv təhsil etnik, dini mənşə, sosial-iqtisadi statusdan, əlilliyin olub-olmamasından əlavə, həm də gender problemlərindən azad bir təhsildir. Dünya təcrübəsində dərsliklərin gender baxımından təhlili və genderə həssas yanaşma ilə tərtibi uzun illər öncə başlamış prosesdir. Belə ki, 1999-cu ildə Nepal hökuməti dərsliklərdə gender məsələlərinin yer almasını nəzərdən keçirərək təhsildə genderyönlü islahatlara start verib (UNICEF, 2021). Həmin təşəbbüslərin icrasına nəzarət etmək üçün 2007-ci ildə qəbul olunmuş sənədi ilə hər beş ildən bir tədris və təlim materiallarını nəzərdən keçirmək, hər on ildən bir isə onları yenidən yazmaq tövsiyə olunur. Bunun nəticəsidir ki, Nepalda sözügedən materiallar genderə həssas formada tərtib olunub (UNESCO, 2020).
Şəkil 2 Meksika dərsliyindən illüstrasiya
2013-cü ildə Macarıstan Respublikasında gender stereotiplərini aradan qaldırmaq və gender bərabərliyi haqqında məlumatlılığı inkişaf etdirmək üçün I-VIII sinif dərsliklərinə yenidən baxılıb. Yeni məzmuna, həmçinin biologiya dərsliklərinə qadınların elmə verdiyi töhfələri təsvir edən fəsillər daxil edilib (OECD, 2017). Bunun vacibliyini kişilərin üstünlük təşkil etdiyi peşələrdə qadınların və qadınların daha çox olduğu peşələrdə kişilərin üstünlük təşkil etməsinin təhsilalanların gələcəkdə ixtisas seçiminə müsbət təsir göstərdiyini vurğulayan tədqiqatlar da təsdiqləyir (OECD, 2011). Hindistanın Maharaştra Dövlət Dərslik İstehsalı və Kurikulum Tədqiqatı Bürosu 2019-cu ildə dərsliklərdə istifadə olunan şəkillərə yenidən baxıb (UNESCO, 2020).
Şəkil 3 Vyetnam dərsliyindən illüstrasiyalar, əvvəl (sol) və sonra (sağ)
Meksika genderin təhsil proqramları və təşəbbüslərinə daxil edilməsi üçün maliyyə ayırıb, ibtidai təhsildə pulsuz dərsliklərin məzmununun gender bərabərliyi baxımından təhlilini həyata keçirib, məktəb rəhbərlərini, müəllimləri gender bərabərliyi prinsiplərinə uyğun düşünmək, hərəkət etmək üçün təlimatlandırıb (OECD, 2011). Bir neçə Latın Amerikası ölkəsi, Çin, Vyetnam da dərsliklərdə gender probleminin azaldılması istiqamətində işlər aparıblar (Blumberg, 2008; Yuden, Chuki, & Dorji, 2021). Stromquist (2007) iddia edir ki, 40 il ərzində göstərilən səylər nəticəsində Skandinaviya ölkələri təhsil sektorunda gender stereotiplərini azaltmaqda uğur qazanıblar. İsveç isə bu sahədə lider hesab edilir.
Şəkil 4 Hindistan dərsliyindən illüstrasiya
METODOLOGİYA
Məzmunda genderyönlülüyün qiymətləndirilməsi UNESCO-nun müvafiq bələdçiləri (UNESCO, 2010; UNESCO, 2015) əsasında aparılıb. Ümumilikdə 7 dərslik komplekti (12 dərslik, 12 iş dəftəri və 10 metodik vəsait) gender bərabərləyinin təşviqi baxımından nəzərdən keçirilib:
1. III sinif, Azərbaycan dili (tədris dili);
2. III sinif, Azərbaycan dili (dövlət dili);
3. IV sinif, Azərbaycan dili (tədris dili);
4. IV sinif, Azərbaycan dili (dövlət dili);
5. III sinif, Riyaziyyat;
6. IV sinif, Riyaziyyat;
7. V sinif, Təbiət.
Qiymətləndirmə zamanı dərslik komplektlərində yer alan həm yazılı, həm də təsviri nümunələr gender, peşə, şəxsiyyət, ailədaxili və xarici, ata və ananın rolu kimi istiqamətlər üzrə təhlil edilib. Buraya həm qadın, həm də kişi obrazların müsbət, mənfi rollarda olmasının, eləcə də sayının nisbəti, hər iki cinsin örnək modeli kimi təsviri, müxtəlif cins olan müəlliflərin əsərlərinin dərsliklərdə bərabər sayda əks olunması, geyim və rəng stereotiplərinin olması, hər iki cinsin peşə sahibi kimi təsvirinin mahiyyəti və nisbəti, cinslərarası əməkdaşlıq,
stereotipik xüsusiyyətlərin yalnız qızlara və ya oğlanlara mənsub edilməsi (məsələn: qayğıkeşlik, cəsurluq) kimi mövzular aid olub. Əlavə olaraq, təhlil zamanı hər iki cinsi ehtiva edən söz və ifadələrin istifadəsi (məsələn: ata və ana əvəzinə valideyn), qəliblənən düşüncələrin təbliği, adlar çəkilərkən qadın və ya kişi adından başlanılması da nəzərə alınıb. Qadınların vəzifə sahibi olmasına, onların ölkənin tarixinə, sosial, iqtisadi, elmi, mədəni və bədii sərvətinə verdiyi töhfələrin vurğulanmasına da xüsusi diqqət yetirilib. Ümumilikdə, təhlil inklüzivlik, müxtəliflik, sosial ədalət və humanistlik baxımından aparılıb.
TƏHLİLİN NƏTİCƏLƏRİ
Araşdırmalar göstərir ki, Azərbaycanın təhsil sistemində tətbiq olunan dərsliklərdə bir sıra müsbət hallarla yanaşı, müxtəlif gender stereotiplərini təşviq edən tapşırıq və şəkillərdə gender bərarbərsizliyinin müşahidə edildiyi məqamlar mövcuddur. III-IV sinif “Azərbaycan dili” (tədris dili və dövlət dili) , III-IV sinif “Riyaziyyat”, V sinif “Təbiət” dərslikləri, iş dəftəri və metodik vəsait üzərində aparılan tədqiqatın nəticəsi aşağıdakı kimi təsnif oluna bilər.
Gender stereotipləri
Aparılan araşdırma təhlil edilən bütün dərsliklərdə müxtəlif gender stereotiplərinin mövcud olduğunu göstərir.
Şəkil 5 III sinif “Azərbaycan dili” (dövlət dili) dərsliyi, səh. 16
Sosial rollarla bağlı stereotiplər. İlk olaraq Azərbaycan dili vəsaitlərində, bir qayda olaraq, qadınlar qayğıkeş və ana obrazında təqdim edilib. Bunu verilən tapşırıq və mətnlərdə görmək mümkündür. Məsələn, nümunədə ev işlərinin görülməsi ananın məsuliyyəti kimi təqdim edilib (Şəkil 5). Başqa bir nümunədə yenə ana evdə yemək hazırlayan obraz kimi təsvir edilib (Şəkil 6).
Şəkil 6 V sinif “Təbiət” dərsliyi, səh. 68
Eyni qayda ilə IV sinif “Riyaziyyat” dərsliyində səhifə 33 və 52-də təqdim edilən məsələdə “Aynurun anası – keks bişirmək”, “Gülsümün anası – kompot hazırlamaq” kimi nümunələrdə ev işlərinin yenidən qadınlara şamil edilməsi halı müşahidə olunur.
Şəkil 7 IV sinif “Riyaziyyat” dərsliyi, səh. 47
Sosial rollarla bağlı bir digər məqam isə dərsliklərdə işlədilən cümlələrdə də kişilərin uğurlu, cəsur və ictimai həyatda aktiv iştirakçı kimi təsvir edildiyi halda, qadın obrazlarının daha çox gözəlliyə önəm verən, ictimai həyatda passiv və hər hansı kişi obrazının qohumu və ya tanışı kimi təqdim edilməsidir. Həmçinin qeyd etmək vacibdir ki, bir çox hallarda qadın personajların adı yoxdur və onlar hekayədə daha çox xanım və gəlin formasında təqdim olunurlar. Məsələn, IV sinif Azərbaycan dili (tədris dili) dərsliyinin 85-ci səhifəsində təqdim edilən tapşırıqda (2A): “Bir kənddə Aygün adlı gözəl qız yaşayırdı. O gözəlliyi ilə fəxr edirdi. Bütün günü gözünü güzgüdən çəkmirdi” cümləsinin işlənməsi qadınların uğurları ilə yox, gözəllikləri ilə fəxr etdiyinə işarədir. Kişilər isə daha çox “Olimpiadada yer tutan, dostuna darda kömək edən” (III sinif “Azərbaycan dili” (dövlət dili) dərsliyi, səh. 20, səh. 12) və s. şəklində müsbət obrazda təqdim edilirlər. Beləliklə, bəzi xarakterik xüsusiyyətlərin yalnız bir cinsə aid olması düşüncəsi təbliğ edilib və müsbət obrazların balanslı təqdim olunması prinsipi pozulub.
Şəkil 8 III sinif “Riyaziyyat” dərsliyi (1-ci hissə), Şəkil 8 səh. 39
Geyimlə bağlı stereotiplər. Təhlil zamanı dərsliklərdə nəzərə çarpan digər bir hal geyim stereotipləri ilə bağlıdır. Qadınlar daha çox “qadın” rəngi hesab edilən qırmızı, bənövşəyi, çəhrayı, kişilər isə, əsasən, mavi rəngli geyimdə təsvir edilib. Bu hala daha çox III və IV sinif “Riyaziyyat” dərsliklərində rast gəlinir. Məsələn, IV sinif “Riyaziyyat” dərsliyində 19, 46, 47, 53, 58, 59, 61, 63, 65, 67, 68, 69, 71, 73 və 94-cü səhifələrdə mövcud olan müxtəlif qadın və kişi obrazlarının geyimlərində yuxarıda qeyd edilən hala rast gəlmək mümkündür (Şəkil 7; Şəkil 8).
Şəkil 9 III sinif “Azərbaycan dili” (dövlət dili) dərsliyi, səh. 6
Onu da qeyd etmək lazımdır ki, cəmiyyətdə mövcud olan stereotiplərin başqa bir təzahürü olaraq qadın obrazlar daha çox don geyimində təsvir edilib (Şəkil 9). Həmçinin məktəblilərin çimərlikdə olduğunu göstərən illüstrasiyada oğlanlar çimərlik geyimində təsvir edilsə də, qızları adi geyimdə görürük (Şəkil 10).
Şəkil 10 IV sinif “Azərbaycan dili” (tədris dili) dərsliyi, səh. 9
Peşə stereotipləri. Tətqiqatın digər bir nəticəsi isə təhlil olunmuş dərs vəsaitlərində istifadə olunan mətn, tapşırıq və vizual görüntülərdə ciddi peşə stereotiplərinin olması ilə bağlıdır. Belə ki, kitablarda və iş dəftərlərində mövcud olan qadın və kişi obrazlarının peşələri cəmiyyətdə qəbul olunmuş normalara uyğun şəkildədir. Yəni qadınlar daha çox dərzi, toxucu, şirniyyatçı, müəllim, çay fabriki işçisi kimi, kişilər isə bənna, tikinti işçisi, sürücü, bağban, usta, idmançı, fiziki tərbiyə müəllimi rollarında təsvir edilib. Buna daha çox IV sinif Riyaziyyat fənni üçün nəzərdə tutulan vəsaitlərdə rast gəlinib (Şəkil 11; Şəkil 12).
Şəkil 11 IV “Riyaziyyat” Şəkil 11 dərsliyi, səh. 25
Eyni vəziyyət III sinif üçün nəzərdə tutulan “Riyaziyyat” və “Azərbaycan dili” (dövlət dili) və IV sinif üzrə “Azərbaycan dili” (tədris dili) dərs vəsaitlərində də müşahidə edilir.
Şəkil 12 IV “Riyaziyyat” dərsliyi, səh. 59
Finn, Reis və Dulberg (1980) qeyd edir ki, dərsliklər kişiləri müstəqil, yaradıcı, cəsur, fəal, maraqlı, fəth edən, iddialı və bacarıqlı tibbi, elmi, siyasi və hüquqi karyera seçimlərinə meyilli, qadınları isə asılı, passiv, sakit və qayğı göstərən karyera ilə məşğul olan kimi təsvir etməklə gender bərabərsizliyini təbliğ edirlər. Beləliklə, yuxarıda qeyd olunan faktlar bənzər tendensiyanın Azərbaycanın ümumtəhsil müəssisələrində tətbiq edilən dərsliklərdə mövcud olduğunu deməyə əsas verir.
OBRAZLAR VƏ DƏRSLİK MÜƏLLİFLƏRİ ARASINDA GENDER BALANSININ POZULMASI
Aparılan təhlillər dərs vəsaitlərində verilən obrazlar və dərslik müəllifləri arasında gender balansının pozulduğunu göstərir. Belə ki, IV sinif “Azərbaycan dili” (tədris dili) dərs vəsaitinin yazılmasında iştirak edən 7 müəllifdən 6-sı qadın, 1-i isə kişidir. III sinif “Azərbaycan dili” (tədris dili) iş dəftərinin yazılmasında isə, ümumiyyətlə, kişi müəllif iştirak etməyib. Oxşar hal “Riyaziyyat” dərsliklərində də özünü göstərir. III sinif “Riyaziyyat” dərsliyi (2-ci hissə) və iş dəftəri (2-ci hissə) müəlliflərindən 2-si kişi, 4-ü qadındır. Aparılan tədqiqatlarda qadın müəlliflər tərəfindən yazılan dərsliklərdə qadın obrazlarının daha çox təmsil olunduğu müşahidə olunur (Durrani, 2008; UNESCO, 2004). Ancaq yuxarıda təsvir olunan nəticələrə əsasən demək mümkündür ki, Azərbaycan dərsliklərində qadın müəlliflərin çoxluq təşkil etdiyi kitablarda da kişi obrazların sayı daha çoxdur. Bunun səbəbi qadın dərslik müəlliflərinin də uşaqlıqdan mövcud olan gender normalarına uyğun böyüdülməsi və onların genderə həssas dərsliklərin yazılmasında kifayət qədər təcrübəyə malik olmaması ola bilər. “Təbiət” dərsliyində isə gender baxımından əks tendensiya aşkar edilib; 11 kitab müəllifinin sadəcə 1-i qadındır. Dərsliklərdəki obrazların təhlili zamanı aydın olur ki, verilən tapşırıqlarda, mətnlərdə kişi obrazlar çoxluq təşkil edir, hətta şeirlərin bir çoxunun müəllifi də kişidir.
TƏKLİFLƏR
Məzmunda gender bərabərliyini qorumaq üçün təhsilin bütün pillələri üzrə dərsliklərin bir daha nəzərdən keçirilməsi və müvafiq düzəlişlərin aparılması məqsədəuyğun hesab edilir. Ona görə də, gələcəkdə yazılacaq vəsaitlərdə də eyni situasiya ilə üzləşməmək üçün nəşriyyat evlərinin nümayəndələri və dərslik müəlliflərinə bu mövzuda təlimlər keçirilməlidir. Qadın örnək modellərin bütün dərsliklərdə yer alması, adətən kişilərin üstünlük təşkil etdiyi peşələrdə qadınların verilməsi, kitabların tərtibinə qadın və kişi müəlliflərin eyni ayda cəlb olunması və inklüzivlik yanaşması dərsliklərdə gender bərabərliyinin qorunmasına xidmət edə bilər. Bu sahədə bərabərliyi təmin etmək üçün Təhsil Nazirliyinin dərsliklərin gender parametrinə qarşı yoxlanıldıqdan sonra istifadəsinə icazə verməsi vacib hesab olunur. Müəllimlərə genderə həssas tədris materiallarından istifadə və pedaqoji fəaliyyətlərində gender bərabərliyinin təşviqi üzrə təlimlərin keçirilməsi də zəruri amillərdəndir. İnklüzivlik prizmasının, nəinki xidmətdə olan müəllimlər üçün peşəkar inkişaf proqramlarında, hətta müəllim hazırlığı proqramlarında da yer alması mühümdür. Təhsildə gender bərabərliyi sahəsində siyasət təhsil işçilərinin, müəllimlərin və valideynlərin koordinasiyalı səylərinə əsaslanmalıdır.
NƏTİCƏ
Bu tədqiqatın əsas məqsədi dərsliklərin cəmiyyətin dəyər, davranış və düşüncə tərzinin formalaşmasında əhəmiyyətli rolunu nəzərə alaraq dərs materiallarında gender bərabərliyi prinsipinin nə dərəcədə gözləndiyini və bu prinsipə maneə yarada biləcək halların aşkar edilməsini müəyyənləşdirməkdən ibarətdir. Ümumilikdə 7 dərslik komplektinin təhlil edildiyi tədqiqatın nəticələri onu göstərir ki, nəzərdən keçirilmiş tədris materiallarının hər birində bu və ya digər şəkildə gender stereotipləri mövcuddur. Bunlar, əsasən, sosial rollar, geyim, peşə stereotipləri, kişilərin cəsur, uğurlu və güclü təsviri, qadınların daha çox qayğıkeş ana obrazında təqdim edilməsi ilə bağlıdır. Təhlilin digər bir nəticəsi isə dərslik müəllifləri və təsvir edilən obrazlar arasında gender balansının pozulması, dərsliklərdə daha çox oğlan obrazlarına rast gəlinməsidir. Tədqiqatın nəticələrinə uyğun olaraq mövcud vəziyyətin inkişafı, gender bərabərliyi prinsipinin təşviqi və stereotiplərin dərsliklər vasitəsilə cəmiyyətdə formalaşmaması üçün bir sıra tədbirlərin görülməsi mümkündür. Bunlara dərslik müəllifləri və obrazlar arasında gender balansını qorumağı, qəbul olunmuş stereotipləri qırmaq üçün qadınları ictimai həyatda daha aktiv təsvir etməyi və fərqli peşələrdə həm qadın, həm də kişilərin çalışa biləcəyinin mümkünlüyünü aid edə bilərik.
İstifadə edilmiş ədəbiyyat
1 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (2021). Gender Göstəriciləri. https://www.stat.gov.az/source/gender/
2 Blumberg, R.L. (2007). Gender bias in textbooks: a hidden obstacle on the road to gender equality in education. UNESCO.
3 Blumberg, R.L. (2008). The invisible obstacle to educational equality gender bias in textbooks. Prospects: Quarterly Review of Comparative Education, 38, 345-361.
4 Braslavsky, C. (ed.). 2006. Textbooks and Quality Learning for All: Some Lessons learned form International Experiences. UNESCO IBE.
5 Campbell, E. (2010). Women in the history textbooks.
6 Durrani, N. (2008). Schooling the ‘other’: the representation of gender and national identities in Pakistani curriculum texts. A Journal of Comparative Education, 595-610.
7 Finn, J., Reis, J., & Dulberg, L. (1980). Sex Differences in Educational Attainment: The Process. Comparative Education Review. 24(2), 533-552. http://www.istor.org/stable/1187554
8 Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanunu. (2006). https://eqanun.az/framework/12424
9 Heslop, J. (2016). Engaging Communities in Dialogue on Gender Norms to Tackle Sexual Violence in and around Schools. London, Institute of Education, University College of London. (Technical Brief.)
10 Islam, K.M.M. & Asadullah, M.N. (2018). Gender stereotypes and education: A comparative content analysis of Malaysian, Indonesian, Pakistani and Bangladeshi school textbooks. PLoS ONE 13(1): e0190807. https://doi.org/10.1371/journal. pone.0190807
11 Lynch, J., Modgil, C., & Modgil, S. (1992). Cultural Diversity and the Schools. London: Routledge.
12 OECD. (2011). Report on the Gender Initiative: Gender Equality in Education, Employment and Entrepreneurship. OECD, Paris. https://www.oecd.org/education/48111145.pdf
13 OECD. (2017). The Pursuit of Gender Equality: an Uphill Battle. Paris, Organisation for Economic Co-operation and Development.
14 Sadker, D., & Zittleman, K. R. (2007). Teachers, schools, and society: A brief introduction to education. New York: McGrawHill.
15 Stromquist, N.P. (2007). Gender equity education globally. In S. S. Klein, et al. (Eds.), Handbook for achieving gender equity through education 2nd ed. Mahwah, NJ: Lawrence Erlbaum Associates.
16 Ullah, H., & Skelton, C. (2012). Gender representation in the public sector schools textbooks of Pakistan. Educational Studies. 183-194.
17 UN. (2018). İnsan Hüquqları. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin və Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin Azərbaycan üzrə Yekun Müşahidələrinin Seçmə Toplusu. https://azerbaijan.un.org/sites/default/files/2021-01/6.%20CRPD%20and%20CEDAW%20CO%20last.pdf
18 UNESCO. (2004). Books, Gender Analysis of School Curriculum and Text. Islamabad: UNESCO.
19 UNESCO. (2010). Guidelines for textbook review and analysis from a gender perspective.
20 UNESCO. (2015) Promoting gender equality through textbooks: a methodological guide.
21 UNESCO. (2016). Education 2030: Incheon Declaration and Framework for Action for the implementation of Sustainable Development Goal 4: Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all.
22 UNESCO. (2020). A new generation: 25 years of efforts for gender equality in education. Global Education Monitoring Report. ttps://unesdoc.unesco.org/ark:/48223/pf0000374514/PDF/374514eng.pdf.multi
23 UNFPA Azerbaijan. (n.d.) Gender Bərabərliyi. https://azerbaijan.unfpa.org/az/topics/genderbərabərliyi
24 UNFPA. (2018). Azərbaycanda Gender Bərabərliyi və Gender Münasibətləri: Mövcud Vəziyyət və İmkanlar: Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat. https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/gender%20equality-az_0.pdf
25 UNICEF. (2021). Gender Transformative Education: Reimagining education for a more just and inclusive world. https://www.unicef.org/media/113166/file/Gender%20Transformative%20Education.pdf
26 Vu, M.T., & Pham, T.T.T. (2021). Still in the shadow of Confucianism? Gender bias in contemporary English textbooks in Vietnam, Pedagogy, Culture & Society, DOI:10.1080/14681366.2021.1924239
27 Yuden, Y., Chuki, S., Dorji, T. (2021). Gender Sensitivity in Textbooks in Secondary Education in Bhutan. European Journal of Educational Technology, 4(1), 14-30.