QARABAĞ REGİONUNDA TƏHSİLİN İNKİŞAFI TARİXİNDƏN




Məqalədə Azərbaycanın Qarabağ regionunun təhsil tarixinə nəzər salınır. Qeyd olunur ki, XIX əsrdə fəaliyyət göstərmiş yeni dünyəvi məktəblər, o cümlədən 1830-cu ilin sentyabrında Şuşa şəhərində açılan qəza məktəbi Şimali Azərbaycanın Qarabağ regionu  əhalisinin maariflənməsində mühüm rol oynadı. Azərbaycanın şimal əraziləri işğal edildikdən sonra isə ənənəvi məktəblərin fəaliyyətinə son qoyuldu, çar məmurları yetişdirən məktəblər açıldı. Məktəb binalarının, mədəni-maarif müəssisələrinin milliləşdirilməsi sahəsində çətinlikləri aradan qaldırmaq və bölgədə təhsili inkişaf etdirmək məqsədilə 1920-ci ilin oktyabrında N.Nərimanov bir qrup dövlət xadimi ilə birlikdə Şuşaya gəldi. O, siyasi iradə göstərərək, Yuxarı (Dağlıq) Qarabağda xalq maarifinin təşkil olunması sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi yollarını göstərdi. Tarixi tədqiqatlar sübut edir ki, XIX əsrə qədər Yuxarı (Dağlıq) Qarabağda erməni etnik kütləsi olmamışdır. Onlar buraya XIX əsrin əvvəllərindən etibarən çar Rusiyası tərəfindən köçürülmüşdür. Ermənilər Qarabağda avtoxton (yerli) olmalarını sübut etməyə cəhd etmələrinə və Yuxarı (Dağlıq) Qarabağa əsassız ərazi iddiaları irəli sürmələrinə baxmayaraq, onların bu regiona dair heç bir mədəni yaradıcılıq nümunəsi yoxdur. Məqalədə həm də Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin cəmiyyətdə diqqət mərkəzində olması və beynəlxalq problemə çevrilməsi, Qarabağ regionu haqqında daha ətraflı məlumatların gənclərə çatdırılmasının vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Qarabağ tarixi”nin tədrisinə dair qərarın mahiyyəti əsaslandırılır.

REALLIQLAR VƏ TARİXİ HƏQİQƏTLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında demişdir: “Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır...”1

Çar Rusiyası Qarabağ xanlığını işğal etdikdən sonra (1805-ci il Kürəkçay müqaviləsi) orada möhkəmlənmək məqsədilə yerli hakim təbəqənin mövqelərini zəiflətməyə çalışırdı. Buna görə də XIX əsrin əvvəllərində başlanan siyasi dəyişikliklər sosial-iqtisadi sahədə olduğu kimi təhsil və mədəniyyət sahəsində də özünü göstərirdi.

Vaxtilə indiki tanınmış, nəhəng şəhərlərin bünövrəsi qoyulandan təxminən 5-10 əsr əvvəl V əsrdə Albaniyada (Azərbaycanda) əyan uşaqlarına təhsil vermək, bilik öyrətmək üçün məktəblər açmışdılar (Kalankatuklu, 1993). Ölkənin paytaxtı Bərdədə elm, təhsil ocaqları yaradılmış, şəhər ölkənin mühüm mədəniyyət mərkəzinə çevrilmiş, alban əlifbası ilə tarixi və bədii əsərlər, məhz həmin dövrdə yazılmışdır.

O dövrdə müsəlman ölkələrində dini elmlərə üstünlük verilsə də fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, musiqi və s. elmlərin tədrisinə də diqqət yetirilirdi. Elm öyrənmək istəyənlər Şərqin mədəniyyət mərkəzlərinə gedir, orada görkəmli mütəfəkkirlərdən təhsil alırdılar. Orta əsr mənbələrində onların adları, təhsili, yaradıcılığı, nüfuzlu müəllimləri və şagirdləri haqqında məlumat verilir. Onların sırasında Bərdədən olan bir çox görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərindən bəhs edilir (Məmmədov, 1978). Orta əsrlərdə ənənəvi sayılan mürid-müşviq məktəblərində də təhsil alan və elmin müxtəlif sahələrində tanınan mütəfəkkirlər var idi. Azərbaycan əraziləri işğal edildikdən sonra isə ənənəvi məktəblərin fəaliyyətinə son qoyuldu, “Avropa təhsili, mədəniyyəti” adı altında çar məmurları yetişdirən məktəblər açıldı. Bu məqsədlə 1829-cu ildə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Rusiyadakı məhəllə məktəbləri tipində tədris müəssisələrinin yaradılmasına başlanıldı. Cənubi Qafqaz məktəblərinin ilk Nizamnaməsinə əsasən 1830-cu ilin sonlarına qədər nəzərdə tutulan 20 qəza məktəbindən cəmi 5-i açıldı ki, bunlardan biri də Şimali Azərbaycanda fəaliyyətə başlayan Şuşa qəza məktəbi idi. Bu, Azərbaycanda dünyəvi təhsil verən ilk məktəb idi (Əhmədov, 1967).

XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın Qarabağ regionunda 240-a qədər şagirdin təhsil aldığı 9 məktəb və 1 mədrəsə fəaliyyət göstərirdi. Altısı Şuşa şəhərində, digərləri Əlidərə, Nüvədi və Boyəhmədli kəndlərində olan bu məktəblərdə Azərbaycan, ərəb, bəzilərində isə fars dilində oxu və yazı öyrədilirdi. Şuşa qəzasının özündə 1 mədrəsə, kəndlərində isə 18 məscid məktəbi fəaliyyət göstərirdi. Lakin çar Rusiyası Cənubi Qafqazda yerli xalqları itaət altında saxlamaq, ruslaşdırma siyasəti yeritmək və beləliklə də öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə dövlət idarələrində işləmək üçün rus dilini bilən dövlət qulluqçularına olan ehtiyacını yeni dünyəvi məktəblər açmaqla təmin etmək istəyirdi (Əhmədov, 2006).

1835-ci il mayın 12-də təsdiq edilən Cənubi Qafqaz məktəblərinin II nizamnaməsində yeni məktəblərin açılması və mövcud qəza məktəblərinin təkmilləşdirilməsi nəzərdə tutulurdu. Məqsəd ibtidai təhsil verməklə bərabər, Tiflis gimnaziyasında təhsili davam etdirmək imkanı yaratmaq idi. Tədris prosesində rus dilinin öyrənilməsinə daha çox üstünlük verilirdi. Belə ki, Azərbaycan dilində həftədə cəmi 4, rus dilində isə 8 dərs keçirilirdi. Şuşa qəza məktəbi də bu nizamnamə əsasında fəaliyyət göstərirdi (president.az, 26 aprel 2011). 

XIX əsrin 40-cı illərinə kimi Şimali Azərbaycanda xalq maarifi və məktəblərinin idarəsi çar generallarına, sonralar isə Cənubi Qafqaz məktəblər direktoruna həvalə edilsə də, o dövrdə təhsil alan azərbaycanlı şagirdlərin sayında artım hiss olunurdu. Rəsmi məlumatlarda 1845-ci ilə qədər təkcə Şuşa qəza məktəbində təhsil alan şagirdlərin sayının 127-yə çatdığı göstərilir (Əhmədov, 2006). 

1848-ci il nizamnaməsindən sonra 1853-cü il oktyabrın 29-da “Qafqaz təhsil dairəsi və onun tabeliyində olan tədris müəssisələrinin nizamnaməsi” təsdiq edildi. Yeni nizamnamənin yaranmasında əsas məqsəd Rusiyadakı xalq maarifi sistemini Qafqazda da tətbiq etmək idi. 1860-cı il iyulun 2-də isə Qafqaz məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Yeni nizamnaməyə əsasən Bakı, Terski və İrəvan məktəblər direktorluqları yarandı və Şuşa qəza məktəbi Bakı məktəblər direktorluqlarının tərkibinə daxil edildi. Lakin, keçirilən islahatlar məktəblərin və şagirdlərin nisbi artımına səbəb olsa da, uğurlu nəticə əldə edilmədi. Qarabağda 60-cı illərdə ən çox şagirdi olan Şuşa qəza məktəbinin fəaliyyətindəki dinamika həmin dövrdə təhsilin səviyyəsini anlamağa imkan verir. Belə ki, bu məktəbdə 1850-ci ildə 110, 1851-ci ildə 131, 1852-ci ildə 171, 1853-cü ildə 191, 1854-cü ildə 180, 1855-ci ildə 246, 1856-cı ildə 175, 1857-ci ildə 210, 1858-ci ildə 210, 1859-1860-cı illərdə 185 şagird təhsil almışdır. 1861-ci ildə təhkimçilik hüququnun ləğvi və kəndli islahatı maarif və məktəb sahəsində də islahatlar aparılmasına səbəb oldu.

1865-1866-cı dərs ilindən etibarən Cənubi Qafqazda şagirdlərin sayına görə qabaq sıralarda olan Şuşa qəza məktəbi də genişləndirildi, yeni siniflər və şöbələr açıldı. Bütün Cənubi Qafqaz qəza məktəbləri içərisində ön cərgələrdə yer alan Şuşa məktəbində 240 şagird təhsil alırdı ki, onların da böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi.

1867-ci il nizamnaməsinə görə, Cənubi Qafqazda yenidən qurulan 7 qəza məktəbindən yalnız biri Azərbaycanda (Şuşa qəza məktəbi) idi. 1868-ci ildən etibarən mövcud qəza məktəbləri üçsinifli məktəblərə çevrilmişdi. Şuşa qəza məktəbində fransız dilinin tədrisi Qarabağ regionu ilə sıx əlaqəli idi. Şuşada tacir silkindən olanlar Avropa ölkələri ilə ticarət əlaqələri yaratmaq üçün fransız dilini öyrənməyə daha çox səy göstərirdilər.

Hökumətin 22 noyabr 1873-cü il qərarı ilə yerli məktəb nizamnamələri ləğv edildi, bütün ölkə məktəblərinə vahid imperiya üzrə nizamnamələr tətbiq edilməyə başlandı, Qafqazın xalq maarifi birdəfəlik imperiya daxilindəki məktəb şəbəkələrinin ümumi siyahısına daxil oldu. Əvvəllər yerli şərait nəzərə alınaraq yerli dillərin tədrisinə müəyyən qədər şərait yaradılırdısa da, bu qərarla sadalanan məziyyətlər xeyli məhdudlaşdırıldı, ali məktəblərə daxil olanlara verilən üstünlük aradan qaldırıldı, rus dilinin tədrisi daha da gücləndirildi.

1872-ci ildə qəbul edilmiş “Cənubi Qafqazda Rusiya şəhər məktəblərinə uyğun məktəblər yaratmaq haqqında nizamnamə”yə əsasən mövcud qəza məktəbləri arasında Azərbaycanda (1874-cü ildə) ilk dünyəvi məktəb olan Şuşa qəza məktəbi “şəhər məktəbi” statusu qazandı (Əhmədov, 2001). XIX əsrdə fəaliyyət göstərmiş yeni dünyəvi məktəblər Şimali Azərbaycanın Qarabağ regionu əhalisinin maariflənməsində mühüm rol oynamışdır. 

1915-ci ildə artıq Yuxarı (Dağlıq) Qarabağ ərazisində 3 min şagirdi, 79 müəllimi olan 49 ibtidai, 1 orta məktəb qeydə alınmışdır.

1918-ci il mayın 28-də Azərbaycanın şərqində ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. Həmin gün xalqımızın tarixinə çox böyük əhəmiyyətli bir hadisə kimi daxil oldu. Yenicə yaranmış AXC-nin dövlətin idarəedilməsində və ictimai proseslərdə iştirak etməsi üçün ixtisaslı milli kadrlara böyük ehtiyacı var idi. Bu kadrların hazırlanması məqsədilə AXC dövründə Azərbaycandan xarici ölkələrin ali təhsil müəssisələrinə 100-dən çox tələbə göndərilmişdir.2

QARABAĞDA TƏHSİLİN SOVET DÖVRÜ

Azərbaycan hökuməti tərəfindən Yuxarı (Dağlıq) Qarabağda 1920-ci ilin mayından qəza və dairə maarif şöbələrinin, Fövqəladə Komissiyaların yaradılmasını bu bölgədə təhsilin inkişafı üçün atdığı ilk addım hesab etmək olar. Həmin il mayın 12-də “Köhnə orta məktəb tiplərinin politexnik məktəblə əvəz etmək haqqında” verilən dekretlə din dövlətdən, məktəb məscid və kilsədən ayrıldı. Məktəb binalarının, mədəni-maarif müəssisələrinin milliləşdirilməsi sahəsində çətinlikləri aradan qaldırmaq və bölgədə təhsili inkişaf etdirmək məqsədilə 1920-ci ilin oktyabrında N.Nərimanov bir qrup dövlət xadimi ilə birlikdə Şuşaya gəlmişdi. O, siyasi iradə göstərərək Yuxarı (Dağlıq) Qarabağda Xalq maarifinin təşkil olunması sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi yollarını açıqlamışdır. Yuxarı (Dağlıq) Qarabağda maarif işini qurmaq üçün Bakı Şəhər Baş Siyasi Maarif İdarəsi S.S.Axundovu həmin bölgəyə ezam etmiş, eyni zamanda Azərbaycan Xalq Maarif Komissarlığı xətti ilə Yuxarı (Dağlıq) Qarabağa 96 nəfər nümayəndə, məktəblilər üçün dərs vəsaitləri və geyim göndərmişdir. Bu nümayəndələrin köməyi ilə təşviqatçı qruplar yaradıldı və savadsızlığı ləğv etmək üçün yeni məktəblərin yaradılması işinə başlanıldı. 1921-1922-ci illərdə bu qruplar Yuxarı (Dağlıq) Qarabağda 22 yığıncaq keçirərək, tədbirə 715 dinləyici cəlb etdi (Məmmədov, 2008).

Bəhs edilən dövrdə Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ bölgəsində təhsilin inkişafına mane olan bir sıra çətinliklər var idi. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları davam edir, günahsız insanların qanı axıdılırdı. Müxtəlif peşə sahibli kadrlara böyük ehtiyac var idi. Məktəb binaları çatışmırdı, vəsait isə yox dərəcəsində idi.

Yuxarı (Dağlıq) Qarabağda sakinlər özləri yeni məktəb yaratmaq və savadsızlığı ləğv etməyi qarşılarına məqsəd qoymuşdular. Bu məqsədlə ərizələrlə Bakıya müraciətlər də edilmişdi. 1921-ci ildə mərkəzə daxil olan həmin ərizələrdən birində hər bir kənd məktəbi üçün bina düzəltməyə, partalar hazırlamağa, müəllimləri taxıl və başqa ərzaq məhsulları ilə təmin etməyə hazır olduqlarını bildirirdilər (Azərbaycan Respublikası Dövlət Arxivi).

1920-ci ilin aprel çevrilişindən sonra Azərbaycan hökuməti Yuxarı (Dağlıq) Qarabağda xalq maarifi işini daha da yaxşılaşdırmaq, kütlələrlə aparılan ideya siyasi tərbiyə işinin səviyyəsini yüksəltmək, mədəni-maarif ocaqlarının təşkili və onların şəbəkəsinin genişləndirilməsi kimi çox mühüm vəzifələr müəyyənləşdirdi. Bu işlərin həyata keçirilməsi üçün xalqın şüurunun, elminin inkişaf etdirilməsi lazım idi. Bu işdə mədəni-maarif ocaqları kitabxanalar, klublar, qiraət komaları, siyasi savad kursları, məktəblər qarşısında vəzifələr qoyuldu. Həmin vəzifələr Azərbaycan KP 24 may 1920-ci il tarixli “Azərbaycan KP rayon komitəsinin mədəni-maarif işi üzrə təlimatı”nda öz əksini tapmışdı (Quliyev, 1973).

1923-cü il dekabrın 11-də “DQMV haqqında Əsasnamə”nin yenidən işlənməsi üçün AK(b)P MK-nın Rəyasət Heyəti tərəfindən Komissiya yaradıldı. 1924-cü il iyulun 3-də xüsusi komissiyanın hazırladığı “DQMV haqqında Əsasnamə” RK(b)P MK-nın Rəyasət Heyəti və Azərbaycan MİK-nin Rəyasət Heyəti tərəfindən bəyənildi. Həmin il noyabrın 26-da əsasnamə Azərbaycan, erməni və rus dillərində mətbuatda dərc edildi. Əsasnamədə Azərbaycan SSR-in tərkib hissəsinə daxil olan DQMV-nin əraziləri göstərilmiş, yerli hakimiyyət orqanlarının təşkili formaları, hüquq və vəzifələri qeyd edilmişdir. DQMV-də bütün kargüzarlıq, məhkəmə və məktəblərdə tədris ana dilində aparılırdı. Eyni zamanda əsasnaməyə görə Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-yə verildi (Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi).

Sovet Azərbaycanında öz mövqeyini möhkəmləndirmək, təbii və tükənməz, yeraltı və yerüstü təbii sərvətlərimizdən, böyük iqtisadi və mənəvi potensialımızdan daha səmərəli istifadə etmək üçün mərkəz bilikli, savadlı, sadiq kadrlara ehtiyac duyurdu. Buna görə də, Sovet hakimiyyəti 1920-1930-cu illərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı göstərməyə başladı.

Yuxarı (Dağlıq) Qarabağda məktəblərin ixtisaslı kadrlara ehtiyacını ödəmək üçün 1921/22-ci illərdə Şuşada pedaqoji məktəb, Hadrudda pedaqoji texnikum, Şuşada pedaqoji fəhlə fakültəsi açılmışdı. 1923-cü ildə Xankəndində sovet-partiya işçiləri hazırlayan xüsusi məktəb fəaliyyətə başladı. Məktəblərin şəbəkəsi xeyli genişləndi. 1922/23-cü tədris ilində artıq Yuxarı (Dağlıq) Qarabağda 6404 şagirdi, 222 müəllimi özündə birləşdirən 104 məktəb fəaliyyət göstərirdi. 1923-cü il iyulun 21-də Yuxarı (Dağlıq) Qarabağda Karagözovun sədrliyi altında məktəb quruculuğunu genişləndirmək və savadsızlıqla mübarizə məqsədilə Xüsusi Komitə yaradıldı. 1923-1925-ci illərdə DQMV-nin bütün kəndlərində savadsızlığı ləğv etmək üçün kurslar təşkil edildi. 1923-cü ildə DQMV-də 10 savad kursu təşkil olunmuşdur ki, onun 139 nəfər üzvü var idi (Məmmədov, 2008). Azərbaycan hökuməti DQMV-də təhsilin inkişafı üçün 1923-cü ildə 168600 manat vəsait ayırdı. Bu rəqəm Naxçıvan bölgəsinə ayrılan vəsaitdən təxminən 2 dəfə artıq idi. Ayrılan vəsait hesabına DQMV-də 24 yeni məktəb açıldı.

1924-cü ilin aprelində Xankəndində maarif işçilərinin konfransı keçirildi. Konfransda qəbul edilmiş qərarla DQMV-də “Savadsızlığı ləğv etmək mərkəzi” yaradıldı. 1924-cü ildə 80, 1925-ci ildə 116 savadsızlığı ləğv edən məntəqə fəaliyyətə başladı. DQMV-də tədris Azərbaycan, erməni və rus dillərində aparılırdı.

1925-ci il mayın 25-də Bakıda Ümumazərbaycan müəllimlərinin qurultayı oldu. Qurultayda xalq maarifinin inkişaf etdirilməsi məqsədilə Qarabağda məktəb şəbəkəsinin genişləndirilməsi, onun tədris bazasının yaradılması və getdikcə möhkəmləndirilməsi, ixtisaslı müəllim kadrları ilə təchiz olunması barədə qərar qəbul olundu (Atakişiyev, 1971).

Azərbaycan hökuməti DQMV-də xalq maarifinə 1925-ci ildə 264184 manat, 1926-cı ildə 386476 manat, 1927-ci ildə 108675 manat vəsait ayırdı. 1921-1926-cı illər ərzində DQMV-də sahibkarlardan, varlılardan müsadirə edilmiş binalar məktəblərin istifadəsinə verildi. Keçmiş ziyalı kadrlar məktəb quruculuğu işlərinə cəlb edildi. Azərbaycan hökumətinin ümumtəhsil məktəblərinin inkişafına göstərdiyi xüsusi diqqət nəticəsində DQMV-də məktəblər şəbəkəsi genişləndi və təhsil alan şagirdlərin sayı artdı. Belə ki, 1923-cü ildən 1928-ci ilə qədər 36 yeni məktəb istifadəyə verilmişdi. Beləliklə, 1927/28 tədris ilində DQMV-də məktəblərin sayı 140-a çatdı. 1922/1923-cü illə müqayisədə, bəhs olunan ildə şagirdlərin sayı 2,5 dəfə, müəllimlərin sayı 60 faiz artmışdır. 1927/1928-ci tədris ilində DQMV-nin məktəblərində 15059 şagird, 347 müəllim var idi. 1930/1931-ci tədris ilində Qarakənd, Qışlaq, Çapar, İmarət-Qərvənd, Seysulan, Noraguh, Çıldıran kəndlərində yeni nümunəvi məktəb binaları tikilib istifadəyə verilmişdir. Lakin yuxarıdakı adı çəkilən yeni tikilmiş məktəblərin hamısı erməni icmasının cəmləşdiyi kəndlərdə inşa edilmişdi (Məmmədov, 2008). Bu fakt Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə tolerant münasibətlərin bariz nümunəsidir.

XIX əsrə qədər Yuxarı (Dağlıq) Qarabağda erməni etnik kütləsi olmamışdır. Onlar buraya XIX əsrin əvvəllərindən etibarən çar Rusiyası tərəfindən köçürülmüşdür. Ermənilər Qarabağda avtoxton (yerli) olmalarını sübut etməyə cəhd etmələrinə və Yuxarı (Dağlıq) Qarabağa əsassız ərazi iddiaları irəli sürmələrinə baxmayaraq, onların bu regiona dair heç bir mədəni yaradıcılıq nümunəsi yoxdur. Çarizmin regionu xristianlaşdırmaq siyasətinə uyğun olaraq ermənilər təhsilə daha çox cəlb edilsələr də, onlara bu məqsədlə hər cür şərait yaradılsa da, yeniliyə, inkişafa daha çox həvəs göstərən azərbaycanlılar idi. Onlar ibtidai təhsili başa vuran kimi Avropanın müxtəlif ölkələrinə mühacirət edərək təhsillərini davam etdirirdilər. Azərbaycanlılarda elmə marağı bu vilayətin ziyalıları yaradırdı. Azərbaycan ədəbiyyatının görkəmli ədibləri olan Qasım bəy Zakir, Xurşudbani Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və Süleyman Sani Axundov kimi görkəmli mütəfəkkirlərin yetişməsi və yaradıcılıq fəaliyyətləri Qarabağda təhsilə, elmə, mədəniyyətə böyük təkan vermişdir.

Ömrünün son dövrlərində Qarabağda (Bərdə və Şuşada) yaşayıb yaratmış “ŞükürnameyiŞahənşah” və “Təzkireyi-Məhəmmədşah” əsərlərinin müəllifi Bəhmən Mirzə Qacarın orta əsrlərə məxsus elmi biliklər sisteminə mənsub olan ensiklopediyası, qarabağlı alim, “Məclisi Fəramuşan” şairlər məclisinin təşkilatçısı və rəhbəri, “Təzkireyi Nəvvab”, “Vüzuhül-ərqam”, “Kifayətül-Ətfal” və s. elmi əsərlərin müəllifi Mir Möhsün Nəvvabın (1833-1918) o dövrdə elmi və ədəbi-bədii yaradıcılığın müxtəlif sahələrində geniş fəaliyyət göstərən bir çox ziyalılar Qarabağda təhsilə, mədəniyyətə marağı daha da artırmışdılar.

Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə, yüksək istedada malik olan və müsəlman aləmində operanın banisi sayılan Üzeyir bəy Hacıbəyli, Zülfüqar bəy Hacıbəyli, Zakir Bağırov, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələsgərov və Əfrasiyab Bədəlbəyli kimi böyük bəstəkarlar bəxş etmişdir. Bu şəxsiyyətlər musiqi təhsilimizdə əvəzsiz xidmətlərinə görə tanınırlar.

Yuxarı (Dağlıq) Qarabağda mədəni-maarif, quruculuq işlərinə mane olan qüvvələr də var idi. Ziyalıların, xüsusilə müəllimlərin müəyyən bir hissəsi öz milli baxışlarından, adət və ənənələrindən uzaqlaşa bilmirdilər. Beynəlmiləlçilik şüarı altında Azərbaycan məktəblərinə, digər tədris ocaqlarına laqeyd münasibətlər müəllimlərin fəaliyyətinə ciddi təsir edirdi. Azərbaycanda baş verən inzibati amirlik sistemi, milli zəmindən uzaqlaşmayan, elmin siyasətə çevrilməsinə uyuşmayan müəllimlərə qarşı aparılan axtarışlar, təqiblər, həbslər, sürgünlər respublikanın hər yerində olduğu kimi, Yuxarı (Dağlıq) Qarabağda da məktəb quruculuğu işlərinə mane olurdu. Bütün bunlarla yanaşı Yuxarı (Dağlıq) Qarabağda erməni millətçiliyi, yerli idarə orqanlarında çalışan erməni mütəxəssislərinin şovinist siyasətləri, sovet rejiminə “sədaqətlə qulluq edən adamların” böhtançı tədbirləri məktəb quruculuğu işlərinə, mədəni-maarif fəaliyyətinə ciddi maneə olurdu. DQMV-nin partiya, sovet orqanlarında, mədənimaarif müəssisələrində çalışan erməni, rus mütəxəssisləri “proletar beynəlmiləlçiliyi” şüarı altında azərbaycanlı mütəxəssislərinə qarşı gizli mübarizə aparırdılar. Bu “nəzəriyyə” ayrı-ayrı sovet orqanlarında çalışan bir qrup adamların, o cümlədən Yuxarı (Dağlıq) Qarabağda təhsil işlərinə bilavasitə rəhbərlik edən ermənilərin “Azərbaycan dilində təhsilin gələcəyinin olmadığı” iddiası ilə gördükləri tədbirlər vilayətdə tədris işlərinə böyük zərbə vururdu (Azərbaycan Respublikası Dövlət Arxivi).

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, DQMV təhsilinə ayrılan vəsaitin böyük hissəsi erməni icmasının daha çox cəmləşdiyi kəndlərə istiqamətləndirilirdi. Bu məqsədlə müxtəlif vaxtlarda Xankəndinə ayrılan vəsaitin Şuşa şəhərinə ayrılan vəsaitdən 2-3 dəfə artıq olması təsdiq edilmişdir. Bu da DQMV-də Azərbaycanlı uşaqlar üçün tikilən məktəblərin sayının aşağı olmasına təsir edirdi. Məsələn, 1928-ci ilin sonlarında DQMV-də 143 məktəb, 487 qrup var idi ki, burada 16332 nəfər təhsil alırdı. Tədqiqatlardan məlum olur ki, həmin məktəblərdən 21-i, qruplardan 61-i azərbaycanlılara aid idi. Təhsil alan uşaqlar arasında azərbaycanlıların sayı 1493 nəfərə çatırdı. Bu tarixi reallığın – DQMV-də erməni əhalisinin sayının Azərbaycanlılardan bir neçə dəfə az olmasına baxmayaraq təhsilə cəlb edilən erməni uşaqlarının çoxluq təşkil etməsi siyasi məsələ idi. Təəssüf ki, ölkəmizin o zamankı rəhbərləri bu məsələdə ədaləti bərpa edə bilməmiş, xalqımızın milli maraqlarını siyasi itaətkarlığa qurban vermişlər. DQMV-də azərbaycanlılara qarşı bu cür ögey münasibət sonrakı dövrlərdə də davam etmişdi (Məmmədov, 2008).

Birinci və ikinci beşilliklər dövründə DQMV-də  məktəb tikintisinə xüsusi diqqət yetirilmişdir. 1927/1928-ci tədris ilindən 1940/1941-ci tədris ilinədək DQMV-də 56 nümunəvi məktəb binası tikilib istifadəyə verilmişdi. 1940/1941-ci tədris ilində Azərbaycanda 654902 şagirdi, 22016 müəllimi birləşdirən 3575 məktəb fəaliyyət göstərirdi ki, bundan 196 məktəb 40766 şagird, 1696 müəllim DQMV-nin və 196 məktəb, 30453 şagird, 1039 müəllim Naxçıvan MSSR-in payına düşürdü. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, DQMV əhalinin sayı ilə müqayisədə məktəblərin və müəllimlərin sayına görə Azərbaycanda birinci yerdə dayanmışdır. Məsələn, ümumrespublika səviyyəsində hər məktəbə 6,1 müəllim düşürdüsə, bu göstərici Naxçıvan MSSR-də 5,3-ə, DQMV-də isə 8,6-ya bərabər idi. Eyni zamanda, Respublikamızda hər müəllimə 29 şagird düşürdüsə, DQMV-də hər müəllimə 24 şagird düşürdü. Axırıncı göstərici Naxçıvan MSSR-ə ümumrespublika səviyyəsi ilə eyni idi (29 şagird). Bütün bunlar Azərbaycan hökumətinin DQMV-yə göstərdiyi dərin qayğının nəticəsi idi və sözsüz ki, bütün bunlar əhalinin savadlanmasına öz müsbət təsirini göstərirdi (Azərbaycan Respublikası Dövlət Arxivi).

1935-ci ildə məktəblərin strukturu dəyişdirildi. İbtidai, natamam orta və orta məktəblər açıldı. 1940/1941-ci tədris ilində DQMV-də 45 ibtidai, 116 natamam orta (yeddillik), 35 orta məktəb fəaliyyət göstərirdi. Naxçıvan MSSR-da isə 87 ibtidai, 74 natamam orta, 35 orta məktəb var idi. Yeddillik məktəblər 1924-cü ildə fəhlələr üçün, 1926-cı ildə isə kəndli-gənclər üçün açılmışdı. 1940/1941-ci ildə Bakı şəhərində cəmi 64 natamam orta (yeddiillik) məktəb var idi. DQMV-də isə həmin məktəblər daha üstünlük qazanırdı. Hesablamalara görə 1926-cı ildə DQMV-də əhalinin 25 faizi, 1933-cü ildə 51 faizi oxuyub yazmağı bacarırdı. 1939-cu ildə isə 10 yaşdan yuxarı olan hər 1000 nəfərdən 113-nün tam və natamam orta təhsili vardı. 1939-cu ildə aparılan siyahıyaalınmaya görə vilayətdə 9 yaşından 49 yaşınadək olan adamlar arasında savadlıların sayı – 84 faizə çatmışdır. 1940/1941-ci dərs ilində DQMV-də 6 texnikum var idi. Həmin texnikumlarda 818 nəfər tələbə təhsil alırdı. Bütün məktəblərdə rus dilinin tədrisinə xüsusi diqqət yetirilirdi. 1940-cı ildən etibarən məktəblərdə xarici dil də tədris edilməyə başlandı.

1940-cı ilə olan məlumata görə Yuxarı (Dağlıq) Qarabağda fəaliyyət göstərən ziyalıların 14,7 faizini qadınlar təşkil edirdi. Bunların bir hissəsi müəllim, tibb işçisi, partiya və sovet orqanlarında çalışan qadınlardan ibarət idi (Azərbaycan Respublikası Dövlət Arxivi).

Bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq və möhkəmləndirmək üçün birinci növbədə insanların şüurlarını kommunist idealogiyasına uyğun olaraq formalaşdırmağa çalışırdılar. Beləliklə, görülən tədbirlər nəticəsində Yuxarı (Dağlıq) Qarabağda xalqımızın uzun əsrlər ərzində yaratdığı milli mənəvi dəyərlər – ilk növbədə islam dini ardıcıl surətdə sıxışdırılmaqla, minlərcə məscid
və başqa müqəddəs ocaqlarımız dağıdıldı. Qədim kitablarımız, musiqi alətlərimiz, əlifbamız fanatizmin mənbəyi kimi damğalanaraq məhv edildi. Milli-mənəvi dəyərlərimizi unutdurmaq məqsədilə qədim adətlərimizin keçirilməsi qadağan edildi.

“QARABAĞ TARİXİ” FƏNNİNİN TƏDRİSİNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Ümummilli liderimiz Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının 1987 – ci ilin oktyabr plenumunda həmin partiyanın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verməsindən istifadə edən şovinistlər tarixi saxtalaşdırmaq, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı işğal etmək məqsədilə 1988-ci ildən etibarən təxribatlara başladılar. Respublikamızdakı siyasi böhran ermənilər tərəfindən Yuxarı (Dağlıq) Qarabağ və ona yaxın olan digər 7 rayonumuzun işğalına zəmin yaratdı. Bununla da işğala məruz qalmış rayonlarımızda çoxəsrlik tarixi olan maddi və mənəvi mədəniyyət abidələri, yaşayış məskənləri, məktəblər, iaşə obyektləri dağıdıldı. Düşmənin məqsədi Qarabağda Azərbaycana məxsus maddi, mədəni və mənəvi irsimizi yox etmək və ya özününküləşdirmək idi. Düşmənin bu qeyri-insani əməllərinə cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 2014-cü ildən etibarən “Qarabağ tarixi” adlı fənnin ümumtəhsil məktəblərində tədris olunmasının proqrama salınması barədə qərar verdi. Bununla da, Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ regionunun qədim tarixi, bu ərazinin qədim türk etnoslarının vətəni olması, müxtəlif dövrlərdə Qarabağda ictimai-siyasi vəziyyət, mədəniyyət abidələri, füsunkar təbiəti, zəngin flora və faunası, Qarabağa ermənilərin köçürülməsinin mahiyyəti, ermənilər tərəfindən törədilmiş qırğınlar, deportasiya və soyqırımlar ilə bağlı həqiqəti təhsilalanlara öyrətmək üçün əlverişli imkan yarandı. Prezident İlham Əliyevin AMEA–nın hesabat yığıncağında dediyi “Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özününküləşdirmək üçün cəhdlər göstərirlər... bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq” fikri bu tədbirin görülməsinə daha məsuliyyətlə yanaşmağa sövq etdi (Hacıyev, 2013).

Azərbaycan xalqının ən ciddi problemi olan Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, Qarabağ həqiqətlərinin hərtərəfli və konkret olaraq öyrənilməsini özündə etiva edən bu dərslik şagirdlərin yaş səviyyəsi və qavrama qabiliyyəti nəzərə alınaraq hazırlandı və təhsilalanların istifadəsinə verildi. Azərbaycanın işğal olunmuş rayonlarını xatırlaya bilməyənlər və işğaldan sonra anadan olan gənclərdə vətən sevgisi hislərini gücləndirmək istiqamətində Qarabağı təsəvvür etmək, onu unutmamaq kimi mənəvi tərbiyəni, vətənpərvərliyi gücləndirməyin əhəmiyyətli olacağı nəzərdə tutulurdu. Dərslikdə Qarabağ toponimi, təbii-coğrafi şəraiti, buradakı zəngin maddi-mədəniyyət abidələri, Qarabağın qədim türk etnoslarının vətəni olması, müxtəlif dövrlərdə bu coğrafi ərazidəki siyasi, sosial-iqtisadi vəziyyət, Qarabağa ermənilərin köçürülməsi, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımlar, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Yuxarı (Dağlıq) Qarabağın və ona bitişik ərazilərin işğalı, Aprel qələbəsi ilə bağlı mövzular öz əksini tapmışdır.

2014-cü ildən ümumtəhsil məktəblərinin 8-ci sinfində fakültativ məşğələ formasında keçilməsi məqsədilə hazırlanan dərs vəsaitinin 2019-cu ildə 7-ci siniflərdə dərslik kimi tədrisinə qərar verildi. O dövrdə “Bu, tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər” və s. kimi elmi əsası olmayan fikirlərin əksinə olaraq, dərslik şagirdlərdə vətənin hər bir guşəsinə bələd olmaq və onu yaxşı tanımaq vərdişi yaratdı. Təhsilalanlar Qarabağ tarixini öyrənməklə əmin oldular ki, Azərbaycan xalqının bu mənada bir həqiqəti var – Qarabağ həqiqəti. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub qədim tarixə və zəngin mədəniyyətə malikdir. Qarabağ sözü türk mənşəlidir: “Qara” – böyük, “bağ” isə bağ mənasındadır.

Təhsil Nazirliyi “Qarabağ tarixi”nin tədrisini Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə
çevrilməsi, şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasının vacibliyi ilə əsaslandırdı. Bu dərsliyin hazırlanması düşmənlərimizin belə bir dərsliyi planlaşdırması ilə eyni vaxta təsadüf etdi. Lakin onlar naməlum səbəbdən belə bir dərsliyin yazılmasını təxirə saldılar. Azərbaycanda isə Qarabağ tarixinin ayrıca fənn kimi tədris edilməsindən sonra, hətta bir çox yaşlı adamlar belə Qarabağın tarixini daha diqqətlə öyrənməyə təşəbbüs göstərdilər.

Bu dərsliyin tədrisində məqsəd hər hansı regionu fərqləndirmək, regionçuluq yaratmaq deyil, bölgənin tarixinin daha dərindən öyrədilməsidir. Dərslik elmi-pedaqoji səviyyədə hazırlandığı, tədris olunduğu sinfin yaş xüsusiyyəti nəzərə alındığı səbəbindən ictimaiyyət və tədrislə məşğul olanlar tərəfindən rəğbətlə qarşılandı. Kitabda Qarabağın tarixi-coğrafi mövqeyi, məşhur yerləri, tarix və mədəniyyət abidələri, mütəfəkkirləri, xüsusilə şairləri, yazıçıları, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin Qarabağın müasir dövr tarixi barədə lakonik məlumat verilmişdir.

Qarabağla bağlı məsələlərə daha həssas yanaşmağın səbəblərindən biri də regionun işğalı səbəbindən bu bölgənin tarixinin daha ətraflı öyrənilməsinin aktual olmasıdır. Çünki Qarabağ həm də dövlətlərarası münasibətlərə, regionda təsir gücünə malik olmaq üçün bir vasitəyə, bəzi dünya dövlətlərinin marağının toqquşduğu bir məsələyə çevrilmişdir. Bu da regionun tarixinin öyrənilməsini zəruri etmişdir. Vacib məsələlərdən biri də məktəblilərimizin Qarabağ təəssübkeşliyi ilə böyümələridir. Müasir dövrdə Azərbaycan Respublikasının Qarabağ regionunun tarixinin, mədəniyyətinin ümumtəhsil məktəblərində tədris olunması böyük əhəmiyyətə malikdir. Ən əsası ona görə ki, şagirdlər, ilk növbədə, Vətənimizin ayrılmaz bölgəsi olan, Qarabağ haqqında zəngin biliyə malik olurlar. İkincisi, onlar təkzibolunmaz faktlar əsasında anlayırlar ki, Qarabağ regionu ən qədim zamanlardan əski türk etnoslarının yaşadığı ərazi olub. Xalqımız mənfur qonşularımız olan ermənilərə sığınacaq kimi bu yerlərdə yaşamağa imkan yaradıb. Onlar isə bundan suiistifadə edərək, öz havadarlarının köməyi ilə bu yerləri “özününkü etməyə” cəhd göstəriblər. Üçüncüsü, şagirdlər Qarabağda gedən döyüşlərdə Azərbaycan oğullarının qəhrəmanlıq səhifələrini bir daha yada salır, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həyata keçirdikləri genişmiqyaslı fəaliyyətləri ilə tanış olurlar.

Qarabağ regionunun maddi-mədəniyyət abidələri ilə bağlı şagirdlərə bildirilir ki, Azıx və Tağlar kimi ibtidai insan düşərgələrində  qədim insanlar iki milyon il bundan əvvəl yaşamış, təxminən bir milyon il əvvəl Azıx mağarasında məskunlaşmışlar. Qeyd olunur ki, Şuşa mağarası, Şortəpə, Kültəpə, Uzuntəpə, Leylatəpə, Xantəpə, Qaraköpəktəpə və s. bu kimi eneolit, tunc dövrü abidələrindən göründüyü kimi, burada həyat müntəzəm, ardıcıl olaraq günümüzədək davam etmişdir. Arxeoloji və yazılı mənbələr əsasında bu yerlərin qədim türk etnoslarına mənsub olmasından danışılmışdır. Qarabağ regionunda yerli türk mənşəli oturaq və köçəri türk tayfaları da məskunlaşmışdır. Bizim eradan əvvəl I minillikdə onlar Kür və Araz hövzəsini tutmuşdular. Qaynaqlarda adları çəkilən bu sak, massaget tayfaları Azərbaycan ərazisinə, o cümlədən Qarabağa e.ə. 7-ci yüzillikdə gəlmiş, bu ərazilərdə məskunlaşmış, tədricən yerli türk tayfaları ilə qaynayıb qarışmışlar (Hacıyev, Əbdüləzimov, 2019). Söz yox ki, qədim yunan, latın, alban, fars, ərəb, türk mənbələrində Qarabağın təbiəti, bitki aləmi, iqtisadi və ticarət həyatı haqqında verdiyi məlumatlar şagirdlərin dünyagörüşünə təsirsiz qalmayacaqdır.

Şagirdlər Qarabağ antik və ilk orta əsrlərdə Roma, Albaniya, sasani, ərəb və xəzərlər arasında döyüş meydanına çevrildiyini, orta əsrlərin renessans dövründə bu regionun Sacilərin, Salarilərin, Səlcuqların, Monqolların, Əmir Teymurun, daha sonra isə qədim Azərbaycan dövlətlərindən olan Qaraqoyunlu (Baharlı), Ağqoyunlu (Bayandurlu) və Səfəvilər dövlətinin tərkibində olduğunu bu dərslikdən öyrənirlər. Qarabağ xanlığının fəaliyyəti, dövrün mədəniyyət və incəsənət nümunələri, bölgənin Rusiya tərəfindən işğalı, ermənilərin Qarabağa köçürülməsi ilə bağlı tarixi faktlarla əsaslandırılmış məlumatlar təhsilalanlarda düzgün fikrin formalaşmasına xidmət edir.

Şagirdlərə bildirilir ki, həmin dövrdə bu ərazidə məskunlaşmış azsaylı ermənilər heç bir nüfuza malik olmamışlar. Xanlıq Rusiya tərəfindən işğal olunduqdan sonra buraya çoxsaylı erməni ailələri köçürülmüş, bu da demoqrafik dəyişikliklərə səbəb olmuşdur. Dərslikdə, mənbələr əsasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra əraziyə köçürülüb yerləşdirilən erməni ailələrinin sayından, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Qarabağın zəngin mədəniyyətindən, incəsənətindən danışılır.

Qeyd olunur ki, bölgəyə köçürülərək süni şəkildə artırılan çoxsaylı erməni ailələri erməni siyasi birləşmələri qarşısında bir alətə çevrilərək, azərbaycanlılarla XX əsrdən dövrümüzədək münaqişələr yaratmış, 1905-ci ildə ermənilər tərəfindən Bakıda başlayan münaqişə İrəvan, Zəngəzur, Naxçıvan kimi, Qarabağda da günahsız, silahsız müsəlman əhalinin məhvinə səbəb olmuşdur. Baxmayaraq ki, o dövrdə Yuxarı Qarabağda əhalinin 72,6%-ni azərbaycanlılar təşkil edirdi, yaxşı silahlanmış erməni dəstələri havadarlarının köməyinə arxalanaraq müəyyən qırğınlar törədə bildilər. Qeyd olunduğu kimi: “Çar Rusiyasının geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün də çox məqsədəuyğun idi. Bu qanlı aksiyalarda məqsəd yerli əhalinin-azərbaycanlıların Yuxarı Qarabağ ərazisini tərk etməsi idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə, demoqrafik vəziyyəti dəyişə bilmədi” (Azərbaycan Respublikası Dövlət Arxivi).

I Dünya müharibəsi (1914-1918) başladıqdan sonra, Osmanlı dövlətinin Şərqi Anadolu ərazisinə rus qoşunları ilə birlikdə daxil olan silahlı ermənilər Rusiyada 1917-ci il çevrilişindən sonra ərazini tərk edərkən, silahlarını dinc türk-müsəlman əhaliyə qarşı yönəltdilər. Onlar Qarabağ, Naxçıvan və Zəngəzuru ələ keçirməyə çalışırdılar. Dərslikdə şərh olunan bu hadisələr şagirdlərin həqiqəti dərk etmək yolunda, düşüncələrində böyük izlər buraxır.

Tarixi reallıq belədir ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra belə, 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana köçürülən 850 erməni ailəsinin 765-i Yuxarı Qarabağda yerləşdirildi. Etiraz əlaməti olaraq Qarabağda başlayan xalq üsyanları amansızcasına yatırıldı. Dərslikdə qeyd olunduğu kimi, “Sovet Rusiyası... Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaratdı. 1923-cü il 7 iyulda Azərbaycan SSR Mərkəzi İcra Komitəsi DQMV-nin yaradılması haqqında dekret verdi. Dekretlə vilayətin mərkəzi Xankəndi göstərildi... DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “...Xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. Stepanakert sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan
xalqının, günahsız adamların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırımı törətmişdir” (Azərbaycan Respublikası Dövlət Arxivi).

Təhsilalanlara Qarabağın Azərbaycan mədəniyyətinin inkişafında mühüm rolu olan regionlardan biri olduğu, zəngin maddi-mədəni irsə malik olan Şuşanın mühüm təhsil mərkəzi və ziyalılar şəhəri olması, regionda dünya mədəniyyəti tarixinə daxil edilmiş ensiklopedik bilikli şəxsiyyətlərin yetişməsi tarixi faktlarla çatdırılır.

Məlumdur ki, Sovetlər dövründə də ermənilər Yuxarı (Dağlıq) Qarabağın Ermənistana verilməsi istiqamətində gizli işlər aparırdılar. 60-cı illərin sonuna qədər əsassız ərazi iddiaları davam edirdi. 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I Katibi seçildikdən sonra erməni separatçılarının mənfur niyyətlərinin qarşısı alındı. DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini daha da yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirildi.

Yuxarıda qeyd olunanları tarixi reallıq kimi qəbul edərək demək olar ki, II Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında, heç şübhəsiz, Qarabağ regionunun tarixinin ayrıca bir kurs kimi ümumtəhsil məktəblərində öyrədilməsinin mühüm əhəmiyyəti olmuşdur. Çünki Qarabağ tarixinin ətraflı öyrədilməsi həm mövcud ictimai-siyasi şərait baxımından, həm də vətəndaşlıq mövqeyinin təzahürü və gənclərdə milli iftixar hissinin gücləndirilməsi baxımından mənəvi stimuldur. Azərbaycan tarixinə 44 günlük müharibə kimi daxil olan II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən əsgərlərimizin əksəriyyəti Qarabağ həqiqətlərini ilk dəfə əsaslı şəkildə “Qarabağ tarixi” dərsliyindən öyrəniblər. 

Dərsliyin tədrisinin əhəmiyyəti haqqında onu da qeyd etmək olar ki, “Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır. Bu gün Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülüb, nizamlı Azərbaycan ordusu yaradılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində isə ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlib, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib”.3

Tarixi reallıq göstərir ki, Prezident İlham Əliyev Əfşarlar dövlətinin hökmdarı Nadir şahdan sonra Azərbaycanın işğal olunmuş ərazilərini azad edən yeganə azərbaycanlı dövlət başçısıdır. Onun böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə, Respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir.

1993-cü ildə olduqca mürəkkəb və ziddiyyətli şəraitdə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev siyasi uzaqgörənliklə 1994-cü ilin mayında Qarabağda atəşkəslə bağlı Biskek protokolunun imzalanmasına razılıq verdi. Məqsəd Azərbaycanı iqtisadi, siyasi, mədəni və hərbi sahədə gücləndirməkdən ibarət idi. Təəssüflər olsun ki, atəşkəsdən sonra davam edən sülh danışıqlarında Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbindən böyük sülh əldə edilmədi. Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdin aradan qaldırılması, respublikanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə işğalçıların ərazidən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, bunlar yerinə yetirilmədi. ATƏT və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsinə baxmayaraq, qəbul olunmuş bu qərar və protokolların heç biri həllini tapmadı. Bu azmış kimi Ermənistan hökuməti Azərbaycan Respublikasına qarşı təxribat xarakterli tədbirlər həyata keçirməyə və digər ərazilərimizin işğalı ilə təhdid etməyə başladı. Nəhayət, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Respublikası ərazisinə artilleriya zərbələri endirərək infrastrukturlarımızı və sivil insanlarımızı hədəfə aldı. Beləliklə, Azərbaycan tarixə II Qarabağ müharibəsi kimi daxil olan savaşa vadar edildi. Ermənistanın davam edən hücumlarına cavab olaraq Azərbaycan dövləti müdafiə və əks-hücum əməliyyatlarına start verdi. Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanılan kənd və şəhərlərin azad edilməsinə başlanıldı (İsabalayeva, 2020). 

Azərbaycan ordusunun əks hücumları ilə vaxtilə böyük eyforiya yaratmış Ermənistanın silahlı qüvvələri məğlub oldu, ordu və hərbi texnikası məhv edildi. Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamaq məcburiyyətində qaldı. Azərbaycan dövlətinin Ermənistan dövləti üzərində qələbəsi siyasi-diplomatik, hərbi-strateji baxımdan analoqu olmayan bir nəticə ilə başa çatdı. 

NƏTİCƏ

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 ilə yaxın Azərbaycan Respublikasının 20% ərazisini işğal altında saxlayan Ermənistanın qədim şəhər və kəndlərimizə, mədəniyyət abidələrimizə, dini ocaqlarımıza qarşı törətdiyi bağışlanmaz cinayətləri gündəmə gətirməklə bir daha erməniliyin, erməni iddialarının mahiyyətini açıb göstərdi. Azərbaycan dövlətinin sərbəst düşüncəli, inamlı addımları ilə fərqlənən səbrli dövlət başçısı İlham Əliyev ermənilərin son günlərə qədər törətdiklərinə təmkinlə yanaşdı, ədalətli həll ediləcəyini gözlədi. Lakin bunu Ermənistan hakimiyyəti düzgün qiymətləndirmədi, dünya ictimaiyyətini aldadaraq Azərbaycanın bu haqsızlıqlara boyun əyməyə məcbur olacağını inandırmağa çalışdı. Anti- Azərbaycan siyasətinin önündə gedərək bəzi dünya dövlətlərinin bu ədalətsizliyə göz yummasına nail oldu. “Zaman ən ədalətli hakimdir” məntiqinə əsaslanan Prezident İlham Əliyev isə bütün siyasi imkanlardan istifadə etsə də, nəticə olmadı. Ona görə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə hərbi təcavüzünə cavab olaraq 2020-ci il 27 sentyabrda əks-hücuma keçildi və işğal altında olan ərazilərimiz azad edildi.

Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirdi, xalqın istəklərini gerçəkləşdirdi. Bu, siyasətdə ardıcıllıq və prinsipiallıq öz bəhrəsini verdi. Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etdi. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verməyən ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı, 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.

İstifadə edilmiş ədəbiyyat

1 Atakişiyev, A. (1971). Azerbaydjanskiy kultura v period razvernoqo stroitelstva kommunizma. Baku, s.77.
2 Azərbaycan Respublikası Dövlət Arxivi. F.27, s.1., i.17, v.46.
3 Azərbaycan Respublikası Dövlət Arxivi. F.410, s.1, s.200, s.1, i. 175, v.80.
4 Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi. F.1. s.200, 74, 331, 55, 169, 7, 85, 206, 233., s.74, i.
5 Azərbaycan təhsilində tarixi varislik. (2018). Bakı, AZƏRTAC. https://azertag.az/xeber/Azerbaycan_tehsilinde_tarixi_varislik-1146754
6 Əhmədov, H.M. (1967). XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb. “Azərbaycan müəllimi” qəzeti, 6 aprel.
7 Əhmədov, H.M. (2001). Seçilmiş pedaqoji əsərləri. 5 cilddə, I c., Bakı, Elm, 450 s., s.113.
8 Əhmədov, H.M. (2006). XIX əsr Azərbaycan məktəbi. Bakı, Təhsil, 580 s.
9 Əhmədov, H.M. (2006). XIX əsr Azərbaycan məktəbi. Bakı: Təhsil, 580 s., s.69.
10 Hacıyev, Q., Əbdüləzimov, Ə. (2019). Qarabağ tarixi 7-ci sinif. Bakı, 112 s, s.19.
11 Hacıyev, Q.Ə. (2013). Prezident İlham Əliyevin fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetdir. Azərbaycan qəzeti. 20.10.
12 https://m.modern.az/az/news/121325
13 İsabalayeva, İ. (2020) Azərbaycan Ermənistanın hücumlarına cavab verir. Bakı, 6 oktyabr.
14 Kalankatuklu, M. (1993). Albaniya tarixi (tərcümə Z.M.Bünyadovundur). Bakı: Elm, 235 s, k.1, f.25.
15 Quliyev, C.B. (1973). DQMV-nin təşkil edilməsi tarixindən. “Azərbaycan SSR EA xəbərləri”. Tarix, fəlsəfə, hüquq seriyası. Bakı, №3, s.38.
16 Məmmədov, N.R. (2008). Azərbaycan SSR-in DQMV-də ictimai siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı: Təhsil, 566 s.
17 Məmmədov, N.R. (2008). Azərbaycan SSR-in DQMV-də ictimai siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı: Təhsil, 566 s.
18 Məmmədov, N.R. (2008). Azərbaycan SSR-in DQMV-də ictimai siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı: Təhsil, 566 s.
19 Məmmədov, N.R. (2008). Azərbaycan SSR-in DQMV-də ictimai siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı: Təhsil, 566 s.
20 Məmmədov, Z.C. (1978). Azərbaycanda IX-XIII əsrlərdə fəlsəfi fikir. Bakı: Elm, 190 s., s.17.
21 Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında İlham Əliyevin giriş nitqi. (2011). https://president.az/articles/2026 26 aprel.