XÜSUSİ TƏHSİLDƏN İNKLÜZİV TƏHSİLƏ KEÇİD DÖVRLƏRİNDƏ MÜXTƏLİF ÖLKƏLƏRİN İNKİŞAF MODELLƏRİ
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında mühüm amil olan inklüziv təhsil, xüsusi təhsil ehtiyacları və fərdi imkanların müxtəlifliyi nəzərə alınmaqla, bütün şagirdlər üçün təhsilə bərabər girişin təmin edilməsi kimi müəyyən edilir. Bu cür təhsili həyata keçirmək üçün cəmiyyətdə və məktəbdə müvafiq şəraitin yaradılmasına diqqət yetirmək lazımdır. Müasir tədqiqatçılar qeyd edirlər ki, bu gün inklüziv təhsil praktikasının təmin edilməsi sahəsində ən mükəmməl qanunvericiliyə sahib ölkələr Kanada, Danimarka, İslandiya, Hindistan, Malta, Niderland, Norveç, Cənubi Afrika, İspaniya, İsveç, Uqanda, Amerika Birləşmiş Ştatları və İngiltərədir. Maraqlıdır ki, dünyanın ən kasıb ölkələrində, o cümlədən Uqanda, Vyetnam, İordaniya, Fələstin, Misir və Yəməndə də sürətli dəyişikliklər baş verir. Hətta Uqanda və Ərəb ölkələrində sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, qızların da məktəblərə kütləvi inteqrasiyası prosesi gedir. Bu dinamika adı çəkilən ölkələrdə YUNESKO-nun proqramlarının səmərəli icrası ilə əlaqədardır. İnklüziv təhsili həyata keçirmək üçün tədris proqramlarına, işçilərin dəstəyinə, əməkdaşlığına, ölçmə və qiymətləndirmə alətlərinə, bir sözlə, cəmiyyətdə uyğun şəraitin yaradılmasına diqqət yetirilməlidir.
GİRİŞ
Müasir qloballaşma prosesi bir çox sahələrə bu və ya digər formada təsir edir. Buna görə də ölkələr davamlı və dayanıqlı inkişafı təmin etmək üçün birgə səy göstərməlidirlər. Dünya ölkələri qloballaşmanın insan resurslarına edə biləcəyi təsiri nəzərə alaraq təhsil sahəsinə xüsusi qayğı ilə yanaşmalıdırlar. Bunun əsas səbəbi geniş spektrli təhsilə yiyələnən gənclərin inkişaf etmiş zəkasının müxtəlif riskli məqamlarda problemləri dəf etməyə yardımçı ola bilməsi ilə əlaqədardır.
Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və davamlı inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır və demokratik xarakter daşıyır (https://qidakolleci.edu.az/2020). Hazırda cəmiyyətdə mövcud olan “həssas əhali” kateqoriyasının təhsil sahəsində xüsusi qayğıya ehtiyacı vardır. Məhz bu məqsədlə inklüziv təhsil əhəmiyyətli rol oynayır. İnklüziv təhsil sağlamlıq imkanları məhdud (SİM) uşaqların təhsil hüququnun həyata keçirilməsinə, eyni zamanda cəmiyyətə inteqrasiyasına şərait yaradan və dünyada geniş yayılan təhsil təcrübəsidir (İDİ, 2018).
Sağlamlıq imkanları məhdud (SİM) uşaqların təhsilə cəlb olunması ilə cəmiyyətə daxilolma prosesləri bir-biri ilə əlaqədardır. Təhsilin ən vacib insan hüquqlarından biri olduğuna və ədalətli cəmiyyət yaratmağa kömək etdiyinə inam “inklüziv təhsil” konsepsiyasının formalaşmasının əsasını təşkil etmişdir. Bu səbəbdən, bütün uşaqlar problemlərindən və ya şəxsi keyfiyyətlərindən asılı olmayaraq təhsil almaq üçün bərabər hüquqlara malikdirlər (Andrianova, 2016).
Bu cür təhsil yalnız internat məktəbləri üçün deyil, bütün digər təhsil müəssisələri üçün də keçərlidir. Xüsusi müəssisələrdə təhsil almağa müvəffəq olan uşaqlar ümumtəhsil məktəblərində oxumağa başlaya bilərlər.
Lakin müasir təhsil sistemi, ilk növbədə müəyyən tələblərə cavab verən və ona uyğun təhsil ala bilən şagirdlərə yönəldildiyinə görə sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil prosesində iştirak etmək imkanları məhdudlaşdırılır. Bu səbəbdən də sağlamlıq imkanları məhdud uşaqların təhsili problemi müasir Azərbaycan cəmiyyətində və dünyada ən aktual problemlərdən biridir.
İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİ
İnklüziv təhsil uşaqlara qarşı hər hansı bir ayrı-seçkiliyi istisna edən, bütün insanlara bərabər münasibəti təmin edən və xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün şərait yaradan bir ideologiyaya əsaslanır (Andrianova, 2016).
Xüsusi təhsil, ilk növbədə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdəki iştirak səviyyəsinin artırılması prosesi kimi başa düşülür. Hər kəsin akademik və ictimai həyatda bərabər şəkildə iştirak etməsini təmin edə biləcək bu cür spesifik həllərin hazırlanmasını və tətbiq edilməsini əhatə edir (Chigrina, 2010).
Lakin xüsusi təhsil sistemi uşaqların daha uğurlu sosial inteqrasiyasına mane olur. İnklüziv təhsil isə sağlamlıq imkanları məhdud (SİM) uşaqların sosial həyata inteqrasiyası ilə bağlı problemləri həll etməkdə yardımçı rolunu oynayır. Bununla yanaşı, inklüziv təhsilin müsbət töhfəsi nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar məktəb vasitəsilə cəmiyyətə inteqrasiya olunmağa başlayırlar. Bu da onların sonrakı həyatında özlərini tapmaq şanslarını artırır. Həmçinin inklüziv təhsillə bağlı dünya ölkələrində və Azərbaycan Respublikasında müxtəlif təcrübələr mövcuddur. Həmin təcrübələrə nəzər yetirək:
Keçən əsrin 60-cı illərində Avropa və Amerikanın bəzi ölkələrində əlillərin hüquqlarının pozulması məsələsi ictimai həyatın bir çox sahələrində, o cümlədən təhsil sistemində fəal şəkildə müzakirə olunmağa başlayıb və problemin həlli kimi iki əsas yol müəyyənləşdirilib: ABŞ təcrübəsi və Avropa təcrübəsi.
ABŞ təcrübəsi. İnteqrasiya yolu kimi qəbul edilən ABŞ təcrübəsi sağlamlıq imkanları məhdud olan uşaqların yaşıdlarının da daxil olduğu cəmiyyətə inteqrasiya olunmasını vacib sayırdı. Mütəxəssislər sağlamlıq imkanları məhdud uşaqlarla nə qədər sistemli və planlı surətdə işlər aparsalar da, xüsusilə görmə və eşitmə məhdudiyyətli uşaqlar arasında yenə də təhsilini normal bir sinifdə davam etdirməyə hazır olmayanlar var idi. Belə hallar bu problemin inteqrasiya üsulu ilə həll olunmasına böyük maneə yaratdı. Ona görə də XX əsrin 80-ci illərində ABŞ, Avropa təcrübəsinə üstünlük verdi.
Avropa təcrübəsi. Avropa təcrübəsində isə inklüziv yanaşma əsas hesab olunur. Problemin inklüziv üsulla həllində əsas məqsəd uşağın deyil, cəmiyyətin bu prosesə hazırlanmasıdır. Cəmiyyətin bu prosesə hazır olması üçün təhsil müəssisələrində panduslar tikilməli, qapılar genişləndirilməli, xüsusi kitablar alınmalı, fərdi təlim proqramları hazırlanmalı, işə köməkçilər cəlb edilməli, müəllim heyəti artırılmalıdır.
Qeyd olunan nüansların nəticəsi olaraq, “əlilliyin sosial modeli” adlı yanaşma formalaşmağa başlayıb. Bu yanaşmanın inkişafı 1960-cı illərin ortalarından Qərbi Avropada, sonra isə ABŞ və Kanadada başlayan deinstitusionalizasiya prosesləri ilə sıx əlaqədardır. Deinstitusionalizasiya sağlamlıq imkanları məhdud (SİM) uşaqların saxlandığı internat məktəblərinin və psixiatriya xəstəxanalarının bağlanması və onların yeni yaşayış yerində dəstəklənməsinin təşkili demək idi. Qapalı müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdən təcrid olunması, tez-tez sui-istifadə halları və bu müəssisələrdə normal saxlama şəraitinə məhəl qoyulmaması Konstitusiya ilə təmin edilmiş insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməyə başlandı. Müvafiq olaraq, sağlamlıq imkanları məhdud uşaqların qapalı məktəblərdə saxlanılması da uşaqların və onların valideynlərinin hüquqlarının pozulması, ayrı-seçkilik və təcrid olunmuş bir hadisə kimi qiymətləndirilir (Chigrina, 2010).
Müasir tədqiqatçılar qeyd edirlər ki, Kanada, Danimarka, İslandiya, Hindistan, Malta, Niderland, Norveç, Cənubi Afrika, İspaniya, İsveç, Uqanda, Amerika Birləşmiş Ştatları və İngiltərə inklüziv təhsil praktikasının təmin edilməsi sahəsində ən mükəmməl qanunvericiliyə sahib olan ölkələrdir. Dünyanın ən kasıb ölkələrində, o cümlədən Uqanda, Vyetnam, Laos, İordaniya, Fələstin, Misir və Yəməndə də bu sahədə sürətli dəyişikliklər baş verir. Hətta Uqanda və bir sıra ərəb ölkələrində xüsusi ehtiyacı olan uşaqlarla yanaşı, qızların da kütləvi məktəblərə inteqrasiyası prosesi gedir. Bu dinamika adı çəkilən ölkələrdə YUNESKO-nun proqramlarının səmərəli icrası ilə əlaqədardır (Chigrina, 2010).
Yaponiya inklüziv təhsilin təşkilində aparıcı ölkələrdən biri hesab olunur. Bu ölkə qısa müddətdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyə son qoydu, onlar üçün lazımi şəraitin yaradılmasına və cəmiyyətə adaptasiya olunmasına nail oldu. 1970-ci illərdən etibarən sağlamlıq imkanları məhdud şəxslər üçün təhsil imkanlarını genişləndirməyə şərait yaradan hüquqi və tənzimləyici baza hazırlamağa başladı. Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı milli standartları və dövlət siyasətini gücləndirən əsas qanunlar isə 1990-cı ildə qəbul edildi. Yaponiyada xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyası uşaq bağçasından başlayır və məktəb daxilində davam edən tədrisin ən yüksək səviyyəsini əhatə edir. Uşaqlara hələ kiçik yaşlarından sağlamlıq imkanları məhdud uşaqlara qarşı humanist münasibət göstərmək öyrədilir, köməyə ehtiyacı olanlara qayğı göstərmək vərdişləri aşılanır. Yapon məktəblərində inklüziv təhsilin daha bir xüsusiyyəti ondan ibarətdir ki, burada konsultasiya otaqları mövcuddur. Həmin adi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar mütəxəssis məsləhəti ala bilərlər. Həmçinin ehtiyac olduğu təqdirdə, bəzi uşaqlara fərdi kömək göstərmək üçün repetitorlar da var (Magauova, Makhambetova, 2019).
Yaponiyada inklüziv təhsilin məqsədi ölkə Konstitusiyasına və “Təhsil haqqında” əsas qanuna uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların qabiliyyətlərinin və şəxsiyyətlərinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdən ibarətdir. Yalnız bu halda, sağlamlıq imkanları məhdud olan şəxs iş yerinə və həqiqi şəxsi xoşbəxtliyə arxalanmağa davam edə bilər. Sağlamlıq imkanları məhdud olan şəxslər məzun olduqdan sonra real iş imkanına sahib olurlar. Bu kateqoriyaya daxil olan vətəndaşları işlə təmin edən şirkətlər üçün xüsusi güzəştlər var (Magauova, Makhambetova, 2019).
İspaniya. 1970-ci ildə general Frankonun ölümündən sonra bu ölkədə bir sıra sahələrdə yenidənqurma dövrü başladı. 1980-ci ildə müşahidə olunan ilkin dəyişikliklər sosial və siyasi sahələrlə yanaşı, təhsil sahəsini də əhatə edirdi. Bu sahədə qəbul edilmiş iki qanun mühüm rol oynayırdı: 1982-ci il, “Əlillərin Sosial İnteqrasiyası” Qanunu; 1985-ci il, “Xüsusi Təhsilin Tənzimlənməsi” Qanunu. Hər iki qanun həmin dövrdə “xüsusi təhsil” alan şəxslərin təhsillə bağlı problemlərinin həll edilməsində əlamətdar hadisə hesab olunurdu. Bununla yanaşı, təhsil sahəsində həyata keçirilən bu kimi lazımi addımlar məktəbə inteqrasiya prosesinə təkan verdi.
İspaniyada 1990-cı ildə Ümumi Təhsil Sisteminin Planlaşdırılması Qanunu (LOGSE) qəbul olundu və bununla da, xüsusi və ümumi təhsil forması vahid təhsil (ümumi kurikulum) sisteminə birləşdirildi. Qeyd etmək lazımdır ki, əslində, qanun həqiqətən də icbari orta təhsildə (12-16 yaş) inklüziv təhsilin yaradılması və müdafiəsi üçün, həmçinin ən azı tədris ili ərzində tələbələrin icbari təhsil sisteminə inteqrasiya olunması üçün effektiv həllər təklif edirdi.
Təbii ki, həmin dövr üçün nəticənin müsbət olmasına baxmayaraq, qanunun həyata keçirilməsi ilə bağlı bir sıra maneələr var idi. İlkin maneələrə təlim, mentorluq, müxtəlif resurslar, maliyyə vəsaiti, müəllimlər və məktəblər üçün qarşılıqlı əlaqə imkanlarının olmaması daxildir.
İnklüziv təhsilin inkişafında mühüm bir mərhələ 1994-cü ildə İspaniyada Xüsusi Ehtiyacı olan Şəxslər üçün Ümumdünya Təhsil Konfransının keçirilməsi idi. Bu konfrans vasitəsilə “Xüsusi ehtiyacı olan insanlar üçün təhsil sahəsində prinsiplər, siyasət və təcrübələr haqqında” bəyannamə qəbul edilmişdi. Həmin sənədin əsas məqsədi ölkələri “hamı üçün məktəb” yaratmağa çağırmaq idi. Bu cür təhsil təşkilatlarındakı müəllimlər insanlar arasındakı fərqin təbii olduğunu, bilik əldə etmə müddətinin uşağın xüsusiyyətlərinə uyğunlaşdırılmasını rəhbər tuturlar (Parilla, 2007).
1995-ci ildə Mursiyada və 4 il sonra Madriddə keçirilən Beynəlxalq AEDES (Xüsusi Təhsil Üzrə İspan Assosiasiyası) konfranslarından sonra İspaniyada yaxşı tanınan inklüziv təhsil modeli müəyyən dərəcədə mənfi reaksiyalarla qarşılaşdı. Lakin müxtəlif sosial və təhsil sahələrini təmsil edən çoxlu sayda peşəkarların iştirakı ilə keçirilmiş hər bir konfrans inklüziv təhsil konsepsiyasının yayılmasında mühüm mərhələ idi (Parilla, 2007).
Beləliklə, nəzərdən keçirilmiş bütün məlumatlar bizə deməyə əsas verir ki, İspaniyada həyata keçirilən inklüziv təhsilin bir sıra güclü tərəfləri mövcuddur:
- bütün vətəndaşlar üçün vahid təhsil sistemi mövcuddur;
- ibtidai və orta məktəblərdə dəstək və məsləhət verən mərkəzlər fəaliyyət göstərir;
- şagirdlərə xüsusi metodlarla kömək etmək üçün məktəblər tərəfindən inkişaf planları hazırlanır;
- müəllimlərin təlimlərə cəlb olunması daim diqqət mərkəzində saxlanılır;
- əlilliyi olan və ya olmayan uşaqların təhsil aldığı müəssisələrin sayı artırılır;
- valideynlər uşaqların təhsil həyatında yaxından iştirak edirlər;
- sağlamlıq imkanları məhdud şəxslərə qarşı sosial münasibətlər müsbət istiqamətdə dəyişib;
- təhsil təcrübələri daim inkişaf etdirilir1.
Böyük Britaniya. Böyük Britaniya inklüziv təhsil praktikasının yayılması üçün, əsasən, qanunvericilik bazasını təmin etməyə üstünlük verib. Ölkənin təhsil sistemi ilə əlaqəli “xüsusi təhsil ehtiyacları” konsepsiyası ilk dəfə 1978-ci ildə xüsusi bir komitənin hesabatında təqdim edilib. Bu ifadə, “əlillik” anlayışı ilə eynilik təşkil etmir. “Xüsusi təhsil ehtiyacları” ifadəsi daha geniş anlayış olmaqla, yəni “əlil” kateqoriyasına daxil olmayan, lakin bəzi çətinliyi olan uşaqları da əhatə etməyə imkan verir. Digər tərəfdən, bu proqram hər bir şagirdin zəruri ehtiyaclarını müəyyən edərək, təhsil aldığı müddətdə onlara fərdi yanaşmağa imkan verir.
Hesabatda şagirdlərin xüsusi təhsil ehtiyaclarının müəyyən edilməsi üçün aydın prosedur təqdim edilib, bu xüsusi ehtiyacların ödənilməsi üçün məsuliyyət yerli təhsil orqanlarına həvalə olunub. Eyni zamanda müəyyən edilib ki, ümumtəhsil məktəbi əlavə yardımla xüsusi təhsil ehtiyaclarını ödəyə bilər. Bu fikirlər 1981-ci ildə xüsusi təhsilə ehtiyacı olan və sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Britaniya qanununun işlənib hazırlanması və qəbulu üçün əsas olub (Florian, Pullin, 2000).
Bu problemin həlli məqsədilə bir qrup mütəxəssis – müəllimlər, psixoloqlar, sosial işçilər xüsusi təhsil ehtiyaclarını müəyyənləşdirməyə çalışıblar. Belə bir sxem (xüsusi təhsil ehtiyacları konsepsiyası) uşağa qeyrirəsmi yanaşmağa imkan verir və reabilitasiya tədbirləri sistemini uşağın həyatının, ətraf mühitinin xarici şərtləri ilə daha çox əlaqələndirir. Buna görə də təhsil sahəsində tətbiq olunan “xüsusi təhsil ehtiyacları” konsepsiyasının təhsil sistemini əlilliyi dərk etməyin tibbi modelindən (yalnız xəstəlik növünə görə reabilitasiya tədbirləri təyin edilməsi) sosial modelə keçirdiyini söyləmək olar.
Xüsusi təhsil ehtiyaclarının formal müəyyənləşdirilməsi və qiymətləndirilməsi mexanizminin və prosedurunun sonrakı inkişafı Xüsusi Təhsil Ehtiyaclarının Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi üzrə Təcrübə Məcəlləsi və ya “Təcrübə Məcəlləsi” (1994) adlı xüsusi sənəddə davam etdirilib. Məcəllə qanuni tələb deyil, lakin məktəblər, yerli təhsil orqanları, təhsil xidmətləri və xüsusi təhsil ehtiyacları haqqında qanunvericiliyin icrasına cavabdeh olan qurumlar onu ciddi şəkildə yerinə yetirməlidirlər (Florian, Pullin, 2000).
Əhəmiyyətli qanunvericilik səlahiyyətinə malik olan “Təcrübə Məcəlləsi” kimi bir sənədin olması müxtəlif qrupların, valideynlərin və təhsil qurumlarının maliyyə strukturlarının mənafelərinin tez-tez toqquşduğu bir işin təşkili üçün lazımdır. Belə bir sənədin yaradılmasının vacibliyini dərk etmək effektiv inklüziv təhsil modelinin təşkili baxımından vacibdir.
Xüsusi təhsil ehtiyaclarına dair qanunvericiliyi tətbiq etmək üçün Britaniyada xüsusi müstəqil məhkəmələr (Xüsusi Təhsil Ehtiyacları Məhkəməsi) yaradılıb. Valideynlər və yerli təhsil şöbələri arasında xüsusi təhsil ehtiyaclarının müəyyənləşdirilməsi və saxlanılması qaydaları və ya uşağın təhsil müəssisəsi seçimi ilə əlaqədar bir sıra ziddiyyətli məsələlər nəzərdən keçirilib. Bu təcrübə orijinal və maraqlıdır, lakin bu variantın Azərbaycan təhsil təcrübəsinin bir hissəsi olacağı ehtimalı aşağı olsa da üzərində işləməklə həyata keçirmək olar. Bu mexanizmin lazımi səviyyədə işləməsi üçün təhsil prosesini təşkil edən bütün iştirakçıların yüksək səviyyədə qanuni fəaliyyəti və məsuliyyəti tələb olunur.
Böyük Britaniyada 2001-ci ildə “Xüsusi təhsil ehtiyacları və əlillər haqqında” Qanunun (SENDA 2001) qəbul edilməsi inklüziv təhsilin tətbiqinin məntiqi davamı idi. Bu qanunla ümumtəhsil məktəblərində xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün təhsil hüququnun təmin edilməsi gücləndirildi, yerli təhsil orqanları qarşısında valideynlərlə əlaqə saxlamaq və onları vaxtında məlumatlandırmaq üçün yeni vəzifə və öhdəliklər qoyuldu. Qanuni tənzimləmə ilə işlərə xüsusi məhkəmələrdə baxılma müddəti nizama salındı. Həmçinin xüsusi təhsil ehtiyaclarının təmin edilməsinə dair qərarların qəbul edilməsində valideynlərin və uşaqların iştirakına dair qaydalar müəyyənləşdirildi (Chigrina, 2010).
Valideynlərin düzgün seçim etmələri, xüsusi və inklüziv təhsil xidmətlərinin fəaliyyəti barədə bütün məlumatları əldə etmələri üçün 2001-ci il qanunvericiliyinə görə Böyük Britaniyada valideynlər üçün xüsusi xidmətlər yaradılıb. Eyni zamanda inklüziv təhsil təcrübələrinin həyata keçirilməsində ingilis məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi xüsusi müstəqil quruma – Təhsil Standartlarının Tətbiq Edilməsi Keyfiyyətinin Qiymətləndirilməsi Xidmətinə həvalə edilib (Chigrina, 2010).
Litva. Ölkənin inklüziv təhsillə bağlı milli siyasəti mürəkkəbdir və bu, ümumi ölkə strategiyasında, eləcə də maliyyə və inzibati əsaslarda öz əksini tapır. Litva tərəfindən 2014-2020-ci illər üçün hazırlanmış Təhsil Fəaliyyəti Planı xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün inklüziv təhsilin mövcudluğuna və çoxşaxəli peşəkar dəstəyin keyfiyyətinə diqqət yetirməkdədir. Litvada inklüziv təhsillə bağlı mövcud olan proqramlardan biri də, “Pul uşağı izləyir” və ya “Şagirdin bel çantası” layihəsidir. Layihənin əsas mahiyyəti sağlamlıq imkanları məhdud olan uşaqların maddi təminatında olan çatışmazlıqları aradan qaldırmaqdan ibarətdir. Bunun üçün sağlamlıq imkanları məhdud uşaqların ailələri verilən müavinətlə yanaşı, əlavə maliyyə vəsaitinə ehtiyac olduğu təqdirdə aidiyyatı üzrə qurumlara müraciət etməlidir. Bununla da onlar əlavə 35% maliyyə vəsaiti ilə təmin oluna bilərlər. Digər bir proqram olan “Sarı avtobus” layihəsi isə uzaq kənd yerlərində yaşayan, lakin maddi vəziyyəti stabil olmayan ailələrin övladlarının məktəbə gəlməsi üçün onların nəqliyyat vasitəsilə təmin olunmasından ibarətdir2.
İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ YERLİ TƏCRÜBƏ
Azərbaycanda inklüziv təhsillə bağlı maarifləndirmə tədbirləri 2011-ci ildən başlansa da, ilk dövlət proqramı 2015-ci il yanvarın 19-da qəbul edilib, 2016-cı ildən isə inklüziv siniflər təşkil olunub. Lakin buna baxmayaraq, praktiki istiqamətdə atılan addımlar son illərdə formalaşmağa başlayıb. Yaxın illərə qədər ölkəmizdə həm sağlam uşaq sahibi olan valideynlərin, həm də müəllimlərin əhəmiyyətli bir hissəsi ya sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında düşünmür, ya da onların islah və internat məktəblərində təhsil almasını təbii və optimal hesab edirdilər.
2016-cı ilin statistik məlumatlarına görə, ölkəmizdə təxminən 65 minə yaxın sağlamlıq imkanları məhdud (SİM) uşaq var. Mövcud rəqəmlərə əsasən, onlardan sadəcə 12 min nəfərə yaxın uşaq, o cümlədən 1105 nəfər xüsusi məktəblərdə, 2664 nəfər xüsusi internat məktəblərində, 7750 nəfər ev şəraitində, 268 nəfər isə inklüziv olaraq təhsilə cəlb olunub (ARTİ, 2021).
Həmçinin 2016-cı ildə Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən edilib (muallim.edu.az/2018). Təəssüf ki, digər şəhər və rayonlarda bu cür inklüziv siniflər yoxdur. Ölkəmizdə xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün alternativ formaların inkişafı məqsədilə milli institusional çərçivədə yeni sənədin hazırlanması da çox vacibdir.
2017-ci ilin əvvəlində müavinət alan sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı Statistika Komitəsinin məlumatına görə, 71934, Təhsil Nazirliyinin məlumatına görə, 65482 nəfərdir. 2005-2009-cu illərdə 268 nəfər inklüziv təhsilə cəlb edildiyi halda, 2015-2017-ci illər ərzində yalnız 40 nəfər şagird pilot məktəblərdə eksperimental siniflərdə inklüziv təhsilə cəlb edilib (IDI, 2018). Buradan aydın görünür ki, təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sayı 80%-dən çoxdur. Buna görə də müəyyən tədbirlərin görülməsi zəruri hesab olunur.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib (TİPİİ, 2018). Həmin proqramın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların və gənclərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək, onların təhsili üçün lazımi şərait yaratmaqdan ibarətdir. Qəbul edilmiş dövlət proqramının icrası üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi labüd hesab olunur:
- təhsilin bütün pillələrində inklüzivliyi təmin etmək üçün hüquqi aktlar təkmilləşdirilməli;
- dərs vəsaitləri və təhsil qurumları lazımi tələbatlara uyğunlaşdırılmalı;
- müvafiq sahə üzrə fəaliyyət göstərəcək kadrlar hazırlanmalı;
- inklüziv təhsilə cəlb olunmuş tələbələrin vahid bazası yaradılmalı;
- sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və təhsilə inteqrasiyasını sürətləndirmək üçün maarifləndirmə işləri aparılmalıdır3.
İnklüziv təhsillə bağlı qəbul edilən qanunlar və dövlət proqramları ilə yanaşı, bir sıra layihələr də həyata keçirilib. Həmin innovativ layihələrdən biri “Səsli dərslik”dir. Bu dərsliklərin əsas mahiyyəti sağlamlıq imkanları məhdud uşaqlar üçün dərs vəsaitinin əlçatanlığını təmin etməkdir. Layihə 2018-ci ildə Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsində seçilib. İnnovativ “Səsli dərslik” layihəsinin uğuru VI sinif Ədəbiyyat dərsliyində mövcud olan ədəbi mətnlərin studiyalarda səsləndirildikdən sonra www.sesliderslik.az saytında yerləşdirilərək əlçatanlığını təmin etməkdən ibarətdir. İnnovativ layihənin bu günə qədər fəaliyyəti uğurla davam etdirilir4.
İnklüziv təhsil prosesində səsli dərsliklərlə yanaşı, bu sahədə əhatəli biliklərə yiyələnmiş pedaqoji kadrların mövcudluğu məsələsi də
vacib hesab olunur. Azərbaycan Respublikasında “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi 2020-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə, əsasən, Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında fəaliyyət göstərən pedaqoji kadrların dərs vəsaitlərini və tədris imkanlarının təkmilləşdirilməsini əhatə edib. Layihə çərçivəsində 4 istiqamət üzrə təkmilləşdirmə işləri icra olunub: tədris proqramlarının və materiallarının təkmilləşdirilməsi, pedaqoji və yardımçı heyətin bacarıqlarının artırılması, onlar üçün resursların təmin olunması, inklüziv təhsillə bağlı siyasətin təkmilləşdirilməsi və cəmiyyətin maarifləndirilməsi tədbirlərinin təşkil edilməsi.
Layihənin keçiriləcəyi ərazilər üzrə ehtiyacların müəyyənləşdirilməsinə dair tədqiqat işləri aparılıb.
Bu gün Azərbaycanda xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün təhsil sistemi təxirəsalınmaz dəyişikliklər astanasındadır. Bunun üçün maddi-texniki və kadr potensialı da var. Belə ki, universitetlərdə inklüziv biliklərlə təmin olunmuş kadrlar yetişdirilir, ictimai təşkilatlarda davamlı təlimlər və maarifləndirici tədbirlər təşkil olunur. Həmçinin dövlət proqramlarında inklüzivliyin əhatə dairəsini genişləndirəcək qanunlar qəbul edilir və bütün bunların əsas məqsədi cəmiyyətin inkişafına xüsusi töhfə verməkdən ibarətdir. Hazırda ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili, stasionar müalicə müəssisələrində təhsilin təşkili, ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsilin təşkili formaları mövcuddur.
NƏTİCƏ
İnklüziv təhsillə bağlı beynəlxalq və yerli təcrübənin əhatəli olaraq tədqiq olunması və analizi bu sahədə müəyyən çatışmazlıq olduğunu göstərir. Beynəlxalq təcrübənin əsas üstün cəhəti ondan ibarətdir ki, qanunların qəbulu və cəmiyyətin adaptasiyası paralel olaraq inkişaf etdirilir. Doğrudan da, cəmiyyətdə inklüzivlik anlayışı ilə bağlı sual doğuran məqamları azaltmaq üçün qanunların qəbulunda uşaqlar və valideynlərin birbaşa iştirak etməsi, onların maariflənməsində mühüm rol oynayır.
Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması ilə bağlı qanunların qəbul olunmasına baxmayaraq, praktik fəaliyyətdə onların icrasının ləngiməsi belə uşaqların təhsildən və cəmiyyətdən təcrid olunmasına səbəb olur. Buna görə də elmi tədqiqatla məşğul olan alimlər inklüziv təhsil sahəsini daim diqqət mərkəzində saxlamalıdırlar.
İnklüziv təhsil sahəsində uğurlu inkişafa nail olmaq üçün aşağıdakı tədbirlərin icra olunması labüd hesab olunur:
- inklüziv təhsili həyata keçirmək üçün tədris proqramlarına, işçilərin dəstəyi və əməkdaşlığına, ölçmə və qiymətləndirmə alətlərinə, ümumiyyətlə isə cəmiyyətdə uyğun şəraitin yaradılmasına diqqət yetirilməsi;
- sağlamlıq imkanları məhdud uşaqlara hərtərəfli təhsil vermək üçün xüsusi əhəmiyyətə malik olan güclü milli siyasət və qanunvericilik aktlarının qəbul olunması;
- inklüziv təhsillə bağlı güclü milli planlara sahib olmaq, bu boşluğu doldurmaqla yanaşı, nəzərdə tutulan təhsil sisteminə nail olmağı dəstəkləyən proqramların hazırlanması;
- təhsil təşkilatlarında inklüziv təhsil mühiti yarada və tətbiq edə bilən, eyni zamanda bu mühitdə fərqli şagird qrupları ilə bacarıqlı və məhsuldar işləyən müəllimlər hazırlamaq;
- təhsil təşkilatlarının rəhbərləri arasında müxtəlif sosial qrupların vahid bir topluma daxil olma prosesini təmin edən heterojen (bir-birindən asılı olmayan funksiyaları olan dəyərləri əhatə edən bir bütövlüyü təsvir etmək üçün istifadə olunur) bir təşkilatın korporativ mədəniyyətini yaratmaq və inkişaf etdirmək bacarıqlarını təmin edən səriştələrin inkişafı;
- müxtəlif şagird qrupları ilə işləmək üçün lazımi şərait yaradılması, inklüziv təhsilin elmi əsaslandırılmış metodlarından və vasitələrindən doğru formada istifadə olunması;
- hər il müxtəlif dövlət və özəl təhsil müəssisələri, təşkilatlar və komitələr tərəfindən inklüziv təhsillə bağlı müsabiqələrin, konfransların keçirilməsi, gənc nəslin nümayəndələrinin maarifləndirilməsinin daim diqqətdə saxlanması.
Nəticə etibarilə təhsil planlarının düzgün həyata keçirilməsi də maliyyələşdirmə səviyyələri, təhsil rəhbərliyinin öhdəliyi və motivasiyası, təlim keçmiş kadrların mövcudluğu, tədris materiallarının uyğunlaşdırılması üçün rəhbərlik, köməkçi cihazların istifadəsi, xidmət təmin edənlərin monitorinqi kimi bir çox amillərdən asılıdır.
İstifadə edilmiş ədəbiyyat
1 Andrianova, E.İ. (2016). İnclusive education: characteristics, essence, problems (Bulletin Of Novgorod State University). № 93, p. 14-16 // https://cyberleninka.ru
2 Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ). Məktəbəqədər hazırlıq qruplarında inklüziv təhsilin təşkili. Bakı, 2021, s.73.
3 Chigrina, A.Y.A. (2010). Mezhdunarodnyy opyt i rossiyskaya praktika obrazovaniya detey s invalidnost’yu (Vestnik Nizhegorodskogo universiteta. Seriya Sotsial’nyye nauki). № 4 (20), s. 125-135 // https://cyberleninka.ru.
4 Demokratik Təşəbbüslər İnstitutu (İDİ). Azərbaycanda İnklüziv Təhsilin Vəziyyətinə dair Araşdırma Sənədi (pdf). Bakı, 2018, s.18.
5 Florian, L., Pullin, D. (2000). Defining difference // In McLaughlin M., Rouse M. (eds.) Special Education and School Reform in the United States and Britain. p.195.
6 http://www.kultura.uz/ International experience: Lithuania is a country where every child is taught, 2014.
7 https://hafta.az/inklüziv təhsil: mövcud vəziyyət, gələcək perspektivlər (10.06.2021).
8 https://qidakolleci.edu.az/ Təhsil haqqında Azərbaycan Respublikasının qanunu, 2020.
9 https://president.az/2018-2024-cü illərdə Azərbaycan Respublikasında Sağlamlıq İmkanları Məhdud Şəxslər Üçün inklüziv təhsilin
təşkili üzrə dövlət proqramı (14.10.2017).
10 https://riib.az/Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsinin təqdimatı keçirilib (31.01.2019).
11 https://www.muallim.edu.az/ Birlikdə təhsil almaq əlçatandır. 2018.
12 Magauova, A.S., Makhambetova, Z.T. (2019). Inclusive Education Abroad: Problems, Experience And Perspectives, Journal of
Educational Sciences. №1 (58). s 91-100.
13 Parrilla, A. (2007). Inclusive Education in Spain: a view from inside. In L.Barton y F.Armstrong (Eds). Policy, Experience and Change: Cross Cultural Reflections on Inclusive Education. Dordrecht. Springer Books, p. 19-36.
14 Prof. Vicente Carrasco-Embuena., Historical perspective of inclusive education in Spain, University of Alicante (INOVEST PROJECT VİSİT), 2013 // https://www.inovest-project.eu.
15 Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ). İnklüziv siniflərdə təlimin təşkili. Bakı, 2018, s.68. pringer Books, pp. 19-36.