ÜMUMİ TƏHSİLİN İNKİŞAFINA HEYDƏR ƏLİYEVİN DİQQƏT VƏ QAYĞISI (1982-1987-ci illər)
Məqalədə Ulu Öndər Heydər Əliyevin 1982-1987-ci illərə aid fəaliyyəti dövründə təhsil islahatlarının hazırlanması istiqamətində gördüyü
işlərdən, həyata keçirdiyi tədbirlərdən bəhs edilir. Araşdırmalar göstərir ki, həmin illərdə Heydər Əliyev ümumi təhsilin struktur və məzmunu ilə bağlı islahatın hazırlanmasında böyük rol oynayıb. Heydər Əliyev hər zaman təhsilin himayədarı kimi çıxış edib, onun cəmiyyətin inkişafına əsaslı şəkildə təsir göstərdiyini əsaslandırıb. O, haqlı olaraq qeyd edirdi ki, təhsil millətin gələcəyidir.
Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyində çalışdığı dövr 1982-1987-ci illəri əhatə edir. 1982-ci ilin sonunda Ulu Öndər Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyinə irəli çəkilməsi, güclü dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi ümumi təhsilin inkişafında keyfiyyət dəyişmələrinə gətirib çıxardı.
Bu o illər idi ki, Heydər Əliyev, digər sahələrlə yanaşı, Sovet İttifaqının bütövlükdə təhsil sisteminə rəhbərlik edirdi. Ulu Öndər Moskvada işlədiyi dövrü təhlil edərək qeyd edirdi: “Mənim bir çox vəzifələrim var idi, bir çox nazirliklərə bilavasitə rəhbərlik edirdim. Onların içərisində Sovetlər Birliyinin Ali və Orta İxtisas Təhsili Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Mən Sovet İttifaqında bu üç təhsilə aid olan nazirliklərə 5 il rəhbərlik etmişəm, onların işində bilavasitə iştirak etmişəm, mən onların məsələlərini həll etmişəm, nazirlərin məruzələrini dinləmişəm, kollegiyalarında, böyük iclaslarında iştirak etmişəm, fikirlərimi söyləmişəm, bir çox qərarlar qəbul etmişəm” (Mərdanov, 2002).
O illərdə SSRİ-də keçirilən ümumi təhsil üzrə İslahat Komissiyasına da Heydər Əliyev rəhbərlik edib. Tarixi həqiqətdir ki, SSRİ kimi güclü bir dövlətin rəhbərliyində Heydər Əliyevin yüksək vəzifə tutması, digər sahələrlə yanaşı, ölkə təhsilinə 5 il rəhbərlik etməsi, təhsilin təşkili və inkişafı məsələlərinin bilavasitə onun səlahiyyət və nəzarətində olması keçmiş ittifaq miqyasında olduğu kimi, Azərbaycanda da geniş islahatlar aparılmasına zəmin yaratdı. 1984-cü ildə SSRİ-də ümumi təhsil üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır (Əliyev, 2006).
1984-1987-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri” adlı islahat proqramında nəzərdə tutulan bir çox məsələlər həyata keçirilib. Qeyd etmək lazımdır ki, ümumi orta təhsilə 6 yaşdan başlanması və onun müddətinin 11 illik olması haqqında təklif məhz Heydər Əliyev tərəfindən irəli sürülüb və həmin ideya müstəqil Azərbaycanın təhsil quruculuğunda reallığa çevrilib (Mərdanov, 2011).
1980-ci illərdə məktəblərdə ayrı-ayrı fənn kabinetlərinin formalaşması təhsilin keyfiyyətinə öz təsirini göstərməyə bilməzdi. Təhsilin keyfiyyətinin yüksəlişini nəzərə alaraq məktəblərdə fizika, kimya, biologiya, tarix, hərbi hazırlıq, ədəbiyyat, rus dili, coğrafiya və başqa fənn kabinetləri şagirdlərin ixtiyarına verilib. Ulu Öndər Heydər Əliyev ümumi təhsilin əsaslı inkişafında da böyük xidmətlər göstərib. 1984-cü ildə SSRİ-də ümumi təhsil üzrə islahatın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, hər il sentyabrın 1-nin ümumxalq bayramı, “Bilik günü” kimi qeyd edilməsi təşəbbüsü də məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bundan başqa, SSRİ-də fəaliyyət göstərən internat tipli müəssisələrin işinin yaxşılaşdırılmasının təmin edilməsi ilə bağlı hökumətin üç qərarının (1984, 1985 və 1987-ci illərdə) hazırlanması da bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib. “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqaməti haqqında” Sovet İKP MK-nın plenumunun qərarı, o cümlədən 1984-cü il aprelin ortalarında SSRİ Ali Sovetinin qəbul etdiyi qərar və ümumi təhsilə dair islahat proqramı Heydər Əliyevin fikir və təklifləri əsasında qəbul edilib.
1982-ci ildə respublikada 4395 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Həmin ilin sonunda Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyinə irəli çəkilməsi, dövlətin həm də təhsil siyasətinə və təhsil islahatlarına rəhbərlik etməsi Azərbaycanda ümumtəhsil məktəblərinin inkişafına və məktəb islahatı aparılmasına zəmin yaratdı. 1984-cü ildə SSRİ-də aparılan ümumtəhsil və peşə məktəbləri üzrə islahatın əsas istiqamətləri və strategiyasının müəyyənləşdirilməsi, həmin islahatın icra mexanizminin işlənib hazırlanması məhz İslahat Komissiyasının sədri Heydər Əliyevin adı ilə bağlıdır. Komissiyanın hazırladığı “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətlərində nəzərdə tutulan bir çox məsələlər (6 yaşdan təhsil, 11 illik icbari orta təhsil, “Bilik günü”nün təsis edilməsi, ümumi orta təhsildə tədrisin təmayüllülər və dərinləşmiş siniflər əsasında qurulması və s.) həyata keçirilsə də, sonrakı siyasi proseslər qarşıya qoyulan məktəb islahatının reallaşmasına imkan vermədi (Əhmədov, 2010).
Məktəbəqədər tərbiyə müəssisələrinin sayı isə 1969-cu ildən 1982-ci ilə qədər olan dövrdə 1600-dən 1875-ə çatdırılıb, orada tərbiyə alanların sayı müvafiq olaraq 110 mindən 147 min nəfərə yüksəlib.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ümumtəhsil və peşə məktəbi üzrə islahat komissiyasının sədri kimi XI çağırış SSRİ Ali Sovetinin sessiyasında ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri haqqında məruzəsində ümumtəhsil və peşə məktəblərinin sosial rolunun gücləndirilməsi yollarından danışarkən demişdir ki, bu gün müzakirə olunan sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məktəbdə təlim və tərbiyə işini real istehsalla daha dolğun şəkildə əlaqələndirməyə imkan verəcək əməyi məktəb həyatının təsadüfi, ikinci dərəcəli komponentindən müntəzəm komponentinə, onun əsas komponentlərindən birinə çevirəcəkdir. İslahat müasir məktəbi məhz əmək tərbiyəsinin gücləndirilməsinə yönəldir. Bütün gənclərin, o cümlədən orta ümumtəhsil məktəbləri məzunlarının əmək fəaliyyətinə başlamazdan əvvəl müəyyən bir peşəyə yiyələnməsinə nail olmaq vəzifəsi qarşıya qoyulur. Bu bizim sosial nailiyyətimiz olacaq, nəinki xalq təsərrüfatı üçün kadr hazırlığı işini yaxşılaşdırmağa imkan verəcək, həm də gənclərə dərk olunmuş əmək tələbatı yaradılmasına, onların öz həyat perspektivlərini düzgün seçmələrinə kömək edəcək, ümumtəhsil məktəbinin sosial funksiyalarının və rolunun nəzərə çarpacaq dərəcədə zənginləşməsinə gətirib çıxaracaqdır” (Mərdanov, 2011).
Bu gün Azərbaycanda uğurla reallaşmaqda olan bir çox mütərəqqi islahatların əsası hələ o zaman Heydər Əliyev tərəfindən qoyulub. O dövrdə Azərbaycanda ümumtəhsil məktəb islahatının mərhələlərlə həyata keçirilməsinin təmin edilməsi qərara alındı. Növbəti ildə qəbul edilən qərarların icrasına başlandı. O dövrdə ümumi orta təhsilin həyata keçirilməsi və digər məsələlərə diqqət artırıldı. Həllini gözləyən məsələlər dedikdə, ehtiyacı olan uşaqların internatlara cəlb edilməsi, günü uzadılmış qrup və məktəblərin təşkili, ehtiyacı olan uşaqlara maddi kömək edilməsi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi məktəb və siniflərin yaradılması, uzaq məsafələrdə yaşayan şagirdlərin məktəblərə avtobusla daşınması, onların dərsliklərlə pulsuz təmin olunması və digər məsələləri xüsusilə qeyd etmək lazımdır. Ümumtəhsilə dövlət büdcəsindən ayrılan vəsaitin də həcmi xeyli artırıldı (Mərdanov, 2011). Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1982-ci illərdə əldə etdiyi ən mühüm tarixi nailiyyətlərindən biri də xalqımızın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi.
Ulu Öndər gənclərin təhsil və tərbiyəsi sahəsində vahid dövlət siyasətini təmin etmək, xalq maarifi işinə rəhbərlik səviyyəsini yüksəltmək, pedaqoji kadrlara lazımi əmək və məişət şəraiti yaratmaq üçün ardıcıl surətdə tədbirlər görülməsini zəruri sayırdı.
1980-ci illərdə ölkədə ümumi təhsilin keyfiyyətcə yeni səviyyəyə qaldırılması nəzərdə tutulurdu. Təhsil, əmək və əxlaq tərbiyəsi sahəsində gənclərlə aparılan işin daha da təkmilləşdirilməsi zərurəti yarandı. Məktəb islahatında məqsəd həm də təhsilin strukturunun təkmilləşdirilməsi, təlimin fəal forma və metodlarının tətbiq edilməsi, təlim-tərbiyənin vəhdəti prinsipinin, ailənin, məktəbin və ictimaiyyətin sıx əlaqəsinin məqsədyönlü şəkildə həyata keçirilməsi idi. Bu baxımdan, Ulu Öndərin ideyaları mühüm əhəmiyyət kəsb edir.
Ömrünün 50 ilindən çoxu Azərbaycan xalqının, Azərbaycan dövləti və dövlətçiliyinin taleyi ilə bağlı olan, iqtisadiyyatımızda, milli ideologiya və mənəviyyatımızda, mədəniyyətimizdə, elmimizdə, təhsilimizdə, səhiyyəmizdə və digər sahələrdə misli görünməyən işlər görən dünya şöhrətli şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcək, indiki və gələcək nəsillər bu böyük şəxsiyyətə hörmət və ehtiram edəcəklər.
Heydər Əliyev xalq maarifinin təkmilləşdirilməsinə və gənc nəslin tərbiyəsinə dair strateji proqramların hazırlanmasını vacib sayırdı. Haqlı olaraq qeyd edirdi ki, təhsil məsələsinə məhz belə strateji yanaşma cəmiyyətin tərəqqisinə böyük fayda verə bilər.
Cəmiyyətin inkişafı dövrün çağırışlarından irəli gələn vəzifələrin həllini tələb edir. Belə bir zamanda fəal vətəndaş, mənəviyyatca zəngin, əxlaqi cəhətdən təmiz, dürüst şəxsiyyətlərin formalaşdırılması olduqca vacibdir. Ona görə də təlim və tərbiyə işi həmişə diqqətdə saxlanılmalıdır. Gənc nəslin həyata və əməyə hazırlaşdırılması daim təkmilləşdirilməlidir.
Ümummilli lider qeyd edirdi ki, dünya mədəniyyətinin yüksək inkişaf mərhələsinə çatmaq, sürətli yüksəlişə nail olmaq üçün iqtisadiyyatın və cəmiyyətin sosial tərəqqisində misilsiz rol oynayan xalq maarifinin zəngin təcrübəsinə və nailiyyətlərinə arxalanmaq vacibdir. Ona görə də ümumi təhsilə, xalqın maariflənməsinə, mənəvi inkişafa, şagirdlərə, o cümlədən istedadlı uşaqlara, yaradıcı qüvvələrə hər zaman qayğı göstərilməsinə ehtiyac var.
O zaman təlim-tərbiyə işinə yeni yanaşmalar vahid məktəb, əmək məktəbi, texniki məktəb ideyalarını müasir şəraitə uyğun olaraq ardıcıl surətdə inkişaf etdirir, cəmiyyətin bütün tərbiyəvi qüvvələrini birləşdirməyə imkan verirdi. Məktəbdə təlim və tərbiyə işinin real istehsalla daha da əlaqələndirilməsi imkanları yaradılırdı. Orta ümumtəhsil məktəbləri məzunlarının əmək fəaliyyətinə başlamazdan əvvəl müəyyən bir peşəyə yiyələnməsi mühüm vəzifə hesab edilirdi. Bu da kadr hazırlığı işini yeni dövrün tələblərinə uyğunlaşdırmağa, yeniyetmə və gənclərdə dərk olunmuş əmək tələbatının yaradılmasına təsir göstərir, onların öz həyat perspektivlərini düzgün seçmələri ümumtəhsil məktəblərinin sosial funksiyalarının və rolunun nəzərəçarpacaq dərəcədə zənginləşməsinə imkanlar yaradırdı.
Məktəb islahatı ilə bağlı ümummilli lider Heydər Əliyevin çıxışları, məruzəsi, fikir və ideyaları cəmiyyətin tərəqqisinə xidmət edən başlıca problemləri əks etdirir (Mərdanov, 2002). Ulu Öndərimiz şagirdlərin təhsilinin və tərbiyəsinin keyfiyyətinin yüksəldilməsini, gənclərdə yüksək mənəvi keyfiyyətlər, vətənə məhəbbət hissinin formalaşdırılmasını başılca vəzifələrdən hesab edirdi. Eyni zamanda şagirdlərin dərs prosesinin, ictimai və ailə tərbiyəsinin bütün forma və metodlarının təkmilləşdirilməsi, onların daha erkən yaşlarda biliklərə cəlb edilməsi və onlara ictimai, faydalı əməkdə iştirak etmək üçün vərdişlər aşılanması, habelə xalq maarifinin idarə olunmasının yaxşılaşdırılması, ümumi təhsilin tədris-maddi bazasının möhkəmləndirilməsinin bu məqsədlərə xidmət etməsi vacib hesab olunurdu.
1984-cü il yanvarın 4-də xalqın müzakirəsinə verilən “Ümumtəhsil və peşə məktəbində islahatının əsas istiqamətləri” haqqında Sovet İKP MK-nın layihəsini işləyib hazırlayan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev idi (Axundova, 2008).
İslahatda nəzərdə tutulan və müəllimlərin ixtisasının artırılmasına yönəldilən tədbirlərə toxunan Heydər Əliyev müəllimin ideal portretinin cizgilərini bu cür yaradır: “Nə vaxta qədər ki, müəllim öyrənir, o yaşayır, nə vaxta qədər ki, müəllim yaşayır – o öyrənir: Bu həqiqət heç vaxt öz mənasını itirməyəcək. Müəllim nəinki zəmanə ilə ayaqlaşmalıdır, hətta onu qabaqlamalıdır” (“Kommunist” qəzeti, 1982).
Heydər Əliyev mədəniyyət xadimlərini xalq maarifinə və ümumtəhsil islahatına öz töhfələrini verməyə çağırırdı; uşaq və gənclərin mənəvi və vətəndaşlıq təşəkkülünə kömək edən yüksək ideyalı, bədii cəhətdən kamil, məktəb həyatını, müəllimlərin nəcib missiyasını dolğun və düzgün əks etdirən əsərlər gözləyirdi.
Heydər Əliyev Azərbaycanda təhsilimizin, onun aparıcı amili olan müəllimlərin cəmiyyətdə rolunun artması, müəllimlik peşəsinə olunan ehtiram, bu peşənin layiqli davamçılarına olan qayğı və himayə, dövrün tələbindən irəli gələn humanistləşdirmə, təhsilin forma və məzmunca yeniləşməsi, təlim-tərbiyə işinin təkmilləşdirilməsi kimi mühüm məsələlərə daim yüksək diqqət yetirilən, ardıcıl, sistemli təhsil islahatlarının aparılmasını ön plana çəkib. Azərbaycanda təhsilin yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkili cəmiyyət qarşısında duran ən mühüm vəzifələrdən biri olub.
Bu gün Heydər Əliyev şəxsiyyətini, zəngin siyasi təcrübəsini, gənclərin dünyagörüşünün formalaşmasında müsbət rolunu göstərmək bizim ən başlıca vəzifələrimizdən biridir. Dahilik səviyyəsinə yüksəlmiş görkəmli şəxsiyyətlərin həyata gəlişi yüz ildə bir dəfə təsadüf edilən hadisə olmaqla yanaşı, qismətlərinə düşmüş ömür payı müddətində onların gördükləri tarixi işlərin miqyası əsrlərə bərabər tutulur, ölkəsinin, millətinin zəfər salnaməsinə əbədi həkk olunur.
Ulu Öndərin xalqına bağlılığı, xalqının gələcəyini xoşbəxt görmək istəyi bu üç sözdə özünü nümayiş etdirir: “Təhsil millətin gələcəyidir”. Bu üç sözün hərfi mənasından yaranan müdrik fəlsəfi müddəa işıqlı, savadlı bir cəmiyyətin, güclü dövlətin bərqərar olmasının mənəvi-ideoloji dayağı, ideya mənbəyi, inkişaf rəmzi kimi səslənir. Xalqını xoşbəxt, firavan, yüksək səviyyəli, dərin dünyagörüşlü, qlobal təhsilli görmək Heydər Əliyevin arzusu idi.
Təhsil sistemi bir-biri ilə dialektik vəhdətdə olan və qarşılıqlı inkişaf edən, eləcə də keyfiyyət baxımından biri digərindən asılı olan pillə və ölçü səviyyələrindən ibarət vahid orqanizmdir. Odur ki, qəbul edilən qərarlarda ibtidai siniflərin və məktəbəqədər təhsilin təşkil olunması təhsildə təkzibolunmaz inkişaf deməkdir. Qeyd etdiyimiz sahədə inkişaf olmazsa, ibtidai təhsil dövründə şagirdlər müəyyən edilən standartlara, cəmiyyətin inkişaf tələblərinə uyğun keyfiyyətli təhsil alıb zəruri bilik, bacarıq və səriştələrə yiyələnməzlərsə, o zaman ümumi orta təhsil səviyyəsində onlardan hansısa səmərəli nəticələr gözləmək əbəsdir.
Bu sahədə ibtidai sinif müəllimlərimizin elmi-nəzəri peşəkarlıq səviyyəsi, metodik kamilliyi çox mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev təhsil islahatlarının proqram və layihələri hazırlanarkən, şübhəsiz, bu həqiqətləri diqqətə çatdırırdı. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, hər hansı bir xalqı, ölkəni öz hüdudlarından kənarda tanıdan mühüm amillərdən biri də onun, insanın ümumi təhsil vasitəsilə malik olduğu dəyərlər kompleksi hesab edilir. Bu halda müəllimlərin, xüsusilə ibtidai sinif müəllimlərinin mövcud tərkibini ciddi təhlil edərək onu müasir keyfiyyət tələblərinə uyğun daha da yaxşılaşdırmaq, pedaqoji kadr hazırlığı sistemini yeni dövrün çağırışları fonunda getdikcə təkmilləşdirmək, fikrimizcə, vacib vəzifələrdəndir.
Heydər Əliyevin təhsillə bağlı verdiyi açıqlamada qeyd olunurdu ki, gələcəkdə məzmun və mahiyyətinə görə ümumi təhsil yolu ilə aşılanacaq yeni tələb olunan bacarıq və vərdişlər nə qədər dəyişilib modernləşsə də, baza, istinad xarakterlilər daim tələbyönlü qalacaqdır. Məhz bu zəruri keyfiyyətlər cəmiyyətin faydalı üzvü olmaq, əmək fəaliyyətinə qoşulmaq, dövrün və zamanın yeniliklərini mənimsəyə bilmək üçün bünövrə rolunu oynayır. Heydər Əliyevin təbirincə desək, təbiət və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən yaradıcı təfəkkür vərdişləri olan bilikli, təhsilli adamlar hazırlanmalıdır. Biz bu gün təhsilin nüfuzunu yüksəltmək istəyiriksə, onda şagirdlərə öz biliklərini müstəqil surətdə artırmaq, elmi informasiyaların sürətli axınından baş çıxarmaq aşılanmalıdır (Nəbiyev, 1998).
Heydər Əliyev hələ Moskvada vəzifədə olduğu dövrdə də Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmalı olduğunu bildirirdi. Qeyd edirdi ki, Azərbaycanda təhsil islahatları hazırlayıb həyata keçirilməsinə çalışmalı, bu yolda heç nəyi əsirgəməməliyik. Biz bilirik ki, yüksək təhsilli, intellektli kadrların hazırlanmasında dövlət büdcəsindən xeyli miqdarda vəsait xərclənir.
Heydər Əliyev 1980-ci illərdə Azərbaycan gənclərinin respublikamızdan kənarda təhsil almaq imkanlarını genişləndirib, onlar hazırda
müstəqil Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində çalışır və gənc nəslə təhsil, bilik və bacarıqlar öyrədirlər. Bu gün təhsil sahəsində çalışanlar Heydər Əliyevin islahat proqramlarından, ideyalarından bəhrələnir və onları həyata keçirirlər (Nəbiyev, 1998).
Tədris prosesində əyanilik çox böyük fayda verə biləcək qaydadır, şəxsi nümunələrin bütövlükdə tərbiyə işində xüsusilə vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması birmənalıdır. Valideynlərdən sonra uşağın daha çox inandığı, ibrət götürdüyü müəllimlərdir. Elə ona görə deyirik ki, müəllimlik çətin peşədir, keyfiyyətli dərs demək müəllimin əsas vəzifəsidirsə, əqidəsinə, mənəviyyatına görə örnək olmaq ikiqat vəzifəsidir. Həyat sübut edir ki, tələb edənin özü tələb etdiyi dəyərlərə mənsub olmasa, onun təbliğat və təşviqatı heç bir fayda verməz. Heydər Əliyevin istiqamətverici dəyərli tələblərindən biri də o idi ki, ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim həyatımıza həsr olunmalıdır. Dərindən yanaşsaq, bu böyük məna daşıyan əbədi vəzifədir. Belə nəticə çıxarmaq olar ki, bizim bu günümüz və gələcəyimiz indi və sonra ümumi təhsilə cəlb edilən uşaqları hansı səviyyədə formalaşdırıb milli dəyərlər ruhunda tərbiyə etməyimizdən, keyfiyyətli təhsil verməyimizdən bilavasitə asılıdır. Yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin funksiyasına aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məqsəddən asılı olaraq əhalinin müəyyən qrupuna çatdırmaq üçün təşkil olunmuş genişmiqyaslı ictimai prosesdir.
Məqalənin elmi yeniliyi. Məqalədə ümummilli lider Heydər Əliyevin 1982-1987-ci illərdə təhsil sahəsində həyata keçirilən islahatların hazırlanmasında və tətbiqində rolu elmi-pedaqoji baxımdan əsaslandırılıb, problemlə bağlı elmi təhlillər aparılıb.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə əksini tapmış fikirlər, əsaslandırılmış elmi nəticələr pedaqoji baxımdan əhəmiyyətlidir və tədris resurslarının hazırlanmasında, təhsil tarixinə aid dərslərdə tətbiq edilə bilər.
NƏTİCƏ
Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan təhsilinin, elminin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və
təbliğinə çox böyük töhfə verən şəxsiyyətdir. Onun Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri vardır. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməyib, daim milli elmimizin, mədəniyyətimizin, eyni zamanda ümumi təhsilimizin güclü himayədarı kimi çıxış edib.
İstifadə edilmiş ədəbiyyat
1 Axundova, E.H. (2008). Heydər Əliyev IV hissə:1969-1989 Şəxsiyyət və zaman / E.H.Axundova. Bakı: Ozan, 328 s.
2 Azərbaycan müəllimlərinin VI qurultayında H.Əliyevin nitqi // Kommunist. 1978, 20 may, s.2.
3 Cavadova, Z.Ş. (2013). Heydər Əliyev elm, təhsil və mədəniyyətimizin himayədarı // Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq konfransın materialları, Bakı: Mütərcim, 1- 4 may, s.112.
4 Əhmədov, A. (2023). Ə.Azərbaycanın ümumi təhsili Heydər Əliyev ideyalarının işığında // Azərbaycan müəllimi, 17 fevral. s.7.
5 Əhmədov, H.H. (2010). Azərbaycan təhsilinin inkişaf strategiyası / H.H. Əhmədov. Bakı: Elm, 800. s.
6 Əliyev, H.Ə. (1979). Moskvada təhsil alan azərbaycanlı tələbələr və aspirantlar ilə görüşdə nitqi // Kommunist. 5 dekabr. s.2.
7 Əliyev, H.Ə. (1997). Müstəqilliyimiz əbədidir / H.Ə.Əliyev. Bakı: Azərnəşr, 488. s.
8 Əliyev, H.Ə. (2006). Təhsil, bilik, məktəb / H.Ə.Əliyev. Bakı: Azərnəşr, 400.s.
9 Əliyev, H.Ə. (2013). Azərbaycan elminin keşiyində. I cild / H.Ə. Əliyev. Bakı: Turxan, 668 s.
10 Əsgəroğlu, İ. (Məmmədov, İ.Ə.) (2002). Zəmanəmizin böyük azərbaycanlısı / İ.Əsgəroğlu, A.B.İbrahimov. Bakı: Ozan, 388 s.
11 Əsgərov, Ş.Q. (2003). Təhsilimiz, dünən, bu gün və sabah / Ə.Q.Əskərov. Bakı: Elm, səh.214.
12 Xudiyev, N.M. (1997). Heydər Əliyev və Azərbaycan dili / N.M. Xudiyev. Bakı: Təhsil, 288 s.
13 “Kommunist” qəzeti, 29 avqust 1982, № 202 (18136)
14 Qasımlı, M.C. (2006). Heydər Əliyev İstiqlala gedən yol (1969-1987-ci illər) / M.C.Qasımlı. Bakı: Bakı Universiteti nəşriyyatı, 608 s.
15 Mahmudov, Y.M. (2011). Heydər Əliyev ideyalarının zəfər yürüşü / Y.M.Mahmudov. Bakı: Təhsil 680 s.
16 Mehdizadə, M.M. (1971). Mühüm vəzifələr // Kommunist. 31 avqust. s.2.
17 Mərdanov, M.C. (2002). Heydər Əliyev Təhsil millətin gələcəyidir / M.C.Mərdanov, Ə.Q.Quliyev. Bakı: Təhsil, 580 s.
18 Mərdanov, M.C. (2011). Azərbaycan təhsil tarixi II cild / M.C. Mərdanov. Bakı: Təhsil, 704 s.
19 Nəbiyev, B.Ə. (1998). H.Əliyev dil haqqında və Heydər Əliyevin dili / B.Ə. Nəbiyev. Bakı: Elm, 196 s.