KRAL MƏKTƏBİ NÜMUNƏSİ

Təhsil tarixində elə qurumlar var ki, onlar sadəcə məktəb deyil, eyni zamanda minilliklər boyu davam edən mədəni və intellektual ənənələrin daşıyıcısıdır. Bu siyahıda The King's School Canterbury ilk yerlərdən birini tutur. Kral Məktəbi İngiltərənin Kent əyalətinin Kenterberi şəhərində yerləşən dövlət məktəbidir. 597-ci ildə əsası qoyulan məktəb yalnız İngiltərənin deyil, bütün dünyanın ən qədim və fasiləsiz fəaliyyət göstərən məktəblərindən sayılır. Onun tarixi, inkişaf mərhələləri və bugünkü fəaliyyəti təhsil sisteminin necə formalaşdığını anlamaq üçün çox qiymətli nümunədir.
Məktəbin yaranma tarixi Kenterberi şəhərində xristianlığın yayılması ilə bağlıdır. Həmin dövrdə İngiltərədə xristianlığın yayılmasında əsas rol oynayan və Kenterberi kafedral kilsəsinin ilk arxiyepiskopu sayılan Avqustin burada dini təhsil vermək üçün məktəb yaradıb. Məktəb ilk illərdə kilsə ilə bağlı dini təhsil müəssisəsi kimi fəaliyyət göstərib.
Əslində, məktəbin yaranması Kenterberi kafedralı ətrafında formalaşan dini və mədəni mühitin bir hissəsi idi. Burada əsas məqsəd keşişlərin hazırlanması və dini biliklərin yayılması idi.
Orta əsrlərdə məktəb öz fəaliyyətini davam etdirərək İngiltərədə mühüm təhsil mərkəzlərindən birinə çevrilib. Bu dövrdə burada, əsasən, latın dili, ilahiyyat, klassik ədəbiyyat, məntiq və fəlsəfə tədris olunurdu. Məktəb kilsə ilə sıx bağlı olduğundan onun proqramı daha çox dini yönlü idi. Zaman keçdikcə burada dünyəvi fənlər də tədris olunmağa başlandı.
16-cı əsrdə İngiltərədə dini islahatlardan sonra məktəb rəsmi şəkildə yenidən təşkil olundu və kral himayəsinə verildi. Bu hadisə onun adında da əksini tapdı. Kenterberi kafedralının dini məktəbi “The King’s School” (Kral məktəbi) adlandırıldı. Bu mərhələ məktəbin dünyəvi təhsilə doğru daha çox yönəlməsinin başlanğıcı oldu.
18-19-cu əsrlərdə böyük dəyişikliklərdən keçən məktəbin təhsil proqramına riyaziyyat, təbiət elmləri, tarix, müasir xarici dillər daxil edildi.
Sənaye inqilabı dövründə İngiltərədə təhsilin rolu artdıqca, bu məktəb də öz strukturunu müasirləşdirdi. İnfrastruktur genişləndirildi, yeni binalar tikildi və şagird sayı artdı.
Məktəb Kenterberi şəhərinin mərkəzində yerləşir və onun əsas kampusu Kenterberi kafedralı ətrafında qurulub. Bu ərazi UNESCO Dünya İrsi siyahısına daxil edilib və məktəb şagirdləri hər gün bu tarixi mühitdə təhsil alırlar. Mütəxəssislər belə bir mühiti həm akademik, həm də mədəni inkişaf üçün çox əlverişli sayır.

Bu gün The King’s School müasir və yüksək keyfiyyətli təhsil proqramı ilə həm ibtidai, həm də orta və yuxarı sinifləri əhatə edir.
Bu gün məktəbdə ingilis dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya, xarici dillər (fransız, alman, ispan və s.), incəsənət və musiqi tədris olunur.
Təhsil sistemi, əsasən, Britaniya kurikulumu üzərində qurulub və şagirdlər GCSE (General Certificate of Secondary Education) və A-Level imtahanlarına hazırlaşırlar.
The King’s School həm də internat məktəbidir. Bu o deməkdir ki, şagirdlər öz seçimlərinə görə məktəbin yataqxanalarında qala bilərlər. Bu sistem onlara müstəqil həyat bacarıqları, beynəlxalq mühit, sosial əlaqələri inkişaf etdirmək imkanları yaradır.
Məktəbə dünyanın müxtəlif ölkələrindən şagirdlər qəbul olunur, bu da onu beynəlxalq təhsil mərkəzinə çevirir.
Məktəbin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun zəngin ənənələridir. Bu ənənələr yüzilliklər boyu qorunub saxlanılıb. Burada kilsə mərasimləri, klassik musiqi və xor ənənələri, tarixi geyimlər və xüsusi tədbirlər də əvvəlkitək qalır.
Bu ənənələr şagirdlərdə tarixə və mədəniyyətə hörmət hissi formalaşdırır.
The King’s School bir çox tanınmış şəxsiyyətlərin məktəbi olub. Onların arasında siyasətçilər, yazıçılar, alimlər, ictimai xadimlər - qan dövranını kəşf edən alim Uilyam Harvey, botanika və təbiətşünaslıq sahəsində tanınmış tədqiqatçı Con Tradeskant, ingilis ədəbiyyatının böyük dramaturqlarından biri Kristofer Marlou, məşhur roman və hekayə müəllifi Somerset Moem, Hyu Valpol, tanınmış aktyor Orlando Bloom və başqaları var.
Bu gün The King’s School yalnız tarixi məktəb deyil, həm də müasir təhsil standartlarına uyğun fəaliyyət göstərən qabaqcıl bir institutdur. Buradakı rəqəmsal təhsil texnologiyaları, elmi laboratoriyalar, idman infrastrukturu, yaradıcılıq proqramları da bunu təsdiqləyir.
Məktəb həm akademik nəticələrə, həm də şagirdlərin şəxsiyyət kimi inkişafına böyük önəm verir.
Məktəb özəl təhsil müəssisəsidir və qəbul prosesi olduqca rəqabətlidir. Bura qəbul şərtlərinə akademik testlər, müsahibə və tövsiyə məktubları daxildir. Məktəbin illik təhsil haqqının kifayət qədər yüksək olmasını buradakı təhsil və yüksək səviyyəli xidmətləri ilə əlaqələndirirlər. İnternatda yaşamağı seçən şagirdlər üçün bu məbləğ daha yüksəkdir.
Beynəlxalq media da “The King's School”u tez-tez həm tarixi, həm də müasir təhsil modeli kimi təqdim edirlər. Məsələn, BBC bu məktəbi “dünyanın ən qədim və əsrlərdir fəaliyyət göstərən məktəblərindən biri” kimi xarakterizə edərək onun uzunömürlülüyünü vurğulayır. The Guardian isə məktəbin ənənə ilə müasirliyin vəhdətini qoruyub saxlamasını xüsusi qeyd edir və yazır ki, bu cür tədris ocaqları Britaniya təhsil sisteminin “tarixi yaddaşını və davamlılığını təmsil edir”. Bu yanaşmalar göstərir ki, məktəb yalnız keçmişin mirası deyil, eyni zamanda gələcək nəsillərin formalaşmasında aktiv rol oynayan təhsil ocağıdır.
Bu məktəb həm ənənə, həm də müasirliyin uğurlu sintezini təqdim edir. Tarixi keçmişi ilə bugünkü fəaliyyəti arasında güclü əlaqə onu dünyada unikal təhsil müəssisələrindən birinə çevirir.

