MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN MAARİFÇİLİK KONSEPSİYASI


FƏRRUX RÜSTƏMOV




Məhəmməd Əmin Rəsulzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının yetişdirdiyi görkəmli siyasət və dövlət xadimidir. Azərbaycanda milli istiqlal ideologiyasının hazırlanmasında, milli partiyanın yaradılmasında və milli dövlət quruculuğunda onun müstəsna xidmətləri var. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Azərbaycanda milli dirilik ideyasının formalaşması da onun adı ilə bağlıdır. Məktəblərin milliləşdirilməsi, təhsilin ümumi, icbari, pulsuz olması, təlimin ana dilində aparılması, milli dərsliklərin yaradılması, qadın təhsili, yeni nəslin milli ruhda, tarixi ənənələr əsasında tərbiyə edilməsi onun maarifçilik konsepsiyasının əsas mahiyyətini təşkil edir. M.Ə.Rəsulzadənin maarifçiliyi həm də siyasi istiqaməti ilə diqqəti cəlb edir.

GİRİŞ

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamında deyilir: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda
müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”1.

Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. 

Müdriklərdən biri deyib ki, əslində tarix yoxdur, yalnız ayrı-ayrı şəxsiyyətlərin tərcümeyi-halları var. Millətin mənəviyyat pasportuna çevrilmiş məhz belə şəxsiyyətlərin həyat yolu mənsub olduğu millətin tərcümeyi-halını zənginləşdirir. Adını millətin şərəf kitabına yazmış M.Ə.Rəsulzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının yetişdirdiyi maarifçilər və siyasətçilər nəslinin ən görkəmli nümayəndələrindən biri, millətin milli dirilik və milli istiqlal konsepsiyasının müəllifidir.

XX əsrin əvvəllərindən Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər (M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi və b.) maarifçilərin fəaliyyəti sayəsində milli özünüdərk prosesinin güclənməsinə, milli ideyaların yaranmasına səbəb oldu.

XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr, xüsusilə 1905-1907-ci il inqilabının qan içində boğulması Azərbaycan maarifçilərinin fəaliyyətində siyasi istiqamətin güclənməsinə, siyasi tələblərin formalaşmasına səbəb oldu. Azərbaycan maarifçiləri dərk etdilər ki, orta əsrlərdə təhsilin inkişafında böyük tarixi rol oynayan ənənəvi məktəb və mədrəsə yeni maarifçiliyin ideya və təşkilati mərkəzi, hərəkət və fəaliyyət orqanı ola bilməz, millətə əlifba ilə bərabər siyasi mübarizə, siyasi mücadilə, azadlıq, istiqlal, hüquq dərsi keçilməlidir. Bu dövrdə maarifçiliyin milli dirilik konsepsiyası formalaşdı ki, bunun da müəllifi Məhəmməd Əmin Rəsulzadə idi.

........................................................................
1 https://president.az/az/articles/view/6297

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HƏYATI

Azərbaycan xalqının milli qeyrət və mübarizlik ruhunun simvoluna çevrilmiş Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub. İlk təhsilini S.M. Qənizadənin ikinci rus-müsəlman məktəbində alıb, sonralar öz etirafına görə, kasıblıq ucbatından ali təhsil ala bilməyib, Bakı texniki məktəbində oxuyub. 

Böyük fitri istedad, real və sağlam milli düşüncə sahibi olan M.Ə.Rəsulzadə əsrin əvvəllərində (XX əsrin –F.R.) Rusiyanı bürüyən dərin iqtisadi-siyasi böhran və inqilab, güclü milli intibah və çarpışmalar dövründə görkəmli mühərrir, ictimai-siyasi xadim kimi yetişib, formalaşıb, tanınıb. “O, gecəli–gündüzlü oxuyub öyrənir, cərəyan edən hadisələrin fəlsəfi və tarixi köklərini, məna və səbəblərini araşdırmağa, dərk etməyə, həmçinin bunları mümkün qədər daim təmasda olduğu adamlara izah etməyə çalışırdı” (Hüseynov, 1994).

O, XX əsrin ilk illərindən inqilabi mübarizəyə qoşulub, öncə “Müsəlman gənclik təşkilatı”nı (1902) yaradıb, ”Müsəlman sosial-demokratik “Hümmət” (1904) təşkilatının yaradıcılarından biri olub, Müsəlman Demokratik Partiyasının (1910) əsasını qoyub, 1911-ci ildə Müsəlman
Demokratik (Müsavat) Partiyasına daxil olub, az müddət içərisində onun liderinə çevrilib. Məhz lideri olduğu Müsavat Partiyası Azərbaycanın müstəqillik bayrağını qaldırıb, özü isə Azərbaycan Cümhuriyyətinin yaranmasını (28 may 1918) dünyaya elan edib. Bu yeni dövlət yaşadığı 23 ay ərzində mühüm siyasi, mədəni tədbirlər həyata keçirib, mərkəzi Tiflisdən Gəncəyə, oradan Bakıya köçürüb xarici müdaxiləyə qarşı çıxıb, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlayıb, milli ordu quruculuğunda, milli maarifin təşkilində diqqətəlayiq nailiyyətlər qazanıb.

Beynəlxalq vəziyyətin kəskin şəkildə dəyişməsi nəticəsində Azərbaycan Cümhuriyyəti 28 aprel 1920-ci ildə süquta uğradı, müəyyən şərtlərlə hökumət bolşeviklərə təhvil verildi. Güclü təqiblərə rast gələn M.Ə.Rəsulzadə, sığındığı Lahıc kəndində həbs olundu, sonra isə Stalinin göstərişi ilə azad edilərək Moskvaya aparıldı. Bir müddət Moskva Şərqşünaslıq İnstitutunda fars dilindən dərs deyən M.Ə.Rəsulzadə 1922-ci ildə Helsinki şəhərinə, oradan Parisə, daha sora İstanbula getdi. Ömrünün sonuna kimi Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda çalışdı. Azərbaycanın istiqlal mücahidi 1955-ci ilin martın 6-da Ankarada üç dəfə “Azərbaycan”– deyərək gözlərini əbədi yumdu.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN PEDAQOJİ İRSİ

M.Ə.Rəsulzadənin ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti olduqca rəngarəng və çoxşaxəlidir. Onun yaradıcılığı təhsil və mədəniyyət tariximizə dəyərli töhfə, zəngin xəzinədir. Vətənə, xalqa xidmət nümunəsi, gənc nəsli milli fədakarlıq ruhunda tərbiyə etmək əzmi milli məfkurə sahibi M.Ə.Rəsulzadənin həyat amalı olub.

Uzun müddət onun fəaliyyətini və yaradıcılığını aşkarlamaq yasaq olub, adı kimi əsərləri də unutdurulub. Keçən əsrin 80-ci illərinin ikinci yarısından onun fəaliyyəti və yaradıcılığı üzərindən qadağalar götürülüb, sükut buzu sınıb, ədəbiyyatşünaslar, tarixçilər, politoloqlar yaranan imkandan istifadə edərək onun haqqında dəyərli əsərlər yazıb. Professor Şirməmməd Hüseynov vətəndaşlıq qeyrəti, alim qüdsiyyəti göstərərək müxtəlif qəzet və jurnal səhifələrindən onun pedaqoji məzmunlu, maarifçilik istiqamətli məqalələrini toplayıb bir hissəsini “Azərbaycan məktəbi” jurnalının səhifələrində (1994 №1, s.3-5) çap etdirib. Sonralar isə, o, araşdırmalarını davam etdirib, M.Ə.Rəsulzadənin 5 cildlik “Seçilmiş əsərləri”nin nəşrinə nail olub. Professor Nəsiman Yaqublu sistemli tədqiqatları ilə M.Ə.Rəsulzadəyə mənəvi abidə ucaldıb. Tərəfimizdən isə M.Ə.Rəsulzadənin “Seçilmiş pedaqoji əsərləri” nəşr edilib.

XX əsrin əvvəllərində Azərbaycanda məktəb tarixini, pedaqoji hərəkatı, məktəb təhsilinin inkişaf istiqamətlərini, xeyriyyə cəmiyyətlərinin bu sahədəki xidmətlərini öyrənmək baxımından M.Ə.Rəsulzadənin pedaqoji irsi mühüm əhəmiyyət kəsb edir. Onun məktəb, mədəniyyət,
təlim–tərbiyə haqqında orijinal fikirlərini özündə ehtiva edən əsərlərini iki qrupa bölmək olar: 1) 1903-1920-ci illərdə Azərbaycan mətbuatında dərc olunmuş, əsasən, kiçik həcmli məqalələri; 2) Mühacirətdə nəşr olunmuş əsərləri (1922-1955-ci illər).

Xalqın mədəni inkişafında, tərəqqisində, azadlığa qovuşmasında maarifə böyük ümid bəsləyən M.Ə.Rəsulzadə yaradıcılığının ilkin mərhələsində təhsilə aid yazdığı əsərlərdə təlimtərbiyənin, məktəbin, təhsilin milliləşdirilməsinin, demokratikləşdirilməsinin əsas prinsiplərini şərh edib, milli əxlaqın əhəmiyyətini səciyyələndirib, milli məfkurənin, istiqlal ideologiyasının təşəkkülündə, xalqın savadlanmasında milli məktəbin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, ümumən millətin oxumasını, elm, təhsil sahibi olmasını azadlığın, məsud yaşamağın başlıca şərti hesab edib. O, H.Zərdabinin dəfn mərasimindəki nitqində deyib: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif”2.

........................................................................
2 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.

Mühacirətdə yazdığı bir sıra əsərlərində Xalq Cümhuriyyətinin məktəb və maarif siyasəti açıqlanır, təhsilin milliləşdirilməsi, demokratikləşdirilməsi sahəsində görülmüş işlər ümumiləşdirilir, sovet imperiyasının tərkibində olan Azərbaycanda xalq maarifinin vəziyyəti təhlilə cəlb olunur, sovet imperiyasının təhsil siyasəti açıqlanır. O, məktəbin, maarifin, təhsilin milliləşdirilməsini irəli sürərkən öncə məktəbin, mədəniyyətin yaradıcısı olan xalqdan və onun folklorundan söz açır, ruslaşdırma siyasətinin mahiyyətinə aydınlıq gətirir.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN TƏHSİLİN DEMOKRATİKLƏŞDİRİLMƏSİ İDEYASI

M.Ə.Rəsulzadənin təhsilin demokratikləşdirilməsi ideyasının əsasını xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrənmək, bu biliklər vasitəsilə dünya mədəniyyətinə qovuşmaq təşkil edir. Onun fikrincə, təhsilin demokratikləşdirilməsinin əsasını milliyətindən və rütbəsindən asılı olmayaraq ana dilində təhsil alan, özünün milli ləyaqətini, milli varlığını dərk edən Azərbaycan vətəndaşı kimi tərbiyə almaq təşkil edir. Təhsilin demokratikləşdirilməsini respublika iqdisadiyyatının hərtərəfli inkişafı ilə əlaqələndirən M.Ə.Rəsulzadənin fikrincə, həm mənəvi, həm də bir qədər zəngin sərvəti olan Azərbaycan dünya miqyasına çıxıb ən qüdrətli dövlətlərlə müqavilələr bağlaya bilər, özünün mənəvi sərvətlərini – məktəbini, mədəniyyətini, incəsənətini inkişaf etdirib təhsilini demokratik zəmində qura bilər. O, təhsilin demokratikləşdirilməsində mətbuatın roluna böyük əhəmiyyət verirdi. Onun fikrincə, mətbuat məktəb, maarif, təhsil məsələlərinə geniş yer verməklə xalqın milli hisslərini oyatmalı, xalqı maarifə, təhsilə yiyələnməyə çağırmalıdır. Mətbuatın işıqlandırmalı olduğu məsələləri M.Ə.Rəsulzadə belə təsnif edirdi: “1) Üsuli-cədidə məsələsi, məktəblərdə türkcənin üsuli-sövti ilə tədrisi və mədrəsə proqramına fünuna–cədidənin idxalı; 2) Milli məktəblər güşad və təsisi. Əvvəlcə mövcud məhəllə, göy (kənd – F.R) və came məktəblərindəki farsi yerinə türkcə oxutmaq və əsri üsullarla yeni məktəblər güşad etmək; 3) Hökumət məktəblərində türkcənin tədrisini tələb etmək; 4) İdareyi-ruhaniyyələrlə övrafi – islamiyyə idarəsinin əhaliyə islamiyə tərəfindən müntəxəb üləma və məmrun tərəfindən idarəsi fikrini tərvic eyləmək;5) Müsəlmanlar üçün də sair millətlərdə olduğu kimi nəşri-maarif və ümuri-xeyriyyə ilə mütəvəkkül cəmiyyətlər təşkili”3.

M.Ə.Rəsulzadə yeni məktəbləri maarifçiliyin, milli şüur təliminin müqəddəs ocağı hesab edirdi. O, yaxşı bilirdi ki, orta əsrlərdə Azərbaycanda elmin, təhsilin, maarifin inkişafında çox böyük tarixi rol oynayan köhnə məktəb və mədrəsə yeni maarifçiliyin ideya və təşkilati mərkəzi, hərəkət və fəaliyyət orqanı ola bilməz. Üsuli-cədid hərəkatının qarşısında onu dəyişmək, yeni dövr məktəbinə çevirmək vəzifəsi dururdu.

XX əsrin əvvəllərində Azərbaycanda məktəbin və maarifin ümumi vəziyyətini şərh edən M.Ə.Rəsulzadə yazırdı: “Hansı qare bilinməzi dindirsək, cəhalətdən şikayət edər, hansı arifmizdən xəbər alsan elmsizlikdən bəhs edər, hansı müəllimimizi görsən, məktəbsizlikdən ağlar, hansı cavanımızla danışsan, qəflətimizdən dəm vurar”4.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ ÜMUMİ TƏHSİLİN ƏHƏMİYYƏTİ HAQQINDA

Cəhalətin xarici düşmənlərdən də böyük düşmən olduğunu qeyd edən M.Ə.Rəsulzadə ümumi təhsilin əhəmiyyətini səciyyələndirərək bildirirdi: “...bir millət ümumən məsud olmaq istər və başqalarının ayağı altında əzilmək istəməzsə, ümumən bilgili və bacarıqlı olmalıdır, ümumən millət oxumalı, təhsili-elm etməli, savad sahibi olmalıdır” (“İqbal”, 1914, №818).

........................................................................
3 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
4 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.

Onun fikrincə, əsas məqsəd tək-tək şəxsləri maarifləndirmək yox, xalqı maarifləndirmək olmalıdır. Çünki tək-tək adamların təhsil alması xalqa o qədər də böyük fayda vermir. “Onların bəziləri təhsil aldıqdan sonra xalqdan aralı düşürlər. Xalq onları, onlar da xalqı başa düşmürlər. Bir nəfərin işıqlanıb da “obrazovannı” olması o qədər də dərdə şəfa verəcək dərman deyildir. Çox kərə ayrı-ayrı fərdlərin böyük miqyasda işıqlanması çuxa əvəzinə palto, arxalıq əvəzinə frak, çarıq əvəzinə batinka geyməkdən, papaq əvəzinə silindir qoymaqdan və Tükəzban yerinə Liza xanım almaqdan ibarət olub qalır”5.

Müəllif sonra da fikrini sübuta yetirmək üçün oxucudan sorğu edir: “Bakıda ehtimal ki, yüzə yaxın diplom almış, təhsili kamal etmiş” “vısoko obrazovannılarımız” vardır. Hanı, bəs nə üçün ehtiyaclarımız dəf olunmayır?” (“İqbal”, 1914, №811). Bu səbəbdən də imkanlı adamlardan, xeyriyyə cəmiyyətlərindən təvəqqi edirdi ki, milli və yerli camaata doğma olan, təlim ana dilində aparılan ibtidai məktəblər açsınlar. Xalqın savadlanması qayğısına qalsınlar, çünki dövrün “ən böyük qüvvətini təşkil edən şey bilgi, mərifət və bunlara istinad edən sənət və ticarətdir” (“İqbal”, 1914, №818).

M.Ə.Rəsulzadə milli mənafeyə uyğun məktəblərin açılmasında “Nicat”, “Nəşri-maarif”, “Cəfa” xeyriyyə cəmiyyətlərinin xidmətlərini yüksək qiymətləndirir, xalqın maariflənməsində onların roluna böyük əhəmiyyət verirdi.

“Rus-müsəlman” məktəblərindən bəhs edərkən orada aparılan təlim pərdəsi altında gizlənmiş çarizmin ruslaşdırma siyasətinin mahiyyətini şərh edir, tədris planını təhlil edərək, bunların müsəlman məktəbləri, milli məktəblər üçün olmadığını açıqlayırdı. Çünki həftədə 25-30 saat dərsdən cəmi 3 saatı türk dilinə, 2 saatı isə şəriət dərsinə ayrılırdı6.

Onun fikrincə, ibtidai təlim üç əsasa söykənməli idi: ümumi, cəbri (məcburi – F.R), məccani (pulsuz – F.R). O bunları aşağıdakı kimi səciyyələndirirdi: 1) Ümumi odur ki, 8-11 yaşlı bütün uşaqlar məktəbə getməli, dövlət dilini (rus dilini – F.R), öz ana dilini və şəriəti öyrənməli idilər; 2) Cəbri (məcburi) odur ki valideynlər 8-11 yaşlı uşaqlarını ya öz xərcləri ilə, ya da ümumi məktəblərdə oxutdurmalı, övladlarına ibtidai təlim verməli idilər; 3) Ümumi və məcburi olan təlim hökmən pulsuz olmalı idi. Ümumi təlimin məcburi olduğu bir məmləkətdə savadsızlar hər bir hüquqdan məhrum olmalı idilər7.

Prussiyalılara məğlub olan Fransa generallarından birinin – “bizi Prussiya əsgərləri deyil, Prussiyanın ibtidai məktəbləri basdılar” – fikrinə istinad edən M.Ə.Rəsulzadə Avropa ibtidai məktəblərinin sayının günbəgün artdığı halda Bakı ətrafındakı kəndlərin məktəbsiz qalmasının səbəblərini “Kənd məktəbi xüsusunda” (“İqbal”, 1914, № 815), “Yeni kənd məktəbləri haqqında” (“İqbal”, 1914, № 827), “Təlimiümumi məsələsi” (“İqbal”, 1914, № 818, 822) məqalələrində açıqlayırdı.

“Təlimi-ümumi məsələsi” məqaləsinin məzmunundan aydın olur ki, 1914-cü ilə kimi Əhmədli, Türkan, Biləcəri, Göradil, Digah, Zirə, Zığ, Kürdəxanı, Məhəmmədi, Novxanı, Fatmayı kəndlərində məktəb olmadığından 1200-ə yaxın məktəbyaşlı uşaq təhsildən kənarda qalıb. Savadsızlığın nəticəsi idi ki, Bakının tabeliyində olan 42 kənddə cinayət məsuliyyətinə alınan 162460 nəfərdən 140621-i məktəbyaşlı uşaqlar olub. Bu səbəbdən də M.Ə.Rəsulzadə məktəbi xalqın tərəqqisinin başlıca amillərindən biri hesab edir, məktəblərə müstəsna əhəmiyyət verirdi. Lakin bu məktəblərin xalqın ruhuna, adət və ənənəsinə uyğun olmasını tələb edir, əks halda onların heç bir fayda verməyəcəyini bildirərək yazırdı: “Xəlqin işıqlanması üçün ibtidai məktəblərin artması və bu məktəblərin mümkün olduqca xəlqin ruh və adəti ilə müvafiq olması, heç şübhəsiz ki, ən əvvəlinci şərtdir. Demək ki, ən birinci ehtiyacımız ibtidai məktəblərin artması və milliləşməsidir”8.

........................................................................
5 Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, “Elm”, 2015, 151 s.
6 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
7 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
8 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.

“İbtidai məktəblərin sayının azlığının başlıca səbəblərindən birini müəllim kadrlarının yoxluğunda görən M.Ə.Rəsulzadə xalqı elmə, dərsə rəğbətsiz, meyilsiz hesab edənləri tənqid edərək göstərirdi ki, hər yerdə məktəblər açılır, elm və mərifətə olan meyil artır, ancaq ana dilini tədris etməyə müqtədir olub və qanunca həqqi tədrisə malik olan və pedaqoji nöqteyi-nəzərdən hazırlığı olan müəllim tapılmayır”9.

Bütün Qafqaza müəllim kadrları hazırlayan Qori seminariyasının fəaliyyətinin məhdud olduğunu bildirən M.Ə.Rəsulzadə müsəlmanlara məxsus yeni seminariyaların açılmasının zəruriliyini vurğulayır, “bütün millətlərin səadətini və istiqbalını təmin edən müəllimdir” – fikrini irəli sürürdü. Bununla bağlı müəllimlərin qarşısında bir sıra tələblər qoyurdu. Bu tələblərdən ən başlıcası milli tələblər idi. Yəni müəllimlər, ilk növbədə, xalqın dilinə, adətənənəsinə və ruhuna bağlı insanlar tərbiyə etməli idi. Yoxsa, özündən bixəbər “uçitellərdən” xalqa nə fayda ola bilərdi. O cür “uçitellərdən” də yarımçıq “uçeniklər” əmələ gələcəkdir. “Müəllim uşaqlarına dərs verdiyi xalqın dilinə, adətinə aşina və onu sevər ruhlu və fəal bir xadim olarsa, ancaq o zamandır ki, naqis də olsa, bizi tərbiyəyə mədar olan rus-müsəlman məktəblərindən faidə görəcəyiz. Yoxsa, ortadakı kəndiliyindən bixəbər “uçitellərdən” yarımçıq “uçeniklər”dən başqa bir şey gözləmək əbəsdir”10

MİLLƏTİN TƏRƏQQİSİ MƏKTƏBLƏ, MƏKTƏBİN TƏRƏQQİSİ MÜƏLLİMLƏRLƏ BAĞLIDIR

M.Ə.Rəsulzadə məktəbləri yeniləşdirməklə bərabər orada dərs deyənləri (ruhaniləri və mollaları) yeni ruhda tərbiyələndirməyi zəruri sayırdı. Mühafizəkar mollaların, yeniləşməyin əleyhinə olanların fəaliyyətindəki ciddi qüsurları səciyyələndirən M.Ə.Rəsulzadə yazırdı: “Demək ki, mollaların qiyməti – şəxsiyyətləri xəlqimizin tərəqqi və təməddünü nöqteyi-nəzərindən böyük bir əhəmiyyətə malikdir. Şübhəsiz ki, yeni elmlərdən bəhrəsiz, dünya və aləmdən xəbərsiz olan bir molla yeni üsul məktəbləri özünə rəqib görür və xalq arasında köhnəlmiş avam fikirləri tərviclə ruhani bir zövq duyur”11.

O dövrdə Azərbaycan ziyalılarının mübarizəsi milli mədəniyyətin bütün sahələrini əhatə etsə də əsas etibarı ilə xalq maarifinin milli ruhda, yeni tərzdə təşkili, məktəblərin milliləşdirilməsi, ana dilində məktəblərin yaradılması, milli ali və orta ixtisaslı kadr hazırlığı və təlimin məzmunu ətrafında mərkəzləşirdi ki, bunu da təsadüfi hal hesab etmək olmaz. Çünki bəşər tarixində məktəb, ümumiyyətlə, mədəniyyətin əsas həlqəsini, təməlini təşkil edib. Cəmiyyət necə oxuyursa, eləcə də yaşayıb inkişaf edir.

M.Ə.Rəsulzadə məktəblərin milliləşdirilməsini, yəni yazı və oxunun ana dilində aparılmasını təbliğ edirdi. Ona görə də yazırdı: “Məlum olduğu üzrə dünyanın bütün millətləri və Rusiyada yaşayan bir cümlə qövmlər kibi biz də, biz türk-tatar milləti də öz məktəbimizə, milli məktəbə malik olmaq istəyirik. Milli məktəb deyincə, əlbətdə ortadakı yazı və oxu dilinin türkcə olduğunu, olması lazım gəldiyini təssəvür edirik. Biz istəyirik ki, sırf türk-tatar qövmlərinə məxsus olmaq üzrə açılan məktəblərdəki bütün dərslər türkcə – ana dilində olsun. Bünu söylərkən tarix, coğrafiya, hesab dərsi ilə bərabər şəriət dərsinin də türkcə oxutdurulmasını əlbəttə qəsd edirik. Ruscanı, rus tarix ədəbiyyatını, rus əruz və lisaniyyatını, əlbəttə, bir də dərs olaraq rusca öyrənmək, rusca oxumaq və oxutmaq tərəfdarıyıq”12.

........................................................................
9 Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, “Elm”, 2015, 151 s.
10 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
11 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
12 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.

BAKI DÖVLƏT DARÜLFÜNUNU MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ŞAH ƏSƏRİDİR

M.Ə.Rəsulzadə məktəblərin milliləşdirilməsini yalnız siyasi cəhətdən deyil, həm də elmi nöqteyi-nəzərdən əsaslandırırdı. O, “Bakı Darülmüəllimi münasibətilə” (İqbal”, 1915), “Yenə Darülmüəllim haqqında” (“İqbal”, 1915), “Müəllimlər gərək” (“Tərəqqi”, 1908, №109) əsərlərində müəllim kadrları hazırlığı məsələsinə dönə-dönə qayıdıb, Azərbaycan Cümhuriyyəti dövründə bu problemin həllində şəxsən iştirak edib, bir neçə seminariyanın, pedaqoji kursların, o cümlədən Bakı Dövlət Darülfünununun açılmasında fədakarlıq göstərib, orada “Osmanlı tarixi”ndən mühazirələr oxuyub. Əbəs yerə deyildir ki, V.İ.Razumovski Universitetinin açılmasında M.Ə.Rəsulzadənin əməyini  yüksək qiymətləndirərək deyirdi: “M.Ə.Rəsulzadənin gücü və maarifçilik köməyi ilə” Bakı Dövlət Darülfünunu təsis edildi. BDU-nun açılması ilə bağlı sənədlər parlamentin müxtəlif komissiyalarında, partiyanın fraksiyalarında, parlamentin iclaslarında 4 aya qədər müzakirə edildi. Bir sıra təshih və əlavələrdən sonra 10 maddəlik “Bakı Dövlət Darülfünunu haqqında qanun”, 5 fəsil 72 maddədən ibarət Bakı Dövlət Darülfünunun (indiki BDU) Nizamnaməsi parlamentdə təsdiq olundu (Bakı Darülfünunun təsisi, 1989). Universitetin ilk rektoru olmuş V.İ.Razumovski parlamentdəki çıxışında gös-tərirdi ki, Azərbaycan öz ali maarif ocağını açdı. Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın hüdudlarında yeni bir məşəl şölələndi (Razumovski, 1922).

M.Ə.Rəsulzadə parlamentdə BDU-nun açılmasının zəruriliyi ilə bağlı çıxışlarında deyirdi: “Bir ölkədə, bir millətin siyasi həyatında və millətin formalaşmasında darülfünunların, akademiyaların əmələ gətirəcəkləri tərəqqinin dərəcə meyarı misilsizdir. Tarixdə Afina darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər? Almanları 1806-cı il fəlakətindən sonra yenidən şöhrətə, siyasətə və hərbə hazırlayan və Napaleondan qəhər bir intiqam alan Berlin və Hamburq darülfünunları olmamışdırmı? Arximedin müvazi qanunları, Qalileyin elmi ərazi, Dekartın riyaziyyəsi, Volter və J.J.Russonun elmi – ictimayəsi, Kludfayerin fiziolojisi... Bunların həyata tətbiqi və təhqiqini təmin edən darülfünunlar olmuşdur. Yeni millət, yeni elm, yeni fəlsəfə demək isə hər darülfünunda yeni bir məbəd olmasının icbar edər, Azərbaycan Darülfünunu əlbəttə bir türk Darülfünunudur, çünki türk milləti, türk parlamanı, türk hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır” (Bakı Darülfünunun təsisi, 1989).

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ YAŞLILARIN TƏHSİLİ HAQQINDA

“Cümə məktəbi” (“Tərəqqi”, 1908, №53), “Gecə dərslərində təəssüratım” (“Tərəqqi”, 1909, №24), “Cümə məktəbi” (“İrşad”, 1908, №4) və s. məqalələrində yaşlıların təhsili məsələsinə toxunan M.Ə.Rəsulzadə “Zülməti-cəhalətdə olduğunu bilib işığa çıxmaq istəyinə, istər girifdar olduğu üsrətdən naşi bir az “qara-qura” da olsa belə, öyrənmək özünə mümkün edə bilməyənlərə cümə məktəbi işıqlı bir rövzənədir, bilik və savad nemətindən bəhrəsiz qalan çinli zəhmətkeş füqarə cəmaət üçün açılan bir müəssisədir”– deyirdi (“Tərəqqi”, №53, 1908).

“Qiraətxana” (“İrşad”, 1906, №67), “Qiraətxanələrimizə dair” (“İrşad”, 1906, №6) məqalələrində M.Ə.Rəsulzadə N.Nərimanovun açdığı qiraətxananı millət bağçasında yeni açılmış qızılgülə bənzədir, onun tez bağlanmasını ürək ağrısı ilə bildirərək “Nicat” cəmiyyətinin açdığı qiraətxanənin 80 min müsəlman əhalisi olan bir şəhərdə oynayacağı rolundan bəhs edir, “maddi yardım etməklə davamına bais olalım” – deyə, camaatı hümmətə, qeyrətə çağırırdı.

M.Ə.Rəsulzadənin pedaqoji irsində ibtidai məktəblərdə milli məfkurəyə, milli mənafeyin dərk edilməsinə xidmət edən dərsliklərin təhlilinə geniş yer verilmiş, “Birinci il”, “İkinci il”, “Elmi-hesabi” kitablarının üsuli-cədidi məktəbləri üçün əhəmiyyətli rolu qeyd olunmuş, Ü.Hacıbəyovun “Hesab məsələləri” kitabı geniş təhlil olunmuş, təqdir edilmiş, “bütün Qafqaz müsəlman məktəblərində tətbiqi tövsiyə olunmuşdur” (“Tərəqqi”, 1908, №91).

MİLLİ DİRİLİK

M.Ə.Rəsulzadənin pedaqoji irsində milli tərbiyə məsələləri geniş yer tutur. Onun “Milli dirilik nədir?” və “Milli əxlaq” əsərləri də bu baxımdan qiymətlidir. Milli əxlaq tərbiyəsinin məzmununu açıqlayan M.Ə.Rəsulzadə milli əxlaqın əsas vəzifələrini aşağıdakı kimi müəyyənləşdirirdi: a) hər şey millət uğrunda, millətin birliyini və bütünlüyünü qorumaq; b) türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət; c) verilən sözə və danışıqlara riayət; c) haqqı, hürriyyəti, sülhü və demokratiyanı qorumaq, zülmə və təcavüzə qarşı barışmazlıq; d) milli səviyyəni daima yüksək tutmaq, geriliyə və cəhalətə qarşı barışmazlıq. Böyük mütəfəkkir qeyd edirdi ki, dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir13.

Daha sonra o qeyd edirdi ki, tarix boyunca milli dövlət qurmağa və yaşatmağa müvəffəq olmuş və səs salmış millətlər əxlaq və xarakterləri ilə sağlam olan millətlərdir. Belə millət istiqbalına əmin ola bilər. Çünki milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir.

M.Ə.Rəsulzadənin pedaqoji irsində mühacirətdə yazdığı əsərlər mühüm yer tutur. “Əsrimizin Səyavuşu” əsərində o, Azərbaycan Cümhuriyyətinin məktəb və maarif siyasətini açıqlayır, təhsilin milliləşdirilməsi, demokratikləşdirilməsi sahəsində görülmüş işləri ümumiləşdirərək yazırdı: “Burada məktəb, elm, texnika bitərəf tutulub, ondan müəyyən bir partiya və sinfin haqlı-haqsız tələblərinə qulağı küpəli bir əsir kimi tabe olmaq tələb edilmirdi: əksinə, müəllim və alimlərdən yaxşı bir pisliyi müstəqil olaraq seçə bilmək imkanına sahib namuslu bir Azərbaycan vətəndaşını tərbiyə etmələri tələb edilirdi”14.

Məsud yaşamaq, ülvi arzulara qovuşmaq, azad Azərbaycan vətəndaşı yetişdirmək, məmləkəti ürfanını nuru ilə işıqlandırmaq üçün maarifin yeni əsasda, milli platformada təşkilinə çalışan hökumətin fəaliyyətini M.Ə.Rəsulzadə belə səciyyələndirirdi: ümumi təhsilin tətbiqi əsas tutularaq bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən, kişilər və qadınlar üçün yeni qurulmuş seminariyalar vasitəsilə müəllimlər hazırlanırdı. İbtidai məktəblərin çoxaldılması üçün xüsusi olaraq İstanbuldan müəllimlər gətirilmişdi.

Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində müəllimlər kursu açılmışdı. Maarifçiliyin yayılması işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox ibtidai qız məktəbləri açılmış, hamısına da qızlar qəbul olunmuşdu. 

Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Onlar üçün gecə kursları açılmışdı. Qadınlardan ötrü gündüz kursları açılmışdı. Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti yaradılmışdı. Bundan başqa, yüzə yaxın tələbə texnikanın müxtəlif sahələri üzrə təhsil almaq üçün dövlət hesabına Avropa universitetlərinə və digər ali məktəblərə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdı. Belə qüvvətli ürfan ordusunun hazırlanması ilə məşğul olan milli Xalq Maarif Nazirliyi yaradılmışdı.

........................................................................
13 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
14 Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ QADIN TƏHSİLİ HAQQINDA

M.Ə.Rəsulzadənin yaradıcılığında qadın tərbiyəsi – “tərbiyəti-nisvan” əhəmiyyətli yer tuturdu. XX əsrin əvvəllərində Azərbaycanda qız məktəblərinin açılması, azərbaycanlı qızların təhsilə cəlb olunması Məmməd Əmini sevindirirdi. O bunu baş verən “yaxşı təbəddülat”ın, “böyük tərəqqiyat”ın nümunəsi hesab edirdi. O, “rus-müsəlman” qız məktəbində və digər təhsil ocaqlarında oxuyan azərbaycanlı qızları millətin “ümid işıltıları” adlandırırdı. Problemə ümummilli mənafedən yanaşan M.Ə.Rəsulzadə yazırdı: “Millətlər ailələrdən təşəkkül edər. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam millət ola bilməzlər. Ailə isə vəzifəsini anlar bir anaya malik olmayınca sağlamlaşmaq ehtimalından xaricdir. Anaya malik olmayınca deyir və israr ediyoram” (Vestnik Pravitelstva Azerbaydjanskoy Respubliki, 1920).

Onun fikrincə, ata nə qədər mütərəqqi düşüncəli, cəfakeş, mədəniyyətpərvər və iradəli olsa da, övladların tərbiyəsini anasız mükəmməl şəkildə, lazımınca yerinə yetirə bilməz. Ailələr var ki, atanın bütün cəhd və səyinə baxmayaraq bədbəxt və pərişanhaldır. Ona görə ki, müsəlman toplumlarında ana öz vəzifəsinin nə olduğundan xəbərsizdir. Çox zaman o, cəhaləti və bilməzliyi səbəbindən mütərəqqi ailə qanunlarını pozur. Özü də bilmədən uşaqlarının tərbiyəsinə mənfi təsir göstərir. Uşaqlar üzərində isə ananın təsiri atadan daha çoxdur. Beləliklə, cəmiyyətin bir hüceyrəsi olan ailədə övladların tərbiyəsi zədələnir (Vestnik Pravitelstva Azerbaydjanskoy Respubliki, 1920). Deməli, “təməəddün və tərəqqiyə” (mədəniyyət və inkişafa) malik bir cəmiyyət yaratmaqdan ötrü qızlar – gələcəyin anaları tərbiyə olunmalıdırlar.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ DİNİ TƏRBİYƏ HAQQINDA

Məşhur “Milli dirilik” əsərində Məhəmməd Əmin yazırdı: “Diriliklərin ən qiymətlisi milli dirilik, milli diriliyin əsas rüknlərindən biri də dindir. Hətta “din nə qədər dildən sonra gələn bir amil” olsa da, müəyyən şərait çərçivəsində bəzən ondan önə keçib daha qüvvətli, sirayətedici təsir gücünü ala bilər”15. O, dini tərbiyənin düzgün, dürüst aparılmasını ictimai və maarif meydanında son dərəcə əhəmiyyətli amil sayırdı. Bunun yolları və vasitələri barədə də öz təkliflərini verirdi. Göstərir ki, İslam dini insanlara düzgün və elmi əsaslarla öyrədilməli, saxta əlavə və artırmalardan (“həşv və zəvaiddən”) azad olmalıdır. Saxta artırmalar, uydurma, şəriətə müxalif təlim və təlqin dini tərbiyəyə pozğunluq salır. Müəllifin qənaətinə görə: “Dinimizdən bəhs edərkən yenə bu pozğunluqdan şikayət etmək məcburiyyətində qalırız. Bu da islah olunmaqla həşv və zəvaiddən qurtarmalı, öylə əsaslarla vəz olunmalıdır ki, islam millətini tərəqqi edib, bir millət olaraq təsis eləmələrinə mane olmasın”16.

........................................................................
15 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.
16 Rəsulzadə M.Ə. Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof. F.A.Rüstəmov). Bakı: Elm və təhsil, 2018, 288 s.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ VƏ MİLLİ KADR HAZIRLIĞI

1919-1920-ci tədris ilində Avropa ali məktəblərində müxtəlif ixtisaslar üzrə oxumağa 100 abituriyentin göndərilməsi nəzərdə tutulurdu. Bunlardan 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi (Hüseynov, 1994).

Xaricə göndərilən tələbələrin xərci üçün Xalq Maarifi Nazirliyinin sərəncamında olan dövlət xəzinəsindən 7 milyon manat ayrılmışdı. Avropaya göndərilənlərin hər biri üçün 1000 frank yol xərci, hər ay isə 400 frank təqaüd, Rusiyaya göndərilənlər üçün 3 min manat yol xərci və hər ay bir o qədər də təqaüd nəzərdə tutulmuşdu. Dövlət hesabına oxuyan tələbələr təhsilini başa vurduqdan sonra hökumətin göndərdiyi yerdə 4 il işləməli idilər.

Xarici ölkələrə ali təhsil almağa göndərilənlərdən biri-Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən 99 nəfər yola salındı. Həmin abituriyentlər çox hörmət və izzətlə yola salınırdı. Bu barədə “Azərbaycan” qəzetinin elanlarından birində oxuyuruq: “Avropaya təhsilə gedəcək tələbələr içərisində “Yaşıl qələm” dərnəyinin fəal və çalışqan üzvlərindən Əilyusif və Hənifə Zeynallı ilə bərabər bir neçə sayir gənc ədəbiyyat maraqlılarının şərəfinə olaraq “Yaşıl qələm” heyəti-idarəsi tərəfindən kanuni-saninin 13-də bir çay məclisi tərtib edildi. Çay məclisində “Yaşıl qələm” üzvləri ilə bərabər ədəbiyyat maraqlıları, osmanlı şair mühərrirlərindən möhtərəm Feyzulla Sacid və Rəşid Səriyyə bəylə arkadaşları və möhtərəm M.Ə.Rəsulzadə həzrətləri də hazır idilər. Məclisi “Yaşıl qələm” üzvi şair Salman Mumtaz əfəndi idarə ediyordu. Mühacirət edəcək yoldaşların ünvanına bir cox nitqlər söylədikdən sonra məclisin rizasına görə Əli Yusif Əfəndi yeni yazmış olduğu “Aras” mənzuməsini oxudu. Sonra Feyzilla Sacid bəy, doktor Rəşid Səriyyə, Salman Mumtaz əfəndi kəndi (öz – F.R) əşarlarından bir neçəsini oxudular. Böyləliklə çay məclisi gecə saat 12-də bitdi. Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam, qohum-əqraba, yoldaşlar və tanışlar, elm və mədəniyyət işçiləri, ədiblər, şairlər, mühərrirlər, müxtəlif partiyaların nümayəndələri gəlmişdi. Onlar vağzalın böyük salonunda toplaşmışdılar. Məclisi Balaxanı məktəbinin müəllimi Seyidbağır Axundzadə açdı. Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov, Salman Mümtaz qürbətə gedənlərə nəsihət və məsləhətlər verdilər. Məclisdə çıxış edən S.Ağamalıoğlu gedənlərə elmin, texnikanın incəliklərinə yiyələnməyi tövsiyə edərək demişdi: “Bu azərbaycanlı cavanlar gedir oxumağa, təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...” (“Azərbaycan” qəzeti, №19,1920).

Gedənlər Qurban Pirimovun tarının, Saşa Oqanozaşvilinin kamançasının, Cabbar Qaryağdıoğlunun dəniz kimi təlatümlü səsi altında vətəndən uzaqlaşdılar...

28 aprel 1920-ci ildən sonra xalq maarifinin milli əsasda inkişafı dayandırıldı, təhsilin məzmunu ciddi dəyşikliyə məruz qaldı, milli təfəkkür iflic edildi, düşüncələr korlaşdı. Şüurlarda soy-kökə, tarixə keçmişə biganəlik toxumu səpildi, millətin adı və əlifbası da (üç dəfə) dəyişdirildi, dini etiqad ocaqları ləğv edildi, məcburən hamı “allahsızlaşdırıldı”, ağıla, zəkaya və idraka qida verən əsərlərin təbliği qadağan edildi, milli həyat tərzi və psixologiyası deqradasiyaya uğradı.

NƏTİCƏ

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Konstitusiya Aktı qəbul etməklə dövlət müstəqilliyinə qovuşdu. Ümumxalq referendumunda əhali ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Müstəqil Azərbaycan dövlətinin inkişafının yeni mərhələsi başlanıldı. M.Ə.Rəsulzadənin doğma Azərbaycanla bağlı arzu və istəklərini Ulu Öndər Heydər Əliyev və onun ləyaqətli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirdi. Arzular, xəyallar gerçək həqiqətə çevrildi, erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Millətin istiqlalı və azadlığı uğrunda mübarizə aparan M.Ə.Rəsulzadə və məsləkdaşlarının xatirəsi əbədiləşdirildi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin (30 yanvar 1998), 90 illiyinin (15 fevral 2008) və 100 illiyinin (16 may 2017) keçirilməsi haqqında qərarlar qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı M.Ə.Rəsulzadənin irsinin milli müstəqillik ruhumuzun dövlət müstəqilliyinə çevrilməsində əhəmiyyətli rol oynadığını təsdiq edir. 

İstifadə edilmiş ədəbiyyat

1 “Azərbaycan” qəzəti, №19, 1920.
2 Bakı Darülfünunun təsisi. Bakı. 1989.
3 Hüseynov, Ş. (1994). Millət, istiqlal və maarif fədaisi. “Azərbaycan məktəbi” jurnalı, №1, s.3-6.
4 Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı. https://president.az/az/articles/view/6297
5 Razumovski, V.İ. (1922) Osnovanie universiteta v Baku, “İzvestiya Bakinskovo Qasudarsvennovo Universiteta”, №2 səh,16.
6 Rəsulzadə, M.Ə. (1913). Ümid işartıları. “İqbal” qəzeti. Bakı, 17 iyun.
7 Rəsulzadə, M.Ə. (1991). Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: “Gənclik”.
8 Rəsulzadə, M.Ə. (2015). Azərbaycan Cümhuriyyəti. Bakı, “Elm”, 151 s.
9 Rəsulzadə, M.Ə. (2018). Seçilmiş pedaqoji əsərləri (nəşrə hazırlayanı və ön sözün müəllifi prof.F.A.Rüstəmov). Bakı: “Elm və təhsil”, 288 s.
10 Tahirzadə, Ə., Tahirli, O. (2016). Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı.
11 Vestnik Pravitelstva Azerbaydjanskoy Respubliki. 1920, s.57.