REYTİNQ QİYMƏTLƏNDİRMƏSİNİN UNİVERSİTETİN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN FƏALİYYƏTİNƏ TƏSİRİ




Təhsil sisteminin keyfiyyəti bir çox elm adamları üçün tədqiqat obyektinə çevrilib. Ali təhsil müəssisələrində keyfiyyətin artırılması ilə
bağlı bir neçə göstərici (indikator) sınaqdan keçirilir və araşdırılır. Bu göstəricilərdən bəziləri professor-müəllim heyətinin fəaliyyəti ətrafında təsnifatlandırılır. Ədəbiyyatda professor-müəllim heyətinin fəaliyyətinə həsr olunmuş bir çox tədqiqatlar vardır. Lakin professor-müəllim heyətinin fəaliyyətinin bir çox aspektlərini özündə əks etdirən reytinq qiymətləndirməsi üzrə tədqiqatlar yox səviyyəsindədir. Bu səbəbdən bu tip tədqiqatların geniş öyrənilməsi məqsədəuyğundur.

Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim heyətinin elmi, pedaqoji və sosial fəaliyyətini əks etdirən reytinqin qiymətləndirilməsinə həsr olunur. Tədqiqatın predmeti ADPU-nun 1200 nəfərə yaxın professor-müəllim heyətinin 2018-ci ildən 2021-ci ilədək 72 göstərici üzrə reytinq qiymətləndirməsinin nəticələridir. Bütün alınan məlumatlar müqayisəli şəkildə Excel və SPSS proqramlarında geniş təhlil edilib. Müəyyən edilib ki, professor-müəllim heyətinin nailiyyətlərinin dinamikası yüksələn xətlə davam edir. COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ildə akademik heyətin göstəricilərində nisbi azalma ümumi inkişaf dinamikasına əsaslı təsir etməyib. Bundan başqa, professor-müəllim heyətinin balları, məqalələrinin sayı və tələbələrin qiymətləndirmələri arasında müsbət korrelyasiya əmsalı aşkar edilib. Tədqiqatın təhlili əsasında göstərilir ki, universitetin professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi universitetin tədqiqat, tədris və sosial mühitinə yaxşı təsir göstərir. Eyni zamanda, bu qiymətləndirmə müəllim heyətinin beynəlmiləlləşdirilməsinə və onların pedaqoji fəaliyyətinə əhəmiyyətli təkan verir

GİRİŞ

Qloballaşan dünyada idarəetmədə dəyişikliklər və məlumatların geniş istifadəsi insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni şərait və imkanlar yaradır. Cəmiyyətin yaşaması və inkişafı üçün insan kapitalı ən vacib amillərdən biridir. Buna görə də yeni sosial tələbatların ödənilməsi üçün təhsil və peşə hazırlığı sisteminə yeni yanaşmalar nəzərdən keçirilir. Bu da təhsildə keyfiyyətlilik amilinə daha çox fokuslanmanı göstərir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.0.5-ci bəndində “keyfiyyətlilik – təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu” kimi göstərilir (Təhsil haqqında Qanun, 2009). Təhsil müəssisəsinin fəaliyyətinin və müəssisədəki kadr hazırlığının keyfiyyət səviyyəsinin milli, beynəlxalq və ümumavropa təhsil sisteminin standartlarına cavab verməsi müəssisələrdə daxili keyfiyyət təminatı sisteminin formalaşmasını labüd edir. Çünki “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə1 keyfiyyətin təmin olunması üçün qoyulan tələblərdən biri təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olmasıdır. Bununla yanaşı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni hesabat sistemlərinin yaradılması strateji hədəflərdən biridir2.
Araşdırmalara əsasən 2025-ci ildə dünyada ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 263 milyona çata bilər. Bu isə öz növbəsində 2000-ci illə müqayisədə 163 milyon artıq tələbənin ali təhsilə cəlb olunacağından xəbər verir (Karaim, 2011, s. 551). Belə olduqda təhsilin keyfiyyətinə dair problemlər aktual məsələyə çevriləcək. Keyfiyyətli təhsilə tələbat artdıqca ali təhsil müəssisələri üçün keyfiyyət təminatına (KT) tələb artacaq (Hou, 2012; Varonism, 2014).

Təhsil müəssisələrində keyfiyyətin tənzimlənməsində reytinq qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir (York et al., 2015). Şanxay reytinq qiymətləndirməsi dünyanın qabaqcıl universitetlərində uğur qazanan məzunların sayı, uğur qazanan işçilərin sayı, Clarivate Analytics tərəfindən seçilmiş yüksək istinad edilən tədqiqatçıların sayı, təbiət və elm jurnallarında dərc olunan məqalələrin sayı, elmi istinad indeksində indekslənmiş məqalələrin sayı və universitetin heyətinin fərdi göstəricisi kimi meyarlar üzərindən aparılır (“Academic Ranking of World Universities”, 2018).

Dünya universitetlərinin illik reytinqi – Times Higher Education universitetlərin beş əsas fəaliyyət istiqamətini əks etdirən 13 indikator
əsasında qurulur (Buinytska et al., 2018): tədris, tədqiqat, sitatların sayı, beynəlmiləlləşmə, sənayedən vəsaitlərin cəlb edilməsi. Digər tədqiqat işində 10 istiqaməti əhatə edən 12 göstərici üzrə araşdırma aparılıb və faktorial təhlil edilərək yeni ölçmə alətinin effektivliyi vurğulanıb (Abubakar et al., 2018). Amerika tədqiqatçıları York Gibson və Rankin universitetin akademik nailiyyətlərini ölçən 6 istiqamət (karyera, akademik nailiyyət, məmnuniyyət, bilik və bacarıqların mənimsənilməsi, təlim nəticələrinin reallaşması, davamlılıq) üzrə təsnifatlaşan 21 indikatoru uğurla sınaqdan keçirib (York et al., 2015).

Avropa ali təhsilində keyfiyyət təminatı şəbəkəsi (ENQA) Bolonya prosesi çərçivəsində yaradılıb. Sonradan ENQA Avropada ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə Avropa standartlarının və təlimatlarının hazırlanmasına cavabdehlik daşıyır (ENQA 2005, 2009). Təhsil sahəsində keyfiyyəti təmin etməyə xidmət edən sənədlərdən biri də ESG (European Standards and Guidelines) – Avropa ali təhsil məkanında keyfiyyətin təminatına dair standartlar və qaydalardır. Bu sənəd Avropa ali təhsil məkanında keyfiyyətin necə təmin edilməsinə dair konsensusu əks etdirir. Onun tərkibinə daxil olan 24 standart üç istiqamət üzrə təsnifatlaşdırılıb: daxili keyfiyyət (10), xarici keyfiyyət (7) və keyfiyyət təminatı agentlikləri (7) üçün standartlar (Ali təhsildə daxili keyfiyyət təminatı üzrə metodik tövsiyə, 2022; ESG, 2015). Daxili keyfiyyət təminatı daxili idarəetmənin qiymətləndirilməsi sistemidir və təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun təmin olunmasına, ali təhsil müəssisəsində səmərəli və müasir təhsil mühitinin yaradılmasına, habelə onun fəaliyyətinin davamlı inkişafının təmin olunmasına xidmət edir (Ali təhsildə daxili keyfiyyət təminatı üzrə metodik tövsiyə, 2022, səh 27). Daxili keyfiyyətə aşağıdakı standartlar aiddir (ESG, 2015):

1.1. Keyfiyyət təminatı siyasəti;
1.2. Proqramların hazırlanması və təsdiqi;
1.3. Öyrənənlərə yönəlmiş tədris və qiymətləndirmə;
1.4. Tələbə qəbulu, təşviqi, tanınması və sertifikatlaşdırılması;
1.5. Müəllim heyəti;
1.6. Tədris resursları və tələbə dəstəyi;
1.7. İnformasiyanın idarə olunması;
1.8. İctimai informasiya;
1.9. Proqramların daimi monitorinqi və dövri baxışdan keçirilməsi;
1.10. Periodik xarici keyfiyyətə nəzarət.

Yuxarıdakı indikatorlar üzrə araşdırmalar universitetlərdə fəaliyyət göstərən KT mərkəzləri tərəfindən həyata keçirilir. Belə ki, 2018-ci ildə Avropa komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı üçillik layihə əsasında bir çox universitetlərdə, o cümlədən ADPU-da Keyfiyyətin təminatı şöbəsi fəaliyyətə başlayıb. 2020 və 2021-ci illərdə isə ADPU-nun beş filialında KT şöbələri yaradılıb. Bununla yanaşı, 2021-ci ildə ADPU-da KT şöbəsinin nəzdində işçi qrupun tərkibi təsdiqlənib və 26 nəfərdən ibarət heyət işə başlayıb. Şöbə tərəfindən ADPU-da tələbələr arasında məmnuniyyət sorğuları və akademik heyətin fəaliyyətini əks etdirən qiymətləndirmə prosesləri həyata keçirilib.

Ali təhsilin akkreditasiya sistemləri, adətən, professor-müəllim heyətinin keyfiyyətini əsas element kimi nəzərdən keçirir. Bununla bağlı bir sıra araşdırmalar (Brennan and Shah, 2000; Harvey, 2007; Westerheijden et al. 2014; Dill and Beerkens, 2013) mövcuddur. Portuqaliyalı tədqiqatçılar Kladio və Andre müəllim heyətinin keyfiyyətinin nə demək olduğunu, onun necə ölçüldüyünü və personalın keyfiyyətinin müxtəlif aspektlərinin bir-biri ilə necə əlaqəli olduğuna dair empirik tədqiqatlar aparıblar. Bununla yanaşı, onlar dövlət idarəçiliyi sahəsində altı dövlət universitetindən 21 müəllimin iştirak etdiyi 236 tədris proqramı üzrə göstəricilərin statistik təhlilini aparıblar. Göstəriblər ki, professor-müəllim heyətinin keyfiyyəti standartlara uyğundur, lakin araşdırmaların kvalifikasiyasına dair bəzi məsələlər vardır ki, onları həll etmək lazımdır.

Beləliklə, təhsilin keyfiyyətli olmasında ali təhsil müəssisəsinin akademik heyətinin də rolu böyükdür. Bu faktoru gücləndirən əsas səbəblərdən biri də ali təhsil müəssisəsinin ixtisası üzrə mükəmməl bilik və bacarıqlara malik məzununun hazırlanması ilə ona tədris edən professor-müəllim heyətinin fəaliyyətinin çox sıx əlaqədar olmasıdır. Nəzərə alsaq ki, XXI əsr ali təhsil məkanında əmək bazarının tələblərinə cavab vermək uğrunda çox güclü rəqabət gedir, onda ali təhsil müəssisələrinin akademik heyətinin peşəkarlığı daim diqqət mərkəzində durur. Bu səbəbdən ali təhsil müəssisəsinin professor-müəllim heyətinin elmi, pedaqoji və sosial fəaliyyəti daim gündəmdə olmalı, zərurət yarandıqda isə növbədənkar məqsədyönlü tədbirlər həyata keçirilməlidir.

ADPU məzunlarının nailiyyətlərində müəyyən artım tendensiyası mövcuddur (adpu.edu.az). Universitetin akademik nailiyyət göstəricilərinin daim öndə olması üçün onun daxili keyfiyyət indikatorlarının, o cümlədən akademik heyətin fəaliyyətini əks etdirən qiymətləndirmənin aparılması labüddür. Bu məqsədlə məqalədə ADPU-da akademik heyətin reytinq qiymətləndirilməsinə dair tədqiqatların nəticələri araşdırılıb.

METODLAR

Əvvəlcə dünyada qabaqcıl ölkələrin nümunəsində akademik heyətin inkişafını təmin edən amillər araşdırılaraq təhlil olunub. ADPU-da 2018 və 2019-cu illərdəki tədqiqatlarda 8 fakültənin akademik heyəti (753 müəllim) iştirak edib. 2021-ci ildəki tədqiqatlarda isə ADPU-da 8 fakültə ilə yanaşı 5 filial və bir kollec (ADPK) də daxil olmaqla ümumilikdə 1212 nəfər professor-müəllim heyəti iştirak edib. ADPU-da KT şöbəsi fəaliyyətə başladığı ildən akademik heyətin reytinq qiymətləndirilməsini həyata keçirib. Belə ki, hər ilin noyabr ayında cari il üçün müəllimin elmi, pedaqoji və sosial fəaliyyətlərini əks etdirən 72 meyar üzrə sənədləri elektron link vasitəsilə toplanıb. Qiymətləndirilmə həm illər üzrə, həm də reytinq illəri üzrə aparılır. Bu zaman reytinq ili üzrə hesablama cari ilin 75%-i ilə keçən ilin 25%-nin cəmi şəklində aparılıb. Əldə edilən statistik məlumatlar Excel və SPSS proqramında müqayisəli təhlil olunaraq cədvəllər şəklində universitetin elmi şurasında təqdimatla şura üzvlərinə, həmçinin filiallara çatdırılıb.

NƏTİCƏLƏR

Diaqram 1-də 2018 və 2019-cu illər üzrə professor-müəllim heyətinin ballarının dəyişməsi ilə bağlı statistik diaqram verilir. İki ilin  müqayisəsindən göründüyü kimi, professor-müəllim heyətinin 72%-nin nəticələri artıb, 25,4%-ində geriləmələr müşahidə olunur. Ən pis hal kimi 2.55% müəllimin nəticələri 0 olmasını qeyd etmək olar. Bu şəxslərlə bağlı araşdırmadan məlum oldu ki, onların  əksəriyyəti yeni işə qəbul olanlardır.

Diaqram 1 ADPU-da 2018 və 2019-cu illər üzrə professor-müəllim heyətinin topladığı balların statistikası

2021-ci ildə isə ADPU-nun kollec və filialları da bu tədqiqatlarda iştirak edib və nəticələr emal olunub (Diaqram 2). Göründüyü kimi 2021 və 2019-cu ilin reytinq qiymətləndirilməsində müvafiq ballar üzrə müəyyən irəliləyiş və geriləmələr mövcuddur. Belə ki, 10-100 bal aralığında irəliləyiş, 100-300 arasında geriləmə, 300-dən böyük balların statistikasında artımlar müşahidə olunur.

Diaqram 2 ADPU-da professor-müəllim heyətinin topladığı reytinq balların müqayisəli statistikası (2019 REYT. və 2021 REYT.)

Alınan nəticələrə tam aydınlıq gətirmək üçün ADPU-nun professor-müəllim heyətinin 2018-2021-ci illər üzrə topladığı balların nəticələri təhlil edilir (Diaqram 3).

Diaqram 3 ADPU-da professor-müəllim heyətinin 2018-2021-ci illər üzrə topladığı balların statistikası

Göründüyü kimi, son iki ilin müqayisəsindən məlum olur ki, akademik heyətin 39,93%-i 2021-ci ildə balını artırıb, 16,25%-i isə azaldıb. Bununla yanaşı, həm 2021 və həm də 2020-ci illərdə balını artıranlar 5,78%, azaldanlar isə 8,5% olub. Dörd ilin nəticələri ilə müqayisədə son üç ildə 2.89% balını artırıb, 0,98% azaldıb. Bundan başqa, son üç ilin müqayisəsində yalnız pandemiya ilində (2020) balı azalanlar 32.51% olub.

Tədqiqatlar zamanı müəllimin elmi və pedaqoji fəaliyyətləri arasında asılılıqlar araşdırılıb. Belə ki, müəllimin topladığı ballarla, məqalələrinin sayı və tələbələrin müəllimin fəaliyyətinə verdiyi ballar (maksimum 30 baldır) arasında uyğunluq tədqiq edilib. Bu uyğunluğu araşdırmaq üçün öncə dəyişənlərin normal paylanması aparılmalıdır (Zhivitskaya, Sysa, 2018; Lehmann, 2006). Bu paylanma Kolmoqorov-Smirnov testi vasitəsilə həyata keçirilib (Cədvəl 1). Kolmoqorov-Smirnov testinin nəticələrinə əsasən asimptotik dəyişənin dəyəri (Asymp. Sig. (2-tailed)) formalaşır.

Cədvəl 1 Kolmoqorov-Smirnov testi

Cədvəl 1-dən göründüyü kimi hər üç dəyişəndə asimptotik dəyər 0,000-dır və bu dəyər 0.05-dən kiçik olduğu üçün müəllimlərin  balları, tələbələrin verdiyi ballar və müəllimlərin məqalələrinin sayı üzrə məlumatların normal paylanmadığı aşkarlanıb (Kirkman, 1996).

Ədəbiyyatdan məlumdur ki, dəyişənlər normal paylandıqda Pirson, normal paylanmadıqda Spirman korrelyasiya testinin tətbiqi məqsədəuyğundur (Gogtay and Thatte, 2017). Bu səbəbdən adıçəkilən dəyişənlərin korrelyasiyası Spirman testi vasitəsilə araşdırılıb (Cədvəl 2).

Cədvəl 2 Spirman korrelyasiyası

Cədvəl 2-dən göründüyü kimi H0 fərziyyəsi (müəllimin topladığı ballarla onun məqalələrinin sayı və tələbələrin müəllimin fəaliyyətinə verdiyi ballar arasında asılılıq yoxdur) rədd edilə bilməz. Çünki Asimptotik dəyər hər üçündə 0,000-dır və bu da 0,05-dən kiçikdir. Başqa sözlə, hər üç dəyişən arasında asılılıq vardır. Yekun olaraq Cədvəl 2-dən aşağıdakı nəticəyə gəlmək olar:

  • Müəllimin topladığı ballarla onun məqalələrinin sayı arasında korrelyasiya əmsalı 0.579-dur. Əmsalın müsbət olması düz asılılığı və qiymətinin 0,5–1.0 aralığına düşməsi asılılıq dərəcəsinin yüksək olduğunu göstərir.
  • Müəllimin topladığı ballarla tələbələrin müəllimin fəaliyyətinə verdiyi ballar arasında korrelyasiya əmsalı 0.238-dir. Əmsalın müsbət olması düz asılılığı, qiyməti isə zəif asılılığı göstərir.
  • Müəllimin məqalələrinin sayı ilə tələbələrin müəllimin fəaliyyətinə verdiyi ballar arasında korrelyasiya əmsalı 0.181-dir. Əmsalın müsbət olması düz asılılığı, qiyməti isə zəif asılılığı göstərir.

MÜZAKİRƏ

Diaqram 1-dən göründüyü kimi, reytinq qiymətləndirməsinin tətbiqi ilk illərdən müəyyən əsaslı irəliləyişlərin meydana çıxmasına səbəb olub. Digər tərəfdən müəllimlərin yüksək hərəkətliliyi müşahidə edilir. Lakin 2020-ci ildə – pandemiya dövründə gözlənilən geriləmələr müşahidə olunur (Diaqram 3). Bu özünü 2020-ci ilə nəzərən 2021-ci ildə balını artıranlarda (5.78%) və azaldanlarda (8.5%) büruzə verir. Amma buna baxmayaraq, dörd ilin müqayisəsində akademik heyətdə balı artan və azalanların fərqinin müsbət (1.91%) olması nailiyyət dinamikasının artan xətlə davam etməsi kimi qiymətləndirilə bilər.

Akademik heyətin topladığı balların nəticəsi olaraq 2019-cu ilin reytinqində 100-300 aralığında bal toplayan müəllimlərin yeri 10-100 və 300-dən böyük aralıqlara doğru sürüşüb (Diaqram 2). Bundan başqa, akademik heyətin ən çox topladığı ballar 100-200 aralığından 30-100 aralığına doğru dəyişib. Diaqram 2-də 0 və 0-10 arası bal toplayanların azalmasına görə onların əksəriyyətinin 10-100 bal aralığına düşdüyünü deyə bilərik. Çünki həmin şəxslərin bir il ərzində 300-dən çox bal toplaması az ehtimal olunandır. Bununla yanaşı, 300-3000 bal aralığındakı artım müəllimlərin elmi və pedaqoji fəallığında irəliləyişi göstərir. Bu irəliləyişin mövcudluğunu təsdiq etmək üçün akademik heyətin elmi və pedaqoji fəaliyyətlərini ölçən meyarların onların topladığı ballarla uyğunluğunu göstərmək olar (Cədvəl 2). 

Tədqiqatlarımızda 2020-ci il üçün professor-müəllim heyətinin fəaliyyətindəki ümumi geriləmə ədəbiyyatda bununla bağlı araşdırmalarla üst-üstə düşür (Mishra et al., 2020; Shoaib et al. 2022; Van der Ross et al., 2022; Montenegro-Rueda et al., 2021). Göstərilir ki, COVID-19 pandemiyası ali təhsil də daxil olmaqla, xidmət sahəsinin bütün sektorlarına mənfi təsir göstərib. Müdafiə tədbiri kimi demək olar ki, bütün ənənəvi təhsil müəssisələri virtual platformalar üzərindən fəaliyyətə başlayıb. Pandemiyanın yaratdığı bu vəziyyət universitetin akademik heyətində stress yaradıb və onların fəaliyyətinə mənfi təsir edib. 

Professor-müəllim heyətinin əsas elmi fəaliyyət istiqamətini onların apardığı araşdırmalar əsasında yazdığı məqalələr təşkil edir. Bu məqalələrin elmi jurnallarda çap olunması reytinq qiymətləndirilməsində yüksək dəyərləndirilir. Qiymətləndirmə zamanı ədalətlilik prinsipini gözləmək məqsədilə məqalələrin çap olunduğu jurnallar da öz “çəkisinə” görə müvafiq ballarla qiymətləndirilib. Ali təhsil müəssisəsinin beynəlmiləlləşməsi istiqamətində beynəlxalq konfranslarda, Web of Science və Scopus bazasına daxil olan nüfuzlu elmi jurnallarda və ya digər xarici elmi jurnallarda çap olunan məqalələrin xüsusi rolu var. Pedaqoji universitet və onun filiallarından 2021-ci il üzrə bu jurnallarda 62 məqalə çap olunub. Maraqlıdır ki, akademik heyətin ümumi göstəricələrinin zəif olduğu 2020-ci ildə onların məqalələrinin sayı yüksək olub (74 məqalə). Bu da müəllimlərin pandemiya dövründə elektron xarici jurnallara daha çox üstünlük verməsini göstərir.

Akademik heyətin elmi və pedaqoji fəaliyyətini, eyni zamanda tələbələrin müəllimlərdən məmnuniyyət sorğusu arasında asılılıqlar (Cədvəl 2) göstərir ki, müəllimin elmi fəaliyyətinin göstəricisi olan məqalələrinin sayı onların topladığı ballar ilə düz mütənasibdir. Bununla yanaşı, akademik heyətin balının tələbələrin verdiyi ballarla düz asılı olması onu göstərir ki, müəllimin elmi fəaliyyətinin artması onların pedaqoji fəaliyyətinin artmasına gətirib çıxarır və bu da özünü onların topladığı ballarda büruzə verir. Cədvəl 2-də müşahidə olunan korrelyasiya əmsalının həqiqiliyi Asimptotik qiymətlə (p<0.05) yanaşı, tələbələr arasında aparılan çoxsaylı sorğuların nəticələri ilə təsdiq olunub.

Ümumiyyətlə, tədqiqat və tədris səmərəliliyi arasında əlaqələr müntəzəm nəzəri və empirik tədqiqatlarla araşdırılıb və müəyyən qədər ciddi müzakirələrə səbəb olub (Elton, 2001; Grant and Wakelin, 2009; Malcolm, 2014). Göstərilib ki, bu müzakirələr, əsasən, müvafiq anlayışların ölçülməsi, qarşılıqlı əlaqənin təbiəti və səbəb-nəticə əlaqəsi kimi mövzulardan qaynaqlanır. Biz də öz tədqiqatlarımızda bu amilləri geniş şəkildə nəzərdən keçirmişik.

Tədqiqatımızın nəticələri Lyublyana Universitetində aparılan tədqiqatların nəticələri (Cadez et al., 2017) ilə uyğunluq təşkil edir. Belə ki, müəyyən olunub ki, tədqiqatın keyfiyyəti tədrisin keyfiyyəti ilə müsbət korrelyasiyadadır. Bu korrelyasiyanın formalaşmasında əsas faktor nüfuzlu jurnallarda nəşrlərin və istinadların sayının tədrisin keyfiyyətinə təsir göstərən amillər olmasıdır.

ADPU-da professor-müəllim heyəti arasında aparılan reytinq qiymətləndirilməsinin nəticələrinə görə yüksək göstəricilərlə fərqlənənlər mükafata layiq görülüb.

XÜLASƏ

Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd edək ki, universitetdə professor-müəllim heyətinin fəaliyyətinin reytinq qiymətləndirilməsi universitetin tədqiqat, tədris və sosial mühitinə müsbət təsir göstərib. Həmçinin bu qiymətləndirmə akademik heyətin beynəlmiləlləşməsinə və pedaqoji fəaliyyətinə çox böyük təkan verir. Aparılan qiymətləndirmənin effektivliyi universitetin idarəetmə sistemində, daxili və xarici maraqlı tərəflərin dəstəkləyici ünsiyyəti və təşəbbüskarlığı hesabına formalaşıb. Tələbələr arasında aparılan məmnuniyyət sorğularının nəticələrinin təhlili bu fikri təsdiqləyir. Akademik heyətin reytinq qiymətləndirilməsinin onların fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verdiyini nəzərə alaraq bu tip tədqiqatların davamlı olaraq aparılması məqsədəuyğundur.

İstifadə edilmiş ədəbiyyat

1 Abubakar, A., Hilman, H., Kaliappen, N. (2018). New Tools for Measuring Global Academic Performance. SAGE Open, 8(3), 215824401879078.
2 Academic Ranking of World Universities. (2018). May 3, 2018. http://www.shanghairanking.com/
3 Ali təhsildə daxili keyfiyyət təminatı üzrə metodik tövsiyə. Bakı, 2022, 116 səh.
4 Brennan J., Shah, T. (2000). Managing quality in higher education: An international perspective on institutional assessment and change. Buckingham: Organisation for Economic Cooperation and Development, The Society for Research into Higher Education & Open University Press.

5 Buinytska, O., Hrytseliak, B., Smirnova, V. (2018). Ratıng as assessment tool of qualıty and competıtıveness of unıversıty. Open educatıonal e-envıronment of modern unıversıty. 16-32.
6 Cadez, S., Dimovski, V., Zaman, G.M. (2017). Research, teaching and performance evaluation in academia: the salience of quality. Studies in Higher Education. 42. 1455-1473.
7 Dill, D., Beerkens, M. (2013). Designing the framework conditions for assuring academic standards: Lessons learned about professional, market, and government regulation of academic quality. Higher Education, 65(3), 341–357.
8 Elton, L. (2001). “Research and Teaching: Conditions for a Positive Link”. Teaching in Higher Education 6 (1): 43–56.
9 ENQA. (2005). Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area. Helsinki: European Association for Quality Assurance in Higher Education.
10 ENQA. (2006). Quality Assurance of Higher Education in Portugal: An assessment of the existing system and recommendations for a future system. Helsinki: European Association for Quality Assurance in Higher Education. 
11 ESG – Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area. (2015). Brussels, Belgium.
12 Gogtay, N.J., Thatte, U.M. (2017). Principles of Correlation Analysis, Journal of The Association of Physicians of India, Vol. 65, pp.78-81.
13 Grant, K., Wakelin,S. (2009). “Reconceptualisation the Concept of a Nexus? A Survey of 12 Scottish IS/IM Academics’ Perceptions of A Nexus Between Teaching, Research, Scholarship and Consultancy.” Teaching in Higher Education 14 (2): 133–46.
14 Harvey, L. (2007). The power of accreditation: Views of academics. Journal of Higher Education Policy and Management, 26(2), 207–223.
15 Hou, A. (2012). Mutual recognition of quality assurance decisions on higher education institutions in three regions: A lesson for Asia. Higher Education, 64(6), 911–926.
16 Karaim, R. (2011). Expanding higher education. CQ Global Researcher, 5(22), 525–572.
17 Kirkman, T.W. (1996). Statistics to Use: Kolmogorov-Smirnov test. Accessed 10 Feb 2010.
18 Lehmann, E. (2006). Nonparametrics: Statistical methods based on ranks. ISBN: 978-0387352121
19 Malcolm, M. (2014). “A Critical Evaluation of Recent Progress in Understanding the Role of the Research-Teaching Link in Higher Education.” Higher Education 67 (3): 289–301.
20 Mishra, D. L., Gupta, D. T., Shree, D.A. (2020). Online Teaching-Learning in Higher Education during Lockdown Period of COVID-19 Pandemic. International Journal of Educational Research Open, 100012.
21 Montenegro-Rueda, M., Rosa, A., Sarasola, J., Fernández, C., José. (2021). Assessment in Higher Education during the COVID-19 Pandemic: A Systematic Review. Sustainability. 13. 10509. 10.3390/su131910509.
22 Shoaib, M., Nawal, A., Korsakiene, R., Zámečník, R., Rehman, A., Raisiene, A. (2022). Performance of Academic Staff during COVID-19 Pandemic-Induced Work Transformations: An IPO Model for Stress Management. Economies. 10. 10.3390/economies10020051
23 Təhsil haqqında Qanun https://eqanun.az/framework/18343 
24 Van der Ross, M.R., Olckers, C., Schaap, P. (2022). Engagement of Academic Staff Amidst COVID-19: The Role of Perceived Organisational Support, Burnout Risk, and Lack of Reciprocity as Psychological Conditions. Front. Psychol. 13:874599. doi: 10.3389/fpsyg.2022.874599
25 Westerheijden, D.F., Stensaker, B., Rosa, M. J., Corbett, A. (2014). Next generations, catwalks, random walks and arms races: Conceptualising the development of quality assurance schemes. European Journal of Education, 49(3), 421–434.
26 York, T., Gibson, C., Rankin, S. (2015). Defining and Measuring Academic Success.Practical Assessment, Research & Evaluation, 20(5). 
27 York, T., Gibson, C., Rankin, S. (2015). Defining and Measuring Academic Success. Practice Assessment, Research & Evaluation. 20(5), pp.1-20.
28 Zhivitskaya ,Y.P., Sysa, A.G. (2018). Statisticheskiy analiz i obrabotka dannykh s pomoshch’yu SPSS: prakt. Minsk: IVTS Minfina, 54 s.