İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VƏ AZƏRBAYCANIN ÜMUMTƏHSİL PİLLƏSİNDƏ QİYMƏTLƏNDİRMƏ SİSTEMLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
İlham Cavadov, Aynur Həşimova
Ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə təhsil sahəsində də böyük irəliləyişlər əldə edilib. Azərbaycanın dünya birliyinə daxil olması təhsilin inkişafetdirici və yaradıcı xarakterinin artırılmasını, fərdi və praktik istiqamətinin gücləndirilməsini tələb edir. Hazırda insan fəaliyyəti getdikcə əsaslı şəkildə innovativ xarakter alır. Bir qayda olaraq, ənənəvi texnologiyaların istifadəsi ilə əlaqəli reproduktiv fəaliyyətin önəmi və çeşidi əhəmiyyətli dərəcədə azalır və insan fəaliyyətinin bütün sahələrində innovativlik artır. Dünyada bu, şübhəsiz ki, təhsil sisteminə və onun keyfiyyətinə xüsusi tələblər qoyur. Azərbaycan təhsil sisteminin qlobal təhsil sisteminə tədricən inteqrasiyası üçün geniş imkanlar var. Xarici təcrübənin təhlili və ümumiləşdirilməsi yerli pedaqoji təcrübənin dərk edilməsinə, təhsilin gələcək inkişafına və təhsildə inteqrasiya proseslərinə kömək edir. Dünyada təhsilin inkişaf tendensiyalarını başa düşmək üçün ən vacib məsələ təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tədqiqatlarla təsdiqləndiyi ölkələrin təcrübəsinin öyrənilməsidir.
GİRİŞ
Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda da qiymətləndirmə sistemi təhsil sahəsinin inkişafında prioritet istiqamətlərdən biridir. Qiymətləndirmə sistemi tədris və təlimin təkmilləşdirilməsində, respublikada şagird nailiyyətləri ilə bağlı düzgün məlumatların əldə edilməsində, eləcə də təhsil standartlarının monitorinqinin həyata keçirilməsi baxımından mühüm mexanizm hesab olunur. Şagirdlərin təlim nəticələri və onların obyektiv şəkildə qiymətləndirilməsi təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində mühüm göstəricidir.
Ümumtəhsil sistemində şagirdlərin nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsində üç əsas qiymətləndirmə növündən istifadə olunur:
- Şagirdlərin ilkin bilik səviyyəsini, onların əsas bilik və bacarıqlara malik olmasını müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə;
- İrəliləyişlərin monitorinqini nəzərdə tutan formativ qiymətləndirmə;
- Şagirdlərin standart və standartlar qrupunda göstərilən məqsədlərə nail olmalarını müəyyənləşdirmək məqsədi ilə aparılan summativ qiymətləndirmə.
Bu qiymətləndirmə növləri şagirdləri tədris olunan fənlərin məzmun standartlarında müəyyənləşdirilən əsas bilik və bacarıqların mənimsənilməsi sahəsində fəaliyyət istiqamətləri ilə təmin edir.
Azərbaycanda milli qiymətləndirmə ilə yanaşı, beynəlxalq qiymətləndirmədən də istifadə olunur. Beynəlxalq qiymətləndirmənin əsas funksiyası təhsilin səviyyəsinin qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Beynəlxalq qiymətləndirmədə monitorinqlər vasitəsilə müqayisə tədqiqatları aparılır, ölkədə təhsil sahəsində ümumi vəziyyət barəsində informasiya almaq, problemləri aşkara çıxarmaq, onların həlli yollarını araşdırmaq, əldə olunan nəticə və alternativləri xarici dövlətlərlə müqayisə etmək imkanı əldə edilir. Bu baxımdan Azərbaycan ümumtəhsil sistemində istifadə olunan qiymətləndirmə təcrübəsinin dünyanın aparıcı dövlətlərinin qiymətləndirmə təcrübəsi ilə müqayisəsi mühüm aktuallıq kəsb edir.
AZƏRBAYCANDA QİYMƏTLƏNDİRMƏ SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ
Azərbaycanda ümumtəhsil müəssisələrində qiymətləndirmə sisteminin müəyyən konseptual əsasları vardır. Qiymətləndirmə sxemi şagirdlərin işinin qiymətləndirilməsi və onlardan tələb olunanları aydın şəkildə göstərərək, konkret məqsəd və meyarları müəyyən edir. Bu, ilk növbədə, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” və Qiymətləndirmə Konsepsiyası sənədlərinə əsaslanır (Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası, 2009).
Azərbaycanda diaqnostik qiymətləndirmə yeni dərs ilinin, II yarımilin əvvəlində, tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin başlanğıcında, şagird məktəbdən məktəbə, sinifdən sinfə keçdikdə aparıla bilər. Diaqnostik qiymətləndirmənin məqsədi tədris və təlimin təşkil olunmasından əvvəl şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, yanlış bildiyi mövzuları öyrənmək və səmərəli təlim mühitinin yaradılmasıdır. Diaqnostik qiymətləndirmə zamanı müxtəlif vasitələrdən – müşahidə, tapşırıqvermə kimi üsullardan istifadə edilir. Bu qiymətləndirmənin nəticələri isə şagirdin fərdi qovluğunda saxlanılır.
Formativ qiymətləndirmə şagirdin fənn üzrə təhsil proqramında nəzərdə tutulmuş məzmunun mənimsənilməsi istiqamətində fəaliyyətini izləməyə, burada onun qarşılaşdığı maneələri müəyyənləşdirməyə və onları aradan qaldırmağa imkan verir. Bu qiymətləndirmə şifahi və yaxud yazılı şəkildə həyata keçirilir, bu yolla şagirddən alınan məlumat şərh edilir və beləliklə, şagirdlərin təlim səviyyəsi müəyyənləşdirilir və növbəti mərhələnin təşkili barəsində qərar verilir. Formativ qiymətləndirmə zamanı bir sıra vasitələrdən – müşahidə, sual-cavab, özünüqiymətləndirmə, şagirdlərin sual verməsi və s. istifadə olunur.
Summativ qiymətləndirmə təlim prosesinin konkret müddətinə qədər şagirdin əldə etdiyi biliyin və nailiyyətlərin ölçülməsi məqsədi ilə aparılır və iki mərhələdə keçirilir. Birincisi, fənlər üzrə dərsliklərdə hər bölmənin daxilində və ya sonunda aparılan kiçik summativ qiymətləndirmədir. İkincisi isə hər yarımilin sonunda aparılan böyük summativ qiymətləndirmədir.
Qiymətləndirmədə şagirdin yaşı və onların psixoloji vəziyyətinin kənar təsirlərdən qorunmasına diqqət yetirilir. Buna görə də məktəblərdə I siniflərdə summativ qiymətləndirmələr aparılmır. II və III siniflərdə böyük summativ qiymətləndirmələr (BSQ) keçirilmir, nisbətən yuxarı siniflərdə isə BSQ-lərin sayı xeyli azaldılıb. Şagirdlərin müəyyən təhsil səviyyəsində nəticələrinin müəyyənləşdirilməsi məqsədi ilə IV, IX, XI siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmələr keçirilir.
Qeyd edək ki ümumtəhsil məktəblərinin VVIII siniflərində və tam orta təhsil səviyyəsinin təmayül olmayan X sinfində buraxılış imtahan fənləri ilə yanaşı, məktəbin pedaqoji şurasının qərarına əsasən müəyyən olunmuş maksimum digər 3 fənn üzrə böyük summativ qiymətləndirmə keçirilə bilər (Qiymətləndirmə standartları haqqında ümumi məlumat, 2023).
Summativ qiymətləndirmə zamanı müəllimin müxtəlif üsullardan – esse, ifadə, test, situativ tapşırıqlar, çalışma, yaradıcılıq, əl işləri, layihə və s. istifadə etməsi məqsədəuyğundur.
Summativ qiymətləndirmədə test üsulu ən çox istifadə olunan metoddur. Test üsulunun müsbət tərəfi onun qısa müddətdə və standartlar çərçivəsində şagirdin biliyinin qiymətləndirilməsini təmin etməsidir. Bununla belə bu üsulun bir sıra çatışmazlıqları vardır. Test üsulu ilə şagirdlərdə tənqidi təfəkkür, şifahi və yazılı nitq qabiliyyətini əks etdirən bacarıqların yoxlanılması effektiv olmur. Bu baxımdan, summativ qiymətləndirmə zamanı test tapşırıqlarında açıq və qapalı suallardan istifadə olunması vacibdir. Qapalı sualda yalnız bir cavabın tapılması tələb olunursa, açıq sualda müəyyən şərh və əlavə məlumatların yazılması, qeyd edilməsi şərtdir.
BÖYÜK BRİTANİYADA QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
Britaniya təhsil sistemində beş təhsil pilləsi var: erkən illər, ibtidai təhsil, orta təhsil, əlavə təhsil, ali təhsil. Bu ölkədə uşaqlar 5 yaşından 16 yaşına qədər ibtidai və orta təhsildə icbari iştirak etməlidirlər. İcbari təhsil şagirdin yaşından asılı olaraq dörd əsas mərhələyə bölünür. Birinci mərhələ 5-7 yaşadək, dördüncü və sonuncu mərhələ isə 14 yaşdan 16 yaşa qədər davam edir. İngiltərədə icbari təhsilin ilk əsas mərhələsi 5-7 yaş arası uşaqları əhatə edən ibtidai məktəbdir. İcbari təhsilin bu mərhələsində şagirdlərə ingilis dili, riyaziyyat, tarix, coğrafiya, bədən tərbiyəsi, musiqi tədris olunur. Bu mərhələnin sonunda şagirdlər ingilis dili, riyaziyyat və təbiət fənləri (science) fənlərindən biliklərinin inkişafını ölçmək üçün imtahan verirlər.
İcbari təhsilin ikinci əsas mərhələsi 7-11 yaş arası şagirdlərdən ibarətdir və 3-6 ili əhatə edir. Bu mərhələnin sonunda məktəb şagirdləri ingilis dilindən oxu, ingilis dilinin qrammatikası, durğu işarələri və orfoqrafiya, riyaziyyat, təbiət fənləri üzrə sınaqdan keçirlər. Bu mərhələdə ingilis dili və riyaziyyat fənləri üzrə imtahan milli qiymətləndirmə testləri ilə aparılır, müəllim isə hər bir şagirdin təbiət fənləri üzrə təkmilləşmə səviyyəsini müstəqil qiymətləndirir (UK Education System Guide, 2023).
Böyük Britaniyada orta təhsil, adətən, şagirdlərin əksəriyyəti üçün 11 yaşdan, Birləşmiş Krallığın bəzi yerlərində 12 və ya 13 yaşdan başlayır. 11 yaşdan 14 yaşa qədər olan şagirdlər icbari təhsilin üçüncü pilləsinə daxil olur. Bu mərhələ təhsilin 7-9-cu illərini əhatə edir. Təhsilin bu mərhələsindəki kurikulumda şagirdlərin təhsilin gələcək pillələrinə keçməzdən əvvəl bəzi əsas bilikləri əldə etmələri nəzərdə tutulan yeni fənlər də yer alır. 11-14 yaş arası şagirdlər musiqi, riyaziyyat, elm, ingilis dili və s. kimi geniş spektrli fənləri öyrənir, 14 yaşına çatdıqda isə adətən GCSE kimi tanınan 2 illik prosesin birinci ilinə daxil olurlar. Üçüncü əsas mərhələnin sonunda bəzi tələbələr GCSE və ya digər milli imtahanlarını verə bilərlər (UK Education System Guide, 2023). GCSE şagirdlərin biliklərini yoxlayan imtahanlar toplusudur.
İcbari təhsilin yekun mərhələsi 14 yaşdan 16 yaşa qədər davam edir və 10-12-ci illəri əhatə edir. Dördüncü əsas mərhələ şagirdlərin GCSE və ya digər imtahanları vermək üçün milli qiymətləndirmə testlərinin keçirildiyi ən ümumi dövrdür. Şagirdlər GCSE-lərdə iştirak etmək üçün əlavə 4 və ya 5 fənni seçirlər. Bunlar fransız dili, alman dili, biznes tədqiqatları, dizayn və texnologiya, musiqi və s. fənlər ola bilər. GCSE-lər 2 il çəkir və Böyük Britaniyada şagirdlər üçün icbari təhsilin sona çatdığını bildirir. Dördüncü mərhələdə tədris olunan əsas fənlər bunlardır: ingilis dili, riyaziyyat və təbiət fənləri. Bu mərhələdə təməl fənlər olaraq hesablama, bədən tərbiyəsi, vətəndaşlıq tədris olunur. Bundan əlavə, İngiltərədəki məktəblər təhsilin bu mərhələsində incəsənət, dizayn və texnologiya, humanitar elmlər, müasir xarici dillər kimi fənlərdən birini təklif edir (UK Education System Guide, 2023). GCSE-ləri başa vurduqdan sonra şagirdlər ya əlavə təhsilə (ali təhsilə aparan yol ilə) keçə, ya da məktəbi tərk edib iş axtara bilərlər (İnternational student, 2023).
Böyük Britaniyada məktəbə daxil olanda tədris planını müəyyənləşdirmək və təlimi diferensiallaşma əsasında qurmaq üçün şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılır. Eyni zamanda təhsil sistemində formativ qiymətləndirmə xüsusi əhəmiyyətə və öyrədici xüsusiyyətə malikdir. Formativ qiymətləndirmə şagirdlərin təlim nəticələrinə müsbət təsir etməklə yanaşı, summativ qiymətləndirmə üçün hazırlıq rolunu oynayır (Qiymətləndirmə, 2023).
BELÇİKA VƏ NİDERLANDDA QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
Belçikada təhsil 18 yaşına qədər məcburidir. Orta məktəb hər biri iki il olmaqla üç pilləyə bölünür. Üçüncü və son mərhələ əlavə bir ixtisaslaşma və ya ali təhsilə hazırlıq ilini əhatə edir (Belgium French-Speaking Community, infopark – recognition of learning periods of abroad in general secondary education, 2019).
Belçikada qiymətləndirmə sistemi formativ və summativ qiymətləndirmədən ibarətdir. Formativ qiymətləndirmə şagirdin əldə etdiyi nailiyyətləri qiymətləndirmək və üzləşdiyi çətinliklərin səbəblərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bu qiymətləndirmə həm sistematik vasitələrlə – özünüqiymətləndirmə vərəqləri, müşahidə cədvəlləri, anketlər, inteqrasiya olunmuş testlər vasitəsi ilə, həm də qeyri-rəsmi şəkildə həyata keçirilə bilər (Belgium – French Community, Assessment in general lower secondary education, 2022).
Tələbələrin nailiyyətlərini müəyyənləşdirmək və təsdiqləmək məqsədi daşıyan summativ qiymətləndirmə isə təlim ardıcıllığından sonra aparılır. Bu qiymətləndirmədə müşahidə cədvəlləri, anketlər, inteqrasiya olunmuş testlər, layihələr kimi sistematik vasitələrdən istifadə edilir.
Orta təhsilin birinci pilləsi – natamam orta təhsil haqqında sertifikatın əldə edilməsi üçün test vasitələrindən istifadə edilir. Test dörd fəndən – riyaziyyat, fransız dili, təbiət elmləri və müasir dillərdən “əsas bacarıqlar” bölməsində təsvir olunan bacarıqların mənimsənilməsini qiymətləndirir (Belgium – French Community, Assessment in general lower secondary education, 2022).
Orta təhsilin ilk üç ili tronk kommunası adlanır və bunun sonunda şagirdlər aşağı orta təhsilin başa çatdığını göstərən sertifikat əldə edirlər. Bundan başqa, hər mərhələnin sonunda şagirdlər attestat alırlar və birinci mərhələnin sertifikatı (CE1D) ikinci sinfi bitirən şagirdlərə verilir. İkinci və üçüncü mərhələlərdə şagirdlər üç təhsil forması – ümumi, texniki, bədii formalardan, yəni şagirdləri universitetə hazırlayan ümumi təhsildən birini seçə bilərlər.
Tam orta təhsil sertifikatı ümumi orta təhsil pilləsində təhsilin son iki ilini eyni forma, tədris axını və istiqaməti üzrə müvəffəqiyyətlə başa vurmuş şagirdlərə verilir (Belgium French-Speaking Community, infopark – recognition of learning periods of abroad in general secondary education, 2019).
Hökumətin yaratdığı və müxtəlif təşkilati orqanların nümayəndələrindən ibarət olan komitələr – Əsas Bacarıqlar üzrə Qiymətləndirmə Alətləri Komitəsi, Keçid axını üzrə Qiymətləndirmə Alətləri Komitəsi, Kvalifikasiya axını üzrə Qiymətləndirmə Alətləri Komitəsi müxtəlif istinad təlimatlarına uyğun standartlaşdırılmış qiymətləndirmə test dəstlərinin hazırlanmasından məsuldur.
İldə bir və ya iki imtahan sessiyası təşkil olunur. İyun ayında təşkil olunan imtahanın əsas məqsədi şagirdlərin irəliləyiş üçün lazım olan minimum bacarıqlara nail olmasını müəyyənləşdirməkdir. Məktəbdə sentyabr ayında da imtahan sessiyası təşkil oluna bilər. Belə ki, Sinif Şurasının qərarına əsasən iyun ayında
imtahanda qeyri-kafi nəticə göstərən şagird sentyabr ayında imtahan verə bilər (Belgium – French Community, Assessment in general lower secondary education, 2022).
Niderlandda ibtidai təhsil 8 yaş qrupuna bölünmüş 4-11 yaş arası şagirdləri əhatə edir. Məktəblərdə ildə bir neçə dəfə davamlı qiymətləndirmə aparılır. Məktəblərin əksəriyyətində valideynlər şagirdlərin irəliləyişi ilə bağlı ildə üç-dörd hesabat alırlar. Bəzi məktəblərdə isə şagirdlərin irəliləyiş göstəriciləri haqqında altı həftəlik aralıq hesabatlar tərtib olunur. Hesabat kartında göstərilən qiymətlər şagirdin fəaliyyəti haqqında çoxsaylı məlumatları özündə əks etdirir. Niderlandda hər bir məktəbin öz qiymətləndirmə sistemi mövcuddur, lakin hesabat kartı qiymətləri ümumiyyətlə şagirdin ev tapşırığının yerinə yetirildiyini yoxlamaq üçün yazılı, şifahi testləri və layihələri özündə əks etdirir (Assessment in general secondary education (HAVO, VWO), 2022).
Məktəblər müntəzəm olaraq testlər vasitəsilə şagirdlərin irəliləyişinə nəzarət edir. Məktəbdə şagirdlərin nailiyyətləri onun valideynləri və ya qəyyumları ilə müzakirə olunur. Niderland orta məktəblərində summativ qiymətləndirmə test və müşahidə vasitələrindən istifadə etməklə keçirilir. İmtahan sillabusu elm, təhsil və mədəniyyət naziri tərəfindən təsdiq edilir. İmtahan sillabusunda məktəb imtahanında və milli imtahanda yoxlanılacaq elementlər, milli imtahanı təşkil edən testlərin sayı və onların müddəti müəyyənləşdirilir (Secondary school leaving examination, 2023).
Niderlandda orta təhsil pilləsi üzrə buraxılış imtahanı məktəb imtahanından və yekun dərs ilinin sonunda milli yazılı imtahandan ibarətdir. Məktəb imtahanı, adətən, hər fənn üzrə iki və ya daha çox şifahi, praktiki və ya yazılı testlər, heç bir qiymət verilməyən, yalnız namizədin onları lazımi şəkildə yerinə yetirməsini təsdiq edən praktiki tapşırıqlardan ibarətdir.
Milli imtahan təhsilin son ilində keçirilir. Milli imtahan başlamazdan əvvəl məktəb imtahanı tamamlanmalı və nəticələr Müfəttişliyə təqdim edilməlidir. Bəzi fənlər üçün yalnız məktəb imtahanı var. Milli imtahan açıq və ya çoxseçimli suallardan ibarət test tapşırıqları, bəzi hallarda praktik komponentlərdən ibarət tapşırıqlardan təşkil olunur. Milli imtahan tədris ili ərzində üç dəfə – may, iyun və avqust aylarında keçirilə bilər. Bütün namizədlər may ayında imtahan verirlər. İyun və avqust sessiyaları isə təkrar imtahanda iştirak edən və ya may ayında imtahan verməyənlər üçün nəzərdə tutulub. Hər bir fənn üzrə yekun qiymət məktəb imtahanı və milli imtahan balının orta qiyməti əsasında müəyyən edilir.
İmtahandan keçən bütün namizədlər direktorlarından məktəb və milli imtahanlarda toplanan qiymətləri, hər fənn üzrə yekun qiymətləri və məzun imtahanının nəticələrini əks etdirən transkript alırlar. Uğurlu namizədlər həmçinin sertifikat əldə edir, müvəffəq olmayan namizədlər imtahanı yenidən verməli olurlar. Səlahiyyətli orqan, şagirdlərin müvafiq fənn və ya fənlər üzrə məktəb imtahanından uğurla keçmələri şərti ilə son tədris ilində bir və ya daha çox buraxılış imtahan fənni üzrə milli imtahan verməsinə icazə verə bilər (Assessment in general secondary education (HAVO, VWO), 2022).
ALMANİYADA QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
Almaniyada uşaqlar 10 yaşından orta məktəbə gedirlər, Berlin və Brandenburq əyalətlərində isə bu yaş həddi 12-dir. Tam orta təhsil 15 yaşına çatana qədər məcburidir. Bundan sonra şagirdlər 18 yaşına qədər məktəbdə ya tam, ya da qiyabi təhsil alırlar. Almaniyada dövlət, dövlət subsidiyalı özəl və tam özəl məktəblər mövcuddur. Xüsusi seçimlərə beynəlxalq və metodik məktəblər daxildir. Uşağın hansı məktəbə gedəcəyi valideynin seçimindən və uşağın ibtidai məktəbinin tövsiyələrindən asılıdır (Secondary schools in Germany, 2023).
Almaniya olduqca unikal qiymətləndirmə sisteminə malikdir. Şagirdin fəaliyyətinin qiymətləndirilməsi dərslə əlaqədar gördüyü bütün işlərin, xüsusən yazılı, şifahi və praktik işlərin əsasında aparılır. Testlər və yazı tapşırıqları tədris ili ərzində bərabər paylanır. Şifahi iş şagirdlər tərəfindən edilən və sinifdə qiymətləndirilən şifahi töhfələrə aiddir. Praktik nailiyyətlər isə idman, musiqi, sənət və sənətkarlıq kimi mövzularda qiymətləndirmə üçün əsas rolunu oynayır.
Qiymətləndirmədə mühüm meyarlardan biri şagirdin sinifdə iştirakıdır. Eyni zamanda ev tapşırığı da qiymətləndirmə üçün əsas meyar hesab olunur. Hər bir şagirdin göstəriciləri məktəb hesabatında və ya tədris ilinin ortalarında və sonunda – ildə iki dəfə öyrənmə inkişafı hesabatında əks olunur.
Şagirdin fəaliyyətinin qiymətləndirilməsi pedaqoji prosesdir, lakin o, həm də hüquqi və inzibati qaydalara əsaslanır ki, burada müəllimlərə və bütövlükdə pedaqoji heyətə müəyyən səlahiyyətlər verilir. Şagirdlərin dərsdənkənar, xüsusən də iş yerləri və müsabiqələrdə əldə etdikləri təlim nəticələri gələcəkdə daha çox tanınmalı və qiymətləndirilməlidir (Germany, Assessment in general lower secondary education, 2023).
İbtidai təhsildə test imtahan balları yoxdur, yalnız ilin sonunda şagird fəaliyyətini əks etdirən hesabat var. Milli qiymətləndirmə 10 və 12-ci siniflərdə keçirilir.
Alman təhsil modelində şagirdlərə istedad və maraqlarına uyğun olaraq özlərini ifadə etmək azadlığı verilir. Şagirdlərə müntəzəm olaraq çoxlu ev tapşırıqları verilmir, onlar sadəcə düşünməni təmin edən layihə tapşırıqları icra edir. Almaniyada təhsildə istifadə olunan qiymətləndirmə vasitələri də şagirdlərə əlavə yük yaratmır, çünki onlar öyrənmə prosesinə fokuslanırlar. Qiymətləndirmə uşaqların müvəffəqiyyət göstəriciləri üçün nəzərdə tutulmayıb, o, yalnız beyindəki müəyyən şərtlərə görə öyrənmə çətinliklərini müəyyənləşdirmək üçün diaqnostik məqsədlər daşıyır (Germany, Assessment in general lower secondary education, 2023).
Şagirdlər 1 və 2-ci siniflərdə qiymətləndirilmir. Yazılı və şifahi dəyərləndirmələr var. Dördüncü sinfin sonunda imtahan yoxdur, şagirdlər qiymətlərinə uyğun olaraq istiqamətləndirilir.
- Gimnaziya (akademik lisey) – bu, adətən 18 yaşına qədər tam zamanlı təhsil alan və alman universitetinə daxil olmaq üçün abitur imtahanı verən yüksək nəticə göstərən tələbələr üçün alman qrammatikası məktəbidir.
- Realschule (orta məktəb) – 16 yaşına qədər oxuyan və sonra adətən ya gimnaziyaya keçən, ya da peşə diplomu üçün davam edən orta səviyyəli tələbələr üçün orta məktəbdir.
- Hauptschule (əsas təhsil məktəbi) – 15 yaşına qədər davam edən akademik tələbələr üçün ümumi orta məktəb. Tələbələr daha sonra Realschule diplomu üçün əlavə tam il oxuya və ya qiyabi peşə əsaslı təhsilə keçə bilərlər.
- Gesamtschle (çoxməqsədli məktəb) – Realschule və Hauptschule-ni birləşdirən inteqrasiya olunmuş ümumtəhsil məktəbi. Bugünkü alman təhsil sistemində bunlar daha çox yayılıb.
- Förderschule (dəstək məktəbləri).
Şagirdlərin təhsilinə hansı məktəbdə davam edəcəyinə riyaziyyat, alman dili və həyat bilgisi fənlərindəki nailiyyətinə görə məktəb rəhbərliyi qərar verir. Valideynlərin məktəbin qərarına etiraz etmək hüququ yoxdur (Secondary schools in Germany, 2023).
Almaniyada formativ qiymətləndirmə ibtidai sinif müəllimlərinin şagirdlər haqqında daha çox məlumat əldə edə bildiyi və onlara təkmilləşməyə kömək edə biləcəyi ümumi prosesdir. Formativ qiymətləndirmə müəllimlərə və şagirdlərə təlim məqsədləri və onların cari öyrənmə vəziyyəti haqqında məlumat verməklə, şagirdlərin əvvəlki təcrübələrinə əsaslanmaq və onların öyrənmələrində dəstək olmaq üçün əsas mexanizmdir (Ertl, Andreas Hartinger, Kücherer, Furtak 2022).
SKANDİNAVİYA ÖLKƏLƏRİNDƏ QİYMƏTLƏNDİRMƏ SİSTEMİ: NORVEÇ, DANİMARKA VƏ FİNLANDİYA NÜMUNƏSİNDƏ
Norveçdə şagirdlərin qiymətləndirilməsi onun özünü, valideynləri, müəllimi və məktəbi kurikulumun məqsədləri ilə bağlı irəliləyişləri haqqında məlumatlandırmaq, şagirdin istiqamətləndirilməsi, motivasiyası və inkişafı, müəllimə öz tədrisini, prosedurlarını və şagirdin tədrisdən qənaətbəxş nəticələr əldə edibetmədiyini davamlı olaraq qiymətləndirmək imkanı təklif etmək, şagirdin qabiliyyəti haqqında cəmiyyətə, işəgötürənlərə və ali təhsil müəssisələrinə məlumatların verilməsi məqsədini daşıyır. Formativ qiymətləndirmə həm öyrənmənin qiymətləndirilməsinə, həm də öyrənmə üçün qiymətləndirməyə aiddir və aşağıdakı sahələri əhatə edir:
- Altı aylıq qiymətləndirmələr;
- Davamlı tələbə rəyi şəklində sinif qiymətləndirməsi;
- Müxtəlif növ testlərin nəticələrinin təqib olunması;
- Özünüqiymətləndirmə.
Şagirdlərin özünü qiymətləndirməsi formativ qiymətləndirmənin bir hissəsidir. Qaydalar şagirddən öz işinin, qabiliyyətlərinin və akademik inkişafının qiymətləndirilməsində fəal iştirak etməyi tələb edir.
Yekun qiymətləndirmə ümumi nailiyyətləri və imtahanı birləşdirir və orta məktəbin hər fənn proqramının sonunda aparılır. Şagirdlərin sertifikatlarında iki növ qiymət qeyd olunur: 1. Hər bir fənn üzrə ümumi nailiyyət qiymətləri praktiki iş, sinif işi, ev tapşırığı, testlər, layihə işi və qrup işi daxil olmaqla, tədris ili ərzində tələbələrin fəaliyyətinə əsaslanır. 2. Eyni qiymətləndirmə sistemindən istifadə edərək ilin sonu imtahanlarında verilən qiymətlər. Yazılı fənlər üzrə imtahanların əksəriyyəti ictimai imtahan komissiyaları tərəfindən təşkil olunur. İmtahan işləri təcrübəli müəllimlərdən ibarət qruplar tərəfindən mərkəzləşdirilmiş qaydada qiymətləndirilir. Mümkün səhvlərdən qorunmaq üçün apelyasiya şikayətləri ilə bağlı xüsusi komissiya məşğul olur. Onların qərarı qətidir. İmtahanlar ya yazılı (5 saata qədər), şifahi (hər namizəd üçün 30 dəqiqəyə qədər), şifahi-praktiki (hər namizəd üçün 45 dəqiqəyə qədər) və ya praktiki (5 saata qədər) keçirilir.
Ali təhsilə aparan ümumi təhsilin 5 tədris sahəsi çərçivəsində Norveç dilində yazılı imtahanlar məcburidir. Bundan əlavə, şagirdlər, adətən, ən azı iki başqa fəndən yazılı imtahan verirlər. Bu imtahanlar Təhsil və Tədris Müdirliyi tərəfindən keçirilir və xüsusi şəxslər tərəfindən qiymətləndirilir.
Sertifikat əldə etmək üçün namizəd kurikuluma uyğun olaraq bütün fənlərdən və imtahanlardan keçməlidir. Sertifikatda bütün şagirdlərin bilməli olduğu məcburi fənlər və seçilmiş proqrama aid olan fənlər göstərilir (Norway, Assessment in general upper secondary education, 2023).
Danimarkada orta təhsil digər ölkələrdə olduğu kimi, ibtidai və orta təhsil səviyyələrinə bölünmür. Burada orta təhsil icbari xarakter daşıyır. 6-7 yaşdan 16 yaşına qədər danimarkalıların hamısı icbari orta təhsil almalıdırlar. Dövlət məktəbləri 11 il müddətinə icbari təhsilin tam dövrünü əhatə edir. Orta təhsil pilləsini bitirən şagirdlər 10 fənn üzrə buraxılış imtahanı verirlər. Orta məktəbin sonunda bütün şagirdlərə tədris olunan fənlərin siyahısı və qiymətləri göstərilmiş buraxılış vərəqəsi təqdim edilir. Şagirdlərin VII sinfə qədər bütün fənlərə dair qiymətləri haqqında valideynlərə məlumat verilir. VIII sinifdən etibarən isə yalnız o fənlər qiymətləndirilir ki, şagirdlər X sinfi bitirəndə həmin fənlərdən buraxılış imtahanı verəcəklər (Denmark, Assessment in general upper secondary education, 2023).
Danimarkada orta məktəblərdə iki növ qiymətləndirmədən istifadə edilir. Daxili qiymətləndirmənin məqsədi müəllimi və şagirdləri istiqamətləndirməkdir. Bu qiymətləndirmə şagirdlərin müəyyən fənn üzrə irəliləyişləri və akademik səviyyələri ilə bağlı məlumatın əldə edilməsinə imkan yaradır. Qiymətləndirmə metodu şagirdlər və müəllim tərəfindən müəyyən edilir, təlimin forma və məzmunu nəzərə alınır. Qiymətləndirmə zamanı bütün tədris ili ərzində test vasitələri, xüsusi tapşırıqlar, hesabatlar, müsahibələrdən istifadə edilir. Şagirdlər hər tədris ilində ən azı bir dəfə ümumi səriştəlilik baxımından qiymətləndirilir.
Xarici qiymətləndirmənin məqsədi şagirdlərin fənlər üzrə fərdi nailiyyətlərinin qiymətləndirilməsidir. Bu, illik qiymətləndirmə, rüblük və rəylər əsasında həyata keçirilir.
İmtahanlar yazılı, şifahi, situativ, layihə testləri və ya qarışıq formada ola bilər. Təhsil Nazirliyi yazılı imtahan sualları tərtib edir. Hər bir fənn üzrə müəllimlərdən və sözügedən fənn üzrə nazirliyin məsləhətçilərindən ibarət imtahan komissiyası fəaliyyət göstərir. Yazılı imtahan sənədləri iki kənar şəxs tərəfindən qiymətləndirilir. İmtahan şəhadətnaməsi şagirdin yekun semestr qiymətlərinin və imtahan qiymətlərinin orta balı minimum 2 olduqda verilir. Orta imtahan balı ali məktəbə qəbul üçün vacibdir.
Orta təhsil pilləsində şagirdlərin bir sinifdən digərinə keçməsi avtomatikdir. Bununla belə, şagirdin orta qiyməti keçid tələblərinə cavab vermirsə və təlim nəticəsi qeyri-kafi qiymətləndirilirsə, məktəb şagirdin sinifdə qalması haqqında qərar verə bilər. İmtahan nəticəsində şagirdlər sertifikat əldə edirlər. Sertifikatda illik qiymətləndirmələr, imtahan qiymətləri, xüsusi təhsil layihəsi, qiymətləri əks etdirən imtahan nəticəsi və orta qiymət öz əksini tapır (Academic Grading System and Assessment Methods in Denmark, 2023).
Finlandiyada qiymətləndirmə milli kurikulumda müəyyən edilmiş məqsədlərə əsaslanır. Qiymətləndirmənin məqsədi kursun qarşıya qoyduğu məqsədlərə çatması və şagirdlərin irəliləyişləri barədə rəy bildirməsidir (Finland, Assessment in general upper secondary education, 2023).
Finlandiyada şagirdlər ümumi tam orta təhsil pilləsinin sonunda buraxılış imtahanı verirlər. İmtahan ən azı dörd testdən ibarət təşkil olunur. Ana dilindən imtahan bütün namizədlər üçün məcburidir. Namizəd daha sonra dörd test arasından üç məcburi test seçir: xarici dil, riyaziyyat və bir humanitar və təbiət fənni. Qəbul imtahanının məqsədi tələbələrin tam orta ixtisas kurikulumunun bilik və bacarıqları və məqsədləri çərçivəsində gələcək təhsil üçün kifayət qədər uyğunluğunu daha yaxşı ölçməkdir. Qəbul imtahanı üçün ayrıca qiymətləndirmə sistemi mövcuddur. Testlər ilkin olaraq hər bir orta məktəbin müvafiq fənnin müəllimi və Qəbul İmtahan Şurası tərəfindən yoxlanılır və qiymətləndirilir. İmtahanlar fin və isveç dillərində keçirilir (Finland, Assessment in general upper secondary education, 2023).
ŞƏRQİ ASİYA ÖLKƏLƏRİNDƏ QİYMƏTLƏNDİRMƏ SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ
Yaponiyada icbari təhsil pulsuzdur. Bu müddəa ölkə Konstitusiyasında öz əksini tapıb. İcbari təhsil ibtidai və aşağı orta məktəbdən ibarətdir. İbtidai və aşağı orta məktəbdə I-IX siniflər təhsil alır. Aşağı orta məktəb məzunlarının 93%-i yuxarı orta məktəbə daxil ola bilir. İbtidai məktəbdə (I-VI sinif) 6, aşağı orta (VII-IX sinif) və yuxarı orta məktəblərin (XXII) hər birində təhsil 3 il davam edir. İbtidai məktəblərdə dərsin müddəti 45 dəqiqə, aşağı, orta / yuxarı orta məktəblərdə isə 50 dəqiqədir. Yaponiyada digər təhsil sistemlərindən fərqli olaraq imtahanların sayı çoxdur. Təhsilin bir mərhələsindən digərinə keçmək üçün şagirdlər imtahan verməlidir. Ən azı 90 bal toplayan şagirdə təhsil müəssisələrinə daxil olmaq hüququ verilir.
Şagird proqramı minimum səviyyədə mənimsəmədiyi halda dərs vaxtı müəllim ona xüsusi vaxt ayırır. Bu üsul da kömək etmədikdə fənn müəllimi həmin şagirdlə dərsdən əlavə vaxtda xüsusi məşğul olur. Belə fərdi yanaşmadan sonra da şagirddə heç bir irəliləyiş olmadıqda o, məktəbdən kənarlaşdırılır. Tədris ilinin sonunda şagirdlər imtahan verir. Müəllim düzgün yerinə yetirilmiş tapşırığı qırmızı dairəyə alır. Belə bir işarə yoxdursa, bu, şagirdin testi təkrar yerinə yetirməli olduğunu bildirir.
Yaponiyada formativ və summativ qiymətləndirmədən istifadə olunur. Müəllim şagirdin nailiyyəti haqqında açıq danışa bilməz, ona görə də qeydlərini öz şəxsi jurnalında aparır. Hətta testlər də balla qiymətləndirilmir. Yaponlara görə gündəlik qiymətlər şagirdlərdə stress və depressiyaya səbəb ola bilər. Bundan əlavə, bu, akademik göstəricilərə mənfi təsir edə bilər. Amma birinci sinif şagirdlərinin səyləri qiymətləndirilir. Müəllim “Hanamara” adlı bir çiçəyin şəklini çəkir, çiçəyin ləçəklərinin ölçüsü şagirdin çalışqanlıq səviyyəsini göstərir. Hər semestrin sonunda valideynlərə övladlarının inkişafı haqqında məlumat vermək üçün nailiyyət cədvəlindən istifadə olunur. Orta (aşağı və yuxarı) məktəblərdə ev tapşırıqları balla qiymətləndirilmir. Ona “düzdür” və ya “səhvdir” yazılır. Şagird boşluqları görür və onun üzərində çalışır.
İbtidai siniflərdə qiymətləndirmə yoxdur, yalnız ibtidai məktəbin sonunda keçirilən qiymətləndirmədə 1945 heroqrafdan 1006-nı bilənlər imtahanı keçmiş hesab edilir. VII sinifdən başlayaraq semestrin sonunda yapon dili, riyaziyyat, ingilis dili, təbiət və ictimaiyyət fənlərindən qiymətləndirmə aparılır. Şagirdlərin sinifdən-sinfə keçməsi bu qiymətləndirmələrin nəticəsindən asılıdır (The Japanese Education System. Learning Assessment, 2023).
Sinqapurda ibtidai məktəb (I-VI siniflər) 6 il, orta təhsil isə (VII-X siniflər) 4 il davam edir. İbtidai məktəbə qəbul 6 yaşındandır. 4-cü sinifdə uşaqlar bilik səviyyəsinə, maraqlarına və öyrənmə intensivliyinə görə qruplara bölünürlər. Bu tərkibdə onlar 6-cı sinfə qədər oxuyurlar, sonda orta məktəbə keçmək üçün imtahan verirlər. İbtidai təhsilin yekun 6-cı sinfində keçirilən qiymətləndirmənin əsas məqsədi şagirdlərin orta təhsilə hazırlıq səviyyəsini, onların imkan və bacarıqlarını, meyil və maraqlarını yoxlamaqdan ibarətdir. Bu imtahanın nəticələri uşağın harada oxuyacağını, proqramın intensivliyini və ixtisasını müəyyənləşdirir. Maraqlıdır ki, bu ölkədə müəllimlər şagirdlərin fəaliyyətini açıq şəkildə müzakirə etmirlər, ona görə də məktəblilər sinif yoldaşlarının qiymətini bilmirlər, lakin müəllimlər bunu öz aralarında müzakirə edə bilərlər.
Sinqapurda formativ qiymətləndirmə özünəməxsus şəkildə aparılır. Altıncı sinifdən əvvəl müəllim sinif daxilində uşaqları qiymətləndirmir. Müəllimlər sözdə formativ yanaşmadan istifadə edirlər, ona görə də şagirdlər məktəbdə qiymət əvəzinə “Yaxşı iş” (“Yaxşı”) və ya “Növbəti dəfə daha yaxşı cəhd edin” (“Növbəti dəfə daha yaxşısını etməyə çalışın”) ala bilər, yəni müəllim ya yaxşı görülən işi tərifləyir, ya da nəyin yaxşılaşdırılmasına diqqət çəkir.
Rübün sonunda məktəblərdə 100% miqyasda test şəklində nəzarət bölmələri təşkil olunur. Əgər şagird ən azı 51% bal toplayıbsa, o, artıq imtahandan keçmiş hesab olunur. Əgər şagird ev tapşırığını etməyibsə, dərsə hazırlıqsız gəlibsə, dərslərdən sonra qalır və bütün tapşırıqları yerinə yetirir.
Şagirdlərlə hər iki semestrdə summativ qiymətləndirmə keçirilir. Summativ qiymətləndirmə şagirdin öyrənmə səviyyəsini müəyyənləşdirmək üçün testlər vasitəsilə keçirilir. Yekun bal qiymət şəklində qeyd olunur. Şagirdin nəticələri valideynlərə SMS vasitəsilə və ya evlərə ziyarət etməklə bildirilir (Singapore: Classroom Assessment, 2023).
İbtidai və orta təhsili bitirən zaman şagirdlərin hazırlıq səviyyələri dövlət səviyyəsində qiymətləndirilir. Qiymətləndirmə Sinqapur İmtahan və Qiymətləndirmə Mərkəzinin Təhsil Nazirliyi ilə birlikdə hazırladığı vasitələrlə keçirilir. İbtidai sinifin yekun 6-cı sinifində ingilis dili, ana dili (çin dili, malay dili və s.), riyaziyyat və təbiət (fizika, biologiya və kimya) fənlərindən test vasitəsilə yekun qiymətləndirmə keçirilir. Qiymətləndirməni keçə bilməyən şagirdlər ibtidai məktəbdə təkrar bir il də oxuyur və növbəti il yenidən imtahan verirlər.
Cənubi Koreyada qiymətləndirmə sisteminin özünəməxsus xüsusiyyətləri var. Burada ibtidai və orta təhsil icbaridir. İbtidai və orta təhsil mərkəzləşdirilmiş sistem əsasında həyata keçirilir və 6 illik ibtidai məktəb (1-6-cı siniflər), 3 illik orta məktəb (7-9-cu siniflər) və 3 illik yuxarı məktəb təhsilindən (10-12-ci siniflər) ibarətdir. Şagirdlərin gündəliyi olmur, onlara ev tapşırığı verilmir, amma uşaqlar çox oxuyurlar, ibtidai siniflərdə oxuyan uşaqlar axşam saat səkkiz, orta məktəb şagirdləri saat on birdə evə qayıdırlar.
Formativ və diaqnostik qiymətləndirmə müəllim və məktəb rəhbərliyi tərəfindən aparılır. Bu qiymətləndirmələr müəllimə şagirdlərin irəliləmə və geriləmələri, çatışmayan cəhətləri barədə məlumat verir, onların vaxtında istiqamətləndirilməsinə kömək göstərir.
I-VI siniflərdə summativ qiymətləndirmə daha çox yazılı formada aparılır. Bu zaman şagirdin dərsdənkənar fəaliyyəti, xarakteri, inkişafı və fənni qavraması nəzərə alınır. VII-IX siniflərdə qiymətləndirmə ancaq yarımilliklərin sonunda keçirilir. Ana dili üzrə qiymətləndirmə 6 istiqamətdə aparılır: dinləmə, danışma, oxu, yazı, ədəbiyyat və qrammatika.
Cənubi Koreyada xarici qiymətləndirmə də keçirilir. XII sinifdən sonra payızda şagirdlər bütün fənlərdən imtahan verir, attestat alırlar. Dövlət səviyyəsində qiymətləndirmə seçmə üsulla aparılır. Bu zaman ana dili, ictimai elmlər, riyaziyyat, təbiət elmləri, ingilis dili fənlərindən şagirdlərin nailiyyətləri qiymətləndirilir. Qiymətləndirmədə 6, 9 və 10-cu siniflərdə təhsil alan şagirdlər iştirak edir. Çünki 6-cı sinifdə ibtidai, 9-da orta təhsil bitir. 10-cu sinifdə isə yüksək təhsil başlayır. Cənubi Koreyanın Proqram və Qiymətləndirmə İnstitutu tərəfindən hazırlanmış testlər vasitəsilə 7-ci və 9-cu siniflərin sonunda 10-cu siniflərə seçim üçün milli səviyyədə qiymətləndirmə keçirilir. Bu qiymətləndirmənin nəticələrinə əsasən həm də orta təhsil səviyyəsində (7-9-cu siniflərdə) tədris olunan fənlərin məzmunu təkmilləşdirilir (Primary and Secondary Education in Korea, 2018).
NƏTİCƏ
Qiymətləndirmə yalnız təhsilalanın, şagirdin təlim nəticələrinə, nailiyyətlərinin yoxlanılmasına bağlı olan bir məsələ deyil. Dünya təcrübəsinə əsasən şagirdin biliyinə verilən qiymət, eyni zamanda müəllimin, məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlığına verilən qiymət kimi ölçülür. İlk növbədə, qiymətləndirmənin mərkəzində təhsilalanların nailiyyətləri dayanır. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi isə daha geniş təhlillər aparmağa, qiymətləndirilənlərin əhatə dairəsinin genişləndirilməsinə şərait yaradır.
Tədqiqatdan aydın olur ki, inkişaf etmiş dövlətlərdə məktəbdaxili qiymətləndirmə müxtəlif istiqamətlərdə həyata keçirilir. Bu prosesin ümumi xüsusiyyəti bundan ibarətdir ki, ilk növbədə şagirdlərin ilkin bacarıqları müəyyənləşdirilir, sonra bütün tədris ili boyunca onların nailiyyətləri izlənilərək qiymətləndirilir və yekun, summativ qiymətləndirmə keçirilir. İnkişaf etmiş dövlətlərdə qiymətləndirmədə mühüm meyar olaraq şagirdlərin müstəqil fəaliyyəti, kitabxana və laboratoriyalarda əldə etdikləri biliklər, yoxlama esseləri, müxtəlif layihələr üzərində çalışmaları qiymətləndirilir. Bəzi Avropa ölkələrində ali məktəbə qəbul zamanı xüsusi imtahan keçirilmir, orta təhsildə şagirdin bilik və nailiyyətləri nəzərə alınır. Bu isə, həmin ölkələrin orta məktəblərində təhsil alan şagirdlər arasında bilik əldə edilməsini stimullaşdırır və rəqabət mühitini daha da inkişaf etdirir.
İstifadə edilmiş ədəbiyyat
1 Academic Grading System and Assessment Methods in Denmark. (2023). https://www.denmarkeducation.info/education-system/grading-system-and-assessmentmethods.html
2 Assessment in general secondary education (HAVO, VWO). (2022). https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/netherlands/assessmentgeneral-secondary-education-havo-vwo
3 Assessment in general upper secondary education. (2023). https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/finland/assessment-general-upper-secondary-education
4 Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası. (2009). https://e-qanun.az/framework/16061.
5 Denmark, Assessment in general upper secondary education. (2023). https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/denmark/assessment-general-upper-secondary-education
6 European Komission. (2019). Belgium French-Speaking Community, infopark – recognition of learning periods of abroad in general secondary education. https://www.schooleducationgateway.eu/downloads/files/recognition/infopack_belgium_fr_rev.pdf.
7 European Komission. (2022). Belgium – French Community, Assessment in general lower secondary education. https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/belgium-french-community/assessmentgeneral-lower-secondary-education.
8 Ertl, S., Hartinger, A., Kücherer, B., Furtak, E. (2022). Formative Assessment in the German Student-Teacher-Conference Format: Student Perceptions and Implications for Motivational Aspects of Learning. International Journal of Elementary Education. №11(3), p. 64-75.
9 Germany, Assessment in general lower secondary education. (2023). https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/germany/assessment-general-lower-secondary-education
10 İnternational student. (2023). Secondary Education System. https://www.internationalstudent.com/study_uk/education_system/secondary_education/
11 Qiymətləndirmə. (2023). https://edu.gov.az/upload/file/M-Merdanov-Qiymetlen dirme. pdf.
12 Qiymətləndirmə standartları haqqında ümumi məlumat. (2023). https://www.arti.edu.az/nodupload/editor/files/%C5%9Eagird%20nailiyy%C9%99tl%C9%99rinin%20qiym%C9%99tl%C9%99ndirilm%C9%99si.pdf.
13 Norway, Assessment in general upper secondary education. (2023). https://eurydice.eacea.ec.europa.eu/nationaleducation-systems/norway/assessment-general-upper-secondary-education.
14 Primary and Secondary Education in Korea.(2018). https://www.unsiap.or.jp/elearning/el_material/3_Population/3_4_edu/1810_EDU_KOR/7_Primary%20and%20Secondary%20Education%20in%20Korea.pdf.
15 Secondary school leaving examination. (2023). https://www.government.nl/topics/secondary-education/examinationin-secondary-education/secondary-schoolleaving-examination
16 Secondary schools in Germany. (2023). https://www.expatica.com/de/education/children-education/secondaryschool-germany-348573/
17 The Japanese Education System. Learning Assessment. (2023). https://www.nicjp.niad.ac.jp/en/japanesesystem/assessment.html
18 Singapore: Classroom Assessment. (2023). https://www.smartick.com/blog/parents-andteachers/education/singapore-classroom-assessment/
19 UK Education System Guide. (2023). https://www.studying-in-uk.org/uk-educationsystem-guide/