Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayevin 01 oktyabr 2021-ci ildə onlayn formatda keçirilmiş Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun açılış mərasimindəki çıxışI
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, böyük əhəmiyyətə malik olan bu tədbirin təşkil edilməsi ilə bağlı həm təşəkkürümü bildirir, həm də hamınızı təbrik edirəm. Çıxışımın bir hissəsini Azərbaycan, daha sonra isə tədbirin beynəlxalq mahiyyətini nəzərə alaraq, ingilis dilində davam etdirəcəyəm. Bir neçə gündən sonra qeyd olunacaq 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək mədəniyyətə və mənəviyyata, nəcib əxlaqi keyfiyyətlərə malik olan, şəxsi nümunəsi ilə peşəsinin nüfuzunu daha da artıran, gənc nəslin təlim və tərbiyəsinə müstəsna əmək sərf edən, şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətli vəzifə daşıyan Azərbaycan müəllimlərini təbrik edirəm. Eyni zamanda, bu tədbirdə bizə qoşulmuş beynəlxalq spikerlərimizi salamlayıram. Həqiqətən də bu tədbirin keçirilməsi Azərbaycan təhsili üçün böyük töhfədir.
Hörmətli xanımlar və cənablar!
Böyük məmnuniyyət hissi ilə iştirak etdiyimiz bu onlayn konfrans yeni bir reallıqdır. Bunu nəzərə alaraq, bəşəriyyətin üzləşdiyi problemlərin istər qısa, istər orta, istərsə də uzunmüddətli perspektivlərini düzgün müəyyənləşdirməliyik. Bunun üçün bütün imkanlarımızı səfərbər etmək çox vacibdir. Əminəm ki, forum iştirakçılarının çıxışları təhsil prosesinə böyük töhfə verəcək və faydalı fikir mübadiləsi aparmaq mümkün olacaqdır.
Düşünürəm ki, təhsildə üzləşdiyimiz yeni çağırışları daha yaxşı anlamaq üçün 2 vacib ifadə var ki, onlar yeni reallıqları daha yaxşı təcəssüm etdirir. Birincisi, post-konflikt — “münaqişədən sonra” ifadəsidir. Uzun müddət idi ki, Azərbaycan münaqişədə olan dövlət idi. Elə müstəqilliyini qazandığı dövrdən münaqişəyə cəlb olunmuş ölkə idi. Bu bir reallıqdır ki, münaqişə həmişə istənilən region və ölkə üçün fəsadlar törədir. Mənim yaşıdlarım təhsil aldıqları illərlə bağlı, demək olar ki, yalnız bunu xatırlayırlar. Çünki bizim müstəqilliyimizin əldə olunması münaqişəyə təsadüf etdi, amma indi təbii ki, vəziyyət müsbətə doğru dəyişib. Müstəqilliyimizin ilk illərindən başlayaraq respublikamız qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək məcburiyyətində qalmışdı. Amma artıq regionda münaqişə bitib və inanırıq ki, sülh, əməkdaşlıq və regional inkişaf üçün imkanlar yaradılacaq, çağdaş dövrün gəncləri təhsil baxımından daha əlverişli fürsətlərə sahib olacaqlar. İndiki dövr Azərbaycanda təhsilalanlar üçün çox vacib bir dönüş nöqtəsidir. Çünki Qarabağa qayıdış və bu regionun yenidən dirçəldilməsi, bütün sahələrdə, o cümlədən təhsil sistemində inkişafa səbəb olacaq, dayanıqlı sülhün təmin edilməsinə təkan verəcəkdir.
Artıq ilyarımdan çoxdur ki, COVID-19 pandemiyası çağdaş dövrümüzün yeni reallığına çevrilmişdir. Təbii ki, onu heç kim əvvəlcədən
hiss edə bilməzdi. Bu, dünyanı proqnozlaşdırmağın mümkün olmadığına dəlalət edir. Həyatımızın, güzəranımızın çox qısa vaxt ərzində dəyişməsi pedaqoji prosesə də böyük təsir edir və güclü təhsil sisteminə sahib olmağımızı zərurətə çevirir. Əlbəttə, hələ bütün itkiləri tam hesablaya bilməsək də, bunu qiymətləndirmək üçün sistemli və təxirəsalınmaz işlər aparılmalı, nəyin itirildiyini, nəyi qaytara biləcəyimizi öyrənmək lazımdır. Amma onu da qeyd etmək lazımdır ki, COVID-19 dövründə itkilərlə yanaşı, təhsilə müsbət təsirlər də olmuşdur. Azərbaycan kontekstində müxtəlif vəzifələrdə, son 8 ildə isə nazirlik sistemində çalışdığım dövrlərdə, hətta 2 il bundan öncə də deyə bilməzdik ki, 100 min müəllim və 1 milyondan çox təhsilalan bir platformada təhsil alacaqlar. Bu bizim üçün, hətta bir qədər qeyri-real və nail ola bilməyəcəyimiz hadisə kimi görünürdü. Amma bununla belə, pandemiyanın yaratdığı zərurət qarşısında səfərbər olduq. Düşünürəm ki, postpandemiya dövründə texnologiyalar bizim həyatımıza necə təsir etməyə davam edəcək? Bu, əsas suallardan biridir. Bir çox məktəblər artıq texnologiyalardan istifadə edərək onun pozitiv təsirlərini hiss ediblər.
Zənnimcə, Azərbaycan kontekstində uşaqların erkən inkişafı və təhsilə başlamaq yaşı da vacib sahədir. Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri məktəbə başlama yaşı ilə bağlıdır. Hazırda ümumtəhsil məktəblərimizdə 1-ci siniflərə qəbula 6 yaşda başlayırıq, bu isə gecdir. Halbuki 5 yaşlı uşaqları ümumi təhsilə cəlb etsək, onlar daha erkən yaşlarda öyrənmək imkanı qazanarlar. Sosial-iqtisadi və yaxud da məkanla bağlı olan məqamları kənara qoyaraq bu haqda düşünməyə dəyər. Təhsil siyasətini həyata keçirən dövlət orqanı kimi bu məsələ üzərində çalışmalı, ciddi təhlillər aparmalı və beynəlxalq təcrübəni öyrənməliyik.
Təhsil sahəsində qarşımızda dayanan ikinci vacib məsələ təhsilin kontentidir, məzmunudur. Yəni konkret olaraq nəyi tədris edirik, təhsilalanlara nəyi çatdırırıq, onları nəyə hazırlayırıq? Hazırda 10-15 yaşında olan uşaqlar 30-40 yaşlarında olanda bizdən soruşacaqlar ki, siz bizə nəyi öyrətdiniz? Bunun faydası oldumu, bunun bir dəyəri varmı? Bu, həyatımızı nə dərəcədə yaxşılığa doğru dəyişdi? Zənnimcə, biz burada ümumi bir fəlsəfi sualla qarşılaşırıq. İdeyalar və arzular, yəni daha yaşlı nəslin ideyaları və istəkləri gənc nəslə nə dərəcədə ötürülür, nə dərəcədə paylaşılır. Söhbət gələcəyin təhsilindən gedir. Biz gələcəyi görürükmü? Məncə, bu, əsas həlledici suallardandır. Necə edək ki, hazırda təqdim etdiyimiz bilik və səriştə həqiqətən də münasib olsun? “Münasib” ifadəsi burada açar kəlmədir.
Digər bir məsələ, nəyinsə kor-koranə ötürülməsidir. Biz nəyisə, haradansa kənardan götürüb kor-koranə Azərbaycana tətbiq edə bilmərik. Elə etməliyik ki, ideyalarımızı, həqiqətən də gerçəyə çevirək. Sinifdə dərs keçən müəllimlərdən qaydalara və yaxud da, məsələn, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş təlimatlara uyğun şəkildə hərəkət etməyi gözləməməliyik. Təbii ki, tədris prosesi fərqli yanaşmalar tələb edir. Dünyada baş verənlər də bu məsələnin digər tərəfidir. Sinif otaqlarında dərs keçən müəllimlərlə reallıqlar, dünyada baş verənlər arasında böyük bir uçurum, böyük bir boşluq var. Təbii ki, müəllimi günahlandırmaq asandır. Amma onu dəstəkləmək və tədrisin məzmununun müəllim tərəfindən peşəkarcasına təmin olunmasına nail olmaq lazımdır.
Bir neçə həftədən sonra dövlət müstəqilliyimizin bərpasının 30 illiyini qeyd edəcəyik. Həmkarlarım yaxşı bilirlər ki, XX əsrin 90-cı illərində qaçqınların və məcburi köçkünlərin məktəblərə yerləşdirilməsi nə demək idi. Hətta bir vaxtlar dərs keçmək üçün sinif otaqları yox idi. 2000-2010-cu illərdə iqtisadi artım, neft resurslarından istifadənin çoxalması və neft gəlirlərinin ölkəyə daxil olması ilə fərqli infrastruktur formalaşmağa başladı. Azərbaycanın inkişaf templəri tədricən dünyadakı ən yüksək inkişaf templərinə çatdı. Yəni artıq müstəqilliyimizin 20-ci ilində biz müəyyən inkişaf səviyyəsinə gəldik. Amma yenə də məktəblərdə eyni insanlar dərs keçirdi və çox şey dəyişməmişdi. Dövlət müstəqilliyimizin 3-cü onilliyində isə tamamilə fərqli bir səviyyəyə çatdıq, regional bir mərkəzə çevrildik. Lakin bununla belə, şərəf duyduğumuz, fəxr etdiyimiz nailiyyətlərlə yanaşı, enerji resurslarından əldə olunmuş gəlirlərin düzgün istifadə olunması da vacibdir. Çünki bunların həcmi getdikcə azalacaq. Ona görə də qara qızılın insan qızılına çevrilməsinə, insan kapitalının artımına daha çox diqqət yetirməliyik. 2020-ci ildə ölkəmiz üçün ən əlamətdar hadisə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Amma bununla belə, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz hələ də tam olaraq yurd-yuvalarına qayıtmayıb.
Təhsillə bağlı digər vacib məsələlər logistik, psixoloji və fərdi məsələlərdir. Müəllimlərin bəziləri hələ də eyni metodologiyadan və üsuldan istifadə edirlər. Tədrisi fərqli şəkildə aparmaq üçün təbii ki, onlara dəstək lazımdır.
Digər məsələ odur ki, biz sürətlə inkişaf edirik, amma dünya da dəyişir. Bəs bizim inkişafımızla başqa ölkələrin artım dinamikası arasında məsafə çoxdurmu? Azərbaycan kimi kiçik ölkələr hansı addımlar atmalıdırlar ki, qloballaşmadan və bütün imkanlardan yararlana bilsinlər. Dünyada bütün sahələrdə rəqabətin artdığı bir dövrdə istedadlı uşaqları nə gözləyir? Təbii ki, bu suallara birmənalı cavab vermək asan deyil.
Başqa bir məsələ, rəqəmsallaşma tendensiyasıdır. Böyük sürətlə inkişaf edən rəqəmsallaşma prosesləri bir tərəfdən məktəblərdə olan kompüterlərin sayının artırılmasını tələb edir, digər tərəfdən isə müəllimlər üçün bəzən yeni texnoloji ifadələr belə çətinlik yaradır. Ölkədəki 200 min müəllim üçün bu keçid, xüsusilə rəqəmsallaşmanın yüksək sürətlə cərəyan etdiyi bir dövrdə yeni reallıqlara uyğunlaşmaq asan məsələ deyil. Digər bir məsələ, təhsilalanların sosial-emosional vəziyyətləridir. Onlara yönəlmiş yanaşma təbii ki, çox vacibdir. Mən təhsil alanda sistem çox mürəkkəb idi. Yəni artıq gənc nəslin qarşısında daha çox yeniliklər var. Biz o yenilikləri hələ tam mənada başa düşmürük. Biz gələcək həyatlarına təsir baxımından təhsilalanların nailiyyətləri və onların rifahı arasında düzgün bağlantının təmin olunması, düzgün tarazlığın yaradılması üçün davamlı iş aparırıq.
Sonda bir daha sizə ən xoş arzularımı çatdırıram. Bugünkü müzakirələrdən gözləntilərim çox böyükdür. Mötəbər qonaqlara T-Networkun gözəl təşəbbüsünə qoşulduqları üçün təşəkkür edirəm. Əminəm ki, bu, yaddaşlarda iz buraxacaq bir beynəlxalq forum olacaqdır. Hamınıza vaxt ayırıb bu gözəl foruma qoşulduğunuza görə təşəkkür edirəm və uğurlar arzu edirəm.
Çox sağ olun.