TƏLƏBƏLƏRİN İNGİLİS DİLİ BACARIQLARININ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ÇƏTİNLİKLƏR VƏ MÜASİR TƏLƏBLƏR




Ali pedaqoji təhsildə tələbələrdə ən vacib kompetensiyalardan biri də ingilis dilinin keyfiyyətli şəkildə mənimsənilməsidir. Tələbə nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ali təhsildə müasir təhsil paradiqmalarından biri hesab edilir və onların akademik səviyyələri haqqında etibarlı məlumatları təmin edir. Bu keyfiyyətin əsas amili isə ingilis dilinin qazanılma səviyyələrini düzgün müəyyən edən obyektiv qiymətləndirilmə prosesidir. Bu tədqiqat işinin məqsədi ali pedaqoji təhsildə tələbələrin ingilis dilindən bilik və bacarıqlarının qiymətləndirilməsində qarşıya çıxan problemlərin araşdırılması və təhlillərin nəticələrini təqdim etməkdir. Qiymətləndirmə tədrisdə ən çox mübahisə doğuran bir sahə olduğu üçün bu istiqamətdə səmərəli araşdırma problemlərin həllinə kömək edə bilər. Tədqiqatda anket sorğularının həyata keçirilməsində 16 tələbə, 5 müəllim iştirak etmiş, qısa müsahibə və açıq suallardan istifadə olunmuşdur. Suallar ingilis dilinin tədrisində yeni məzmunun qazanılması, təlim nəticələrinə uyğun qiymətləndirmə növlərinin düzgün tətbiqi və davamlı qiymətləndirmədə müəllimin metodiki işinin təşkilinə hədəflənmişdir. Məqsəd tələbələrin bu sahədə üzləşdikləri problemləri və çatışmazlıqları aradan qaldırmaq, beynəlxalq qiymətləndirmə prinsiplərini, yeni strategiyaları və yanaşmaları izah etməkdir.

ALİ PEDAQOJİ TƏHSİLDƏ İNGİLİS DİLİNİN TƏDRİSİ VƏZİYYƏTİ

Ali pedaqoji təhsildə ingilis dilinin qiymətləndirilməsi müəllimlərin və tələbələrin dil bacarıqlarının səviyyələri üzrə anlayışlarını, gələcək tədris və öyrənmə sahələrinin hədəflərini müəyyənləşdirmək üçün bir mexanizmdir. İngilis dilinin inkişafı dedikdə, əsas hədəf kimi tədris proqramı, tədris planı, dərsliklər, infrastruktur və imtahan nəticələri başa düşülür. İngilis dilinin düzgün öyrənilməsi sahəsində kifayət qədər yeniliklər olsa da, qiymətləndirmə ilə bağlı hələ də metodiki çatışmazlıqlar hiss olunmaqdadır.

Qeyd etmək lazımdır ki, tədrisin keyfiyyəti və tələbələrin son nailiyyətləri haqqında məlumatlar tələbələrə, müəllimlərə, valideynlərə və digər administrativ qruplara yalnız qiymətləndirmə nəticələri vasitəsilə ötürülür. Bu baxımdan, ingilis dilinin ali təhsildə qiymətləndirilməsində əldə edilən məlumat, əsasən, sadə dil bacarıqlarının qazanılması üzrə summativ qiymətləndirməyə əsaslanır. Bu sahəni araşdıran tədqiqatçılar (Begum & Farooqui, 2008) ingilis dilinin tədrisində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini və təsirini tələbələrin effektiv dinləmə, dialoqlarda səmərəli ünsiyyət, adekvat səlis nitq, mətnlərin qısa şərhi və yazılı ünsiyyət kimi bacarıqlarını inkişaf etdirməkdə görürlər. Qeyd olunan fikirlərdə tələbələrin dinləyib-anlamada məntiqi tamamlama, oxu bacarıqları üzrə analitik təhlili, akademik yazıda sintezi və tənqidi düşüncə kimi digər bacarıqların qiymətləndirilməsi çox nadir hallarda müşahidə olunur. Tədqiqat zamanı müəyyən olundu ki, ingilis dilindən gündəlik bacarıqların qiymətləndirilməsi əvəzinə, mətnlərin linqvistik təhlilinə, yəni ismi və ya feli birləşmələrin seçilməsinə, fonetik təhlilə, lüğətin düzgün işlədilməsinə və cümlələrin düzgün tərcümə edilməsinə üstünlük verilir. Nitq bacarıqlarının qiymətləndirilməsində tələbələrin yalnız lüğəti düzgün işlətməsi və cümlələri təkrar etməsi əsas götürülür. Mətnlər üzərində tənqidi düşüncəni formalaşdıran vasitələrin olmaması tələbələrdə təhlil, sintez və sərbəst düşüncəni formalaşdıra bilmir.

Diaqram 1. SABAH qrupu tələbələrinin 2020-2021-ci illərdə ingilis dilindən qiymətləndirilməsi vəziyyəti

Bundan əlavə, ali təhsildə ən çox gözlənilən bir bacarıq kimi, akademik yazının mərhələləri, məsələn, essenin strukturu, problemin müəyyən edilməsi, arqumentlər əsasında sərbəst yazı bacarıqlarını formalaşdıran fəaliyyətlərin çox az tətbiqi bu sahədə  qiymətləndirmənin düzgün tətbiq edilməməsini sübut edir.

Diaqram 1-dən göründüyü kimi, 2020-2021-ci illərdə sorğu məqsədilə seçilmiş 39 tələbənin dil bacarıqlarının qiymətləndirilməsi üzrə aparılan testin nəticələrinə görə təhsilalanların 56.1 faizi mətnlərin linqvistik təhlil əsasında mənimsənilməsini, 22.4 faizi lüğət əsasında danışmaq yolu ilə, 11.1 faizi tənqidi oxu vasitəsilə daha yaxşı mənimsəmənin mümkünlüyünü qeyd etmişdir. Akademik yazı bacarıqlarının qiymətləndirilməsi üzrə gözlənilən nəticə isə 10.4 faiz olmuşdur. Sorğunun nəticələrindən də göründüyü kimi, tələbələr ingilis dilində sərbəst tənqidi düşüncə və akademik yazı vasitəsilə mənimsəməyə daha az önəm verirlər.

Məlumdur ki, ingilis dilinin tədrisində dil bacarıqlarının qiymətləndirilməsinin komponentləri haqqında müəllimlərin az məlumatlı olması, onların meyarlar üzrə yazılı şərh və rəylər (feedback) verməməsi qiymətləndirmə prosesində uyğunsuzluqlar yaradır. Digər tərəfdən, gündəlik qiymətləndirmə üzrə üsul və vasitələrin seçilməsində də kifayət qədər çatışmazlıqlar mövcuddur. Aparılan araşdırmalar və təhlillər göstərir ki, təlimdə ingilis dilinin yeni məzmunu və tədris strategiyalarına uyğun qiymətləndirmə təlimatının olmaması bu prosesin obyektiv şəkildə həyata keçirilməsini çətinləşdirir (Struyven, Dochy, & Janssen, 2005). Ali təhsildə summativ qiymətləndirmə üstünlük təşkil etsə də, formativ qiymətləndirmə çox zəif inkişaf edir.

Cədvəl 1. İngilis dilinin qiymətləndirilməsində formativ və summativ qiymətləndirmə üsulları (Brown & Hudson, 1998)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələri üçün yeni hazırladığı qiymətləndirmə sənədində tələbənin imtahana qədər toplamalı olduğu 50 balın 10-u dərsə davamiyyətə, qalan 40 balı isə təhsilalanın dərsdə fəal iştirakı, kurs və laboratoriya işlərinin, sərbəst işlərin qiymətləndirilməsi, eləcə də tələbənin semestr ərzində cavab verdiyi dərslərin qiymətləndirilməsi üçün hesablanır (Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası, 2009). Qeyd olunan şərtlər əsasında tələbənin son nəticələri əldə edilsə də, keyfiyyət baxımından tədrisdə qiymətləndirmənin hansı şəkildə tətbiqi müəyyən dərəcədə qeyri-müəyyənlik təşkil edir.

Məlum olduğu kimi, qiymətləndirmə tələbənin sonda gözlədiyi nəticədir. Təhsilalanların gündəlik fəaliyyəti üzrə aparılan lüğətin öyrənilməsi, qrammatik, dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının qiymətləndirilməsi idraki fəaliyyət ardıcıllığı ilə təşkil edilmir. Dil bacarıqlarının qiymətləndirilməsi arasında balans pozulur (Mussawy, 2009).

İNGİLİS DİLİNİN TƏDRİSİNİN YENİ MƏZMUNU VƏ QİYMƏTLƏNDİRMƏ

İngilis dilinin biznes, iqtisadiyyat, sosial və mədəniyyət sahəsindəki mövqeyi üstünlük təşkil edir. Bu dil akademik cəmiyyətin əhəmiyyətli bir elementi olaraq, hər bir tədqiqatçının əmək bazarının tələblərinə və innovasiyalara uyğun istifadə edəcəyi vacib bir dildir (Wiliam, 2013).

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.5-ci bəndində qeyd olunan “qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması” üzrə strateji hədəfi də ingilis dilinin beynəlxalq standartlara uyğun tədrisini nəzərdə tutur.

İngilis dili üzrə səriştələrin qiymətləndirilməsində əldə olunan yeni nailiyyətlər və islahatlar bu sahədə araşdırmaları zəruri hesab edir. Bu məqalədə ingilis dilinin tədrisində yeni qiymətləndirmə siyasətini dəstəkləyən son illərin ədəbiyyat nümunələrinin, elmi tədqiqatların nəticələri araşdırılmış, dil bacarıqları üzrə qiymətləndirmə sahələri, növləri, üsul və vasitələrinin metodiki tətbiqi qısaca şərh edilmişdir. Müqayisəli analiz belə bir nəticəyə gəlməyə imkan verir ki, ingilis dilinin tədrisi proqramında təlim nəticələrinin, səviyyələrinin, dil bacarıqları üzrə meyarlar və indikatorların seçilməsi tələbələrin obyektiv qiymətləndirilməsinin ən uğurlu yoludur. Elə bu baxımdan, pedaqoji təhsildə tələbə nailiyyətlərinin qiymətləndirilməsində hədəflərin düzgün müəyyənləşdirilməsi ən çox müzakirə olunan mövzulardandır. Bununla yanaşı, qiymətləndirmə sahəsində müəllim peşəkarlığının qiymətləndirilməsi də tədrisin keyfiyyətini təmin edən vacib şərtləndirici elementlərdən biridir.

İngilis dilinin qiymətləndirilməsi və dil bacarıqlarının ölçülməsinin inkişafı davamlı bir prosesdir. Alderson, C.C, & Wall, D. (Eds.) (1996); Bachman, L. F., & Palmer, A.S. (2010); Brindley, G. (1998); Bailey, K.M. (1999); Brown, J.D., & Bailey, K.M. (2008) və digər tədqiqatçılar dil qabiliyyətinin qiymətləndirilməsində davamlı qiymətləndirmənin inkişafa istiqamətlənməsini strateji cəhətdən daha yaxşı tədris və öyrənməyə səbəb olması kimi dəyərləndirirlər. Tədqiqatlar formativ qiymətləndirmənin daha çox inkişafa və təlimata əsaslandığını göstərir. Dil qiymətləndirmə meyarlarını inkişaf etdirmək üçün etik problemlərin həlli və dil bacarıqları komponentlərinin
düzgün qiymətləndirilməsində peşəkarlığın olması qeyd edilir.

İNGİLİS DİLİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ABŞ MODELİ

ABŞ modelində tələbələrin qiymətləndirilməsini müqayisə etmək üçün təlimatlar etibarlı bir nümunədir. Yüksək faizli testlərdən alınan nəticələrə əsasən tələbələrə və müəllimlərə növbəti irəliləyişləri fərqləndirmək üçün qiymətləndirmə növündən istifadə etmək təklif olunur. Bu model tələbələrə tədris zamanı dil bacarıqları üzrə təlimatın, yəni tapşırıqların mənimsəmə səviyyəsini ölçməyə imkan verir. Burada, əsasən, üç mərhələ nəzərə alınır:

  1. Təlimatın verilməsi (Giving instruction). Bu mərhələdə materialın səviyyəsi müəyyən edilir və tələbələrə tapşırığı yerinə yetirmək üçün nə etməli olduqları izah olunur;
  2. Tapşırıqlara giriş (İnput). Bu mərhələdə təhsilalanların əvvəlki biliklərə əsaslanmaqla yeni mətnin məzmununu anlaması və qarşılaşdığı çətinlikləri necə həll etməsi qeyd olunur;
  3. Gözlənilən cavab (Expected response). Bu mərhələ tələbələrin əldə etdikləri yeni dil bilikləri və qabiliyyətlərinin nümayişi mərhələsidir. Burada çox vaxt uyğun test və ya tapşırıqların nəticələrinə əsaslanılsa da, qiymətləndirmə üzrə tələbə performanslarının olmasına daha çox yer verilir və bunun da gözlənilən ölçü meyarlarına uyğun gəlməsi əsas götürülür.

Əldə olunan nəticələr bir ölçü meyarı ilə deyil, bir neçə meyarla qiymətləndirilir:

  • Davamlı müşahidə və indikatorların seçilməsi;
  • Özünüqiymətləndirmə;
  • Öyrənənlərin işləri haqqında yazılı şərhlər;
  • Rubriklər, təsvirlər üzrə səviyyələr;
  • Yazılı təkmilləşmə hesabatları və əks-əlaqənin yaradılması (feedback);
  • İrəliləyişləri müzakirə etmək üçün müəllimlər və tələbələr arasında müntəzəm görüşlərin təşkili.

TƏDQİQATIN METODOLOGİYASI

Tədqiqat zamanı qarşıya qoyulan məqsədə nail olmaq üçün məlumatlar müsahibə və müşahidə əsasında toplanmışdır. Tədqiqatın metodologiyasında eksperiment işi üzrə 16 II və III kurs SABAH qrupu tələbələri, 5 ingilis dili müəllimi ilə müsahibələr və iki universitetin (ADPU və ADU) hədəf qrupu üzvləri ilə müzakirələr aparılmışdır. Müsahibə sualları və cavabları, müzakirə mövzuları həm müəllimlərin, həm də tələbələrin qiymətləndirmə anlayışları və təcrübələrini araşdırmaq üçün tərtib edilmişdir.

Diaqram 2 Formativ qiymətləndirmədə inkişaf dinamikasının təsviri

Diaqram 2-də təsvir olunan qiymətləndirmə vasitələri bir daha sübut edir ki, ingilis dilinin ali təhsildə qiymətləndirilməsində formativ üsulların seçimində kifayət qədər çatışmazlıq vardır. Belə ki, tələbələrin əksəriyyəti davamlı olaraq müşahidənin nəticələrinə dəyər verərək, dil bacarıqlarının müəyyən edilmiş komponentlər üzrə qiymətləndirilməsini üstün tuturlar. Hər bir dil bacarığının səviyyələr üzrə qiymətləndirilməsi əsas tələblərdən biridir. Tədqiqat dövründə tətbiq olunan qiymətləndirmənin nəticəsi olaraq, demək olar ki, tələbələrin əksəriyyəti davamlı müşahidə zamanı irəliləyişlərə sahib olduqlarını sübut edə bilirlər. Özünüqiymətləndirmə üsulu təhsilalanlarda özünütənzimləməyə, zəif və üstün cəhətləri asanlıqla müəyyən etməyə imkan verir. Müəllimin yazılı şərhlər verməsi dilin mənimsənilməsində daha çox analitik təhlil nümunəsi xarakteri daşıyır. Bu məqsədlə, müəllimlər yazılı şərhin verilməsi qaydası ilə tanış olmalı və tələbələri onunla vaxtında təmin etməlidirlər.

TAPINTILAR VƏ MÜZAKİRƏ

Tədqiqat üzrə tələbə və müəllimlərlə keçirilən müzakirələr diaqnostik, inkişafetdirici və yoxlayıcı mərhələlərin müqayisəli təsvirini verdi. Araşdırmamızdan o da məlum oldu ki, tələbələrin aralıq imtahanları və semestr imtahanında dil biliklərinin qiymətləndirilməsi təlim nəticələrini dəstəkləmir, dil bacarıqları üzrə səviyyələr müəyyən edilmədiyindən tapşırıq və fəaliyyətlərin tətbiqində uyğunsuzluqlar müşahidə olunur. Texnoloji vasitələrdən zəif istifadə dil səriştəliliyini təmin edə bilmir və bu çatışmazlıqlar qiymətləndirmədə davamlı olaraq müşahidə olunur. Pedaqoji universitetlərdə tələbələrin ingilis dilindən qiymətləndirilməsi daha çox mühazirə və seminar mövzularının təkrarı üzrə tərtib olunmuş sualların nəzəri şərhini yazmaqla, çox az hallarda isə kağız üzərində çoxseçimli test nümunələrinin həlli ilə ölçülür, dinləyib-anlama, danışma, oxu, yazı, qrammatika və lüğət üzrə aparılmır, mətnlər autentik (orijinal) xarakter daşımır.

Bundan əlavə, hələ də ingilis dilini mənimsəmə səviyyəsini müəyyənləşdirən testlər və tapşırıq nümunələri, hər bir dil bacarığı üzrə ölçüləcək komponentlər olmadığından təhsilalanların ingilis dili üzrə bilik və bacarıqlarının qiymətləndirilməsində balans pozulur, qeyriobyektivliyə yol verilir. Halbuki ali təhsildə dil qiymətləndirmə tətbiqləri, məsələn, əsas dil bacarıqları, xarici dilin inkişafı məqsədilə istifadə olunan qiymətləndirmə növləri və bir tədris ili ərzində testlərdə istifadə olunan suallar tələbələrin faydalanmasına xidmət etməlidir.

DİL BACARIQLARININ QİYMƏTLƏNDİRİLMƏSİ SAHƏLƏRİ

Tədqiqat zamanı dinləyib-anlamada tətbiq edilən qiymətləndirmə tapşırıqlarının, xüsusilə açıq sualların, qapalı testlərin (Close test), cümlələrin transformasiyasının, yaxın mənalı cavabların və s. daha çox fayda verdiyi məlum oldu. Dinləmə mətnlərinə monoloq, mühazirə və təlimatlar daxil edilə bilər. Dinləməni, diaqnostik məqsədlər üçün sınaqdan keçirmək olar, çünki bu, reseptiv bacarıqdır.

Danışıq bacarıqlarını qiymətləndirərkən səlisliyə, kontekstə uyğunluğa, nitq üzrə tələffüzün aydınlığına, fikirlərin dəyişkənliyinə xüsusi fikir vermək lazımdır. Ünsiyyətə mane olmayan qrammatik səhvlər qəbul olunsa da, qrammatik və leksik dəqiqlik vacibdir. Hər bir komponentin qiymətləndirilməsi kontekstə uyğun olmalıdır. Nitqin aydın, qısa və konkret, uyğun olduğu yerdə isə uzun və mürəkkəb olması qiymətləndirilməlidir. Danışıqda tələbələrin fikirlərini daha düzgün ifadə etmək bacarıqları da nəzərə alınmalı, müqayisə xarakterli şəkillərin təsviri, dialoqların tamamlanması, açıq suallara uyğun cavabların verilməsi, rollu oyunlar və müsahibələrin ən maraqlı qiymətləndirmə tapşırıqları olduğuna diqqət yetirilməlidir. Danışıq indikatorlarına, əsasən, tələffüzə riayət, uyğun lüğətin istifadəsi, jest və bədən dilindən istifadə və qarşılıqlı ünsiyyətin formalaşması daxildir. Danışıq dilini öyrətməkdə əsas məqsəd qarşılıqlı əlaqə qurmaq qabiliyyətini inkişaf etdirmək və dərketməni əhatə etməkdir.

Oxunun qiymətləndirilməsində qarışıq mətnlər, cümlə transformasiyası, mətnin bütöv planı, səhv və düzgün cavabların seçilməsi, eləcə də uzlaşdırma təhsilalanların daha çox bəyəndiyi tapşırıqlardan hesab olunur. Oxu zamanı analitik təhlil və tənqidi təfəkkürü formalaşdıran tapşırıqlar (məsələn, uzlaşma, səhv və düzgün cavablar, mətnlərin təhlili, paraqraflara başlıqların seçilməsi, qısaca şərh) əsas yer tutur. Ona görə də oxu mətnləri tələbələrin gözləntilərinə uyğun olaraq müəyyən edilmiş parametrlərə uyğun gəlməlidir. Bu baxımdan mətnlər, üslubu, formatı, qrafik cədvəllərdə verilməsi, oxunaqlılığı, həcmi, qrammatik quruluşu və uyğun lüğəti üzrə qiymətləndirilməlidir. Keçirdiyimiz anket sorğusunun iştirakçıları oxuda ABŞ ali təhsilində tətbiq olunan, keep – saxla, delete – ləğv et, replace – yerləşdir metodundan istifadə edərək maraqlı şərhetmələri təqdim etdilər. Müəyyən olundu ki, mətnləri nəzərdən keçirmək (skimming), analitik şəkildə oxumaq (scanning) tələbələrdə təhlil və tənqidi təfəkkürü inkişaf etdirir.

Yazı bacarıqlarının qiymətləndirilməsində ali təhsildə akademik yazı dərslərinin ayrıca tədris olunması daha çox fayda verir. Tələbələrin məqsədlər üzrə yazı mövzusu seçməsi, yazının növünü düzgün təyin etməsi, mənbələrə müraciət etməsi, punktasiya və cümlə quruluşuna fikir verməsi qiymətləndiriləcək komponentlərdir.

Yazıda əsas ideyanı seçmək, paraqrafları müəyyən etmək, paraqraflararası uyğun əlaqələndirici bağlayıcıları yerləşdirmək, fakt və fikirləri fərqləndirmək, səbəb və nəticələri düzgün təsvir etmək, nəticəyə gəlmək və uyğun təkliflər vermək kimi bacarıqlar qiymətləndirilir. Beləliklə, ali təhsildə ingilis dilinin təlimat üzrə qiymətləndirilməsinin düzgün təşkili hər bir təlim nəticələrinə uyğun və gözlənilən sahələri əks etdirməklə dil bacarığının səviyyələrlə qazanılmasına əsaslanır.

NƏTİCƏ

Apardığımız tədqiqat xarakterli anket sorğusunun nəticəsinə həsr olunmuş bu məqalədə müasir dövrdə işgüzar fəaliyyətə önəmli təsiri olan ingilis dili üzrə bacarıqların mənimsənilməsinə uyğun təlim nəticələri, səviyyələr və formativ qiymətləndirmə üsulları, irəliləyişlərin izlənilməsi üzrə tapşırıqların tətbiqi metodikası, pozitiv rəylərin (feedback) yazılması və s. ilə bağlı yeni qiymətləndirmə üsulları təklif edilir. Qeyd olunur ki, ingilis dili üzrə tələbə nailiyyətlərinin obyektiv qiymətləndirilməsi üçün yeni təlimatlar hazırlanmalı, bu prosesdə peşəkar mütəxəssislər və təcrübəli müəllimlər iştirak etməlidir. Qiymətləndirmə qaydaları müəyyən edilərkən, strateji planlaşdırma aparılmalı, hədəf prioritetləri düzgün müəyyən edilməli, təlim nəticələri, hər bir kurs üzrə tapşırıqların və testlərin hazırlanması sistemli təşkil olunmalıdır.

Qiymətləndirmə təlimatları və prosesin qiymətləndirilməsi təlimatların nəzəri əsaslarını, tələbə ehtiyacları və gözləntilərin əhatə dairəsini, tətbiq səviyyəsinin dərinliyini, təsir sahələri və qiymətləndirmələrin davamlılığını əhatə etməlidir. Məqalədə şərh olunan müxtəlif qiymətləndirmə üsul və vasitələrinin tətbiqi, ali pedaqoji təhsildə ingilis dili bacarıqlarının obyektiv qiymətləndirilməsində müəllim və tələbələr üçün faydalı bir istinad mənbəyi ola bilər.

Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası. Bakı, 2009.
2 Bachman, L.F. (2007). What is the construct? The dialectic of abilities and context in defining constructs in language assessment. In J. Fox, M. Wesche, & D. Bayless (Eds.), What are we measuring? Language testing reconsidered (pp. 41–72). Ottawa, Canada: University of Ottawa Press.
3 Brown, J.D., & Hudson, T. (1998). The alternatives in language assessment. TESOL Quarterly, 32(4), 653-675.
4 Davison, C. (2004). The contradictory culture of teacher-based assessment of written work of recently arrived immigrant ESL students. Language Testing, 21(3), 305–34.
5 English Language Curriculum of Azerbaijan Republic – Ministry of Education of Azerbaijan Republic. 2012 Alderson, J.C., & Wall, D. (Eds.). (1996). Washback (Special issue). Language Testing, 13(3).
6 Gardiner, L.F. (1994). Redesigning Higher Education: Producing Dramatic Gains in Student Learning. ASHE-ERIC Higher Education Report 23(7).
7 Gottlieb. bl. (2003). Large-scale assessment of English language learners: Addressing educational accountability in K-I2 settings.
TESOL Professional. Papers #6.
8 Lantolf, J.P., & Poehner, M.E. (2004). Dynamic assessment of L2 development: Bringing the past into the future. Journal of Applied
Linguistics, 1(1), 49–72.
9 McNamara, T.F. (2001). Language assessment as social practice: Challenges for research. Language Testing, 18(4), 333–49.
10 Pellegrino, J.W., Chudowsky, N., & Glaser, R. (Eds.). (2001). Knowing what Students Know: The Science and Design of Educational Assessment. Washington, DC: National Academy Press.