AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ: TARİXİ İRSƏ KONSEPTUAL BAXIŞ




Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətindən bəhs edilir. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin xüsusi bir mərhələsi kimi təhlil edilir. Araşdırmalar göstərir ki, Heydər Əliyev, həqiqətən, müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı olub. Azərbaycan Respublikasında hüquqi dovlət quruculuğu, azərbaycançılıq ideologiyasının formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır. Məqalədə Heydər Əliyev şəxsiyyəti haqqında dünyanın tanınmış simalarının fikirləri də verilir. Gənclərin vətənpərvərlik tərbiyəsinin mühüm mənbəyi olan Heydər Əliyev irsinin davamlı olaraq öyrənilməsi, tədqiqi tövsiyə olunur.

Hər bir xalqın böyüklüyü, tarixinin möhtəşəmliyi onun yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bilavasitə bağlıdır. Elə böyük şəxsiyyətlər var ki, xalq onları özünün idealı, əbədiyaşar qəhrəmanı, əbədi lideri hesab edir. Belə böyük şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.

Təqdirəlayiq haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncam imzalayıb1. Sərəncamda doğru olaraq Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi sahəsində xidmətləri göstərilib. Heydər Əliyev, həqiqətən, dövlətçilik tariximizdə dərin, silinməz izlər qoyub.

Naxçıvanda əvvəlcə orta məktəbdə, pedaqoji texnikumda təhsil alan Heydər Əliyev sonralar Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Neft və Sənaye Universiteti), Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti), SRRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb.

Araşdırmalar göstərir ki, Ulu Öndərin fenomen şəxsiyyət kimi formalaşması aldığı mükəmməl təhsillə, eyni zamanda ailə mühiti, özünün daim çalışqan, zəhmətkeş, dərin zəka sahibi kimi həmişə axtarışda olması, vətənpərvərlik, vətəndaşlıq keyfiyyətləri ilə sıx bağlı olub. Onun həyatı bütövlükdə məktəbdir. Bu həyat məktəbi hər bir Azərbaycan vətəndaşı üçün həmişə örnək və böyüyən nəsillərə nümunə olaraq qalacaqdır. Hələ uşaqlıq və gənclik illərindən Heydər Əliyevin intellekti, mənəvi-əxlaqi keyfiyyətləri, liderlik xüsusiyyətləri ona böyük rəğbət yaradıb.

Onun köməyi ilə neçə-neçə azərbaycanlı Sovet dövründə mərkəzi hökumətin rəhbərlərinin qəzəbindən xilas olub, azərbaycanlıların əleyhinə hazırlanan qərar layihələri, yaxud qərarlar ləğv edilib. Məsələn, İkinci Dünya
müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlığını, onun partizan dəstələrində düşmənə qarşı igidliklə döyüşdüyünü məhz Heydər Əliyev üzə çıxarıb, əldə etdiyi hərbi arxiv sənədlərini diqqətlə araşdıraraq onun döyüş yolunun əsl qəhrəmanlara xas olduğunu sübut edib. Mehdi Hüseynzadənin SSRİ-də ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, ona həsr olunan “Uzaq sahillərdə” əsərinin tarixi materiallar əsasında yazılması və eyniadlı filmin çəkilməsi də Ulu Öndərin təşəbbüsü ilə olub. Sonrakı illərdə Azərbaycanın milli düşüncəli tanınmış ziyalılarının, o cümlədən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqalarının qorunmasında, onlar üçün daha geniş yaradıcı mühitin formalaşdırılmasında böyük xidmətləri olub.

Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir. Həmin prinsiplər mahiyyətcə Azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. O bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşayıb və bütün fəaliyyəti bu məfkurə üzərində köklənib. Ulu Öndər azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli-mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunarkən milli kadrların yetişdirilməsini planlı şəkildə həyata keçirməyə başlayıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb (hərbi lisey) açıb və gənc azərbaycanlı zabitlərin hazırlanması üçün geniş imkanlar yaradıb. O zaman SSRİ-nin mövcudluğu şəraitində Azərbaycanda – Sovet İttifaqının tərkibində olan milli respublikada belə bir məktəbin açılması çətin olsa da Ulu Öndərimiz SSRİ rəhbərliyini razı salıb. Bu o zaman Azərbaycanın gələcəyi üçün atılan qətiyyətli bir addım idi. Belə ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra milli ordu quruculuğunda bu kadrlar böyük rol oynadılar. Əks halda, milli ordu quruculuğunda və müstəqilliyimizin qorunmasında daha böyük çətinliklər yarana bilərdi.

Heydər Əliyevin 1970-ci illərdə istedadlı azərbaycanlı gənclərin Azərbaycandan kənarda, başqa respublikalarda, xüsusilə Rusiyanın tanınmış ali məktəblərində təhsil almağa göndərmək ənənələrinin əsasını qoyması Azərbaycançılığa, Vətənə, millətə xidmətinin yeni bir nümunəsi idi. Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil alması siyasətini dəstəkləməsi ölkəmiz üçün çox əhəmiyyətli idi. Xaricdə ali təhsil alanlar beynəlxalq təcrübə ilə daha yaxından tanış olur və ölkəmizə qayıdarkən xarici təcrübəni, yeni texnologiyaları yerli şəraitə daha rahat şəkildə uyğunlaşdırıb tətbiq edirdilər. İstehsalın yeni texnologiya əsasında təşkili isə istehsal sahəsində daha işlək, çevik mexanizmlərin formalaşdırılmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) ölkəmizin iqtisadi artımı, istehsal səviyyəsi və gücündə köklü irəliləyişlər olub. Həmin illərdə Azərbaycan Sovet İttifaqına daxil olan respublikalar arasında həmişə birinci yerdə olub və nümunəvi respublika kimi tanınıb.

1970-ci illərdə Azərbaycanda şəhərsalma, sənaye müəssisələrinin genişləndirilməsi, tikinti, yolların çəkilməsi və digər sahələrdə yeni infrastrukturun yaradılması ölkə həyatında böyük canlanma yaratdı. Respublikamız təkcə kənd təsərrüfatı ilə deyil, həm də sənayenin inkişafı ilə diqqəti cəlb edirdi.

Ulu Öndərin iqtisadi siyasətində çeviklik, uzaqgörənlik respublikamızın davamlı iqtisadi inkişafında mühüm rol oynayıb. O, müstəqillik illərində də böyük əzmkarlıqla çalışıb, Azərbaycan iqtisadiyyatının yeni tarixi şəraitə – iqtisadi münasibətlər sisteminin kökündən dəyişdiyi bir dövrə uyğun modelini hazırlayıb və tətbiqi üçün geniş imkanlar yaradıb. Ulu Öndərimizin 1994-cü il 20 sentyabrda neft hasilatı üzrə ixtisaslaşan, böyük nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqaviləni imzalaması Azərbaycan tarixində mühüm hadisəyə çevrildi. “Əsrin müqaviləsi” adlandırılan bu sənəd əsasında Azərbaycan yeni neft strategiyasını həyata keçirməyə başladı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarını nəzərdə tutan bu müqavilənin reallaşdırılması Heydər Əliyevin, həqiqətən, böyük zəka sahibi, görkəmli siyasi və dövlət xadimi olduğunu deməyə əsas verir. Bu müqavilənin həyata keçirilməsi prosesində Azərbaycanın təkcə regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Xüsusilə, “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə dünya bazarlarına ixrac edilməsi Azərbaycanın beynəlxalq əlaqələrini xeyli möhkəmləndirdi.

Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik edib və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeridib, beləliklə, xalqımızın maddi rifahı təmin olunub, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınıb. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilə bilər.

Heydər Əliyev azadlığı, müstəqilliyi bir dəyər kimi həmişə yüksək qiymətləndirərək xalqımızın milli varlığının qorunması, inkişafı, ərazi bütövlüyünün bərpası üçün daim mübarizə aparmışdır. O, azad, müstəqil respublikanı xalqımızın ən böyük tarixi nailiyyəti sayır və onu qorumağın yollarını göstərirdi. Ulu Öndər deyirdi: “İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi bir hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq”2. Heydər Əliyev, ilk növbədə, cəmiyyətdə qayda-qanuna əməl etməyin vacibliyini əsaslandırır, ölkədə hüquqi dövlət quruculuğunu əsas vəzifələrdən hesab edirdi. Hüquqi dövlət quruculuğu isə cəmiyyətdə hüquq münasibətlərindən, hər kəsin hüquq və vəzifələrindən, öz borcunu, öhdəliklərini dərk etməsindən, daşıdığı məsuliyyət hissindən xeyli dərəcədə asılıdır. O, 1995-ci ildə qəbul edilən Konstitusiyadan danışarkən demişdir: “İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına konstitusiyanın çox hissəsi, demək olar ki, üçdə bir hissəsi həsr olunubdur. Bu da təbiidir. Biz keçmişdən, totalitar sistemdən yeni bir sistemə keçirik. Biz demokratiyanı inkişaf etdirməliyik, xalqımızı demokratiya yolu ilə aparmalıyıq, insanların hüquqlarının qorunmasına hər yerdə, hər sahədə təmin olunması üçün əsaslar yaratmalıyıq. Bütün bu əsasları da yeni qəbul olunmuş konstitusiya verir və bütün təminatları biz konstitusiyanın maddələrindən almışıq”3.

Konstitusiya ölkədə hakimiyyət bölgüsünü demokratik prinsiplərlə əsaslandırdı və təsbit etdi. Cəmiyyətdə demokratik dəyərlərin qorunması, inkişafı, o cümlədən vətəndaş cəmiyyəti institutlarının genişləndirilməsi üçün əlverişli imkanlar yaradıldı. Azərbaycanda ölüm hökmünün, mətbuatda senzuranın ləğv edilməsi söz və fikir azadlığının genişləndirilməsi üçün imkanları artırdı. Bütün bunlar Heydər Əliyevin təşəbbüsü, iştirakı və rəhbərliyi altında həyata keçirilirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətinin məzmunu, həqiqətən, gələcəyin bir yol xəritəsi, strategiyası kimi əhəmiyyətlidir. O, Azərbaycana rəhbərliyinin birinci dövründə xalqın milli dirçəlişinə, oyanışına çalışırdısa, sonrakı dövrdə müstəqilliyi qorumağı, inkişaf etdirməyi, möhkəmləndirməyi strateji hədəf kimi qiymətləndirir və tam əminliklə deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Azərbaycanın müstəqilliyinin qorunmasında gənclərin üzərinə düşən böyük məsuliyyətdən bəhs edərkən onları daim çalışmağa, təhsil almağa, vətənpərvər bir insan kimi yetişməyə səsləyirdi. Ulu Öndər “Vətəndaş” sözünə adi söz kimi baxmamağı, onun mahiyyətini dərk edərək məsuliyyətini daşımağı tövsiyə edərək deyirdi: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. “Vətəndaş” sözünün mənası, bax budur!”4.

Məlumdur ki, hələ 1987-1988-ci illərdən ermənilərin təxribatları regionda münaqişə vəziyyəti yaradır, onların Azərbaycan torpaqlarına ərazi iddiaları açıq şəkildə səsləndirilirdi. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanda iqtisadi-siyasi vəziyyət olduqca mürəkkəb idi. Qərbi Azərbaycan ərazisindən ermənilərin etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın deportasiyası, eyni zamanda, azərbaycanlıların Qarabağdan didərgin salınması ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb oldu. Ölkədəki daxili gərginlik vəziyyəti daha da ağırlaşdırırdı.

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ölkədə tədricən iqtisadi, siyasi sabitlik yarandı. Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünü aradan qaldırmaq, itirilən ərazilərin geri qaytarılması üçün həm Ermənistanla, həm də münaqişənin nizamlanmasında məsuliyyət daşıyan böyük dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri ilə birbaşa danışıqlar aparır, siyasi iradə nümayiş etdirirdi. Dövlət başçılarının zirvə görüşlərində (sammitlərdə), beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Heydər Əliyev beynəlxalq hüquqa əsaslanan qətiyyətli, cəsarətli, inamlı çıxışları ilə hər dəfə qarşı tərəfi onunla hesablaşmağa məcbur edir və beləliklə, Azərbaycanın haqq səsini dünyaya bəyan edən sənədlərin təsdiq edilməsinə nail olurdu.

Haqq işi uğrunda ardıcıl, məqsədyönlü mübarizə təbii ki, öz bəhrəsini verməli idi. Ulu Öndər müxtəlif tədbirlərdə çıxışlarında, məcburi köçkünlərlə görüşlərində itirilən torpaqlarımıza geri dönəcəyimizi həmişə əminliklə vurğulayır, beləliklə, xalqımızın mübarizə əzmi daha da güclənirdi. Ümummilli liderimiz qətiyyətlə deyirdi: “İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır”5. 2020-ci il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsində (II Qarabağ müharibəsi) Azərbaycanın Böyük Zəfərini bu qətiyyətin məntiqi nəticəsi adlandırmaq olar. Bu zəfər həm də Heydər Əliyev ideyalarının təntənəsi, onun haqq, ədalət uğrunda savaşının qələbəsi idi. Məhz Heydər Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi düşmən üzərində parlaq qələbənin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanın zəfəri həm də gəncliyin qələbəsi idi. Son 30 ildə Heydər Əliyev ideyaları əsasında böyüyən, təhsil və tərbiyə alan gənclərin sayəsində qələbə bayrağı azad olunan torpaqlarda dalğalandı.

Heydər Əliyev Azərbaycan elminin və təhsilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi. Bilavasitə onun rəhbərliyi ilə elm və təhsil sahəsində məqsədyönlü islahatlar keçirilir, dünyanın qabaqcıl təcrübəsinə uyğun yeni texnologiyaların tətbiqi dəstəklənir, cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatının əsası kimi elm və təhsilin üstün rolu əsaslandırılırdı. Ulu Öndərin bu baxımdan aşağıdakı fikirləri çox əhəmiyyətlidir: “Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”6.

Ümummilli lider cəmiyyətin inkişafında insan kapitalının rolunun böyük olduğunu qeyd edirdi. İnsan kapitalı isə elmi biliklərə dərindən yiyələnən, dünyanın müasir çağırışlarına cavab verən, mükəmməl təhsil alan, səriştəli mütəxəssislər kimi yetişən kadrlar formalaşdıra bilərlər. İnsan kapitalı ilə bağlı digər bir cəhət ondan ibarətdir ki, bu işdə kadrların mənəvi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi tələb olunur. Ona görə də Ulu Öndər insan şəxsiyyətinin mənəvi xüsusiyyətlərinə də böyük önəm verirdi. Çünki mənəviyyat olmayan yerdə heç bir uğur əldə etmək olmaz. Mənəviyyatın əsasında dəyərlər dayanır. Qeyd etdiyimiz bu məsələlərin hər biri ilə bağlı onun irsində zəngin fikirlər, konseptual ideyalar vardır. Ona görə də Heydər Əliyevin irsi ideyalar qaynağı, mükəmməl konsepsiya kimi çox dəyərlidir. Burada həyatın bütün sahələrinə aid qiymətli məlumatlar vardır. Onun irsi müxtəlif elm sahələri üzrə araşdırma aparan tədqiqatçıların tədqiqat obyekti, predmeti ola bilər.

Heydər Əliyev şəxsiyyəti hər zaman dünyanın tanınan simalarının, dövlət başçılarının diqqətini cəlb edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər haqqında belə deyib: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutub”.

Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətli deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”7. R.T.Ərdoğanın bu fikirləri türk dünyasının böyük oğlu Heydər Əliyev şəxsiyyətinə, onun gördüyü işlərə, tarixi xidmətlərinə verilən yüksək dəyər kimi çox əhəmiyyətlidir.

BMT-nin sabiq Baş katibi Butros Qalinin fikirlərinə diqqət edək: “Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”8. Bu fikirdə də tarixi şəxsiyyəti səciyyələndirən böyük məna yükü aydın görünür. Görkəmli qazax yazıçısı, Qazaxıstanın YUNESKO-dakı nümayəndəsi olmuş (2002) Oljas Süleymenovun da Ulu Öndərimiz haqqında fikirləri ibrətamizdir: “Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin tarixi- böyük hadisələrə və Bilqamıs (“Müdrik qəhrəman”), Bilgə xaqan (“Müdrik xaqan”), İltəriş (“Torpaqları birləşdirən”), Atatürk.... kimi dahi adlara söykənən tarixi yazılacaqdır. Bizim zəmanəmiz Ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə Ustadların ən birincilərindəndir”9.

Ulu Öndərin həyatı, siyasi və dövlət xadimi kimi fəaliyyəti ilə bağlı ciddi elmi araşdırmalar da aparılıb, müxtəlif ixtisaslar üzrə dissertasiyalar yazılıb. Məsələn, Fərid Baxşəliyev (7), Samir Pişnamazzadə (21), Leyla Hüseynova (15), Lalə Allahverdiyeva (1), Qadir Əkbərov (13), Rimunə Hüseynova (16), Tahir Paşazadə (20), Rəhman Hacıyev (14), Selahettin Dikmen (9), Salatın Əhmədova (12), Oqtay Rzayev (22), Ədalət Qasımov (17), Mehman Şabanov (23) və başqalarının dissertasiya mövzuları maraq doğurur.

Təhsil müəssisələrində ümummilli liderimizin həyat və fəaliyyətinin, irsinin dərindən öyrənilməsi üçün imkanlar genişdir. Təhsilin müxtəlif pillə və səviyyələri üzrə ictimai-humanitar fənlərin məzmununda Ulu Öndərin ideyaları öz əksini tapıb. Xüsusilə Azərbaycan tarixinin tədrisində Heydər Əliyev irsi zəngin mənbə rolunu oynayır. Məsələn, 5-ci sinifdə Azərbaycan tarixi fənninin tədrisində “Azərbaycan müasir mərhələdə” bölməsi Ulu Öndərin irsinin öyrənilməsi üçün geniş imkanlar yaradır. Bu bölmədə “Müstəqil Azərbaycanın qurucusu” (s.195-199), “Ulu Öndərin yolu ilə” (s.200-203) mövzuları Heydər Əliyev şəxsiyyətinin xarakteristikasını, onun Azərbaycanın dövlətçilik tarixində yeri və rolunu öyrənmək üçün şagirdlərin yaş və inkişaf xüsusiyyətlərinə uyğun əhəmiyyətli mənbədir. 9-cu sinif Azərbaycan tarixinin tədrisində ümummilli liderimizin görkəmli siyasi və dövlət xadimi kimi fəaliyyətini öyrənmək imkanları daha genişdir. “1970-80-ci illərdə sosial-iqtisadi yüksəliş” (s.150-153), “1970-80-ci illərdə mədəniyyətin inkişafı” (s.161-164), “Dövlət müstəqilliyinin bərpası” (s.165-169), “Qurtuluş hərəkatı” (s.169-170), “Qarabağ müharibəsi” (s.171-174), “Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması” (s.174-176), “Dövlət müstəqilliyinin möhkəmləndirilməsi” (s.176-180), “Azərbaycan Respublikasının inkişafında yeni mərhələ” (s.181-185) və “Mədəniyyətin inkişafında yeni uğurlar” (s.188- 191) mövzuları Heydər Əliyev irsinin sistemli şəkildə dərindən öyrənilməsinə xidmət edir.

10-11-ci siniflərdə tədrisin təmayüllər əsasında aparılması Azərbaycan tarixinin tədrisi imkanlarını xeyli genişləndirir. Tarixin tədrisinin konsentrik prinsipinə uyğun olaraq aşağı siniflərdə öyrənilmiş hadisə və proseslərin yenidən daha dərin təhlil və ümumiləşdirmələr əsasında öyrənilməsi üçün əlverişli zəmin yaranır. 11-ci sinfin Azərbaycan tarixində Ulu Öndərin irsinin öyrənilməsinə bilavasitə xidmət edən mövzular, əsasən, bunlardır: “İdarəçiliyin möhkəmləndirilməsi. 1970-80-ci illərdə sosial-iqtisadi uğurlar” (s.144-147), “Xalq hərəkatı” (s.151-155), “XX əsrin 40-80-ci illərində mədəniyyət” (s.160-164), “Dövlət müstəqilliyinin bərpası” (s.166-169), “Birinci Qarabağ müharibəsi” (s.170-173), “Milli Qurtuluş” (s.181-183), “Hüquqi islahatlar və demokratik dövlət quruculuğu” (s.184-186), “XX əsrin 90-cı illərində həyata keçirilən sosial-iqtisadi islahatlar” (s.187-190), “Azərbaycan Respublikasının xarici siyasəti” (s.191-194) və “Yeni minilliyə yeni liderlə” (s.193-198). Təcrübə göstərir ki, bu yanaşmalar Vətən tarixinin, o cümlədən Azərbaycan tarixinin Heydər Əliyev mərhələsinin dərindən mənimsənilməsinə ciddi təsir göstərir.

Ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində Heydər Əliyev irsinə müraciət olunarkən, ilk növbədə onun milli ruhlu və bəşəri dəyərləri yüksək qiymətləndirən böyük tarixi şəxsiyyət olduğu əsaslandırılmalıdır. Onun fəaliyyətində azərbaycançılıq məfkurəsinə söykənən milli dövlətçilik konsepsiyası xüsusi yer tutur. Bu da dövlətimizin və xalqımızın möhkəm təməllər üzərində inkişafına təminat verən müqəddəs ideya qaynağıdır. Ulu Öndərin ictimai-siyasi həyatda Azərbaycan tarixi məsələlərini ön plana çəkməsi, şəxsiyyət, cəmiyyət və dövlətçilik problemlərinə konseptual baxışları həm də nəzəri müddəalar kimi yüksək dəyərləndirilməlidir. Ölkəmizdə Heydər Əliyevin ideyaları əsasında formalaşmış elm, təhsil, mədəniyyətin davamlı inkişafına təminat verən sosial-siyasi, iqtisadi zəmin bütövlükdə cəmiyyətin tərəqqisini sürətləndirir. Sağlam nəslin yetişdirilməsi, mənəvi tərbiyə məsələləri Heydər Əliyev irsində mühüm yer tutur.

Tədris prosesində bu zəngin irsə müraciət olunması təlimin keyfiyyətinin yüksəldilməsinə, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təkcə XX və XXI yüzilliyin əvvəlləri deyil, bütövlükdə ən qədim zamanlardan bu günümüzədək olan tarixin tədqiqi və tədrisində
Heydər Əliyevin konseptual baxışları metodoloji əsas kimi olduqca əhəmiyyətlidir.

Məqalənin elmi yeniliyi. Məqalədə Ulu Öndər Heydər Əliyev irsinin tədqiqi əsasında onun böyük siyasi və dövlət xadimi olduğu ümumiləşdirilib və sistemli şəkildə təqdim edilib.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi-dövlətçilik fəaliyyəti ilə bağlı tədris vəsaitlərinin yazılması üçün əhəmiyyətlidir. Burada əksini tapmış ideyalardan təlim-tərbiyə prosesində elmi-pedaqoji tələblər əsasında istifadə edilə bilər.

NƏTİCƏ

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yüzilliklər boyu yetirdiyi nadir şəxsiyyətlərdən biri  olmaqla milli qürur mənbəyimizdir. Onun həyatı, fəaliyyəti, Azərbaycan tarixində xüsusi mərhələ kimi dövlətə, xalqa xidmətləri həmişə öyrənilməli, gənclərin vətəndaşlıq mövqeyinin, milli mənlik şüurunun formalaşdırılmasında örnək göstərilməlidir. Ulu Öndərimizin tarixi xidmətlərinin müxtəlif elmi istiqamətlər üzrə geniş və daha dərindən, sistemli şəkildə davamlı olaraq araşdırılması və ideyalarının təbliği işində yeni texnologiyalardan məqsədyönlü istifadə vacibdir.

İstifadə edilmiş ədəbiyyat

1 Allahverdiyeva, L.Z. (2004). İbtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılmasında Heydər Əliyev  irsindən istifadənin elmi-pedaqoji əsasları. Pedaqogika üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

2 Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxış. 21 sentyabr 1993-cü il. Müstəqilliyimiz əbədidir. Birinci kitab. İyun 1993 - may 1994. Bakı: Azərnəşr, 1997, 612 s.

3 Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitq. 24 noyabr 1995. Müstəqilliyimiz əbədidir. Beşinci kitab. Noyabr 1995 - mart 1996. Bakı: Azərnəşr, 1998, 500 s.

4 Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin Sərəncamı. https://president.az/az/articles/view/57413 

5 Azərbaycan Respublikasının Milli bayramı-Respublika günü münasibəti ilə təntənəli mərasimdə nitq. Gülüstan sarayı. 27 may 2002-ci il. Müstəqilliyimiz əbədidir. Otuz səkkizinci kitab. Mart 2002- may 2002. Bakı: Azərnəşr, 2011, 480 s.

6 Azərbaycanın Milli Qəhrəmanları və Vətənimizin azadlığı uğrunda şəhidlərin ailə üzvləri ilə görüşdə çıxış. 27 dekabr 1993. Müstəqilliyimiz əbədidir. Birinci kitab. İyun 1993- may 1994. Bakı: Azərnəşr, 1997, 612 s.

7 Baxşəliyev, F.R. (2001). Heydər Əliyev və Azərbaycan təhsil sistemində aparılan islahatların əsas istiqamətləri (problemin öyrənilməsinin müqayisəli-tarixi təcrübəsi). Pedaqogika üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

8 Bakının Nəsimi rayonu ərazisində (Səməd Vurğun küçəsində) – paytaxtda ilk özəl ümumtəhsil məktəb kompleksinin istifadəyə verilməsi mərasimində nitq. 1 sentyabr 2001-ci il. Müstəqilliyimiz əbədidir. Otuz altıncı kitab. Sentyabr 2001 - noyabr 2001. Bakı: Azərnəşr, 2011, 512 s.

9 Dikmen, S.A. (2008). Heydər Əliyevin diplomatik baxışları. Siyasi elmlər üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

10 Dünya liderləri Heydər Əliyev haqqında. Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Prezidenti.  https://lib.aliyevheritage.org/az/8845617.html 

11 Dünya liderləri Heydər Əliyev haqqında.Butros Qali, BMT-nin Baş katibi. https://aztc.gov.az/az/posts/id:1320

12 Əhmədova, S.A. (2010). Heydər Əliyevin dil siyasəti. Filologiya üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı. 

13 Əkbərov, Q.İ. (2016). Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlər məsələsi. Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

14 Hacıyev, R.B. (2012). Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti (1993-2003-cü illər). Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

15 Hüseynova, L.Ə. (2004). Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (müstəqillik dövrü). Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

16 Hüseynova, R.Z. (2015). Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişafında Heydər Əliyevin rolu (1993-2003-cü illər). Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

17 Qasımov, Ə.Q. (2011). Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər). Tarix elmləri dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

18 Quliyeva, K.R. (2012). Heydər Əliyev irsində mənəvi tərbiyə məsələləri. Pedaqogika üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

19 Məşhurlar Heydər Əliyev haqqında. Oljas Süleymenov. https://lib.aliyevheritage.org/az/40892278.html

20 Paşazadə, T.A. (2018). Heydər Əliyev və Azərbaycan xalq yaradıcılığı. Filologiya üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

21 Pişnamazzadə, S.P. (2008). Heydər Əliyev və Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin qorunması. Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.

22 Rzayev, O.Ə. (2009). Heydər Əliyev və Azərbaycan Respublikasının qloballaşma dövründə inteqrasiya və inkişaf siyasəti. Siyasi elmlər üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı. 

23 Şabanov, M.S. (2012). Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sahəsində fəaliyyəti. Tarix üzrə fəls.dok. elmi dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı.