ŞUŞANIN TARİXİ ABİDƏLƏRİ VƏ ONLARIN AZƏRBAYCAN TARİXİ DƏRSLƏRİNDƏ ÖYRƏDİLMƏSİ İMKANLARI
İntiqam Cəbrayılov
Məqalədə Şuşa şəhərinin tarixinə nəzər salınır, bu şəhərdəki tarixi abidələrin yaranması, Azərbaycanın milli mədəni irsinin zənginləşdirilməsindəki rolundan bəhs edilir. Müəllif dini abidələrin, məscidlərin türk-islam mədəniyyətinin inkişafına təsirini əsaslandırarkən bu işdə Şuşanın görkəmli şəxsiyyətlərinin fəaliyyətini də ön plana çəkir. Tədqiqatçı eyni zamanda Şuşanın tarixi abidələrinin ümumtəhsil məktəblərində öyrədilməsi imkanlarını da araşdırır, müxtəlif siniflərdə fənn proqramına uyğun olaraq Azərbaycan tarixi dərslərində Şuşanın tarixi abidələrinin öyrədilməsinə imkan verən mövzuları müəyyənləşdirir, mövzuların tədrisi yolları barədə elmi fikirlərini təqdim edir.
GİRİŞ
Azərbaycan xalqının tarixində Şuşanın özünəməxsus yeri və rolu vardır. Şuşa Qarabağın, Azərbaycanın, Şərqin və bütövlükdə dünyanın
ən qədim və zəngin mədəniyyət ocaqlarından biridir. Ulu əcdadlarımız olan türk tayfaları tərəfindən əsası qoyulan Şuşa ən mürəkkəb tarixi şəraitdə belə özünün varlığını qoruyub saxlayıb, türk-müsəlman şəhəri kimi mədəni irsimizə böyük töhfələr verib. XVIII yüzillikdə buranın Qarabağ xanlığının mərkəzinə çevrilməsi, Şuşanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı üçün olduqca əlverişli şərait yaradıb. Belə ki, məhz o zaman burada müsəlman Şərq üslubuna xas olan binalar, qalalar, məscidlər, karvansaralar, malikanələrin inşası, körpülərin salınması geniş vüsət alıb və şəhər daha sürətlə inkişaf edib.
Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa Qırxqız, Kirs, Murov, Bağqıran və Sarıbaba dağları ilə əhatə olunur. Bu şəhər tarixi, memarlıq abidələri ilə yanaşı, təbiət abidələri ilə də zəngindir. Şəhərin coğrafi mövqeyi, havasının təmizliyi, müalicəvi əhəmiyyətli təbii sularının olması ona diqqət və marağı daha da artırır (Qacar, 2023; Məmmədov, 2016). Əslində Şuşa özü bütövlükdə bir abidədir, abidə-şəhərdir. Ümummilli lider Heydər Əliyevin Şuşa şəhəri haqqında fikirləri bu şəhərin nə qədər böyük tarixi əhəmiyyət daşıdığını göstərir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan guşəsidir. Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır” (Mustafayev, 2023).
ŞUŞANIN TARİXİ ABİDƏLƏRİ AZƏRBAYCANIN MƏNƏVİ PASPORTU VƏ TÜRK-İSLAM DÜNYASININ MİLLİ SƏRVƏTİDİR
Şuşanın tarixi abidələrini Azərbaycan xalqının mənəvi pasportu adlandırmaq olar. Bu abidələr xalqımızın tarixi-mədəni yaddaşı, Qarabağ yurdunun ən qədim dövrlərdən Azərbaycana məxsusluğunun göstəricisidir. Bu abidələrdə xalqımızın düşüncə tərzi, milli psixologiyası, dünyagörüşü, inanc sistemi, torpağa, yurda bağlılıq əzmi, təhsil, elm, mədəniyyət sahəsində uğurları və digər xüsusiyyətlər əksini tapıb.
Tarixdən məlumdur ki, Şuşa şəhəri həmişə mədəniyyət mərkəzi kimi diqqəti cəlb edib. Şuşanın tarixinə dair yazılmış əsərlərdə, elmi araşdırmalarda onun siyasi, sosial-iqtisadi və mədəniyyət, o cümlədən təhsil tarixi ilə bağlı zəngin məlumatlar vardır. Bu baxımdan Firudin Şuşinskinin “Şuşa”, Məşədixanım Nemətovanın “Azərbaycanın epiqrafik abidələri”, Elçin Əhmədovun “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, Yaqub Mahmudov və Camal Mustafayevin “Şuşa-Pənahabad”, Zəhra Muradovanın “Şuşa, hər daşı-qayası tarix”, Ənvər Çingizoğlunun “Şuşa şəhəri: Təbrizli məhəlləsi: tarixi-geneoloji tədqiqat”, Vasif Quliyevin “180 yaşlı Şuşa məktəbi”, Fariz Xəlillinin rəhbərliyi və Gülzadə Abdulova, Həbibə Əliyeva, Aygün Məmmədova, Şəhla Xəlilli ilə həmmüəllif olduğu “Şuşa: tarixi-mədəni irsin tədqiqi”, Fazil Zeynalovun “Şuşa müqəddəs Azərbaycan şəhəri”, Çingiz Qacarın “Köhnə Şuşa”, Nazim Məmmədovun “Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi”, Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs”, Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” və digər müəlliflərin çoxsaylı tədqiqatları böyük elmi əhəmiyyət daşıyır.
Araşdırmalar göstərir ki, Şuşa şəhərində 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları, o cümlədən 72 tarixi abidə, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olub. Eyni zamanda Şuşada daş döşənmiş, ümumi uzunluğu 1203 metr olan küçələr, 17 məhəllə bulağı da şəhərə gözəllik verən abidələr sırasında idi. Qeyd edək ki, Şuşa abidələrinin əksəriyyəti XIX yüzillikdə yaşayan memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Dövrün görkəmli nəqqaşı kimi tanınan Kərbəlayi Səfərəli isə həmin abidələri zövqlə işləyib və onları müxtəlif, rəngarəng çalarla zənginləşdirib.
Şuşanın tarixi abidələri türk-islam dünyası üçün böyük əhəmiyyət daşıyır. Çünki bu abidələr Azərbaycan tarixinin mədəniyyət nümunələri
olmaqla yanaşı, həm də türk-islam dünyasının zəngin xəzinəsidir. Abidələrin strukturu, məzmunu bütövlükdə Azərbaycanın da daxil olduğu türk-islam dünyasının xüsusiyyətlərini özündə əks etdirir. Bu baxımdan Şuşanın abidələri həm də türk-islam mədəniyyətinin zənginləşdirilməsində mühüm rol oynayıb. Yuxarı Gövhər Ağa məscidi (XIX yüzillik), Aşağı Gövhər Ağa məscidi (XIX yüzillik), Saatlı məscidi (XIX yüzillik) və digər dini-tarixi, memarlıq abidələri milli mədəni irsimizin ən nadir inciləri sırasındadır. Bu məscidlər müsəlmanların müqəddəs ibadət yerləri olmaqla yanaşı, həm də onların təhsil-tərbiyəvi əhəmiyyəti böyük idi. Burada, mədrəsələrdə uşaqların təhsil almaq imkanları vardı. Təhsil prosesində təkcə dini məsələlər deyil, eyni zamanda dünyəvi elmlər də öyrədilirdi. Şərq mütəfəkkirlərinin, böyük övliyaların əsərləri öyrədilir, təbiət, insan və cəmiyyətin harmoniyası barədə dünyəvi baxışlar sistemi təhlil olunur, şagirdlərin, tələbələrin həyata hazırlığına ciddi diqqət yetirilirdi. Kamil insan konsepsiyasına uyğun mənəvi dəyərlərin təbliğinə, insanların özünüdərkinə xüsusi diqqət yetirilirdi. Araşdırmalar göstərir ki, məhz bu yolla insanlar mərifət, ədalət və həqiqət uğrunda mübarizəyə səslənir, insanların naqis cəhətlərinin aradan qaldırılması, birlik, həmrəylik, bərabərlik və sülhün möhkəmləndirilməsi mümkünlüyünün daha rahat olduğu bildirilirdi. Qeyd edək ki, Şuşada doğulmuş və sonralar Azərbaycanın və bütövlükdə türk, islam dünyasının böyük simaları kimi tanınmış bir sıra şəxsiyyətlər məhz bu torpağın, buradakı abidələrin təsir dairəsinə aid təhsil-tərbiyə mühitinin yetirmələridir. Məsələn, XIX yüzillik Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği (1817-1910), rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabaği (1830-1905), rəssam, xəttat, eyni zamanda yazıçı, musiqişünas, ədəbiyyatşünas Mir Möhsün Nəvvab (1833-1918) və digər tanınmış şəxsiyyətlərin adlarını qeyd edə bilərik. Qarabağ memarlığının, təsviri sənətinin inkişafında onların xüsusi xidmətləri olub. Onlar öz əsərlərində, tikililərdə, xüsusilə məscidlərdə Şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə ustalıqla əlaqələndirə bilib, möhtəşəm sənətkarlıq nümunələri yaradıb.
Bərdədə dördminarəli “İmamzadə” kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (XIX yüzillik), Odessa şəhərində “Tatarlar” (1870), Aşqabadda “Qarabağlılar” (1880) məscidlərinin memarlığı Kərbəlayi Səfixan Qarabağiyə, Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekorativ panno və kompozisiyalar, Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri Usta Qənbər Qarabağiyə məxsusdur (Şuşinski, 1998). Qeyd edək ki, elmi araşdırmalarda Yuxarı Gövhər Ağa məscidinin minarələrinin naxış dizaynı, eyni zamanda məscid yanındakı mədrəsənin ikinci mərtəbəsindəki kiçik otağın divar rəsmlərinin Mir Möhsün Nəvvab (1833-1918) tərəfindən işləndiyi göstərilib (Mustafayev, 2023).
Memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən Şuşanın mərkəzi meydanında inşa edilən Yuxarı Gövhər Ağa məscidi böyük tarixi abidədir. Bu məscid 1883-cü ildə İbrahim xanın (1732-1806) xeyriyyəçi qızı, Mehdiqulqu xanın bacısı Gövhər ağanın (1790-1888) maddi vəsaiti əsasında tikilib. Şuşanın ümumi görkəmində ahəngdarlığı ilə diqqəti cəlb edən bu abidə də digər islam məkanları kimi xalqın inam, iman yeri, insanların mənəvi-ruhi dünyasının rahatlıq tapdığı yer kimi çox əzəmətlidir.
Cümə məscidi olan Yuxarı Gövhər Ağa məscidinin hündür olan oxvari minarələri və mərkəzi gümbəzinin şəhərin memarlıq kompozisiyasında dominantlıq təşkil etməsi Şuşa memarlığının özünəməxsus xüsusiyyətlərindən biri kimi qeyd oluna bilər. Belə ki, bu minarələrin hündürlüyü şəhərə gələn insanlara başlıca ticarət küçələri və meydanının yerini müəyyənləşdirmək imkanı yaradır, istiqamətverici rol oynayırdı.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi erməni qəsbkarları tərəfindən dağıdıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ, o cümlədən Şuşa şəhəri işğaldan azad edildikdən sonra bölgədə bərpa işləri başlandı. Bütövlükdə məscidin, o cümlədən onun interyerlərinin, minarələrinin dekorunun və çadırvari örtüklərinin bərpası ilə bağlı işlər həyata keçirildi. Yuxarı Gövhər Ağa məscidində başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən aparıldı. Heydər Əliyev Fondu məscidin bərpasına xüsusi diqqət və qayğı göstərib. Bərpa işləri aparılarkən ilkin memarlıq üslubu nəzərə alınıb. Qeyd edək ki, 2023-cü il mayın 10-da ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak edib1.
Şuşanın tarixi abidələri sırasında Aşağı Gövhər Ağa məscidi də xüsusi yer tutur. Bu cümə məscidi şəhərin Qapan meydanında yerləşir. XIX yüzillikdə bu məscidə bəzən Kiçik məscid də deyilirdi. Lakin ölçü baxımından hər iki cümə məscidi (Yuxarı Gövhər Ağa məscidi və Aşağı Gövhər Ağa məscidi ) oxşardır. Erməni qəsbkarları tərəfindən böyük dağıntılara məruz qalan Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev fondu tərəfindən ciddi bərpa-təmir işləri görülür. Bununla yanaşı, Şuşada Mamayı və Çöl qala məscidlərinin də bərpası, eyni zamanda Yeni Şuşa məscidinin tikintisi Heydər Əliyev Fondu tərəfindən aparılır.
Tarixi araşdırmalardan məlumdur ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Şuşada tarixi abidələrin və bütövlükdə mədəni irsin qorunması sahəsində ciddi çətinliklər yarandı. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra milli mədəni irsin qorunması ilə bağlı ardıcıl və sistemli tədbirlər görülməyə başlandı. Sovet dövründə, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev Şuşada mədəni irsin qorunması ilə əlaqədar gördüyü tədbirlər nəticəsində şəhərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, tikinti, bərpa, quruculuq işlərinin daha da canlanmasına nail olundu. O zaman bilavasitə Heydər Əliyevin təşəbbüsü, tövsiyəsi və qərarı ilə 1977-ci ildə Şuşa şəhəri tarixi-memarlıq qoruğuna çevrildi.
........................................................................
1 https://president.az/az/articles /view/59691
Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq Şuşa şəhərinin tarixi-memarlıq qoruğuna çevrilməsi
barədə Azərbaycan hökumətinin qərarı olduqca təqdirəlayiq idi.
Lakin 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində Qarabağda tarixi mədəni irsimizə
böyük zərbə vuruldu. 1992-ci ilin mayın 8-də Şuşa şəhərinin düşmən tərəfindən işğalı zamanı burada tarixi-mədəniyyət abidələri yerlə-yeksan edildi. Əslində Şuşa şəhərini ələ keçirməklə 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 522 uşaq öz valideynlərini itirdi, 58 nəfər isə itkin düşdü. 20 mindən çox Şuşa sakini isə məcburi köçkün həyatı yaşadı.
Araşdırmalar göstərir ki, işğalın davam etdiyi 29 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılıb, məbəd və məscidlər təhqir edilib, 20 kitabxana yandırılıb.
Qeyd edək ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin, Ordu və xalq birliyinin əzmi, mübarizəsi nəticəsində Azərbaycan ərazisi düşmən tapdağından azad edildikdən, Vətən müharibəsi – İkinci Qarabağ müharibəsində (27 sentyabr – 10 noyabr 2020) Böyük Zəfərdən sonra torpaqlarımızın dirçəldilməsi, tarixi abidələrin bərpası, milli mədəni irsin qorunması istiqamətində böyük layihələr həyata keçirilir, məqsədyönlü işlər görülür. Bu sırada təbiidir ki, Şuşanın özünəməxsus yeri vardır. Çünki Şuşa Azərbaycanın nadir incisidir, mədəniyyət paytaxtıdır. Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınıb, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli, 1375 nömrəli Fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu gün Şuşa şəhərinin yenidən dirçəldilməsi, inkişafı naminə atılan qətiyyətli addımlar hər bir azərbaycanlının qəlbində iftixar hissi yaradır, Şuşaya, onun tarixi abidələrinə, ümumiyyətlə, bütövlükdə milli mədəni irsimizə, dini dəyərlərimizə olan sevgini artırır. Şuşa haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ibrətamizdir: “... Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Hər dəfə Şuşada olarkən – mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam ( 8 noyabr 2022-ci ildən əvvəlki dövr nəzərdə tutulur – İ.H.Cəbrayılov), hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür”2.
ŞUŞANIN TARİXİ ABİDƏLƏRİNİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ ÖYRƏDİLMƏSİ MƏSƏLƏLƏRİ
Ümumtəhsil məktəblərində humanitar fənlərin, xüsusilə Azərbaycan tarixinin və Zəfər tarixinin tədrisində Şuşanın tarixi, o cümlədən onun abidələri haqqında məlumat əldə etmək imkanları genişdir. Təcrübə və araşdırmalar göstərir ki, ayrı-ayrı siniflərdə müxtəlif tarixi dövrləri əks etdirən mövzuları tədris edərkən şagirdlərə Şuşanın sosial-iqtisadi, siyasi həyatı ilə yanaşı, mədəni həyatı ilə, tarixi abidələrilə də bağlı geniş məlumat vermək, milli mədəni irsimizə verilmiş töhfələri, dini dəyərlərimizin qorunması əhəmiyyətini öyrənmək üçün müxtəlif informasiya mənbələri üzərində iş aparmaq mümkündür.
Siniflər üzrə problem baxımından mövcud imkanları mövzular əsasında aşağıdakı şəkildə ümumiləşdirdik:
8-ci sinif. Azərbaycan tarixi fənni üzrə:
Qarabağ-bəylərbəylikdən xanlığa (§19.s.103-108); İqtisadi vəziyyət. Sənətkarlıq. Ticarət (§26. s.140-145); Qarabağ, Şəki və Şamaxı xanlıqlarının Rusiya tərəfindən işğalı (§29. s.155-158); XVIII əsrdə və XIX əsrin əvvəlində Azərbaycan mədəniyyəti (§35.s.184-193)3.
9-cu sinif. Azərbaycan tarixi fənni üzrə:
Azərbaycan XIX əsrin 30-40-cı illərində. Təsərrüfat və əhalinin həyatı (§2. s.12-15); XIX əsrdə təhsil və elm (§12. s.50-53); Azərbaycan XIX əsrin əvvəllərində. Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlar. Milli demokratik hərəkat (§17. s.68-70); Mədəniyyət (§21. s.84-88); 1918-ci ildə Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (§22. s.89-91); Erməni işğalçılarına qarşı mübarizə (§25. s.99-102); 1920-1930-cu illərdə Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər ( §32. s.121-123); 1920-1930-cu illərdə mədəni quruculuq tədbirləri (§36. s.132-133); Azərbaycan SSR müharibədən sonrakı onillikdə (§39. s.140-143); Ərazi bütövlüyü və milli hüquqların qorunması uğrunda mübarizə (§44. s.156-158); 1970-1980-ci illərdə mədəniyyətin inkişafı (§46. s.161-164); Qarabağ müharibəsi (§49. s.171-173); Mədəniyyətin inkişafında böyük uğurlar (§54. s.188-191)4.
........................................................................
2 president.az/articles/view/57801
3 Ümumi təhsil müəssisələrinin 8-ci sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / Y.M. Mahmudlu (və b.). Bakı: Təhsil, 2023. 200 s.
4 Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / Y.M. Mahmudlu, Q.Ə.Əliyev, M.Q.Abdullayev (və b.). Bakı: Şərq-Qərb, 2020. 192 s.
10-cu sinif. Azərbaycan tarixi fənni üzrə:
Qarabağ xanlığı (§39. s.171-174); Xanlıqlar dövründə sosial-iqtisadi həyat (§43. s.186-189); Xanlıqlar dövründə mədəniyyət (§44. s. 190-192)5.
11-ci sinif. Azərbaycan tarixi fənni üzrə:
XX əsrin əvvəllərində çarizmin milli qırğın siyasəti (§8. s.51-53); XIX-XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti (§12. s.67-73); Azərbaycan Xalq Cümhuriyyəti (§16. s.88-103); Azərbaycan SSR XX əsrin 40-cı illərinin ortaları–60-cı illərdə (§23. s.136-140); İdarəçiliyin möhkəmləndirilməsi. 1970-1980-ci illərdə sosial-iqtisadi uğurlar (§24. s.141-143); “Yenidənqurma” və “aşkarlıq” siyasətinin iflasa uğraması. Qarabağ münaqişəsinin başlanması (§25. s.144-151); Azərbaycan mədəniyyəti XX əsrin 40-80-ci illərində (§27. s.156-160); Birinci Qarabağ müharibəsi (§29. s.165-169); Qarabağda quruculuq. Böyük Qayıdışın ilk addımları (§41. s.219-224)6.
9-cu sinif. Zəfər tarixi fənni üzrə:
Giriş ( s.6 ); Münaqişə başlayır (§1. s.7-10); Birinci Qarabağ müharibəsi (§2. s.11-26); Mədəniyyətimizin incisi-Şuşa (§9. s.90-107); Qarabağ bu gün (§10. s.108-111)7.
Qeyd etmək lazımdır ki, Şuşa Pənahəli xan Cavanşirin, Xurşidbanu Natəvanın, Əhməd bəy Ağaoğlunun, Firidun bəy Köçərlinin, Üzeyir bəy Hacıbəylinin, Ceyhun Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Fikrət Əmirovun, Hüseyn Baykaranın, Süleyman Ələsgərovun, Rəşid Behbudovun, Lətif Kərimovun anadan olduğu doğma yurd yeridir, bir sıra böyük mütəfəkkirlərin, ictimai, dövlət xadimlərinin vətənidir. Şuşa Cənab Prezident İham Əliyevin dediyi kimi Qarabağdır, Azərbaycandır, türk və müsəlman dünyasının mərkəzidir, mədəniyyət paytaxtıdır. Yuxarıda qeyd etdiyimiz mövzuları tədris edərkən təkcə dərslik materialları ilə deyil, əlavə tədris resurslarından da istifadə edərək şagirdləri Şuşanın mədəni irsi, tarixi abidələri haqqında dərindən tanış etmək imkanları vardır. Araşdırmalar göstərir ki, Şuşanın abidələri birmənalı olaraq Azərbaycan abidələridir. Bu abidələr məhz Azərbaycan torpağında, azərbaycanlılar tərəfindən yaradılıb. Eyni zamanda bu abidələrin səciyyəvi xüsusiyyətləri sırasında türkçülük, islamçılıq elementləri aydın görünür. Tarixi mənbələr, o cümlədən epiqrafik abidələr Şuşanın millimədəni irsi barədə zəngin məlumatlar verir. Təkcə məscidlər deyil, hətta tarixi yaşayış binalarında Azərbayacan milli sənətkarlığına xas olan cəhətlər, ornamentlər, rəsmlər, bəzəklər, naxışlar, tikinti üslubu haqqında geniş informasiya əldə etmək mümkündür.
MƏQALƏNİN ELMİ YENİLİYİ. Məqalədə Şuşanın tarixi abidələri barədə mənbələrə istinadlar əsasında ümumiləşdirilmiş məlumatlar verilir, abidələrin spesifik xüsusiyyətləri, türk-islam dünyasının mənəvi xəzinəsi kimi əsaslandırılır və tarixi əhəmiyyəti izah edilir. Eyni zamanda ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisində istifadə imkanları üzə çıxarılır.
MƏQALƏNİN PRAKTİK ƏHƏMİYYƏTİ VƏ TƏTBİQİ. Məqalə Şuşanın tarixi abidələri və tədris prosesində ondan istifadə ilə bağlı vəsaitlərin hazırlanması, təlim prosesində və təlimdənkənar vaxtlarda Azərbaycan tarixinin bu və ya digər problemlərinin öyrənilməsi üçün əhəmiyyətlidir. Məqalədə əksini tapmış ideyalar həm də şagirdlərin milli mənlik şüurunun formalaşdırılması prosesində tətbiq oluna bilər.
NƏTİCƏ. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Şuşanın tarixi abidələri Azərbaycanın milli sərvəti kimi əhəmiyyətli olmaqla yanaşı, həm
də türk-islam dünyasının mənəvi xəzinəsidir. Bu abidələr xalqımızın milli tarixi yaddaşıdır.
........................................................................
5 Ümumi təhsil müəssisələrinin 10-cu sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / T.R.Əliyev, P.H. Ağalarov, N.Ə.Quliyev (və b.). Bakı: Şərq-Qərb, 2022. 200 s.
6 Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / P.H. Ağalarov, N.Ə.Quliyev, R.Hətəmov (və b.). Bakı: Şərq-Qərb, 2023. 224 s.
7 Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün Zəfər tarixi fənni üzrə dərs vəsaiti / P.H. Ağalarov, N.Ə.Quliyev, H.Ə.Cabbarov (və b.). Bakı: Şərq-Qərb, 2023. 112 s.
Bu tarixi yaddaşı qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ona görə də Azərbaycanın digər tarixi abidələri kimi Şuşanın tarixi abidələrini də daha dərindən tədqiq etməli, böyüməkdə olan nəsillərə onların yaranması, keçdiyi tarixi yol, qorunma zəruriliyi barədə ardıcıl və sistemli şəkildə məlumat verməli, milli dəyərlərimizi təbliğ etməli və unutmamalıyıq.
İstifadə edilmiş ədəbiyyat
1 Adıgözəlbəy, M. (2006). Qarabağnamələr. Birinci kitab /M.Adıgözəlbəy, M.C.Cavanşir Qarabaği, Ə.Cavanşir – Bakı: Şərq-Qərb, 216 s.
2 Avalov, E.V. (1977). Arkhitektura goroda Shushi i problemy sokhraneniya yego istoricheskogo oblika. Baku: Elm.
3 Çingizoğlu, Ə. (2012). Şuşa şəhəri: Təbrizli məhəlləsi: tarixi-geneoloji tədqiqat/Ə.Çingizoğlu-Bakı: Zərdabi LTD MMS, 324 s.
4 Əhmədov, E. ŞUŞA – Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər https://azerbaijan.az/news/5150
5 Fatullayev, SH.S. (1970). Pamyatniki Shushi. Baku.
6 İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub. https://president.az/az/articles/view/62623
7 İlham Əliyev Zəfər günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib. 08 noyabr 2022. president.az/articles/view/57801
8 İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. https://president.az/az/articles /view/59691
9 Qacar, Ç.U. (2023). Köhnə Şuşa / Çingiz Qacar. Şərq-Qərb, 344 s.
10 Quliyev, V. (2010). 180 yaşlı Şuşa məktəbi/ V.Quliyev. Bakı: Şuşa, 200 s.
11 Mahmudov, Y.M. (2005). Qarabağ:Real tarix faktlar və sənədlər/ Y.M.Mahmudov, K.K.Şükürov. Bakı: Təhsil, 380 s.
12 Mahmudov, Y.M. (2012). Şuşa – Pənahabad / Y.M.Mahmudov, C.M.Mustafayev. Bakı: Təhsil, 152 s.
13 Məmmədov, N.R. (2016). Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi / N.Məmmədov. Bakı: Avropa, 960 s.
14 Muradova, Z.B. (2022). Şuşa, hər daşı-qayası tarix / Z.B.Muradova. Bakı: Orxan NHM, 416 s.
15 Mustafayev, E.K. (2023). Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında) /E.K.Mustafayev. Bakı: Elm, 204 s.
16 Nemətova, M.S. (2011). Azərbaycanın epiqrafik abidələri. VI cild. Şirvan, Gəncə, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və başqa rayonların ərəb-fars-türkdilli kitabələri (XI-XX əsrlərin əvvəlləri)/ M.S.Nemətova. Bakı.
17 Salamzade, A.V. (1964). Arkhitektura Azerbaydzhana XVI-XIX vv. Baku.
18 Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdən. Prezident Sarayı. 6 may 1996-cı il. pdf Azərbaycan şəhərləri və bölgələri haqqında. s.223. files.preslib.az /projects /heydaraliyev/iqtibaslar
19 Şuşa: tarixi-mədəni irsin tədqiqi /F.Xəlilli (və b.). Bakı: Elm və təhsil, 2022. 208 s.
20 Şuşinski, F.M. (1998). Şuşa / F.M.Şuşinski – Bakı:Gənclik, 428 s.
21 Ümumi təhsil müəssisələrinin 10-cu sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / T.R.Əliyev, P.H. Ağalarov, N.Ə.Quliyev (və b.). Bakı: Şərq-Qərb, 2022. 200 s.
22 Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik / P.H.Ağalarov, N.Ə.Quliyev, R.Hətəmov (və b.). Bakı: Şərq-Qərb, 2023. 224 s.
23 Ümumi təhsil müəssisələrinin 8-ci sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik /Y.M.Mahmudlu (və b.). Bakı: Təhsil, 2023. 200 s.
24 Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün Azərbaycan tarixi fənni üzrə dərslik /Y.M.Mahmudlu, Q.Ə.Əliyev, M.Q.Abdullayev (və b.). Bakı: Şərq-Qərb, 2020. 192 s.
25 Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün Zəfər tarixi fənni üzrə dərs vəsaiti / P.H.Ağalarov, N.Ə.Quliyev, H.Ə.Cabbarov (və b.). Bakı: Şərq-Qərb, 2023. 112 s.
26 Yaqublu, N. (2022). Şuşa ziyalıları: unudulmuş irs / N.Yaqublu. Bakı: AVE Print, 216 s.
27 Zeynalov, F. (2022). Şuşa müqəddəs Azərbaycan şəhəri / F.Zeynalov. Bakı: Azərnəşr, 172 s.