Yeni dərsliklər,  uğurlu təhsil sistemi, ekoloji problemlər və perspektivlər...


Heyət üzvü




Yalçın İslamzadənin gözü ilə

Yalçın İslamzadənin elmin kütləviləşdirilməsi, modernist və sekulyar düşüncənin cəmiyyətdə daha geniş yayılması ilə bağlı fikirləri, gördüyü işlər gənclər arasında marağa səbəb olur.  İxtisasca fizik olan, elmi-kütləvi kitabların tərcüməsi prosesində də aktiv iştirak edən araşdırmaçını “Azərbaycan məktəbi” jurnalı üçün müsahib seçməyimizin səbəbi onun həm jurnalımızın redaksiya heyətinin üzvü, həm də Təhsil İnstitutunun hazırladığı “Təbiət” dərsliyinin həmmüəlliflərindən biri olmasıdır. Söhbətə də elə bu layihədən başladıq.

 

  • “Təbiət” necə yarandı?

 

  • “Təbiət” olaraq nəzərdə tutduğunuz layihənin məqsədi – beynəlxalq təcrübədəki “Science” dərsliklərinin yerli ekvivalentlərinin yazılması və məktəblərdə tədris olunmasıdır. 2013-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  bir çox məqamlarla yanaşı, təhsilin mütərəqqi beynəlxalq təcrübəyə inteqrasiyası və şəxsiyyətyönlü  məzmununun yaradılması nəzərdə tutulur. Uzun müddət dərslikləri məzmun yüklü olduğuna, şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almadığına, məktəbsonrası həyat üçün zəruri olan bilik və bacarıqlar təqdim etmədiyinə görə tənqid etmişəm. Beynəlxalq təhsil araşdırmalarının başlıca istiqamətindən biri də dərsliklərin keyfiyyətidir. Xüsusi tənqid olunan cəhət odur ki, indiyə qədər dərslikləri alimlər yazıb və  mümkün qədər akademik və intensiv məzmun təqdim etməyə çalışıblar. Sanki onların son məqsədi müvafiq fənn sahəsində doktorantura oxuyacaq potensial alimlər hazırlamaq olub. Statistika göstərir ki, bir fənni oxuyan bütün şagirdlərdən sadəcə 5 faizi həmin fənn sahəsində akademik karyera seçir. Halbuki, elmin başqa funksiyaları şagirdlərin 95 faizinə gələcək həyatında faydalı ola bilər. Ona görə də elə dərsliklər yazılmalıdır ki, həm akademik karyera seçəcək şagirdlərə, həm də konkret fənn sahəsində çalışmayacaq əksəriyyətə faydalı olsun. Əlbəttə, işləyəcəkləri sahədən asılı olmayaraq bütün təhsilalanların elmdən xəbərdar olması arzuolunandır. Xüsusilə elm savadlılığı, səbəb-nəticə əlaqələrini analiz edə və tənqidi düşünə bilmək müxtəlif kanallardan böyük həcmdə yoxlanılmamış  informasiyanın axdığı indiki dövrdə çox vacibdir. Yalan məlumatlar insanları manipulyasiya etmək üçün hazırlanır. Bu məlumatları analiz edə bilməyənlər  onları manipulyasiya edənlərin istədikləri qərarları verirlər.

Elm və Təhsil Nazirliyi adıçəkilən sənəddəki tələblərə cavab verəcək dərsliklərin layihəsini elan etdikdə tərəddüdsüz müraciət etdim. Onu da qeyd edim ki, bu proses göründüyündən dəfələrlə çətindir. Bəzən insanlar düşünür ki, “dərsliklər dəyişməlidir” demək olduqca orijinal ideyadır və bunu sadəcə bu fikri deyən insan görür.  Əslində, ideyalar məlumdur, əsas çətinlik onları  reallaşdırmaqdadır. Çünkü bu proses təhsil rəsmilərini, müəllimləri, psixoloqları və bir çox  mütəxəssisi əhatə edən dərsliyin, metodik vəsaitin, iş dəftərinin ən kiçik detallarında belə, koordinasiya və razılaşma tələb edən prosesdir.

Hazırda 5-ci sinif üçün “Təbiət” dərsliyi hazırdır, 6-cı sinif üçün nəzərdə tutulan dərslik isə yazılma prosesindədir.

 

Tənqidi təfəkkür bacarıqlarının formalaşdırılmasında ana dilinin əvəzsiz rolu var”

 

  • Siz ixtisasca fiziksiniz, yəni təbiət elmləri əsas fəaliyyət sahənizdir. Bu sahə üzrə başqa hansı dərsliklərin yenidən yazılmasını vacib sayırsınız və özünüz də bu prosesdə iştirak etmək istərdiniz?

 

  • Dəyişən dünyanı dərk etmək və fəal, iştirakçı vətəndaş olmaq üçün sadəcə fizika, kimya, biologiya və coğrafiya kimi təbiət elmləri yetərli deyil. Artıq coğrafiyanın belə, əhatə dairəsi genişləndirilib və beynəlxalq təcrübədə “Yer elmləri” adıyla Yer kürəsinin Günəş sistemindəki yeri də coğrafiyaya daxil edilib. Çünki insanın aktiv fəaliyyət sahəsi artıq yaxın orbitləri də əhatə edir.

İnsanların əksəriyyəti elmi sadəcə onun məhsullarından biri olan texnologiyaya bərabər tuturlar. Elm, həm də bir perspektiv, baxış tərzi, dünyagörüşü təqdim edir.  Savadlılıq anlayışı artıq sadəcə oxuyub-yazmağı nəzərdə tutmur, onun əhatə dairəsi elm savadlılığı, riyazi, maliyyə, dijital savadlılıq kimi komponentlərlə genişləndirilib.

Müəllim olaraq bir müşahidəmi bölüşmək istəyirəm. Şagirdlərin problem həll etməkdə ən böyük çətinlikləri problemi anlamaq, problemli situasiyanı özləri üçün aydınlaşdıra bilməkdir. Bunu bacaranların böyük əksəriyyəti verilmiş problemi həll edə bilirlər. Ona görə də düşünürəm ki, oxuyub-anlamaqda və tənqidi təfəkkür bacarıqlarınının formalaşdırılmasında ana dilinin əvəzsiz rolu var və bu, təbiət elmlərinin anlaşılması üçün də vacib şərtdir. “Ana dili” dərslikləri müasir mətnlərlə zəngin olmalı, dövrlə uzlaşmalıdır. Orta məktəbdə uzun-uzadı, detalları ilə öyrəndiyimiz əruz vəzni nəzəriyyəsi, qəzəl təhlili mənə bir dəfə də lazım olmayıb. Elm və Təhsil Nazirliyi təbiət fənləri ilə yanaşı, riyaziyyat, ana dili və həyat bilgisi dərsliklərini də müasirləşdirir.  Bu dərsliklərin əsas fərqi ənənəvi dərsliklərin deduktiv metodunu induktiv metodla əvəz etməkdir. Deduktiv metodda məzmun akademik şəkildə təqdim olunurdu və şagirdlərdən verilmiş problemləri həll etmək tələb olunurdu. Təcrübə göstərir ki, şagirdlər problemləri tam anlamadan mexaniki şəkildə həll edə bilərlər. Bu isə öyrənmə sayılmaz. İnduktiv metodda şagirdə gündəlik həyatından tanış olan misallar, anlayışlar və o vaxta qədər öyrəndikləri nəzərə alınmaqla xüsusi nümunələr təqdim edilir və nəticədə arzuolunan ümumiləşdirməyə varılır – bu, şagird üçün əzbər deyil, mənalı öyrənmədir.

 

  • Yalçın müəllim, təqribən 100 il öncə Cəfər Cabbarlı hekayələrinin birində sosializmin Azərbaycana gətirdiyi dəyişiklikləri təsvir edərkən yazırdı: “Cəmiyyətdə inqilab, məişətdə inqilab, elmdə inqilab, insan şüurunda inqilab”. 100 il sonra geriyə baxanda necə düşünürsünüz, Azərbaycanda elmdə və düşüncədə inqilab həqiqətən oldumu? Bu inqilabi dəyişiklik hansı sahədə özünü göstərdi?

 

  • Cəfər Cabbarlı çox sevdiyim, kədərli taleyi olan istedadlı və məhsuldar maarifçilərimizdəndir. Üstəlik, sadəcə tənqid edən yox, obraz-nümunələr yaratmış müəllifdir. Mən düşünmürəm ki, sosializm sadalanan bütün sahələrdə müsbət dəyişikliklərə səbəb oldu. Çünki yuxarıdan enmə, inzibati aydınlanma uzunömürlü olmur, inzibati rıçaqlar külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur və zəifləyən kimi cəmiyyət “təbii” halına qayıdır. Bəlkə sekulyarlaşma və qadınların cəmiyyətdəki rolu baxımından irəliləyiş oldu, ancaq mən yenə də aydınlanmanın zorakı deyil, insanın anlaması, qəbul etməsi ilə baş verməsinin tərəfdarıyam. Fərqliliklərinə görə minlərlə insanı qətl edən repressiya dövrü keçirmiş bir tarixi müsbət qiymətləndirməkdə çətinlik çəkirəm. Bəlkə mərhum dramaturqumuz 37-ci illər repressiyalarına şahid olsaydı, bu qədər optimist olmazdı. Sosializm böyük bir istismar düşərgəsi idi və məqsədi insanı böyütmək deyil, sorğulanmayan, doqmatik ideoloji hökmlərə görə kiçiltmək idi.

 

“Orta məktəb proqramı təkbaşına bütün funksiyaları yerinə yetirə bilməz”

 

  • Uşaqlara elmi necə sevdirmək olar? Bunun üçün orta məktəb proqramında hansı yenilik və dəyişikliklərə ehtiyac var?

 

  • Uşaqlar fəal, maraq hissi yüksək olan canlılardır. Çox danışmağı, künc-bucağı araşdırmağı, dayanmadan sual verməyi sevirlər. Onlar anlayacaqları şəkildə sadələşdirilmiş elmlə tanış olduqda, nəticəsini gördükləri fəaliyyətlər apardıqda sual vermək vərdişləri daha da inkişaf edir və korrekt, effektiv suallar soruşmağa başlayırlar. Böyüklərin vəzifəsi isə onların maraq hisslərini düzgün istiqamətləndirmək olmalıdır. Orta məktəb proqramı təkbaşına bütün funksiyaları yerinə yetirə bilməz. Burada cəmiyyətin rolu da vacibdir. Uşaqlar üçün elmi-kütləvi jurnallar, elmi-kütləvi kitablar və fəaliyyət dəstləri əlçatan olmalıdır. “Böyüyəndə bilərsən”, “əl vurma” kimi mental kodlarla onlara mane olmamaq da şərtdir. Bir misal çəkim. Uşaq qayğanaq bişirmək istəyir. Bu missiyanı tamamlasa, motor bacarıqları inkişaf edəcək və onda özünəinam yaranacaq. Valideyn ona nəzarət edərək təhlükəsiz qaydada qayğanaq bişirməyinə kömək edə bilər. Ya da “sənlik deyil”, “otur mən bişirim” deyə bilər. Uşaqların bəziləri buna əməl edər. Deyək ki, bəzi inadkar uşaqlar israr edib istəklərinə nail olurlar. Yumurtanı yerə salırlar və valideyn deyir “Gördün?!”. Bizdə əksər davranışlar son nümunədəki kimidir. Düzdür, indi STEM, robotiks, uşaqlar üçün kodlaşdırma populyardır, ancaq bunlar elmin mahiyyətinə varmayan, uşaqlara elmi düşüncəni, səbəb-nəticə əlaqələrini aşılamayan, əksəriyyəti alqoritmik fəaliyyətdir. Bunların elmi əvəz etdiyini düşünməməliyik. Uşaqlarda elmi konseptlərin açıqlayıcı gücünə maraq və inam yaratmalıyıq.

 

  • Dünyanın uğurlu təhsil sistemlərindən danışanda ilk olaraq Finlandiya və Sinqapurun adı çəkilir. Ekspertlər  özünü təsdiqləmiş bu modellərdən Azərbaycan üçün istifadəni təklif edirlər. Siz necə fikirləşirsiniz, hər hansı uğurlu modelin başqa bir ölkədə tətbiqi onun burada da özünü doğruldacağına zəmanət verirmi? Yoxsa bizim özümüzün fərqli modelimiz olmalıdır?

 

  • Ümumiyyətlə, “Finlandiya təhsil sistemi”nin bütün dünyaya nümunə ola biləcəyini düşünmürəm, onların şərtləri olduqca spesifikdir. Bu fikri finlandiyalı məşhur təhsil eksperti Pasi Sahlberg də kitabında yazır. Sinqapur isə maraqlı örnəkdir, bu ölkənin uğurunu birbaşa təhsillə əlaqələndirmək olar, çünki başqa resursu yoxdur. İstənilən təcrübədən faydalı tərəflər götürülə bilər, bunun üçün ən yaxın nümunə seçilməli, başlanğıc istiqamət düzgün götürülməlidir. Üstəlik, təhsil sahəsindəki islahatlar uzun müddətdə nəticə verir, ona görə də edilən səhvlərdən qısa müddətdə geri qayıtmaq mümkün olmur. Sahədən daima data əldə olunmalıdır və prosesin hansı istiqamətdə getdiyi monitorinq edilməlidir.

 

 

  • Müsahibələrinizin birində demişdiniz ki, mütərəqqi düşüncənin tərəfdarları mütərəqqi biliyin yayılmasında ənənəçilərdən daha effektiv çalışmalıdırlar. Bunun üçün onlardan nə tələb olunur? Necə çalışmağı onlara kim öyrətməlidir?

 

  • Təəssüf ki, mütərəqqi düşüncə tərəfdarları ancaq tənqid və lağlağı ilə məşğul olurlar. Bir az komfort zonada olmaq, bir az özünü elit saymaq, bir az da düşüncənin real mükafatının olmaması onunla nəticələnir ki, belə şəxslərdə tənqid etdikləri neqativ hallarla mübarizə aparmaq motivi olmur. Passiv ovqatda qalırlar. Onlar səmimidirlərsə ya mövcud fəaliyyətlərə dəstək olmalı, ya da öz ətraflarında kiçik addımlar atmalıdırlar. Uşaqlara kitab hədiyyə edə, onları ekskursiyalara və elmi-kütləvi nümayişlərə apara bilərlər. Övladlarının oxuduqları məktəbdə şagirdlərlə görüşüb öz ixtisasları haqqında danışa, iş yerlərinə ekskursiyaya dəvət edə bilərlər. Jüri üzvü olduğum bir olimpiadada maraqlı vəziyyətlə qarşılaşmışdım. Komandalardan birinin rəhbəri valideyn idi. Uşaqlarla kosmos mövzusunda layihə hazırlamışdılar. Söhbət zamanı məlum oldu ki, valideyn öz vəsaiti hesabına komandanı Baykonura ekskursiyaya aparıb.

 

Mənim təkliflərimdən biri də odur ki, valideynlər Bilik günündə məktəbə gül buketi aparmasınlar. Günün axırında öz statusunu itirən minlərlə buket yüzminlərlə vəsaitin havaya sovrulması deməkdir. Onun əvəzinə məktəblərə elmi-kütləvi kitablar hədiyyə edə bilərlər. Bunula da bir neçə ilə məktəbin sanballı kitabxanası olar.

 

  • Yalçın müəllim, həm “Göydən Yerə” adlı kitabın müəllifi və həm də bir fizik olaraq Siz necə fikirləşirsiniz, dünyanın rastlaşdığı ekoloji problemlərin kökündə Yerlə Göy arasında dialoqun düzgün qurulmamasını səbəb kimi göstərmək olarmı?  
  • Buna tam mənası ilə kitab deməzdim, daha əvvəl nəşr olunmuş məqalələrin toplusudur. Əslində dünya fani, müvəqqəti, “yaxın zamanda” qiyamətlə məhv olacaq məkan kimi görülməməlidir. Biz dünyada qonağıq. Bizdən sonrakı nəsillərə də bu dünyanı saxlamaq, mühafizə etmək lazımdır. Bu mövzuda Karen Armstronqun “mif” və “loqos” sahələri arasındakı fərqin izahını konstruktivist sayıram. Loqos mifin insanlar üçün məna təqdim etdiyini, mif isə loqosun real problemlərin həllində yeganə vasitə olduğunu qəbul etməlidir. Dünyaya məna lazımdır, insanlar mənasız yaşaya bilmirlər.

 

“Şirin su ehtiyatlarının tükənməsinin başlıca  səbəbi ifrat istehlakçılıqdır”

 

  • Dünyanın ən qiymətli tükənən sərvəti olan şirin su ehtiyatlarının kəskin azalması artıq ölkəmizdə də hiss olunur. Bir elm adamının bununla bağlı düşüncələri nədir? Bizi nə gözləyir? Problemin ciddiliyini sıravi vətəndaşa necə çatdırmaq lazımdır? Və ya burada vətəndaşın rolu nədən ibarətdir?

 

  • Əslində vizual şəkildə təqdim olunsa dünyanın şirin su ehtiyatlarının olduqca azlığı daha yaxşı anlaşılar. Dünyadakı su ehtiyatlarının cəmi bir faizi içməli sudur, onun da çox cüzi hissəsi əlçatandır. Fikrimcə, dünya problemlərinin prioritet siyahısı düzgün kommunikasiya olunmalıdır. Şirin su ehtiyatlarının tükənməsinin başlıca səbəbi ifrat istehlakçılıqdır. Tekstil fabriklərinin çirklənmiş suyunu tam təmizləmək mümkün olmur. Bir köynək istehsal edərkən 2000 litrdən çox su çirklənir. İnsanlar istehlakı azaltmalıdırlar. 19-cu əsrin əvvəlində 1 milyard olan dünya əhalisi artıq 8 milyarda yaxınlaşır. Məşhur buddist iqtisadçı Şumaxer “Kiçik gözəldir” əsərində qeyd edir ki, atalarımız üçün lüks olan bizim üçün zərurətə çevrilib. Say bu qədər sürətlə artarsa və hər insan bu qədər istehlak edərsə, suyu necə qorumaq olar?

SSRİ-nin pambıq istehsalını artırmaq arzusu Aral gölününün yox olması ilə nəticələndi.  Belə səhvlər hamıya  dərs olmalıdır.

 

Ölkəmizdə şirin su ehtiyatlarının çox böyük hissəsi ölkə sərhədindən kənarda formalaşır. Xəzərin suyunu şirinləşdirmək olar, ancaq bu, olduqca bahalı prosesdir. Açığı, təsərrüfatın bu qədər su istehlak etməsi faktı qarşısında şirin suyu necə qoruyaq, bilmirəm. Yəqin ki, bizi suyla təmin edən mənbələrin formalaşdığı ölkələrlə müəyyən razılaşmalar əldə olunmalıdır. Çünki su qıtlığı kəskinləşdikcə, həmin ölkələr daha çox su ehtiyatını özləri üçün ayıracaqlar.

 

  • Yalçın İslamzadənin öz elmi fəaliyyəti nə yerdədir? Bu gün nə ilə məşğul olursunuz?

 

Hazırda pedaqoji fəaliyyətlə məşğulam.  Bu fəaliyyət nəticəsində əldə etdiyim bilik və təcrübəni müəllimlərə faydalı olacaq bir neçə kitab yazaraq ortaya qoymaq istəyirəm.

 

  • Mətbuatda tez-tez gənclərə maraqlı kitab tövsiyələriniz olur. Bəs orta məktəb şagirdlərinə və valideynlərə nə oxumağı məsləhət görərdiniz?

 

  • Uşaqlar üçün elmi ədəbiyyat artıq yazılır və tərcümə olunur. İndiki praktik məsləhət budur ki, valideynlər uşaqları həm də kitab mağazalarına aparsınlar və orada birlikdə kitab seçsinlər. Satış məsləhətçiləri də seçimlərində onlara yardım göstərə bilər. Sevindirici haldır ki, uşaqlar üçün təşkil olunan elmi fəaliyyətlərin olduğu yay düşərgələrinin sayı artır. Valideynlərə bu məqsəd üçün də büdcə ayırmağı və övladlarının bu düşərgələrdə iştirakına imkan yaratmağı tövsiyə edərdim.