İLKİN MÜƏLLİM HAZIRLIĞINDA İNNOVASİYA MEYİLLƏRİ


MÜSEYİB İLYASOV




Respublikamızda ali pedaqoji təhsilin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bir sıra mühüm proqramlar müəllim kadrlarının hazırlanması prosesində yeniliklərin olmasını, innovasiyaların genişləndirilməsini zəruri vəzifə kimi qarşıya qoyub. Bu vəzifələr cəmiyyətin sosial-iqtisadi inkişafından irəli gəlir və əsasən, bir sıra amillərlə xarakterizə olunur. Belə ki, hazırda təhsilin paradiqmalarının, metodologiyasının, mahiyyət və məzmununun yeniləşməsi prosesi baş verir, yeni-yeni pedaqoji texnologiyalar yaranır və əməli fəaliyyətə tətbiq olunur. Ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası, diplomların tanınması və ikili diplomların verilməsi istiqamətində əsaslı işlər aparılır, bununla əlaqədar tədris planlarında uyğunluğun yaradılması istiqamətində islahatlar gedir. Dövrlə ayaqlaşmayan fənlər tədris planlarından çıxarılır və yeni, daha vacib fənlər tədris planlarına daxil edilir. Təhsilin humanist istiqamətliliyi genişlənir və müəllim-tələbə münasibətlərinin əməkdaşlıq prinsipinə söykənməsi prosesi güclənir. Auditoriyalarda təhsilalanların müəllimlərlə qarşılıqlı əməkdaşlığı genişlənir, tədrisin ənənəvi formalarından yeni məzmun və formaya keçilməsi daha intensiv xarakter alır. Rəqabətə davamlı kadrların hazırlanmasına tələb artır və gələcək mütəxəssislərin praktik bacarıq və vərdişlərə yiyələnmələrinin zəruriliyi önə keçir. Distant təhsil texnologiyalarının tətbiqi genişlənir və bu yöndə işlər sürətlə inkişaf edir və s. Bütün bunlar ali pedaqoji təhsildə bir sıra innovativ xarakterli məsələlərin həllini zərurətə çevirir. Ali pedaqoji təhsildə innovasiyaların tətbiqi o zaman səmərəli olur ki, bunlar təhsilin keyfiyyətinin və hazırlanan kadrların etibarlılığının göstəricisi kimi yüksək nəticələrə səbəb olsun. Belə olduqda innovasiyalar geniş tətbiq olunur və pedaqoji dəyərlər səviyyəsinə yüksələ bilir.

GİRİŞ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyilir: “Qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir”1. Bu aktuallıq eyni zamanda yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasına bilavasitə aiddir.

“Müəllim məsələsi təkcə bizim ölkədə deyil, bütün millətlər üçün ölüm-dirim məsələsidir”– deyən görkəmli ədib və maarifçi Ö.F.Nemanzadə “ölüm-dirim” deyəndə yəqin ki, millətin gələcəyinin müəllimdən nə dərəcədə asılı olduğunu, şəxsiyyətin inkişafında və yüksəlişində onun əsas sima olduğunu nəzərdə tutub. Bu, təkzibedilməz faktdır. Müəllimi və məktəbi güclü olan dövlətlərin dayaqları da güclü olur. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Ali Baş Komandan İlham Əliyevin “Bu müharibədə döyüşən və qalib gələn gənclərimiz son on yeddi ildə bizim məktəblərimizdə təhsil və tərbiyə alan gənclərdir”– ifadəsi bunun parlaq təcəssümüdür.

Cəmiyyətin yaxşı müəllimlərə həmişə ehtiyacı olub. Bu gün də belədir. Bütün dərs deyənlər müəllim adlansalar da, onların içərisində əsl usta və ustad, öz peşəsinin fövqündə dura bilən müəllimlər həmişə seçilib. Belə müəllimlər öz işi, fəaliyyəti və şəxsiyyəti ilə gənc nəslə həmişə örnək olub, onların şəxsiyyət kimi formalaşmasında müstəsna xidmətlər göstəriblər. Yüksək peşəkarlığa malik belə müəllimlərin uğurlarının səbəbləri çoxdur: fitrətən müəllim kimi doğulmaq; özünü bu peşəyə həsr etmək, müəllimlik peşəsini sevmək; müntəzəm özünütəhsil və özünüinkişafa meyillilik; özünüaktuallaşdırma və s. Bunlara nail olmağın başlanğıcı isə gələcək müəllimlərin peşə hazırlığının yüksək səviyyədə olması, peşə hazırlığını mükəmməl keçmələridir. Bu da həqiqətdir ki, yaxşı öyrənmədən yaxşı öyrətmək mümkün deyildir.

Ölkəmizdə müəllim hazırlığı ən prioritet sayılan sahələrdəndir. Bu həm dövlətimizin strateji məqsədlərində, həm də xalqımızın müəllim peşəsinə, müəllimliyə olan xüsusi yanaşmalarında öz ifadəsini tapır. Buna görə də bu problem respublikamızda həmişə aktual olub və ona həssaslıqla yanaşılıb.

İlk yüksəkixtisaslı müəllim kadrları hazırlanmasından keçən yüz il ərzində bu sahədə xeyli müsbət təcrübə toplanıb. Dünya təhsil sisteminə inteqrasiyanın sürətləndiyi, informasiya texnologiyalarının inkişaf etdiyi, yeni-yeni təlim metodlarının, texnologiyaların tədrisə gətirildiyi, gənc nəslin həyata hazırlanmasına, bir vətəndaş-şəxsiyyət kimi formalaşmalarına yüksək önəm verildiyi müasir dövrdə bu məsələ daha da aktuallaşıb, onun məzmunu və istiqamətləri genişlənib. Təhsilin bütün sahələrində olduğu kimi bu sahədə də cəmiyyətin tələb və tələbatından asılı olaraq yeniləşməyə, innovasiyaların olmasına zərurət artıb və getdikcə artmaqdadır. Hazırda bu problemin həlli strateji hədəf kimi ali pedaqoji təhsilin və onun subyektlərinin qarşısında dayanır.

Tədqiqat metodları. Tədqiqat zamanı bakalavriat səviyyəsində mövcud olan tədris planı və proqramlarının təhlili aparılıb, bir sıra nəzəri və praktik pedaqoji tədqiqat metodlarından, o cümlədən müşahidə, müsahibə, müqayisə, təhlil, tərkib, ümumiləşdirmə, induktiv və deduktiv metodlardan istifadə edilib.

........................................................................
1 https://president.az/articles/30751

İLKİN MÜƏLLİM HAZIRLIĞININ TƏKMİLLƏŞDİRİLMƏSİ ZAMANIN TƏLƏBİ KİMİ

Müasir dövrdə respublikamızda ali pedaqoji təhsilin əsas hədəfi dövrün tələbləri ilə səsləşə bilən, pedaqoji peşəkarlığa və səriştəyə, əməli bacarıqlara malik olan yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasından ibarətdir. Bu prosesdə innovasiyaların tətbiq olunması zamanın tələbi və tələbatı kimi pedaqoji təhsil müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdəndir. Yaşadığımız müasir dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafı və təhsilin təkmilləşdirilməsinə ehtiyacın yaranması müəllim kadrlarının hazırlanması prosesində yeniliklərin olmasını, innovasiyaların genişləndirilməsini mühüm zərurətə çevirib. Bunu, əsasən, aşağıdakı bir sıra mühüm amillərlə xarakterizə etmək olar:

1) Cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişikliklər təhsilin paradiqmalarının, mahiyyət  və məzmununun, metodologiyasının dəyişməsinə, yeniləşməsinə səbəb olduğundan müasir müəllimlərin bu yenilikləri mənimsəmələri vacib şərtlərdən biri kimi qarşıda durur;

2) Yeni-yeni pedaqoji texnologiyaların yaradılması və bunların təhsil prosesinə gətirilməsi müəllimlərdən praktik pedaqoji fəaliyyətdə onlardan yüksək səviyyədə istifadə edə bilmək bacarıqlarına malik olmağı tələb edir;

3) Avropa təhsil məkanına inteqrasiya, diplomların tanınması və ikili diplomların verilməsi məqsədilə müəllim kadrları hazırlayan ali məktəblərin tədris planlarında uyğunluğun yaradılması istiqamətində işlərin aparılması mühüm məsələlərdən birinə çevrilib;

4) Real vəziyyətdən və qarşıda duran vəzifələrdən asılı olaraq tədris planlarında zəruri dəyişikliklərin edilməsi, dövrlə ayaqlaşmayan fənlərin tədris planlarından çıxarılması və yeni fənlərin tədrisə gətirilməsi müəllimlərin bu dəyişmələrə çevik reaksiya vermələrinə, müntəzəm olaraq yeniləşmə istiqamətində özünütəkmilləşdirməyə ehtiyac yaradıb;

5) Ümumtəhsil orta məktəblərində təhsilin məzmununun yeniləşməsi, sosial-iqtisadi inkişafla bağlı bu sahədə yeniliklərin edilməsi müəllim hazırlığında da bunların nəzərə alınmasına bilavasitə təsir göstərib;

6) Müəllim-tələbə münasibətlərinin əməkdaşlıq prinsipinə söykənməsi, humanist istiqamətliliyin genişlənməsi, mühazirə və seminar məşğələlərinin ənənəvi formalarından uzaqlaşaraq yeni platformaya keçməsi tədrisdə yeni forma və metodlardan istifadə edilməsini real zərurətə çevrilib;

7) Təhsilin demokratikləşməsi nəticəsində auditoriyalarda təhsilalanların müəllimlərlə qarşılıqlı əməkdaşlığa can atması, diskussiyalara qoşulması, ali məktəb müəllimlərinin özünüinkişaf və özünütəkmilləşdirmə səylərini artırmaq zərurətini reallaşdırıb;

8) Pedaqoji ali təhsil müəssisələri məzunlarının işə qəbulu sisteminin dəyişməsi, ixtisaslı kadrlara, xüsusən rəqabətədavamlı kadrların hazırlanmasına tələbin artması, mütəxəssis hazırlığının mahiyyət və məzmununda, eyni zamanda, onların praktik bacarıq və vərdişlərə yiyələnmələrində əsaslı islahatların olmasına zərurət yaradıb;

9) Gələcək müəllimlərdə qabaqcıl təcrübəni öyrənib ümumiləşdirmək və tətbiq edə bilmək bacarıqlarının, novator, yaradıcı müəllim kimi motivlərin formalaşdırılması və bu istiqamətdə onlarda tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi artıq bir tələbata çevrilib;

10) İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesində özünə mühüm yer tutması, distant təhsil texnologiyalarının tətbiqinin genişlənməsi və bu yöndə işlərin sürətli inkişafı ali pedaqoji təhsilin məzmun və formalarında yeniliklərin edilməsinə kəskin tələbat yaradıb.

İLKİN MÜƏLLİM HAZIRLIĞINDA BAŞLICA HƏDƏFLƏR

Başlıca hədəf yüksək peşəkarlığa və səriştəyə yiyələnmiş keyfiyyətli müəllim kadrlarının hazırlanmasıdır. Bunu əsas kimi götürsək və sistem kimi qəbul etmiş olsaq, aydındır ki, bir çox alt sistemlərin mövcudluğunu da qəbul etməli və onların nələrdən ibarət olduğunu aydınlaşdırmalıyıq. Əsas hesab etdiyimiz altsistemlərin (başlıca istiqamətlərin) aşağıdakılardan ibarət olduğunu qeyd etmək olar:

1. Tədris proqramlarının məzmununda əsaslı dəyişikliklərin edilməsi. Tədris proqramlarının məzmununda dəyişikliklərin edilməsi ilk növbədə təhsilverənlərin hər birinin tədris etdiyi fənnə baxışının yeniləşməsində mühüm rol oynayır. Proqram yeniləşməsi bir tərəfdən tələbələrə verilən bilik, bacarıq və vərdişlərin yeni dövrün tələblərinə cavab verə bilməsini təmin edirsə, ikinci tərəfdən müəllimlərin öz peşəsinə, ixtisasına və tədris etdiyi fənnə münasibətini yeniləşdirir və məsuliyyətlərini artırır. Bu da müəllimləri daim öz üzərində işləməyə və hazırlıq səviyyələrini təkmilləşdirməyə səbəb olur.

2. Tələbələrin praktik hazırlığının gücləndirilməsi. Bu, gələcək müəllimlərdə bir sıra əməli bacarıq və vərdişlərin formalaşdırılması, şagirdlərlə əməkdaşlığın praktik əsaslarına yiyələnmələri, təlim və tərbiyənin həyata keçirilməsi yollarına hazır olmaları, bir növ, məktəbə “hazır müəllim” kimi getmələrinə istiqamətlənir. Müşahidələr göstərir ki, tələbələr çox vaxt müəllim peşəsi, müəllimin hüquq və vəzifələri, müəllim əməyinin məzmunu və s. haqqında müəyyən nəzəri bilikləri çox vaxt təcrübəyə tətbiq etməkdə, şagirdlərlə işləməkdə, onlarla və valideynlərlə əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Bu da onların bilavasitə praktik hazırlıqlarının zəif olmasından irəli gəlir ki, universitet təhsilində təhsilin təcrübəyönlülüyün gücləndirilməsinə tələbatı artırır.

3. Gələcək müəllimlərin rəqəmsal texnologiyalara yiyələnmələrinə nail olunması. Müəllimlik ixtisasında təhsil alan tələbələrə bu gün tədris etdiklərimiz, öyrətdiyimiz texnologiyaların 4-5 ildən sonra köhnəlməyəcəyini demək çətindir. Bu da onu deməyə əsas verir ki, müəllim hazırlığında bu günü deyil, 4-5 il sonranı hədəfləməliyik. Süni intellekt və rəqəmsal texnologiyaların hazırkı inkişaf sürəti tələbələrimizə rəqəmsal texnologiyaların öyrədilməsini zəruri edir.

4. Tələbələrin onlayn dərslərin bütün formalarına və formatlarına yiyələnmələri. Məlum olduğu kimi, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda distant təhsil təhsilalma formalarından biri kimi müəyyən edilib. Bu forma dünyanın bir çox inkişaf etmiş ölkələrində digər təhsilalma formaları ilə bərabərhüquqlu şəkildə tətbiq olunur. Ölkəmizdə də pandemiya dövründə bundan geniş şəkildə istifadə olundu və təhsil strukturlarının heç birində fasilələr, dayanmalar baş vermədi. Hazırda da bəzi universitetlərimizdə bu formadan müəyyən qədər istifadə olunur. Bütün bunlar onu göstərir ki, gələcək məzunlarımız digər bacarıq və vərdişlərlə yanaşı, tələbəlik illərində onlayn dərslərin keçirilməsində “Teams”, “Zoom” və digər proqramları yaxşı mənimsəməli və onlardan yaradıcı şəkildə istifadə etməyi bacarmalıdırlar.

5. Tələbələrdə müəllim peşəsinə marağın dərinləşdirilməsi, peşə adaptasiyası işlərinin aparılması. Hazırda ali pedaqoji təhsil alan
tələbələrin əksəriyyətinin gələcəkdə müəllim işləyəcəklərini bildirmələri nikbinlik yaratsa da, müəllim olmayacaqlarını, bu sahədə işləməyəcəklərini bildirənlər də az deyildir. Fikrimizcə, bunun bir səbəbi də univesitetlərdə ali pedaqoji təhsil alan tələbələrlə müəllimlik peşəsi üzrə peşəyönü və onun tərkib hissələrindən olan sosial peşə adaptasiyası işlərinin aparılmamasıdır. Günümüzün reallığı bundan ibarətdir ki, təkcə pedaqoji sahədə deyil, digər bütün peşə və ixtisasların seçilməsində abituriyentlərin seçim meyarlarının başında onların topladıqları balların hansı peşə və ixtisasa uyğun gəlməsi durur. Aydın məsələdir ki, belə olduqda peşə maraqları və motivləri bir qədər “arxa planda” olur. Bu zaman yeganə yol kimi seçilmiş peşə və ixtisas sahəsinə tələbələrdə maraq və meyillərin formalaşdırılması, onlarda seçdikləri ixtisasa sosial və idrakı motivlərin formalaşdırılması məsələsi zərurətə çevrilir. Apardığımız tədqiqat işi göstərir ki, peşə hazırlığı zamanı tələbələrlə bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi, artıq seçmiş olduqları peşə və ixtisasa daha möhkəm bağlanmaları üçün onlarla adaptasiya işlərinin aparılması çox zaman müsbət nəticələrə səbəb olur. Bunları nəzərə alaraq ayrı-ayrı ixtisaslar üzrə tələbələrdə müəllimlik peşəsinə, seçdikləri ixtisasa maraq və motivlər formalaşdıra biləcək “Peşəyönü” adlı ixtisas kurslarının tədris planlarına salınmasını, eyni zamanda, auditoriyadankənar vaxtlarda bu istiqamətlərdə silsilə tədbirlərin keçirilməsini zəruri hesab edirik.

6. Tələbələrin özünühazırlığının dərinləşdirilməsi və genişləndirilməsi. Müasir informasiya axını tələbələrin müəllimlik peşəsi ilə bağlı yeniliklərlə tanış olmalarını, gündəlik çoxalan informasiyaları izləmələrini tələb edir. K.D.Uşinskinin “Müəllim o vaxt ölür ki, oxumağı dayandırır” fikri, eyni zamanda tələbələri də gələcək peşələri və ixtisasları ilə bağlı yenilikləri izləməyə, yaxşı müəllim olmaq üçün onun sirlərinə bələd olmağa sövq edir. Buna görə də hazırda əsas məsələlərdən biri tələbələrin özünütəhsil və özünühazırlıq imkanlarının genişləndirilməsinə nail olmaq və onları bu istiqamətdə hazırlamaqdır.

Məlum olduğu kimi pedaqoji peşə sahəsində yeniliklər, yeni fikirlər müəyyən tədqiqatların nəticəsi kimi, ilk növbədə, pedaqoji mətbuatda, o cümlədən “Azərbaycan məktəbi” jurnalında və ali məktəblərin elmi nəşrlərində işıq üzü görür. Lakin çox vaxt tələbələr bunlardan məhsuldar və müntəzəm şəkildə yararlana bilmirlər. Buna görə də tələbələrin imkan daxilində onlara abunə olmalarına, bu mətbu orqanlardan faydalı şəkildə yararlanmalarına şərait və stimullar yaratmaq, müəllim hazırlığında mühüm nəticələrə səbəb ola bilər.

İNNOVASİYALAR MÜƏLLİM HAZIRLIĞININ YENİLƏŞMƏ MEYARLARI KİMİ

Pedaqoji prosesdə innovasiyaların tətbiqi artıq həyati zərurətə çevrildiyindən ali pedaqoji təhsil müəssisələrində müəllimlərin, tədris strukturlarının, rəhbər orqanların üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Onların müvəffəqiyyətli həlli ali məktəb müəllimlərinin bilavasitə özünüinkişaf, özünütəkmilləşdirmə və özünüaktuallaşdırma səyləri ilə əlaqələnir və çox vaxt onlardan asılı olur. Bu da öz səmərəsini müəllim hazırlığının daha dərindən aparılmasında, tələbələrin peşə hazırlıqlarının daha da məzmunlu olmasında təzahür etdirir.

Unutmaq olmaz ki, yeni texnologiyalar, tədris resursları, kompüterlər, maddi-texniki baza nə qədər mükəmməl olsa da, innovasiyaların müvəffəqiyyətlə tətbiq edilməsi bilavasitə müəllimdən, onun işgüzarlığından, hazırlıq səviyyəsindən, məsuliyyətindən, yeniliyə nə qədər açıq və nə dərəcədə hazır olmasından asılıdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi: “Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur”2.

İnnovasiyaların tətbiqində aparıcı rol müəllimə, onun peşəkarlığına və səriştəli olmasına məxsusdur. Bunlar olmasa nə yuxarıdan verilən
göstərişlər, nə də ən yaxşı hazırlanmış metodik vəsaitlər belə, heç bir əsaslı dəyişikliyə səbəb ola bilməyəcəkdir.

Bu günün ali məktəb müəllimi istiqamətvericidir, fasilitatordur, məsləhətçidir, eyni zamanda tədqiqatçıdır, yenilikçidir. Müəllim bu funksiyaları reallaşdırdıqca, yenilikləri mənimsədikcə mühazirə və seminar məşğələlərini şablon məcradan çıxarır, onu müəllim-tələbə əməkdaşlığı müstəvisinə keçirərək tələbələri problemin həllinə cəlb edir və pedaqoji prosesi tərəf-müqabil, subyekt-subyekt əməkdaşlığı şəraitində həll edir. A.Cahangirov yazır: “Sevindirici haldır ki, bu gün bizdə dərslərini açıq elan etmiş və müasir təlim metodu və üsullarına yiyələnmiş univesitet müəllimlərinin sayı artmışdır. Bununla belə, əgər söhbət beynəlxalq təcrübədən gedirsə, professor-müəllim heyətinin hamısı artıq müasir təlim metodlarını kompleks şəkildə istifadə etməyə qadir olmalıdırlar. 17 il əvvəl Harvardda təlim keçdiyim 3 həftə ərzində bir dəfə də olsun, hansısa məşğələmiz mühazirə formasında keçmədi” (Cahangirov, 2020). Qeyd edək ki, bizim ali məktəblərimizdə də bu təcrübə, dərslərini bu şəkildə aparan mühazirə müəllimlərimiz az deyildir. Lakin bu hal kütləvi də deyildir. Fikrimizcə, ali məktəblərimizdə mühazirə və seminar məşğələlərinin bu şəkildə, inteqrativ formada tədris edilməsinə, mühazirələrin canlı dialoq, subyekt-subyekt formasında keçilməsinə ciddi şəkildə əməl olunmaqla onun səmərə və dəyərini daha da artıra bilərik. Bunlara nail olmaq ali məktəb müəllimlərində yüksək səriştəlilik, pedaqoji texnologiyaları dərindən bilmək, ali məktəb pedaqogikası və psixologiyası üzrə xüsusi hazırlıq olmadan mümkün deyildir.

........................................................................
2 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. // Azərbaycan müəllimi, 2013, 25 oktyabr, s.2.

Təhsildə innovasiyalar onun mahiyyətinin dərindən dərk olunması və reallaşdırılması üçün müəllimlərin bunda maraqlı olmaları ilə sıx bağlıdır. Ali pedaqoji təhsildə innovasiyaların davamlı tətbiqi nəticə etibarilə müəllim hazırlığının keyfiyyətinə və aparılan təhsil-tərbiyə işlərinin səmərəli şəkildə həyata keçirilməsinə bilavasitə öz müsbət töhfəsini vermiş olur. Bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi, onlardan yaradıcı şəkildə istifadə edilməsi, varisliyin gözlənilməsi ilə innovasiyaların tətbiqi ali məktəblərdə əsaslı inkişafa səbəb olan amillər kimi nəzərdə tutulmalıdır. Bu baxımdan, ölkəmizdə müəllim hazırlığının keyfiyyət və səmərəsinin yüksəldilməsi, eyni zamanda müəllim hazırlığına verilən tələblərin artması dünyanın bir sıra qabaqcıl ölkələrinin və təhsil müəssisələrinin təcrübəsinin öyrənilib tətbiq edilməsini də zəruri edir. Yüksək nəticələrə səbəb ola biləcək belə təcrübələrdən istifadə edilməsi innovasiyaların tətbiqi baxımından olduqca faydalıdır. Müəllim hazırlığında böyük nailiyyətləri olan Almaniyanın bu sahədə maraqlı təcrübəsi vardır.

Almaniyada pedaqoji təhsil iki mərhələdə aparılır. Birinci mərhələdə tələbələrə akademik fənlər keçilir, müvafiq fənlər üzrə didaktik biliklər öyrədilir. İkinci mərhələ praktik xarakter daşıyır və gələcək müəllimlər peşə vəzifələrini və məktəb işlərini öyrənməyə yönəldilirlər. Bu mərhələ 1,5 – 2 ilə qədər davam edir və universitetlərdən asılı olmur. Bunlar hər bir ərazidə Təhsil Nazirliyi tərəfindən idarə olunan xüsusi “Müəllim hazırlığı seminarları” və “Tədris məktəbləri” tərəfindən təşkil olunur.

Birinci mərhələ universitet çərçivəsində aparılır və “İlk dövlət imtahanı” ilə başa çatır. Baden-Vürtemberqdə isə ibtidai və orta məktəb müəllimlərinin hazırlanması üçün ayrı imtahan təşkil edilir. Universitet təhsilinin ilk mərhələsi ibtidai sinif müəllimləri üçün 6-7 semestr, orta məktəb müəllimləri üçün isə 8-9 semestrə qədər davam edir. Tələbələrə seçdikləri ixtisasla sıx bağlı olan 2-3 fənn keçilir. Gələcək müəllimlər, həmçinin “Məktəb pedaqogikası”, “Təhsil psixologiyası”, “Təhsil fəlsəfəsi”, “Təhsil sosiologiyası” fənləri tədris olunur və məktəblərdə müntəzəm olaraq təcrübə keçirlər. Bu mərhələdə tələbələr planlaşdırma, tədrisin təşkili, müəllim fəaliyyəti və s. ilə bağlı öz bacarıqlarını nümayiş etdirməlidirlər. Bunların fəaliyyəti müntəzəm olaraq təcrübədə olduqları məktəblərin rəhbəri, yaxud müəllim səriştələri üzrə xüsusi seminarlarda iştirak etmiş müəllimlər onlara nəzarət edir və qiymətləndirir.

İkinci dövlət imtahanı ikinci mərhələ uğurla başa çatdıqdan sonra verilir. Həm birinci, həm də ikinci dövlət imtahanlarını universitetlər deyil, Təhsil Nazirliyinin müəyyən etdiyi verilən qaydalara uyğun olaraq hər bir ərazinin səlahiyyətli orqanları aparır (Ewald, 2013).

Müəllim hazırlığında innovasiya müsbət istiqamətdə dəyişmə, inkişafa səbəb ola bilən yeniliyin tətbiq edilməsi və bunların sayəsində pedaqoji prosesin səviyyəsinin yüksəldilməsidir. İnnovasiyalar daha əlverişli və səmərəli olduğundan onların tətbiqi nəticəsində alınan nəticələr də yüsəkdir. Bu baxımdan, hazırda respublikamızda müəlim hazırlığı sistemində müəyyən innovasiyaların tətbiq edilməsi, bu sahədə müsbət addımların atılması təqdirəlayiqdir. Lakin müvəffəqiyyətlərlə bərabər, müasir dövrdə əmək bazarında rəqabətqabiliyyətli olan, daha yaxşı, səriştəli, peşəsini, ixtisasını sevən müəllim kadrlarının hazırlanması istiqamətində görülməli işlər də az deyildir. Bunlar da təbii ki, innovasiyalara tələbatı artırır.

Pedaqoji innovasiyaların nəticə etibarilə səmərəli olması bir sıra obyektiv və subyektiv amillərlə səciyyələnir. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:

  • yeni pedaqoji ideyanın (ideyaların) tətbiq olunmasına müəllimin özünün maraqlı olması və buna səy göstərməsi;
  • innovasiyanın tətbiqinə əngəl törədən amillərin (pedaqoji yeniliyin mahiyyətinə varmama, işə laqeyd münasibət, şəraitin olmaması və s.) aradan qaldırılması;
  • ali məktəbdə innovasiya mühitinin (təşkilati, metodiki, texnoloji, mənəvi-psixoloji) yaradılması və s.

Təcrübə göstərir ki, təhsildə innovasiyalar, istər ali məktəbdə, istərsə də ümumtəhsil məktəblərində, əsasən, iki mühüm istiqamətdə aparılır:

1) dünyanın, eləcə də ölkəmizin qabaqcıl ali məktəblərinin və müəllimlərinin təcrübəsinin öyrənilib tətbiq edilməsi;

2) novator müəllimlərin özlərinin işləyib hazırladıqları müəllif texnologiyalarının olması və onların tətbiq edilməsi.

Birinci istiqamət, ilk növbədə, təcrübədə özünü doğrultmuş, artıq sınanılmış və müəyyən müsbət nəticələri ilə həqiqətən də yenilik olan nəzəriyyənin pedaqoji təcrübəyə gətirilməsi, eyni zamanda təcrübədən nəzəriyyəyə gətirilmiş pedaqoji ideyaların tətbiqi ilə bağlıdır. Hər iki halda yenilik praktik pedaqoji fəaliyyətə tətbiq olunmaqla müsbət nəticələrə səbəb olduqda innovasiya səviyyəsində özünü göstərə bilir.

Qeyd edək ki, bizim ali təhsil sistemində əsas yeri yuxarıda göstərdiyimiz birinci istiqamət, yəni qabaqcıl təcrübənin öyrənilib, tətbiq edilməsi tutur ki, yalnız bununla kifayətlənmək isə ali pedaqoji təhsildən gözlədiyimiz nəticələrin əldə edilməsi üçün heç də qənaətbəxş sayıla bilməz. Hər bir müəllim mövcud yeni pedaqoji ideyaları tətbiq etməklə bərabər, özü də yenilik yaratmağa çalışmalı və fəaliyyətində özünəməxsus yeniliklər etməyi, novator olmağı bacarmalıdır. Bu, onun yaradıcılıq uğurlarını artırmaqla yanaşı, həm də keçdiyi məşğələlərin daha maraqlı, daha cəlbedici və səmərəli olmasına əsaslı təsir göstərə bilən amillərdəndir.

Təcrübə göstərir ki, pedaqoji innovasiyalarda ən optimal vəziyyət yuxarıda göstərilən istiqamətlərin hər ikisinin əlaqəli tətbiqinə nail olunmasıdır. Yəni müəllim hazırlığı üzrə qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiq edilməsi, ali məktəb müəllimlərinin bunlara yaradıcı yanaşması, həmçinin müəllimlərin özlərinin ideya və təcrübəsindən gələn yenilikləri də buraya əlavə etməklə onların sintezinə nail olunması innovasiyaları daha uğurlu edə bilər və müsbət nəticələr əldə etmək olar. Burada ali məktəb müəllimi həm də yenilikçi, yeni ideyanın və metodikanın, texnologiyaların müəllifi kimi öz təcrübəsini genişləndirmək və tətbiq etməklə özünün hazırladığı texnologiyaları göstərə bilər ki, bu da onu bir novator müəllim kimi tanıdar. Ali məktəb müəllimlərinin pedaqoji prosesə belə yanaşma tərzləri onların özlərinin səriştə və bacarıqlarını artırmaqla yanaşı, pedaqoji prosesin nəticəsinə də öz müsbət təsirini göstərmiş olur ki, bu da müəllim hazırlığının keyfiyyətinin yüksəlməsi ilə xarakterizə olunur.

Müəllim hazırlığına innovasiyaların gətirilməsi yeni təfəkkürlü müəllim kadrlarının hazırlanmasında mühüm yer tutan məsələlərdəndir. Buna görə də yeni müəllim kadrlarının hazırlanmasına məktəblərimizin və təhsilimizin 10 illər sonrakı perspektiv tələblərini nəzərdə tutmaqla geniş aspektdən yanaşılmalıdır. Bu istiqamətdə aşağıdakı bir sıra məsələlərin nəzərə alınmasını zəruri hesab edirik:

  • tədris planlarında mühazirə ilə seminar məşğələlərinin balansında seminar və praktik məşğələlərin xeyrinə müəyyən dəyişikliklərin
    edilməsi, təhsilin təcrübəyönlülüyünün gücləndirilməsi;
  • təhsilin bakalavriat və magistratura səviyyələrinin tədris planlarında varisliyin təmin olunması ilə yanaşı, fənn təkrarçılığının aradan qaldırılması;
  • hazırlanan müəllim kadrlarının peşəkarlıq və səriştəlilik keyfiyyətlərinin yüksəldilməsi məqsədilə “Praktik pedaqogika”, “Psixopedaqogika” və “Praktik psixologiya” fənlərinə geniş yer verilməsi və onların tədrisinə diqqətin artırılması;
  • müvafiq kafedralarda “Qabaqcıl təcrübə məktəbi”nin yaradılması və “Ustad dərsləri”nə (master klass) geniş yer verilməsi;
  • bakalavriat təhsilinin nəzəri hissəsinin 4 ildən 3 ilə endirilməsi, bu üç ildə isə tələbələrin tədris müəssisələri ilə əlaqələrinin inkişaf etdirilməsi, həftənin bir gününün həmin müəssisələrdə pedaqoji təcrübə keçmələrinin təmin edilməsi, onların məktəblərdə “məktəbin dostları” kimi könüllü fəaliyyət göstərilməsinə nail olunması; 
  • 4-cü tədris ilinin bütövlükdə “pedaqoji internatura” ya verilməsi, tələbələrin bir il müddətində “müəllim köməkçisi” kimi tədris müəssisələrində fəaliyyət göstərmələrinə nail olunması və bakalavriat diplomunun tələbələr internaturanı müvəffəqiyyətlə bitirdikdən sonra verilməsi;
  • tələbələrin tədris-tədqiqat işlərinin genişləndirilməsi və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, onların hazırda hər semestrdə ayrı-ayrı fənlər üzrə işlədikləri “sərbəst işlər”in heç də səmərəli olmadığını və tələbələrin bu sahədə həddən çox yükləndiyini nəzərə alaraq onun formatının dəyişdirilərək daha mütərəqqi formalarla (deyək ki, həmin saatların seminar və praktik məşğələlərə verilməsi və s.) əvəz edilməsi;
  • təhsilalanların özünütəhsil, özünüinkişaf və müstəqil hazırlıq sisteminin təkmilləşdirilməsi, onların karyera inkişaf imkanlarını reallaşdıra bilmələrinə dəstəyin göstərilməsi;
  • kafedraların elmi dərəcəsi olan gənc müəllimlər hesabına gücləndirilməsi və elmi-pedaqoji səviyyəsi yüksək olan, perspektivli, ali məktəbdə müəllim işləməyə qabiliyyətli və marağı olan gənclərin doktorantura və dissertantura təhsilinə cəlb edilməsi və s.

Aydın məsələdir ki, müəllim hazırlığı təkcə auditoriya məşğələləri ilə yekunlaşa bilməz. Mükəmməlliyə nail olmaq üçün bu prosesdə auditoriyadan kənar məşğələlərin və tədbirlərin də gücündən maksimum istifadə edilməli, auditoriyada aparılmasına müəyyən vaxt məhdudiyyəti olan bir çox tədbirlərə geniş yer verilməlidir. Bunun üçün müəyyən klubların, dərnəklərin yaradılması, layihələrin işlənilməsi
olduqca əlverişli məsələlərdəndir. Belə tədbir və məşğələlərdə tələbələr bu sahədə xüsusi səriştəsi olan müəllimlərin köməyi ilə məktəbdə və konkret olaraq sinifdə baş verə biləcək müxtəlif situasiyalara necə yanaşmaq, qarşıya çıxan problemləri necə aradan qaldırmaqla bağlı müxtəlif praktik işlər həyata keçirə bilərlər ki, bunlar da bir tərəfdən onların praktik vərdişlər qazanmalarına, digər tərəfdən də peşə maraq və motivlərinin inkişafına əsaslı təsir etmiş olar. Tələbələrə xüsusilə təcrübəqabağı müddətdə müəllim kimi bilməli olduğu əsas fəaliyyət növlərinin öyrədilməsi, bu sahədə onlara müəyyən təlimlərin keçilməsi faydalı olardı. Çünki bunlar çox vaxt tələbələrə yalnız nəzəri şəkildə çatdırılmış biliklər olur ki, praktik fəaliyyətə gəldikdə onlar qarşılaşdıqları belə situasiyaların həllində bir çox çətinliklərlə üzləşirlər. A.S.Makarenko bu münasibətlə yazırdı: “Mən öz təcrübəmdə görmüşəm, siz də, bir çox təcrübəli müəllimlər də öz təcrübənizdə görmüşsünüz ki, bir çox “boş şeylər” həlledici əhəmiyyət qazanır, məsələn: müəllim necə dayanmalıdır, necə oturmalıdır, stolun arxasında qoyulmuş stuldan necə qalxmalıdır, səsini necə ucaltmalıdır, necə gülümsəməlidir, necə baxmalıdır. Bizə bunları heç kəs öyrətməmişdir, amma bunları öyrətmək lazımdır, böyük məharət də bundadır və bunda olmalıdır.... Tərbiyəçiyə bütün bunlar lazımdır və bunlarsız yaxşı tərbiyəçi ola bilməz. Məharətin bir çox belə əlamətləri, bir çox gözə çarpan adətlər və vasitələri vardır ki, hər bir pedaqoq, hər bir tərbiyəçi bunları bilməlidir” (Makarenko, 1988).

Fikrimizcə, bu olduqca vacibdir və tələbələrimizə bədən dili, ünsiyyət mədəniyyəti, davranış tərzləri kimi vacib məsələləri öyrədə bilən praktik kurslar (dərslər) keçilməlidir. Müəllimlik də incəsənətdir. Müəllim də aktyor kimi “səhnədədir”. Bunlar teatrda, səhnədə, kütlə qabağında olan aktyorlara öyrədildiyi kimi, məktəbdə, sinifdə, diqqət mərkəzində olan müəllimlərə də öyrədilməlidir.

ARADAN QALDIRILMALI UYĞUNSUZLUQLAR

Bakalavriat səviyyəsində təhsil alanlar ali təhsilə yalnız diplom xatirinə gəlməsinlər deyə, gələcəkdə müəllim kimi fəaliyyət göstərmələrinə kömək və dəstək göstərmək, onlarda bu sahəyə istək və tələbatı formalaşdırmaq olduqca vacibdir. Məlumdur ki, ali pedaqoji təhsil müəssisələri məzunlarının müəyyən bir qismi iştirak etdikləri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarından keçə bilmirlər. Bütün bunlar isə pedaqoji təhsildə iki mühüm məsələyə xüsusi diqqət yetirilməsini və onlarla bağlı müəyyən işlərin aparılmasını aktuallaşdırır. Bunlardan birincisi yuxarıda deyildiyi kimi, məzunların peşə səriştəsinin və praktik hazırlıqlarının yüksək olmamasıdır.

İkinci məsələ MİQ imtahanlarında məzunların üzləşdikləri çətinliklərlə bağlıdır. Müşahidələr və bu imtahanlarda iştirak edən müəllimlərin təəssüratları göstərir ki, bəzi hallarda bu imtahanlarda onların qarşılaşdıqları suallar və mövzularla ali məktəblərdə pedaqogika, ixtisas metodikası kimi fənlərdən öyrəndikləri mövzular arasında müəyyən fərqlər olur. Bu da təbii ki, yeni məzun olan və kifayət qədər təcrübəsi olmayan gənc müəllimlərin nəticələrinin yüksək olmaması ilə nəticələnir. Buna görə də uyğunsuzluğun aradan qaldırılması üçün universitetlər və işəgötürən müvafiq qurumların proqramları arasında müəyyən koordinasiyanın yaradılması bu imtahanların nəticələrinin yüksək olmasına müsbət təsir göstərər.

NƏTİCƏ

Pedaqoji təhsilin əsas hədəfi peşəkar və səriştəli müəllim kadrlarının hazırlanması olduğundan ali pedaqoji təhsildə müasir dövrün tələblərinə müvafiq innovasiyalar sisteminin yaradılması bu hədəfə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Respublikamızda ali pedaqoji təhsilin inkişafı istiqamətində aparılan islahatlar və qabaqcıl ölkələrin bu sahədə təcrübəsi göstərir ki, təcrübədə sınaqdan keçmiş və faydalı olan innovasiyaları tətbiq etmədən yüksək bacarıq və səriştəliliyə malik yeni müəllim kadrları hazırlamaq çox çətindir.

Zaman keçdikcə müəllimin qarşısında duran tələblər də artır, dəyişir və yeniləşir. Müəllimin sadəcə öz ixtisasını yaxşı bilməsi və proqram
materialının şagirdlərə öyrədilməsi ilə öz vəzifəsini bitmiş hesab etməsi indi artıq arxada qalıb. Müasir cəmiyyətimiz və təhsil sistemimiz müəllimdən kreativ və yaradıcı düşüncə, yeni pedaqoji təfəkkür, qabaqcıl pedaqoji texnologiyalara yiyələnmək, şagirdlərin təfəkkürünü və təxəyyülünü inkişaf etdirmək bacarıqları, yüksək idarəetmə qabiliyyətləri, yenilikçi olmaq, öz üzərində işləmək və özünü təkmilləşdirmək bacarıqları və qabiliyyətləri tələb edir. Bunların əsası isə ali pedaqoji bakalavriat səviyyəsində aparılan təhsil prosesində qoyulduğundan bu tələblərin reallaşdırılmasında pedaqoji təhsilin əsas daşıyıcıları olan müəllimlər böyük rol oynayırlar.

Ali məktəb müəllimi artıq biliklərin transformatoru olmaq, yazdığı mühazirələri tribuna arxasından oxumaq, izah etmək funksiyasını itirməkdədir. Qeyd edək ki, tələbələrin müəllimlik peşəsinə maraq və motivlərinin formalaşmasında ali məktəb müəlliminin şəxsiyyəti, onun peşəkarlıq və səriştəlilik səviyyəsi heç də az rol oynamır. Müasir ali məktəb müəllimi tələbələrdə yaradıcı düşüncənin inkişafına yardımçı olan bələdçi, onları fikirləşməyə, axtarışa sövq etməyə stimullaşdıran, onlarda inkişafetdirici motivlər formalaşdıran yaradıcı mütəxəssis olmalıdır. Bununla belə ilkin pedaqoji təhsil prosesində tələbələrin pedaqoji fəaliyyətə hazırlanmasında müəllimlərin özlərinin yaradıcı olmaları ilə yanaşı, ali məktəbdə yenilikçi mühitin yaradılması, innovasiyaların tətbiqi vacibdir və qaçılmazdır. Bunlar pedaqoji təhsilin daha məzmunlu və daha yüksək səviyyədə təşkili və aparılmasının əsas amillərindən olduğundan müəllimlərin gündəlik pedaqoji fəaliyyətində mühüm yer tutmalıdır.

İstifadə edilmiş ədəbiyyat

1 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı. URL: https://president.az/articles/30751.
2 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan müəllimi, 2013, 25 0ktyabr, s.2.
3 Cahangirov, A. (2020). Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları. Bakı: “Şərq-Qərb”. 384 s.
4 Ewald, T. (2013). Teacher Education in Germany: traditonal structurestrengths and weaknesses, current reforms. Scuola democratia. s.1-9.
5 İlyasov, M. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Bakı: “Elm və təhsil”. 208 s.
6 İlyasov, M. (2021). Müasir təhsil: ənənədən innovasiyaya. Bakı: “Elm və təhsil”. 376 s.
7 Makarenko, A.S. (1988). Seçilmiş pedaqoji əsərləri, II cild.Bakı: “Maarif”. 328 s.