Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin 05 noyabr 2022-ci ildə Bakıda keçirilmiş Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunun açılış mərasimindəki çıxışı




Hörmətli qonaqlar, hörmətli rektorlar, hörmətli iştirakçılar, xoş gəlmisiniz! Düşünürəm ki, bugünkü tədbirin  Azərbaycan təhsil ictimaiyyəti üçün önəmi böyükdür. Çünki həm bu həftə PISA-nın Bakıda keçirilmiş plenar  sessiyasında, eyni zamanda həm də bugünkü forumda iştirak üçün ölkəmizə təşrif buyurmuş həmkarlarımız  bizimlə bir sıra maraqlı fikir və ideyalarını paylaşacaqlar. Əminəm ki, bu, təhsil sahəsində fəaliyyət göstərən hər bir həmkarımız üçün maraqlı olacaq. İlk növbədə qeyd etmək istəyirəm ki, son iki il ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təhsillə bağlı bir sıra sənədlər imzalanıb. Təhsil haqqında 10-dan artıq  çox vacib sənəd imzalanıb ki, bu həm Azərbaycanda təhsilin strukturunun dəyişməsinin, həm, ümumiyyətlə, idarəetmənin dəyişməsi prosesinin başlanğıcıdır. Elm və Təhsil Nazirliyinin, regional təhsil idarələrinin  yaranması, idarəetmənin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə vahid təhsil iyerarxiyasının qurulması, Təhsil Tələbə Krediti Fondunun, Təhsilin İnkişafı Fondunun yaradılması, o cümlədən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təhsilin ayrıca bir bölmə kimi yer alması, ilk dəfə olaraq konkret hədəflərin müəyyən olunması təhsil işçilərinin qarşısında çox geniş hədəflər və məqsədlər qoyur. 

Ümumiyyətlə, təhsildə nə baş verir? Yəni hazırda biz təhsil sistemimizdə nə etməyə çalışırıq? Çox vacib bir məsələdir. Azərbaycan təhsili özündə 1 milyon 500 mindən artıq şagirdi, 150 minə qədər məktəbəqədər təhsil alan uşağı, 200 mindən bir qədər çox tələbəni, ümumtəhsil müəssisələrində işləyən 170 minə qədər təhsil işçisini, məktəbəqədər təhsil müəssisələrində işləyən 30 mindən artıq işçini və milyonlarla valideyni birləşdirir. Ona görə də, təhsil prosesi hamını maraqlandırır, gündəlik olaraq müxtəlif məlumatlar paylaşılır. Mən bu fikirdəyəm ki, biz təhsil sistemi ilə bağlı məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik və məhz ölçülə bilən, müqayisə edilə bilən, bizə dinamikanı göstərə bilən indikatorlara fokslanmalıyıq. Bu, olduqca vacib məsələdir. Təhsildə elmilik olmalıdır. Amma elmiliyin özünün də, yəni elmi yaratma prosesinin də bəlli bir meyarı var. Bu meyar dünya tərəfindən qəbul olunub, biz onunla razılaşsaq da, razılaşmasaq da qlobal elmi standartlar var. Təhsil sahəsində olan alimlərimizin, pedaqoqlarımızın yazdığı yazıların hansı formada və kimlər tərəfindən rəy verilib sonra çap edilməsi çox vacibdir. Hər hansı bir rəydən keçməyən şəxsi fikirlər maraqlı ola bilər, həqiqi də ola bilər, amma onların əhəmiyyətliliyi müəyyən mənada aşağı olur. Məhz bu mənada Azərbaycan təhsil ictimaiyyətinin də bu diskussiya mədəniyyətinə keçidi və transformasiyası təhsilimiz üçün faydalı ola bilər. Əks halda biz o qədər də əhəmiyyəti olmayan və müəyyən mənada fərdi, şəxsi fikirlərin mübadiləsi ilə məşğul olacağıq.

Azərbaycanın təhsil sistemində bu günə qədər bir çox yaxşı qərarlar verilib. Ən yaxşı qərarlardan biri də məhz beynəlxalq qiymətləndirmələrdə iştirakımızdır. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak bizə nə verir? Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Çünki beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak, ilk növbədə bizi qlobal təhsil ictimaiyyətinin bir üzvünə çevirir. Yəni biz təhsilimizi hansısa bir adada təcrid olunmuş şəkildə inkişaf etdirmirik. Biz dünyanın, xüsusilə də inkişaf etmiş ölkələrin qəbul etdiyi standartlara uyğun olaraq, təhsilimizi inkişaf etdirməyə çalışırıq. Beynəlxalq şagird qiymətləndirməsi tədqiqatlarında iştirakın mahiyyəti budur. Biz çalışırıq ki, özümüzü müqayisə edə bilək, digərləri ilə müqayisədə özümüzü bir qədər daha yaxşı başa düşək. Bu, ümumiyyətlə, bizim siyahıda və reytinqdə hansı sırada olmağımız baxımından yox, daha çox bu prosesdən nə qədər öyrənə biləcəyimizdən asılı olacaq. Hər üç ildən, dörd ildən bir hansısa reytinq siyahıları olacaq. Yaxın gələcəkdə yəqin ki, biz özümüzü o siyahıların sonlarında görəcəyik. Heç kimdə mif olmamalıdır ki, biz dərhal o siyahının yuxarısında yer alacağıq. Nəyə görə? Çünki biz çox uzun müddət ərzində o siyahıların yuxarısında olmaq üçün o qədər də çox iş görməmişik. Yəni öz-özünə o siyahının yuxarısında olmaq mümkün deyil. Bu mənada bizə verilən birinci imkan məhz hansısa mülahizələrə yox, elmə, dəlillərə, sübutlara, rəqəmlərə, statistikaya əsaslanan qərar vermək istəyimizlə bağlıdır. Bu, mənə elə gəlir ki, birinci doğru yoldur və cəmiyyətdən də gözlədiyimiz bundan ibarətdir.

İkincisi, beynəlxalq qiymətləndirmələr bizə, məsələn, bugünkü tədbiri keçirməyə əsas verir. Mən çox məmnunam ki, təhsil sahəsində qlobal mənada öz sözünü demiş və nüfuzu olan həmkarlarımız Bakıdadır. Onların fikrini eşitmək və onlarla fikir mübadiləsi aparmaq imkanımız var. Hər gün belə imkanımız olmur. İstənilən mübadilə elə bir prosesdir ki, insan o mübadilədə özünü daha yaxşı başa düşür. Çünki özünün və dünyanın harada olduğunu başa düşür və öyrənir.

Məsələnin üçüncü tərəfi odur ki, son bir neçə il ərzində, hətta cənab Prezidentin imzaladığı sosial-iqtisadi prioritetlər sənədində məhz PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkə təhsilinin inkişafının əsas hədəflərindən biri kimi müəyyən olunub. Bu tədqiqatın əsasında əslində, çox ciddi və uzunmüddətli planlar durur. Çünki PISA bizə yalnız bir rəqəm, üçrəqəmli bir göstərici yox, kifayət qədər ciddi bir şəkildə elm verir və eyni zamanda çox ciddi dəlillər verir. Nəyin nəyə görə belə olduğu ilə bağlı elmi izahlar verir. Mənim yeganə təəssüf etdiyim məsələ ondan ibarətdir ki, artıq bir neçə ildir iştirak etdiyimiz PISA, PIRLS və TIMSS beynəlxalq qiymətləndirmələrinin nəticələri olan hesabatlar Azərbaycan cəmiyyətində çox az müzakirə edilir və ya demək olar, müzakirə edilmir. Mən təhsil sistemini tənqid etməyə başlasam, yəqin ki, ilk növbədə PISA, TIMSS hesabatlarına, beynəlxalq qiymətləndirmələrə baxardım. Orada bizi tənqid etmək üçün daha elmi arqumentlər tapmaq mümkündür. Bu tənqid daha faydalıdır. Çünki biz də bu tənqiddən nə isə öyrənib irəliyə gedə bilərik, amma digər emosional və şəxsi mülahizələrə əsaslanan, elmə əsaslanmayan fikirlərlə təhsili irəliyə aparmağı mən, həqiqətən, doğru və düzgün hesab etmirəm və yaxud da mümkün hesab etmirəm. Bu mənada inanıram ki, bizim hər birimiz, o cümlədən xarici qonaqlarımız üçün bu müzakirə qlobal xarakter daşıyır. Ona görə də hər birimizi təbrik edirəm.

Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! Burada sizinlə birlikdə olmaq böyük şərəfdir. Beynəlxalq qiymətləndirmələrdə, xüsusilə PISA-da iştirak bizim üçün təhsili inkişaf etdirmək, özümüzü daha yaxşı başa düşmək və dialoq qurmaq baxımından çox önəmlidir. Bu gün biz etnik mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq bütün uşaqlar və gənclər üçün vacib olan məsələləri birlikdə müzakirə edirik. Həmin məsələlər onların birlikdə yaşamasnı, ünsiyyət qurmasını ehtiva edir. Bu, əlbəttə, daha yaxşı səriştə tələb edir. Hamının parlaq gələcəklə bağlı xoş məramının olmasına baxmayaraq, səriştələr olmasa çətin olacaq... Ona görə ideyaları paylaşmaq, mübadilə etmək üçün gözəl imkanımız var. Azərbaycan təhsil sistemini təmsil edən iştirakçılarla yanaşı, burada qlobal təhsilin çox önəmli, görkəmli xadimləri var. Mən şəxsən bu müzakirələrdən öyrənmək, bu mübadilədən yararlanmaq həvəsindəyəm.

Bakıya xoş gəlmisiniz, hörmətli xarici qonaqlar! Çox sağ olun ki, dəvətimizi qəbul edib foruma qoşulmusunuz. Mən həmçinin bilirəm ki, bu tədbirin təşkil olunmasında həmkarlarımın böyük əməyi var. Hər birinizə təşəkkür edirəm. Düşünürəm ki, müzakirələrə keçə bilərik.