TƏHSİLVERƏNLƏRİN PEŞƏKARLIQ SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİ: REALLIQLAR, İMKANLAR, PERSPEKTİVLƏR




Peşəkarlıq – bütün sahələrdə fəaliyyət nəticəsinin yüksək olmasının əsas amillərindən biri və birincisidir. Peşəkarlıq səviyyəsinin yüksək olması görülən işlərin məzmunlu, yüksək səviyyədə, qəbul edilmiş qayda və qanunlar, prinsiplər çərçivəsində, həmçinin müəyyən standartlara uyğun yerinə yetirilməsi deməkdir. Pedaqoji peşə sahəsi də belədir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksək olması aparılan təhsil və tərbiyə işlərinin məqsədyönlüyünü, nəticəyönlüyünü təmin etməklə yanaşı, həm də pedaqoji prosesin dövlət təhsil standartları çərçivəsində, məzmunlu, əhatəli və peşəkarcasına aparılmasıdır. Müəllim peşəkarlığı pedaqoji prosesi elmi şəkildə qurmaq, idarə etmək, pedaqoji qanunauyğunluqları və prinsipləri rəhbər tutmaqla qarşıda duran məqsəd və təhsil standartlarının reallaşdırılması, həmçinin təlim fəaliyyətini tam pedaqoji prosesə çevirə bilmək kimi mühüm pedaqoji vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bunlar isə təhsilverənlərin daim öz bilik və bacarıqlarını artırmasını, peşəkarlıq səviyyəsini yüksəltmək üçün öz üzərində işləməsini, həmçinin qabaqcıl pedaqoji təcrübəyə yiyələnməklə özünü təkmilləşdirməsini tələb edir. Təhsilverənlərin peşəkarlığının ilk əsası pedaqoji təhsil prosesində qoyulduğundan təhsil illərində gələcək müəllimlərlə də bu istiqamətdə məzmunlu və məqsədyönlü işlərin aparılması zərurətə çevrilir. İnkişaf etmiş bir sıra ölkələrin təcrübəsi göstərir ki, gələcək müəllimlərlə peşəkarlıq və səriştəlilik keyfiyyətləri üzrə sistemli işlərin aparılması onların gələcəkdə peşəkar pedaqoq kimi formalaşmasına müsbət təsir göstərir. Təqdim edilən məqalədə pedaqoji peşəkarlığın bəzi problemləri nəzərdən keçirilir, imkanlar araşdırılır, bu sahədə real vəziyyət və təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin bir sıra istiqamətləri təhlil edilir. 

GİRİŞ

Şərqin böyük ədəbi abidələrindən biri olan “Qabusnamə”də deyilir ki, insan nə ilə məşğul olsa, o da onun peşəsi sayılar. İnsan öz sənətini yaxşı bilməlidir. ...Elə bir iş, peşə tapmaq mümkün deyildir ki, onda nizam-intizama ehtiyac olmasın. Hər peşənin öz qayda-qanunu var. Peşələr isə müxtəlif və çoxdur, bunların hamısının üsulunu bilmək lazımdır (Qabusnamə, 2014). Bu sözləri pedaqoji peşəyə də aid etmək olar. Pedaqoji peşənin də özünün nizam-intizamı, qayda-qanunu və üsulları vardır. Bunları dərindən bilmək, onlara əməl etmək təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində çox mühüm amildir.

Təhsilverənin peşəkarlığı onun bir-biri ilə bağlı olan bir sıra bacarıqlara malik olması ilə səciyyələnir. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:

1) pedaqoji-psixoloji biliklərə, didaktik bacarıqlara yiyələnməsi və nəzəriyyə ilə təcrübəni əlaqələndirməsi;
2) işini yüksək səviyyədə yerinə yetirə bilməsi və işində mükəmməllik nümayiş etdirməsi;
3) pedaqoji prosesdə rəngarəng metod, texnologiya və vasitələrdən istifadə edə bilməsi;
4) təhsilverənin bilik, bacarıq, vərdiş və qazandığı təcrübəni gözlənilən nəticəyə çevirə bilməsi;
5) pedaqoji fəaliyyətində davamlı olaraq öz praktik bilik, bacarıq və vərdişlərini təkmilləşdirməsi.

Pedaqoji prosesin məhsuldarlığının əsasında təhsilverənlərin peşəkarlığı dayanır. Buraya təhsilverənlərin öyrənmək və öyrətmək, tərbiyə etmək, nümunə olmaq, aydın zəka, humanizm, ruhən gənc olmaq, gözəl nitq, kommunikativ bacarıqlar və digər mühüm keyfiyyətləri daxildir. Onların daim təkmilləşdirilməsi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə səriştəliliyinin yüksəldilməsində əsaslı yer tutur.

Peşəkarlıqda səriştəlilik olmur və bu xüsusiyyət diplomla da verilmir. Təhsilverənlərin peşəkarlığı və pedaqoji səriştəliliyi zaman-zaman müəyyən müddət ərzində yaranır, inkişaf edir və formalaşır. Bunun üçün müəllimin öz üzərində çalışması, pedaqoji peşənin incəliklərinə yiyələnməsi əsas amil və başlıca şərt olaraq qalır. Yeni pedaqoji təfəkkürə malik olmaq, öyrənmədə fasiləsizlik, müəyyən təcrübə qazanmaq, qabaqcıl təcrübədən faydalanmaq, özünüaktuallaşdırma, özünüinkişaf fəaliyyəti, pedaqoji prosesi təhlil etmək bacarığı, öz üzərində daim işləmək və s. kimi əməliyyatlar sistemi onun formalaşmasının əsasını təşkil edir. 

Peşəkarlığın özü də bir neçə səviyyədən ibarətdir. Bunlar yüksək peşəkarlıq səviyyəsinə qədər olan

a) yenilikçilik, yeniliyə meyillilik,
b) peşəkarlıq,
c) peşəkarlığa malik olduqdan sonra yüksək nəticələrə malik olmaq, super professionallıq nümayiş etdirə bilmək səviyyələrində özünü göstərə bilir.

Müəllimi əbəs yerə memar adlandırmırlar. Onun işi də memarın işi kimidir. Memarın işinə onun təkcə qurub-yaratması deyil, həm də tikəcəyi binanı əvvəlcədən layihələşdirməsi, onu necə tikəcəyini planlaşdırması, ona möhkəmlik və gözəllik verə bilmək üçün yeni çalarlar daxil etməsi, daxili dizayn işləri aparması və s. kimi amillər daxil olduğu kimi, müəllim də özünün gündəlik fəaliyyətinə yeniliklər gətirməklə, “tikdiyi binanın” möhkəm və gözəl olması üçün fəaliyyətinə yeni-yeni çalarlar daxil etməklə, peşəsinə yaradıcı yanaşmaqla işinin əsl ustası, memarı olur. Buna görə də müəllim peşəkar təhsilverən kimi formalaşmaq, işinin memarına çevrilmək üçün müntəzəm olaraq özünün peşəkarlığını artırmalı və zənginləşdirməlidir.

REALLIQLAR

Azərbaycan təhsilinin qarşısında duran taleyüklü problemlərin həllində təhsilverənlərin üzərinə çox mühüm vəzifələr düşür: təhsilalanlara təhsil proqramlarını mənimsətmək, onlarda vətəndaş mövqeyi formalaşdırmaq, vətəndaş-şəxsiyyət yetişdirmək, onların həyati bacarıqlara yiyələnmələrinə kömək etmək, böyüyən nəsli fəal həyat mövqeyinə hazırlamaq, şəxsiyyəti və fəaliyyəti ilə gənc nəslə nümunə olmaq, ziyalılıq nümunəsi göstərmək, ixtisasını və biliyini, peşəkarlıq və pedaqoji səriştəliliyini artırmaq üçün daim öz üzərində işləmək və s. (Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, 2013).

Məktəbəqədər təhsil pilləsindən başlamış ali təhsil pilləsinə qədər bütün fəaliyyət sahələrini əhatə edən bu vəzifələr hər bir müəllimdən, tərbiyəçidən öz peşəsinə, ixtisasına məsuliyyətlə yanaşmağı, özünün peşəkarlıq və səriştəlilik səviyyəsini yüksəltməyi tələb edir.

Müasir cəmiyyət təhsilverənlərdən çox şey gözləyir, gənc nəsli onlara etibar edir, onlara güvənir və uşaqların gələcək taleyinin etibarlı əllərdə olduğuna inanır. Bu inamı doğrultmaq, bu etibara layiq olmaq, üzərinə düşən möhtəşəm vəzifə yükünü şərəflə daşımaq isə təhsilverənlərin hazırlıq səviyyəsindən, onların öz işinə, peşəsinə düzgün münasibət göstərməsindən, peşəkarlıq və səriştəlilik səviyyəsindən bilavasitə asılı olur. Bunlar isə öz növbəsində təhsilalanların həm bir peşəkar kimi özünün öyrənmə səviyyəsinin, həm də öyrənməyə maraq və motivlərinin yüksək olmasına səbəb olur ki, bu da nəticə etibarilə müasir təhsilimizin qarşısında duran mühüm məqsəd və vəzifələrin həyata keçirilməsi ilə başa çatmış olur.

Fəaliyyət obyektindən asılı olaraq müasir Azərbaycan təhsili sistemində təhsilverənlər bir neçə kateqoriyaya ayrılır:

a) məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər;
b) ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər;
c) ilk peşə-ixtisas, orta ixtisas (kolleclərdə) və ali təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlər.
d) təhsil fəaliyyətini həyata keçirən müxtəlif tip digər müəssisələrdə çalışan təhsilverənlər.

Təhsilverənlərin peşəkarlığı bir sıra amillərlə səciyyələnir. Təhsilin qarşısında duran məqsəd və vəzifələrin dərindən dərk edilməsi, onların reallaşdırılması üçün peşəsinə və ixtisasına dərindən, hərtərəfli bələd olması və onları səriştəli şəkildə öyrədə bilməsi təhsilverənlərin peşəkarlığının əsas göstəriciləridir. Burada iki amil, həm ixtisasını dərindən bilmək, həm də onu yüksək peşəkarlıqla öyrədə bilmək bir-biri ilə sıx bağlı olub, pedaqoji peşəkarlığın əsas aləti kimi çıxış edir. Müəllimlər üçün vacib olan bu ikitərəfli fəaliyyət növünün birinin olmaması hadisə və proseslərə qeyri-peşəkar yanaşılmasına gətirib çıxarır ki, bunun da nəticəsi özünü çox gözlətməli olmur. Buna görə də Azərbaycan təhsilinin hazırkı durumunda təhsilin bütün pillələrində təhsilverənlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi başlıca problemlərdən biri kimi təhsil müəssisələrinin və pedaqoji təhsil verən universitetlərimizin qarşısında durur.

Pedaqoji ədəbiyyatlarda da qeyd edildiyi kimi, müasir dünyada pedaqoji təhsil üzrə bir sıra sosial tendensiyalar vardır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:

1. Şəxsiyyətə orientasiya;
2. Təhsilin keyfiyyəti;
3. Müəllimin peşə hazırlığı kompetensiyaları paradiqmalarının inkişafı;
4. Pedaqoji təhsilin standartlaşdırılması;
5. Ali pedaqoji təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması;
6. Müəllimin statusunun yüksəldilməsi;
7. Təhsilin dövlət-ictimai idarəsi;
8. Müəllim hazırlığında varislik və fasiləsizlik;
9. Pedaqoji təhsilin fundamentallaşdırılması (İlyasov, 2021).

Respublikamızda və xaricdə bu istiqamətlərin hər biri üzrə xeyli tədqiqatlar aparılsa da, işlər görülsə də, fikrimizcə, ayrı-ayrılıqda bunların heç biri üzrə pedaqoji təhsilin qarşısında duran qlobal əhəmiyyətli və taleyüklü vəzifələrin həllinə nail olmaq mümkün deyildir. Buna görə də bunlara kompleks yanaşılmalı və müəllim hazırlığı konsepsiyası təkmilləşdirilməlidir.

Hər bir təhsil pilləsi və səviyyələrinin özünəməxsus tədris planları, dövlət standartları, qarşılarında duran məqsəd və vəzifələri olduğundan, təbii ki, təhsilverənlərin peşəkarlıq səviyyələrindən də ümumilikdə danışmaq çətindir. Ona görə də təhsilverənlərin peşəkarlıq məsələlərinə onların, ilk növbədə ali və orta ixtisas təhsil müəssisələrində necə hazırlanmalarından başlamaq lazım gəlir. Məlum həqiqətdir ki, müəllim peşəkarlığının əsası məhz ali və orta ixtisas təhsil müəssisələrində kadr hazırlığı prosesində qoyulur. Bunun da möhkəm, hərtərəfli olması müəllimlərin gələcək inkişafında olduqca önəmli xarakter daşıyır. Bir məşhur kəlamda deyildiyi kimi: “O kəslər yaxşı öyrədə bilərlər ki, onları yaxşı öyrədiblər”. Bu da onu deməyə əsas verir ki, təhsilverənlərin peşəkarlıq səviyyələrinin yüksək olmasını istəyiriksə, buna, ilk növbədə müəllim hazırlığından başlamaq lazımdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu haqda demişdir: “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyəsindən asılıdır. Xüsusən aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır. Bunları da yetişdirmək üçün universitetlərin qarşısında çox böyük vəzifələr durur” (Əliyev, 2002). Yüksək ixtisaslı, peşəkar və səriştəli müəllim kadrlarının hazırlanması bu vəzifələr içərisində xüsusi yer tutur. Bütün inkişafın, tərəqqinin əsasında müəllim, onun verdiyi təhsil və tərbiyə, öyrətdiyi bacarıq və vərdişlər durduğundan, ölkədə müəllim hazırlığına xüsusi önəm və diqqət verilməsi bu mühüm vəzifələrdən irəli gəlir.

İMKANLAR

Gələcək müəllimlərin peşəkar kimi formalaşdırılması olduqca mühüm pedaqoji problemdir. Bu, müəllim hazırlığı prosesində diqqət yetirilməli başlıca istiqamətlərdən biridir. Təhsil müəssisəsində müəllim kimi fəaliyyətə başlayan gənc mütəxəssisin peşəkarlıq səviyyəsinin yüksək olması bir tərəfdən təhsilalanların daha hərtərəfli hazırlanmalarına, digər tərəfdən də onun müəllim kimi özünütəsdiqinə, daha böyük uğurlar qazanması üçün özünümotivləşdirməyə və pedaqoji peşə adaptasiyasına əlverişli zəmin yaratmış olur. Peşəkar müəllim peşəsini, ixtisasını sevir və yetirmələrinə sevdirir, təhsilalanlarda müəllim peşəsinə maraq və motivlər yaradır, şəxsi nümunəsi ilə onların şəxsiyyətini formalaşdırmağa öz töhfəsini verə bilir. Bu baxımdan pedaqoji təhsil prosesində tələbələrin peşəkarlıq
səviyyəsinin yüksəldilməsinə ciddi yanaşılmalıdır.
Bunun üçün aşağıdakı bir sıra məsələlərin
nəzərə alınmasını zəruri hesab edirik:
1. Pedaqoji təcrübənin interna səviyyəsi ilə kifayətlənilməyib, tələbələrin II-III tədris ilində də ümumtəhsil məktəbləri ilə əlaqəsinin yaradılmasına nail olunması. Gələcəkdə tələbələrin pedaqoji təcrübəsinin tibb təhsilində mövcud olan təcrübə əsasında interna tipində təşkili müəllim hazırlığının məzmun və mahiyyətinə yeniliklər gətirəcəyinə böyük ümidlər yaradır. Bu yenilik belə bir ehtimalın həqiqiliyinə inam yaradır ki, pedaqoji internaturanı keçənlər əvvəlki məzunlardan praktik cəhətdən daha hazırlıqlı, daha kamil formalaşa biləcəklər. Sonuncu il tələbələri pedaqoji kollektivdə çalışmaqla buradakı qabaqcıl müəllimlərdən, yenilikçi pedaqoqlardan praktik pedaqoji texnologiyalar, səmərəli metodikalar öyrənə biləcəklər. Pedaqoji kollektivdəki ab-hava, pedaqoji mühit, tələbənin hami müəllim kimi təhkim olunduğu yenilikçi müəllimdən xeyirxah məsləhət, pedaqoji dəstək görməsi onun gələcək fəaliyyətinə müsbət təsir göstərəcək və pedaqoji peşə adaptasiyasının müvəffəqiyyətli həllinə səbəb olacaqdır. Lakin bizə belə gəlir ki, tələbələrin internaya qədərki üç il müddətində də məktəblə əlaqə saxlamaları həm internaya hazırlıq kimi, həm də praktik pedaqoji fəaliyyətlə tanışlıq üçün olduqca vacibdir. Bunun üçün onların həftədə bir gün ümumtəhsil məktəbində olmaları, məktəb dostları, müəllim köməkçisi kimi fəaliyyət göstərmələri və məktəbin pedaqoji fəaliyyəti ilə yaxından təmasda olmalarına şərait yaradılması əlverişli olardı. Bunların təmin olunması tələbələrin hələ təhsil illərində şagirdlərlə, məktəblə, müəllimlərlə, valideynlərlə qarşılıqlı ünsiyyətdə olmalarına, əməkdaşlıq etmələrinə, müəllim peşəsinə adaptasiya olunmalarına səbəb olar ki, bunun da nəticəsində onların praktik bacarıq və vərdişlərə yiyələnmələrində mühüm nailiyyətlər əldə etmək olar. Pedaqoji internada tələbələr müəyyən praktik pedaqoji hazırlığa malik olmaqla fəaliyyət göstərmiş olarlar.

2. Universitetlərdə və kolleclərdə gələcək müəllimlərdə pedaqoji peşəkarlıq və səriştəliliyin ilk əsaslarının formalaşdırılmasına bilavasitə xidmət edən pedaqoji və psixoloji fənlərin tədris saatlarının artırılması və keyfiyyətinin yüksəldilməsi. Hazırda bu müəssisələrdə tədris olunan pedaqogika və psixologiya fənlərinin, əsasən, nəzəri xarakter daşıdığını, tədris saatlarının çox olmamasını nəzərə alsaq, nəzəri kurslarla yanaşı, tələbələrdə bilavasitə praktik bacarıqlar və vərdişlər formalaşdıra bilən fənlərin və mövzuların təhsilin məzmununa daxil edilməsi bu baxımdan olduqca faydalı ola bilər. “Praktik pedaqogika”, “Müəllim peşəkarlığı və səriştəliliyi”, “Psixopedaqogika”, “Pedaqoji etika”, “Pedaqoji ünsiyyət” və s. kimi praktikyönlü fənlərin bütün fakültələrdə tədris edilməsi bu prosesə əlverişli dərəcədə yardım etmiş olardı.

3. Hazırda tələbələr semestr ərzində onlara tədris edilən fənlərin 5-6-sı üzrə bəzən 50-60 “Müstəqil iş” hazırlayıb fənn müəllimlərinə təqdim edirlər ki, bunlardan da onlara müvafiq ballar verilir. Lakin mövcud təcrübə göstərir ki, tədrisin ayrılmaz hissəsi və tələbələrin yerinə yetirməli olduqları bu müstəqil işlər heç də bir o qədər faydalı olmur. Tələbələr semestrin sonuna yaxın bu tapşırıqları çox vaxt mövcud vəsaitlərdən, xüsusən internet resurslarından mexaniki halda köçürməklə yerinə yetirirlər. Yaradıcılıq, tədqiqatçılıq kimi vərdişlərin yaranmasına səbəb olmayan bu işlər istər tələbələrə, istərsə də onları yoxlayıb qiymətləndirən müəllimlərə əlavə yükdən başqa heç nə vermir. Buna görə də yaxşı olardı ki, onların əvəzinə, hər bir fəndən dərin axtarış tələb edən, praktikyönlü yalnız bir müstəqil tapşırıq (iş) verilsin. Yaxud da onlara ayrılan saatlar və ballar laborator və seminar məşğələlərinə verilməklə praktikyönlü tapşırıqlarla əvəz olunsun.

4. Tədrisin ənənəvi mühazirə və seminar məşğələləri kimi iki yerə ayrılması hazırda tədris prosesinin praktikyönlülüyünün bütövlükdə təmin edilə bilməməsi ilə müşayiət olunur. Real olaraq tədrisdə daha çox saat ayrılan mühazirə məşğələləri nəzəriyyəyə xidmət etməklə təhsilalanlara praktik bacarıq və vərdişlər verə bilmir. İnteraktivlik zəif təmin olunur, əməkdaşlıq yüksək səviyyədə olmur. Buna görə də tədris prosesinin təhsilverənlərlə təhsilalanların əməkdaşlığı şəraitində, interaktiv formada təşkilində müəyyən çatışmazlıqlar özünü göstərir. Mövcud çətinliklərin aradan qaldırılması üçün “mühazirə” və “seminar” saatlarının birləşdirilməsinə, bu əsasda tədrisin interaktivliyinə və praktik yöndə aparılmasına nail olunması zərurəti yaranır. Bu həm də ali pedaqoji təhsil müəssisələrinin yalnız elmi dərəcəsi olan müəllimlərlə komplektləşdirilməsi istiqamətində irəliləyiş olardı.

5. Pedaqoji və metodik fənlərin praktikyönlülüyünün təmin olunması. Uzun illərin təcrübəsi belə bir fikri təsdiq edir ki, pedaqogika və fənlərin tədrisi metodikası üzrə aparılan elmi-pedaqoji tədqiqatlar o zaman daha real, daha elmi və daha çox praktik yönlü olur ki, tədqiqatçının özünün praktik fəaliyyətlə əlaqəsi, məktəb təcrübəsi olsun. Başqa cür desək, heç olmasa, 2-3 il məktəbdə müəllim kimi fəaliyyət göstərsin. Lakin son illər çox vaxt belə bir paradoksal hal özünü qabarıq surətdə göstərir: şəxs bakalavriat təhsilini başa vurur, elə həmin il magistraturaya daxil olur, oranı da bitirdiyi il ümumi pedaqogika və ya təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə doktoranturaya qəbul olunur, dissertasiya mövzusu üzərində işləyir. Məktəbdə bir saat da olsun dərs deməyən, şagirdlərlə ünsiyyətdə olmayan, proqramların, dərsliklərin tələblərindən xəbərsiz olan gənc tədqiqatçının apardığı tədqiqatın isə nə pedaqoji nəzəriyyə, nə də məktəb praktikası üçün müəyyən əhəmiyyəti olur. Bunun nə dərəcədə əhəmiyyətsiz olması narahatlıq doğurur. Buna görə də pedaqogika və metodika istiqamətdə təhsillərini doktorantura səviyyəsində davam etdirəcək tədqiqatçılardan ən azı iki il pedaqoji iş stajının tələb olması bu çatışmazlığın aradan qaldırılmasına ən yaxşı töhfə olardı.

6. Tələbələrdə kommunikativ bacarıqların inkişaf etdirilməsi. Müşahidə və tədqiqatlar göstərir ki, müəllim üçün ən zəruri olan peşə keyfiyyətləri içərisində xüsusi yeri və rolu olan kommunikativ bacarıqların mənimsənilməsi sahəsində gələcək müəllimlərlə aparılan işlərin səviyyəsi heç də müasir pedaqoji peşənin tələbinə uyğun deyil. Gələcək müəllimlərdə danışıq və davranış etiketləri, nitqli və nitqsiz ünsiyyət bacarıqları, müxtəlif praktik situasiyalarda səriştəlilik göstərə bilmək, ünsiyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirmək və s. bacarıqların hələ tələbəlik illərində formalaşmasına ehtiyac var. Qeyd edək ki, tələbələrə hazırda tədris olunan pedaqogika və psixologiya fənlərinin bu istiqamətdə imkanları heç də yüksək səviyyədə deyil. Buna görə də bu bacarıqların həm xüsusi kurslar vasitəsilə (məsələn, “Bədən dili”, “Müəllimin nitq mədəniyyəti”, “Kommunikativ fəaliyyət və müəllimin peşə səriştəliliyi” və s.), həm də auditoriyadankənar məşğələlər vasitəsilə öyrədilməsinə zərurət var. 

Bunlar pedaqoji təhsil alan və gələcəkdə müəllim kimi fəaliyyətə başlayacaq gənc mütəxəssislərdə peşəkarlıq səviyyəsinin ilkin əsaslarının yaradılması üçün müəyyən baza formalaşdırmağa imkan verir.

PERSPEKTİVLƏR

Minilliklərlə tarixi olan Azərbaycan təhsilinin inkişafında son illərdə bir sıra müvəffəqiyyətlərin əldə edilməsi onun inkişaf etmiş dünya ölkələrinin təhsil sistemlərinə inteqrasiyası sahəsində inamlı addımlar atıldığını göstərir. Azərbaycanlı tələbələrin dünyanın bir sıra nüfuzlu ali məktəblərində təhsilin müxtəlif pillə və səviyyələri üzrə müəffəqiyyətlə təhsil alması onu deməyə əsas verir ki, aparılan təhsil islahatları özünün müsbət nəticələrini göstərməkdədir. Əlbəttə, burada aparıcı qüvvə olan müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin mühüm rol oynadığını da qeyd etmək lazımdır. Lakin onların daim təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə də böyük ehtiyac vardır. Belə bir məsələyə xüsusi diqqət yetirilməsini vacib hesab edirik ki, ilk növbədə müəllim hazırlığında peşə və ixtisas hazırlığı fənlərinin, eyni zamanda pedaqoji prosesin praktik yönlülüyü gücləndirilməli, ali pedaqoji təhsilin səriştə əsaslı standartlar üzərində qurulması istiqamətində işlər sürətləndirilməlidir.

Bəs bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün konkret hansı addımların atılması və nə kimi işlərin görülməsi vacibdir?

Pedaqoji fəaliyyət çoxsahəli fəaliyyət növüdür. Onun məzmununda öyrənmək-öyrətmək, nümunə olmaq-tərbiyə etmək, inkişaf etmək-formalaşdırmaq və s. kimi fəaliyyət istiqamətləri vardır. Bunları reallaşdıra bilmək üçün isə müəllim geniş və hərtərəfli biliyə, onları tətbiq edə bilmək bacarığına, pedaqoji ustalığa və səriştəyə malik olmalıdır.

Pedaqoji fəaliyyət öyrənməklə öyrətməyin paralel getdiyi, birinin o birinə müsbət təsir etdiyi, təkan verdiyi prosesdir. Bu, təhsilverənlərin öz üzərlərində inamla, müntəzəm surətdə çalışması, ixtisas və peşə biliklərini artırması, təkmilləşdirməsi, təhsilalanlarla birgə inkişaf etməsi, onları öyrətməklə özlərinin də öyrənməsinə, inkişaf etməsinə maraq göstərməsi ilə müşayiət olunan prosesdir. Onun müvəffəqiyyəti də, məhsuldarlığı da çox vaxt təhsilverənlərin bu keyfiyyətlərə nə dərəcədə, hansı səviyyədə malik olmasından asılı olur.

Heç kəsə sirr deyil ki, cəmiyyət inkişaf etdikcə, təhsilin qarşısında duran tələblər artdıqca və informasiyalar çoxaldıqca pedaqoji proses də mürəkkəbləşir, ona verilən tələblər artır. Bu tələblər qarşısında müəllim öz fəaliyyətində daha çox peşəkarlıq və səriştəlilik göstərmək əzmində olur. Təhsilin məzmununda, həyata keçirməli olduğu məqsəd və vəzifələrdə daha çox yeniliklər, yeni tələblər yarandığından təhsilverənlərin də peşəkarlıq və səriştəliliyinin yüksəldilməsinə ehtiyac artır. Təhsilalanların aldıqları informasiyalar artdıqca, onları əhatə edən informasiya mühiti genişləndikcə maraq dairələri də genişlənir. Bəzən də təlim prosesinin maraqsız, quru didaktizm çərçivəsində həyata keçirilməsi, müəllimlərin dərslərə bəzən hazırlıqsız gəlmələri, dərsi şagirdlərlə əməkdaşlıq səviyyəsində keçmək səriştəsinin olmaması, təhsilalanlarla münasibəti pedaqoji ünsiyyətin tələbləri səviyyəsində qura bilməmələri, məşğələlərə yaradıcı yanaşmamaq və s. amillər təhsilalanların məşğələlərə maraq göstərməməsi, təlimə laqeyd münasibət bəsləməsi ilə nəticələnir. Bunların qarşılığında təhsilverənlər həm bir peşəkar, həm də şəxsiyyət kimi öz peşəsinin fövqündə dayanmaq imkanlarını genişləndirmək zərurəti ilə qarşılaşırlar. Bu qarşılıqlı tələbin ödənilməsi isə müəllimdən daim öz üzərində işləmək, peşəkarlıq və səriştəlilik səviyyəsini artırmaq imkanlarından maksimum səviyyədə istifadə etməyə zərurət yaradır. Əks halda, pedaqoji proses şagirdlər üçün cansıxıcı yükə çevrilir, müəllimin və məktəbin nüfuzu aşağı düşür, müvəffəqiyyətsizlik baş verir. Müəllim fəaliyyətində qeyri-peşəkarlıq və ya müəyyən deformasiyaların olması pedaqoji prosesdə bir çox nöqsanların baş verməsinə səbəb olur ki, bunun da əsas səbəbkarı müəllimdir.

Son dövrlər müəllim-şagird və müəllim-valideyn münasibətlərindəki bəzi neqativ hallar (müəllimin şagirdlə kobud rəftarı, yuxarı sinif şagirdlərinin seçdiyi ixtisas qrupundan əlavə keçilən digər dərslərə etinasız münasibəti, valideynlərin müəllimlərlə qeyri-səmimi rəftarı və s.) bu sahədə müəyyən deformasiyaların olduğunu göstərir. Şagirdlərin hərəkət və davranışlarında olan qüsurların əksəriyyətinin ailə tərbiyəsindən irəli gəldiyini vurğulamaqla yanaşı, belə vəziyyətlərin müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin aşağı olmasından da irəli gəldiyini qeyd etmək lazımdır. Axı, bu gün məktəblərimizdə təhsil alan şagirdlər keçən əsrin 30-cu illərində A.S.Makarenkonun tərbiyə etdiyi uşaqlar (kolonistlər) deyillər. Bunların əksəriyyəti valideynləri ali və ya orta ixtisas təhsilli almış yeniyetmə və gənclərdir. Onların əksəriyyəti məktəbə ali təhsil almaq məqsədilə gələn şagirdlərdir. Belə olduqda sual yaranır: şagirdlərin dərsə etinasızlığının səbəbi nədir?

Müşahidələr və təhlillər göstərir ki, ixtisasından, tədris etdiyi fəndən asılı olmayaraq hər bir müəllim keçdiyi dərsləri düzgün planlaşdırdıqda, proqram materiallarını tələb olunan təlim standartlarına müvafiq surətdə yerinə yetirdikdə nə müəllimin, nə də şagirdlərin boş vaxtı qalmaz.

Təhsilverənlərin peşəkarlığında çox mühüm amillərdən biri, öyrənənlərdə pedaqoji prosesə, öyrənməyə maraq və motivlər yaratması müəllimin pedaqoji prosesi (dərsləri) emosional fonda təşkil edə bilməsidir. Öyrənmə prosesini təhsilalanlar üçün maraqlı, cazibədar edə bilməsi, fəaliyyətini onların maraq və tələbatlarını ödəyə biləcək səviyyədə qurmasıdır. Bu baxımdan müəllimin dərsi quru didaktizmdən emosional fona keçirə bilməsi, təlim prosesini maraqlı, hər bir şagirdin inkişafına səbəb olacaq səviyyədə təşkil etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Deməli, təlimi maraqlı etmək lazımdır. Bunun üçün isə təhsilverənlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksək olması əsas şərtlərdən biridir. Çünki müəllim şagirdlər və ya tələbələr üçün yazılmış dərslikdən kənara çıxa bilmirsə, məşğələləri eyni metodlarla, yeknəsəq şəkildə aparırsa, auditoriyada yaradıcılıq mühiti formalaşdıra bilmirsə, bu zaman təhsilalanların marağını prosesə cəlb etməkdə çətinliklərlə qarşılaşacaqdır.

Auditoriyada yaradıcılıq mühitinin və iqliminin yaradılması auditoriyanın fəallaşdırılmasının ən mühüm formalarından biridir. Canlı dialoq, təhsilalanları qarşıda duran problemin həllinə cəlb etmək, onlarla fikir mübadiləsi aparmaq, nəzəriyyə ilə təcrübənin əlaqəsini yarada bilmək, dərs prosesində dialoqdan, dialoji nitqdən geniş istifadə etmək, təhsilalanları pedaqoji prosesin subyekti səviyyəsinə qaldırmaq kimi metodlardan geniş istifadə edilməsi bu prosesdə mühüm rol oynayır. Təhsilalanlar aldıqları nəticələri sanki özləri kəşf edirmiş kimi fəal fəaliyyətə qoşulur və əldə olunan nəticələrdən məmnunluq hissi keçirirlər. Belə məşğələlərdə nə təhsilalanlar, nə də təhsilverənlər narahatlıq, yorğunluq hisləri keçirir, əksinə, fəal fəaliyyətdə olmaqla pedaqoji proseslə “yaşayırlar”. Görkəmli Çin mütəfəkkiri Konfutsi yazırdı: “Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir” (Cahangirov, 2020). Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın asanlaşması və düşünmək imkanının verilməsi – məhz bunlar müəllimlik məharətidir.

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ciddi problemdir. Elə bir problem ki, bunsuz nə yaxşı müəllim olmaq, nə də yaxşı öyrətmək mümkündür. Tələb və tələbat yüksəldikcə, təhsilin məzmunu və proqramlar yeniləşdikcə, inteqrasiya prosesləri gücləndikcə, informasiyalar artdıqca, müəllim də inkişaf etməlidir. Doğrudan da, təhsilverənlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi fasiləsiz, çoxtərəfli və müəllimlərin bilavasitə özünütəhsili ilə bağlı bir prosesdir.

ABŞ-ın Mərkəzi Təhsil Departamenti yaxşı müəllimin malik olduğu keyfiyyətləri belə xarakterizə edir:

  1. Həyat təcrübəsinə malikdir.
  2. Hər şagirdin nə ilə motivasiya olunduğunu hiss edə bilir.
  3. Bir qəhrəman deyil, insandır.
  4. Müasir texnologiyaya tam hakim olmasa da, öyrənməyə daim meyillidir.
  5. Şagirdlərinə riskli olmağı öyrədə bilir.
  6. Rəhbərliyin nə düşünəcəyindən narahat olmadan öyrənənlər üçün xeyirli olanları edir.
  7. Özünə güvəndiyini göstərə bilir.
  8. Önəmli olan hissələrə diqqətini yönəldə bilir. 
  9. Özünüdərk və özünütəhsili mühüm səriştə kimi qiymətləndirir.
  10. Özünü təkmilləşməyə səy göstərir1.

Bunlar pedaqoji fəaliyyətin əsas cəhətlərini özündə birləşdirməklə həm də peşəkar müəllimin öz işinə, peşəsinə olan səriştəli münasibətinin əsas istiqamətlərini əks etdirir. Müasir dövrün təhsilverənlərin qarşısına qoyduğu mühüm vəzifələrin həlli onların elə lazımi keyfiyyətlərə malik olmasına zərurət yaradır ki, bu işi yalnız yüksək peşəkarlıq və səriştəliliklə yerinə yetirmək mümkündür. Həmin keyfiyyətlərin həm təhsilalanlarda, həm də müəllimlərdə formalaşması diqqət mərkəzində olmalıdır.

Hazırkı dövrdə peşəkar müəllimin formalaşması üçün təhsilverənlərdə bir sıra peşə keyfiyyətlərinin də olmasına ehtiyac duyulur. Bunlar, ilk növbədə təhsilverənlərin ideyalılıq, elmi-nəzəri, pedaqoji-psixoloji, texnoloji-metodik və sosial istiqamətliliyinə malik olmasında özünü göstərir.

1. İdeyalılıq istiqaməti. Təhsilverən, ilk növbədə vətəndaşdır, ziyalıdır, dövlətçiliyin, dövlət siyasətinin daşıyıcısıdır. Təhsilalanlar məhz onların vasitəsilə azərbaycançılıq, vətənpərvərlik, vətəndaşlıq, xalqına, vətəninə, dilinə, soy-kökünə bağlılıq kimi keyfiyyətlərlə tanış olur, onları mənimsəyirlər. Buna görə də təhsilverənlər dövlətimizin daxili və xarici siyasəti, dövlətçilik ənənələri və müasir inkişaf proqramları, təhsil və tərbiyə konsepsiyaları haqqında ətraflı biliyə malik olmalı və bunları gənc nəslə ötürməyi bacarmalıdırlar. Dövlətçilik ənənəsinə və əqidəsinə sadiq olmalı və bunları təhsilalanlara da aşılamalıdırlar. Bu baxımdan, təhsilverənlərdə bir sıra keyfiyyətlərin olması zəruridir:

  • dövlətin daxili və xarici siyasəti haqqında biliklərə malik olmaq və onu dəstəkləmək;
  • güclü vətəndaşlıq və vətənpərvərlik hisslərinə malik olmaq və fəaliyyətində bunları reallaşdıra bilmək;
  • özünün pedaqoji fəaliyyətini cəmiyyətin inkişafı ilə əlaqələndirə bilmək;
  • şəxsiyyəti ilə gənc nəslə nümunə olmağı bacarmaq və s.

İdeyalılıq müəllim üçün zəruri keyfiyyətdir. O, istər əxlaqi-mənəvi cəhətdən, istərsə də ideya-siyasi cəhətdən yetkin, əqidəli şəxsiyyət olmalı, şagirdlərini də bu istiqamətdə formalaşdırmağı bacarmalıdır.

2. Elmi-nəzəri istiqamət. Pedaqoji fəaliyyət elmi əsasa söykənən fəaliyyətdir. Müəllimlik sənət, peşə olsa da, elmi əsaslarla həyata keçirilən, yəni elmlə tənzimlənən fəaliyyətdir. Təhsilverənlərin təhsilin fəlsəfəsi, dövlətimizin təhsil siyasəti və təhsilin qarşısında duran vəzifələr, təhsilin cəmiyyətin gələcək inkişafı üçün ən etibarlı investisiya olması, təhsil və tərbiyənin metodoloji əsasları haqqında dərin və əsaslı biliyə malik olması olduqca mühümdür. Bu baxımdan, təhsilverənlərin peşə və ixtisası üzrə elmi-nəzəri hazırlığının yüksəldilməsinin onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə bilavasitə təsirini də nəzərdən qaçırmaq olmaz. Həmçinin müəllim öz ixtisasının incəliklərinə dərindən bələd olmalı, müntəzəm olaraq ixtisas biliklərini artırmalı, elmi yenilikləri bilməlidir. Əlavə edək ki, nəinki təkcə öz ixtisasını yaxşı bilməli, həm də digər elmlərdən də, incəsənətdən də xəbərdar olmalı və öz dünyagörüşünü genişləndirməlidir. Bunlar istər müəllim hazırlığında, istərsə də bilavasitə pedaqoji fəaliyyət prosesində diqqətdən qaçırılmamalıdır.

3. Pedaqoji, metodik və texnoloji istiqamət. Bunlar təhsilverənlərin peşəkarlıq və səriştəliliyinin yüksəldilməsinin əsasını təşkil edir. Müəllim bütün həyatı boyu pedaqoji, metodik və texnoloji bilik və bacarıqlarını təkmilləşdirmək, yenilikləri izləmək, qabaqcıl təcrübədən faydalanmaq və pedaqoji fəaliyyətində daim uğur qazanmaq istiqamətində maraqlı olmalıdır. Hələ vaxtilə K.D.Uşinski xəbərdarlıq edirdi ki, müəllim pedaqogikanı yaxşı bilməlidir. Bu gün də belədir. Müəllim müntəzəm olaraq pedaqoji prosesin qanunauyğunluqları, prinsipləri, metodları, yeni pedaqoji texnologiyaların tətbiqi yolları, müasir təlim metodlarının və texnologiyalarının üstünlükləri, onlardan yaradıcı şəkildə istifadə imkanları, pedaqoji səriştəliliyin yüksəldilməsi yolları və s. üzrə öz biliklərini artırmaq, bacarıqlarını təkmilləşdirmək qayğısında olmalıdır. Məktəb müəllim üçün həm də yaradıcılıq laboratoriyası olmalıdır. O, yaradıcı fəaliyyət, özünün pedaqoji, metodik və texnoloji səviyyəsini yüksəltmək üçün daim oxumalı, yenilikləri izləməli, müasir yeniliklərdən xəbərdar olmalıdır. Bu sahədə təhsilalanların işinin aşağıdakı istiqamətlərini xüsusi qeyd etmək olar:

  • təhsil müəssisəsində təşkil edilən metodşuralar (metodik mərkəzlər) vasitəsilə təhsilverənlərin metodik bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi;
  • özünütəhsil yolu ilə müəllimlərin elmi, pedaqoji-psixoloji və metodik səviyyəsinin yüksəldilməsi;
  • müxtəlif seminarlar, təlimlər, ixtisasartırma kursları vasitəsilə təhsilalanların ixtisas və peşə səriştəliliyinin yüksəldilməsi və s. 

Bunlar bir-biri ilə sıx əlaqəli şəkildə təşkil edilməli və vahid istiqamətə – təhsilalanların inkişafına yönəldilməlidir.

4. Sosial-psixoloji istiqamət. Bu istiqamət pedaqoji prosesi nizama salan bir sıra bacarıqları əhatə edir:

  • pedaqoji fəaliyyət və ünsiyyət prosesində təhsilverənlərin təhsilalanlarla qarşılıqlı işgüzar münasibətlərinin təşkili; 
  • təhsilalanların öyrənmə motivlərinin yüksəldilməsi və onların öyrənməyə stimullaşdırılması;
  • özünün və təhsilalanların bacarıq və qabiliyyətlərinin düzgün qiymətləndirilməsi;
  • pedaqoji ünsiyyətdə konfliktlərə yol verilməməsi və gərginliyin aradan qaldırılması;
  • öz emosional vəziyyətini idarə edə bilməsi, gərgin pedaqoji situasiyalarda düzgün və çevik qərar qəbul edə bilməsi və s.

Bunlar müəllimim pedaqoji fəaliyyətini bir növ “cilalayır”, onu maraqlı, məzmunlu edir, pedaqoji prosesin daha cazibədar və maraqlı olmasına səbəb olur.

5. Təşkilati-kommunikativ istiqamət. Bu, bilavasitə inteqrativliyin təmin olunması ilə əlaqələndiyindən onun düzgün təşkili təhsilverənlərin peşəkarlığının yüksəldilməsində mühüm alətlərdən birinə çevrilir. Təcrübə belə bir mühüm faktı təsdiq edir ki, təhsilverənlərin malik olduğu və zəruri bacarıqları içərisində təşkilatçılıq və kommunikativ bacarıqların yüksək olması onun pedaqoji ustalığının və səriştəliliyinin əsas təminatçısı rolunu oynayır. Təhsilverənlərdə bunların zəif olması onun digər bacarıq və qabiliyyətlərini kölgədə qoyur və pedaqoji prosesin tamlığına mənfi təsir göstərir. Buna görə də təhsilverənlərin təşkilati-kommunikativ bacarıqlara malik olması və bu bacarıqların inkişafına maraqlı olması onların peşəkarlığının yüksəldilməsində əhəmiyyətli təsirə malik olur. Bu istiqamət özündə aşağıdakı bacarıqları birləşdirir:

• pedaqoji prosesi düzgün idarə etmək və onun tamlığını təmin etmək;
• təlim prosesində müxtəlif metod və üsullardan istifadə etmək;
• pedaqoji situasiyaları düzgün dərk etmək və istiqamətləndirə bilmək;
• münasibətləri optimal əlaqələndirə bilmək və konstruksiya etmək;
• yaxşı danışmaq və dinləmək bacarığına malik olmaq və s.

Bütün bunlar təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksək olmasının əsas göstəricisi olmaqla bərabər, onların bir müəllim, gənc nəslin tərbiyəsində əsas rolu olan mahir pedaqoq kimi formalaşmasında da mühüm yer tutur. Bu bacarıqların yüksək olması bir sıra amillərlə xarakterizə olunur:

a) təhsilverənlərdə əqli (idrakı) və emosional bacarıqların birliyi;
b) təhsilalanlarla qarşılıqlı fəal və interaktiv münasibət;
c) öyrədici və inkişafetdirici mühitin yaradılması. 

Təhsilverənlərdə təşkilati-kommunikativ bacarıqlar bir-biri ilə əlaqəli, biri digərini tamamlayan və təhsilverənlərin digər bacarıq və qabiliyyətləri ilə sıx bağlı olan səriştələri əhatə edir. Bu bacarıqların yüksək olması təhsilverənlərin analitik, proqnostik, refleksiv bacarıqlarının formalaşmasına da müsbət təsir göstərir.

NƏTİCƏ

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlətin marağında olan bir məsələdir. Təhsilverənin özünün də bunun marağında olması bu prosesin daha məhsuldar olmasının təminatı üçün əsas amillərdəndir. Təkcə ixtisasartırma kursları, müəyyən təlimlər, treninqlər, metodik seminarlar vasitəsilə deyil, həm də təhsilverənlərin özünütəkmilləşdirmə yolu ilə bu prosesə maraqlı olması onların müvafiq sahədə müəyyən müsbət irəliləyişlər əldə edəcəyinə əsas verir. Müəllim, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, yalnız öz üzərində işləməklə yaxşı müəllim ola bilər (Əliyev, 2002). Bu prosesdə müəllimin özünütəhsil proqramının olması və onu sistemli şəkildə həyata keçirməsi, pedaqoji yaradıcılığa meyilliliyi, yeniliklər axtarması, onlardan yaradıcı şəkildə istifadə edə bilməsi olduqca əhəmiyyətlidir. Təhsilverənlərdə öz peşəsinə hörmət, öyrənmək və öyrətmək həvəsi, inadkarlıq, müvəffəqiyyətə inam olduqda, bunlar peşəkarlığın yüksəlməsinə bilavasitə öz təsirini göstərir.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiyası və strategiyası. //Təhsil xəbərləri (TN-nin məlumat-informasiya məcmuəsi). Bakı: Pedaqogika, 2007, s.20-21.
2 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Bakı: 2013.
3 Cahangirov, A. (2020). Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları. Bakı: “Şərq-Qərb”, 364 s.
4 Əliyev, H. (2002). Təhsil millətin gələcəyidir (Tərtib edənlər: M.Mərdanov, Ə.Quliyev). Bakı: Təhsil, 580 s.
5 http://www.fill:IIIC:/users/toshiba// This electronic editon is in no way produced bu, affiliated with of sponsored by Penguin Press.
6 İlyasov, M.İ. (2018). Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Dərs vəsaiti. Bakı: “Elm və təhsil”, 208 s.
7 İlyasov, M.İ. (2021). Müasir təhsil: ənənədən innovasiyaya. Monoqrafiya. Bakı: “Elm və təhsil”, 376 s.
8 Qabusnamə. Bakı: “Azərbaycan”, 2014, 240 s.
9 Professionalizm pedagoga: sushchnost’, soderzhaniye, perspektivy razvitiya. Materialy mezhdunarodnoy nauchno-pedagogicheskoy konferentsii 15-16 marta 2018. Chast 1. Moskva, 2018, s. 38-45.